
Super User
Burak Özçivitin bir paylaşımı 2,7 milyona başa gəlir
Ən çox oxunan şou-biznes xəbəri: Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır.
Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Azərbaycan bölgələrinin turizm reytinqi: Bakı, Qusar, Quba, Qəbələ…
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Yaydır. Bacaran özünü xaricə, turistik rayonlarımıza, bacarmayan da dəniz sahillərinə verir. Maraqlıdır, bölgəıərimiz arasında ən çox turistı qəbul edən hansıdır? Fərq etməz, yerli turist olsun, ya əcnəbi. Təbii ki, Bakı birinci olacaq. Ən azı, gəzməyə də yox, ezamiyyətə, müxtəlif tədbirlərə bura minlərcə əcnəbi gəlir. Bəs növbəti bölgə hansıdır? Bəri başdan deyək ki, q hətfi ilə başlayan 3 məşhur turistik bölgəmiz növbəti 3 yerdə gedir.
Dövlət Statistika Komitəsinin son açıqlaması bu baxımdan çox faydalıdır. Şəxsən mən Şəkini, Göy-gölü, Lənkəranı ən ön mövqelərdə görəcəyimi düşünürdüm. Amma belə deyilmiş.
Beləliklə, bu ilin yanvar-iyun aylarında - yəni ilk yarımilliyində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artaraq 1 363,2 min olub. Təbii ki, 32,7 fazi artım az deyil.
İndi də vəd verdiyimiz siyahı. Bakı, ardınca da Q hərfli rayonlarımız…
Demək, gecələmələrin ümumi sayının yarıdan da çoxu - 61, 1 faizi Bakının payına düşür.
61,1 faizi Bakıda,
5,0 faizi Qusarda,
4,8 faizi Qubada,
4,4 faizi Qəbələdə,
3,6 faizi Naftalanda,
3,0 faizi Şabranda,
2,8 faizi Lənkəranda,
2,2 faizi Naxçıvanda,
1,5 faizi Xaçmazda,
1,2 faizi İsmayıllıda,
1,1 faizi Gəncədə,
1,0 faizi Şamaxıda,
0,8 faizi Şəkidə,
0,7 faizi Mingəçevirdə,
0,7 faizi Şuşada,
0,7 faizi Qaxda
və 5,4 faizi digər şəhər və rayonlarda.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 faiz artaraq 788,1 min olub ki, bu da ümumi gecələmələrin 57,8 faizini təşkil edir.
Bəs ən çox əcnəbi hardan gəlir? Təbii ki, Rusiya öndədir. Amma uzun illər ikinci olan Türkiyə mövqeyini Hindistana verib. Sonra isə həmişəki tərzdə ərəblər qərarlaşırlar.
Beləliklə:
Gecələmələrin ümumi sayının 17,4 faizi Rusiya Federasiyası, 8,8 faizi Hindistan, 8,6 faizi Türkiyə, 6,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,5 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi İsrail, 4,0 faizi Böyük Britaniya, 3,5 faizi Küveyt, 2,7 faizi ABŞ, 2,7 faizi Qazaxıstan, 2,1 faizi Gürcüstan, 2,1 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,7 faizi Almaniya, 1,6 faizi Çin, 1,3 faizi İtaliya, 1,0 faizi Belarus, 0,9 faizi Qətər, 0,9 faizi Ukrayna, 0,8 faizi Fransa, 0,7 faizi İran, 0,6 faizi Polşa, 0,5 faizi Niderland, 0,5 faizi Oman, 18,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 575,1 min olub ki, bu da ümumi gecələmələrin 42,2 faizini təşkil edir.
Bu yerdə söhbətə nöqtə də qoymaq olardı. Amma bir şeyi mütləq vurğulayacağam. Turistik bölgələrimizdə qiymətlər çox yüksəkdir. Gəlmə Ərəblərə uyğun qiymət tarazlayan işbazlar anlamırlar ki, güdaza özümüzünkülər gedir.
Təbii ki, daha uyğun qiymətlər olsa, istirahət edənlərin də sayı çox olar.
Bu barədə düşünməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Xətai Sənət Mərkəzində “Etüd əsərlər guşəsi” yaradılıb
Geniş insan kütləsi rəngkarlıq sənəti barədə çoxmu bilgilidir? Necə deyərlər, A-nı B-dən seçə bilirlərmi?
Xətai Sənət Mərkəzi naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə mərkəzdə “Etüd əsərlər guşəsi” yaradıb.
Bu barədə mərkəzin direktoru Zahid Əvəzov mediaya məlumat verib.
“Mərkəz Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə müəyyən dövrlərdə etüd yönlü müxtəlif tədbirlər həyata keçirib. Bu gün mərkəz keçirilən tədbirlərdə və ayrı-ayrı zamanlarda rəssamlardan əldə edilən etüd əsərlərdən ibarət bir kolleksiyaya sahibdir. Bu əsərlərin bir hissəsi guşəmizdə sərgilənir. Bir sənət ocağı olaraq guşəni həmişə yeniləmək və daha fərqli ekspozisiya yaratmağı qarşımıza məqsəd qoymuşuq. Hər bir rəssam özünün etüd əsərini təklif edə bilər və hər kəs bu əsərdən bəyəndiyini əldə edə bilər. Etüd əsərlər guşəsi və etüd əsərlər haqda yenilikləri Xətai Sənət Mərkəzinin media hesabları üzərindən izləmək mümkün olacaq”, - deyə Z.Əvəzov söyləyib.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
“Ağıllı Dovşan və yalançı Qoca” – Əyyub Türkaydan uşaqlar üçün nağıl
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Əyyub Türkayın uşaqlara ünvanladığı bir hekayəsini dərc etmişdi və hekayə maraq doğurduğundan, yenisini dərc etməyi özünə borc bilir.
Keçmiş zamanlarda meşə ətrafında bir qoca kişi öz qarısı ilə yaşayırdı. Onlar çox yaşlı olmalarına baxmayaraq çətinliklə də olsa gündəlik yeməklərini təmin etmək üçün bağlarında tərəvəz becərib satırdılar. Qoca çox vaxt meşə ərazisində quş ovlamaq üçün tələ qurardı. Günlərdir qurduğu tələni yoxlamağa gedən qoca hər dəfə evinə əliboş qayıdardı. Qarı da onun əliboş gəldiyini görəndə deyinərdi. Çoxdandır dilinə ət dəymədiyini, tezliklə quş ətindən kabab yemək istədiyini bildirərdi. Bir gün qoca yenə meşədə qurduğu tələni yoxlamağa gedirdi. Birdən tülkünün kök bir dovşanı qabağına qatıb qovduğunu gördü. Həyəcandan ora-bura hoppanıb qaçan dovşan quş tələsinə doğru gəlirdi. Qoca ağacların arasından boylanıb bu qovmacanın sonunun nə ilə bitəcəyini gözləydi. Çox çəkmədi ki, yolunu itirən dovşan qocanın qurduğu quş tələsinə özünü çırpdı. Tərpənmək istəyəndə pəncələri ilişib tələdə qaldı. Qoca cəld önə çıxıb tülkünü qovub uzaqlaşdırdı. Daha sonra tələyə düşmüş dovşanı tutub sevinclə gülməyə başladı.
-Bu gün sən mənim ailəmin qismətinə düşən paysan. Xanımım məni çoxdandır dəng edib, ürəyindən kabab yemək keçir. Səni özümlə aparıb ətindən dadlı kabab çəkəcəyəm.
Dovşan bunları eşidəndə qocaya yalvarmağa başladı.
-Mənim yuvam yerin altındadır. Orada yeni doğulmuş balalarım var. Məni yesən onlar yerin altında aclıqdan öləcəklər. Gəl sən məni yeməkdən əl çək. Əvəzində mən bostanda əkilən bütün tərəvəzləri toplamaq üçün sənə kömək edəcəyəm. Beləcə sənin də, xanımının da işləməkdən canı qurtarar.
Qoca məhsul toplanan vaxtı nə qədər əziyyət çəkdiklərini yadına salıb dovşanın sözləri ilə razılaşdı. Dovşana qəti xəbərdarlıq edib dedi:
-Bax dovşan, mən və xanımım çox qocalmışıq. Məhsul toplamaq bizi lap əldən-ayaqdan salır. Həyatını balalarına bağışlayıb səni azad edəcəyəm. Amma sən də sözünü tutub bizim bostanın məhsulunu başdan-başa toplayacaqsan.
Dovşan razılıq edəndən sonra qoca onu qucağından yerə qoydu. Dovşan sağollaşıb torpaqda qazdığı dəliyə girib balalarının yanına getdi.
Qoca evə gələndə acgöz qarı qaşqabağını sallayıb onu gözləyirdi. Qocanı görən kimi tez başladı deyinməyə.
-Yenə əliboş gəlmisən? Sənə demədim ki, ürəyim dadlı kabab istəyir? Sən isə görünür heç bir işə yaramırsan.
Qoca gülüb dedi:
-Ay xanım, əsəbiləşmə. Mənim qurduğum tələyə quş düşməsə də əvəzində kök, yağlı bir dovşan düşmüşdü.
Ağzı sulanan qarı daha da qəzəbləndi və dedi:
-Bəs hanı o dovşan? Niyə gətirib ətindən kabab çəkmirsən mənim üçün?
Qoca Qarını sakitləşdirib dedi:
-Ay xanım, mən nə etdiyimi yaxşı bilirəm. Dovşan bunun əvəzində bostanın məhsullarını başdan-başa toplayacaq bizim üçün. Daha biz iki beli bükülmüş qoca bundan sonra əziyyət çəkməyəcəyik. Hələ iş bununla bitmir. Öyrəndim ki, dovşanın yerin altında təzə doğulmuş balaları var. Çox keçməz ki, onlar da böyüyər. Onda həm ana dovşanı, həm də balalarını tutub ətlərindən bir neçə cürə dadlı yeməklər bişirərik özümüz üçün.
Acgöz qarı qocanın bu sözündən xoşhal oldu. Tək-tük dişləri olan ağzını açıb xeyli güləndən sonra dedi:
-Bəh-bəh, nə yaxşı, daha bundan sonra iş görməyəcəm. Bir neçə aydan sonra da hər gün dovşan ətindən dadlı yeməklər yeyəcəyəm.
Vaxt ötdü, vədə çatdı. Bostanda bol məhsul yetişdi. Dovşanın balaları da artıq böyümüşdü. O, balalarını da götürüb bostana gəldi. Əvvəlcə dovşanlar torpağın altından kartofları çıxarıb səbətlərə yığdılar. Sonra kələmləri bir yerə topladılar. Ardınca yemiş, qarpız və balqabağı da dərdilər. Bir neçə gündən sonra dovşan və balaları bostandakı bütün məhsulları yığıb qoca və qarısına təhvil verdilər. Daha sonra ana dovşan qocaya və qarısına səslənib dedi:
-Biz sözümüzü tutduq. Bostanda olan bütün məhsulu topladıq sizin üçün. İndi isə mən və balalarım gedirik. Növbəti məhsul vaxtı yenə sizə kömək etməyə gələcəyik.
Qoca dovşanların aradan çıxmaq istədiyini görüb tez həyətin qapısını bağladı. Təəccüblə baxan dovşanlara üzünü tutub dedi:
-Mənim xanımım dovşan ətindən kabab yeməyi çox xoşlayır. Mən də ona söz vermişəm ki, siz dovşanların ətindən ona dadlı yeməklər hazırlayacam.
Ana dovşan qocanın verdiyi sözdən döndüyünü görüb hiyləyə əl atdı. Qocaya bir az da yaxın gedib dedi:
-Mən və balalarım sizin bu istəyinizə etiraz etmirik, ancaq bizim ətimizi gərək səhər gün çıxmamış yeyəsiniz. Gün çıxandan sonra ətimiz acı və dadsız olur. Ömründə heç vaxt dovşan əti yeməyən qoca dovşanın bu sözünə inanıb dedi:
-Lap yaxşı, necə də olsa həyətin dörd bir yanı daş hasardır. Qapını da yaxşıca bağlamışam. Heç yana qaça bilməyəcəksiniz. Səhər tezdən gün çıxmamış mən sizin ətinizdən özümə və xanımıma dadlı yeməklər bişirəcəyəm.
Bunu deyəndən sonra qoca evə girdi. Axşam oldu. Qoca və qarı dovşan ətinin kababını xəyal edərək yuxuya getdilər. Dovşan və balaları isə gecəni yatmadılar. Hasarın altından çölə dərin bir yol qazıb bağlı yerdən qurtuldular. Gedəndə özləri üçün yeməyə qocanın anbarından xeyli tərəvəz də götürdülər. Meşənin dərinliklərinə qaçaraq gözdən itdilər.
Qoca və qarı səhər sübhdən qalxıb dovşanları axtardılar. Həyətdə heç bir dovşan gözlərinə dəymədi. Qoca hasarın altında qazılan dəliyi görəndə işin nə yerdə olduğunu anladı. Dadlı dovşan ətindən kabab elə onlar üçün xəyal olaraq qaldı. Heç vaxt dovşan ətinin dadına baxa bilmədilər. Növbəti məhsul vaxtı isə iki beli bükülmüş qoca yenə də əvvəllər olduğu kimi çətinliklə tərəvəzləri özləri toplamağa başladılar. Acgözlük etdikləri üçün elə hey özlərini danlayırdılar. Axı onlar əllərinə düşən imkanı yaxşı dəyərləndirə bilməmişdilər.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Muzeyi və onun filiallarını 9 mindən çox turist ziyarət edib
SÖHBƏT MUSİQİ MƏDƏNİYYƏTİ MUZEYİNDƏN GEDİR
Bu ilin son altı ayı ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və onun filiallarını 9 mindən turist ziyarət edib.
Bu barədə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mətbuata açıqlama verib.
“Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil-muzeyi, Qara Qarayevin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyini və Xalq Çalğı Alətlərinin daimi sərgisini 9000-dən çox yerli və xarici turistlər ziyarət edib. Onların 300-dən çoxu xarici turist olub. Bunlar ABŞ, Fransa, Yaponiya, Çin, İsrail, Türkiyə, Pakistan, BƏƏ, Rusiya, Belarus, Qazaxıstan və başqa ölkələrdən gələn turistlərdir. Gələn xarici qonaqların içində daha çox Türkiyə, Pakistan, BƏƏ, Rusiyadan gələn turistlər üstünlük təşkil edib”, -deyə Alla Bayramova söyləyib.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Qayğı görməsələr, istedadlı gənclər çıxıb xaricə gedəcəklər...
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahiblər Gənc Tamaşaçılar Teatrının aktyorları Elnur Kərimov və Günel Məmmədovadır. Onlarla müsahibə 1998-ci ildə götürülüb.
Elnur Kərimov:
"Gənclərə qayğı göstərmək lazımdır ki, teatrdan üz çevirməsinlər"
Elnur Kərimov 1981-ci ildə Bakıda doğulub. 1999-cu ildə İncəsənt Gimnaziyası, 2003-cü ildə İncəsənət Universitetini bitirib. Gülşad Baxşıyevanın tələbəsi olub. Səhnə fəaliyyətinə köməkçi aktyor kimi başlayıb. Debüt rolu 2001-ci ildə Ağaxan Salmanlının "Qarışqa şıllaq atdı" (İ.Coşqun) tamaşasında Eyvənd olub. "Cənnətin üç alması"nda (rejissor N. Kazımov) Prosto Məmməd, "Əlibaba və qırx quldur"da (rejissor L.Kərimov) Əlibaba, "Nənənin kələyi"ndə (rejissor A.Salmanlı) Namiq, "Viktoriya"da (rejissor B.Osmanov) Yohannes və s. rolları oynayıb. Yeddi tammetrajlı filmə çəkilib. Müxtəlif teleşou proqramlarının apaıcısıdır.
Günel Məmmədova:
“Dəvət olunsam, xaricə gedərəm”
Günel Məmmədova 1986-cı ildə Bakıda doğulub. 2002-ci ildə İncəsənət gimnaziyası, 2006-cı ildə İncəsənət Universitetini bitirib, ilk rolu Nabatı ("Çimnaz xanım yuxudadır” S.Rüstəm) sənət müəllimi, rejossor Rafuq Əliyevdən alıb. Beş ildir ki, Gənc Tamaşaçılar Teatrında işləyir. "Çəkməli pişik"də Şahzadə, "Yağışdan çıxdıq, yağmura düşdük"də Yetər, "Viktoriya"da Viktoriya və s. rolları oynayıb.
Hazırda üç rolu məşq edir "Ağ göyərçin"də Turan, "Romeo-Culyetta"da Cülyetta, "Oliver Tvist"də Nensi. N.Əzizbəylinin "Yalan", R.İshaqın "Aktrisa", Ә.Әblucun "Tərsinə çevrilmiş dünya" bədii filmləri və bir çox sənədli filmlərdə çəkilib.
- Gənc aktyor kimi başlıca probleminizi nədə görürsünüz?
Elnur: Bizim qrim otağında oturmusuz və görürsüz ki, necə təmir olunub. Səhnələrdə də məşqlərimiz gedir. Əsas narahatçılığımız başqadı. Əgər başqa sahələrə göstərilən qayğı aktyorlara da göstərilsə, teatr daha yüksək nailiyyətlər qazanar. Burda bir çoxları iş qrafıkiylə işləyə bilmir. Çünki maddi vəziyyətləri pisdi - kirayə qalanlar, borc içində yaşayanlar var. Məşqdən çıxıb biri qaçır kloun işləməyə, digəri dublyaja. Maaş qane eləmir bizi.
-Madam ki, söhbətimiz belə başladı, etiketə uyğun olmasa da, maaşınızn qədəri ilə maraqlanmalı olacam.
Elnur: Ən yüksək maaş 155 manat. Səhnə ustası dərəcəsi var, onlar alırlar 179 manat. Əməkdarlara 30, xalq artistlərinə 50 manat əlavə verilir. Məncə, buna son qoymaq lazımdı.
-Siz səhnə ustası sayılırsız?
Elnur: Əslində olmalıyıq, ancaq ştatda yer yoxdu. İndi burda üç teatr birləşib, ştatda 90 nəfər var.
Günel: Mən də bu fikirdəyəm. Maaş çox azdı. Düzdü, iş çoxdu və mən işləməyi sevirəm. Sabahdan indiyə kimi ardıcıl məşqlərdə olmuşam. Sizinlə söhbətdən sonra da hələ məşqim var. Yəni bu sistemlə işləmək və belə maaş almaq absurddu. Və bu təkcə teatr yox, kinoda da belədi. Qonorarlar çox azdı.
Elnur: Mən indiyə kimi yeddi tam metrajlı bədii filmdə çəkilmişəm. Ordan aldığım qonorarları bilsəniz, gülərsiniz?
-Adamları güldürmək xeyirxah əməldir.
Elnur: Onda deyim, gülün: 200-250 manat alırıq, ondan da vergilər çıxılır, bizə qalır 160-170 manat.
-Bəs xaricdəki aktyorlar nə alır?
(gülürlər)
Elnur: İranla bu yaxınlarda bir razılıq olmuşdu, 10 gün çəkiliş olmalıydı, 15000 dollara danışmışdıq. Ay yarım orda qalmağımı da, bütün xərcləri də onlar ödəməliydilər. Amma “Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri uzandığına görə ora gedə bilmədim. Çünki kontrakt imzalamışdım, film bitənə kimi heç yerə gedə bilməzdim.
-Əgər İrandan əlverişli şərtlərlə iş təklifi alsanız, gedərsiz?
Elnur: Təbii. İrandan bura aktyor gəlmişdi, "Tərsinə çevrilmiş dünya”ya çəkilməyə. Film İran və Azərbaycanın birgə istehsalıdır. Samir Qulamov, mən, bir də iranlı aktyor eyni səviyyəli rollarda idik - hər üçümüz polis əməkdaşlarını oynayırdıq. İranlı aktyor İran tərəfdən gününə 4000 dollar aldığı halda, biz qat-qat az alırdıq. Halbuki, mənim oyunumu hamı bəyənmişdi. Yanvarda gedəcəyik İrana, festival olacaq, görək neyləyirik. Çünki bu maaşla burda qalmaq sadəcə mümkün deyil.
-Siz reklamlara da çəkilirsiniz.
Elnur: Gürcülər gəlmişdi, iki saatıma 1000 manata reklam çəkilişinə razılıq verdim. Yaradıcı kollektiv də razı getdi, reklam sahibləri də. Özüm də rahat idim, çünki həm istədiyim məbləği almış, həm də onların istəyini yüzdə yüz yerinə yetirmişdim. Bizimkilərin verdiyi qonorar isə qaneedici olmadığından çəkilişdən boyun qaçırıram. Məsələn, bir dəfə 100 manat təklif eləmişdilər. Dedim ki, 1000 manatdan aşağı çəkilmirəm.
Günel: Qazaxıstanda, Gürcüstanda reklama çəkilmişəm. Mənim sifətim deyirlər ki, avropalı sifətinə çox bənzəyir. Ona görə tez-tez xaricdən dəvət alıram.
-Teatr İnstitutunu bitirən gənclərin son illər daha çox televiziyaya üz tutmasında maddi amilin rolu, sizcə, nə qədərdir?
Elnur: Nə qədər yox e, bu elə 90 faiz maaşla bağlıdı. Yenə deyirəm, bir adam axşam 7-də məşqdən çıxıb restorana qaçırsa, ordan da 12-də çıxıb evinə gedir və səhər 11-də bura məşqə gəlirsə, bu adamda hansı yaradıcılıq gücü qalar? Düzdür, televiziya aparıcısıyam deyə məni tanıyırlar. Amma bu, mənə xoş deyil. Axı, niyə məni televiziyaya görə tanımalıdırlar? Mən axı teatr məktəbi qurtarmışam, kino məktəbini qurtarmışam...
-Bəs, sizə verilən rollardan necə, razısınızmı?
Günel: Elə rol olur ki, razı oluram, ürəyimdən olur, eləsi olur ki, razı olmaq istəmirəm. Ancaq məcburiyyət qarşısında oynamalı oluram.
-Roldan imtina hüququnuz yoxdu?
Elnur: Var, əlbəttə var, ancaq rejissorlar bunu səhv başa düşə bilərlər. Belə anlarda onlara elə gəlir ki, guya sən onunla işləmək istəmirsən və bu, sonra problem yarada bilər.
- O bir daha sizə rol verməz.
Elnur: Yox, verir, ancaq verməsə, daha yaxşıdı. Düşmənçiliyə başlayırlar.
- Məsələn.
Elnur: Rejissordu, sözü keçir, əlinə düşən ilk fürsətdə səni vurur. Ona görə verilən rolları nə gəldi oynayırıq. Amma sonda təbii ki, səhnədə biz qalırıq deyə necə gəldi oynamırıq. Çünki tamaşaçı bizə baxır və bizdən nə isə gözləyir.
-Sizin arzunuzu nəzərə alıb tamaşa qoyublar?
Günel: Yox, elə şey olmayıb.
Elnur: Tamaşada rol almadığım və istədiyim rolu almadığım vaxt yazılı müraciətlər etmişəm.
-Hazırda “Romeo və Cülyetta ”da məşq edirsiniz. Sizcə, Şekspirə müraciət hansı zərurətdən doğub?
Elnur: Bu, rejissor Cənnət Səlimovanın klassik ənənəni davam etdirmək ideyası ilə bağlıdır və sırf sənət xarakteri daşıyır.
-Obrazı daha yaxşı oynamaq üçün dramturji mətndən və rejissor tapşırıqlarını yerinə yetirməkdən başqa daha neynəyirsiniz?
Elnur: Hələlik Rusiyadan gəlmiş məşqçi ilə döyüş səhnələrinin məşqini aparırıq. Filmlərə baxır, aktyorların oyunları ilə tanış oluruq, indi internetdə nə qədər istəsən, “Romeo-Culyetta” var, film də, tamaşa da. Zeferellinin çəkdiyi film mənim daha çox xoşuma gəlir.
Günel: Məsələ film və tamaşalarla bitmir. Hətta onlar bizə mane də ola bilər. Çünki Cənnət xanımın dediyinə görə, tamaşa fərqli yozum və quruluşda olacaq. Məsələn, hadisələrin başvermə zamanı bilinməyəcək, çünki rejossor hadisələri bu günə gətirmək istəyir.
-Erotika, triller, döyüş filmləri erasında romantik məhəbbət faciəsi! Erotik mövzulu tamaşada oynamaq təklifi alsanız, nə cavab verərsiniz?
Elnur: Bizdə əvvəllər bir tamaşa qoyulmuşdu: QİÇS-lə bağlı, gənclər gəlmişdilər, oturub gülürdülər. Nəyə gülürdülər, bilmirəm. Amma əminəm ki, yadlarında nə isə bir şey qaldı. İndi hər kəs bilir ki, təsadüfi cinsi əlaqələr çox yayılıb. Xaricdə erotik teatrlar bu mövzuda tamaşalar qoyur. Bizə gələndə hamı heyrətlənir: Necə yəni belə şey olar? Nazir müavini Ədalət Vəliyev yaxşı dedi: ”Bu tamaşa səhnədə göstərilənlərlə məşğul olmağı yox, bunlardan uzaq durmağı, bu səhvləri təkrar etməməyi məsləhət görür.”
-Tamaşaçı kontingenti toplamaqda da erotik mövzunun önəmi var.
Elnur: Bizdə heç teatr var ki, erotik mövzusu da olsun? (gülürlər) Biz hələ teatrlarımızı formalaşdırmağa çalışırıq. Teatrlar neçə illərdi ki, işləmir, plan verirlər. Əsl yaradıcılığın olması üçün rejissorlar olmalıdı və onlar işləməlidirlər.
-Knut Hamsunun eyni adlı romanı əsasında hazırlanmış “Viktoriya” tamaşasında hər ikiniz baş roldasınız. Rejissor Bəhram Osmanovla iş sizə necə təsir bağışladı?
Günel: Çox xoşuma gəldi. Mənim yaradıcılığımda indiyə kimi iki böyük dönüş olub. Birincisi, “Çimnaz xanım yuxudadır” tamaşasında Nabat obrazını oynayanda. Orda komik rol oynamışam, amma o vaxtacan inanmırdım ki, komediyada oynaya bilərəm. Özümü dramatik aktrisa kimi görürdüm. İkinci dəfə isə “Viktoriya”da. Bəhram Ocmanov mənim içimdən Viktoriyanı çıxara bildi - psixoloji rol oynadım. Hərdən anlaşılmaz məqamlar olsa da, onunla işləmək rahat idi. Çünki söhbət istedadlı, nə istədiyini dəqiq bilən rejissordan gedir.
-Başqa kimlərdə bu keyfiyyətlər var?
Elnur: Vaqif Əsədov, hələ gənc olmasına baxmayaraq, Nicat Kazımov...
Günel: Birini də mən deyim, Rafiq Əliyev.
-Tamaşalardan sonra banketlər olur?
Elnur: Bir dəfə, deyəsən, rus bölməsində belə bir şey olub. Başqası yadıma gəlmir. Ancaq bizdə daha çox dünyasını dəyişmiş adamların əsərlərini qoyurlar ki, banket verilməsin ( gülürlər).
-Viktoriya rolunda gözəl görünürsünüz. Sizi kim bəzəyir?
Günel: (gülərək) Özüm. Qrimyorlar var, sadəcə, qrimi özüm edirəm.
Elnur: Əgər bacarıramsa, mən də özümə üstünlük verirəm. Siyirməmə baxsanız, Almaniyadan gətirilmə qrim şeyləri ilə doludu. Mən qrim üçün internetə də baxıram. Kabuki teatrı var Yaponiyada, baxıram və heyrət edirəm ki, bunlar qrimlə necə işləyirlər.
-Sizdə birdən-birə üç kollektiv - Gənc Tamaşaçılar, Gənclər və Kamera teatrları birləşib. Əksəri də cavanlardı. Rol üstündə rəqabət olmur ki?
Günel: Qoy rəqabət olsun - sağlam, yaradıcı rəqabət. Bunun ancaq faydası ola bilər. Amma bizim kollektiv daxilində rəqabət yoxdur. Mənim dublyorlarım var - Asya Atakişiyeva. Nigar Məmmədova... Münasibətlərimiz tam normaldır.
Elnur: Bizim teatr əsasən gənclər teatrı olduğu üçün uşaq tamaşalarına həmişə üstünlük verib. Ona görə də bizdə həmişə rəqs səhnələri olub. Həmişə məşqlər keçirmişik ki, formada qalaq. Hətta yaşlılarımız belə rəqs eləməyi çox gözəl bacarırlar. Çünki həftədə iki dəfə trenajlar keçirilir. Çox xoş oldu ki, bizə yeni birləşən teatrların artistləri də bizim bu trenajlara qoşuldular. Hətta özləri də qeyd edirlər ki, bədənin plastikası baxımından biz daha çox hazırıq. Demək istəyirəm ki, qarşılıqlı anlaşma və sülh şəraitində yaşayırıq.
-Bir çox tamaşalarda partnyor olmusunuz. Bunun şəxsi münasibətlərinizə təsiri olur?
Günel: Yox.
-Bəs tərəf müqabilinlə münasibətin rola təsiri?
Elnur: Günellə mənim aramda bu olub. Biz tamaşalardan birində adi bir anlaşılmazhq üzündən küsüşdük və iki il danışmadıq. Aramızda yalnız salam, sağ ğol oldu.
-Və küsülü ola-ola sevgililəri oynamısınız?
Günel: Hələ desən, ər-arvadı da oynamışıq. Viktoriyanın məşqlərində bu soyuq müharibə hələ də gedirdi. Premyeraya yaxın barışdıq.
Elnur: Teatrda da hər bir sahədə olduğu kimi söz-söhbət olur, yəni ondan mənə, məndən də ona sözlər deyilir. Bir dəfə Günelə çatdırıblar ki, guya mən onun kökəldiyini demişəm. Əslində isə hadisə tamam başqa cür olmuşdu. Mən məşqdə Güneli yuxarı qaldırmalıydım, amma o gün belimdə ağrı varıydı. Aktyorlardan birindən xahiş elədim kı, hər ehtimala qarşı arxada dayansın ki, birdən belim sancılanar, yıxılaram. Güneli tutsun.
-Köklükdən söz düşmüşkən, formada qalmaq üçün nə edirsiz?
Günel: Qırx səkkiz kiloqramam, rəqslə məşğul olmuşam, indi də oluram. Spayderdə həftədə iki dəfə rəqs edirəm, Andrey Paviçin yanında. Üstəlik akrobatika ilə məşğulam. Nə gəldi də yeyirəm, heç bir problemsiz.
Elnur: Mən idmanla məşğul oluram. Konq-fu Tua üzrə 1997 ya 98-də respublika çempionu olmuşam. Dünya və milli rəqslərin hər biri ilə məşğulam. Ən çox kaskadyor hərəklətləri ilə maraqlanıram. Baxmayaraq ki, kinoda bunu eləmək risklidi. Əvvəllər hər şeyi özüm eləməyə can atırdım. Sonra bir iranlı aktyor mənə dedi ki, bir dəfə kaskadyorun hərəkətini özü etmək istəyib, boynunu sındırıb və filmin çəkilişləri ona görə altı ay ləngiyib. Bundan sonra bir az qorxdum. Amma teatr səhnəsində hər şeyi özüm eləməliyəm.
-Sənət həyatı bir yana, adi həyatı necə yaşayırsınız?
Günel: Adi insan həyatı təkcə bizdə yox, məncə, bütün Azərbaycanda qlobal bir problemdi. Bu, hər bir sahəyə aiddi. Bizim şəxsi həyata vaxtımız qalmır.
Elnur: Bazar ertəsi teatrın istirahət günüdü, mənim bütün film çəkilişlərim isə məhz bu gün olur. Yəni işsiz, asudə günüm olmur. Bütün günü burdayıq. Axşamlar evə gedib saat ikiyə kimi bir az televizorun, bir az da internetin qarşısında oturub, ikidə yatıram. Bir sözlə, həyat yoxdu.
Günel: Aktyorun beyni istirahət eləməlidi. Bizim obraz yaratmaq üçün müşahidə aparmağa belə vaxtımız qalmır.
-Özünüzü tanınmış aktyor sayırsınız?
Günel: Yox təbii ki. Amma tamaşadan çıxanda bayırda kimsə dayanıb səni gözləyirsə, təbrik edirsə, bu artıq nə isə deməkdir. Mənim bir balaca fanatım da var. Bütün tamaşalarıma gəlir, ən qabaq cərgədə oturur, çox şirindi. Özü də bir tamaşaya bir neçə dəfə baxır.
Elnur: Aktyor yoldaşımız Vüsal Mehrəliyevin bir fanatı var. Vüsalın bütün şəkillərini internetdən yığır, albomlar düzəldir, bütün tamaşalarına gəlir, valideynini də məcbur edir ki, onun şəkillərini çəksin. Bizim bütün aktyorlarımızın bir neçə belə fanatı var.
-Qadın olmaq aktrisa olmağa nə qədər mane olur?
Günel: Məncə, bu problem artıq yoxdur bizdə. Mən bunu ən azı öz həyatımla bağlı deyə bilərəm.
-Sənətə kimi görüb gəlmisiniz?
Günel: Mən bu suala cavab verməyəcəm. Qoy məndə qalsın. Kiminsə adını çəksəm, o birilər inciyər.
Elnur: Mən uşaqlıqdan Van Dammın fanatı olmuşam. Özüynən görüşənə qədər... O bura bir nəfərin ad gününə gəlmişdi. Mən məclisin aparıcısıydım. Bu məclisdən sonra ona simpatiyam azaldı. Gördüm ki, o da hamı kimi adi adamdır, hətta boyu məndən balacadır. Məncə, pərəstiş elədiyin adamı görməsən, yaxşıdır. Azərbaycan aktyorlarından isə Rasim Balayev, Fəxrəddin Manafov, Fuad Poladova rəğbətim var. Ümumən, bizim bir dərdimiz var - aktyorlarımız tanınmır. Söhbət adını çəkdiyim şəxslərdən getmir. Kim filmlərə çəkilibsə, tanınır, qalanları yox.
-Bir aktyor kimi özünüzü bəxti gətirmiş hesab edirsiniz?
Günel: Hardasa hə. Beş il ərzində ürəyimcə rollarda oynamış, gözəl rejissorlarla işləmişəm. İndi həm də “İbrus” teatrında işləyirəm. Ancaq mən adi, sıradan aktrisa olmaq istəmirəm. İstəyirəm ki, daha da irəli gedəm.
-Əgər filmlərə ardıcıl çəkilmək imkanınız olsa, teatrdan tamamilə imtina edərsiz?
Günel: Azərbaycanda yox. Dəvət olunsam, xaricə gedərəm. Mənə təklif olunmuşdu ki, Moskvada qalım, axı rus dilində oxumuşam, ancaq evdən narazıçılıq oldu deyə getmədim.
-Deməli, qadın olmağın sənətə maneəsi var.
(gülürlər)
-Axırıncı oxuduğunuz kitab hansıdır?
Günel: İndi Ceyn Eyrin “Şarlotta Bronte” romanını oxuyuram. Azərbaycan ədəbiyyatından isə yeni ədəbiyyatı oxumamışam. Bircə İlqar Fəhmidən başqa.
Elnur: Mən son dövrün ədəbiyyatı ilə maraqlanmıram. Maraqlı deyil. Çünki bilmirlər ki, nə yazırlar. Məsələn, adı deyəsən Sevinc Pərvanədi, mən o qıza nifrət edirəm. Sübut eləməyə hazıram ki, onun yazdıqları şeir deyil. Yazır ki, mənim atam oğraş idi, hər gün içirdi, bir gün yenə içib gəldi və məni anamla dəyişik saldı. Bir yerdə yazır ki, 15 yaşım var idi, bütün uşaqlar sinifdən çıxdı, mən müəllimlə tək qaldım və imtahandan beş aldım. Mən bunu nə cür qəbul edim. Müasirlik adıyla ağlına nə gəldi açıq-saçıq şeylər yazmaq ədəbiyyat deyil.
Günel: Xan Şuşinski “Şuşanın dağları”nı yazıb, ancaq görün Azərbaycana olan məhəbbətini mahnıda necə göstərib. Tənqidçilər burda nədən söz getdiyini son vaxtlar tapıblar. “Şuşanın dağılan, başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”. Sən demə, bu, üçrəngli bayrağımıza işarədir. Xan Şuşinski burda işarələr dili ilə danışıb. Təkcə ona görə yox ki, açıq desə, sürgün oluna bilərdi. Həm də ona görə ki, sənətin dili bir az da gizli olmalıdır. Oxucuya da fikirləşib tapmaq üçün nəsə saxlamaq lazımdır.
- Bəs, gənc rejissorlar necə?
Elnur: Gənclərin filmləri maraqlıdı. Cavid Təvəkkül, Elxan Cəfərov, İlqar Nəcəf perspektivli cavan rejissorlardır. Onlara imkan vermək lazımdı ki, potensiallarını tam göstərə bilsinlər. Yaşlılar artıq öz sözlərini deyiblər, özlərini təkrara nə ehtiyac var ki?
Günel: Gənc rejissorlardan Rövşən İsaqın “Aktrisa” filminə çəkilmişəm. Onunla iş çox xoşuma gəlib. İlqar Saffatın “Sahə” filminin “Azərbaycan” kinoteatrmdakı premyerası bir həftə çəkdi, özü də bilet satışı ilə. Demək, tamaşaçı filmi bəyənmişdi. Samir Kərimoğlu və Elxan Cəfərov “Bəşəriyyətin xilası” filmini uğurla çəkiblər, hələ premyerası olmayıb.
- Tənqidə münasibətiniz...
Günel: Hansı tənqidi deyirsiniz ki? Tənqid var? İndi hardasa internetdə, mətbuatda resenziyalar yazır, fikir billdirirlər, amma bu, tənqid deyil. Bizdə teatr tənqidi yoxdur.
Elnur: Son vaxtlar hansısa teatr tənqidçisini teatrdan yazan görməmişəm. İlham Rəhimli, Aydın Talıbzadə... heç birini. İnqilab Kərimovu institutdan sonra ümumən görməmişəm. Məryəm Əlizadə aradabir gəlir tamaşaya, amma bir tənqidi məqaləsi yadıma gəlmir.
- Başqa nə demək istəyərdiniz?
Elnur: Adətən bizdən müsahibə alırlar. Sonra görürük ki, biz danışan kimi verməyiblər. Bu da elə olacaqsa, heç nə. Ancaq olduğu kimi qalsa, mən inanıram ki, burda qeyd etdiyimiz problemlər tezliklə həll olacaq. Teatr hal-hazırda gənclərin çiynindədi. Onun gələcək inkişafı gənclərin köməyi ilə olacaq. Gənclərə qayğı göstərmək lazımdı ki, teatrdan üz çevirməsinlər, sənətdən küsməsinlər.
Günel: Ümid edirik ki, sizin mətbuatda teatr həyatı, sənət problemləri ilə bağlı maraqlı yazılar çox olacaq.
- Maraqlı söhbətə görə hər ikinizə oxucular adından minnətdarlığımı bildirir, sizə həyat və sənətdə uğurlar arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Cəlil Cavanşirə Türkiyə nəşriyyatından təklif gəlib
Türkiyənin böyük nəşriyyatlarından biri olan "İletişim" Yayınlarından tərcüməçi kimi çalışması üçün istedadlı yazar Cəlil Cavanşirə günlər öncə təklif gəlib. Cəlil tələb olunan sınaq mətnlərini (azərbaycanca-türkəcə, almanca-türkcə) 10 gün öncə tərcümə edib göndərib.
“Ədəbiyyat və incəsənət” portalı Cəlil Cavanşirə istinadla xəbər verir ki, ötən gün "İletişim" Yayınlarından cavab gəlib. Redaktor Emre Bayın həmyerlimizin işini çox bəyəndiklərini bildirib. Müqavilə bağlanılacaq. Ehtiyac olduqda Cəlil Cavanşir Azərbaycan və Alman dillərindən türk dilinə "İletişim" üçün bədii ədəbiyyat tərcümə edəcək.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Orxan Saffaridən “Mərcan xala və polipləri” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində oxucularımızı istedadlı gənc nasirlərin yaradıcılığı ilə tanış etməkdə davam edirik. Növbədə Orxan Saffaridir, “Mərcan xala və polipləri” hekayəsidir.
Orxan SAFFARİ
MƏRCAN XALA VƏ POLİPLƏRİ
Anamın ayaqqabı qutusuna yığdığı şəkilləri qarabaşaq kimi stolun üstünə töküb arıtlayırdım. Daha doğrusu, öz uşaqlıq şəkillərimi axtarırdım. Amma heç nə tapa bilmədim. Yəni tapdım, di gəl, tapmasam da, olardı. Lap bu şəkillərdəki bəzi adamlar kimi. Mövcuddular, amma olmasalar da, olardı...
Körpəlikdən bu yana cəmi iki şəklim qalıb. 90-larda çəkilən şəkillər lentalarda olduğuna görə, bütün şəkillərim də o lentalarda yanıb gedib. Amma indi nə var? Doğulmamış uşağın adına artıq səhifələr, profillər açılır, doğulandan sonra da uşaq şəkil-şəkil böyüyür. Xatirə sarıdan heç bir korluq çəkmirlər.
***
Üzü tanış gəlməyən qohum-əqrəbanın, ölüb getmiş adamların, bir də heç vaxt üzbəüz gələ bilməyəcəyimiz adamlara qol-boyun şəkillərin içərisindən bir şəkil gözümü qamaşdırdı. Qəfil, şəklin içinə girmək istədim.
Mən deyim səkkiz yaşım var, şəkil desin, doqquz, sizlər də on deyin, bitsin. İndi bu şəkillə, şəkildəkilərlə elə danışmaq istəyirəm ki...
Mərcan xala, nənəm, anam, pişik, bir də köçüb getmiş qonşum.
İndi danışacağım əhvalatda bu şəkildə olan hamı var. Bir də şəkillərə baxdığım otaqda, şkafın başından mənə baxan kukla...
Uşaqlıqdan bəri ad günümə alınan hədiyyələrdən tək qalanı da budur elə - kukla. Yəni, bəlkə də, alıblar, amma yox olub gedib hamısı, qırmışam. Bircə bu kukla qalıb. Onu da Mərcan xalanın əri vermişdi.
İcazə verin, Mərcan xala və bu şəkil haqqında danışım.
Gözümü açandan onu tək yaşayan görmüşəm. Daha doğrusu, Mərcan xala, 200-ə yaxın kukla, pişik, bir də hərdən bir əri. Ona görə hərdənbir deyirəm ki, deyəsən, ayrılmışdılar. Ara-sıra gəlirdi evə. Bu hissəni nəsə bulanıq xatırlayıram. Həm də ailədaxili məsələdir deyə, ta dərinə getmirəm. Mərcan xala imkanlı adam idi. Jekdə işləyirdi. İşə getməsə də, maaşını vaxtı-vaxtında alırdır. Qoy bu məsələ ilə də dövlət strukturları məşğul olsun.
Özüm uzun müddət "kuklafobiya" ilə yaşamışam. Qorxurdum kuklalardan. Ta ki, tələbə olub 2-ci kursa gələnə qədər. Amma indi qorxmuram daha. Deyəsən, böyümüşəm... Qorxuma ən böyük səbəblərdən biri də Mərcan xala idi.
Yadıma düşür. Bir dəfə Mərcan xalanın bu şəkildəki pişiyi itmişdi. Anam bağçamızdan tapmışdı. Mərcan xala düz bir ay anama çoxlu hədiyyələr aldı. Hər görəndə təşəkkür əlaməti olaraq nəsə hədiyyə edirdi.
Və mən ta uzun illər sonra bildim ki, bütün bunlar – o pişik, kuklalar, hamısı tənha qadın əlamətləri imiş...
Uşaqlara da böyük sevgisi var idi Mərcan xalanın. Belə lap böyük. Uşaqlar əllərini açıb "buu boydaaa" dedikləri qədər. Mərcan xala uşaqları pişik kimi sevirdi. Öz uşağı yox idi, onçun. O, bizim məhlə anamız idi. Məsələn, həmişə mənə pul verərdi, deyərdi ki, evdə demə. Guya deməsə də, mən deyəcəkdim axı... Həmişə məhlədə görən kimi evə çağırar, yemək verərdi. Uşaq idim deyə, evdən də heç nə demirdilər. Həm də Mərcan xalanı hamı başa düşürdü.
O vaxtlar dərk eləmirdim, bəzək kimi görürdüm, indi düşünəndə dəhşətli gəlir. Otağının biri sadəcə kuklalar üçün idi. Təsəvvür edirsiz? Böyük bir otaq və ancaq kuklalar. Özü yemək yeyəndə stulların üstünə kukla qoyurdu. Guya tək deyilmiş də, guya böyük bir ailəsi var imiş. Adam da kuklanın qarşısına boşqab qoyar heç?! Dəlisən, ay arvad?!
Yox, sən, sadəcə, tənha idin...
Pişik, kuklalar, Mərcan. Kədərli və bir o qədər də xoşbəxt ailə tablosu.
Elə indicə fikir verdim ki, adı da üzü kimi gözəl imiş. Qapqara, işılda gözləri var idi. Gur da saçları. İllər ötdükcə üzü yadımdan çıxmağa da başlayır Mərcan xalanın. Amma yenə də bulanıq görürəm. Deyəsən, mən onu tam unuda bilməyəcəm. Həyatımda tanıdığım tək Mərcan odur həm də. Bir də Mərcan poliplərini bilirəm coğrafiyadan. Bu arada, ərinin də adı Altay idi. Altay sıra dağlarını da bura əlavə edərdim, amma əlqərəz... Elmi danışmağa nə hacət? Ədəbi danışırıq burda...
***
Mənə elə gəlir ki, o, ən yaxşı bizimlə qonşu idi.
Çünki daim bizim həyətdə olardı, bizimlə əlaqə saxlayardı. Ta ölən gecəsinə qədər.
Öz ölümünü də özü gəlib elan etdi. Bəlkə, fərmanını da özü imzalamışdı.
***
Toranlıq düşmüşdü. Mərcan xala həyətimizə gəldi. Onda həyətimiz də indiki kimi betonlaşmamışdı hələ. Yayın cırhacırında söyüd ağacının bir kölgəsi var idi ki, gəl sərinləyəsən. Hər yan da toz-tozanaq. Şəkildəki həyətimizə baxıram, qaçdığım, dizlərimin, dirsəyimin yara olduğu bu yerlər incidir məni. Elə bilirəm, bu dəqiqə anam bir vedrə suyu torpağa töküb, tozu yatıracaq. Bədənimdə bu şəklin illərində qalmış çapıqlar var. Cüvəllağının biri idim. Keçi kimi daş-dərədən düşmürdüm. Onda somavarın tüstüsü göz çıxarır, buluda tay tuturdu özünü. Üzüm budaqlarına ağırlıq edir, tutlar özünü tuta bilmirdi. İrqçilik kimi çıxmasın, tut yeməkdən əllərim zənci əlinə dönmüşdü. Mən hələ alçadan danışmıram ki, ağzınız sulanmasın.
Mərcan xalanın şər qarışan vaxtı verdiyi bu xəbərə mən də qulaq şahidi oldum.
"Əntiqə arvad, sənə bir söz deyəcəm, amma sən qardaşının canı, qəribçiliyə salma. Mən bu axşam gedəcəm. Son günümdü. Gəldim, siznən halallaşım" – deyib, məni də bağrına basdı. Öz balası kimi, öz kuklaları kimi.
İlahi, indi yadıma elə bura qədər olan hissəsi düşür, üşənirəm. Bu necə bir hissdir, necə duyğudur?
Nənəm beyqafıl sözünü kəsib, agbirçəkyanə təsəllisinə başlamaq istəsə də, ölümün astanasında olan Mərcan xala imkan vermədi.
"Əntiqə arvad, sən qardaşının canı, haqqını halal elə. Siz yaxşı qonşusunuz, yaxşı adamlarsız. Allah sənə ömür versin, balalarını saxlasın. Mənim ki bura qədər imiş. Sağ olun".
Məsələnin ciddiyətini anlayan dünyagörmüş, indi sizlərə ömür, o dünyada olan nənəm əlini təsəllidən üzdü.
– Ay bacı, qurban olum, niyə belə danışırsan? Xudəvəndi-aləm bilən məsləhətdir, onsuz hamımız köçüb gedəcəyik də, kim bu dünyanı tutur? Amma hər şey halal xoşun olsun. Sən Allah, belə şeylər fikirləşmə, ürəyinə salma. Yaxşı olacaq hər şey".
Bu uzun çəkən arvad deyişməsi sonda Mərcan xalanın ağır addımlarla ölümə tərəf getməsi ilə nəticələndi.
Axşamı evdə də bu söhbət getdi. Bir o qədər də ciddiyə alınmadı, amma həm də gerçək olacağı düşünülürdü. Axı insan öləndə hiss edir deyirlər...
Mərcan xala gedəndə də tapşırdı ki, səhər 7-də evimə gəlin. Qapını açıq saxlayacam. Üzünü də anama tutub şkafın üstündə olacaq qızıllarını ona həvalə elədi. Son günündə də pişiyə görə təşəkkür eləməyi unutmadı. Amma onu bizə tapşırmadı. Deyəsən, azadlığa buraxacaqdı.
Uzun sözün qısası, uzun gecənin səhəri... Həmin gecə məni yuxu tutmadı. Vədələşdiyi vaxtda oyandım. Ölümə vaxtından əvvəl oyandım. Daha doğrusu, sübh namazında. O da dindar qonşumun hasarının dalından işığının közərtisini gördüyümə görə bilirdim ki, namaz vaxtıdır.
Dediyi vaxtda həyətə düşüb gözümü Mərcan xalagilin qapısına zillədim. Sakitlik idi. Bir-iki qonşu işə gedirdi. Onlar özləri də bilmirdi ki, indicə bir ölünün yanından yaşamaq dalınca gedirlər.
Dedim axı, bizim evdə ciddi qəbul eləmədilər. Ona görə də heç kim səhər onlara getmədi. Ta mən də ölü güdməkdən bezib evə girmək istəyirdim ki, bir qadının içəri girdiyini gördüm.
Deyəsən, bizdən başqa da halallaşdığı var idi. Yoxsa ki, ölüm ayağında xaş bişirməzdi Mərcan xala. Bu vaxtı da qonaq olmaz.
Beş dəqiqə keçmişdi ki, içəri girən qadın girdiyi kimi də çıxdı. Ətrafa boylandı. Heç kimin olmadığını yəqin edib qışqırdı.
Qışqırıqları təfərrüatları ilə bura yazmıram. Klassik arvad ağlaması, mərsiyəsi...
Məhləyə hay düşdü. Qonşular çıxdı. Nənəmgil də. Artıq hər şey bəlli idi. Hamı təəccüb içində. Əsas da nənəm. Demişdi də arvad. Demişdi ki, öləcək. Bir öldüyü gününü bilməyən adam onu da bildi dünən gecə. Ta bundan artıq nə?
Heyif, ağlım kəsmirdi o vaxtlar. Bəlkə, özüm nəsə edərdim. Girib qızılları götürməyi deyirəm. İndi kəsir amma. Açığı, belə şeyi düşünmürəm. Deyəsən, mən elə o şəkillərdəki kimi uşaq qalmışam. Həm də, o içəri girən arvadın niyə elə etdiyini sonralar başa düşdüm. Qızılları oğurlamışdı. Çünki sonradan evdən heç nə çıxmadığını öyrəndim. Amma bunu da evdə sübut edə bilmədim. Yəni mənə inanmadılar. Olmaya da bu uşaq sözünü qəribçiliyə salmaqları. Hələ davamlı olaraq təkrar edəndə də ağzımın üstündən vurdular ki, orda-burda səy-səy danışmayım.
***
Məhləyə qəribə bir sükut düşmüşdü. Axşamtərəfi adamların arasından sivişib Mərcan xalanın evinə girdim. Qapının kandarındakı pişik ağlayırdı. Mən orda göz yaşı görmədim, amma, məncə, ağlayırdı. Mərcan xalanın pişiyi olsam, mən də ağlayardım. Təbii, pişik qədər olmasa da, mən də çox üzülmüşdüm. Məni sevənlərdən biri də öldü... Qapını dalından kuklalara baxdım. Hamısı yetim qalmışdı. Gözüm bir qorxunc kuklaya da sataşdı. Elə bildim, Mərcan xalaya görə o günə düşüb. Mənim kuklafobiyam da elə burdan yaranmışdı. O gündən sonra öləcəyini deyən hər kəsə inandım, pişikləri sevdim, elə şəkilləri də.
Qarabaşaq kimi stolun üstünə töküb arıtladığım bu şəkildən geriyə bir anam qalıb. Görən, o pişik hardadır?
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Açılış “Viva opera” ilə olacaq
Sabah XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Sabah XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Zövqlü və elitar musiqinin məkanına çevriləcək Qəbələdə yenidən musiqi virtuozları bir araya gələcəklər.
Avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.
Bir sözlə, baxmağa və dinləməyə dəyər!
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)
Mehdi Abdullayev: “Valideyinlərimin elmi potensiala sahib olması məni daha çox özünə çəkdi”
XALQ YAZIÇISI KAMAL ABDULLANIN OĞLU NƏLƏRİ DANIŞDI?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki;- “Elm sahəsi üzrə valideynlərimə tənqidçi ola bilməsəm də, bədii sahədə oxucu olaraq öz fikrimi bildirirəm. Hələ də alimlər arasında belə bir tərəddüd var ki “insanı formalaşdıran mühitdi, yoxsa genlərdir?!” Mənim fikrimcə, formalaşmağıma həm genlər, həm də böyüdüyüm mühit təsir edib. Ona görə də uşaqlıqdan nələri görmüşəmsə, o cür də davam etmişəm. Atam şahmat oynayıbsa, mən də 5 yaşımda şahmatla məşğul olmağa başlamışam. 5 yaşımda oxumağı, yazmağı mənə öyrətdilər. Yadımdadır ki, oxuduqlarımı atamla müzakirə edirdik.”
Bacarıqlı, savadlı, işgüzar adamdır. Zarafat deyil, iyirmi beş yaşında namizədlik, otuz yeddi yaşında isə doktorluq dissertasiyasını müdafiə edərək, hüquq elmləri doktoru alimlik dərəcəsinə nail olub…
“Mənim inkişafımda böyüdüyüm və içində olduğum mühitin ancaq müsbət təsiri olduğunu söyləyə bilərəm. Özümü dərk edəndən kitabın, ədəbiyyatın əsl mahiyyətini qavramışam. Mütaliənin insan həyatında vacibliyi fikri mənə lap uşaq yaşlarımdan aşılanıb. Ədəbiyyata həmişə marağım olub və o maraq bu gün də davam edir. Ancaq bu maraq daha çox seyrçi, oxucu marağıdır. Yazmağa marağım olmasa da, elm sahəsinə marağım güclü oldu. Çünki valideynlərimin elmi potensiala sahib olması məni daha çox özünə çəkdi.”- söyləyir…
Haqqında söhbət açmaq istədiyim Mehdi Abdullayev 1980-ci il iyul ayının 26-da Bakı şəhərində, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq idarəsində müstəntiq işləyib. AMEA İnsan Hüquqları İnstitutunda çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub. 2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib. 2010-cu ilin aprel ayından 2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru olub. 2017-ci ildə doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri təyin edilib...
Bütün bunlara baxmayaraq, ədəbiyyat vurğunudur. Kitab oxumağı, bədii ədəbiyyatı mütaliə etməyi xoşlayır.
Deyir ki;- “Yaxşı yadımdadır, atam mənim üçün kitablar üzrə bir ardıcıllıq tərtib etmişdi. Şerlok Xolmsdan başlayaraq Don Kixota qədər. İlk oxuduğum Artur Konan Doylun Şerlok Xolmsunun macəraları olub. 5-6 yaşlarımda Orxon Yenisey abidələrinin bizim üçün bir dəyər olduğunu mənə öyrətmişdilər. Hesab edirəm ki, uşaq yaşlarında əsası qoyulan fundament sonradan bizim düzgün istiqamətlənməyimizə yardımçı olur. Uşaq yaşlarımda dünya ədəbiyyatını daha çox oxumuşam. Sovet dövründə yaşayanlar bilər. Bir çox evdə dünya ədəbiyyatı dərgisi olurdu. Bizim də evimizdə həmin dərgi vardı. Tolstoy, Balzak, Dostoyevski, Çexov və digər klassikləri oxuyurdum.”
Yay tətillərinin birində atası xeyli sual-cavabından sonra onun milli ədəbiyyat sahəsində biliklərindən bir o qədər də razı qalmadığını bildirir. O da bütün tətilini Nəriman Nərimanovun, Əbdürrəhman bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun tam yaradıcılığını oxumaqla keçirir. Hesab edir ki, uşaqlara ədəbiyyatı sevdirəndə bunu paralel formada həyata keçirtmək vacibdir. Milli köklərini dəyərləndirməyi bacarmayan insana sonrakı həyatı qavramaq çətin olur. Müəlliflərin milliyyətindən asılı olmayaraq klassikləri sevə-sevə oxuyur…
“İnsanın şəxsiyyət kimi formalaşdırılmasında klassiklərin rolu böyükdür. Məsələn, Balzakın “Bəşəri komediya” silsilə əsərlər toplusu var ki, dünyadır. Məşhur bir deyimdəki kimi, ay işığında heç nə yeni deyil. Bu mənada klassik ədəbiyyat insanın şəxsiyyət kimi formalaşmasına, onun dünyagörüşünün zənginləşməsinə kömək edir. Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı möhtəşəmdir. Korçaqın öz mübarizliyi ilə, Çernışevskinin Raxmetovu, Ovod əsərindəki Artur bizim uşaqlıq qəhrəmanlarım olub. Çexov, Tolstoy, Dostoyevski, Cek London yaradcılığı hər dövr üçün aktualdır. Təbii ki, Nizami, Füzuli, Nəsimi və Xətai titanlardır. Onların yaratdıqları artıq mənim təhtəlşüurumdadır. Bundan əlavə şairlərdən ən çox Almas Yıldırımı, Müşviqi, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni , Lermontovu, Yesenini, Mandelştamı və Brodskini bəyənirəm. Ən çox bəyəndiyim parça Almas Yıldırımın “Əsir Azərbaycan” şerindədi:
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy!..
Oyanmazmı kor olası baxtım oy!..”- söyləyir.
Məktəbə getməyə başlayanda artıq rus dilində danışmağı bacarsa da buna baxmayaraq, onu Azərbaycan bölməsinə qoyurlar. Və orta məktəbi ana dilində başa vurur…
Deyir ki;- “Mənim üçün xarici dillər bir vasitədir, məqsəd deyil. Xarici dil bilmək həmin dildə olan ədəbiyyatı orijinaldan oxumaq, həmin dildə danışan insanlarla ünsiyyətdə olmaq deməkdir. Daha artığı yox. Doğrudur, dünya dillərini uşaqlarımıza öyrətməyimizin heç bir ziyanı yoxdur. Bu üstünlükdür. Ancaq hər bir azərbaycanlı ilk növbədə ana dilini bilməlidir. Çünki Azərbaycan dili ətrafında Azərbaycan milləti formalaşır. Bizim vətənimiz Azərbaycan, doğma dilimiz isə Azərbaycan dilidir. Bunları heç zaman unuda bilmərik. Eyni zamanda, nə qədər xarici dil bilsək, o da başucalığıdır…”
Bu gün - iyulun 26-da haqqında söhbət açdığım hüquq elmləri doktoru Mehdi Abdullayevin 43 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)