ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında  Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəllinin şeirlərinin dərcinə davam edirik. Bu gün “Qocalığın son nəğməsi” şeiri təqdim edilir.

 

 

QOCALIĞIN SON NƏĞMƏSİ

 

Güzgüdə gördüyüm qocadan soruşdum: bu dünyanın axırı necə olacaq?

Cavab verdi ki, axıra qalanlar bilər.

 

Paltar da ağırlıq edir,

Alığımı alın, gedim.

Əyni yuxa, başı açıq,

Ayaqları yalın gedim.

 

Qayalardan atın məni,

dəryalara qatın məni.

Nə on əlli tutun məni,

nə ardımca gəlin,

gedim.

 

Dəhmərləyir zaman atı,

Gümanımız iman adı...

Olun Allah amanatı,

Di salamat qalın,

gedim.

 

Zəhmətimi itirməyin,

minnətimi götürməyin.

Məni yola gətirməyin,

məni yola salın,

gedim.

 

 “Ədəbiyyat və incəsənət”

(19.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamalın ədəbiyyatşünas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan barədə qeydlərini təqdim edəcəyik.

 

                 

AZƏR TURAN: MƏFKURƏNİN VƏ SÖZÜN İŞIĞI                                                                                    

...Bundan əvvəl də Azər Turan haqqında iki-üç xırda yazı yazmışam. Burda yazdıqlarımı təkrarlamaq niyyətim yoxdu. Arada bir geriyə baxıb, uzaqdan və yaxından tanıdığın insan haqqında qənaətləri ümumiləşdirmək lazımdır. Düşüncələrimi tezis-fraqment şəklində bölüşmək istəyirəm.                                             Nə gizlədim, mən öz üslubu olan, öz üslubunu tapan “stilist” müəllifləri sevirəm. Azər Turan “düşünən stilistlərdən” (B.Paskalın “düşünən şəkərqamışı” metaforasına istinad etmişəm) biridir. Onun yazı və düşüncə stili tempramentinə, poetik ovqatına və hətta səs tembrinə tam uyğun gəlir.                                                       Azər poeziya bilicisidir. Bunu deməklə, güman edirəm ki, heç də mübaliğəyə yol vermirəm. Yazılarında və söhbətlərində poeziya tariximizin elə detallarını və faktlarını elə söyləyir ki, poetik yaddaşının və zövqünün  məntiqinə heyrətlənməli olursan.                                                                                                      Bəlkə, ona görə də onun yazılarında nəsr və poeziya, təhkiyə ilə lirizm iç-içədir.Lirizm su kimi onun bədii esselərinə də, publisistik məqalələrinə də dərindən hopub. O, analitik təhlillərini belə lirizmlə “doyuzdurur”, filoloji yazılarının strukturuna  subyektiv avtobioqrafik başlanğıcın daxil olması da bu üzdəndir.Onun esselərində şeir və nəsr bir ritmik məxrəcdə (qovşaqda), bir ümumi sintaksisdə üzvi surətdə birləşir. Rus alimi B.V.Tomaşevski deyirdi ki, “ritm sintaksisin spektridir”. Mətnlərdə prozaik cümlələr misralar havasında olur. Onun prozaik misraları daim poetik ritm və deyim tərzi üçün darıxır, “şeir üfüqünə” tələsir. Azərin esselərində poetik ricətlərin və ovqat düşüncələrin, duyğusal obrazların, metaforaların zənginliyi, inanın ki, fərasətli bir şairin şeiri üçün “tikinti materialı” da ola bilərdi.                                                                                               Həmişə bu fikirdə olmuşam ki, o, yazılarını şair kimi yazır, şair kimi düşünür və yaşayır. Bu düşüncə ilə “Ölüm süvarisi” essesinin sonunu sərbəst şeir prinsipi ilə sıralamaq da istədim.                                                                           Qardaşım Azər məni bağışlasın, icazə almadan mətninə müdaxilə edirəm.            

Göylər yenə də buludlu.                                                                             Mart həmin mart,                                                                                      aprel həmin apreldir.                                                                                           Şifonerdəki sahibsiz paltarlar da                                                                          papaq və qırx iki ölçülü                                                                              ayaqqabı da onunkudur...                                                                                    ...Vaxt buz kimi soyuyur.                                                                                    Soyuduqca soyuyur.                                                                                           

Azərin yaddaşı keçmişə çox bağlıdır. Keçmiş isə artıq ötüb keçmiş, geridə qalmış bir zamanın adı deyil, fərdi və ya toplum yaddaşına inteqrasiya ola biləcək bir konstruksiyadır – alman yazıçısı Bernhard Şlinki təxminən belə deyirdi.              Azərin arxivində nə varsa, yaddaşın bərpası və diriliyi üçündür, zamanlararası əlaqəni yaratmaq, keçmişi bu günə və sabaha daşımaq üçündür. Fotoqrafiya Azər Turan yaradıcılığında vacib vizual element olmaqla yanaşı, həm də mistik simvolikadır, “başqa” dünya ilə əlaqə yaratma üsuludur.             
          Azər Turan mənim tanıdığım nadir yazarlardan biridir ki, müdrik, el ağsaqqalı, böyük ziyalı İmamverdi Əbilovun – atasının, yaddaşını (keçmişini) özünü yaddaşına adekvat şəkildə birləşdirə bilir. Bu da ona atasının müasirlərindən, dostlarından öz müasirləri və dostları kimi rahatca danışmağı və yazmağa imkan verir.                                                                                               Atasına və özünə ünvanlanmış məktublar, maqnitofon lentinə “qısılıb qalmış” (A.Turan) səslər, şəkillər ruhların (R.Rza, B.Vahabzadə, X.R.Ulutürk, X.Məmmədov və b.) maddiləşmiş obrazlarıdır.                                    
          Əslində,  Azər bu üsulla onlarla, əminəm ki, mistik-spiritual prosedur keçirir, yəni ruhlarla söhbət edir.                                                                          Bu cür yazıları ancaq kədərli adam yaza bilər. İnsanların taleyini şəkillər, xatirələr, səslər vasitəsilə oxuya bilən adamın ruhu mütləq göydən “nəm çəkməlidir”.                                                                               

“Ölüm süvarisi” essesi sevimli, əziz dostu nakam taleyinə, Faiq İsmayılovun unudulmaz xatirəsinə həsr olunub. Faiqlə xəyali söhbətlər, Faiqin şeirləri xatirə qırıntıları, gündəlikdən qeydlər həkimlərin söylədikləri, lirik ricətlər –  hamısı “historia morbi” latınca: (“ölüm tarixi”) üçündür. Tarixçəsi Faiqin şeirləri ilə “süslənir”. Məndən olsa, bu yazıya Moris Blanşonun “Kafka və yaradıcılıq tələbatı” essesindən bu sözləri epiqraf qoyardım: “və o öz ölümü hesabına yaşamağa məcbur idi...”. “Ölüm süvarisi” essesi Azərin yalnız dərdini danışıb, “içini boşaltmaq” aktı deyildi, həm də Uca Yaradanla dialoqu idi, dua aktı idi (Emil Çoran deyirdi: “İnsan duasız yaşaya bilər, amma dua etməməsi heç vaxt – mümkünsüzdür”).     
          Turançılıq və türkçülük Azər Turan üçün məfkurə – əqidə hadisəsidir. Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Yusuf Akçura, Fuat Köprülü, Nital Atsız onun üçün türkçülük məfkurə babaları deyil, həm də bir millətin inanc – iman kultlarıdır.                                                                                  Azər Turan üçün Turan mifoloji məkan adı deyil, sivilizasiya tipidir. O, dəyərli araşdırmaları ilə həmin sivilizasiya tipinin coğrafi-mədəni, məfkurəvi-estetik hüdudlarını müəyyənləşdirir və qəti inanır ki, bu gün ölkəmizdə çağdaş türkçülük fəlsəfəsinin təntənəsində Hüseyn Cavid, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə kimi fikir dühalarının irsinin öyrənilməsinin və təbliğinin böyük əhəmiyyəti var. Millət sevdalısı kimi artıq özü bu uzun mücadilənin içindədir.    Beləcə, otuz ilə yaxındır ki, Azər Turan türk məfkurəsinin böyüklərindən yazıb, oxucularını da böyüdür.                                                                               
          Azərin 2002-ci ilin dekabrında yazdığı və böyük musiqiçi Vaqif Mustafazadəyə həsr etdiyi “Ayın 18-i” adlı bir essesi var. Bu yığcam (səhifəyarımlıq) poetik mətn maraqlı struktura malikdir. Bu yazıda Azər poeziyanın arxaik priyomunun birindən  – təkrirdən istifadə edərək, yəni bir mətnin əvvəlində və sonunda iki fotoşəkil ilə bağlı xatırlamalar verir. Həmin xatırlamalar essenin  leytmotivi – nəqaratı kimi səslənir: “Qarşımda bir fotoşəkil var. XX yüzil Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcılarından biri Vaqif Mustafazadənin anası Zivər xanımla yanaşı dayanan 21 yaşlı oğlan – mənəm.

Üstündən 18 il keçib”. Yazının sonunda fotoşəkil məsələsi yenidən təkrarlanır: “Qarşımda 1984-cü ilin 27 aprelində çəkilmiş bir fotoşəkil var.Üstündən 18 il keçib. Vaqif Mustafazadənin isə “Ayın 18-i” adlı bir əsəri vardı. 1969-cu ildə, 29 yaşındaykən, iyul ayının 18-də keçirdiyi infarktla əlaqədar özünə ithaf etdiyi “Ayın 18-i” ni Zivər xanımla qoşa dayanıb çəkdirdiyimiz şəklə baxarkən bir daha xatırladım”. Beləcə, bu fotoxatırlatmalar da “18” simvolik mistik məna qazanır.
          2005-ci il idi. Azər təzəcə çapdan çıxmış “İrfan çobanı” kitabını gözəl xəttilə  avtoqraf yazıb mənə bağışladı: “Əzizim Rüstəm Kamal. Nə yaxşı ki, bu dünyada varsan. Sənsiz bu fikir dünyamız necə də kasıb olardı. Tanrı səni bizə çox görməsin. Böyük sevgilərlə. Azər Turan”.                                       

Qəribədir, aradan 18 il keçib. Səmimi deyirəm: bu avtoqrafa heç fikir verməmişdim. Amma bu günlərdə – qardaşım Azər Turanın yubileyi ərəfəsində onun kitablarını vərəqləyib, gözdən keçirirdim və mənə elə gəldi ki, bu avtoqraf-dua onun özünə ünvanlanıb. XXI yüzilin bədii – estetik, kulturoloji, ictimai fikir dünyamızı Azər Turansız təsəvvür etmək qətiyyən olmaz.                          

Yenə 18 ildən sonra böyük Azər Turanı təbrik etmək arzusu ilə:        Rüstəm Kamal!

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

                    

                                                                   

Bu gün Sabunçu Gənclər Evində fəaliyyət göstərən “Azərbaycan oxucuları” Kitab Klubunun daha bir yaradıcı üzvünü təqdim edirəm: Signor Bayramlı Məhəmməd.

O, 24.03.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. “Bakirə”, “Samuray” romanlarının və “Xəyalların kölgəsində” adlı hekayə məcmuəsinin müəllifidir. Tərcüməçidir. Mustafa Lütfi Əl-Mənfəlutinin “Sabah”, Mustafa Mahmudun “Subay həyatı” hekayələrini dilimizə tərcümə etmişdir.

 

Aytən Hüseynli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qar Mələyi

Signor Bayramlı Məhəmməd

“ALFA” Komandası

 

Bakı qara həsrət qalmadan əvvəlki günlərin biri idi. Buluddan qopan qar dənəcikləri nazlı gəlin kimi astaca enib, Bakının hündür binalarını, neft qoxan Xəzərin mavi, dalğalı sularını, kələ-kötür yolları öpərək soyuq nəfəsini şəhərə hədiyyə edir və özündən geriyə sadəcə xatirələr qoyub, qeyb olurdu. Hərdən ağacların budaqlarında qar topası qalırdı. Uşaqlar əllərini tərlədən qalın əlcəyi geyinib, həvəslə həyətə qaçır, amma qar görməyib məyus olurdular. Gözlərini süzüb evə qayıtmaq istərkən isə Tanrının hədiyyəsinə – bəyaz qarın çiyinlərinə qonmasına şahid olurdular. Qarın yağmasına sevinəndən çox, kədərlənənlər  vardı. Soyuq qar boruları dondurduğu üçün qışa lənət oxuyaraq su axtarmağa gedən atalar, altı deşilmiş çəkmələri su keçirən uşaqlar və bu mənzərəyə daxil ola biləcək digərləri. Amma hər şeyə rəğmən qış şəhərə toxunurdu. Kiminə görə bu ehtiraslı öpüş, kiminə görə isə sərt bir şillə idi...

Şəmsiyyə qara uzun saçını sol çiynindən aşağı sallayıb, kresloda oturmuşdu. Pəncərəyə baxan qəhvəyi gözlərindən düşüncəli olduğu hiss olunurdu. Barmaqları dizinin üstündəki skripkaya toxunduqda, ahəngli musiqi yerinə nizamsız cingiltilər səslənirdi boş evdə. Qarşısındakı kiçik qara masanın üzərində içində iki solğun lalə olan güldan, yeni doğulan körpənin qəlbi qədər təmiz bir not dəftəri və işlənmədiyi üçün az qala mürəkkəbi quruyacaq bir qələm vardı. Çoxdandır heç nə bəstələyə bilmirdi Şəmsiyyə. Bütün ömrü musiqinin qucağında keçən, suyun şırıltısından tutmuş, küçədə bir itin hürməsinə kimi hər səsdən bir şahəsər ortaya çıxaran Şəmsiyyə artıq yaradıcılıq böhranı yaşayırdı. Ən sevdiyi fəsildən belə həzz ala bilməyəcək hala gəlmişdi. “Musiqi bizi hər an izləyir. Sadəcə biz onun varlığını hiss etmək üçün hərdən susmalıyıq” deyən Şəmsiyyə, ruhunu saran musiqinin səsini eşitmirdi. Bəlkə də o da Bethoven kimi kar olmuşdu. Bəs o da kar ola- ola şahəsər yarada bilərdimi? Çətin ki, bunu bacarardı. Tarix ikinci Bethoveni daşıyacaq qədər güclü deyil çünki. Nə qədər musiqini eşitməsə də, onun var olduğuna əmin idi. Bəlkə də toza dönüb, kitab rəfinə qonmuşdu musiqi. Hansısa kitabı vərəqləyəndə, arasından notlar töküləcəkdi bəlkə də. Ya da ki, skripkanın simlərində gizlənmişdi. Onun ən sadiq dostu olan skripka, dar günlər üçün bir-iki not saxlamışdı yəqin ki. Bəlkə də, sadəcə özünü aldadırdı. Şəmsiyyə ehtimallar dənizində lövbərsiz gəmi kimi üzürdü. Hansısa ehtimal sahilinə yan almaq istəsə də, onu orada saxlayacaq bir lövbəri yox idi.

O, düşüncələrinin dərinliyinə o qədər dalmışdı ki, qapının zəngini eşitmirdi. Şəmsiyyəni düşüncələrindən çiyninə toxunan zərif əl ayırdı. Başını qaldıranda ona dikilmiş mavi gözləri gördükdə, özünə gəldi. Üzünə yalançı bir təbəssüm ilişdirib, dedi:

- Gəldiyini hiss eləmədim.

- Sənin verdiyin açarla açası oldum qapını. Demişdin axı hərdən yaradıcılığını yarımçıq qoyub, qapını açmağa gələ bilmirsən- deyib, skripkanı Şəmsiyyənin dizindən götürdü.

- Malıma bələdəm də. Düzü indi nəsə yaradan halda deyiləm. Bəlkə sən nəsə deyəsən, şairəm.

- Mənim bir hekayəm var, amma sən bəyənərsənmi, bilmirəm – Şəmsiyyənin yanındakı kresloda oturub, dedi.

- Sən de. Onsuz da bekaram. Dinləyərəm.

- Yaxşı. Hekayə “Qar Mələyi” adlanır. Əzrailin dilindən nəql olunur...

 

Hər şey 1950-ci ildə başladı... Qar bütün yarımadaya yayılmışdı. Yerdəki təkər izləri təhlükənin hələ də davam etdiyindən xəbər verirdi. Qanla qarışmış qar ayaq altında qalıb xışıldayırdı. Uzaqdan hələ də silah səsləri eşidilirdi. Qarın varlığının hiss olunmadığı tək yer, alovlar içində yanan balaca ev idi. Əsgərlər evdəki qadını və kişini güllələyib, evə od vurmuşdular. Anasının gizlətdiyi balaca kolun içindən bütün bunları seyr edən balaca qızcığaz isə, səssiz hıçqırıqlarla ağlayır və əsgərlər onu tapmasın deyə buza dönmüş əlləriylə üzünü tuturdu. Elə bilirdi ki, üzünü gizlətsə, heç kim onu tapa bilməz. Əsgərlər getdikdən sonra yanıb, külə dönmüş evlərinə girən qızcığaz ata-anasını tapa bilməyib, sakitcə oradan uzaqlaşdı. Anasının qulağına pıçıldadığı sözlər hələ də yadında idi: “Seonam, qızım. Əsgərlər səni görməsin. Əgər bizi tapmasan, Solnan xalanın yanına qaç. O səni saxlayar.” Seona ayaqyalın soyuq qarın üzərində gəzərkən, Solnan xalasının hansı tərəfdə olduğunu xatırlamağa çalışırdı. Əsgərlərə görünməmək üçün meşəylə getməyə çalışdı. Vaxtilə atasıyla birlikdə gəzdikləri meşədə, indi tək gəzməli idi. Ölümün rəqs etdiyi bu meşədə balaca qızcığaz, yalnız addımlayırdı.

Siyahım uzun idi bu gün. Təki o siyahıda Seona olmayaydı. Seona ağacların arasında asta-asta yeriyərkən, gecənin meşəyə necə çökdüyünü hiss eləmədi. Amma qaralan hava və mədəsindəki boşluq, onun dincəlməyə ehtiyacının olduğundan xəbər verirdi. Seona hündür bir ağacın dibinə çöküb, əllərini ovuşdurmağa başladı. Hava çox soyuq idi. Bədənində qanı donurdu. Amma buna dözməli idi. Səhər açılanda, Seona gözlərini güclə açdı. Gecə yağan qar onun üzərini bir yorğan kimi örtmüşdü. Güclə ayağa qalxıb, yoluna davam elədi.

Mən onun getdiyi kənddən çıxmağa hazırlaşırdım ki, donmuş əlini ilıq nəfəsiylə isitməyə çalışaraq gəldiyini gördüm. O an gözlərini bağlayıb bu faciəni görməməsini istərdim. Di gəl, bacarmırdım. Gözləriylə bu qırğını gördü. Amma yanan evlər onda qorxudan çox sevinc hissi oyatdı. Seona sadəcə donmuş bədənini isidəcək bir soba kimi baxırdı evlərə. Mən onun üzündəki sevinci hələ də xatırlayıram. Bir anlıq bu mənzərəni izləmək istədim. Amma getməliydim.

Düz iki gün sonra onunla görüşdüm. Kəndin ayağındakı dar yolda qar adamıyla oynayırdı. Gedəcək yeri yox idi. Nə də onunla oynayacaq bir dostu. Qardan adamla oynayır, təngənəfəs halda qarın üzərində otururdu.

Həmin gün də belə olmuşdu. Mən onu almağa gələndə, sakitcə qarın üzərində oturmuşdu. Bir müddət sonra yuxuya getdi. Üzündə məsum bir ifadə vardı. Saçına sığal çəkib, qucağıma aldım. Elə yüngül idi ki... Mən ona toxunanda qəribə bir hiss yarandı. Ilk dəfə idi ki, birinin ruhunu alanda belə məyus olurdum. Onu əbədiyyən izləyə bilərdim. Əslində bunun imkansız olduğunu bilirdim. Mən cəhənnəm atəşi qədər isti, o isə ovuc istisində əriyən qar mələyi.

 

Şəmsiyyə hekayə bitdikdən sonra göz yaşına qarışan sevinc dolu baxışlarını qıza yönəldib, ayağa qalxdı. Ona möhkəm sarıldı. Daha sonra çoxdandır əlinə almadığı mürəkkəbi qurumağa başlamış qələmi götürdü və yazmağa başladı. Notlar sətirlərə toxunarkən, yazılan hər səs Şəmsiyyənin qulağında səslənirdi. Qarşıda onu musiqinin qucağında keçəcək bir gecə gözləyirdi. Notların üstündə isə tək bir ad diqqəti özünə cəlb edirdi: Qar Mələyi.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

 

Cümə axşamı, 19 Oktyabr 2023 10:30

“Sən gəl səma ol, mən dəniz olum” - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Olarsanmı?

Gündüzlər pəncərəmə süzülən şəfəqim olarsanmı? 

Günəştək sabahlar səmadan gülümsünər, məni isidərsən. Ancaq bax haa, qəlbimi isidim deyib ürəyimi külə çevirmə.

Gecələr həmdəmim olarsanmı? Ay kimi nurunu qaranlığıma çıraq edərsənmi? 

Bəlkə də, zöhrəm olarsan. Sənin parıltın yollarıma yön verər. Hətta, elə doğmalaşarıq ki, uzaqlardan mənə göz vuranda səni milyonların içindən tanıyaram.

Gözlərim dolar və darıxaram mən. Bax onda bulud olub gözlərimin yerinə dolarsan.

 Bəlkə yağış olasan? Çirklənmiş vicdanları öz saflığınla yuyub aparar, ardından göy üzünü yeddi rəngə boyayarsan.

Külək olsan saçlarıma sığal çəkərsən, yoxsa qoxumu ciyərlərinə dustaq edən yaz mehi kimi əsərsən?

Qar dənəm, payız yarpağım, xəzan küləyim, yaz yağışım, gecə günəşim, gündüz ulduzum olarsanmı?

 Sən gəl səma ol, mən dəniz olum. Nə qovuşa bilək, nə ayrı qalaq. Gəl səninlə sonsuz maviliklərdə əl-ələ tutuşmağın xəyallarını yaşadaq ruhumuzda.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün - oktyabrın 19-da Mingəçevir Dövlət Dram Teatrında italyan dramaturqu Pepino de Filipponun "Don Rafaello-trombonçu" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov, Aydın Dəmirov iştirak edirlər.

Səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan bir musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir. Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir. 

 

Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.

2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.

 

 

ÖZ KEFİMİN PAŞASIYAM

 

Yoxluğunda üşümürəm,

Öz kefimin paşasıyam.

Dərd yükünü daşımıram,

Öz kefimin paşasıyam.

 

Nə gözlərim dəniz olur,

Nə ürəyim bir an solur,

Boşalır külqabım, dolur,

Öz kefimin paşasıyam.

 

Qəm çəkmirəm bir an, lələ,

Cavandır bil, bu can hələ,

Ürək sözüm coşur belə,

Öz kefimin paşasıyam.

 

Önəmsizdir mənə saat,

Yaşayıram dərdsiz, rahat,

Cəhənnəm olsun bu həyat,

Öz kefimin paşasıyam.

 

Düşünməki dağılmışam,

Dağlarınla, dağ olmuşam,

Şair fəsli doğulmuşam,

Öz kefimin paşasıyam.

 

Yaşamıram bir an sürgün -

Ki, işlərim düşə düyün,

"Dünya beş gün, o da xoş gün",

Öz kefimin paşasıyam.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Həyatım palçıqdan və dərinlikdən ibarət idi, amma mən o qaranlıq suların bir parçası deyildim. O suların içində bir varlıq idim."

(Mən Kirke, Madeline Miller)

 

Bir insanın kimliyini onun irqi, rəngi, milliyyəti, mənsub olduğu ailə və ya yaşadığı sosial mühit deyil, onun xarakteri, davranışları, həyata, insanlara baxışı, düşüncələri, dəyərləri və gördüyü işlər təyin edir. 

Əziz oxucu, sən ağ və ya qara dərili, qara və ya rəngli gözlü, sarışın və ya əsmər ola bilərsən. 

Sən əzab-əziyyətlərlə dolu çətin bir həyat yaşaya bilərsən, sən pis bir ailədə böyümüş də ola bilərsən, sən ədalətsiz bir cəmiyyətin içində bir fərd də ola bilərsən.

Bəli, nə ağın qaradan, nə də qaranın ağdan heç bir üstünlüyünün olmadığı bu qoca dünyada biz bəlkə gələcəkdə etiqad edəcəyimiz dini, yaşayacağımız yeri özümüz seçə bilərik, amma biz irqimizi, rəngimizi milliyyətimizi, harda və necə bir mühitdə doğulacağımızı özümüz seçə bilmirik.

Amma bütün bunlara rəğmən unutmamağın lazım olan çox vacib bir nuans var ki, bu gün sənə onu xatırlatmaq üçün yazıram bu xitabı.

Əziz oxucu, səni sən edən nə sənin cismin, nə də bu yaşadığın həyat deyil, çünki içində var olduğun bu həyatı sən seçməmisən.

Səni sən edən və eyni zamanda da səni yaxşı və yaxud da pis bir insan edən sənin ruhun, öz  şəxsi xarakterin, şəxsi düşüncə və dəyərlərin, həyata, insanlara baxış tərzin, münasibətin, davranışların və gördüyün işlərdir.

Düzdür, insanın necə formalaşmasına içində var olduğu həyat və cəmiyyət də təsir göstərə bilir, məhz elə bunun üçün də iradəli ol və hər zaman çalış ki, yaşadığın həyat sənin mənən gözəl bir insan kimi formalaşmağına mane ola bilməsin.

Və eyni zamanda da yaşadığın həyat sənin ümidsizliyə qapılmağına da səbəb olmasın.

Çünki sən yaşadığın həyat deyilsən, sən yaşatdığın həyatsan.

Səni sən edən bu çirkin və ədalətsiz mühitdə var olmağın deyil, səni sən edən bu çirkin və ədalətsiz mühitdə ədalətli və gözəl qala bilməyindir. 

Səni sən edən bir pişiyin başını sığallamağın, yaşlı bir insana yolu keçməkdə, ağır yükləri olan birinə o yükləri daşımaqda kömək etməyin, kiçik bir uşağın simasındakı qəlbdən gələn gerçək bir təbəssüm olmağı bacarmağındır.

Səni sən edən təbiəti zibilləyən bir cəmiyyətin içində var olmağın deyil, səni sən edən təbiəti zibilləyən bir cəmiyyətin içində bir zibil qabı tapana qədər zibili əlində daşımağındır.

Səni sən edən hər şey və hər kəsdə bir qüsur axtaran insan toplumunun içində var olmağın deyil, səni sən edən hər şeydə bir qüsur axtaran bu insan toplumunda hər şeyə ayn -ür rıza (qədim osmanlıcada qüsur görmədən məhəbbətlə baxan gözlər deməkdir) ilə baxa bilməyindir.

Səni sən edən gücünü qadına, uşağa fiziki və psixoloji şiddət göstərərək nümayiş etdirdiyini düşünənlərlə eyni dünyada yaşamağın deyil, səni sən edən belə bir dünyada gücünü hər zaman qadınları və uşaqları qoruyub, dəstək olmağınla göstərməyindir. Qadına zəif deyənlərin içində qadına zərif davranmağındır səni sən edən.

Bəli, əziz oxucu, öz əlində olmayan səbəblərdən ötrü mühakimə olunan insanlara qarşı ön yarqılı olmayıb, almanların yəhudiləri konsentrasiya düşərgəsində həbs etdiyi kimi, cəmiyyətin də bizi həbs etdiyi irq, rəng və s. kimi qəlibləri sındırıb çıxaraq kim olduğunu öz düşüncələrinlə, hadisələrə, insanlara olan münasibətinlə və gördüyün işlərlə özün seçərək, özün təyin et.

Özünə inanaraq, ümid edərək çalış və öz həyatını özün qur.

Gözəllik və fərqliliyi xarici görünüşdə, gücü şiddətdə, hörməti nüfuzda, əsaləti ailə və sosial mühitdə, müasirlik və sərbəstliyi göstərişdə görən bir insan toplumunun içində, sən gözəllik və fərqi ruhun, gücü qoruyub qollamağın, dəstək olmağın, hörməti təvazükarlığın, əsaləti xarakterin, müasirlik və sərbəstliyi isə elm və əxlaqınla yansıt.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

 

Azərbaycanın turizm destinasiyası olaraq təbliği məqsədilə oktyabrın 16-da Hindistanın Nyu-Delhi şəhərində seminar keçirilib.

 

Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 50-dək turizm agenti və turoperatorun iştirak etdiyi seminarın əsas məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və Hindistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlığını artırmaqdır.

Seminar çərçivəsində Azərbaycan turizminə həsr olunmuş ətraflı təqdimat və videoçarxlar nümayiş etdirilib, ölkəmizin istirahət turizmi və işgüzar tədbirlərin təşkili üzrə potensialı təqdim edilib.

Seminarın sonunda interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.

Təbliğat tədbirləri oktyabrın 18-də Banqalor, ayın 28-də isə Mumbay şəhərində davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr dövründə Hindistandan Azərbaycana səfər edənlərin sayı 77 min 379 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artımdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Çərşənbə, 18 Oktyabr 2023 13:45

Günün fotosu: Avropa müharibəyəmi hazırlaşır?

Günün fotosu: Avropa müharibəyəmi hazırlaşır? 

 

Rubrikanı Kənan Məmmədli aparır

 

Bu həftə 2800-ə yaxın hərbi qulluqçu NATO blokunun xaricdəki çoxsaylı böhranlara tez cavab vermək qabiliyyətini artırmaq üçün NATO-nun rəhbərliyi altında deyil, Avropa Birliyi çərçivəsində tarixdə ilk hərbi manevrlərdə iştirak edir.

Manevrlər İspaniyada keçirilir.

Avropa müharibəyəmi hazırlaşır?

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

“Ədəbiyyat və incəsənət”dəki bugünkü yeni şeir payınız gözəl şairimiz Əlizadə Nuridən gəlir. Şeir “Yorğunluq” adlanır. 

 

 

Allah göydə deyilsə, 

O göy kimin göyüdü?

Harda körpə dərd qalıb 

Mənə verin, böyüdüm...

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

Bu yağışdı, yoxsa ki, 

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

 

Hər yanımı qan tutub-

Mən də belə adayam.

Get, o bayquşdan soruş

Hansı xarabadayam...

 

Bir kor adam kimiyəm-

Mən gəzim, sən it indi...

...Səni tapa bilmədim,

Əlimi də itirdim.

 

Sən nə yaman dərindin-

Sevib də batdım səni...

...Ölüm, məni bağışla,

Bir az yubatdım səni.

 

Qəmlə əylənirəm mən,

Bəs hanı tay-tuşlarım?

...Bu gün süfrə açmışam:-

Çağırın ac quşları...

 

Ölü balıqlar düşür ,

Atdığım hər qırmağa.

Çox soyuqdu...gedirəm

Allaha sarılmağa...

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.