
Super User
Azərbaycan tarixi və mədəniyyəti Lion “Konsulluq bayramı”nda təqdim olunub
Fransanın Lion şəhərində 20-ci “Konsulluq bayramı” keçirilib.
AzərTAC xəbər verir ki, 46 ölkənin təmsil olunduğu bayramda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış Azərbaycan stendi də ziyarətçilər təqdim edilib.
Azərbaycan stendində Heydər Əliyev Fondunun milli tariximiz, mədəniyyətimiz, eləcə də xalçaçılıq məktəblərinə dair fransız dilində nəşrləri, İRS jurnalı və milli şirniyyatlarımız təqdim olunub. Paxlava, şəkərbura ilə çaya qonaq edilən ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş “Konsulluq bayramı” şəhərdəki konsulluqların və xarici assosiasiyaların öz ölkələrinin mədəni sərvətlərinin təqdimatı vasitəsilə Lion şəhərinin beynəlmiləlliyini təşviq edir.
Fransada nadir olan bu tədbir Lionda yerləşən 66 konsulluqdan ibarət korpusun dinamizminə əsaslanır.
“Ədəbiyyat və incəsənət”
(06.06.2023)
Bu gün Bakıda II Türk dünyası Ədəbiyyat və Kitab festivalı açılır
Bu gün Bakıda olduqca əhəmiyyətli bir beynəlxalq mədəniyyət tədbirinə start verilir, II Türk dünyası Ədəbiyyat və Kitab festivalı başlayır. Elmlər Parkında düzənlənəcək bu bir həftəlik tədbirdə iştirak etmək şansından yararlanmamaq, kitabsevərlər üçün sadəcə bir itki olar.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədovun, mədəniyyət naziri Adil Kərimlinin, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın, Xalq yazıçısı Çingiz Abdullayevin, BDU-nun rektoru Elçin Babayevin, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının çıxış etmələri tədbirin ranqından xəbər verir.
Açılış mərasimində habelə Xalq şairi Sabir Rüstəmxanlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının Vitse pezidenti Erhan Türvedar, TİKA (Türkiyə İş Adamları Birliyi) Bakı Koordinatorunun müavini Ahmet Çanga, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı, millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət” portalınln əməkdaşı festivalın təşkilatçısı olan “Beytüm” Beynəlxalq Türk Müəllifləri Təşkilatının rəhbəri Xəyal Rzayla görüşüb bu böyük kitab bayramı ilə bağlı ondan bilgilər əldə etmişdir.
Festivalın məhz 7 gün davam etməsi özlüyündə türk mifologiyasının müqəddəs 7 rəqəminə istinadı ehtiva edir, günlərin hər biri də bir qardaş ölkəyə həsr edilir.
5 iyun - Azərbaycan
6 iyun - Qazaxıstan.
7 iyun - Türkmənistan
8 iyun - Türkiyə
9 iyun - Qırğızıstan
10 iyun - Özbəkistan
11 iyun - Macarıstan
Bu gün saat 10-da başlayacaq təntənəli açılış məraaimində ilk olaraq I Qarabağ qazilərinin ifasında Fərahim Sadiqin “Əsgərnamə elegiya” layihəsi nümayiş olunacaq.
Sonra şairə, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə məşhur “İgidlərin sözü layihəsini təqdim edəcək. II Qarabağ müharibəsi qaziləri öz şeirlərini söyləyəcəklər.
Açılış çıxışlarından sonra musiqi nömrələri təqdim ediləcək. Rəşad İsmayıl sözləri və musiqisi Şahin Musaoğluna aid “Qan qardaşı, can qardaşı, şan qardaşıyıq biz” kompozisiyasını təqdim edəcək, Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin Davud Ələkbərov adına uşaq xalq çalğı alətləri ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, ansamblın solistləri Aysu Alməmmədli və Həsənalı Həsənlinin ifalarında bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” filmi üçün yazdığı “Bayatılar” mahnısı səslənəcək. İçinə şeir bəndləri yazılmış şarların havaya buraxilması ilə tamamlanan açılış mərasimindən sonra ziyarətçilərin Kitab sərgisi ilə tanışlıqları başlayqcaq.
İlk gündə sərginin növbəti tədbirləri aşağıdakılar olacaq:
“Xarıbülbül” Rəqs Qrupunun ifasında “Küçələrə su səpmişəm” rəqsi;
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfrans. Çıxışçılar - Akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, fil.e.d., dos. Elnarə Akimova, fil.e.d., dos. Pərvanə İsayeva, fil.e.d., dos. Əlizadə Əsgərli, tənqidçi Əsəd Cahangir.
“Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onunla şəxsən təmasda olan insanların xatirələrinin yer aldığı, AYB tərəfindən nəşr edilən “Əbədi ömrün YÜZ İLİ” kitabının təqdimatı. Moderator: Kitabın redaktoru olan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli.
Millət vəkili Cavanşir Feyziyevin 8 dildə nəşr edilmiş “Türk dünyası” 5 cidliyinin təqdimatı. Moderator şair, MM-in mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Saqınbaydın manası” kitabının təqdimatı. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Mirbek Karıbayevin, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedarın təqdimatı ilə.
Nakam Azərbaycan şairi Mikayıl Müşfiqin 115 illiyinə həsr edilmiş tədbir. Moderator: fil.f.d., dos. Aygün Bağırlı, məruzəçi: fil.f.d., dos. Safura Quliyeva, çıxışçılar: fil.e.d., dos. Cavanşir Yusifli, fil.f.d., dos. Günay Qarayeva, fil.f.d., dos. Firidun Qurbansoy, fil.f.d. Nərmin Cahangirova.
Tədbirdə həmçinin AYB Müşfiq Komissiyasının sədri Xəyal Rzaya rəssam Tünzalə Ağabalayeva tərəfindən Müşfiqin “İşıqlı dünyadan necə əl çəkim” adlı şeirinə həsr edilmiş rəngkarlıq nümunəsi təqdim ediləcək.
Xalq yazıçısı Çingiz Abdullayevlə görüş.
Xalq yazıçısı Anarla görüş. Moderator: İsa Həbibbəyli.
Mərhum Xalq şairi Vaqif Səmədoğlu barədə saytın təqdimatı. Moderator: Fərid Hüseyn.
Əməkdar artist Nuriyyə Hüseynovanın konserti.
Çingiz Mehtipur (“Dalğa” qrupunun rəhbəri) və Vədud Müəzzin ifalarında saz musiqisi
Əsəd Nağıyev, “Musiqili dəqiqələr”.
Ən nəhayət, ilk günün finalı Yay kinoteatrında film nümayişi ilə yekunlaşacaq. Rejissor Oktay Mir-Qasımın “Qisas almadan ölmə” filmi nümayiş olunacaq.
Növbəti günlərdə də biri-birindən maraqlı tədbirlər sıralanacaq. Festivalın ikinci günündə “Türk dövlətçiliyi tarixi" mövzusunda professor Mais Əmrahovun moderatorluğu, professor Kərim Şükürovun, tarix elmləri doktorları İlqar Niftəliyevin və Ellada Bəkirovanın iştirakıyla mühazirə; yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varislə görüş; Nigar Rəfibəyli – 110 tədbiri çərçivəsində qadın şairlərin “Gül dəftəri” şeir şöləni (Narıngül Nadirin, Kəmalə Abıyevanın, Xəyalə Sevilin, Aysel Fikrətqızının, Aypara Ayxanın, Banu Məhərrəmin iştirakı ilə); Elxan Zal Qaraxanlının və Cavanşir Feyziyevin “Xəzər məkanı”, “Türklər, Xəzərlər, Yəhudilər” kitablarının təqdimatı; tanınmış naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə “Azərbaycanda kitabçılıq” mövzusunda müzakirələr və digər tədbirlər nəzərdə tutulur.
Növbəti günlərdə Xalq Şairi Ramiz Rövşənin və Əməkdar İncəsənət
Xadimi Baba Vəziroğlunun yaradıcılıq gecələri, Türk yazarı Ufuk Tufana məxsus “Ərtuğrul bəy və qayılar”, “Quruluş Osman” kitablarının təqdimatı, Dünya Gənc Türk Yazarlar Birliyinin yubiley tədbiri, Professor Qəzənfər Paşayevin və Kərkük Yazarlar Birliyi başqanı Şemsettin Kuzecinin Kərkük Ədəbiyyatı mühazirələri, Türk Şeiri şöləni (Coşqun Karabulutun, Mahmut Özkocanın, Şemsettin Kuzeçinin, Ceyhan Özyıldızın, Serkan Soyalın iştirakı ilə), Akademik İsa Həbibbəylinin moderatorluğu ilə Mir Cəlal Paşayev – 115 (Məruzəçi: AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, çıxışçılar: fil.e.d., dos. Asif Rüstəmli, prof. Tahirə Məmməd, fil.f.d., dos. Aslan Salmansoy, fil.e.d.Mərziyyə Nəcəfova) konfransı, Əməkdar artist Azad Şükürovun təqdimatında Şeir adam, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ilə Ustad sözü, ədəbiyyatşünas Seyfəddin Hüseynli ilə “Dünya ədəbiyyatı”ndan mənzərələr, tanınmış Türkiyə şairi Mehmet Nuri Parmaksız ilə “Kəpənək Ömürlü Şairlər” layihələri, Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı və AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə “Türk Dünyasının Ortaq Ədəbiyyatı”
dəyirmi masası, moderatoru Gülnarə Cəmaləddin olan Əli Kərimin xatirəsinə həsr edilmiş Sumqayıtlı Şairlər Günü (Əşrəf Veysəllinin, Ofeliya Babayevanın, Rafiq Yusifoğlunun, İbrahim İlyaslının, Əyyub Qiyasın, Elvin Əlizadənin iştirakı ilə), AMEA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Çingiz Aytmatov – 95” konfransı (Moderator: akademik İsa Həbibbəyli, məruzəçi: fil.f.d., dos. Mehman Həsənli, çıxışçılar: fil.f.d., dos. Nərgiz Cabbarlı, fil.f.d. Ülviyyə Hüseynova, Nəzrin Əliyeva), Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” tamaşasından hissələr, Xalq artisti Gülyanaq Məmmədovanın konserti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə görüş, “Türk romançılığı və Orxan Pamuk” mövzusunda yazıçılar Fəxri Uğurlu və Qismət Rüstəmovun, “Macar Milli Şairi Şandor Petofi: həyatı və şeirləri” mövzusunda şairlər Ramil Əhmədin və
Ağasəfanın məruzələri, Türkiyəli yazar Mahmut Özkocanın “Aşk və Şiir” təqdimatı və daha nələr, daha nələr baş tutacaq.
Əziz bakılılar, şəhərin qonaqları, əziz kitabsevərlər, hamınızı bu bir həftəni Elmlər Bağında festivalla yaşamağa dəvət edirik.
Kitaba sığınan yenilməz!
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
“Darıxmışam dostlar üçün…”
Şair-publisist Kənan Aydınoğlunun "Darıxmışam dostlar üçün..." adlı şeirlər kitabı işıq üzü görüb.
“MAYAK KARGO" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən "Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək" layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun "Yaman darıxmışam dostlar üçün mən" adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına jurnalist Kamran Murquzov məlumat verib.
“Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək" layihəsinin rəhbəri və müəllifi Arzu Mahmudovadır. Kitabın redaktoru Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, "BAKU CUSTOMS WORKS" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Rafət Allahversiyev, məsləhətçisi Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin İngilis dili müəllimi Nigar İsmayılova, tərtibatçısı isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, "Kümbet" və "Usare" dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.
Bu kitabda müəllifin müxtəlif müəssisələrdə təcrübə keçdiyi dövrdə və sonralar həmkarları ilə bağlı qələmə aldığı bədii əsərləri, məqalələri və yoldaşlarının müəllifə ünvanladığı poetik nümunələri yer alıb.
Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər və Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə şair-publisist Kənan Aydınoğlunun "Ömürdən bir səhifə" (Bakı, "Adiloğlu", 2007) və "Ömrün yarı yolunda" (Bakı, "MK" Nəşriyyatı, 2010) adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
Ankaradakı və İstanbulda Anarın 85 illiyi qeyd edilib
Azərbaycan Yazıçılar Birliyinin sədri, Türk Xalqları Ədəbiyyat Birliyinin fəxri sədri, Xalq yazıçısı Anar Ankaraya və İstanbula səfər edib. Ankarada - TÜRKSOY mərkəzində, İstanbulda isə Üsküdar Bələdiyyəsində Türk Ədəbiyyatı Vəqfinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə görkəmli ədibin 85 illiyi qeyd edilib. Türkiyə ədəbi elitasının qatıldığı tədbirlərdə Anarın çıxışı böyük coşqu ilə qarşılanıb. Ona çoxlu mükafatlar, hədiyyələr təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının sosial mediadakı bu paylaşımını diqqətinizə çatdırır:
“Türk Dünyasının yaşayan Dede Korkut’u Anar Muallim’i, Ankara’da Türksoy Merkezinde Türk Edebiyatı Vakfı ve TÜRKSOY işbirliği ile 85.ci ad gününde ağırladık.
Sevgili Anar’a sağlıklı nice yıllar diliyoruz.”
“Türk Dünyası’nın Korkut Ata’sı Azerbaycan Yazarlar Birliği Başkanı ANAR’ı 85.ci ad gününde İstanbul’da ağırladık..
Üsküdar Belediye Başkanı Sayın Hilmi Türkmen’e teşekkür ederiz.”
Şəkillərdə: qapaq şəklində və
1-ci şəkildə Ankarada, 2-ci şəkildə isə İstanbulda düzənlənən tədbirlərdən görüntülər.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
Kreativ tərbiyəçi
“Ədəbiyyat və incəsənət” portalının bu dəfəki bazar ertəsi lətifəsi yenə də məktəblə bağlıdır. Təsəvvür edin ki, bu, sizin qonşuluqdakı məktəbdə baş verir.
Cavan tərbiyəçi otağa kompyüter gətirir. Çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur: - Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var? - Bir! - Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir: - İndi neçə kompyüter oldu?
Bu vaxt müdirə otağa gəlib soruşur: - Nə edirsən? - Uşaqlara üçə qədər saymaq öyrədirəm! - Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil, bunu sən də eləyə bilərdin!
Tərbiyəçi köks ötürür: - Axı kitabda kompyüter yazılıb.
Belədə müdirə kitabı əlinə alıb əsəsi halda söyləyir: - Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus gətirmək üçün hələ Bakıbus-a müraciət etməmisən.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
Günün fotosu: Qalib Ərdoğan hökuməti niyə tam dəyişdi?
Günün fotosu: Qalib Ərdoğan hökuməti niyə tam dəyişdi?
Foto: Rəcəb Tayyib Ərdoğan-Ali Unal, müəllif hüquqları / Copyright 2023 the AP.
Üçüncü prezidentlik müddətinə seçilən Rəcəb Tayyib Ərdoğa Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Hökumət üzvlərinin adları andiçmə günü məlum olub. Üçüncü müddətə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan and içdiyi gün Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Ərdoğan onu demək olar ki, tamamilə dəyişib.
Ölkədəki çətin iqtisadi vəziyyət fonunda maliyyə nazirinin portfeli artıq 2009-2015-ci illərdə bu vəzifəni tutan Mehmet Şimşekə təklif edilib. Mütəxəssislər onun iqtisadi və maliyyə siyasətinin klassik qaydalarına riayət etməsini gözləyirlər.
Xarici siyasət idarəsinə keçmiş kəşfiyyat rəisi Hakan Fidan rəhbərlik edəcək. Müdafiə naziri vəzifəsini Yaşar Güler tutacaq. Daxili İşlər Nazirliyinin rəhbəri İstanbul qubernatoru vəzifəsini tutan Əli Erlikaya olacaq.
“Növbəti 5 il ərzində Türkiyə Cümhuriyyətinin şöhrətini və şərəfini qorumaq, nüfuzunu artırmaq və Türkiyəni bütün dünyada izzətləndirmək üçün əlimizdən gələni edəcəyimizə söz veririk" deyib Ərdoğan.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
“Amma düşünmürük ki, bizlər ömrümüzün sonuna kimi bu borcu cüzi də olsa ödəyə bilək…” - Vüqar Sərdarov
“Ədəbiyyat və incəsənət” portalının ekspertlərinin diqqətini çəkən növbəti nəşr şair, publisit Vüqar Sərdarova aid olan “Əvəzsiz Lider” nəşridir.
Haqqında danışacağımız Vüqar Sərdarov Bakıda ziyalı ailəsində anadan olub. 1998-ci ildən 2022-ci ilin mart ayına qədər Azərbaycan Respublikası daxili işlər orqanlarında çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, həmçinin Gürcüstan və Qırğızıstan Yazıçılar birliklərinin üzvüdür. Onun 14 elmi-publisistik və bədii kitabı nəşr olunub.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktor müavinidir.
Vüqar Sərdarov Azərbaycan dövlətçiliyinə müstəsna xidmətlər göstərmiş tanınmış ictimai-siyasi xadim, millət vəkili, 91-lərdən olmuş, YAP-ın yaradıcılarından biri, mərhum Zakir Sərdarovun oğludur.
Vüqar Sərdarov özünün “Əvəzsiz Lider” kitabını ərsəyə gətirməkdə məqsədini belə izah edir: “Məqsədimiz XX əsrin müqayisəsiz, analoqsuz siyasi xadimi Heydər Əliyevə olan borcumuzu qismən ödəməkdir. Amma düşünmürük ki, bizlər ömrümüzün sonuna kimi bu borcu cüzi də olsa ödəyə bilək…”
Əsərdən bir fraqmenti diqqətinizə çatdıraq:
“İnqilablar və müharibələr əsri kimi yaddaşlarda yaşayan XX yüzillikdə dahi şəxsiyyətlər elə də çox olmamışdır. Bu yüzillik repressiya və ölüm hökmü vermiş siyasət adamları ilə daha çox yadda qalmışdır. Yaxşı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev XX əsrdə doğulmuşdur, yoxsa bu əsr tarixin qara səhifəsində həmişəlik xəcalətli yaşamalı olacaqdı”.
Gözəl müqayisəli təhlildir, deyilmi?
Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bu kitab Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə açılır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc nəşrin “Ön söz”ünün müəllifidir. Zahid Oruc yazır: “Əvəzsiz Lider” kitabı məhz sözügedən Sərəncamdan ruhlanaraq yazılmış və çapa hazırlanmış sənət əsəridir. Kitab Ümummilli Lider Heydər Əliyevin həyatına və ictimai, siyasi fəaliyyətinə həsr edilmişdir.
Bu kitabın vasitəsilə Heydər Əliyev dühasının, müdrikliyinin şahidi olmaq xoşbəxtliyini qazanacaqsınız. Hesab edirəm müəllif qarşısına qoyduğu məqsədə çatmış və oxucularını Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə yaxından tanış edə bilmişdir.
“Heydər Əliyev İli” ilə əlaqədar olaraq yazılan bütün kitablar işıq üzü görəcək sənət əsəri kimi çox qiymətlidir, bunu unutmaq olmaz. Amma bu kitabın əsas özəlliyi ondan ibarətdir ki, sadə və oxunaqlı dillə qələmə alınmışdır. Kitab başdan-başa faktlarla, real hadisələrlə zəngindir. Bu isə oxucunun daha çox diqqətini cəlb edən amildir”.
Kitabın elmi redaktoru isə Milli Məclisin deputatı, akademik, Əməkdar elm xadimi Rafael Hüseynovdur.
Kitabda Heydər Əliyevin Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsindən başlayaraq, fəaliyyətinin Moskva dövrünə, habelə Naxçıvanın xilaskarı missiyasına, Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi mühüm tədbirlərə nəzər salınır. “Müstəqil Azərbaycan dövlətinin qurucusu” bölməsində qeyd edilir ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli dövlətçilik ideyasının bərqərar olması və vətəndaş cəmiyyətinin təşəkkülü, xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərinə qayıdışı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, elm, təhsil və mədəniyyətin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Milli dövlət quruculuğunun elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev irsinin, onun misilsiz töhfəsinin şahidi olmayaq”, - yazan Vüqar Sərdarov Ümummilli Liderin genişmiqyaslı fəaliyyətini ətraflı işıqlandırıb. Bu baxımdan “Müasir hüquqi sistemin banisi”, “Xarici siyasətin Heydər Əliyev modeli”, “Daxili İşlər Nazirliyi Heydər Əliyevin dövründə”, “İqtisadi islahatlar Heydər Əliyev siyasətinin prioriteti kimi”, “Xarici siyasətin Heydər Əliyev modeli”, “Azərbaycan diasporunun formalaşması və inkişafında Heydər Əliyevin rolu” başlıqlı bölmələr diqqət çəkir. Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət, təhsil və gənclər siyasətini də faktlar əsasında təqdim edib.
Ümumən, çox maraqlı, diqqətçəkən, kitab rəflərinizdə yer tutmağa layiq kitabdır.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
“Qırmızı meyvə” - Sara Naci
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən yaxşı şeirlərinin dərcini davam etdiririk. Növbədə Sara Nacinin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
QIRMIZI MEYVƏ
Kədərlə yuxarı baxdı
Qırmızı bir meyvə dərdi
Kökləri yerin dərinliklərini axtarıb və günahkarların qanını soran
Böyük bir ağacdan
Və bütün fəsillərdə
Şeytanların başlarını
Meyvə verir
Bir cəhənnəm arxın qırağında oturdu
Və meyvəsini dişlədi.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
Hindistan və Pakistandan ölkəmizə gələn turistlərin sayı artıb
Turizm əksər ölkənin büdcəsinin əsas gəlir mənbəyidir. O cümlədən Azərbaycan da turizmin inkoşafında maraqlıdır.
Son dövrlərdə ölkəmizə Hindistan və Pakistandan gələn xarici ziyarətçilərin sayı artmaqdadır.
“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin son 4 ayının statistikasına əsasən hər iki ölkə müvafiq olaraq Azərbaycana gələn turistləri təmsil edən ölkələr sırasında 5 və 6-cı yerlərdə qərarlaşıblar.
Hindistan və Pakistan COVID-19 pandemiyasından sonra tam bərpa olunan, hətta 2023 və 2019-cu ilin yanvar, aprel aylarının müqayisəsinə əsasən müvafiq olaraq 72 faiz artım göstərən ölkələr sırasındadırlar.
Cari ilin yanvar, fevral aylarında Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Mumbai, Çenay, Əhmədabad və Dehli şəhərlərində tanıtım tədbirləri təşkil olunub. Hazırda Dehli ilə həftədə 3 dəfə olmaqla uçuşlar həyata keçirilir. Pakistanın isə Karaçi, İslamabad, Lahor şəhərlərindən ümumilikdə həftədə 5 dəfə olmaqla uçuşlar təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)
Bu dünyada bir Əbil var idi…
Neftçalada bir adlı-sanlı Əbilovlar nəsli var, Azərbaycan ədəbiyyat tarixinin ən tanınmış ədəbiyyatşünaslarından olan mərhum İmamverdi Əbilov, onun oğulları - “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, ədəbiyyatşünas Etibar Əbilov bu nəslin nümayəndələrindəndir. Nəslin daha bir nümayəndəsi - şərqşünas Əbil Əbilov da tanınmışlar siyahısında yer alacaqdı. Əbil - Etibar Əbilovun oğludur. Amma tale ona çox gənc yaşlarında qıydı. Bu gün onun doğum günüdür.
Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Xalq şairi Sabir Rüstəmxanlının Əbil haqqında yazdığı yazısını təqdim edir.
"Həyatdan 25 yaşında nakam getmiş şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrindən və gündəliyindən parçaların toplandlğı və ölümündən sonra nəşr edilmiş "Sevda türküsü" kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdəti-vücud, hürufizm haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil Tanrıdangəlmə, fitri bir istedad sahibi olub. Atası Etibar müəllimə "kaş o kitabı mənə verməyəydin" deməkdən başqa bir söz tapmadım. Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır. Yalnız o kitabı oxuyandan sonra böyük dostum İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi itirdiklərini təsəvvür ermək olur.”
Şəkildə: Xalq şairi Sabir Rüstəmxanlı və Etibar Əbilov Əbilin məzarını ziyarət edərkən.
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)