
Super User
Teatrdan kinoya
Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət"
Tarixən daha qədim sənət olan teatrın kinoyla rəqəbətdə özünü necə aparması bir qədər köhnəlmiş məsələdir. Lakin yenə də virtual-vizual janırların tüğyan etdiyi bu əsirdə teatr nəsə arxaik təəssurat yaradır. Azərbaycan xalqının ən qədim dövrlərindən günümüzə qədər gəlib çatmış bu realist sənət hər zaman yüksək qiymətləndirilmişdir.
Bəs niyə Aktyor sənətinin ən incə detayına qədər diqqətlə izlənilən teatr günümüzdə gənclərin diqqətini çəkmir?
Bununla belə bir sual meydana çıxır
Teatr öldü?
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı qara" tamaşalarından başlanır. Qabaqcıl Azərbaycan ziyalıları, sonradan Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda bu tamaşalarda "aktyor" kimi çıxış edirlilər.
Zaman zaman insanların diqqətini sənətə, təkmilləşməyə yönəldən teart sənəti bir müddətdən sonra yerini kinoyla əvəz etməyə başladı.
Və beləliklə kino yaranmağa başladığı gündən təbii emosiyalar gizlənməyə və insanların diqqətini başqa yönə çəkməyə başladı.
Bir çox aktyorlar kinonun aktyor yaradıcılığına mane olduğunu düşünürlər.
Bu həqiqətən belədirmi?
Bir çox əsaslı fikirlərə dayanaraq belə qərara gəlinir ki, teatr emosiyaları tam səmimiliklə göstərməyi sevir, kino sənətinin aparcı qüvvəsi olan kamera çəkilişləri isə gizlətməyi.
Polşalı teatr rejisoru və nəzəriyyəçisi deyirdi :"bizlər teatrın nə olduğunu müəyyənləşdirməyə çalışırıq, bu fəaliyyəti digər performans və səhnə kateqoriyalarından ayıran incə düşüncələr var. Bizim düşüncələrimiz aktyor-tamaşaçı arasındakı əlaqələrin hərtərəfli araşdırlımasını əhatə edir".
O düşünürdü ki, kino və teatr bir-biri üçün bir dayaq nöqtəsi deyil, hər ikisi də tamaşaçı və izləyici tərəfindən qiymətləndirilən yüksək sənətdir.
Düşünürəm ki, günümüzdə diqqətdən yayınan teatr və yazı sənəti qısa bir müddət ərzində öz itirdiyi mövqeini tutacaq. Çünki sənət bir yetişmədir, təkamüldür və bizi qaranlıqdan işıq alovuna çıxarmağa imkan verən bir yüksəlişdir.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
"Vəhşətlər xiyabanı" filmi həftəsonu Rusiya və MDB-də kino prokatına başçılıq edib
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Həmkarımın ÖTƏN İL BU GÜN rubrikasına musiqi xəbəri seçməsinə rəğmən mən kino xəbərini seçirəm və oxucularıma onu da söyləmək istəyirəm ki, Ötən il bu gün kinoprokatlarda öndə gedən filmlərin ilk 20-liyindən heç biri bugünkü reytinqdə yoxdular.
Bax bu, belə deməyə əsas verir ki, hər şey ötəridir. Zövqlər, alüdəliklər, sevgilər...
ABŞ-ın “Vəhşətlər xiyabanı" trilleri Rusiya Federasiyası və MDB ölkələrində kino prokatının lideri olub, film ötən həftə sonu 61,5 milyon rubl yığıb.
Meksikalı rejissor Gilyermo del Toronun "Vəhşətlər xiyabanı" filmi yanvarın 20-də Rusiya prokatına çıxıb. Süjetə görə, qurbanlarını heç kimin aldada bilməyəcəyi şəkildə aldada bilən iddialı dələduz qadın psixiatrla görüşür, özündən baş açmaq istəyir. Baş rolları Bradley Cooper, Keyt Blanşett, Uillem Defo, Pol Anderson və Rooney Mara oynayıblar.
İkinci yerdə həftə sonu 44,3 milyon rubl toplayan "King' s Man: start" komediyası qərarlaşıb. Rejissor Metyu Vonun filmində korrupsiya ilə məşğul olan siyasətçilərin və kriminal dahilərin birləşməsi nəticəsində dünyanın milyonlarla insanının həyatına son qoymağa qadir müharibə həddinə çatmasından bəhs edilir. Yalnız bir nəfər - Baddies bunu dayandırmağa cəhd edə bilər. Film yanvarın 13-də Rusiya prokatına çıxıb, baş rolları Reyf Fayns, Cemma Arterton, Ris İvans və Metyu Qud ifa ediblər.
Üçüncü yer 39 milyon rubl toplayan "Spider-Man: heç bir yol" filminə məxsusdur. Rejissor Con Uotsun fantastik döyüş filmi dekabrın 15-də Rusiya prokatına çıxıb. Misterio ifşa edildikdən sonra Hörümçək adamın, yaxud Peter Parkerin nüfuzu təhlükə altındadır. Peter vəziyyəti düzəltmək üçün doktor Strenjdən kömək istəyir, amma hər şey daha təhlükəli olur. Filmdə Tom Holland, Benedikt Kamberbetç, Marisa Tomey və başqaları çəkiliblər.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Mən heç vaxt vazkeçənlərdən olmadım - ESSE
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Müəyyən dönəmlər olur ki, həyatın stresi, yorğunluğu çökür üzərimizə və evləri yıxılmış, özümüzü altında qalmış kimi hiss edirik. Belə vaxtlarda çıxış yolunu kitabxanalarda, balaca, amma səmimi kafelərdə, oyuncaq mağazalarında axtarıram. Bu gün yenə özümü axtarırdım…
Özümü, yorulub məndən belə qaçan ruhumu. Onu çox məcbur edirəm, deyəsən uğur qazanmağa, uğurlu olmağa. Ən çox da gözəl və pak olmağa... Və bugün onu axtararkən məntiqimi tapdım.
Bəzi melodiyalar var. Heç bir sözü yox, amma o qədər dərin mənalar ifadə edir ki. Dinlədikcə insanın gözləri dolur, düşüncələr məzarlığına qərq olur. Bugün o melodiyalardan birini eşitdim təsadüfən. Adını bilmirəm, kimindir, hansı ölkəyə, hansı millətə məxsusdur, heç bir fikrim yoxdur. Amma melodiya sanki insana "gerçəklər" deyə bağırırdı. Bəzi anlar olur, yaşayırıq. Elə bil özümüzü film səhnəsindəki kimi hiss edirik. Əgər mən bir filmin ulduzu olsaydım, xəyanətə uğradığımı öyrənəndə o melodiya çalardı yəqin ki. Ya da tam əksinə, artıq hər şeyin yoluna girdiyi zamanda çıxdığım uzun yol səyahətimin arxa fonunda olardı.
Bir xəyal qurun. Bir film ulduzusunuz. Rolunuz nə olardı? Mən çətinlikləri aşıb çox güclü şəkildə ayaqda qalmış bir qadını canlandırmaq istəyərdim, məsələn. Yəni əsl həyatda tanıdığım, güzgüyə baxdıqda gördüyüm, görmək istədiyim o şəxsi. Hər kəs hədəfləri üçün çalışır bu həyatda. Bəzilərinin hədəfləri sadəcə xoşbəxt yaşamaqdır, bəzilərininki o xoşbəxtliyə layiq olmaq, onu qazanmaq. Bəziləri sadəcə kiçik bir dünya yaradır özünə. Bəziləri isə bütün dünyanı istəyir.
Mən bugünlərdə xeyli düşündüm. Elə bilirdim ki, mən də kiçik dünya yaradanlardanam, amma deyilmişəm. Xəyallarım, planlarım, qayğılarım... Mən əslində çoxdan bütün dünyanı, layiq olduğumu düşündüyüm hər şeyi əldə etmək üçün səfərə çıxmışam, sən demə. Və bugün o səfərdəki dinləyəcəyim melodiyanı tapdım. Keçmişdən qaçmaq olmur. Keçmiş elə keçmişdə qaldıqda yararlı olur. Dərs olur, örnək olur. Məsələn, keçmişdən çıxardığım ən böyük dərs depressiyaya düşüb dərslərimə yaxşı diqqət etməməyin nəticəsində xəyalımdan bir addım geri düşməyim oldu. Nəticəsi nə oldu? Daha çox çalışıb 10 addım irəli getdim.
Mən heç vaxt vazkeçənlərdən olmadım, amma, bir gün "vaz keçsəm nə olar?" deyə çox düşündüm həmişə. Bugün isə bir qərar verdim. Mən hər şeyi yoluna qoyub o uzun yol səfərinə çıxacağam. O melodiyanı tapıb öz maşınımda dinləyərək, həm də. Bir melodiya insana nə qədər təsir edə bilər? Bax bu qədər... Sağlıcaqla qalın. Bir gün televiziya kanallarında görüşmək diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
OTƏN İL BU GÜN: "Muz-TV" telekanalının yeni "Nəsillərin Savaşı" şousuna başlaması xəbəri yayıldı
Qəhrəmanlar arasında Diana Arbenina, Nikolay Baskov, Arthur Pirojkov, Zivert, Danya Miloxin də var idi
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrika üçün seçdiyim xəbər bu dəfə musiqi barəsindədir. Möhtəşəm bir proektdən söz aşılacaq, o proektə şəxsən mən böyük maraqla vaxmışam.
2023-cü ilin mart ayında "Muz-TV" telekanalının yeni "Nəsillərin Savaşı" şousunu buraxacağı xəbəri portalımızda ötən ilin 1 fevralında paylaşılmışdı. Xəbər belə idi:
"Birinci dərəcəli Ulduzlar - freşmenlər və ustalar musiqi döyüşündə eyni səhnədə görüşəcək və canlı ifalar, hitlərin gücü, xarizma və yaradıcı ekspromte kimi qüvvələrlə üz-üzə qalacaqlar",- yayımçının mətbuat xidmətindən bildirib.
Qəhrəmanlar arasında Diana Arbenina, Nikolay Baskov, Arthur Pirojkov, Zivert, Danya Miloxin kimi ulduzlar olacaq.
Telekanalın baş direktoru Zaxar Babinin sözlərinə görə, "Biz ustaların aktual ola bilməyəcəyi, gənclərin isə heç vaxt usta səviyyəsinə çatmayacağı barədə stereotipləri pozmağa çalışacağıq".
Hər həftə müxtəlif nəsillərin iki nümayəndəsi hit, lirik track, yenilik və rəqib hit haqqında çıxış edəcək. Çıxışları gənc artistlərdən, blogerlərdən, şou-biznesin məşhur nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Aparıcıların adları hələlik açıqlanmır, lakin mətbuat xidmətindən qeyd edildiyi kimi, onlar da ümumi ideyanın təcəssümü olacaq: biri 90-cı illərin artistlərinin tarixini, miqyasını və uğurunu xatırladacaq, ikincisi isə müasir musiqidən yaxşı xəbərdardır.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Boyu qısa, özü böyük kişi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Yevlaxda böyümüşəm, səmimi sözümdür, uşaqlıq illərindən populyar olmuşam. Dərnəklərə gedirdim, o qədər sevilirdim ki, hətta mənə məxsusi çıxışlar yazırdılar. Bütün dövlət tədbirlərinə mütləq dəvət edirdilər. Hətta tamaşaçılarımın çox olduğunu görüb, mənim üçün pullu tamaşalar təşkil etmək istədilər, sonra dedilər, “bu, uşaqdır, olmaz, istismar sayılar.” Sovet dönəmi idi. Orta məktəbi bitirəndə raykom qəbuluna çağırıb, mənimlə söhbət etdi, dedi, sən incəsənət sahəsinə getməlisən, göndəriş verdi, gəldim İncəsənət Universitetinə. Riyaziyyatı yaxşı bilirdim, əslində, riyaziyyatçı, ixtiraçı olmaq istəyirdim. Əvvəl qəbul eləmək istəmirdilər. Axı aktyor boylu-buxunlu, yaraşıqlı olmalıdı. Məndə isə boy yox idi. Kurs rəhbərim vardı, Möhsün Mürsəlov, rejissor idi. O, məni teatra gətirdi, amma işdən çıxan kimi məni də uzaqlaşdırdılar. Teatr sehrli dünyadır, bir dəfə qədəm basdınsa, daha ayrıla bilmirsən. Elə bil, narkoman kimi alışırsan ona, unutmaq olmur. Uzun müddət bu səbəblə iş tapmaqda çətinlik çəkmişəm. Hətta qəzetlərin birində məsul katib işlədim. Depressiyadaydım. Bir il sonra mərhum rejissor Hüseynağa Atakişiyev məni işə dəvət etdi və burada işə başladım. Mənim üçün xüsusi rollar yazılırdı. Rəhmətlik məktəb idi. Neçə-neçə sənətkarın yetişməsində rolu olub. Ruhu şad olsun!..”
Boyunun ölçüsü əvvəllər onu çox narahat edib. Tələbə vaxtı günlərlə otaqdan çölə çıxmırdı, düşünürdü ki, barmaqla göstərib güləcəklər, tay-tuşları nəsə xoşagəlməz söz deyəcəklər. Və bu hisləri yaşaya-yaşaya bacardıqca cəmiyyətdən uzaq dolanırdı. Sonra taleyi ilə barışıb, ailə qurdu, oğul-uşaq sahibi oldu. Oğlu orta məktəbdə oxuyanda bir gün görür ki, anası ilə nəsə danışır. Həm də məktəbdən üstü-başı cırılmış halda gəlib. Kiminləsə dalaşıb. Səbəb isə, hansısa uşağın ona atasının boyu ilə bağlı acı sözlər deməsi olub. Səhəri gün oğlunun əlindən tutaraq məktəbə yollanıb. Oğlunun dalaşdığı uşağın valideynlərini də çağırtdırıb. Sinifə girəndə bütün uşaqlar onu tanıyıb, sevgi ilə qarşılayıblar. Üzünü uşağın valideyninə tutaraq deyib,- “Gördünüzmü, sizin hörmətiniz böyükdür, ya mənim?..”
Elə vaxtlar da olub ki, küçədə valideyninin əlindən tutub gedən uşaq onu göstərərək “liliput” deyə çığırıb, valideyni də baxıb gülüb. Bu istehzalı gülüşə dözə bilməyib. Həmin valideynə yaxınlaşaraq deyib ki,- “Sonda kimin necə olacağını Allahdan başqa kimsə bilməz. Mən bu görünüşü özüm seçməmişəm. Allah məni belə yaradıb...”
“Mən bacımla əkiz doğulmuşam. Onun boyu 1 metr 90 sm olar. Görünür, mənim payımı o alıb. Əkizliyin gətirdiyi defektdir. Səkkiz yaşımda güclü sarılıq keçirmişəm. Həkim də səhv müalicə yazıb. Hətta bu səbəblə az qala həbs olunurmuş, valideynlərim bağışlayıblar. Ondan sonra boyumun inkişafı lap dayandı. Bir metr idi boyum. Dəfələrlə Moskvaya müalicəyə apardılar. Müalicələrdən sonra bir qədər boyum uzandı. Amma 145 santimetrdən o yana inkişaf getmədi. Əvvəllər çox narahat olsam da, artıq buna alışmışam.”- söyləyir.
Həyatı maraqlı hadisələrlə zəngindir. Orta məktəbdə oxuyarkən bir qıza aşiq olub. Qız da bu sevgiyə biganə deyilmiş. Tez-tez qızın yaşadığı Yevlaxın Ermənikənd deyilən qəsəbəsinə gedib, qızgilin evlərinin həndəvərində gəzib dolaşırmış. Bir gün axşamüstü ona bir nəfər yaxınlaşaraq soruşub ki, sən kimsən, bura toyuq, hindquşu oğurlamağa gəlmisən? O da, cavabında deyib ki, yox e, mən filankəsin oğluyam, burada adam gözləyirəm. Həmin adam ona inanmayıb, cibindən bıçaq çıxararaq böyrünə dirəyib. Vurmaq istəyəndə- yaxında bir tanış yaşayır, gedək onlara, mənim kim olduğumu sənə desin- söyləyib. O da, palçıqda onu sürüyə-sürüyə, darta-darta aparıb dediyi ünvana. Üst-başı it günündəimiş. Ev sahibi onu tanıyandan sonra, o adam, heç nə demədən çıxıb gedib...
Haqqında söhbət açdığım Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olub. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrının aktyorudur. Bu teatr 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlanır. Ona yaxın filmdə çəkilib, iyirmidən çox tamaşada əsas rolları ifa edib...
Arzuları çoxdur, bitib-tükənməz. Həm sənəti ilə bağlıdır və həm də şəxsi həyatı ilə...
Deyir ki,- “Hamıya hüzur, sevinc, ailə xoşbəxtliyi, oğul-uşaq toyu arzu edirəm, mən də onların içində...”
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyevin 62 yaşı tamam olur. Ona möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Kukla Teatrının fevral repertuarını təqdim edirik
Azərbaycan Dövlət Kukla Teatrı fevral repertuatını açıqlayıb. Teatr bu ay maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Teatrın fevral repertuarını təqdim edirik:
2 fevral- “Ələddinin sehrli çırağı”, “Çipollino”
3 fevral- “Maşa və ayı”
4 fevral- “Üç donuz balası”, “Qoğal”
9 fevral- “Cırtdan”, “Üç cəsur”
10 fevral- “Qar kraliçası”, “Durna balığı”
11 fevral- “Düyməcik”
16 fevral- “Leyləyin hədiyyəsi”, “Pişiyin evi”
17 fevral- “Ağca və yeddi cırtdan”, “Maşa və ayı”
18 fevral- “Melissa”, “Qoğal”
23 fevral- “Əlibaba və qırx quldur”, “Düyməcik”
24 fevral- “Məlikməmməd”, “Üç cəsur”
25 fevral- “Yeddi nar çubuğu”, “Çipollino”.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Kitabı mətbəədəcə yandırılan vətən həsrətli mühacir şair
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
Ötən gün siyasi, ictimai xadim, mühacir Azərbaycan şairi, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı Əli Tudənin doğum günü - 100 illiyi idi.
Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçmüşdür. Atası neft mədənində fəhləlik etmiş və buruq ustası vəzifəsinə qədər yüksəlmişdir. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib.
1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunur və təhsili yarımçıq qalır. İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Ərdəbildə fəhləlilik edir. Ağır həyat tərzi keçirir, lakin, bir gün belə olsun qələmini yerə qoymur, daim yazıb-yaradır.
1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri də Əli Tudə olur.
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilir.
O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi.
Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrilir. Şairin kitabı mətbəədəcə yandırılır. Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verir. Şair yenidən şimali Azərbaycana üz tutur və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayır.
Sovet pasportu daşımır və bir çox yüksək titul və mükafatlardan məhrum olur.
Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranır və o Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilir.
Əməkdə fərqləndiyinə görə medalı ilə mükafatlandırılır, Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunur.
O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülmüşdür.
Şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunmuşdur.
O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun.
Və dünən Azərbaycan Yazıçılar Birliyi şairi andı, birliyin Cənubi Azərbaycan bölməsi şairin məzarının ziyarətini təşkil etdi, Milli Məclisin Mədəniyyət Komitəsi Əli Tudə barədə paylaşım etdi. Bunlar çox gözəldir. Demək, şair unudulmur!
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Gənc Tamaşaçılar Teatrının fevral repertuarını təqdim edirik
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevral repertuarını açıqlayıb. Teatr fevralda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Teatrın fevral repertuarını təqdim edirik:
2 fevral- “Balaca kişilər”
3 fevral- “Buratinonun macəraları”, “Yarımçıq qalmış”
4 fevral- “Çirkin ördək balası”, “Mehmanxana sahibəsi”
9 fevral- “Dəlinin qeydləri”
10 fevral- “Qızıl balıq”, “Dəli yığıncağı”
11 fevral- “Qulliver cırtdanlar ölkəsində”, “Şeyx Sənan”
16 fevral- “İstədiyim kimi yaşamışam”
17 fevral- “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”
18 fevral- “Tıq-tıq xanım”, “Antiqona”
24 fevral- “Kod adı V.X.A”
25 fevral- “Şən Elf və Cadugər”.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
“Kölgələr” - KİÇİK HEKAYƏ
Fuad Hacızadə, “Ədəbiyyat və incəsənət” üçün
Qaranlıqda iki kölgə yol gedirdi. Biri o birindən bir az enli, bir az hündür. Bəstəboy kölgə elə bil o hündür kölgədən tutub irəliləyirdi. Bir az da külək qovurdu kölgələri, üzü səkiyə sarı. Heç kim görünmürdü ətrafda. Sanki küləkdən qorxub çəkilmişdi hər kəs öz yuvasına. Döngələri keçdikcə uğultu bir az da güclənirdi. Arada bəstəboy kölgə müvazinətini itirir və səndirləyirdi. İri kölgə tez əl atıb yanındakı kölgənin qolundan yapışırdı. Balaca kölgə yanındakı kölgəyə qısılırdı. Hərdən başındakı papağı da başına möhkəmcə basırdı ki, külək alıb qaçmasın. Beləcə qaranlığı yara-yara, tin-tin, döngə-döngə irəliləyirdi bu iki kölgə. Küçələrin qırağındakı projektorların işığı üzlərinə düşürdü aradabir. Gülümsəyirdi kölgə adamlar bu vaxtı.
İşığa gülümsəyirdilər göy üzünə baxıb. Binaların pəncərəsindən nöqtələr boylanırdı küçələrə. Ağ, qara nöqtələr. Pərdələr əl yelləyirdi kölgələrə. Beləcə yol gedirdi iki kölgə qaranlığın içində. Bu küçədən o küçəyə keçirirdi külək onları. Gecə qaçırdı başlarının üstündə. Töyşüyürdü kölgələr. Üşüyürdü kölgələr. Hərdən ucaboy kölgə əllərini bəstəboy kölgənin çiyninə qoyurdu. Qaməti dikəlirdi balaca kölgənin. Uzanırdı kölgə, böyüyürdü kölgə.
Sonra gün çıxdı, səhər açıldı. Kölgələr bir-birindən tutmadı daha. Çoxaldı kölgələr, artdı kölgələr.
Aralarına çəlik girdi bir gün. Yollara çəliyin kölgəsi də düşdü. Bir çəliyə söykənə-söykənə yeridi yavaş-yavaş ucaboy kölgə. Əyilə-əyilə küçə-küçə, yol-yol kiçilə-kiçilə yeridi. Və bir gün...
Bir gün daha görünmədi yollarda çəlik kölgə. Yollar uddu kölgəni deyəsən. Bəstəboy kölgənin yanında daha xırda-xırda kölgələr yeridi üzü sabaha. Kölgələr çoxaldıqca boyları uzandı yolçuların. Hamısı da çəliyin kölgəsindən tuta-tuta uzandı.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
İdarəetmə personal - Varlanmaq üçün uğur formulu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
İnvestisiyalar biznes-plana deyil, konkret insanlar üçün ayrılır. Buna görə bu, ən vacib bölmələrdən biridir.
Bölmə rəhbər qrupun necə təşkil olunduğunu və onun hər bir üzvünün əsas rolunu təsvir etməlidir. Böyük olmayan bir firmanın inkişafının ilkin mərhələsində kifayət dərəcədə balanslaşdırılmış komanda toplayacağı az ehtimal olunandır. Bu səbəbdən də sizin rəhbər qrupun həm güclü, həm də zəif tərəflərinə diqqət etmək düzgün olardı.
Bu bölmədə sizin partnyorlar, onların imkan ve təcrübəsi haqqında da məlumat olmalıdır.
Partnyorların nailiyyətlərinin siyahısını tərtib edin, bu, onların biznes-planda nəzərdə tutulmuş məqsədləri əldə etmək qabiliyyəti haqqında qənaətə gəlməyə imkan verər.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)