Super User

Super User

Çərşənbə axşamı, 16 Aprel 2024 13:30

Cavanşir Yusifli, “EQZÜPERİNİN DUASI“

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq ədəbiyyatı həftəsindəyik. Bu gün sizlərə tanınmış tənqidçı Cavanşir Yusiflinin görkəmli fransız yazıçısı, uşaq ədəbiyyatı xəzinəsinə “Balaca şahzadə” əsərini bəxş etmiş Antuan dö Sənt Eqzüperi barədə qeydlərini təqdim edirik. Sabahdan isə “Balaca şahzadə” ilə tanışlığınız başlanacaq.

 

2020-ci ilin iyirmi doqquz iyun tarixində Antuan dö Sənt Eqzüperinin 120 illiyi tamam oldu. Məqsədim bu gecikmiş yubileyi qeyd etmək, bu qəribə taleli yazıçı haqqında avtobioqrafik mətn yazmaq deyil. İnsan həyatda çox səhvlər edir, bəzən istinadgah kimi bir şey tapır, ona sarılır, bəzən də tapmır, sol əlinin ovuc içi qapanır. Həm də ümidsizliyə qapanır. Başqa bir təsadüf də vardı. Onun “Balaca şahzadə” əsərini fransızcadan dilimizə çevirmişdim. Ön söz yazmalıydım. Elə bir şey ki, həyatı ilə yaradıcılığının kəsişdiyi nöqtələri göstərə bilsin. Bilmirdim nədən başlayım.

 Birdən onun haqqında yazılanları axtararkən iki şey çıxdı qarşıma. Həyat yoldaşı Konsuello haqqında xatirələr, bir də başqa bir şey, yəni ən vacib bir şey. Dua. O, məlum olduğu kimi, pilot olub, təyyarə sürüb ömrü boyu, Konsuello ilə də hava limanında tanış olub, Argentinada. Onu təyyarəsinə dəvət edib, havadaca deyib: siz məni öpmək istəmirsiniz? Eqzüperi insanlara təsir etməyi bacarırdı, o bu sahədə az qala maq kimi güclü idi. Ordan qayıdanda Andre Jid, o dövrün böyük fransız yazıçısı belə demişdi: Eqzüperi Argentinadan iki şeylə qayıtdı: həyat yoldaşı və bir romanı. Həyat yoldaşı ilə tanış olduq. Romanını oxuyub sevdik. Ancaq hər bir yazıçının ömründə onun taleyi ilə yaradıcılığının kəsişdiyi nöqtəni göstərən bir əsəri olur. Ya əlinə qələm alan kimi doğulur bu əsər, ya da çox sonralar. Bəzən heç gəlmir, yolunu nə qədər gözləsən də. “Balaca şahzadə” belə bir əsərdir. Bütün dünya oxuyub və öz dilinə tərcümə edib. Bu həm də janrı, janr xüsusiyyətləri etibarı ilə çox qəribə əsərdir. Nəsrdirmi? Əlbəttə, poeziyanın aşıb-daşdığı nəsr. Fəlsəfədirmi? Bəli, bütün fəlsəfi təlimləri gözdən salan bir əsər.

 “Balaca şahzadə” insanlara nəyi təlqin edir? Çox şeyi. Həyatın mənasını. Mənalarını. Onlar arasında baş verən faciə və bədbəxtlikləri. Həyatda sevinc ilğım kimidir. Xoşbəxtlik də. Qiyamətə qədər həyat belə olur. Ancaq bir şey də var. Sən bir gül əkirsən. Səhralıqda. Onu göz yaşlarınla sulayırsan. Səhrada tək-tənha bitən bu çiçəyin həyat eşqi işığa dönüb ulduzların qəlbində cücərir və əslində, dərk edirsən ki, o gül elə o ulduzun içində cücəribmiş. Və harda olsan, o ulduzun altındasan. O gülün necə nəfəs alıb-verdiyini hiss edəcəksən. Bu mənada Eqzüperinin bədahətən sevgilisinə baxıb yazdığı o dua yerinə düşür. İnsan yaşamaq üçün dua etməlidir. Geri qayıtmayan, təmənnasız dua...

 

DUA

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, səndən hər günüm üçün güc verməyini diləyirəm. Mənə kiçik addımların sirrini öyrət. Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə. Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi! Həyatda büdrəməmək, addım atdığım yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazımi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası ölçü hissini qorumağı öyrətməni istəyirəm. Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə də gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et. Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə. Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların həyatın təbii tərkib hissəsi olmasını adi qəbul edim. Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin. Bilirəm ki, heç nə eləməyəndə belə, bir çox problemlər həllini tapır zamanla, ona görə mənə səbirli olmağı öyrət. Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat. Mənə elə zəngın bir fantaziya bəxş elə kı, lazım olan məqamda, lazım olan yerdə da nışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim. Elə elə ki, lap həyatın dibində olan in sanlara əlim çata bilsin. Həyatda nəyinsə gözümdən qaçmağına ma ne ol. Mənə Səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver. Mənə kiçik addımların sirrini öyrət, İlahi!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 11:45

“İrəvan mətbəxindən nümunələr” layihəsində Bozbaş

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Bozbaşın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR 

§ Yağlı qoyun əti – 117 qr

§ Soğan – 25 qr

§ Noxud – 30 qr

§ Kartof – 75 qr

§ Albuxara – 15 qr

§ Zəfəran (sarı kök) – 0,1 qr

§ Duz – 5 qr

 

HAZIRLANMASI:

Yağlı sümüklü ət, soğan və əv- vəlcədən isladılmış noxud bişirilir. Kartofun qabığı soyulur, dörd yerə bölünərək (balaca olsa, bütöv) qatılır. Albuxara, sonda isə zəfəran və ya sarıkök əlavə edilir. Yayda isə içərisinə təzə alça, pomidor, bibər də əlavə olu- na bilər.

  § İstiot – 0,05 qr

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Poetik Qiraətdə bu gün sizlərlə Təranə Turan Rəhimli “Allah, məni gec böyütdün” şeiri ilə görüşəcək. Ənənəvi “şikayətnamə” ruhunda yazılan şeir zamanla arzuların uzlaşmamasına bir rekviyemdir sanki. 

Xoş mütaliələr! 

 

ALLAH, MƏNİ GEC BÖYÜTDÜN

 

Allah, məni gec böyütdün,

Nəyə əl atdım gec oldu.

Gecikdiyim hər qapıda

Neçə ümidim heç oldu.

 

Gec tanıdım səhvi, düzü,

Bu dünyanın dönük üzün,

Qoynuna qısıldım sözün,

Sözdə isinib güc aldım.

 

Yürüdüm işığa, səsə,

Zülmətlə nəfəs-nəfəsə,

Uzun yolu gəldim kəsə,

Yenə həyata gec qaldım.

 

Daldım bir şirin nağıla,

Qıymadım sehri dağıla,

Ayıldım yana-yaxıla,

Divlər içində puç oldum.

 

Fələk namərd oyununda,

Düzün kəndiri boynunda.

Haqq deyib əli qoynunda

Gözləməkdən ağac oldum.

 

Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 14:30

BİR SUAL, BİR CAVAB Əlizadə Nuri ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Şeytan qoşa- qoşadı,

Mən hansına daş atım?!

... Səhra ömrü yaşadım-

 Qoy, indi qum-qum ölüm... 

(Əlizadə Nuri)

 

Əziz Şairimiz, " Şeytana" qalib gəlməyin birinci şərti nədir?

 

CAVAB

Adamlar çox vaxt ona görə yıxılırlar ki, ayağlarına etibar etmirlər.

Birinci şərt, yəqin ki, o şeytanı içində öldürmək, Allaha hər gün daha yaxın olmaq, necə deyərlər, Allahın qonşuluğunda yaşamaq, sonda onun "Böyük Evi"nə köçməkdir.

Qalan bütün şərtlər sadəcə, təfərrüatdır. Hətta ona daş atmaq belə...

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 15:00

Niyə sərv və niyə şam, ay adam?

Sadıq Qarayev, yazıçı, Biologiya üzrə fəlsəfə doktoru, dosent - “Ədəbiyyat və incəsənət” üçün

 

Nədənsə həmişə sərv, xüsusilə şam ağaclarından xoşum gəlməyib, onlara yad və süni kimi baxmışam. Bəzən onlar olan yerləri də elə bilmişəm…

 

Düzdür, məntiqcə qəbul edirəm ki, pis, lazımsız bitki yoxdur, hətta zəhərli, görünüşcə xoşumuza gəlməyə bilən növlər də ən qiymətlidir. Amma yenə də bu cupresus simperviensis- həmişəyaşıl sərvdən, pinus- şamlardan xoşum gəlmir ki, gəlmir.

Elə onları əkib, guya yaşıllıq salmaq işlərinə də bu ağacların özü kimi sünilik, plan yerinə yetirmək, can qurtarmaq mənasıyla baxıram.

Hara baxırsan sərv əkirlər, kimə baxırsan sərv əkir. Bəzən elə bilirəm ki, bunlar ting yox, şimaldan gəlmiş adamlardı, torpağımızı işğal edirlər...

 Bir də nədənsə bu torpaqları şamla, sərvlə doldurmağı vəzifələrə xarici dil bilənləri əkməyə bənzəndirəm. Öz floramız və öz dilimizə niyə yabanıcasına göz bərəldirik?

Elə, bir xarici görəndə də üzündən gedirik...

Aşağıda yerli, "doğma" ağac növlərindən  yazacam, onların çoxu nadir, relikt növlərdir.

Bunlardan əkin yaşıllıqlar, parklar salanda, yalandan özünüzü ağac əkən kimi göstərmək istəyəndə. Bu həm də həmin  bitkiləri artırmaq, genefondunu qorumaq deməkdir.

" Yaşıl dünya naminə həmrəylik" ilində ürəklə ağac əkin, yenə sərvləməyin, şamlamayın.

Bir də bu növləri aprel, may aylarında təzə yarpaqlayanda, çiçəkləyəndə xəyalən onların necə gözəl, xınalı gəlinə bənzər, nazlı, doğma olması ilə, şimallıların qartımış, quru qarılarına oxşar sərv, şam yarpaqları ilə müqayisə edin.

"Yaşıl dünya naminə həmrəylik ilində" əkilməsi tövsiyyə edilən Azərbaycan florasının relikt və nadir növləri:

Acer velutinum Boiss- nəhəng və ya məxməri ağcaqayın, A.pseudoplatanus L.-yalançı çinaryarpaq ağcaqayın,  Alnus barbata C.A.Mey- saqqallı qızılağac, Betula raddeana Trautv.-radde tozağacı, Carpinus  orientalis Mill.-şərq vələsi, Corylus avellana L.- adi fındıq, Fagus orientalis Lipisky.-şərq fıstığı, Castanea sativa Mill.-adi şabalıd, Quercus castaneifolia C.A.Mey- şabalıdyarpaq palıd, Q.iberica Stev. Ex Bieb.–gürcü palıdı, Cornus mas L.– adi zoğal, Fraxinus coriariifolia Scheele.- sumaqyarpaq göyrüş, F.excelsior L.- adi göyrüş, Juglans regia L.-adi qoz, yunan qozu, Philadelphus  caucasicus Koehne- qafqaz leyləkotu, Pterocarya pterocarpa (Michx) Kunth.-qanadmeyvəli yalanqoz, Tilia begoniifolia Stev.(T.caucasica Rupr.)- qafqaz cökəsi, Zelkova carpinifolia (Pall) C.Koch- vələsyarpaq azat ağacı,  Vitis silvestris C.C.Gmel.-meşə üzümü.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 13:00

TRİBUNAda İradə Tuncay “Təkrar biliyin anasıdır”la

“Ədəbiyyat və incəsənət” portalının TRİBUNA rubrikasında bu gün dəyərli publisist və jurnalist, “Ədalət” qəzetinin Baş redaktoru, Məmməd Araz yadigarı İradə Tuncaydır. O, “Təkrar biliyin anasıdır” deyir. 

 

Bir vaxtlar sərhədlər yenicə açılanda məşhur, qeyri -məşhur müğənnilərimiz üz tutdular Türkiyə Cumhuriyyətinə. Buralar dar gəlirdi həmin vaxtlar onlara. Getdilər, gəldilər, bir xeyri olmadı. Sadəcə pul tökdülər. Bazarın axı öz qanunları var. Onu idarə edənlər bilir - nə vaxt kim daxil ola bilər, nə vaxt kim çıxa bilər... Yəni hər sahə belədir. Futbolu da, kinosu da, meyvə satışı da... Bir ara ədəbiyyatda Nobel qızdırması  yaşandı. Eyforik. Eyforiyaya yer yoxdu burda. Qızıl qaydalar var. 

Sovetin içində kiçik xalqlara diqqət oyun-siyasəti vardı. Məsələn, Dağıstanda Rəsul Həmzətovun çiyninə qonmuşdu şahlıq quşu. Seçmişdilər onu. Atası avarların aşıqlarından idi, qardaşı müharibəyə gedib qayıtmamışdı. Uyğun görmüşdülər ki, kiçik  dağ xalqlarını o təmsil edə bilər. Nə yazdığının, necə yazdığının əhəmiyyəti yox idi. Tərcüməçilər hər şeyi yerinə qoyacaqdılar. Bəstəkarlar və müğənnilər də öz işlərini görəcəkdilər - şeiri mahnılar çox populyar edir axı. Beləcə, Həmzətov dahi olmuşdu. ...

Müxtəlif sahələrə aid eləmək olar bunu. Türkmənistanda rus rejissorlar film çəkib türkmən birinin familiyasını yazırdılar titrlərdə. Türkmənlər heç kinoya baxmaq nədir, bilmirlər, nəinki kino çəkmək...

Bu gün həmin işi Amerika edir. Məsələn, hansısa yetim bir ölkədən Xalid Hüseyn tapılır və PR, reklam kampaniyası başlanır. Başqa cür mümkün deyil .

Lap Şekspir tərcümə eləsə də mümkün deyil. 

Amma bir gün siyasətin çarxı dönsə, ona bir söz deyə bilmərəm. 

Təkrar biliyin anasıdır! 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 12:30

Faiq Hüseynbəylinin sevdiyi şeir Salam Sarvandandır

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı dəyərli şairimiz Faiq Hüseynbəylidir.

 

-Xoş gördük, Faiq bəy.

"Şair həqiqəti sübut etmir, onu göstərir." (V. Belinski)

Biz Faiq Hüseynbəylinin  "qələmindən süzülüb sıraya düzülən sözlərində" duyğular dənizini, küləyin gücü ilə səmaya can atan dalğaları, sevginin əzablı yollarını aşkar görə bilirik.

Faiq bəyin poeziyaya sevgisini elə şeirlərinin gözəlliyindən də duymaq olar.

Bəs elə bu an üçün Faiq bəyə söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə." 

O bizə hansı şeiri söyləyər?

 

-Sevdiyim şeirlər və şairlər çoxdur. Sualınızı şərti hesab edirəm və mənə görə ümumiləşdirilmiş xarakter daşıyır. Bədii mətn canlı orqanizm olduğu üçün, ayrılıqda fərdi şəkildə təqdim etmək çətin olduğu qədər məsuliyyətdir. İnsan təbiətin bir parçasıdır. Ədəbiyyat sözünün kökü rus, ingilis dillərindən tərcümədə təbiət anlamına gəlir. Ədəbiyyatın işi təkcə vəsf etmək, maarifləndirmək deyil. Ədəbiyyatın missiyası həm də milli düşüncəni, dili qorumaq, inkişafına təkan vermək, altşüurda yaşayan kodları nəsildən-nəslə ötürməkdir. Qayəsi, məramı eşqlə yoğrulan misralar bizi dünənimizdən sabahımıza götürür. Şeir haqqında konkret teorem yoxdur. Şeir bir enerjidir. Hansı ki, yaradılışdan bu günə kimi biz bu enerjinin ətrafında şəkillənirik. Eşqi göylərin uca mehrabı sayan Nizamidən tutmuş, "bir zərrənin işığına milyonlar şərik" deyən Məmməd Araza kimi TƏBİƏT-İNSAN-SÖZ üçbucağının fəlsəfi enerjisi sərgilənir. İnsan təbiətinin təlatümü Musa Yaqub şeirlərini ağuşuna alır. Əslində, duyduğumuz, gördüyümüz, hiss etdiyimiz, xatırladığımız, arzuladığımız nə varsa, ruh halımızda olan boşluğu doldurmaq üçündür. Bu ümumiləşdirilmiş obraz Cəfər Cabbarlıdan Bəxtiyar Vahabzadəyə qədər ANA xətt təşkil edir. Dədə Qorquq boylarından qəhramanlıq dastanlarımıza yön alan SÖZ hər zaman birlik, dirilik rəmzi kimi vətən sevgisini tərənnüm edib. Mütləq ən yaxşı şeiri mövzular üzrə dəyərləndirməyi daha doğru hesab edirəm. Ana haqqında ən yaxşı şeir kimi Cəfər Cabbarlı, satirik mövzuda M.Ə.Sabir, uşaq ədəbiyyatı mövzusunda Abdulla Şaiq, Abbas Səhhət, sərbəst mövzuda Rəsul Rza, vətən haqqında Səməd Vurğun, Ramiz Qusarçaylı, sevgi mövzusunda Zəlimxan Yaqub, Musa Yaqub, Məmməd İsmayıl, Ayaz Arabaçı, Əjdər Ol, Nüsrət Kəsəmənli, İlqar Fəhmi və başqalarının yaradıcılığından nümunələr göstərmək olar. Gənclərdən Anar Aminin, Elşad Baratın, Vasif Zöhraboğlunun və bir çox gənc ədiblərin yadda qalan ədəbi nümunələri var. Əslində, bu layihəniz ayrı-ayrılıqda hər bir şairin oxucu kimi zövqünü təqdim edir. Bu layihəniz üçün öz fəlsəfəsi ilə çağdaş ədəbiyyatın öncüllərindən olan, poeziyası ilə heyrətləndirən, özündən sonra ədəbi yola çevrilən Salam Sarvandan bir poetik nümunə təqdim edirəm. 

 

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA 

 

Alın yazısında imza yeri boş –

edam fərmanıdı, qollamaq olmur.

Nifrət elədiyin ayağını da

bir addımdan uzaq tullamaq olmur. 

 

Dayan bir dəqiqə bir «yox» de mənə,

hər gecə yuxuma girib yatan qız.

Adamı arxadan gəlib ötərlər,

ay məni qarşıdan gəlib ötən qız. 

 

İndi bu qış ömrü sürüşmək gərək…

Bizi qar ötürər, dolu qarşılar.

Bu da ki sonuncu teleqramım:

mən gələr olmadım, yolu qarşıla.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizə güneyli soydaşımız Mehdi Səhəndinin şeirlərini təqdim edir. 

 

 

QAN

Gözlüklərə arxalandıq 
Qarşımızdakı hər nəyi aydın görmək üçün. 
Nə yazıq bizlərə! 
Sanırdıq mat baxır bizə hər nə, 
Ancaq mat kimi baxırdıq biz hər nəyə. 
Çaşmış kimdir? Biz?
Yoxsa qarşımızdakı hər nə? 
Mən 
Kor olmaq istəyirdim 
Gördüyüm bütün şeylərə. 
Bu ana, anlara və hətta analara 
Burada analar hər gün qan udub, 
Qan əmişdirdilər körpələrinə. 
Onunçün hər gün, səhər kimi düşünə bilirəm dostum: 
"Bizlər burada bir-birimizin yaralarını yalamaqla təsəlli tapırıq
Yara demişkən hələ də ağzımda qan dadı var." 
Hələ də bizdə yalamağa tamarzı dil,
Hələ yalanmamış yaralar. 
Hələ əmilməmiş qanlı döşlər 
Hələ başlanmamış döyüşlər var
Və "igid qanı coşğun olar" - dedilər bizə 
İgid, canını əlinə alıb 
Qanını tavamıza tökdü. 
Buyurun lütfən, qan aydınlıqdır
Dodaqlarınıza qırmızı yaxın xanım 
Bir istəkan da siz için, ana özgə qanı deyil ki 
Öz oğlunuzundur. 
Siqaretimi söndürümmü yaralarınızda? 
Biz 
Üzgün, 
Qırğın, 
Darğın, 
Bilmədən intiharlı şəhərin siqaret kimi bizi qanlı
Dodaqlarında alışdırmasını hiss edə bilmədik 
Ancaq külünü yaralarımızda söndürdükcə çığırdıq. 
Daha bizə mat kimi baxan yox 
Və qarşımızda heç nə mat olmadan 
"İgid qanı coşğun olar" - dedilər. 
Olsun, qan aydınlıqdır deyə 
Biz qorxaqların da 
Gözlüklərinə qan səpdilər.



TİKANLI GÜL 

Bu boyda dağ içində,
Təki mənəm bitən gül.
Bəlkə elə o mənəm, 
Çiçəklikdən itən gül. 

Dağ allahın gücüdür,
Mən allahın əsiri. 
Heç bilmirəm olmuşam, 
Nə günahın əsiri? 

Üzdü bu həsrət məni, 
Biri məni dərmədi. 
Kiçik məktub içində, 
Birinə göndərmədi. 

Bəlkə acı çiçəyəm, 
Bunu bu dağ demədi. 
Məni nədən burada, 
Bir ac quzu yemədi? 

Yadam bu dağ içində, 
Bura necə ev deyim? 
Çevrəmdə bir bülbül yox, 
Ona, məni sev deyim. 

Qayğı necə çəkməyim? 
Mənəm vaxtsız yetən gül. 
Bu boyda dağ içində, 
Təki mənəm bitən gül.



TƏBƏSSÜMÜN QAÇIB SƏNİN

Baxışların ögey baxır,
Təbəssümün qaçıb sənin. 
Bədbəxtini dindirmisən,
Bəxti qapın açıb sənin? 

Sevgimizi qıydın sına, 
Çöp uzaltdın arasına, 
Bəlkə deyim başqasına, 
Boş ürəyin uçub sənin. 

Xırda-iri ölü də var, 
Duri-diri ölü də var, 
Cismin bəlkə diri yaşar, 
Ruhun bəlkə köçüb sənin. 

Bizdə ayrılar birisi, 
Gerçəyin yoxdur gerisi,
Daş ürəksən, daş gülləsi,
Ürəyinə keçib sənin.

 

 

İÇİMDƏ İNTİHAR EDƏN CANAVAR


Çevrəmi buz tutmuş qar çiçəyiydim, 
Günəşə boylandım qarlar içində. 
Mən hələ özümlə heç-heçə idim, 
Kor kimi gülürdüm karlar içində. 

İçimdə bir sümük ağzına alıb, 
İçimi tökürdü canavar biri. 
Cəmdəyi deyəsən dişinə çalıb, 
Leşimi sökürdü canavar biri. 

Özüm, öz içimdən yıxılmaqdaydı, 
Qanımı tökdülər fışqıranmadı. 
Xırxıram əlində sıxılmaqdaydı,
Nə qədər can atdım qışqıranmadı. 

Sonra yorğun idim, dizə çökürdüm, 
Yanımdan bir tanış kölgə ötüşdü. 
Və səsimə geri döndü, öskürdüm, 
Gözüm ovcundakı gülləyə düşdü. 

İçimdə gözləri sürünür hələ, 
Baxışlar altında ayaqlanırdım. 
Sınırdı arada körpülər belə, 
Bir tanış ürəkdən uzaqlanırdım. 

Gözləri hələ də baxırdı mənə, 
Canavar donunu biçib boyuna. 
Canavar içimdə intihar etdi, 
Sonuncu köynəyim yırtıldı, ana!..

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 12:00

Qış yuxusu

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Zaman su kimi axır və bu axıntı səni də özü ilə bərabər fərqli diyarlara səpələyir. Yalnız səyahətin sonunda gözlərini açıb ətrafa baxırsan ki, gəldiyin yol eyni olaraq qalıb, lakin sən eyni deyilsən. Həyat səni bir döyüşçüdən bir izləyiciyə çevirəcək qədər böyüdür. 

 

Artıq əsas məqsədin kiməsə nəyisə isbat etmək deyil, doğru cavabı elə özün bil bəsindir. Artıq əldə etdiklərindən artığını istəmirsən, sadəcə olduğun mövqenin ən idealı olmaq üçün can atırsan. Və... bunun səs-küylü, şiddətli qışqırıqlarla da həll edilməyəcəyinin fərqindəsən. Artıq düşmən qazanacaq qədər axmaq deyilsən, çünki bir dəfəlik silməyi bacaracaq qədər böyümüsən. Danışaraq bir çox şeyi həll edə biləcəyinin fərqində olsan da, susaraq meydandan çəkilməyi hədəfləyirsən. Güvənərək yeni təməl nöqtə inşa edəcəyinin fərqindəsən, fəqət ömrünün bəlli periodlarını dərindən süzgəcdən keçirib bir çox hallarda özünə belə güvənmədiyini xatırlayırsan. İndi insanlar həyatından bir-bir getsə belə, bunu dərd edəcək qədər yazıq deyilsən. Ona görə ki, gedənlərin yoxluğuna var olduqları andan etibarən alışmısan. Sevginin yaşından çox çaları və yaxud xisləti ilə qarşılaşsan da, gələcək ailə prizmasında elə özünün də həmin sıradan ailələrdən biri olacağından qorxursan. Bəlkə də, əsas məsələdə elə budur ki, sıradan olmaqdan qorxursan. Lakin günlər ötdükcə sıradan biri olmaqdan boyun qaçıra bilmirsən. Hər kəs kimi, onlar kimi, bir qaya parçası, palçıq topası, buz xəncərləri kimi...

Şübhə yoxdur ki, indi bir çoxu üçün idealsan, amma özün özün üçün ideal biri olmağı çoxdan unutmusan.İndi sadəcə işıqları söndürüb,  bacarsan ayıdan qış yuxusunu sənə verməsini xahiş edib uzun bir yuxu yatmağa ehtiyacın var.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 14:00

O Şəmil Sadiqdir!

Könül, “Ədəbiyyat və incəsənət”

 

Şəmil Sadiq adi kimə tanış deyil ki? “Hədəf” liseyi və “Hədəf” hazırlıq qrupunun yaradıcısı və rəhbəri, “XAN” və “Hədəf” nəşriyyatlarının qurucusu və rəhbəri, ANAİB - nəşriyyatlar birliyinin ideya müəllifi və rəhbəri, “Odərlər” kimi gözəl bir romanın müəllifi… Tək bunlarmı? Yenicə xəbər tutmuşam ki, Şəmil Sadiqin şairliyi də var. Və bu gün onun lap yeni yazdığı bir şeirini sizlərə təqdim edirəm. 

 

Yer yox ikən, 

Göy yox ikən,   

                          bir idik, 

Yer yarandı, göy yarandı bölündük! 

Paraçalandı, genişləndi dünyamız! 

Bir can ikən cinsdən sinsə  bölündük, 

Ruhu ayrı, cismi ayrı oldu can! 

Tək olmadı, iki oldu dünyamız! 

Cəhənməmə, cənnətələrə bölündük! 

 

Bölündükcə böyüdük, 

böyüdükcə bölündük! 

 

Tayfa idik, millət olduq böyüdük, 

Millət-millət  ümmət olduq böyüdük,  

Dinlərimiz parçalandı  məzhəbə

Dindən dinə inanc-inanc bölündük! 

 

Bölündükcə kiçildik, 

kiçildikcə bölündük! 

 

Zərrə olub Ümmanlara yığıldıq, 

Zərrələrdən ümman qurub sıxıldıq, 

Çox allahdan, tək allaha, 

Tək allahdan çox allaha, 

Çarəsizcə sığındıq, 

Elçi-elçi, tanrı-tanrı bölündük! 

 

İçimizdə hökm sürdü xeyir-şər, 

Məndəki mən öz mənimdən bixəbər, 

İçə başqa, dışa başqa göründü, 

Özümüzdən özümüzə bölündük! 

 

Bölündükcə kiçildik, 

kiçildikcə bölündük! 

 

Bəlkə, elə….

Birlik deyil, ikilikdir kutsalım, 

Biz təkliyi uyduraraq yaşadıq, 

Tək olmadı, xislətimiz, ruhumuz, 

İkiliyi bir edərək yaşadıq! 

Həqiqəti yalanlara caladıq!

İkiləri bir-bir edib  bölündük, 

İkimizi bir edərək göründük! 

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.