Super User

Super User

Bazar ertəsi, 29 Yanvar 2024 16:00

O gün fevralın otuzu idi - ESSE

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət".

 

 

+ Bizi danışaq?

- Hansı bizi?

+ Olmayan bizi...

 

" ... o gün qız ilk dəfə aşiq olmuşdu, qəlbinin ən dərinliklərində heç duymadığı hisslər yaranmışdı, həm ona, həm də həyatına qarşı. Sevdikcə sevilmək, sevildikcə yaşamaq hissi bürüyürdü qəlbini. Zaman onları getdikcə yaxınlaşdırırdı, bir- 

birlərini tanıdıqca daha çox bənzədiklərini düşünürdülər. 

 

Bu qısa vaxt münasibəti çox dəyişdirmişdi, o qədər ki, qız ömrünü belə qurban verməyə hazır idi sevdiyi üçün.  Və verəcəkdi də...

Əgər sevdiyi vəfada dönük çıxmasaydı, hər şey başqa cür ola bilərdi. 

Xəyanətin yükünü qaldıra bilməyən qız çarəni yaşamını sonlandırmaqda görürdü təəssüf ki. 

Bir zaman keçdikdən sonra İntihar edən gənc qızın məktubunda belə bir cümlələrə  təsadüf edilirdi:

“O gündən sonra mənim qəlbimdə hər şey başqa cür cərəyan etməyə başladı, Əzizim. Sanki  o gün mümkünsüzlər gerçək olmuşdu. 

O gün Fevralın  otuzu, fəsillərdən beşinci fəsil idi. Sən o gündən göy qurşağının səkkizinci rəngi oldun mənim üçün.

Bilirsən, əslində Sənə təşəkkür borcluyam.

Mənə sübut etdin ki, gerçəkləşməyən hər mümkünsüzün xəyalını qurmaq bir insan üçün ən yanlış hiss imiş...”

 

Bəli, olmayacaq arzular üstünə nə çox xəyallar qurdurdu bu eşq, sevgi tilsimi.

"Sevgi hər zaman tikanlı yollarda doğulub, arzuların himayəsində boy atar" deyirdi şair.  Necə də gözəl vurğulayıb, deyilmi?

Əsasında necə güclü bir məvhum durur ki, insanın bir ömrünü bitirməyə kifayət edir o, təəssüf ki.

Deyirlər, cismin müvəqqəti, ruhun əbədi məhkum olduğu məzarlıqdır əsl sevgi. 

Bəlkə də elədir.

Yəqin ki, bu dünyanın bir yerlərində cismin deyil də, ruhun yaşatdığı əbədi sevgi ilə bir-birlərinə eşq ilə yanaşan insanlar var hələ də, kim bilir...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə istədim sizlərə çox maraqlı bir hekayət nəql edim. Məni çox təsirləndirən bu hekayət, düşünürəm ki, sizlərin də marağına səbəb olacaq. Uşaqlığımda mənim Enne (Annie) adlanan gəlinciyim olub. Elə xanım oxucuların da əksəriyyətinin. Eləcə də çoxumuz baş qəhrəmanı Enne olan  “Kiçik Eynşteynlər” multserialını maraqla izləmişik. Amma heç mahiyyətinə varmamışıq ki, niyə məhz Annie?

 

 

Şəxsiyyəti məlum olmayan gənc qızın cəsədi 1930-cu illərdə Parisdə məşhur Sena çayının sahillərində tapılır. Yarılma zamanı məlum olur ki, qız 16-17 yaşlarında olub və intihar edib. Morq həkimi qızın hamar dərisi və zərif təbəssümündən çox təsirlənir və üzünün mum qəlibini götürür. Sonra qıza Sein adı verilir və o, Parisdəki evsizlər qəbiristanlığında dəfn edilir.

 

Qonaq otağında qızın üz qəlibini asan həkimə baş çəkməyə gələn qohumları və dostları qızın üzündəki ifadədən çox təsirlənirlər. Üzündəki qəribə narahatlığa bənzədilən, xoşbəxtliyini itirməkdə olan  ifadə barədə Parisdə danışılmağa başlanılır. Hadisəni eşidən oyuncaq istehsalçısı Asmund Laerdal 1940-cı ildə qızın üzünün PVC nüsxələrini istehsal edir və bəzi oyuncaqlarda istifadə etməyə başlayır. 

O, ona 'Annie' adını verir və qızın üzünə sahib olan gəlincik hazırlayır.

1958-ci ildə Amerikalı Dr. Peter insan tənəffüsünü kəşf edir və təlimdə istifadə etmək üçün oyuncaq istehsalçısı Laerdaldan 500 real ölçülü Annie gəlinciyi sifariş edir. Lakin o zamankı Amerika hökuməti bu təlimi lazımsız görüb gəlincik alışını ləğv edir və istehsal olunan gəlinciklər anbarda qalır. 

Gerisi daha maraqlıdır. 

Ziyanda qalmasın deyə oyuncaq şirkətinin sahibi Laerdal Avropayla - Norveçlə müqavilə bağlayır və gəlincikləri ora göndərir. Bu arada Peterin təliminə qarşı haqsız çıxışlar da səngiyir və onun kəşfinə Amerikada da olmasa, Avropada önəm verməyə başlayırlar. Bu tarixdən sonra bütün dünyada süni tənəffüs təhsili üçün eyni model manikenlərdən istifadə edilməyə başlanır və manikenlərin hamısı Parisli Sein simasına sahib olur…

Ömrünə çayda son qoyan Seynin gülümsəyən dodaqlarında yüz minlərlə insanın həyatını xilas edən öpüşü gizlənib. Maykl Ceksonun əfsanəvi Smooth Criminal mahnısında 42 dəfə “Enne, sən yaxşısan?” sualı verilir. Heç düşünmüsünüzmü, bu Enne kimdir? Düşünə bilərsiniz ki, Enni Ceksonun uydurduğu bir personajdır, amma belə deyil. Əslində, hətta,  "Enni, yaxşısan?" sual da müğənniyə aid deyil. Bu sual "Resusci Annie" və ya "CPR Annie" kimi tanınan gəlincikdən gəlir. Yəni süni tənəffüs məşqində istifadə olunan məşhur modeldən…

Bir intiharın arxasında yüzminlərlə insana həyat verən təbəssüm dolu dodaqlar və o dodaqlarda yaşayan ölümsüzlük öpüşü…

Bax belə bir maraqlı hekayət!

 

Şəkillərdə: “Annie” oyincaqları eBay xəttilə hazırda dünyada ən çox satılandır (qapaq fotosu); “Kiçik Eynşteynlər” cizgi filmindən fraqment (iç fotosu)

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Pencər küküsünün  hazırlanması qaydasını şərh edəcəyik. 

 

Pencər küküsü 

 

ƏRZAQLAR:

Keşniş – 15 qr

Şüyüd – 15 qr

Nanə – 10 qr

İspanaq – 35 qr

Turşəng – 15 qr

Soğan – 35 qr

Yumurta – 50 qr

Qatıq – 15 qr

Mərzə qurusu – 3 qr

Un – 10 qr

Kərə yağı – 15 qr

Sarıkök – 0,1 qr

Zəncəfil – 1 qr

Darçın – 1 qr

Duz – 4 qr

İstiot – 0,05 qr

Xörək əlavəsi:

qatıq – 50 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Göyərtilər təmizlənir, yuyulur, qurudulur, xırda doğranır. Dərin bir qaba (tas, ləyən və s.) qoyulur, üzərinə duz, istiot, ədvalar, qatıq, un, yumurta vurulur. Yaxşıca qarışdırılır. 

Tavada yağ qızdırılır. Həmin bu qarışıq tavaya əlavə olunur. Bərabər ölçüdə yayılır. Odun üzərində bir müddət saxlanır, sonra 200°C-də 20-25 dəqiqə sobada bişirilir. Hazır olduqda taxtanın üzərinə çevrilir, üçkünc şəkildə doğranır, ya pors və ya doğranmış, bütöv şəkildə süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.

 

QEYD: 

Bu xörək sobada, kürədə, ocaqda, təndirdə, odun üstündə bişirilə bilər. Sadəcə olaraq, aşpazdan məharət və təcrübə tələb olunur. Kükülər həm isti, həm də soyuq halda süfrəyə verilir.

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Yazıçı, jurnalist Aqil Abbas onu belə təsvir edir: “Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə ölü atsan, diri  çıxar. Tanrı ona istedad da verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də. Əri İsmayıl Novruzov Birinci Qarabağ müharibəsinin döyüşçülərindən biridi. İkinci qrup Qarabağ əlilidi. Bədənində 23 düşmən qəlpəsi gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər. Rəşid adlı bir oğlu da var, onu da atası kimi, özü kimi döyüşçü yetişdirir...

Hələ İkinci Qarabağ müharibəsi başlamamışdı. Yadınızdadırsa, cəbhə xəttinə təkər daşıyırdılar, şpal daşıyırdılar. Səngər möhkəmlədirdilər, qazilər hamısı bu hərəkatda fəal idi. Onun da əri qazidi, amma məlum səbəbdən bu hərəkatda iştirak edə bilmirdi. Onda bu xanım ərini İkinci Qarabağ savaşında da əvəz elədi. Üz tutdu Ağdama. Təkər daşıdı, şpal daşıdı, səngər qazdı qazilərlə birlikdə. 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə. Hər gün saytımıza və qəzetimizə cəbhədən ən doğru xəbərləri göndərirdi. Göndərdiyi şəkillərin birində hələ onda Qərvənd azad olunmamışdı, səngərdən Qərvəndə baxdığı bir şəkili  göndərmişdi. Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, ilahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir...”

 

Söhbət fədakar jurnalist Əntiqə Rəşiddən gedir. Qarabağ müharibəsi vaxtı, cəbhə bölgəsində atəş altında qələmə aldığı yazılarla oxucuları mütəmadi məlumatlandıran Əntiqə Rəşiddən. 

 

Deyir ki,-  “Bir zaman güllü-gülüstana bənzər bir həyətimiz vardı, orda ağaclar da, çəmənlik də yamyaşıl idi, orda çiçəklər-güllər əlvan rəngdəydi, orda bülbüllərin cəh-cəhidə təkrarsızıydı. Bax, o cənnətin içində sadə bir ev, o evin isə sadə sakinləri vardı. Bir baxışıynan özümüzü yığışdırdığımız, dünyada hamıdan güclü bildiyimiz Ata vardı, sonsuz şıltaqlıqlarımıza dözən, hirsi-əsəbi qayğıya bülənən Ana vardı, 5 dəqiqə ”dost ”, 5 dəqiqədən sonra ”düşmən”, pisliklərdən xəbərsiz bacı-qardaş vardı. Ən çox, Ana kəfkirlə böyük mürəbbə tiyanını qarışdırdıqca, hərəmizin əlində bir nəlbəki ocağın kənarını kəsdidiyimiz yadıma düşür. Birinci kimin nəlbəkisinə pay çəkiləcək iddiası "kiçik didişmələr” yaradardı. Dartışma-çəkişmə… Ana tiyana yıxılacağımızdan qorxardı. Əlindəki kəfkirlə hərəmizi bir tərəfə qovardı; "Yaxına gələnin bu kəfkirlə ayaqların sındıracam”. Axırıncı "ültumatum”dan sonra azacıq gözləyib, yenidən ocağın başına yığışardıq. Onsuz da ”ultumaum”un elə də tutarlı olmadığını bilirdik. Mürəbbə payımız çəkilərdi. Bu dəfədə ikinci payı da almaq üçün bütün barmaqlarımızdan "səmərəli istifadə” edərdik. Nəinki nəlbəkimizə, ağız-burnumuza, üst başımıza, hətta əl-ayağımıza bulaşmış mürəbbə şirəsinə bir də  toz-torpaq hopanda görəydin bizi. Hələ məhlədə top-top oynayan həmyaşıdlarımın səsi-küyü məni hövsələdən çıxaranda topu götürüb qaçdığım, qəzəbli "futbolçular”ın ayaqyalın arxamca düşüb, topu məndən alıb, sonrada məni möhkəmcə əzişdirdiyi günləri özlədim. Belə qayğısız xoşbəxt mənzərə üçün burnumun ucu göynəyir. Yatıram, yuxularımdan oyanıram, gözlərim qarşısından çəkilmir o sevimli, bir-birindən maraqlı anlar.”

 

Yanvarın 28-də növbəti ad günüydü. Yan keçib biganə qala bilmədim. 44 günlük müharibədə qəhrəman döyüşçülərimizin yanında olan, atəş səsləri altında reportajlar hazırlayıb arxa cəbhəyə yollayan, yaralılara yardım edən, əsgərlərə ərzaq daşıyan bir qorxmaz, fədakar xanımın ad gününə axı necə biganə qalmaq olar?..

Hörmətli, Əntiqə xanım, sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!

Yeni yaşınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Cəıilabadda yaşayıb yaradan ustad şairimiz Əlizadə Nurinin şeirini təqdim edirik. “Şikəstə” adlanan şeir sevgi şeiridir, ayrılıqdandır. 

 

Şikəstə

 

Bəlkə bir yol göndərim-

Bəlkə durub gələsən?

Bu kədəri üstümə 

Kim göndərib görəsən?

 

Yaman imiş ayrılıq,

Nə yaman sənsizlədim.

Hara alıb apardın 

Bu dünyanı gizlədin?!

 

İndi döyüşmək gərək-

Gəlir bu qəm alayı...

Bir az öz səsiməm mən,

Bir az durna harayı...

 

Deyirdin yaz gələcək,

Bəs haçanmış, haçanmış?

Axşam çıxıb getmisən-

Ömür axşamacanmış...

 

...O yandan sərin gəlir-

Bəlkə sən son baharsan?

Silmişəm gözlərimi-

Gələndə daranarsan...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət” 

 

Bu gün sizlərə “Türkiyə ədibləri ilə müsahibələr” layihəsində növbəti müsahibimi təqdim edirəm - Suat Yavuzu. 

 

-Salam Suat bəy! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.

 

-Mənim Suat Yavuz, 1968-ci il iyun ayında Aksarayın Ortaköy mahalının Bozkır kəndində həyata gözümü açdım. İbtidai məktəbi öz kəndimdə bitirmişəm. Orta və lisey təhsilimi rayonumuz Ortaköydə bitirmişəm. Daha sonra Fransada, qürbətdə məskunlaşmışam və indi də burada yaşayıram. Beynəlxalq Şairlər və Yazıçılar Birliyinin üzvüyəm. İki qız və bir oğlan atasıyam.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Ədəbiyyata marağım orta məktəbdə başlayıb. Ona görə də ədəbiyyat fakültəsini seçib bitirmişəm. O vaxt yazılan şeirlərimi indi redaktə etmək imkanım var. Şair dostlarımın, müəllimlərimin sayəsində şeirin texnikalarını öyrəndim və bu gün də özümü təkmilləşdirirəm.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Ürəyimdən keçənləri bir kitabın altına toplamaq istədim. İlkim "YAZARSAM ŞİİRİMSİN, SUSARSAM SIRRIM"  adlı şeir kitabıdır. Oxucularımızın ixtiyarına buraxdım. Zövqlə oxunan və bir çox kitabxanalarda yerini qoruyub saxlayan kitab oldu. Yeri gəlmişkən, oxucularımızın şərhlərini sizinlə bölüşmək istərdim. Əmin oldum ki, bu, insanların özünün tapdığı xüsusi bir əsərdi… Sevgi, sürgün, vətən, millət, sevgi, ümid və ümidsizlik kimi bir çox mövzuları qələmə aldım.

 

-Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr nədir?

 

-Məncə, şair üçün xüsusi mövzuya ehtiyac yoxdur.  Mən buna şair prizmasından baxıram, məsələn, göy, yer, çiçəklər, həşəratlar və hər cür gözəllikdən təsirlənirəm.

Hər cür şeirlərimin var olduğunu düşünürəm…

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Mənim üçün vaxt və məkan önəmli deyil.

İlham gələndə ürəyimi kağıza tökürəm. Otaq gah acı, gah həsrət, gah da qürbət qoxuyar. Təbii ki, sevincdən də bəhs edən, gülərkən insanı düşündürən şeirlərim var. Şeirin bütün növlərini əhatə edən qələmim var.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Boş vaxtlarımızı kitablara ayırmalıyıq. Düşünürəm ki, maşında, işdə, hətta çantamızda da kitab saxlamalıyıq.

 

 -Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Oxuma nisbətinin xeyli aşağı düşdüyünü görürəm. Bunun səbəbi smartfonlar və sosial mediadır deyə düşünürəm.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Təbii ki, mən Azərbaycan ədəbiyyatını izləyirəm, bu günün şairləri ilə təmasdayıq və Azərbaycanın unudulmaz şairi Əhməd Cavadı belə təqdim edərdim: “Şair kimi doğulub, şair kimi öldü.” Onu buradan rəhmətlə anıram.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Mənim üçün kitab oxuyarkən ağırlığını hiss etmək, qoxusunu duymaq, cümlələri ilə inteqrasiya etmək deməkdir.

 

 – Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir? 

 

-Yazı xatirinə yazmasınlar, qəlblərə girmələrini istəyirəm. Hər gün öyrənməkdən əl çəkməsinlər, tariximizi, mədəniyyətimizi gələcək nəsillərə ötürsünlər.

 

-Və sonda. Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

 -“YAZARSAM ŞİİRİMSİN SUSARSAM SIRRIM” ilk kitabımdan sonra yeni bir şeir kitabı nəşr etmək istəyirəm.

Daha sonra bir roman kitabı çıxarmaq, qalanlarda silinməz iz buraxmaq istəyirəm. Qürbətçiliyi azaltmaq, vətənimdə yaşamaq istəyirəm.

Bu gözəl müsahibə üçün çox sağ olun!

Oxuyan hər kəsə öncədən təşəkkürümü bildirirəm! Habil Yaşar bəy, sizə də minnətdarlığımı bildirirəm!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2020-ci ildə yazılıb. 

Lirik şeirdir.

 

 

Vahid ƏZİZ

 

AYRILDIQ...

 

Çəmənlərdən yolum düşdü min kərə,

güllər vaxtsız solub-açdı,ayrıldıq,

ilk görüşdən nə gəldisə gözlərə,

son günü də gözü yaşlı ayrıldıq.

 

Yoxa çıxdı; əridimi,uçdumu?

səsdi,? ruhdu?,ulduzdumu? quşdumu?                                                 

anlamadım;bilə-bilə,çaşdımı

yar dnışdı ikibaşdı,ayrıldıq.

 

Bircə dəfə öpə bildim telindən,

bircə dəfə:"Can!" eşitdim dilindən,

bir röyada tutacaqdım əlindən-

çağırdılar...yuxum qaçdı,aydıldıq.

 

Bu ümid də məni qoydu gümansız,

vurub keçdi cəllad kimi amansız,

dillər tökdüm! inanmadı imansız,

baxıb gördüm-qəlbi daşdı,ayrıldıq.

 

Təsbeh kimi çevirirəm illəri,

yanağımda quruduram selləri,

inanmıram-duvaq tutar telləri;

ikimiz də başıdaşdı ayrıldıq...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Bazar ertəsi, 29 Yanvar 2024 12:00

Gəl! - SEVGİ MƏKTUBLARINDAN

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Gəl ən başından başlayaq. 

Qumlu sahilə dalğa vurmamış, 

payız yarpaqlarını xəzana əmanət etməmiş, 

günəşin şüaları pəncərəmizi qovurmamış olsun. 

Gəl ən olmazlara toxunaq. 

Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk. 

Zamanın belə silə bilmədiyini silməyə çalışaq, ya da boş ver, çalışmayaq. 

Tünd rəngli bir qələm götür, yazılanın üzərindən təkrar keçək. 

Gəl bu səfər itirdiklərimizi unutmaq üçün çalışaq. 

Qarşılıq gözləmədən, qarşılıqlı olduğunu bildiyimiz bir yol nə qədər qorxuducu ola bilər ki?! 

Gəl bu dəfə özümüz olmağı unudaq.

Ən azından bölünməz, möhlətsiz, sıxıcı həyatımızda ilk dəfə üzərimizdəki ağır ruhlardan xilas olaq.

Külək günəşə,

günəş mehə mane olmasın. 

Bu dəfə gəlmək üçün gəl! 

Bu dəfə gəlmək üçün get!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Misirdə 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Misirdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin əməkdaşları və şair-yazıçı Aqşin Yeniseyin olduğu nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərdə iştirak edib. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.

Qahirə Beynəlxalq Kitab Sərgisi fevralın 6-dək davam edəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Bazar ertəsi, 29 Yanvar 2024 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

43-cü hissə

 

Həbsxana həyatı

 

Məhkəmə ona altı ay iş kəsdi.

İstintaq təcridxanasında qalanda bayırdan tam xəbərdar oldu.

Onu televizorda hamı görmüşdü, görməyənlər də YouTube-dan xəbər tutmuşdular. Bütün Bakıda, rayonda bədnam olmuşdu. Qardaşı onu öz əlləriylə boğub öldürməsə, kişi oğlu olmadığını bildirmişdi, Leylini əri döyüb evdən qovmuşdu, Nazəndə xanımın halı pisləşmiş, evə təcili yardım gəlmişdi. Və ən faciəlisi anası ilə baş vermişdi. Onu televizorda gördükdən sonra anası ürəktutmasından vəfat etmişdi.

Kameraya gələndə ağlamaqdan gözləri şişmişdi. İçəri kifayət qədər işıqlı idi, amma nədənsə Ülkərə zülmət kimi göründü. Spesifik qoxu var idi, içəridəki insan bədənlərindən, tualet otağından və tozdan birləşərək əmələ gəlmişdi, adamı necə bir mühitə düşməsi barədə xəbərdar edirdi sanki bu qoxu. Bəli, bura həyatın dibi idi, öz ayaqları ilə gəlib özünü bura salmışdı. Ürəyindən bircə kəlmə “Allah sənin evini yıxsın, Naza” kəlmələri keçdi bu dəm.

İçəridə vəziyyətə baxan Batya ləqəbli şişman, əzələli qadın Ülkəri sinəsindən itələdi:

-- Ağəz, nə gününə ağlayırsan? Bu göz yaşlarını bizimçün tökürsən ki, sənə rəhm edək? Ay ləçər. Mama Rozalıq edib ana-bacılarımızı pis yola çəkən sən deyilsən? Tvar!

“Tvar” murdar demək idi, Batya Ülkərə bu adı qoyduğunu elan edib hamıya da onunla pis rəftar etmək göstərişi vermişdi. Əlində döşəkağı, adyal və can dəsmalı ilə qapının ağzında quruyub qalan Ülkərə yerbəyerdən hamı tikanlı sözlər söyləyirdi, hətta “tfu” edənlər də var idi.

Batya Ülkərin gələcək taleyini bu cür fitvalamışdı:

-- Necə ki qız zorlayıb zona düşən kişiləri ki petux edirlər, Mama Rozalıq da zorlamanın qadınlar üçün maddəsidir. Sənin burda xoş günün olmayacaq, bil!

Ülkər “paraşa” adlandırılan tualetin yanında yatmalıydı, “kubrik” adlandırılan kameranı və tualeti o vaxta kimi məhbuslar növbəli qaydada təmizləyirdilər, Batya qanunların dəyişdiyini elan etmişdi, demişdi ki, bu gündən sonra təmizlik işlərini yalnız Tvar görəcək.

Ağır idi, çox ağır idi. Bura kimi həyatını zülm və məşəqqət sanmışdı, amma indi azadlığını itirib bu bəzisi lap vəhşiləri xatırladanlarınarasına düşəndə, bu təqib və təhqirlərin içində başa düşürdü ki, əvvəlki həyatı indikinin yanında toya-bayrama gedəsiymiş.

Əlacı yalnız göz yaşlarına çatırdı. Hər bir jestə, hərəkətə ağlamaqla cavab verirdi. Burada mübarizə aparmaq, haqqı və nahaqı sübut etmək istəyi yersiz idi, bu qədər məhbus ona qarşı birləşmişdi, o, tək canına neyləyə bilərdi axı.

Cinayət məcəlləsi, mülki məcəllə, ədliyyə qanunları – bütün bunlardan bixəbər idi, bilmirdi, düzmü etmişdilər, yoxsa qanunsuzluq etmişdilər, onu Batya kimi residivistlə eyni kameraya salmışdılar. Ərinin qatili idi Batya. Sözləri düz gəlməmişdi, on iki illik ömür-gün yoldaşını baltalamışdı. Səbəbi bilinmirdi. Batyanın sağ əli Anuş da qatı cinayətkar sayılırdı, Masazır, Saray və Novxanıda yüzə yaxın ev qarəti var idi ayağında. Ülkəri marıtlayan Çapa deyilən narkoman qadın lap qorxulu idi, narkotiklərin satışı və istifadəsi ilə tutulmuşdu. Sifətində qadına xas bircə cizgi belə yox idi. Kobud, zəhmli kişiydi sanki.

İlk gündən Batyanın ardınca Ülkərin üstünə gələn Zorayda adlandırılan qadın Ülkərə gün verməyəcəyini bəyan etmişdi, deməzsənmiş, Zoraydanın bacısı fahişəlik eləyirmiş, buna görə də, Zoraydanın fikrincə, Ülkər kimi “mraz”lar, -- Tvara oxşar bir söz idi bu da, -- cavab verməli olacaqdılar.

İlk gecə Ülkərin gözünə yuxu getmirdi, xorultular, sayıqlamalar, papiros qoxusu, bir də üfunət qoxusu bir-birinə qarışmışdı. Gecənin bir vaxtında gördü ki, bir qadın gəlib onun yatağına soxuldu. Çapa idi. Onu qucaqlayıb üz-gözünü öpüşlərə qərq eləməyə başlayanda Ülkər diksinərək yataqdan yerə atıldı.

-- Neynirsiz? -- nidasının ardınca Çapanın pıçıltısı gəldi:

-- Anqırma, camaatı oyatma. Sən mənimkisən. Mənimlə sevişməlisən. Mənə kayf yaşatmalısan.

Ülkər dəhşətə gələrək onu rədd etdi.

-- Bir elə o qalıb.

Çapa ehtiraslanmışdı, yenə Ülkərə əl atdı, onu ələ almaq üçün bu dəfə yalvar-yaxara keçdi, bir şey hasil olmayanda Ülkəri ölümlə təhdid etdi, yenə də rədd edildi. Ülkər səsini qaldırır, “rədd ol” deyə onu özündən kənarlaşdırırdı. Kişi kimi əzələli olan Çapa heç cür Ülkəri ram edə bilmirdi. Nəhayət, kamerada kimsə öskürdü, kimsə “Nə səs-küydür, qoyun yataq” dedi, Batyanın “Ey, nə məsələdir orda” qışqırtısı isə olaya nöqtə qoydu.

Çapa pıçıltıyla “Səni s...m əl çəkən deyiləm” deyə vulqar ifadə işlədib yerinə keçdi. Ülkərsə işıqlaşana kimi göz yaşı axıtdı.

Hər yandan, hər kəsdən təhlükə duyulurdu, bilinmirdi hansı səmtdən müdafiə olunsun.

Günlər beləcə keçirdi.

Bir dəfə məhbuslardan kimsə “Bu, bizim Rəşidin də altına yıxılıb. Kişini tora salmışdı, kişi buna navastroykadan ev almışdı, salon açmışdı. Arvadı, uşaqları bilib mərəkə qopardılar, bu fahişəni saçladılar. Bu bilirsiz nə murdar məxluqdur?” sözlərini dilə gətirdi, sən demə, Çapa Ülkərin dosyesini öyrənib ona əlaltıları vasitəsilə hücum təşkil etmişdi.

Yerbəyerdən Ülkərə təhqirlər, söyüşlər gəldi.

Tvar!!!

Mraz!!!

Fahişə!!!

Mama Roza!!!

Evyıxan!!!

İşverən!!!

Cındır!!!

Tualetdə suçəkənin altında kimsə lezva gizlətmişdi, Ülkərin gözü tutdu həmin lezvanı. Damarlarını kəsib özünü öldürmək. Daha yaşamağa nə lüzum qalsın ki? İçəridə ümumi istifadə üçün bir əzik-üzük dama-dama dəftər, bir də göy yazan diyircəkli qələm var idi. Götürüb qızına məktub yazdı. Anası öləndən sonra qızını Nazəndə xanım saxlayırdı. Nə yaxşı ki, o qadın var idi. Yoxsa qızının axırı nə olacaqdı? Ürəyində Nazəndə xanıma alqış edə-edə göz yaşları içində hərfləri yanaşı düzməyə başladı:

“Doğma balam, məni həyata bağlayan yeganə varlığım. Bu yerə kimi sənin xətrinə dözüm göstərib yaşadım. Bilsən səni böyütmək üçün hansı çətinliklərdən, dərdlərdən, ağrı-acılardan keçmişəm, nə qədər təhqir, böhtan yemişəm, nə qədər tapdanmışam. Çirkablara batmış, rəzalətlərdən keçmişəm ki, təki səni yaşadım. Amma daha bacarmıram. Məni -- günaha batmış ananı bağışla”.

Məktubu yazıb vərəqi dəftərdən qopardı, dörd qatlayıb balışının altına qoydu. O öləndən sonra mütləq bu məktubu kimsə görəcəkdi, insaflı çıxıb qızına çatdıracaqdı.

Tualet deyilən yerə qapı qoyulmamışdı, kimsə ora girəndə, xüsusən ağır iş görəndə qoxudan bağır çatlayırdı. Ülkər neçə dəfə lezvanı götürüb işini görmək istədi, amma oraya girən kimi kimsə kandarı kəsdirib növbə gözlədiyini bildirirdi. Beləcə, planladığı işi heç cür görə bilmirdi.

Bir dəfə də “şmon” adlı proses baş verdi, zabit və iki poqonuna DQ yazılmış əsgər kameranın altını üstünə çevirərək şübhəli bir şey axtarışına çıxanda Ülkərin məktubu ələ keçdi. Onu həbsxana rəhbərliyinin yanına apardılar, cəza olaraq həbs müddətini artıracaqları ilə hədə-qorxu gəldilər.

Beləcə, Ülkər yenə də intihar eləyə bilmədi.

Nahara dəmir boşqablarda balanda adlanan qatı yemək və bir dilim qara çörək verilirdi. Hamısı masa arxasında yeyirdi, Ülkəri yaxına qoymurdular, o, tualetin qarşısındakı çarpayısında, dizi üstündə yeyirdi. Kəsif qoxudan ödü ağzına gəlirdi.

Məhbus qadınlar deyib-gülürdülər, kiməsə evdən “padaça” gəlmişdi, ev azuqələrini bölüb yeyirdilər. Qəfildən Zorayda onun yanına gəldi, bir dənə peçenyeni onun boşqabına atdı ki, sənsiz boğazımdan keçmir, ye. Ardınca da Ülkərin qabına tüpürdü.

Bura kimi nə yığmışdısa, Ülkər hiss elədi ki, daha sondur. “Miska” deyilən dəmir qabı Zoraydanın sifətinə yapışdırdı. Tutaşdılar, aləm qarışdı, Zoraydanın rəfiqələri ortaya düşüb Ülkəri vurmağa, təpikləməyə başladılar.

Batya sakitcə mənzərəni seyr edirdi. Yalnız nəzarətçilər səs-küyə içəri daxil olub sakitlik yaratdıqdan sonra münaqişə bitdi. Ülkər qana bulaşmış burnunu biləyi ilə silə-silə hıçqırırdı.

Zabit rütbəli nəzarətçi Batyadan nə baş verdiyini soruşdu. Batya Ülkərə işarə elədi:

-- O təzə gələn, heç adını da bilmirik, psixiki pozğunluqlu imiş, qəfildən atıldı bu yazıq (Zoraydaya işarə elədi) binəvanın üstünə, nə yemisən, turşulu aş deyib yazığı çırpdı. Bu yazıq binəva da özünü müdafiə etmək üçün bu debili kənara itələyəndə, bu debilin burnu kravatın tininə dəyib qannadı.

Bir az sonra Ülkər barədə qərar verildi, onu karsa saldılar.

Kars zorla tərpəndiyin buz kimi soyuq, qaranlıq bir məkan idi, çarpayıdan, masadan söhbət belə gedə bilməzdi, betonun üstündə don ki, donasan. Amma bu cəhənnəm Ülkərdən ötrü o vəhşilərdən qurtulduğu üçün cənnət təsiri bağışlayırdı. Özü ilə təklikdə qalıb bir daha macəra dolu həyatını xırdalıqlarına kimi gözü önünə gətirdi. Qurtuluş və mübarizə yollarını düşündü. Nəsə onun öz əlində idimi? Əsla yox. Tam olaraq başqalarından asılı vəziyyətdə idi. İndi onun həyatının bir qara qəpik qiyməti belə yox idi. Onu burada sakitcə boğub öldürərdilər, heç kəs də bundan ötrü nə məsuliyyət, nə cavabdehlik daşıyardı.

Kameraya qayıtdıqda əvvəlki “bezpredel” hiss edilmirdi, Zorayda ilə olaydan sonra artıq onu aşkar təhqir etmək nəzərə çarpmırdı. Təmizlik işləri də əvvəlki kimi növbə ilə görülməyə başlanmışdı.

Bir qadın vardı, yaşlı qadın idi, Müşkinaz adında. Əzəl gündən Ülkərlə işi olmayan, ona dəyib-dolaşmayan tək-tük məhbuslardan idi. Bir gün yaxından tanış oldular, yerli çıxdılar. İlk dəfə Ülkər başına gələnləri göz yaşı içində Müşkinaza danışdı.

Müşkinazın kamerada hörmətini tuturdular, ağbirçək idi deyə. O, Batya ilə Ülkər barədə danışdı, dedi:

-- İlk gəlişində hansı statya ilə tutulmasına görə mən də Ülkərə nifrət edirdim. Amma həyatı barədə məlumatlı olandan sonra yanıldığımı duydum. Bu bədbəxt özü də Naza adlı MamaRozanın qulu olub, onun əmrlərini həyata keçirib ki, xəstə anasına, balaca qızına çörəkpulu qazansın. Başına çox zillətlər gəlib. Ata-anası sevmədiyi birinə zorla ərə veriblər onu. Birinci əri narkoman çıxıb, onu uşaqla atıb, Rusiyətə gedib. İkinci dəfəsində bir matuşka ilə evlənəsiymiş, o da bunu anasının qorxusundan atıb. Sonra yaşlı kişiylə nikaha girib, kişinin ailəsi xəbərsizmiş, hücum çəkib yazığı aləmdə xar ediblər. Sonra daha bir uğursuzluq. Bir imanlıyla ailə qurub, o da vəhhabi imiş, gedib Suriyada döyüşüb həlak olub. Bu yanda yazığa biri təcavüz etmək istəyib, o yanda o birisi. Kişilər qənim kəsiliblər bu biçarəyə. Gün verib, işıq verməyiblər. Özü də mənim yerlimdir. Çox duyğusal, mərhəmətli, alicənab qadındır.

O gündən Batyanın əmriylə Ülkərə münasibət tam dəyişdi. Məhbuslar ona qaynayıb-qarışdılar, dostlaşdılar. Hətta Çapa da daha onun üstünə gəlmədi.

Bir gecə -- cəza müddətinin artıq tən yarısını çəkmişdi, bura çətin də olsa, öyrəşmişdi, yenə yuxusu ərşə çəkilmişdi, nə yaxşı da ki, yatmırdı, onu gördü kimsə oğrun-oğrun onun çarpayısına tərəf gəlir. Zorayda olmasını yöndəmindən tanıdı, cəld toparlandı, qaranlıqda bıçağın gümüşü tiyəsi parıldadı, Zorayda bıçağı ona saplamaq istəyəndə dik atılıb kənara çəkildi, bıçaq döşəyə sançıldı. Zoraydanın xirtdəyindən yapışıb gücü gəldikcə çığırmağa başladı.

Bu qadın ondan əl çəkə bilmirdi, sanki bacısını pis yola məhz Ülkər çəkmişdi.

Həmin hadisədən sonra Zoraydanı başqa kameraya keçirtdilər, Ülkər növbəti günlərini nisbətən sakit tərzdə yaşadı.

Günləri sayırdı ki, buradan tez çıxsın, burnunun ucu göynədiyi balasını gedib görsün, bir də anasının məzarına baş çəkmək istəyirdi.

Elə həbsxanadaca onun da mahiyyətinə vardı ki, atası öləndən bəri bir dəfə də olsun onun məzarına getməmişdi. Bunların ata-balalığı gör necə qəribə, anlaşılmaz olmuşdu.

Nəhayət ki, üç gün gecikmə ilə -- 2017-ci ilin aprelində Ülkər həbsxanadan çıxdı. Ömrünün ən qara səhifəsi beləcə çevrilmiş oldu.

 

 “Ədəbiyyat və incəsənət”

(29.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.