
Super User
Kişi, qadın, pəncərə... məşuq” tamaşası yenidən səhnədə
Sentyabrın 23-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa növbəti dəfə nümayiş olundu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorovdur. Səhnə əsərinin musiqi tərtibatı Vladimir Neverova məxsusdur.
Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Şəhidlərimizi tanıdaq - Rayət Abdullayev
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (ƏLİ İMRAN SURƏSİ 169)
Abdullayev Rayət İslam oğlu 1971-ci il mayın 18-də Ucar rayon, Şahlıq kəndində anadan olmuşdur. Müharibə zamanı öz vətənpərvərliyi, igidliyi ilə seçilmiş, haqq yolunda cəsarətlə mübarizə aparmışdır.
1993-cü ilin 22 iyul tarixində Ağdam rayonunda gedən dəhşətli döyüşlərdə ləyaqətlə vuruşmuş, güllə yarasından şəhidlik zirvəsinə ucalmışdır.
Qəhrəmanlar doğuran mərd analar vətəni,
Azərbaycan torpağı, Azərbaycan diyarı.
Əbədi qazanıbdır bu xalqın rəğbətini,
Azərbaycan unutmaz Rayət tək oğulları!
Allah şəhidlərimizə rəhmət eləsin Amin!
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
TOP 20: Ötən avqust ayında ən çox oxunan yazılar
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalında ötən avqust ayında dərc edilən və ən çox oxunma sayı olan yazıların ilk 20-liyini diqqətinizə çatdırırıq.
1.”Qar yağmasın” - Varisin yeni hekayəsi.
2.Leyla Təhməzova: “Mən zəif qız deyildim” (xatirələr)
3.”Ölüm, yaxud əcəl zəngi” - Habil Yaşarın essesi.
4.”Mədəniyyət Nazirliyi və Ədəbiyyat Fondu “Ədəbiyyatın kinoya transferi” adlı dinləmə keçirib”. (İnformasiya)
5.”Bir gün onsuz da yaşayacağıq bu ayrılığı” - Gülay Tahirlinin şeiri.
6.”Həsən Məmmədov: “Bizdə filmə baxmağı bacarmırlar” - Əsəd Cahangirin arxiv müsahibəsi.
7.”Kəsdiyin bir quru ağacın yerinə iki fidan əkmədinsə…” - Ekspress-sorğu.
8.”Qulu Ağsəs, Tanrı və söz” -Təranə Dəmir.
9.”Tanış olun: Ulduz Qasımlı” - Habil Yaşarın təqdimatında.
10.”Təbiətin zədələnməsi, canlıların ölümü, atmosferin çirklənməsi bəşəriyyətin məhvidir” - Lalə Həsəncan.
11.Top20: Portalımızda iyul ayında ən çox oxunan yazılar.
12.”Qulu Ağsəs nəsri: təzadların harmoniyası” - Elnarə Qaragözova.
13.”O ah-naləli dərviş də mən idim” - Matruşka J.K.
14.”Ülviyyə Əbülfətqızının “Sirli güzgü” kitabının təqdimatı olub” (informasiya)
15.”Yarımçıqlar” - Leyla Səfərovanın essesi.
16.”Kinobələdçidə “Məmləkət” filmi” - Ülviyyə Əbülfətqızının təqdimatında.
17.”Xantı-Mansiyskdə Nuray nağılı” - Habil Yaşar.
18.”Nazirə Neftçalada yazılan məktubun əks-sədası” - Etibar Əbilov.
19.”Qiraət saatı: Məhşər divanı, yalanın on yeddi anı” (Adəm İsmayıl Bakuvi).
20.”Getdiyin uzaqlar elə tanışdı…” - Şəfa Vəlinin şeiri.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri ölkəmizə səfər ediblər
Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin Teatr Forumunda iştirak etmək üçün gənc rejissorların tamaşalarına baxış keçirmək məqsədlə Azərbaycana səfər ediblər.
AzərTAC xəbər verir ki, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakıya gələn Forumun Ekspert Şurasının üzvləri - Konfederasiyanın məsul katibi İrina Troitskaya, Rusiya Dövlət İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mariya Xalizeva və Rusiya Dövlət İncəsənət İnstitutunun Teatr sektorunun elmi işçisi Mariya Lvova Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Kukla Teatrının qonağı olublar.
Azərbaycan Dövlət Kukla Teatrında rejissor Anar Məmmədovun quruluş verdiyi “Məlikməmməd” (Azərbaycan xalq nağılı), Teatr Xadimləri İttifaqında rejissor Ümüd Abbasın quruluş verdiyi “Mühacirlər” (S.Mrojek) tamaşalarına baxan qonaqlar əvvəlcə İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə görüşüb, hər iki sənət ocağının binasına qısa ekskurs edib, onların fəaliyyəti ilə tanış olublar.
Səmimi qarşılama və yaradılan şəraitə görə Azərbaycan Teatr Xadimləri İttifaqına və Dövlət Kukla Teatrına dərin minnətdarlıqlarını bildirən Ekspert Şurasının üzvləri qeyd ediblər ki, nəticələr nəzərdə tutulan bütün namizədlərin tamaşalarına baxış keçirildikdən sonra məlum olacaq.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Bu gün Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında Fransanın “Quatuor Diotima” simli kvartetinin konserti olacaq
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı davam edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28 sentyabr tarixinədək davam edəcək festival bu il də bir sıra ölkələrdən ifaçı və kollektivləri bir araya gətirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müxtəlif şəhərlərdə keçirilən festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunmaqdadır.
Sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olundu və tədbir faydalı və maraqlı oldu.
21 sentyabrda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti anşlaqla keçdi.
Bu gün Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti gerçəkləşəcək.
Qarşıda daha maraqlı proqramlar tamaşaçıları gözləyir.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında 26 sentyabrda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək.
Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında Memorandum imzalanıb
Sentyabrın 23-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev ölkələrimiz arasındakı tarixin dərinliklərindən gələn dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb. Həmçinin Azərbaycanın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edilib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından bəhs edərək bu kontekstdə parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb.
Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, eyni coğrafiyanın və ümumi maraqların da birləşdirdiyini deyən Arzu Nağıyev regional sülhün və əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Gürcüstan parlamentlərinin mədəniyyət komitələri arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında memorandumun əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan imkanları bütün sahələrdə, o cümlədən mədəniyyət platformalarında dəstəkləməyə hazır olduqlarını bildirib.
Sonra Milli Məclisin deputatları Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzoev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qeyd ediblər ki, ölkələrimiz arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə dəstəklənir. Çıxışçılar ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, mədəniyyətlərin Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə verə biləcəyi töhfələr, bu istiqamətdə səylərin birləşdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Görüşün sonunda Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze “Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
“Nə hər kəs məsum idi, nə də günahkar…”
KİTAB BƏLƏDÇİSİNDƏ “ƏLİ VƏ NİNO”
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
“Qələmimlə dünyanı dəyişdirə bilmərəm bəlkə, amma dünyanı dəyişdirən bir qələm ola bilərəm”
~Emily Dickinson
Kitablar həyatdakı varlığından xəbərsiz olduğumuz hisləri, hadisələri daha obrazlı formada çatdıra bilir bizə. Sevgiyə inanmayanlara sevgini, müharibədən qorxanlara çıxış yolunu aşılayır. Hər səhifədə bir iz, hər sətirdə bir yaşanmışlıq duyğusu tapıram oxuduqca.
Mən bugün "Əli və Nino"dan bəhs etmək istəyirəm. Öncəliklə qısa bir məlumat verməyi özümə borc bilirəm. "Əli əv Nino" əsərinin yazıçısı Qurban Səid kimi qeydə alınsa da, bu adla yazan şəxsin kim olduğu haqda dəqiq məlumat yoxdur. Kimdir, haralıdır, nədən və nələrdən ilhamlanmışdır...
Dərs başlayır. İlkin müzakirə, inkişaf etmiş Avropa və geridə qalmış Asiya... Əslində məsələ heç də inkişaf deyildi. Müsəlman xalqa yeridilən məcburi fikirlər idi... Necə ki illər öncə zorla xristianlıq yayılırdı, indi də Asiya xalqı gələcəyindən vurulurdu. Zorla fikirləri dəyişdirilir, fikrinə sadiq qalan şagirdlər sinifdən buraxılırdı. Axı uşaqlar və gənclər xalqın gələcəyidir...
Kitabla yanaşı Elvin Mirzəyevin filmi olan "Əli və Nino" da atanın at üstündə oğluna verdiyi nəsihətlər olduqca mənalıdır. Elə oradaca atanın oğluna dediyi "nə edirsən et, siyasətə qarışma" cümləsi... Hər şey artıq buradan aydın olmağa başlayır.
“Əli və Nino” əsəri oxumayanlar üçün kənardan sevgi romanı kimi görünən, amma əslində siyasi-ictimai xarakterli bir kitabdır. Kitabla bağlı fikirlərimi əvvəl-sonra deyə qruplaşdırsaq, olduqca dəyişikliklər görə bilərik. Gürcüstanda heykəli qoyulan bu gözəl cütlüyün hekayəsini oxuduqda heç də qüsursuz sevgi romanı görə bilməmişdim, hətta ilk dəfə oxuyub bitirdikdə çox önyarğılı davranmışdım. Əsərdə Ninoya göstərilən təzyiqlər, onun başına gələnlərlə günahlandırılması məndə heç də xoş təəssüratlar oyandırmamışdı. Amma düşündükcə, əslində, yazıçının öz fikirlərinin "aşağı görülən qadınlar" olmadığını, əksinə, sadəcə zamanın qayda-qanunları, həmin dövrün vəziyyətini əks etdirdiyini, istehzayla bu vəziyyətdən özünün də narazı olduğunu gördüm. Nino və digər başqa din mənsubu obrazların yetişdirildiyi mədəniyyətə qarşı gələnləri elə indiki dövrdə digər millətləri pisləyib, "onlar kafirdir", "onlar qısa geyinir deyə, namaz qılmır deyə cəhənnəmdə yanacaqlar" deyənlərin əcdadları hesab edə bilərik.
Nəinki xristianlarla müsəlmanlar, əsərdə illərdir davam edən şiə-sünni bölgüsünə də diqqət yetirilir. Əlixan həqiqəti, hər iki məzhəbin eyni dilə, eyni dinə, eyni qana mənsub olduğunu vurğulayır.
Əslində, tək qərəzli yanaşan müsəlmanlar da deyildi. Ninonun atası da bu evlilikdən narahat idi. Bəlkə də o, qızının Əlixanın əmisinin hərəmxanasındakı qadınlar kimi olmasından qorxurdu.
Nino qaçırıldıqdan sonra ona göstərilən rəftar müasir dövrümüzdə də əfsuslar olsun ki, qızlara göstərilir. Düzdür, Nino öz istəyi ilə o erməni xəyanətkarı ilə qaçmışdı, amma bəs zorakılığa məruz qalanlar? Müəyyən çətinliklər yaşamış, istəyi xaricində zorlanmış və ya qaçırılmış qızlara millət tərəfindən qara yaxılır, onlar artıq ləkəli hesab edilir. Necə də acınacaqlı vəziyyətdir... Əlixan isə qaydalara qarşı gələrək, Ninonu öldürməyərək, əslində Ninonun yox, öz həyatının, öz vicdanının xilaskarı olmuşdu, xəbəri yox. Günahı günahla yumazlar. Bunu dərk etmək üçün hələ də gec deyil, millət.
Dediyim kimi, mən kitabı ilk oxuyanda tamamilə Əlixanı və ailəsini günahkar bilmişdim. Amma məndən məsləhət: zaman keçdikcə oxuduğunuz kitabları təkrar oxuyun, fikirləriniz qismən də olsa dəyişir. İkinci dəfə oxuyub, filmi də izlədikdən sonra artıq günahkar axtarmamağa başladım. Çünki nə hər kəs məsum idi, nə də günahkar. Eynən real həyatdakı kimi. Acığını, əsəbini bir heyvandan, itdən çıxan Nino nə qədər məsum ola bilərdi ki? Yoxsa hər şeyə, xəyanətinə rəğmən Ninonu bağışlayıb onunla evlənən Əli idi günahkar?
Erməni isə, elə hər yerdə ermənidir... Əvvəl özünü aydan arı, sudan duru tanıdır, sonra isə xəyanət edir. Əmanətə xəyanət... İllər də keçsə əsərlərdə də, real həyatda da bunu görürük. Sanki bəhs etdiyimiz kitab illər sonra canlandırılır, bir fikir verin. Əli kimi yüzlərlə, minlərlə oğul şəhid olur. Nino kimi neçə qız həyatın çətin üzüylə rastlaşır... Qarabağ müharibələrində neçə erməni qızlarımızın, qadınlarımızın, uşaqlarımızın həyatını, gələcəyini məhv etdi!?
Hə, gəlirik yavaş-yavaş əsərin sonuna. Müsəlmanlar tərəfdən ruslarla savaşacağını deyən ermənilər, ruslara başçılıq edən bir erməni... Kim inanar ki? Heç kim...
"Əli və Nino". Heykəli qoyulmuş bu gözəl cütlüyün hekayəsi məncə ən az 2 dəfə oxunulmalıdır. Oxunulmalıdır ki, sevginin bəzən hər şeyi bağışlaya biləcəyi görünsün. Oxunulmalıdır ki, ermənilərin illərdir eyni qan, eyni qansız, eyni soy, eyni soysuz olduğu görünsün. Və oxunulmalıdır ki, Türk qanının, Türk oğullarının necə mərd olduğu, bunun illərdir dəyişmədiyi unudulmasın. Tarix unudulmasın!
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
76 müəllifin şeirlərindən ibarət kitab
“KƏLAĞAYI ƏLVAN QIYQACI'' LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin (İB) 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, “Kəlağayı əlvan qıyqacı'' adlı şeirlər kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tərəfindən uzun illərdi araşdırılaraq toplanıb.
Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayını vəsf edən şeirlər kitabında 76 müəllifin kəlağayıya aid şeirləri toplanmış, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağını əks etdirən məqalə və şəkillər toplanaraq oxucuların ixtiyarına verilmişdir.
“Kəlağayı əlvan qıyqacı'' kitabı kəlağayıya aid ilk şeirlər kitabı olaraq, gənc nəsilə bir töhfə, bir sevincdir.
Kitabın redaktoru Vüsal Sehranoğlu, layihə rəhbəri Güllü Eldar Tomarlıdır. Üz qabığındakı ''Kəlağayı əlvan qıyqacı'' rəsm əsərinin müəllifi rəssam Gülnarə Məmmədlinin və "Heratı" kəlağayı isə Basqallı kəlağayı ustası Abbasəli Talıbova məxsusdur.
Kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib. Kitabın adı aşıq sənətinin görkəmli nümayəndəsi, zirvəsi olan Dədə Ələsgərin şeirindən götürülüb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
UNESCO Azıx və Tağlar mağaralarını İrs Komitəsinin İlkin siyahısına daxil edib
Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (Tentative List) daxil edilib.
Bu barədə AzərTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunur
Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Xalçaların dili", "Qurama" və "Turan" adlı üç kolleksiyası TÜRKSOY-un 30 illiyini qeyd edən beynəlxalq festival çərçivəsində sentyabrın 20-dən Özbəkistan və Qazaxıstanda təqdim olunur.
VI Beynəlxalq “Türk dünyasının Etnomodu” həftəsi Fərqanədə başlayaraq Türküstanda davam edir.
Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak edirlər.
Gülnarə Xəlilovanın təqdimatı sabah da davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)