Super User

Super User

Çərşənbə axşamı, 09 Aprel 2024 17:00

YARADICILIQ EMALATXANASInda Lilpar Cəmşidqızı ilə

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Yaradıcılıq emalatxanası" rubrikamızın qonağı qəzəlləri ilə sevilən xanım şairimiz Lilpar Cəmşidqızıdır.

-Xoş gördük, əziz Lilpar xanım. Klassik şeir növü olan Qəzəli sevənlər hər zaman olacaq və bu gün də qəzəlin öz xiridarları var.

Mənim üçün qəzəlin ritmləri qəlb ritmləri kimidir. O ritmlər xüsusi heyranlıq doğurur. Sözün möhtəşəmliyi bu ritmlərlə pik nöqtəsinə çatır.

 

Mənim ömrümdə bahar, qış dəyişibdir yerini,

Ayırıbdır bu cahan, bir gecədən gündüzümü.

 

Nə danışsam, yenə hər cümlədə fikrim qarışır, 

Qoyulan nöqtə, nidalərdir, ağardan üzümü.

 

Mənə Allah özü ilhamı verib, şair edib,

Qoruyur hər gecə-gündüz, su töküb kəhrizimi.

(Lilpar Cəmşidqızı)

 

Lilpar xanım, Qəzəl janrına olan sevginizi nə zaman hiss etdiniz, Qəzəl janrı hansı özəlliyi  ilə Sizi özünə bağladı?

-Əziz Ülviyyə xanım, istəyirəm, tərcümeyi-halımla başlayım. Mən Cəmşidqızı Lilpar Cəmşid qızı 1965- ci il dekabr ayının 31-də Qədim Bərdə rayonunun "Bu Əhmədli" kəndində anadan olmuşam. Orta təhsilimi həmin kənddə almışam. Atam Cəmşid kişi əslən Təbrizdəndir. O öz dövrünün tanınmış aşığı olub və Dədə Şəmşirdən dərs alıb. Gözümü açanda evimizdə saz səsi eşitmişəm. Yaşadığım şərait məndə saza, sözə həvəs yaradıb. Orta məktəb illərindən şeir yazmağa başlamışam. Əvvəl qoşma, gəraylı və digər heca şeirləri yazmışam. Mütəmadi olaraq rayon qəzetində şeirlərim çap olunub. Orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün tale məni Bakıya və sonra Sumqayıta gətirib. Ali təhsilimi Azərbaycan Neft və Kimya institutunda almışam. İxtisasca mühəndis olsam da, poeziya məni öz qanadına alıb aparıb. 1000-dən çox heca şeirlərim var. Ancaq nə qədər yazsam da, elə bil ömrümdə nəsə catışmayıb. Və bu həvəs məni klassiklərin əsərlərini oxumağa vadar eləyib. Mən Məhəmməd Füzulinin, Seyid Əziz Şirvaninin, Şərəf xanımın, Əbülqasım Racinin, Əliağa Vahidin, İmadəddin Nəsiminin və. başqa klassiklərin əsərlərini oxuyub, onlardan bəhrələnmişəm. Əruz çox çətin bir elmdir. Mən bu elmə yiyələnmək üçün illərimi sərf eləmişəm. Şükür Tanrının böyüküyünə ki, əməyim hədər getməyib. Azərbaycanda əruzun 12 bəhri işlənir. Mən bu bəhrlərin hamısını yazıram. Hətta çox bəhrlər var ki, onların bir neçə növündə də yaza bilirəm. Qəzəl mənim həyatımdı, bir gün yazmasam, elə bilirəm, həmin gün yaşamıram. Əruz elə bir dəryadı ki, ora düşdün, çıxa bilmirsən. Mən 8 kitab müəllifiyəm. Azərbaycanda ilk rübai yazan mən olmuşam. Bu yaxınlarda mənim "Divan" kitabımın təqdimatı oldu. Azərbaycanda "Divan" yazan ikinci xanım mənəm. İlk "Divan" kitabını Gülarə Munis yazıb, ikinci mən. "Divan"kitabında bütün şeirlər əruzda yazılıb. Mən artıq həyatımı əruzdan ayrı sana bilmirəm. Əruzda hər bəhrin öz musiqisi var. Mənə qəzəliyyatı sevdirən bəlkə də o musiqilərdi. Hal-hazırda qəzəllərim tanınmış xanəndələr tərəfindən ifa olunur. Məni yaşadan da elə budur. Hərdən yazdığım qəzəlləri səsləndirməyi də sevirəm. Mən klassiklərdən bəhrələnsəm də, artıq ərəb-fars sözlərindən istifadə eləmirəm. Bəlkə, məni oxucularıma sevdirən qəzəllərimin sadə olmasıdır. İnşallah, ikinci "Divan" kitabımın üzərində işləyirəm. Sağlıq olsun, bu ilin sonuna növbəti "Divan"ımla oxucularımı sevindirəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 11:47

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

 

Allah orucunuzu qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2024-cü il

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar bu dəfə sizlərə “Zərif Kölgələr”in qadın yazarlarından biri olan  Aygül Özüvətənin gözəl şeirlərindən bir neçəsini təqdim edir…

 

  

 ELƏMİ

 

Ömrü boyu yolunumu gözləyim?

Saç ağarsın, bel bükülsün eləmi,

Şirin canı qatım acı zəhərə,

Verim cavan gəncliyimi yeləmi?

 

Misralarım fikirlərə darılır,

Həsrət, hicran yazılmaqdan yorulur,

Barmaqlarım qələmlərə sarılır,

Əllərimdən tutacaqdın beləmi?

 

Al Günəşin işığından əl üzüb,

Ayın nurlu baxışına göz süzüb,

Buludlardan kirpiyimə nəm düzüb,

Qoşulum o yağışlara seləmi?

 

Səni çəkib nəfəs kimi daşıdım,

Sevib-sevib ruhumadək oxşadım,

Mən özümü hara qədər yaşadım,

Kimə sorum cavab verməz diləmi?

 

 

DÜŞÜR

 

Kirpiklərim yorulur,

Baxışıma dən düşür.

Əlim sevincə uzaq,

Ovucuma qəm düşür.

 

Dünya üçün İnsan nə?

Qapılma çox zənninə,

Yerin göyün bətninə,

Bir ruh, bir bədən düşür.

 

Sən boyda yalan olmaz,

Mən boyda da həqiqət,

"Bir alına iki xətt",

Bilmirəm nədən düşür.

 

Soldan yenik sağım var,

Hüzün-hüzün çağım var,

Bir əlçatmaz dağım var

Səhər, axşam çən düşür...

 

Qələm bəndi qazanda,

Sətirlərdə azanda,

Mən özümü yazanda,

Mürəkkəbdən sən düşür...

 

 

GEDİRƏM

 

Bu dünyanın gərçəyinə kor olub,

Yumub gözüm, xəyalıma gedirəm.

Gecikmişəm bu həyatda çox şeyə,

Öz vaxtıma, zamanıma gedirəm.

 

Zalım olub vicdanımı yordular,

Qismət deyib, ürəyimdən vurdular,

Güvənimi, inamımı qırdılar,

Öz zənnimə, gümanıma gedirəm.

 

Sirrə dönsəm kimsə məni saxlamaz,

Min dərdimə bircə məlhəm bağlamaz,

Məni məndə İnsan oğlu anlamaz,

Öz yaxşıma, yamanıma gedirəm.

 

İçin-için Allahıma səslənib....

Dua-dua ovuclarda gizlənib,

Diz qatlayıb səcdələrə döşənib,

Öz dinimə, imanıma gedirəm.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bayaq taksidəyəm, evə qayıdırıq. Atam sürücüylə söhbət edir. Adam atamla yaşıd olar hardasa və danışığından bəlli olur ki, əxlaqlı insandı. Deməli, dayının 4cü kursda oxuyan bir oğlu, ikinci kursda oxuyan bir qızı, bir də balaca övladı var imiş. Deyir ki, mən qızımı oğlumla fərqli tutmadım, başa saldım ki, oxumalıdı, özü ayaqları üstündə durmalıdı, xəyallar qurub ona çatmalı və mənim onun arxasında olduğumu bilməlidir. Sonra davam edir ki, amma çox heyifim gəlir onlara və düşdükləri zəmanəyə.

 

"Qardaş, inan axşam saat 12-dən sonra mən taksiyə çıxmıram. Gözümün gördüklərinə ürəyim dözmür inan. And olsun yaradana ki, özüm namaz əhliyəm, heç kimin qızına, bir anaya, bacıya pis gözlə baxmaram, baxmamışam. Amma o dəfə 14 yaşlı qız uşağı mindi maşınıma dedi sür gedəy. 15 dəqiqə keçməmişdi maşını tüstü bürümüşdü. Baxdım ki, nə isə çəkir adını da bilmirəm o şeyin (elfbar). Dedim nə edirsən, döndüm üzünə baxmağa, görürəm uşaqdı,  soruşdum neçə yaşın var, deyir 14. Özü oturub yarıçılpaq və üzü gözü də əməliyyatdı. İnan heç deməzsən 14 yaşı var. And olsun qardaş, mən o uşağa pis niyyətlə baxmadım, amma mənim övladımdan da, balaca bir uşağı belə görəndə ürəyim parçalanır. Axı bu bizim əqidəmizdə yoxdur".

Biz cəmiyyət olaraq qarşı çıxmağa çalışırıq. Qadın hüquqları, azadlıq şüarları və s. Şiddətə qarşı çıxırıq, erkən nigaha qarşı  çıxırıq, cinayətlərə qarşı çıxırıq, mental qəliblərə qarşı çıxırıq, təhsildən, işləməkdən məhrum edilmiş qadınlar üçün kişilərə qarşı çıxırıq. Bəs gənclərin bu qədər çürüməsinə necə azad həyat deyib laqeyd qala bilirik? Düşünürükmü, 5-10 il sonra nə olacaq? Məsələn, günü gündən artan estetiklərin sonu hara gedir? Təsəvvür edin, 5-10 il sonra hamının düz burnu, iri sinəsi, incə beli, yekə yanı" olacaq. Hamı manqurta dönəcək, amma gec olacaq. Artan boşanma və 18yaşın altında abort saylarına nə deməli?Əxlaqsız porno verilişləri açıq-aşkar paylandıqca 15-16yaşlı uşaqlar yeniyetməlikdə səhvlər edəcək. "Ehtiras"qurbanı körpələr necə ağrılar çəkəcək, Allah bilir. Burda mən azad düşüncə, azad insan profilinin fəsadlarını aydın şəkildə görürəm. Amma mən də günahkaram. Qınadığım üçün, lağ etdiyim üçün, bilmədən anlamadan ön yarğı ilə yanaşdığım üçün. Özümü sevmədiyim, bədənimdə qüsurlar tapıb haçıyabənzər burunlu, dodaqlı, silikon görüntümlə özümü dəyərli hiss edəcəyimi düşündüyüm üçün. Laqeyd qaldığım və susduğum üçün.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 11:30

KİNO TARİXİMİZDƏN - ilk filmlərimiz barədə nə bilirik?

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il ölkədə ilk dəfə xarici filmlərin nümayişi baş tutmuş və həmçinin də ilk Azərbaycan filmləri çəkilmiş və göstərilmişdir.

 

1898-ci il avqust ayının 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” və s. xronikal sənədli və “İlişdin” adlı bədii kinosüjetlərini nümayiş etdirmişdi. Həmin gün həm də milli kinomuzun yaranma günü sayılır.

Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si ölkədə kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 

Gəlin yuxarıda adlarını sadaladığımız filmlərlə daha yaxından tanış olaq. 

1.

"Bibiheybətdə neft fontanı yanğını" - Reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən bu xronikal səssiz filmdə 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində baş verən dəhşətli yanğın hadisəsi öz əksini tapmışdır. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı - milyon pud neft olan anbar və 9 buruq od tutub yanır. 

2.

"Şəhər bağında xalq gəzintisi" - Müşahidə manerasında lentə alınmış bu səssiz kinosüjetdə Bakıdakı Mixaylov bağında (İndiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır.

Xronikal informasiya janrına aid olan bu kinolentdə müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş və tamaşaçılarda dövrün Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvürlər yaradılmışdır.

Bu film ilk dəfə 1989-cu ildə Bakıda V.İ.Vasilyev - Vyatskinin teatr-sirkində iyunun 21-də sirk proqramından sonra göstərilmişdir. 

3.

“Əlahəzrət Buxara əmirinin "Velikiy knyaz Aleksey" paraxodunda yolasalma mərasimi” - 1898-ci il iyul ayının 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu H.Z.Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodla Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşır. Hətta limanda qonağın şərəfinə orkestrdə çalır.

Protokol informasiyanın xəbər janrında çəkilmiş bu xronikal səssiz film məhz həmin təntənəli yolasalma mərasiminə həsr edilmişdir. 

4.

"Qafqaz rəqsi" - Filmdə əyninə milli paltar geymiş rəqqas  Qafqaz rəqsini ifa edir. Rəqqasın ağzında, əllərində və belində xəncərlər var. O, dövrə vurub hər dəfə səhnənin ortasına çatanda xəncərləri bir-bir başının üstündən atıb yerə sancır. Bu minvalla rəqqas xəncərlərin hamısını taxta döşəməyə sancır. Rəqs bitdikdə xəncərlərin hamısı yerə sancılmış vəziyyətdə göstərilir. 

Bu səssiz kinosüjet həm də Azərbaycan kinosunda film-konsert janrında çəkilmiş ilk filmdir. 

5.

"İlişdin" - Bu səssiz kinoyumoreskada Bakı şəhər bağında baş vermiş məzəli əhvalat əks olunmuşdur. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyaların birində oturur. Bu vaxt arxadan xanıma yaxınlaşan cibgir ehmalca onun qolundan salladığı əl çantasından pul götürmək istəyərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir qorxudan gözləri bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündənrazı halda gülümsəyir və ardından ciddi görkəm alıb cibgirə "İlişdin" deyir.

"İlişdin" kinosüjeti ilə həm də Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur. 

6.

"1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" - Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. 

 

Sözügedən filmlərin ssenari müəllifi, rejesoro və operatoru Aleksandr Mişon olmuşdur. 

Onu da qeyd edək ki, kinosüjetlər "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı", "Bibiheybətdə neft fontanı yanğını" var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.

2001-ci ildə Azərbaycan Dövlət Filmfondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri - "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Dövlət Filmfondunda qorunub saxlanılır. 

Yazımın sonunda qeyd edim ki, yazıma tanınmış kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinosu 1898 - 2002” fundamental tədqiqat işi mənbə olaraq dəstək verdi.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 09:30

Bu dəfə “Ulduz” uşaqlar üçün parlayacaq

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Sevimli jurnalımız “Ulduz” bu il ilk qədəmlərini xeyli gec atdı. Bu da ulduzsevərləri xeyli intizarda saxladı. Şükür ki, dalabadal həm yanvar, həm də fevral-mart sayları işıq üzü gördü. 

Budur, jurnalının növbəti sayı artıq əlimdədir. Gəlin onu birgə varaqlayaq. 

 

Dünya uşaq ədəbiyyatına həsr olunan fevral-mart sayı “Ulduz” jurnalı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin birgə layihəsi əsasında hazırlanıb.  

Jurnal filologiya elmləri doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın “Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək...” ön sözüylə açılır. 

Cavanşir Yusifli “Eqzüperinin duası” məqaləsini və böyük fransız yazıçısı Antuan Dö Sənt Eqzüperinin dünyaca məşhur  “Balaca şahzadə”sindən üç fəsli təqdim edir.

Hədiyyə Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı” romanı əsasında yazdığı “Əjdaha şərabı”nı oxucularla bölüşür.

Güneyli ustad şair Səməd Behrənginin “Balaca qara balığ”ı “Ulduz”un bu sayında üzdükcə üzür.

Orxan Aras Jücel Feyzioğlunun uşaq kitabları haqqında “Nağılına sevgi qoşan adam” yazısını təqdim edir.

Əziz Nesin “Abidəsi qoyulan milçək”lə yad edilir.

Jurnalın bu sayında Azər Turan oxucuları “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası”na aparır.

Süleyman Sani Axundovun “Əhməd və Məleykə” nağılı, “Klassik uşaq ədəbiyyatından seçmələr” uşaq ədəbiyyatının inciləri kimi təqdim olunur.

Sevinc Nuruqızı ”Uşaq ədəbiyyatında sevgi etirafı” yazısı ilə xoş ovqat yaradır.

Türkiyənin məşhur uşaq yazıçısı Nur Dombaycıyla Cavid Qədirin müsahibəsi uşaq dünyasından söz açır.

Reyhan Yusifqızının “Dünya dəyişdi, bəs uşaq ədəbiyyatı dəyişikliklərə uyğunlaşdımı?”, Mətanət Vahidin “Kitab – xəyal gücü sərhədsiz olan alternativ dünyadır”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında şöləsi” yazıları, Britaniya və Amerika uşaq şerindən seçmələr, Əhməd Cəmilin “Can nənə, bir nağıl  de” şeiri, Sevinc Elsevərin “Kinomuzda uşaqlar” araşdırma yazısı, Hans Kristian Andersenin həyatı və “Balaca İdanın çiçəkləri” nağılı, Nurlana İşığın “Uşaq məyusluğunun həqiqəti” yazısı jurnalın bu sayında yer alır.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Əzizə və Dəniz Bəhruzlulardır.

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 13:30

BİR SUAL, BİR CAVAB Qulu Ağsəs ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

Dəyərli Yaradıcımız Qulu Ağsəs, Siz otağınızda şeir yazarkən otağınızdakı güzgünün dili olsaydı, daxilinizi də hiss etsəydi, bizə nə söyləyərdi?  

 

CAVAB

 

İş burasındadır ki, ömür boyu xəlvət yazmışam. Lap uşaqlıqdan- məktəb vaxtı şeirlərimi düzüb -qoşanda məktəb uşaqlarından, ailəmdən utanardım. Bir küncdə yazar və sonra da onu möhkəm gizləyərdim. İllər ötdü, bax bu xasiyyətim dəyişmədi. İndi də hamıdan xəlvət yazır və yazdığımı evin bir küncündə gizləyirəm.

Yəni, sualınıza cavab olaraq deyim ki, yazdığım otaqda güzgünün dili olsa belə, heç nə deyə bilməz, çünki bu proses çox xəlvət gedir.

Bir də yazı ilə bağlı bir sirrimi açım. Mən əlimlə yox, ayağımla yazıram. Yəni, o baş-  bu baş evdə, həyətdə yeriyib şeir yaza bilirəm. Ona görə deyirəm ki, mən şeiri əlimlə yox, ayağımla yazıram.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 15:00

QISA FİKİRLƏR XƏZİNƏSİndə Hüseyn Atay

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Hüseyn Atayın fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Hüseyn ATAY:

 

Quranı kim yaradıbsa, Allah odur. Çünki belə bir kitaba Allahdan başqa heç bir qüdrət vücud verə bilməz.

 

***

Bir ayəti anlayaraq oxumaq bütün Quranı anlamadan oxumaqdan daha savabdır.

 

***

Hər zaman, hər yerdə, heç bir şərt qoşmadan Quranı aç, oxu və düşün; öz yolunu tapacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

  (09.04.2024)

 

Çərşənbə axşamı, 09 Aprel 2024 10:30

Mən sevim, sən sevmə - SEVGİDƏ ZOR OLARMI?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsan təbiətinin üç əsas xüsusiyyəti hansılardır? Düşünmədən cavab verərik ki, bioloji, intellektual və mənəvi. Əksərən bu xüsusiyyətlərə istinadən yaranan sevgi hissləri uzunömürlü olur. Amma çox təəssüf ki, hazırda bu xüsusiyyətlərin üçünü də öz kölgəsində qoyan maddilik xüsusiyyəti sevən kəslərdə dominantlıq etməyə başlayıb. İndi sevgidə şəxsi mənfəət axtaranlar, xüsusən hazırki kapitalizm cəmiyyətinin tələblərinə uyğun hərəkət edirlər. Özlüyündə gedonizm (həzz duymaq) və karyerizm (qarşı tərəfin üstünlüklərindən yararlanmaq) kimi halları birləşdirən maddilik geniş vüsət alıb. Bu dialoqları kim eşitməyib ki:

 - Qızı istəyən var.

 - Kimlərdəndir? Evi-eşiyi, işi-gücü varmı?

Yəni ki, sevənin gözəl-göyçək olmaq kimi fizioloji, sevən qəlbə malik olmaq, ağıllı, tərbiyəli, gözəl xasiyyətli olmaq kimi mənəvi, ali təhsilli, bilikli olmaq kimi intellektual tərəfləri maraq doğurmur, maraq doğuran onun regionu, valideynləri, var-dövlətidir, maddi tərəfləridir.

Uğurlu sevgi münasibətlərində bax bu faktor da nəzərə alınmalıdır, acı da olsa, «ayağını yorğanına görə uzatmaq», «özünəuyğun birisini tapmaq» zərurəti günümüzün sevgi münasibətlərinin qurulmasında ən vacib rol oynayan münasibətlərdəndir.

Xaraktercə də özünəuyğun birisini tapmaq, məhz yaxşı bələd olduğun birisi ilə ailə qurmaq istəyin özünü sonda tam doğrulda bilər. Bir tanışlıqla «ZAQS»a qaçmaq, az qala bütün ölkələrin teleefirlərində populyar olan evlilik proqramları vasitəsi ilə evlənmək əksər hallarda uğurlu ailə qurulmasına rəvac verə bilmir.

Sevgidə uğur qazanmağın bir tərəfi də illüziyalardan qopub çıxmaq bacarığıdır, qarşılıqsız sevgiyə, dəli kimi sevgiyə tuş olmamaq, bundan yayınmaq cəldliyidir. «Mən sənin sevgini istəyirəm», «Mən səni sevirəm, sən də sev» kimi tələblər nəyə lazımdır? Necə ola bilər axı, sənin ona olan hisslərini eynən də o sənə qarşı keçirsin?

Məşhur bir Azərbaycan mahnısı var, hazırda dünyasını dəyişmiş müğənni Rübabə Muradovanın ifasında dönə-dönə dinləməkdən doymazdım:

Mən sevim, sən sevmə, qoy belə olsun.

Sənə sev deməyənə cürətim var.

Ürək özünündür, özün bilərsən

Mənimsə dözumlu məhəbbətim var.

Görün necə gözəl sözlərdir. Məncə, sevgi münasibətlərinin ən lazımi səviyyəsini göstərir bu mahnı. «Sənə sev deməyə nə cürətim var!» Bax belə!

Növbəti dəfə qarşılıqlı sevgi barədə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Poetik Qiraətdə bu gün sizlərlə Azərbaycan Yazıçılar Birliyi sıralarına yenicə qoşulmuş Banu Muharrem görüşür. 

“Adı sevda olan soyuq bir xəncər” kimi sətri varsa, demək ki, bu sevgi şeiridir. 

Xoş mütaliələr! 

 

Qəlbimin ən dərin, isti yerində 

adı sevda olan soyuq bir xəncər.

_tutub çıxarsan...

_tutub çıxarsan...

 

Uçqundan sağ  çıxmış körpə uşaq tək

nəmli bir şəhərin toranlığında   

             leysan buludlara meydan oxuyan saralmış bir yarpaq.

_Tutub qoparsan...

_Tutub qoparsan...

 

Qürurun bitdiyi  dərd toxluğunda

Göylərdə yeriyib, yerlərdə uçan

qəribə ruhumdan qopsa həyəcan.

_Qucub saxlasan...

_Qucub saxlasan...

 

Xəyal quranlara  həsəd aparsan!

 

Udqunub susduğum xəyallarımda 

qalın  bir kitablıq  nə çox sözüm var.         

Ömür tükənməmiş, yuxum gəlməmiş

_susub oxusan...

_susub oxusan...

 

Qarın doyurmayan sönük ümidlə

vitrin şüşəsinə yansıyar gözüm

_baxıb utansan..

_baxıb utansan..

 

Darıxmaq qorxusu, qırğınlıqları 

itən sevgilərin, gedən dostların

Üzünə həkk olar son ünvanları..

_daha qayıtsan...

_daha qayıtsan...

 

Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.