Super User

Super User

“Ədəbiyyat və İncəsənət” portalı gənc şair Aygün Fikrət Hüseynzadənin şeirlərini təqdim edir. Bu cür içdən yazılan, bu cür poetik, bu cür düşündürən şeirlər az-az olur. Və əminliklə deyirik ki, qadın poeziyamıza yeni bir ad gəlir. 

 

 

KÖYNƏK

 

Xəyallarım uzaq səfərə çıxıb...

Ona aldığım yol biletini də 

unutmuşam 

nimdaş ümid köynəyimin cibində...

Zəng vurub könlünü almaq istədim:

-Darıxma,

sən gedən qatarda 

nəzarətçi olmur-dedim...

-Bəs vaqonumda, qapımın ağzında 

kaktus kimi bitən adamı

necə inandırım

yol biletlərinin vəfasızlığına...

 

Dedim:-Vaxtın var hələ...

Morze əlifbasını öyrənməyə çalış,

Öyrən, reyslər niyə tunellərdə, 

qaranlığın gülümsədiyi yerlərdə 

məktublaşır...

 

Unutma, qatarı daşlayan uşaqların əynindəki

təptəzə ümid köynəkləri

sən qatardan düşənədək göz oxşayacaq...

 

Mənim də bir köynəyim vardı

Sənin yol biletini cibində unutduğum köynək.

 

 

YAĞIŞ YAĞIR

 

Pəncərədən küçəyə boylanır xatirələrim

İslanır elə bil

Yaddaşımın küçələrində yeriyən 

xatirə-xatirə adamlar

yeriyir küçələr bu yağış altda ...

və mən islanıram xatirələrimin içində ...

 

Yağış yağır

üşüyür ağaclarda ...

üşüyür ömrümün budağında yarpaqlayan ehtiyaclar da...

təbiət təəccüblə baxır mənə ....

 

Mən də üşüyən adam ...

Məni üşüdən havanın soyuğu deyil

adamların içində buz bağlamış arzulardı...

 

Yağış yağır

bir cüt misranı geyib ayaqlarıma 

addımlayıram

bir parça buz bağlamış ümidin üstündə...

addımlayıram varaqların

və maraqların üstündə...

 

 

LAL ŞƏHƏR

 

Mən çıxıb gedəndən bu lal şəhərdən,

Qəlbimdə bir eşqin xətri var idi.

Yollarda kəssə də qışın soyuğu,

Mənim ürəyimdə ilk bahar idi.

 

Xatirə mehi tək əsirdi inan,

Saçımda əlinin həzin sığalı.

Almışdı ovcuna dəli könlümü,

Kövrək yaddaşımda bir eşq nağılı.

 

Ümid bürünmüşdü vüsal ətrinə,

Ayrılıq xəbərsiz, dərd uyuyurdu.

Yollar su içmişdi baxışlarından,

Atdığım hər addım eşq qoxuyurdu.

 

 

ÖZÜNÜ ÖYRƏTDİN

 

Bir darıxmaq qədərsən ...

Əsgər yuxusu kimi şirindir sevgin.

Desəydim sənə möhtacam 

bir əsgərin susuzluğutək -

inanardın?

Məni sıxan xatirələr səngərin

soyuqluğuna bənzəyir.

Özüm-öz səngərimdə 

ürəyimlə vuruşmaqdayam...

Ac quşların yem axtardığı qədərdi 

sənin gəlişinə boylanmağım...

Üşüdür duyğularımı inamsızlığın 

bütün hərfləri,

bir az da külək kimi qarışdırırsan.

Gözlərimdə ləpələnən 

kipriklərimin ucunda

görünməyəcək yuxularımı ...

Sevgi bu idimi... 

vaxtsız öz dünyandan

köçürsən, yaşasan da.

Dar ağacı kimi xatirələrdən asılırsan...

İndi sinəmə çəkilmiş dağların ətəyində 

bir əsgər yuxusu göynəyir

boş qalmış səngərə sarı...

Yadındamı,

özünü öyrətməyəsən demişdim...

Mən elə ilk gündən öyrənmişəm

itirənlərin əşyalarını axtarmağa!

 

 

PALMA AĞACI 

 

Qağayılar uçuşur,

dimdiklərində 

palma agacının tənhalığı 

 

Mavi ətəkli qız

sürünür üzü sahilə...

Səssizliyin pıçıltısını

təsəlli kimi tutub ovcunda.

Qərib palmaların

məhzun baxışları...

 

Bir darıxmaq varıymış

palma yarpaqları arasında

Mənim gözlərim kimi

uzaqlara atılır 

parçalanır ümidlər

özgənin eyvanından...

 

Yad əllər darayıb budaqlarını

qolları bədəninə bələnib...

Ögeydi bu dəniz,

bu dənizin küləyi,

bu küləyin yosun qoxusu...

Təkcə ayrılıq ögey deyil...

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Günün fotosu: Bayden Ukraynaya 200 milyon dollarlıq hərbi yardım ayırır

 

ABŞ Konqresindəki Respublikaçılar hələ də Ukraynaya 61 milyard dollarlıq yeni hərbi yardım tranşının təsdiqlənməsini əngəlləyir və bunu daxili siyasi tələblərlə əlaqələndirirlər. 

Amma ABŞ prezidenti Co Bayden Ukraynaya 200 milyon dollar hərbi yardım ayrılması haqqında fərman imzalayıb. Bu paket, bir il əvvəl təsdiqlənmiş ümumi limitdən fərqlənir. Ağ Ev xəbərdarlıq edib ki, Konqresin köməyi olmadan maliyyə ilin sonuna qədər tükənə bilər.

Co Bayden: "Əlavə maliyyələşmə olmasa, təcili əməliyyat problemlərinin həllində Ukraynaya kömək etmək imkanımız olmayacaq”

Putinsə ABŞ-ın Ukraynaya yardım edə bilməyəcəyinə ümid edir.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2013)

Cümə axşamı, 14 Dekabr 2023 16:30

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əvəzolunmaz müğənni, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

 

Konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək.

Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Cümə axşamı, 14 Dekabr 2023 10:45

Ulduz Qasımın "Xocalı şikəstəsi"

“Ədəbiyyat və incəsənət” portalı Qarabağla bağlı əsərlərdən dərcləri davam etdirir. Bu dəfə sizlərə Ulduz Qasımın “Xocalı şikəstəsi” təqdim ediləcək. Şükür, Xocalı düşmən caynağından qoparıldı. Amma Xocalı qətliamı ömürlük yaddaşlardan silinməyəcək. 

 

Məryəm ölümün ağuşunda çapalayan qadına ikrahla baxıb

dodaqaltı vaysınırdı ki, bunda həyasızlığa bax, bizi yer-yurdumuzdan didərgin salıblar, camaatı böyüklü-kiçikli qanına qəltan eləyiblər, çarəsiz insanlar canını qurtarmaq istəyən yalquzaq kimi gecəyarısı, qar-boran demədən ayaqyalın, başıaçıq meşələrə səpələnib. Bu da istəyir ki, dığasını xilas edək, isti paltarımıza büküb, qoynumuzda ilan bəsləyək. Bəs mən ana deyiləm?

Gözümün qabağında madar oğlumu qanına bələdilər. İndi mən erməni balasını qucağıma alım, ona nəfəs verim?

Məryəm Fərhadın ürəyinə bələddi. Peşəsinə olan sədaqətini də bilirdi. Odur ki, ərinə qəti şəkildə söylədi ki, uşağı götürmək fikrinə düşməsin.

– Fərhad, – dedi, Məryəm, – əgər bu uşağı özümüzlə götürsək, hər şey cəhənnəm, yolda aclıqdan, soyuqdan qışqırıb ağlayacaq. Hər kolun dibində bir erməni cəlladı pusqudadı. Vallah, əməlli-başlı başağrısıdı bu dığa, özümüzə iş açmayaq…

Fərhad bir an duruxdu, sonra qəfil ilan çalmış kimi meyitdən, ona sarı dartınan uşağın qorxudan hədəqəsindən çıxan gözlərindən uzaqlaşmaq üçün dar cığırla irəlilədi. 

Elə bu zaman körpə bayaqkından daha yanıqlı səslə ağlamağa başladı. Var gücüylə

qışqıran uşağın səsi insanın tüklərini ürpədir, qəlbini dağlayırdı.

Məryəm ayaq saxladı.

– Fərhad, öldür onu. Qoy səsi kəsilsin.

– Ana...

– Nədi, Pəri?

– O, lap balacadı, yazıqdı!

Məryəm qızının soyuqdan donan əllərini donunun ətəyindən aralamaq istədi.

– Kiri, qız, yum ağzını. Nə tez yadından çıxardın, bəlkə elə qardaşının canına qıyan bu dığanın dədəsi idi. Sabahdan bəri

kəndi başına götürən fəryadları nə tez yadından çıxardın, bala?

– Ana, onun nə günahı var?

Məryəm yenə israrından dönməyib ərinə hökm etdi:

– Sənə deyirəm, vur onu, Fərhad!

Fərhad sanki görəcəyi qorxunc işin vahiməsinin təsiriylə təntiyə-təntiyə dedi:

– Yox. Məryəm, mən bacarmaram.

Məryəm:– Bəri elə, tüfəngi, – dedi və Fərhadın sol çiynindən aşırdığı qoşalüləni dartıb götürdü. Tüfəngi körpəyə tuşladı. Qadının tətiyə güclə çatan donmuş barmaqları dəhşətli bir çarəsizliklə

uçundu, bütün bədəni əsdi, dizi üstə yerə çökdü, hönkürdü. 

Bir az əvvəl gözünün qabağında doğma oğlunu dəlik-deşik edən millətdən törəyən körpəni vurmağa ananın əli qalxmadı!

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ağlama, Təbrizim, ağlama…” şeirinin növbəsidir. Unutmayaq ki, o dövrdə bu mövzuda yazmaq cəsarət tələb edirdi. 

 

Demə yollar uzaqdır,

Araya bir çay düşüb;

Vüsal kimin qisməti,

Bizə həsrət pay düşüb.

Birimizə göz yaşı,

Birimizə toy düşüb;

Danış, ucadan danış,

Sən dilini bağlama.

Ağı dediyin bəsdi,

Ağlama, Təbrizim, ağlama

 

Ölənlər torpağındır,

Bizə sağlar qalıbdır.

Baxıb köks ötürməyə

Qarşı dağlar qalıbdır.

Bir gözümüz gülürsə,

Biri ağlar qalıbdır.

Sil gözünün yaşını

Ürəyimi dağlama,

Ağlama, Təbrizim, ağlama

 

Bu torpağın üstündə

O taylı, bu taylıyıq.

Torpaq ki ömür deyil

Necə gəldi paylayaq.

Nə qədər “qardaş” deyib

Uzaqdan haraylayaq,

Ucalt haqqın səsini,

De sözünü, saxlama,

Ağlama, Təbrizim, ağlama

 

Bəlkə bənövşəmizi

Bu nisgil, həsrət əyir.

Araza körpü üçün

Torpaq oğul istəyir.

Sənə əl uzadıram,

Əlim məftilə dəyir.

Sən güvən öz ağlına

Döyüşkən, düz ağlına,

Ağlama, Təbrizim, ağlama

 

Çoxdur dil pəhləvanı,

Sözdə aşıb-daşırıq,

Bu günahsız Araza

Neçə günah qoşuruq.

Vətənin ortasında

Məftilə dolaşırıq;

Bir də bax dünəninə

Kimsəyə bel bağlama.

Dur ayağa, “Vətən” de,

Ağlama, Təbrizim, ağlama!..

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə ustad şair Əlizadə Nuri görüşür.

 

 

              Dostum Rəşad Məcidə

 

Yorulan arzular yoxuşlardadı...

Göyün ağrıları o quşlardadı.

Bəlkə günah elə baxışlardadı-

Bəlkə də bu dünya heç kifir deyil?

 

Ömür yarım qabdı- doya bilmədim,

Atdım son yuxumu suya... bilmədim.

Məni yağışlar da yuya bilmədi-

Məndə əzablardı, məndə kir deyil...

 

Qorxur kölgəsindən... bu nə ağacdı?

Hərdən dərdin özü elə əlacdı.

...Öldüm, ölümün də sirrini açdım-

Daha mənim üçün heç nə sirr deyil...

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Cümə axşamı, 14 Dekabr 2023 11:45

4 cür yazıçı var

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Gülüş klubu qapılarını tanınmış yazıçı və nasir Rasim Qaraca üçün açıb. Rasim Qaracanın deyimini diqqətinizə çatdırmaq isyirik. 

 

4 cür yazıçı var

 

Birincilır:

Parlaq istedadları var.

İkincilər:

İstedadları var, amma parlaq deyillər.

Üçüncülər:

İstedadları yoxdur, ancaq "parlaqdır"lar.

Dördüncülər:

İstedadları da yoxdur, parlaq da deyillır, amma yazırlar. 

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

İngiltərənin əfsanəvi “Blue” qrupu ilk dəfə Bakıda çıxış edəcək.

 

Konsert 2024-cü il fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.

“Blue” İngiltərənin kişilərdən ibarət qrupudur, onun mahnılarından ibarət albom 7,9 milyon ümumi tirajla satılıb. Qrupun tərkibinə Dunkan Ceyms, Entoni Kosta, Li Rayan və Saymon Vebb daxildir. Qrup Elton Conun məşhur “Sorry Seems to Be the Hardest Word” mahnısını ifa etdikdən sonra bütün dünyada tanınıb.

Qrup “BRIT Awards 2002”də “Best Newcomer”, “Smash Hits Awards”da “Best Newcomer” , eləcə də “Capital FM Awards”da “Best Single”, “Best Newcomer” və “Best Pop Act” kimi çoxsaylı mükafatlara layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Rubrikanı Nihad Alimoğlu aparır

 

Keçən il də yox, iki il öncə bu gün nələr olub? Çox şeylər. Mənsə mahnılarını çox sevdiyim moskvalı həmyerlilərimiz barədə olan bir xəbəri paylaşmaq istəyirəm.

Demək, Moskvada “VK Muzıka” servisi 2021-ci musiqi ilinə yekub vuraraq ən müxtəlif nominasiyalarda qalibləri elan edib.  Reper Morgenştern eyni zamanda bir neçə kateqoriyada qalib gəlib. Əslən özbək olan və adı Əlişir olan reperin milyonlarla rusiyalı musiqisevərin qəlbini riqqətə gətirə bilməsi fenomeni açılmır ki açılmır. Yeri gəlmişkən, əslən azərbaycanlı olan Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdıqları HammAli & Navai rep dueti də heç Morgenşterndən geri qalmır. Nominasiyalardan birini də həmyerlilərimiz qazanıblar. Onların “Quş” mahnısı İlin treki elan olunub.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən 2021-ci ilin “VK Muzıka” qaliblərinin siyahısını təqdim etmişdi, bird aha sizə siyahını xatırladıram:

 

"İlin kişi artisti" - Morgenştern.

"İlin Albomu" - Million Dollar: Business (Morgenştern).

"İlin qadın artisti" - Zivert.

"İlin qrupu" - Artik & Asti.

"İlin xarici artisti" - Maneskin.

"İlin sıçrayışı" - OG Buda.

"İlin treki" - "Quş" (HammAli & Navai).

"İlin repiti" - Baby Mama (Skriptonit, Raida).

"İlin “Sizin fitə ehtiyacınız var”ı - Skriptonit və Morgenştern.

"İlin kuratoru" - "Doğma səs".

"İlin musiqi cəmiyyəti" - "Sakit yer", "Rifm və Pançi", "Tərəflər".

 

“VK Muzıka”nın "İlin “Sizin fitə ehtiyacınız var” nominasiyasının hansı məqsədlə yarandığı da izah olunub. "Skriptonit və Morgenştern ən çox istifadəçilərin siyahılarında adları kəsişən sənətkarlardır. Birgə musiqiləri isə hələ də yoxdur. Biz sosial şəbəkə olaraq onları bu işə təşviq etmək istəyirik".

Bundan əlavə, “VK muzıka” servisi ilin 30 ən populyar mahnısından ibarət bir siyahı da açıqlayıb. 

Qeyd edək ki, "VK Muzıka" V Kontakte sosial şəbəkəsinin bütün musiqi məhsullarını birləşdirib: sosial şəbəkələrin musiqi bölmələri, ümumi məzmun kitabxanası, musiqiçilər və etiketlər üçün məhsullar, ümumi tövsiyələr texnologiyaları və ayrı-ayrı mobil proqramlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.