Super User

Super User

 

Varis, “Ədəbiyyat və incəsənət”

 

Kiminsə haqqında yazı yazmağı xoşlamıram. Deyəsən, Vaqif Səmədoğludan başqa, heç kəs barədə yazmamışam da. Amma bu dəfə yazmaq istəyim o qədər güclü oldu ki, onu boğa bilmədim.

 

Səksəninci illərdə orta məktəbdə oxuyanda sevib-sevilən vaxtlarımız idi, sinfimizdə hər birimiz "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni təkrar-təkrar oxumaqdan doymazdıq. Bir dəfə bunu Anara da etiraf etdim ki, bu əsəri yeniyetməliyimdə və sonrakı illərdə düz doqquz dəfə oxumuşam.

Mənə Anarı elə bu roman sevdirdi, sonradan onun qələmindən çıxan hər bir əsəri səbirsizliklə gözlədim, su kimi içdim. Eləcə də dövrünün tanınan ədəbiyyatşünası olan və çox erkən yaşlarımda itirdiyim atam Musa Yolçuyevdən eşitdiyim bu kəlmələr: "Bizim Vaqifin (Vaqif Səmədoğlu bizim qohumumuzdur) şeirləri, Anarın da hekayələri qoymadı məni şair, yazıçı olum". Yaşıdı olan bu böyük ədiblərin yazdıqlarının gücünü görüb atam bədii əsərlərini çap etdirməmişdi, ədəbiyyatşünas olaraq qalmışdı.

Anara olan simpatiyamın bir səbəbi də çox səmimi olmasıdır. Heç unutmaram, mən Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatını qazananda Anar çıxış edib laureatları təbrik edərkən haqqımda belə söyləmişdi: "Gördüm, nəvəmin əlindən bir kitab düşmür. Soruşdum, nə kitabdır elə, əlindən düşmür. Dedi, Varisin kitabıdır, indi bütün gənclər Varisi oxuyur". Və əlavə etmişdi ki, "Görürsünüz də, nəvəm məni oxumur, amma Varisi oxuyur".

İndiki xoş sözü bir-birindən əsirgəmək dəbində, razılaşın ki, çoxumuz Anar kimi etməzdik.

Müasir Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri olan Anar bəlkə hansısa bir hegemon, arxalı xalqın nümayəndəsi olsaydı, indi dünyanın dörd bir tərəfində on milyon tirajlarla kitabları satılardı, Nobel, Buker kimi ödüllərə layiq görülərdi. Bir baxın, tək "Mən, sən, o və telefon", "Gürcü familiyası" hekayələri onun nəsrinin necə möhtəşəm, yenilməz olmasını iddia eləməyə yetərlidir. Anarın "Sizsiz"i isə, məncə, ülvi məhəbbətə ucaldılmış ən gözəl abidədir.

Və ilk dəfə onu da etiraf edim ki, doxsanıncı illərdə yazdığım, 2008-ci ildə çap olunan debüt romanım - "Sonuncu ölən ümidlərdir" "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin təsiri ilə yazılıb. Mən bu təsiri, hətta qəhrəmanların bu romana necə aludə olmaları təsviri ilə büruzə də vermişəm. On min tirajla çıxan, sonradan altı dəfə təkrar nəşr olunan, Bakı Kitab Klubunun araşdırması nəticəsində müasir Azərbaycanda "Ən çox satılan kitab" elan olunan, hər il minlərlə pirat nüsxələri çap olunmaqda davam edən və həqiqətən də məni tanıtdıran bu romanın bu cür sevilməsində ondakı Anar izləri, heç şübhəsiz, böyük rol oynayıb.

Kinoşünas Ayaz Salayev iddia edir ki, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "You've Got Mail" ("Sizə məktub var") filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. Və mən şübhə etmirəm ki, Anar yaradıcılığı dünyada neçə-neçə romanlara, filmlərə ideya verib, mövzu verib.

Çox təəssüf ki, bu gün cəmiyyətdə mənəvi deqradasiya baş alıb gedir, Nizamiyə, Füzuliyə daş atanlar Anarı da, digər tanınmışları da daşlayırlar. Hətta bəzən elə olur ki, ömrünün hər dəqiqəsinin misilsiz sərvət olduğu bir dönəmdə Anar bu sərvətini ona hücum edənlərə, ona həcv yazanlara cavab verməyə xərcləmiş olur.

Biz heç vaxt dəyərlərimizə layiqincə qiymət verə bilmirik. Şeytana daş atıb müsəlmanlaşma ayini indi bizdə məşhura daş atıb məşhurlaşma şəklini alıb.

Anar altmışıncı - yetmişinci illərdə parlamağa başlayan mədəniyyət pleadasının - poeziyada Vaqif Səmədoğlu, kinoda Rüstəm İbrahimbəyov, musiqidə Emin Sabitoğlu, rəssamlıqda Toğrul Nərimanbəyov kimi korifeylər nəslinin nəsrdəki sonuncu mogikanıdır. Ona yenə də məhsuldar yazıb yaratmağı, qalmış bütün arzularının həyata keçməsini arzulayıram.

Və istəyirəm yazımı Anarın çox illər əvvəl həyat yoldaşı Zemfira xanıma ünvanladığı bir ithafnaməsi ilə bitirim. Məncə, burada Anar hər şeydən öncə bir insan, bir ömür-gün yoldaşı, bir valideyn kimi görünür. Axı bütün digər sevgilər insanın öz doğmalarına ünvanlanan böyük sevgisinin bətnindən doğur.

Ən gözəl əsərimsən!!!

Zemfirama

Zaman nə tez ötüşdü,

Lap mat qalmışam özüm.

Düz qırx il bundan qabaq

Olub toyumuz bizim.

Bu qırx il necə keçdi?

Elə bil qırx il deyil,

Qırx gün, qırx gecə keçdi.

İl illərə qalandı,

Sevgi, intizar, kədər,

Sevinc, fərəh, itkilər

Bir-birinə calandı.

Bəs bu qoca dünyada

Nələr keçib-gedəndi,

Nələr hər vaxt qalandı?

Pul, sərvət toplamadıq,

Var-dövlət qazanmadıq

Həyatımız boyunca.

Ölkələri, elləri

gəzdik, gördük doyunca.

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

Nə beynimiz pas atdı,

Nə qəlbimiz daşlaşdı.

Haçansa, qırx il sonra

(kaş ki, belə olaydı)

dünyayla vidalaşıb,

ömür sərhədin aşıb,

çəkiləndə qeybə biz

O biri dünyada da

bir vuracaq qəlbimiz.

Burda bizdən nə qalar?

Namuslu, ləyaqətli,

alnıaçıq balalar,

şirin-şəkər nəvələr,

Ağ vərəqlər üstündə

çəkdiyimiz əzablar -

Yazdığımız kitablar,

Bir də xatirələrdə

Yaşayacaq eşqimiz -

hərarətli, pak, təmiz...

45-in payızında

səni ilk gördüyüm gün

necəydinsə - eləsən,

Söylə bunun sirrini,

Necə qaldın belə sən?

Hələ axşam düşməyib

Bu qaralan qaş deyil.

Yaz ötüb, yay bitsə də,

Payız - hələ qış deyil.

Qış gəlsə də, gəlsin qoy

Qış günü deyildimi

Hədiyyəsiz-filansız,

bizim unudulmaz toy?

Sən vəfalı sevgilim,

İlin dörd fəslində də

baharımsan, yazımsan.

Mənim alın yazımsan,

Hələ də yazmadığım

Ən gözəl əsərimsən,

Yazacağım yazımsan.

Yaxında, ya uzaqda

Səni hər zaman anar

Köhnə məktəb yoldaşın -

Həyat yoldaşın

Anar.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Cümə axşamı, 14 Mart 2024 15:00

Tabut satılır

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Biz ona görə kasıbıq ki, düzgünük, yoxsa ona görə düzgünük ki, kasıbıq?

 

2.

Mən xoşbəxtlik üçün doğulmuşam, səd heyif ki, xoşbəxtliyin bundan xəbəri yoxdur. 

 

3.

Susmaq qızıldırsa, niyə onu lombardda qəbul etmirlər?

 

4.

İnflyasiya odur ki, sən yoxsulsan, amma ciblərində çoxlu pul var.

 

5.

Borc haqqında deyim:

Əvvəlcə:

Başqasından alırsan, müqqəti.

Sonra:

Özününkünü verirsən, həmişəlik.

 

6.

Elan.

Qəttəzə tabut satılır. Yalnız iç tərəfdən bir az cırmaq izləri var. 

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Cümə axşamı, 14 Mart 2024 09:00

Bir şeirin təsirindən doğulan söhbət...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

O üzündə nələr vardır bilmirəm,

Bu üzündə məşəqqətdir dünyanın.

Gündüzləri yüklənirsən dərd ilə,

Gecələri lap dəhşətdir dünyanın.

 

Bilmək olmur, kim xoşbəxtdir, kim bədbəxt,

Qaçaq düşüb ömrümüzdən səadət,

Yurd salıbdır əzab, nifrət, xəyanət,

Sevgisi də bir minnətdir dünyanın.

 

Yer üzünün əşrəfiyik guya biz,

Həsrət qaldıq havaya biz, suya biz.

Ömür bitir salınmırıq saya biz,-

Əfşan, nəyi de, zinətdir dünyanın?

 

Onun “Dünyanın” adlandırdığı bu şeiri Yer kürəsinin xəritəsində noxud boyda yer tutan Azərbaycandakı insanlararası münasibətlər haqqında məni yenidən düşünməyimə vadar etdi. Doğrudanmı, bu balaca ölkədə xoşbəxtlərlə bədbəxtlərin arasında heç bir fərq yoxdur? Yəni səadət buradan qaçaq düşüb və bu ölkədə əzab, nifrət, xəyanət ayaq tutub yeriyir? Yoxsa, bu sözlər şairin bir anlıq ovqatından şeirə axan giley selidir? Bilmirəm! Amma hər halda hamı bilir ki, dünya həmişə Xeyirlə Şərin mübarizə meydanı olub. Bu mübarizədə “yaralananlar” da olub, “məhv” olanlar da, “zəfər” çalanlar da...

Bəli, 55 yaşını qeyd edəcək Əfşan Yusifqızının bu şeiri, onun yaradıcılığı haqqında söhbət açmağıma səbəb oldu. Gəlin, əvvəlcə onun ömür yoluna işıq tutaq. 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə orta təhsilini başa vurub. "Bir misra söz qədər duyanım ola”, “Bədirlənmiş Ay”, “Əli dağı”, “Xəyala döndün”, “Şəhid üzük” adlı kitabların müəllifidir. "Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəridir. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur.

Ailəlidir. Üç övladı var. Bir neçə ildir ki, AYB-nin üzvüdür…

Məsələ orasındadır ki, özü də yaxşı bilir ki, bu dünya özü boyda bir nağıldır. Nəyin varsa itirə-itirə yaşayırsan. Əvvəl uşaqlığını, sonra yeniyetməliyini, daha sonra gəncliyini, cavanlığını itirirsən, sonda da dünya səni doğmalarının, əzizlərinin arasından itirir. Bunları bilməsəydi, yəqin ki, “Can nənə, nağıl demə” şerində nəvəsinin dili ilə  söyləməzdi;

 

Can nənə, nağıl demə,

İnanmıram nağıla.

Bu nağıllar üzündən,

Yetəmmədim "ağıla"

 

Gah "tık-tık xanım" oldum,

Tanhalıqdan yoruldum.

Gah da "Qoğala" döndüm,

Öz ədamda boğuldum.

 

Gah "Ağ atlı" oğlanı,

Gah " Xıdırı" gözlədim.

Yunumu yel apardı,

"Fatma" kimi izlədim…

 

Durub çay kənarında,

"Qızıl balıq" səslədim-

Arzulara inanıb,

Xeyli ümid bəslədim.

 

Can nənə, nağıl demə,

Nə deyirsən doğru de.

O saflığı məhv edən,

Bu dövrana oğru de.

 

Barmaq kəsib, duz səpən,

Məlikməmməd yox indi.

Həm "Təpəgöz", həm "Cırtdan",

“Adamyeyən” çox indi.

 

Can nənə, nağıl demə,

Bir bayatı hayla sən.

O məsum Şəhidlərə,

De, bir həzin layla, sən...

 

Amma bütün bunlar o demək deyil ki, Əfşan Yusifqızının yaradıcılığı büsbütün qəm-qüssəyə bələnib, əsla. Onun şeirlərində sevgi də var, həsrət də, sevinc də…

 

Can istə, yolunda bu candan keçim,

Könlünə libası sevgidən biçim.

Gəl sənə bəxtinin ulduzun seçim,

Sən eşq göylərindən ay göndər mənə.

 

Sən nə çəkirsənsə qanır ürəyim,

Sanma ki, sevgini danır ürəyim.

Söndürə bilmədin, yanır ürəyim,

Ölləm, dərya göndər, çay göndər mənə.

 

Əfşanam, dərdimin tap çarasını,

Bəxtimin üzündən sil qarasını.

Kəsib ürəyinin bir parasını,

Əgər sevirsənsə, pay göndər mənə.

 

Bu onun “Ay göndər mənə” adlı poeziya nümunəsidir. Burada ülvü sevgiylə saf diləklərin vəhdəti var…

Baharı çox sevir. Hər dəfə bu fəsilin gəlişi əhvalına müsbət təsir göstərir, ovqatı gözəl olur...

Deyir ki,- “Yaz fəsli gəlir. Bahara dönmüşəm desəm, yanılmaram. Oxşarlıq elə çoxdu ki, əhvalımda. Əslində, çoxumuz beləyik. Könlümüzün bənövşə kimi küskün-küskün boynunu bükməsi, soyuq mehdən titrəməsi, ürəyimizin lalədən xal alması, gözlərimizin bahar buludu kimi tez-tez dolub-boşalması, yaz dumanının dərələrə yox, fikirlərimizə çökməsi, ruhumuzda səslənən qəmli bülbül nəvası, hər şey hər halı ilə bahara bənzəyir. Hətta ətrafa yayılan qəm rahiyəsi, həsrət qoxusu da... Bu, əhvalımın gözlə görülməyən baharıdır. Bir də, tumurcuq-tumurcuq ümidlər, al çətirli, ləçək-ləçək arzular...”

Çox danışmadım ki? İcazə verin, bir şeirini də deyib söhbətimi yekunlaşdırım...

 

Boşuna yanmağın nə xeyri var ki,

Bir topa üzərlik olaydım barı.

Dolanıb sevdiyim kəsin başına,

Qadasın, bəlasın alaydım barı.

 

Bir çimdik duz olub bir bədnəzərdən,

Uzaq saxlayaydım günahdan, şərdən.

Yanıb qoruyaraq daha nələrdən, 

Müqəddəs inanctək qalaydım barı.

 

Xəfifcə çəkilən bir "eh"ə dönüb, 

Tüstü-duman olub, zirehə dönüb,

Şəfalar gətirən bir mehə dönüb,

Duatək qəlbinə dolaydım barı.

 

Bəli, bir şeirindən təsirlənib haqqında xeyli danışdığım bu xanımın 55 yaşı tamam olur, yubiley ilidir. Qoy elə bu söhbətim, yubileynə bir hədiyyə olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, ölkəsini olduğu yerdə sevdirə, ləyaqətlə təmsil edə bilib. Gələndə isə Azərbaycana gətirdiyi qızıl medalla yanaşı, həm də başucalığı olub. O, olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…

 

Çox gözəl insandır. İllərlə "sehirli qutu"dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi, öz məzmunu var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…

Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə desək:- belə insanların qadasını alım. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…

O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979-cu ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.

Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür…

Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…

Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Amma ötən illərdə ona lazımsız təzyiqlər göstərildi və uzun illər beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacaran bu adama, dəstək vermək əvəzinə, sıradan çıxarmağa nail oldular. 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki... Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirib, ölkəni azmı tanıtdırıb? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra düşmənlərimiz ayaq açıblar, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən kulinariya yarışlarında medallara layiq görülüblər...

Bu gün Tahir Əmiraslanovun doğum günüdür, 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq. 

Hörmətli Tahir müəllim, bir məşhur məsəli sizin yadınıza salıb təbrikimizi yekunlaşdırırıq: “Balıq bilməsə də, Xaliq biləcək..."

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Cümə axşamı, 14 Mart 2024 08:30

Rəsm qalereyası: Aytac Suanverdiyeva, "Mayak"

Rəsm qalereyası: Aytac Suanverdiyeva, Mayak”

 

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

Sevgi!

Nədir sevgi, kim bunun açıqlamasını tam izahı ilə verə bilər və ən maraqlısı da, kimlər bunun cəfasından çox , səfasından bəhs edər? Məncə heç kim. 

 

Həqiqətən də sevgi qaranlıq dünyada xoşbəxt xəyallarla irəlləməkmidir, yoxsa bir ömür açıq közlü kor olmaqmıdır, bilmirəm.

Bilməməyimin səbəbi sağlam ruhda xəstə  qəlb daşımağım deyil, səbəbi bəlkə də bu günə qədər sevgidən xoşbəxt olanını görə bilməməyimdir.

Əgər insan həqiqətən də tam fikirli varlıqdırsa, niyə hər vəchlə onu məhv edən birinin sorağında olar ki? Bu qədərmi insan acının bağımlısıdı? Cavabsız suallarla başımızı qatmaq da bizim çarəsizliyimizdi, kim bilir.

Bu duyğular o qədər tilsimli bir məvhumdur ki, tam anlamıyla qavrayanı olduğuna, qavrayıb da qane olduğuna inana bilmirəm. 

Başda sevgi, sonra eşq, sonra məhəbbət, sonra adını qoya bilmədiyimiz bir çoxu. 

Sevmək həqiqətən də yaşanlıması gözəl bir  duyğudur, səni olduğun yaşamdan daha xoşbəxt edən, qəmini, kədərini qəlbində 

dindirən, səni sənə rəğmən monoton həyatından çəkib alan bir varoluşdur. 

Bəzən əsl sevgini səbəbsiz bir təbəssümdə, ümid dolu gözlərdə, həyəcan dolu davranışlarda da sezmək mümkündür. Yetərki görmək mümkün olsun. Görüb də  xoşbəxt olmaq və o xoşbəxtliklə bir ömür yaşamaq mümkün olsun. 

Qəlbində mümkünsüzü mümkün qıla bilirsənsə sevgidir,  həqiqətdə qüsur axtarmırsansa sevgidir, bəhanələrə sığınmırsansa sevgidir və acı olsa da  qovuşması mümkünsüzsə sevgidir, əziz dost. 

Bu danışdığım o qədər gözəl, bir o qədər də  qəribə bir hisdir ki, insanın hər zaman ən unmadığı zamanında qapısını çalar. Zamanla çağırılmamış o qonaq, qəlbinin ən gözəl sakininə çevrilər. Vaxt keçdikcə həyatının ən öncəliyinin o olduğunun fərqində belə olmazsan. Necə də qəribə deyilmi, dünyada milyonlarla insan varkən, qəlbinin tək ehdiyacının o olduğunu anlamaq. Hər zaman doğrunun o olduğuna inanmaq və artıq onsuz heç nəyin irəliləmədiyinin fərqində olmaq. 

Kəpənək misalıdır eşq, anlamayana ömrü günlük, anlayana bir ömürlükdür hər zaman. Bəlkə də qaranlıq gecələr olmasaydı, ulduzlar bu qədər göz oxşamazdı və həqiqətən əsl eşq olmasaydı, həyatda yaşamaq üçün bir səbəb olmazdı. Eşq o qədər ülvi hisdir ki, dünya toxları belə onun acıdır.

İnsan sevərkən sevdiyinə bənzərmiş deyirlər. Gülüşü, baxışı, hətta yaşamın özü belə.

Dostoyevski deyir, “sevmək gözəl birində eşqi axtarmaq deyil, o adamın bilmədiyin bir zamanın gözlənilməz bir zamanında özünü tapmaqdır".  Demək ki, natamam olanı, tam edəndə, tamlığını məhv edəndə sevgidir.

Amma acı bir həqiqətdir ki, günümüzdə  sevgiyə, sevməyə absurd baxan hər kəsin keçmişində ağ vərəqlərinə qara mürəkkəb yaxan biri mütləq var olub və bunun  olduğunu danmamaq lazım. Qınayıb üstündən keçib getdiyimiz sevgi gəmilərini, bəlkə də çoxları uzun zaman  həsrət limanında gözləyib. Axı heç kim heç kimin taleyini hər zərrəsinə qədər anlamır. 

Bəlkə də birinə "unutmaq" sözü, "ölüm" sözcüyündən daha ağırdır, kim bilir. Sevdiyim yazar Oğuz Atayın sözü məni məndən alır. 

"Unutmaq", yeddi hərf olsa da, insanı bir ömür bitirməyinə kifayət edir". 

Necə də yerində deyilmiş fikirdir. 

Bəs nə zaman insan unutmağa ehdiyac duyur, əgər sevgi həqiqətən də insanı xoşbəxt edirsə, nədir unutmağa meyl etməyinin səbəbi? Niyə həqiqətdə qəlbinin ən incə tellərini toxunan bir hissi, zamanla o simlərlə birgə söküb atmağı seçir insan? Bu qədər bəsit idimi məhv etmək? Hər şeyi buraxıb heç nə olmamış kimi çıxıb getməyin  təməlində nə durur görəsən? Diqqətə ehtiyac lazımkən, görülən biganəlikmi, tək olmadığın halda yalnızlığı hiss etməyinmi, yoxsa dəyərinin dəyməz birinə ərmağan etməyinmi?! 

Əsasında necə bir qüvvədir ki, insanı məhv etməyə kifayət edir? Bəlkə də çoxumuzu yaşamdan soyudan yaşanması mümkünkən yaşamadığımız gözəl hisslər imiş. Sevgini  dildə bitirdiyi kimi, qəlbdə də məhv edən, güvən sözünü yaşam lüğğətindən silən nə idi?

Bax bu sualın cavabında "çoxunun asan asan qəbullanmayacağı" XƏYANƏT uçurumu durur. Elə bir uçurum ki, bir addımlığında belə yıxılsan, incidilməməyin mümkün deyil. 

Bəlkə də zamanla göz önündə olan acılar silinəcək, amma ruhunun və qəlbinin aldığı acılar əsla. Xəyanəti vücudda birləşdirib, bəhanələr dünyası yaradan insanlar ən aciz insanlardır deyərdim. Nəfsinin qurbanı olub həm sevdiyini məhv edər, həm bir insanın  bütün dünyasını. Bəs elə tək xəyanət budurmu?

Yanında biri varkən bir başqasına baxmaq xəyanət sayılmazmı? Bəs fikrində xəyalını canlandırmaq necə, xəyanət deyilmidir? Niyə insan özünə olan etimaddan sui- isdifadə edib, yarına dönüklük edər ki? Yəni bu qədər asanmıdır vəfada dönük olmaq?  Əsla bilmirəm.  Anlam yükləmək mərd insanların işi deyil deyə,  bəlkə də  sualların çoxu cavabsız qalır. Qəzəldə də deyildiyi kimi:

 

 "Neçə mahirlərə sordum ki, 

nədir eşqə ziyan,

Dedi məhv olmuşa sor,

eşqə xəyanət gətirib."

 

Bəs eşqinin göz görə cinayətkarı olan insanla, bir vaxtlar onu ömürlük dustaqdan çıxardan insan eyni deyildimi?

Lao Tzu deyir: "Bil ki, düşüncəsi dərin insanlar sənə “əlvida” deyərək çıxıb gedir, düşüncəsi dayaz insanlar isə sənə xəyanət edərək". 

Əgər xəyanəti bağışlamağı seçirsənsə, öz müharibəndə öz silahınla hədəfə alınmağı qəbullanmağı da bacarmalısan, gözəl insan.

Bəklə də həyatımıza girən bu cür insanlara bir təşəkkür borcluyuq. Çünki ən güvəndiyimiz insanlardan öyrəndik asan- asan güvənməməyi. Və belə olduqca da biraz daha gücləndik həyatın ən dərin sınaqlarında.

Acı da olsa anlamaq lazımdır ki, gözdə xəyanət varsa, sözdə sədaqət ola bilməz.

Sözündə də sədaqət yoxdursa, yaşamında heç zaman mətanət görməyi arzulama.  

Bu həyatda hər kəs sevgi yolunda xoşbəxt olmağı bacarmır təəsüf ki.

Və bu dünyanın ən bədbəxt insanı o insandır ki, yanındakı ilə yaşayıb, qəlbindəki ilə ölür. Qəlbinizdəkini həqiqətən öldürüb, yanınızdakının qədrini  bilməyiniz diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Müasir dövrün haqqında ən çox müzakirə olunan, tənqid olunan şairlərindən biri heç şübhə etmədən deyə bilərəm ki, Aqşin Yeniseydir. Yazığa deyilməyən söz qalmayıb. Bu onun oxucuları üçün də keçərlidir. Şəxsən deyə bilərəm ki, “Yüz qırx yeddi dənə sən” kitabını oxumağa başlayandan bitirənə qədər üç nəfərlə dalaşmışam. Bu mübahisənin əsas mövzusu Aqşin Yeniseydir. 

 

İlk öncə onu qeyd edim, təbii ki, hər şairin yaxşı, ən yaxşı və nisbətən yaxşı olmayan şeirləri olur. Bəli, bunu mən də qəbul edirəm. Kitabda mənim də bəyənmədiyim, yəni belə deyək mövzu baxımından zəif hesab etdiyim şeirlər oldu. Amma yenə də oxumağa dəyər bir kitabdır. 

Şairin özünə böyük bir simpatiyam var. Ümumiyyətlə, son vaxtlar Aqşin Yenisey və Aqşin Evrən qələmindən oxuduğum hər şeirə ayrı bir vuruluram. Halbuki mən əvvəllər şeir oxumağı sevən biri deyildim. 

Kitab daha çox qadın, şəhərə olan bezginlik, həyati mövzulara, eşqin bir çox tonuna toxunulur. Və... bunu da qeyd edim ki, kitabı bəyənməyənlər onu anlamayanlardır. Çünki Aqşin Yenisey şeirlərinin heç birində sözlər olduğu mənanı ifadə etmir. Hər şeirdə müəyyən fəlsəfə var. Cümləni oxuyub onu yazıldığı kimi dərk eləyənlər isə bilmirlər nə etsinlər, ən yaxşı yol olaraq daşlamağı seçirlər. Nə isə... 

Sizin üçün ən bəyəndiyim şeirlərdən olan "Sevginin asiliyi" şeirindən kiçik bir hissəni paylaşıram... 

 

Bir kağıza

“necə də daşürəkli adamlarsınız, 

sizin ürəklərinizdə mən ancaq 

cib bıçağımı sürtüb itiləyərdim”

yazdım, 

Əlimi tapança kimi tutub, 

gicgahıma atəş açdım.

Yıxıldım, öldüm. 

İstənilən ölüm intihardır!

Onsuz da ən axırda insan 

həmişə özü-özünü öldürür. 

Yıxılmaqdan, ölməkdən bezdim

İyrəndim 

Ögüdüm

Qusdum

Kəsilən buğa başı kimi ağır kədərlə

böyürüb susdum.

 

 Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Nədir musiqi? Musiqi həyatımızın ayrılmaz hissəsidir. Bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın sevincli, qürurlu, eləcə də kədərli anları müxtəlif xarakterli musiqilərlə müşayiət olunur. Musiqi ehtiyacımız olan ruhi qidadır.

0Bugünkü müsahibim  notlarla duyğularını ifadə edən  gözəlqəlbli bəstəkarımız Sevinc Tofiqqızıdır.

 

-Salam əziz Sevinc xanım, xoş gördük. Sevinc Tofiqqızı nə zaman hiss etdi ki,  onun daxilində bir bəstəkar var?

 

-Salam Ülviyyə xanım, xoş gördük. 

Mənim musiqiyə bağlılığımı ilk anam hiss edib. Anam məni körpə vaxtı yatızdırarkən Bethovenin, Motsartın klassik musiqiləri ilə "yuxuya aparıb." Anam özü də musiqişünas olmaq istəyib, amma həkimliyi seçib. Anam məni musiqi məktəbinə yazdırmışdı və orada kiçik musiqi parçası bəstələyib öz müəllimimi heyran etmişdim. Müəllimim anama mənim gələcəkdə gözəl bəstəkar olacağımı söyləmişdi.

Vətənimdən uzaqda ikən hər zaman onun həsrətilə ürəyim yanırdı və elə ilk bəstəm-  "Həsrətindəyəm" adlı kompozisiyam oldu.

Valideynlərim sonra mənə piano hədiyyə etdilər və yaradıcılığım elə birinci sinifdən başladı.

 

-Sevinc  xanım, ilk bəstəniz hansı şairin sözlərinə bəstələnmişdir?

 

-Yuxarıda söylədiyim kimi ilk bəstəm "Həsrətindəyəm" adlı kompozisiyam oldu. Azərbaycana qayıdıb bu kompozisiyaya klip çəkdirdik. Daha sonra 2010- cu ildə 

"Çağır məni"  adlı mahnı bəstələdim, sözləri Xanım İsmayılqızının ifası isə Rəhmətlik Aslan Hüseynovun oldu və Aslan Hüseynov  bu mahnıya görə "Laureat" adını aldı, mən isə "İlin ən yaxşı"  mahnı nominasiyasına layiq görüldüm. Bu mahnı çox sevildi, hətta mən bu mahnıya klip də çəkdirdim. Şəhidlərimizin xatirəsinə həsr olunmuş bu bəstədə mən Şəhid anası obrazında çəkildim və sonra daxili qoşunlarda buna film də çəkildi.

Bu musiqini  Türkmənistanda çox sevilən  balaca Aymahren Akmuradova da ifa edib. Şəbəkələrdə çox paylaşılıb. (Fotoda)

 

-Sevinc Tofiqqızı üçün dünyanın anlamı  nədir?

 

- Mən dünyanı gözəl görürəm. Həyat çox gözəldir. Hətta mənim “Həyat gözəldir" adlı kompozisiyam var. Mən bu kompozisiyanı bütün dünyaya: türk dünyasına, Azərbaycan xalqına həsr etmişəm. Qoy dünyamızda hər zaman sülh olsun. Allah bizə gözəl dünya yaradıb. Hər şey gözəl; insanlar, təbiət. Allah hər şey yaradıb və biz, insanlar bunlardan gözəl istifadə etməlidirlər. Dünya boş dünyadır. Öləndə rəhmət aparmalıyıq. Mən bu kompozisiyaya da klip çəkdirdim. İstərdim uşaqlarımız bilməsin müharibə nə deməkdir, uşaqlarımızın yalnız sevincdən gözləri dolsun.

 

-Şəhidimiz Rauf İbadova həsr etdiyiniz  bəstənin Sizə çox təsir etdiyini tədbir zamanı axan göz yaşlarınızdan oxumaq olurdu. Bütün Şəhidlərimizə  Allah rəhmət etsin. Sevinc Tofiqqızı  bəstəsi zamanı olduğu o sirli dünyanı bizə anlada bilərmi?

 

-Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Başda general Polad Həşimov olmaqla. Bu mənim bir bəstəkar kimi  borcumdur ki, Şəhidlərimizə mahnı bəstələyim. Biz onları dünyaya tanıtmalıyıq ki, necə igidlərimizin olduğunu görsünlər. Şəhid analarının əllərindən öpürəm ki, bu oğulları dünyaya gətiriblər.

Başda Ali Baş Komandan İlham Əliyev olmaqla qazilərimizə təşəkkür edirəm ki, işğal altında olan torpaqlarımızı geri aldılar. Mən Generalımız Polad Həşimov, Mübariz İbrahimov və bir neçə Şəhidlərimizə də mahnı bəstələmişəm, hətta vətənpərvər musiqilər də bəstələmişəm, hansı ki "İgidlər yurdusan, ey Azərbaycanım" adlı   musiqisinin sədası altında igidlərimiz addımlayırdılar. Mahnılarım mənim silahımdır, mən də döyüşə getmək istəyərdim, ölmək də istəyərdim Vətənim üçün.. Lakin qazilərimiz mənə söylədilər ki, bizim qadınlara silah yox, gül yaraşır.

Rauf İbadovu çox sevirəm. Ata-anası Raufa Vətəni ölümünə sevmək aşılamışdı. Raufun rəsm əsərlərində də Vətənə sevgisi açıq görünür. O, Polad Həşimovun, Mübariz İbrahimovun davamçısıdır. Mən bir günə Raufa musiqi bəstələyib və klipini çəkdirib təqdim etdim. Raufun gözəl deyimi var: "Şəhidlik ulduzlardan uca olan zirvədir."  Bu yaxınlarda sözləri Baba Vəziroğluna aid "Şəhid Anası" adlı bəstəm də işıq üzü görəcək. İfaçı isə Sübhan Hüseynlidir. Mən də Şəhid olmaq istərdim, onsuz da hamımız öləcəyik. Vətən yolunda ölmək ayrı bir zirvədir.

 

- Sevinc xanım, bilirik ki, bir neçə seriala da çəkilmisiniz. Bu haqda bir az məlumat verin.

 

-Mən Musiqişünaş fakultəsini bitirmişəm, lakin ilk dəfə məni kəşf edənTürkiyənin tanınmış rejissoru Naci Çelik Berksoy oldu və təklif ondan gəldi. Əvvəlcə tərəddüd etsəm də, məni razı sala bildilər. Bir günə bu filmə çəkildim. Bu filmdən sonra bir müddət özümə gələ bilmədim, çünki çəkilişdə göz yaşlarım da təbii idi, o həyatı yaşamışdım. Bu filmə görə də " İlin ən yaxşı oyunçusu" nominasiyasına layiq görüldüm. Sonra bir neçə bölümlərə: " Qurur", " Həyat dərsi" bir neçə bölümlərə də çəkildim. Yenə təkliflər gəlir, amma hələ musiqilərlə, klassik əsərlərlə məşğulam.

 

- Əziz bəstəkarımız, hansı müğənnilərlə iş birliyiniz olub?

 

-Mənim bir çox müğənnilərlə iş birliyim olub. Azərbaycanın Vitse Prezidenti Mehriban xanım Əliyevanın doğum gününə sözləri dəyərli şairimiz  Baba Vəziroğluna məxsus  "İki qəlbin dastanı" adlı bir mahnım də çox sevildi. Bu bəstəyə klip çəkilib təqdimat edildi. Başda dəyərli Xalq artisti  Flora Kərimova olmaqla sözləri Qənirə Paşayevaya məxsus " Səni gözləyəcəyəm" adlı mahnıya klip çəkildi. Daha sonra Flora xanım mənim " Bu dünyanın nəyini sevim" adlı bəstəmə aid mahnı oxudu. 

Bu yaxınlarda sözləri gözəl şairəmiz Xuraman Muradovaya aid " Mən elə küsərəm ki" adlı musiqim də bəyənildi və Özbəkistanın Əməkdar artisti  Mohiçehra Şahmuradova ifa etdi. Bir çox şairlərlə də işbirliyim var. Leyla Əliyeva Xanım İsmayılqızı, Cavid Qurbanov, Baba Vəziroğlu, Fuad, Vaqif Coşqunla iş birliyimiz olub. Leyla Əliyevanın sözlərinə məxsus bəstələdiyim musiqini " Azəri inciləri" vokal qrupu ifa edib. Daha sonra Roza Zərgərli, Ceyhun Bakınskıy və Dağıstanın tanınmış müğənnisi Kamil Kulibekov bəstələrimi ifa edib. Allah rəhmət etsin, Əli Vəlioğlunun da şeirlərinə bir çox bəstələrim olub.

 

- Sevinc xanım, Siz də razısınızmı ki, bu gün klassik musiqi az dinlənilir və Sizin yaradıcılığınız hansı janra yaxındır?

 

-Mənim yaradıcılığıma lirika yaxındır, klassik musiqilər yaxındır. Mənim kompozisiyalarım da çox sevilir. Mənə ən yaxın olan  kompozisiyalarım “Həsrətindəyəm", "Həyat gözəldir", "Bir mələyin ürək səsi" kompozisiyalarıdır. Bu kompozisiyalara görə mənə çox gözəl rəylər yazırlar. Bayağı musiqilər sevilsə də, tez unudulur. Klassika isə heç vaxt unudulmur. Məsələn, Fikrət Əmirovun, Qara Qarayevin, Üzeyir Hacıbəyovun musiqiləri bu gün də yaşayır.

 

- Sevinc xanım, hansı bəstəniz Sizə daha doğmadır, yoxsa, o bəstələr övladlarınız kimidir ayıra bilmirsiniz?

 

-Kompozisiyalar, mahnılarım hər biri daxilimdən gəlib və hər biri mənim dünyamdır, doğmamdır.

 

-Dəyərli bəstəkarımız, ömrünüzdən bizlərə vaxt ayırdığınız üçün Sizə minnətdarıq.

Sizə bol yaradıcılıq uğurları arzu edirik.

 

Bilirik ki, Sizə  "Azərbaycan -Ukrayna" Beynəlxalq Alyansının idarə heyyətinin qərarı ilə  Azərbaycan incəsənət sahəsində  göstərdiyiniz yüksək xidmətlərinizə görə, vətənpərvər mahnılarınız ilə Türk dünyasında tanındığınız üçün Alyansın sədri Elmar Məmmədov tərəfindən "Polad Həşimov" adına qızıl medalı təqdim olunmuşdur. Buna görə Sizi təbrik edirik.

 

-Mən də Sizə təşəkkür edirəm, əziz Ülviyyə xanım, belə gözəl suallara görə var olun!

Allah türk dünyasını, Azərbaycan xalqını, Ali Baş Komandanı, qazilərimizi qorusun.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə ünvan Sumqayıt oldu: Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir  keçirildi.

 

Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə malikdir. Bu dəyərlərin qorunması və təbliği, əlbəttə ki, çox mühüm məsələdir. Bu gün dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir. Bu istiqamətdə  martın 13-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir keçirildi. 

Əvvəlcə iştirakçılar universitetin Akt zalının foyesində təşkil olunmuş Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi ilə tanış oldular.

Sonra universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək tədbirin mahiyyətindən və milli-mənəvi dəyərlərin qorunması istiqamətində aparılan işlərdən, Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verdi. Milli-mənəvi dəyərlərin xalqın mənəvi sərvəti, mənəvi xəzinəsi olduğunu vurğulayan dosent Elmar Xəlilov bildirdi ki, Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiqliyini tarixi proseslərin bütün dövrlərində nümayiş etdirmişdir. Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğının bariz nümunəsi olaraq ölkəmizdə kəlağayı sənətinin inkişafı diqqət mərkəzindədir. Bu sənətin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmışdır.  

Daha sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru və “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsinin rəhbəri, şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, layihə Kəlağayı Muzeyindən başladı, davamı Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Mingəçevir Dövlət Universitetində keçirildi. Bu gün isə Sumqayıt Dövlət Universitetində keçirilir. Tədbirlərin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. 

Birlik sədri vurğuladı ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. O, tədbirin ərsəyə gəlməsində əziyyəti olan filologiya fakültəsinin dekanı, dosent Günel Paşayevaya, təşkilatçı b.m Elnarə   Əhmədovaya və hər kəsə təşəkkürünü ifadə etdi və kəlağayının Azərbaycanın milli-mənəvi dəyərlərində yeri, tarixi, istehsal ənənələri, naxış növləri haqqında məlumat verdi.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi.

Qeyd edək ki, 2024-cü il kəlağayımızın UNESCO-ya daxil olmasının, Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində dünya birliyi tərəfindən tanıdılmasının 10 illik yubileyidir. Bu münasibətlə “Anam- kəlağaydı, kəlağay-anam” kitabı nəşr edilib, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı muzeyi” yaradılıb və müxtəlif təhsil ocaqlarında kəlağayımızın təbliği məqsədilə ədəbi-bədii tədbirlər keçirilir. Sumqayıt Dövlət Universitetində keçirilən bu layihənin davamı Yasamal rayonu, Heydər Əliyev Mərkəzində Yasamal  rayonu, MKS-in  Natavan adına kitabxananın 4 nömrəli filialı və Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin birgə təşkilatçılığı ilə keçiriləcək.

Uğurlar!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Cümə axşamı, 14 Mart 2024 14:00

Gəlin yeniyetmələrə qarşı səbirli olaq

Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar? “Ədəbiyyat və incəsənət” portalı verilən suala yeniyetmə psixoloqu Nəzrin Həşimzadənin cavabını təqdim edir.

 

* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.

* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.

* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə  mütləq şəkildə individual yanaşılmalıdır.

* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.

Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?

* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.

* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onların sizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun. Zülmkar olmayın.

* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.

* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.

* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, "bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm". Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axdarın.

Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar. Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.

Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.