Super User
Niyə? - MİNİATÜR HEKAYƏ
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Saatın kəfkiri gələcəyin, düşüncələr isə keçmişin ardınca qaçarkən sağ əlini açaraq diqqətlə əlinin içindəki çizgiləri bir-bir nəzərdən keçirməyə başladı. Yazı, tale, ömür- öz -özünə bu üç sözü dəfələrlə təkrar etdi. Sonra sağ əlinin ovuc içi ilə başına şiddətli bir şillə vurdu. Amma kifayət deyildi, çünki insanın özünə vurduğu şillə nə qədər acı verə bilər ki?!
Yazı..., tale..., ömür....
Gözucu qarşısında uzanmış cəsədə baxaraq dəfələrlə içindən məlum üç-sözü təkrar etdi. Sonra arxaya çönərək saatı kəskin nəzərlərlə seyr etməyə başladı. Artıq bu andan sonra ona qalan sadəcə dilsiz kəfkir idi :
-Eynilə bu gün olduğu kimi zaman öz sözünü deyəndə mən yenə peşman öləcəyəm.
-Nə demək istəyirsən?
Donuq halda gözlərini pəncərənin nəmli şüşəsinə zillədi:
-Ölümün sadəcə son nəfəsin alış-verişi, həmçinin bəlli səviyyəli bir xırıltıya diksinmə olmadığını sən qanmaza neca başa salım, bilmirəm.
Əli ilə tavandan üzünə doğru damcılayan yağmur dənəciklərini silərək dedi:
-Bəs mən sənə bu damlaların əslində bir yağmur olmadığını necə açıqlayım axı?
-De ki, bu bir yağış deyil.
-Bu bir yağış deyil, amma sən onun altında olduğun müddət etibarilə islanmağa məcbursan.
-Bəs sən nə məsləhət görürsən, cənab çox bilmiş?
-İslanmağı!
-Necə? Niyə islanım ki?
-Niyə kirli qalasan ki?
-Axı gedə bilərəm?
-Hər kəs getsə, kim gözləyəcək?
-O zaman gözləyərəm.
-Hər kəs gözləsə, bəs o zaman kim gedəcək?!
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Mədəniyyət Nazirliyi “Füzulidə yay məktəbi” layihəsinin açılışını etdi
Avqustun 15-də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.
Avqustun 18-dək davam edəcək layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşir.
Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan, 2023-cü ilin avqust ayında istifadəyə verilmiş Füzuli şəhər Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin şagirdləri də layihədə iştirak edir.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Nazirliyinin əməkdaşı və yay məktəbinin koordinatoru Rəfiqə Baxşiyeva layihənin məqsədi, nəzərdə tutulan fəaliyyətlər barədə söz açıb. O, yay məktəbinin keçirilməsinə dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib.
Daha sonra Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin kollektivi Azərbaycan və qazax dillərində ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Füzuli məktəblilərinin ifasında Azərbaycan muğamları, qazax folklor nümunələri dinlənilib, hər iki xalqın rəqsləri nümayiş olunub, həmçinin mərkəzin xor kollektivi tərəfindən musiqi nömrələri səsləndirilib.
Gün ərzində məktəblilər üçün rəsm dərsləri, taxta üzərində oyma üzrə ustad dərsi və əyləncəli oyunlar keçirilib.
Sonda tədbirin təəssüratlarını öyrənmək üçün məktəblilərlə sorğu sessiyası təşkil olunub.
Qeyd edək ki, yay məktəbi dövlət və özəl sektorun əməkdaşlığı ilə reallaşır. "Sirab", "Azərçay" və "Nort Vest" şirkətləri də layihəyə dəstək verir.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
POETİK QİRAƏTdə Rəbiqə Nazimqızının “Siqaret” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə Rəbiqə Nazimqızının dünənki debütü uğurlu alındı, bu gün yenə odur, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Siqaret
Bir çimdik tütünə dönüb,
siqaret kağızına bürünüb
yanına gəlsəm...
Əlində kirisəm...
Sıxıb məni barmağının arasında
O üz-bu üzə çevirsən...
Yandırsan məni kübritinlə...
Saçlarına, köynəyinə hopsam...
Barmaqların toxunsa kağız paltarıma...
Nəfəsinə keçib sevilsəm-sevinsəm...
Çəksən qoxumu ciyərinə...
Təpəmdən şıxan tüstüdən dadsan...
Axırda söndürməkcün yanğımı
kötüyümü külqabıya uzadarsan...
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
Dövlət Turizm Agentliyi ilin ilk 6 ayını əhatə edən onlayn xəbər bülleteni hazırlayıb
Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-iyun dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.
Agentlikdən AzərTAC-a bildirilib ki, bülletendə Dövlət Turizm Agentliyinin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.
İctimaiyyəti məlumatlandırmaq məqsədilə ildə 2 dəfə olmaqla, 6 aydan bir bülleten dərc olunacaq və qurumun rəsmi veb-saytında “Xəbər bülleteni” bölməsinə yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
GÜLÜŞ KLUBUnda Burkina-Faso deputatları
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Anekdotı.ru saytında bilmirəm ermənilər çoxdurmu, amma bu dəfəki lətifələrin birində iddia edilir ki, guya pivənin tətbiqi barədə ilk dəfə eradan əvvəl Ksenofont söz açıb və məkan olaraq da Qədim Ermənistanı göstərib.
Hər şeydən qurtarıb indi də çər dəymişlər pivəni erməniləşdirirlər. Bir soruşan gərək, ay köpək uşağı, konyakı dediz, azacıq inandırıcı oldu, çünki babat konyak istehsal edə bilirsiz. Amma siz hara, pivə hara? Ayıbdır vallah!
2.
Qapalı dairəyə, labitintə düşəndə pessimist yerindəcə ölür, optimist isə qaçaraq ölür.
3.
Üçüncü oxunuşda Burkina-Faso deputatları qanuna düzəliş etdilər. Səkkizinci maddə “Oğurlama” idi, indi o, “Ələ keçmə” şəklini aldı.
4.
Sən onu bahalı restoranlara aparırsan, ən dadlı təamlardan yedirdib ən bahalı içkilərdən içirirsən, sən ona bütün əməkhaqqını xərcləyirsən. O isə sonda imtina edir. Bax belə qədirbilməzdir sənin qaraciyərin.
5.
-Doktor, mən Balzak yaşlı qadınları sevirəm, bu normaldır?
-Siz manyaksız sadəcə. Balzakın yaşı 200-ü keçib e, ay binəva!
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
Rəsm qalereyası: Lyusiya Sarto, “Balerina”
Günün fotosu: Dünyanı gözəllik xilas edəcək
Günün fotosu: Dünyanı gözəllik xilas edəcək
Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Əlbəttə, dünyanı məhz gözəllik xilas edəcək.
Bu əsrarəngiz mənzərə bir rəssam fırçasından çıxmayıb. Bu, İtaliyanın Komo gölünün sahilidir. O qədər gözəl, o qədər ruhaqidavericidir ki, saatlarla oturasan və tamaşa edəsən. Elə bu yay günlərində dünya turistlərinin bura axını da bu səbəbdəndir.
Paylaşımı sizin üçün “The most beautiful areas in the world” platformasından iqtibas etdim.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Narinc şirəli hinduşka mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Narinc şirəli hinduşka mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Hinduşka – 200 qr
§ Qırmızı soğan – 30 qr
§ Ərinmiş kərə yağı – 20 qr
§ Narınc (portağal) – 60 qr
§ Qoz – 15 qr
§ Badam – 15 qr
§ Ərik qurusu – 15 qr
§ Sarı gavalı – 10 qr
§ Zəncəfil (təzə) – 10 qr
§ Sarıkök – 0,1 qr
§ Mərzə qurusu – 3 qr
§ Göyərti – 8 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Hinduşkanın xırda tükləri alovda ütülür. Oynaq hissələrindən tikələrə bölünür, böyük tikələr yarıya bölünür, yuyulur, təmizlənir və suda qaynadılır. Qaynadıqda kəfi yığılır. Ət yarıdan çox – 60-70% bişdikdə sudan çıxarılır, işgənəsi ələkdən süzülür. Qalın çuqun tavada (və ya mis teştdə) yağ əridilir, hinduşka tikələri yağda qızardılır. Sonra halqa şəklində doğ- ranmış soğan əlavə edilir və birlik- də qızardılır. Soğan qızarana yaxın duzlu qaynar suda isladılmış, qabığı təmizlənmiş badam, qaynar suda isladılmış qoz ləpəsi, yarıya bölünmüş ərik qurusu, tumu təmizlənmiş al- buxara, duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş zəncəfil, mərzə quru- su əlavə olunur. 4-5 dəqiqə tovlanır. Sonra sıxılmış narınc şirəsi əlavə olunaraq, 6-8 dəqiqə bişirilir. Vam odda 8-10 dəqiqə qalır, hazır olduqda ocaq- dan götürülür və 5 dəqiqə yer dəmi alır. Boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Plov və çilovlarla da verilə bilər. Bişmə müddəti 1,5 saatdır.
QEYD: Mütəncəmin bişmə müddəti hinduşkanın qoca və ya cavan olmasından asılıdır.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Bu pulun olmayan vaxtı,
deyirəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
(Ruslan Dost Əli)
Gənc şairimiz, sözün gücü nə ilə müqayisə edilə bilər?
CAVAB
Sözün düzü, sözün gücü müqayisə olunmazdı...
Qolun gücü ilə qalib gələ bilmədiyin adamları sözün gücü ilə qatlayıb dizinin altına qoya bilərsən...
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin sözləri yadıma düşdü:
“Bul zaman bilekke senetin zaman emes, bilimqe senetin zaman”.
Yəni hazırki dövr biləyin yox, elmin, biliyin gücünə inanmaq dövrüdür…
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
SAZLI-SÖZLÜ MƏCLİS - ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi icra olundu
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində avqustun 13-də Bakıda növbəti konsert tədbiri keçirildi.
BAŞLANĞIC
Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri, Kəlağayı Ev Muzeyini direktoru Güllü Eldar Tomarlı açaraq, tədbir iştirakçılarını salamladı, şəhidlərimizin əziz xatirəsi anıldı, dövlət himni səsləndrildi, tədbirin mahiyyəti haqqında məlumat verildi.
İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı layihəyə maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.
GÜLLÜ ELDAR TOMARLININ ÇIXIŞI
O, çıxışında dedi: “Qeyd edim ki, mədəni irsimiz geniş təbliğ olunaraq, gələcək nəsillərə ötürülməlidir. 2014-cü ilin noyabrında YUNESKO-nun qeyri- maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element - “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi'' daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə kəlağayımız beynəlxalq səviyyədə tanınır. Bu gün gənclərimizin kəlağayıdan geniş istifadəsi bizə əsas verir deyək ki, artıq təbliğatımız öz bəhrəsini verir. Kəlağayımız həm mədəniyyətimiz, həm tariximiz, həm də yaraşığımızdır”.
VÜSAL SEHRANOĞLUNİN ÇIXIŞI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu isə çıxışında dedi: “Bizim həyata keçirdiyimiz layihələrin əsas məqsədi milli dəyərlərimizi, keçmiş adət-ənənələrimizi gələcəyə daşımaqdır. Ulu nənələrimizin abır, ismət rəmzi olan kəlağayının ululuğunu, müqəddəsliyini gənc nəslə aşılamaq üçün belə təbliğatlar çox vacibdir. Mirvarid Dilbazi Poeziya Məclisi İB olaraq Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atdıq. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirdik, qədim kəlağayıların sərgisini təşkil etdik. Milli dəyərlərimizə maddi dəstək ayrıldığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm.
MUSİQİ ƏRMAĞANI
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayı haqqında xatirələrindən danışdı, toy-düyünlərimizdə bu gün də istifadə olunmasını qeyd etdi və gözəl ifaları ilə tamaşaçıların könlünü oxşadı.
Daha sonra qazi Taleh Əliyev, Dədə Ələsgər Ocağı İB-sədri Xətai Ələsgər, məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Azərbaycan Milli Xalça Muzeyinin ənənəvi texnologiya şöbəsinin toxucusu Rəna Süleymanova, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin xor şöbəsinin müdiri Fərqanə Salamova, gənc müğənni, cənublu soydaşımız Arif Mehmandost, Azərbaycan-Ukrayna Beynəlxalq alyansın sədri Elmar Məmmədov, Səudiyyə Ərəbistandan qonaq olan həkim, şair Nigar Xəlilova, Misirdən Səbinə Səmədova, “Milli Mədəniyyətin təbliği'' İB-nin sədri Jalə Cəfərova, aşıq Məhəmməd Xanoğlan Təbrizli, aşıq Cavanşir Quliyevin rəhbərlik etdiyi ''Qarabağ'' aşıq qrupu sazlı, sözlü musiqilərlə, şeirlərlə, maraqlı çıxışlarla məclisə xoş ovqat bəxş etdilər.
Kəlağayı təntənəsi isə bitmədi, hələ davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)


