Super User

Super User

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “RoboCode” robotik kodlama düşərgəsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “SAHA Robotics” şirkətinin vitse-prezidenti və Azərbaycan üzrə meneceri Eray Çobanoğlu, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

 

Düşərgə müddətində formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Nəticələrə əsasən “Difai” komandası 1-ci, “eRRobotX” komandası 2-ci, “RookieBots” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalara mükafatlar təqdim olunub. 

Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.

1 ay davam edən düşərgədə qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri”  və s. mövzularda onlayn və fiziki  təlimlər keçirilib.

 

Strateji tərəfdaşlar: "Azersun Holding", Coffee'nJOY”.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

 “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

Şəhidimiz Rövşən Əliyevin həyat yoldaşı Azadə Əhmədovanın müayinəsi zamanı sağ gözündə torlu qişanın regmatogen qopması diaqnozu təyin olunub. Həmin gözə torlu qişanın bərpası əməliyyatının həyata keçirilməsi, “Endolazer koagulasiya”, eyni zamanda sol gözündə katarakta əməliyyatlarının icra olunması məsləhət görülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan torlu qişanın bərpası və katarakta əməliyyatı icra olunub. 

Xidmətlər zərfində yer almayan “Endolazer koagulasiya” əməliyyatı və “Ozurdex intravitreal  inyeksiya” proseduru xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

"Youtube" video: https://www.youtube.com/watch?v=8V8ELlnWD7w

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-7jRXoVd37Y

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Cümə, 15 Mart 2024 14:09

ASAN TV fəaliyyətə başlayır


 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
 Bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 
 
ASAN Radionun bazasında qurulacaq  ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.
Məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2015-ci ilin dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman video məzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.
"Youtube" keçid:https://youtu.be/SA1DdTbsnpo

Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link: https://we.tl/t-IZcpqO42ua

“Ədəbiyyat və incəsənət”
(15.03.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Bir suallıq rubrikamızın qonağı sevimli bəstəkarımız Sevinc Tofiqqızı olacaq.

Sevinc xanımın istedadı ölkəmizdən kənarda da tanınır. Buna görə də, onun yaradıcılığı geniş izləyici auditoriyası üçün həmişə maraq doğurub. 

 

-Xoş gördük, əziz bəstəkarımız Sevinc xanım. Yaxşı bilirik ki, ölkəmizdə yetəri qədər tanınan şair və müğənnilərlə iş birliyiniz var.

Söz, musiqi və ifa. Bu 3 məfhum insan ruhuna məlhəm kimidir. Sevinc xanım, hansı şair və müğənnilərlə iş birliyiniz olub və hal- hazırda hansı layihələr üzərində çalışırsınız?

 

-Salam, əziz Ülviyyə xanım, xoş gördük.

Mənim bir cox şairlərlə iş birliyim olub. Heydər Əliyev fondunun Vitse Prezidenti Leyla xanım  Əliyeva, Əməkdar şairimiz Baba Vəziroglu, Millət vəkili Qənirə Paşayeva, Cavid Qurbanov, M.Məhsimov, gənc şair Fuad Biləsuvarlı, şair Abdulla Saymaz, Xanım İsmayılqızı, mərhum şairimiz Əli Vəlioglu, Səadət Qərib, Kərkük kültür dərnəyin qurucusu və başqanı Şəmsəddin Küzeci, Milan Hospitalın rəhbəri Xuraman Muradova, Şərafəddin İlkin, Zeynallı Xəlil və bir başqa sevilən şairlərlə iş birliyim olub.

Musiqidə hər üçü - həm söz, həm bəstə və həm də ifa önəm daşıyır. Bir də əla aranjiman. Bunlar hamısı bir olanda və ən əsası -  ifa gözəl olanda mahnilar sevilir və yadda qalir.

Mahnılarımı bir çox sevilən, tanınan müğənnilərimiz ifa edib. En cox iş birliyim Özbəkistanın və Azərbaycanın Xalq artisti Gülyanaq xanım Məmmədova ilə olub. Hal- hazirda da yeni mahnı üzərində işləyirik. İnşallah, yaxın günlərdə işıq üzü görəcək. Gülyanaq xanımla həm lirik, həm də şəhidlərimizə həsr etdiyim vətənpərvər mahnılarım olub. Hətta, Gülyanaq xanımın ifasında bir neçe mahnılarıma klip çəkilib və böyük təqdimatı olub. "Giley" mahnısı da çox sevildi ve bu mahnıya ARB TV-nin dəstəyi ilə klip çəkildi. Demək olar ki, bir çox mahnılarıma kliplər çəkilib.

Gülyanaq xanımın ifasında sözləri Cavid Qurbanov, Baba Vəziroğlu, Fuad Biləsuvarlı, Zeynallı Xəlil, Abdulla Saymaz, 

M. Məhsimov və Zöhrə Qaraqızı kimi şairlərə məxsus olan şeirlərə bəstələdiyim mahnılarım da çox sevilib.

Gülyanaq xanım bu yaxınlarda "Sevgi valsı" mahnısını da ifa etmişdi. Bu, duet şəklində idi və digər ifaçı Səbuhi Həsənov idi, mahnının sözləri isə Səadət Qəribə məxsusdur.

Bu arada aranjimançı Osman Həmidov və Fərahim Sadiqə də öz təşəkkürümü, eləcə də Sizə öz minnətdarlığımı bildirirəm, dəyərli Ülviyyə xanım.

 

-Çox sağ olun!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Cümə, 15 Mart 2024 16:30

Kraliçalar və lakeylər

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

“Gənclik” metrostansiyası tərəfdə uğurla qoyulmuş videofiksasiya kamerası illik kassa mədaxilinə görə bütün Azərbaycan kinematoqrafiyasını üstələdi.

 

2.

Erməni radiosuna sual edirlər:

-Erməni qadınının əri kosmonavtdan nə ilə fərqlənir?

Erməni radiosu cavab verir:

-Kosmonavt öz əvəzedicisini tanıyır, erməni qadınının əri isə tanımır. 

 

3.

Facebook-u yaradanın atasına rəhmət. Onun sayəsində Bilgəhdəki bağımdan oğurlanan antikvar manqalımı bir istifadəçinin hesabındakı fotonun hesabına Ləiş bağlarında bir həyətdən tapdım. 

 

4.

Uçaqda qurtarmayan ayaqyolu növbəsini görəndə qeyri-ixtiyari düşünürsən ki, adamlar uçaqlara yalnız səmanı murdarlamaq üçün minirlər. 

 

5.

“Mən indiyə qədər heç kəsin qarşısında əyilməmişəm” deyə partiya rəhbəri seçki kampaniyası zamanı az qala qışqıraraq bəyan etdi. 

Sonra da alqışlar gələndə öz-özünə etiraf etdi: “Axı məndə xroniki skolioz var”.

 

6.

Restoranda müştəri narazılığı amplitudası: “Əsl Sezarın ürəyi dərhal partlayardı, sizin bu Sezar salatının dadına baxsaydı”.

 

7.

Siz fikir vermisinizmi, küçədə gözəl qızlara göz yetirən kişilərlə vitrindəki ləzzətli kökələrə göz yetirən pəhriz tutmuş qadınların baxışları eynidir?

 

8.

Kraliça olmaq istəyən qadının əri də lakey olar. 

 

9.

Hətta ən yüksək yumor hissi olan, gülməyi xoşlayan şəxslər belə gülünc əməkhaqqı istəməzlər. 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, bu sualın cavabını nümayəndəmizin sərgiləyəcəyi mahnını dinləməklə təxmin etmək olar. 

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı bu gün  martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olundu. 

 

Bu mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanan mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.

Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. 

Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

ABŞ-da yaşayanda, o vaxt işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı rep musiqisini dinləməkdən yorulmurdular. Həmin gənclər, bir gün bir məclisə məni də dəvət etmişdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxardığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazılıq edənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dedim:

-Dostlar, görürəm ki, cazı xoşlamırsız. Axı rep küçə uşaqlarının mahnısıdır, caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?

Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki, ser, sən lap atamız evdə bizə söylədiyi kimi danışdın. Caz Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. Rep isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib...

 

Bu hadisəni niyə xatırladım? Axı bu gün Azərbaycan repçisi Hüseyn Dərynın anım günüdür. Düz on il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra ABŞ-a köçmüşük. Yəni artıq Amerikaya köçməmişdən qabaq repdən məlumatım var idi...

Hüseyn Dəryayla isə Sumqayıtda, iş adamı Mərdan Seyidbəylinin dəniz sahilindəki kafesində tanış olmuşdum. Hər axşam kafeyə gəlir, özünün bəstələdiyi rep mahnılarını oxuyurdu...

O vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi... 

Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!

Onun bu repi isə ən populyar repi sayılırdı:

 

Nə qədər ki sağsan, 

nə qədər ki vardır 

dörd yanında qızlar

 keyf elə!

Nə qədər ki pul var, 

nə qədər ki keyf var, 

nə qədər ki varsan 

keyf elə!

 

Maraqlıdır, nə qədər ki, sağıq, kef edək. Bəs onda qurub yaratmağı, ucalmağı, xeyirxah əməllər eləməyi nə vaxta saxlayaq? 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

Mədəniyyət Nazirliyi martın 11-dən 14-nə kimi Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumatda bildirilir ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribusiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edib.

 

Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

 

Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Cümə, 15 Mart 2024 08:30

Fazil Mustafa ANARı təbrik edib

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANARı doğum günü və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı 

Təbrik məktubunu təqdim edir:

 

“Hörmətli ANAR müəllim,

Sizi doğum gününüz və qarşıdan gələn Novruz bayramı ilə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm!

Siz Xalq yazıçısı, tərcüməçi, ssenarist kimi zəngin ədəbiyyatımızın, mədəni irsimizin gələnəklərini qayğı-sayğı ilə davam və inkişaf etdirib, ədəbiyyatımızı, ictimai-mədəni həyatımızı, #sənət dünyamızı daha da zənginləşdirmisiniz.

Siz görkəmli ictimai və sənət xadimi, ustad yazıçı olaraq ölkəmizdə, Türk dünyasında sevilir, oxunur, öyrənilirsiniz.

Əsərləriniz bir çox dilə çevrilərək, ayrı-ayrı ölkələrdə yayınlanıb və bu iş günümüzdə də davam etməkdədir.

Siz 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin üzvü seçilmiş, o cümlədən Mədəniyyət Komissiyasının sədri olmusuz. Sizin Mədəniyyət Komissiyasına rəhbərliyiniz dönəmində mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, dil, kinematoqrafiya haqqında və b. vacib qanunlar parlament tərəfindən qəbul edilib.

Siz müstəqil Azərbaycanın yüksək dövlət təltiifləri – “Şöhrət”, “Şərəf”, “İstiqlal”, "Əmək" ordenləri, “Heydər Əliyev Mükafatı”, Prezidentin Fəxri diplomu ilə, bir sıra digər mükafatlarla təltif olunmusunuz.

Sizi doğum gününüz, yaradıcılıq uğurlarınız və qarşıdan gələn Novruz bayramı ilə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu müqəddəs cümə günündə, üstəlik, bu müəddəs Ramazan ayında bir savab da teatra getməkdir. Din xadimləri məni qınamasınlar, mədəniyyət insanın dini və imanının da bir xüsusiyyəti sayıla bilər.

 

Bəs bu cümə günü hansı tamaşaya getmək olar? Mən şiddətlə Dövlət Akademik Rus Dram Teatrına getməyi tövsiyə edirəm. Bu gün orda “Və bir qadın gəldi...” tamaşası oynanılacaq. 

Maqsud İbrahimbəyovun romanı əsasında hazırlanan “Və bir qadın gəldi...” tamaşasının premyerası 2022-ci il martın 26 və 27-sində təşkil olunub. Quruluş Maqsud İbrahimbəyov və rəssam Tahir Salahovun xatirəsinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Səhnələşdirmə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur.

Tamaşada hadisələr uydurulmuş Buqurda şəhərində XX əsrin 80-90-cı illərində cərəyan edir. Qəsəbənin başçısı seçilən balıqçı Cavanşir sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətə başlayır. O, vicdanlı, alicənabdır. Lakin faciəli hadisə - həkimin təsadüfi qətli onun illər ərzində yaratdıqlarını alt-üst edir. Dəhşətli sirlər aşkara çıxır.

Bu sirlər hansılardır?

Lütfən suala cavab tapmaq üçün tamaya baxın.

 

Şəkildə: Tamaşadan səhnə

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.