
Super User
Oktyabrın 2-də regionun ən böyük beynəlxalq kitab sərgisi açılacaq
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-8-də Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.
Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub. Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək.
Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib
Estoniya paytaxtında Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü böyük uğurla keçirilib. Tədbir rəssam Rövşən Quliyevin təşəbbüsü ilə “Qarabaşlılar qardaşlığı” Evində təşkil olunub.
AzərTAC xəbər verir ki, bayramın təşkilində İnteqrasiya Fondu, Mədəniyyət və İdman İdarəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi iştirak edib.
Gecənin xüsusi qonağı Tallin tamaşaçıları üçün ənənəvi Azərbaycan aləti olan sazda melodiyalar ifa etmək üçün Bakıdan gəlmiş Mübariz Əliyev olub. Tədbirdə, həmçinin qarmonda folklor əsərləri ifa edən musiqiçi Elnur İmanov və “Grace” rəqs qrupu çıxış ediblər. Eston milli rəqslərini ifa edən, bununla da iki xalqın dostluğunu və mədəni müxtəlifliyini nümayiş etdirən Estoniyanın “Leesikad” qrupunun çıxışı gecəyə xüsusi ovqat qatıb.
Tədbiri çoxlu sayda tamaşaçı ziyarət edib. Fəxri qonaqlar arasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətləri və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Tədbirdə, həmçinin Almaniya və Finlandiyadan da qonaqlar iştirak edib ki, bu da bayrama beynəlxalq xarakter verib.
Təşkilatçılar bütün iştirakçıları Azərbaycanın milli yeməkləri və şirniyyatlar, nar şirəsi və şəraba qonaq ediblər.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu seçilib
Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yeni tərkibli Milli Məclisin ilk iclası keçirilib. Bu gün həm də Milli Məclisin bütün komitələrinə sədrlər seçilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət komitəsinə sədri Polad Bülbüloğlu seçilib. Dünyaşöhrətli müğənni, nazir, səfir indi də millət vəkili və komitə sədri yükünü çəkəcək.
Digər təyinatları təqdim edirik:
– Arzu Nağıyev – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri
– Zahid Oruc – İnsan hüquqları komitəsinin sədri
– Sadiq Qurbanov – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri
– Tahir Rzayev – Aqrar siyasət komitəsinin sədri
– Musa Quliyev – Əmək və sosial siyasət komitəsinin sədri
– Əhliman Əmiraslanov – Səhiyyə komitəsinin sədri
– Hicran Hüseynova – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
– Şahin İsmayılov – Gənclər və idman komitəsi
– Fazil Mustafa – İctimai birliklər və dini qurumlar komitəsinin sədri
– Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
– Azər Əmiraslanov – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri
– Əli Hüseynli – Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
– Anar İskəndərov – Elm və təhsil komitəsinin sədri
– Siyavuş Novruzov – Regional məsələlər komitəsinin sədri
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
TMİF ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb
Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fond ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında ortaq tarixi köklərə malik Türk ölkələri və xalqlarının mədəni əlaqələrinin genişləndirilməsi, eləcə də Türk dünyasının ədəbi və mədəni irsinin beynəlxalq aləmdə təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev imzalayıblar.
Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verməkdir.
Sənəddə Türk dünyasının maddi-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi, həmçinin türkologiya sahəsində əməkdaşlıq kimi vacib məsələlər yer alıb.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
Respublika Veteranlar Təşkilatında araşdırmaçı jurnalist, türkoloq Aida Eyvazlı Göytürk ilə görüş keçirilib
21 sentyabr 2024-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Yazıçı-publisist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyətindən, mübariz qələm adamı kimi, hər zaman yaradıcılığında haqqın-ədalətin yanında olmasından, peşəkar fəaliyyəti ilə və iti qələmi ilə hər zaman uğurlara imza atdığından, türk dünyasının təsis etdiyi önəmli mükafatlarına layiq görülməsindən danışıb.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən polkovnik Cəlil Xəlilov, Aida Eyvazlının yaradıcılığına, bu yaradıcılığın türk tarix və mədəniyyətinin tədqiqi baxımından roluna toxunub. Aida Eyvazlının yaradıcılığının əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirən Cəlil Xəlilov, onun tərcüməçi kimi də böyük uğurlara imza atdığını vurğuladı. Jurnalıistin qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin azərbaycan dilinə tərcümə etdiyi əsərlərin tarixi əhəmiyyətindən danışıb.
“Şəhid ailəlrinə dəstək” İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşlərinin şəhidi ƏbdülMəcid Axundovun anası Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru , ictimai xadim, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva çıxış edərək Aida EyvazlıGöytürkün yaradıcılığı, onun şəhidlərimizə həsr etdiyi kitabları, türk dünyasının şəxsiyyətləri və onun əsərləri barədə etdiyi tərcümələri, yaradıcılığı boyu türk irsi və tarixinə dair apardığı araşdırmalar, yazdığı məqalələr, eləcə də Azərbaycan Televiziyasında müəllifi olduğu “Qızıl alma” proqramının, türk dünyasının mədəni irsinətövhəsindən, Vətənimizin tarixinin və həqiqətlərinin dünyanın bir çox türkdilli ölkələrində yayılmasındakı əhəmiyyətindən, Azərbaycana qazandırdığı dostlardan söhbət açıblar.
Aida Eyvazlı Göytürkə vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.
Tədbirin sonunda çıxış edən Aida Eyvazlı görüşə gələn qonaqlara təşəkkür edib, yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verib.
Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
Bişkekdə Türk İrsi Mərkəzi yaradılıb
Bişkekdəki Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində (KNU) Türk İrsi Mərkəzi yaradılıb
“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fonduna (IFCTH) istinadən xəbər verir ki, qurum dünyanın müxtəlif ölkələrində şöbələri olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun (IFCTH) himayəsi altında fəaliyyət göstərəcək. Mərkəzə Kayrat Osmonəliyev rəhbərlik edəcək.
Mərkəz türk xalqlarının arxeologiyası, tarixi, etnoqrafiyası, folkloru, dilləri və ədəbiyyatı sahəsində fundamental tədqiqatlar aparacaq.
Bu fəaliyyət təkcə nəzəri tədqiqatlardan ibarət olmayacaq, həmçinin tarix-mədəniyyət obyektlərinin və qeyri-maddi irs abidələrinin öyrənilməsi və qorunmasına yönəlmiş proqramların dəstəklənməsi nəzərdə tutulur.
Xatırıadaq ki, 2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı səfirliyi mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması məsələsi üzərində iş aparılıb. Nəticədə əməkdaşlığa dair Memorandum imzalanıb və sentyabrın əvvəlində universitetin Elmi Şurasının qərarı ilə Türk İrsi Mərkəzi yaradılıb. Yaxın vaxtlarda IFCT-dən qrant alınması gözlənilir.
Mərkəzin fəaliyyətinin türk xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə, adət-ənənələrin öyrənilməsinə və dostluq tellərinin möhkəmləndirilməsinə yönəldiyini diqqətinizə çatdırmaq istəyirik.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
Təranə Turan Rəhimli poeziyasının fantastik sevgi dünyası - SERGİO KAMELLİNİ
“Ədəbiyyat və incəsənət” portalı İtalyan şairi və psixoloqu Sergio Kamellininin tanınmış yazarımız Təranə Turan yaradıcılığından bəhs edən məqaləsini təqdim edir.
Tanınmış Azərbaycan şairi və yazarı Təranə Turan Rəhimli öz yaradıcılığında poeziyanın necə bir universal semantik dilə malik olduğunu göstərir. Onun görkəmli italyan şairi Claudia Piççinnonun ingilis dilindən italyan dilinə ustalıqla tərcümə etdiyi şeirləri bu fikri əhəmiyyətli dərəcədə təsdiqləyir və qüvvətləndirir. "Məndə daşa da sevgi var" ( italyanca: "Ho amato persino la pietra", İtaliya, Cuscino di Stelle" nəşriyyatı, 2023) şeirlər toplusu isə bir çox yönüylə, hətta avtobioqrafik eyhamlarıyla da fantastik sevgi dünyasında gəzişir. Kitab Təranənin orijinal poetik dünyasına daxil olmaq üçün əlamətdar başlanğıc olan “Sevgimdən tanıyacaqlar” şeiri ilə başlayır. Niyə orijinal? Çünki sevgidə həm hər şey, həm də hər şeyin əks tərəfi (bütün mövcudluğa əks olan) var: həqiqət, yalan, kobudluq, şirinlik, çaşqınlıq, həsrət, xoşbəxtlik, ağrı, dindarlıq, həyat, ölüm, ziddiyyətlər... Şair öz poeziyasında tez-tez konkret bir şeirin başlığından - adından sonluqda istifadə edir. Sərlövhənin bu şəkildə sonluğa əlavə edilməsinin, başlığın təkrarlanmasının özü bir növ Freydin subliminal, şüuraltı mesajında olduğu kimi əsərin əsas mövzusunu vurğulayır. Bİr neçə şeirində müşahidə etdiyimiz tək, “Ömür sürət qatardır” şeirində də şair xeyirxah Allahı xatırladır:
Allah, məni kimdi qovan,
Kim bu nəfəsimi kəsən?
Kimdi ömrü tələsdirən?
Kimdi içimdə tələsən?
Buna görə də, bu lirikada Onun varlığı yalnız sətirlər arasında oxuna bilən sevgi kəlməsindən azad, gündəlik hadisələrin tez bir zamanda keçmişə, dünənə çevrildiyi dörd sualdan asılı görünür. Bu olduqca qapalı, sirli bir poetik tərənnümdür:
Bu günüm tez dünən olur,
Sabahı qucub gedirəm.
Mən həyatı yaşamıram,
Üstündən uçub gedirəm.
“Sabahın xeyir, Roma!” şeirində isə Vatikan da daxil olmaqla, bütövlükdə Əbədi şəhərlə bağlı şirin bir həsrət dilə gətirilir. "Qarlı qışın ortasında gülümsəyən günəşinlə dünyanın hər pisliyindən uzaq sabahın xeyir!".
Qədim, ulu Vatikan!
Dövrəndə xoşbəxt həyat,
Pozulmasın bu növraq,
görməyəsən nahaq qan!
Ey Marçello teatrının
sükuta dalmış səhnəsi, beləcə qal!
İndi dünya səhnəsində
gedən oyunlardan uzaq.
O bəmbəyaz ovsuna sal ruhumuzu,
ölməz şöhrətindən yazaq.
Sabahın xeyir, Roma!
Sabahın xeyir, Roma!
Şeirdə şairin istifadə etdiyi nida işarəsi təəccüb və sevinc tonunu bildirmək üçün “heyranedici nöqtədir”. “Mən qadınam” şeirində şair qadın psixologiyasını dəqiq müşahidə edərək müdrik qələm və incə ustalıqla gözəl təzadlar lövhəsi yaradır: “Mən rəssam deyiləm, bəstəkar deyiləm, bağban deyiləm... amma çox rəssamın bulmədiyi rəngləri tanıyıram: sevgi rəngi, ümid rəngi, dərd rəngi... "
“Gözümdən düşdüyün yola düşürəm" şeirində isə vəziyyət tamamilə bambaşqadır:
Məni tanımadın, körpə ağacdım,
Vaxtsız doğradılar kölgəm olmadı.
Elə dərd biçmisən boyuma gəlmir,
Məni sabahımın dərdi bürüyüb...
"Gözümdən düşdüyün yola düşürəm, Səni axtarmağa gedirəm daha." - burada hər şeyə rəğmən özünü simvolik olaraq adı çəkilən personajla eyniləşdirən müəllif gələcəyə inamlıdır. Beləliklə, bu kitab içə dönük, introspektiv mütaliə ilə dərin düşüncə arasında tarazlığın mövcud olduğu, daha doğrusu, son dərəcə həssas bir poetik ruhun hiss və duyğularına səyahətin gerçəkləşdiyi, eyni zamanda möhkəm və qətiyyətli şeirlər toplusudur.
Hisslər, duyğular, məkanlar və xatirələr arasında cərəyan edən misralar sevgi sözünün mülayimliyi, istiliyi ilə daşın soyuq sərtliyi arasında rəngarəng bir əlaqə yaradır. Nəticədə Təranə Turan Rəhimilinin nəfis poetik mənliyi onun hər misrasında görünür, onun özünəməxsus dünyasının təbii gözəlliyini, ruhunun gözəlliyini təsdiqləyir.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
Günəş kimi DOĞAN, ay kimi batan…
(21 eylüldə Türkiyə Yazarlar Birliyinin şərəf başqanı D. Mehmet Doğanın vəfatının qırxıncı günü tamam oldu)
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
“Qara xəbər tez duyulur”... – Duyduq ki, Türkiyə Yazarlar Birliyinin qurucusu və şərəf başqanı Mehmet Doğan haqqın rəhmətinə qovuşub...
Bu xəbər Türkiyədə olduğu kimi, anındaca Azərbaycanda (Türk ölkə və topluluqlarında) da kədərlə qarşılandı. – Duyanları – yazarları, aydınları, Türk dünyası ədəbiyyatı, ortaq mədəni mirası ilə ilgilənən insanları qəhər boğdu. İlk baxışda təzadlı görünür: həm “haqqın rəhmətinə qovuşdu” deyirik, həm “qara xəbər” deyirik, kədər bölüşürük,... – Haqqın rəhməti böyük nemətdir, Tanrının öz lütfüdür, əlbəttə; əlbəttə, haqqın rəhmətini sorğulamırıq... Bununla belə, bilirik ki, bu, mütəfəkkir türk yazarını, aydın insanı Yer üzündə bir daha görməyəcəyik... Biz bir də onunla canlı ünsiyyətdə olmayacaq, üz-üzə gəlməyəcək, dərdləşə, uğurlaşa bilməyəcəyik... Bu isə kədərvericidir, üzücüdür, əlbəttə. Əlbəttə, kainatın ruhunu, yaradılışın fəlsəfəsini idrak edirik, digər yandan gerçəkliklərlə kolay-kolay barışa bilmirik...
Bəli, torpağın üzü soyuqdur,
Bəli, bir gün yaranan bir gün ölür,
Bəli, hamımız gedəryiyik... Ancaq könül ağlın, ürək beynin komandasını elə kolay-kolay qəbul etmir axı... Axı ölümü rahat sinirmək olmur...
Bəs nədir bizi ayaqda tutan, bizə dözüm verən?
Biz əbədi itirdiyimiz insanın (bu yazıya görə, D. Mehmet Doğanın (1947 – 11.08.2024)) ədəbiyyata, əbədiyyətə uğurladığı əməllərindən təsəlli tapırıq. Təsəlli sözünü, o sözün ifadə etdiyi anlamları yaradanlar rəhməti bu dünyada və əbədiyyən qazanıb. Təsəlli aramaq, təsəlli bulmaq özü də bir nemətdir. Biz bu neməti fiziki doğmalarımızı itirəndə bulmağa çalışdığımız kimi, mənəvi doğmalarımızı itirincə də, o dayağa ehtiyacımız olur. İnsanoğlu yalnız dirilik suyu axtarmaz ki... Türkoğlu “Ara, bul” öyüdünü unutmayıb ki... Təsəlli də aranır, bulunur...
Sevinci bölüşüb çoxaltdığımız kimi, kədəri də bölüşüb azaldırıq...
İnsan itkisi həmişə qeyri-adidir,
hər ölüm sanki ilk ölümdür,
həm də, bir anlığa elə inanırıq, elə inanırıq ki, bax, bu, nəhayət son ölümdür... Ancaq o nə “ilk”dir, nə də “son”... İlkdən Sona gedən “uzun, incə bir yoldayıq” hamımız... Mehmet Doğan xoca da o yola çıxdı, o yolda yürüdü, o yolla dünyadan köçdü... İşıqlı xatirələri qaldı, yazdıqları, əməlləri qaldı...
Mehmet Doğan xoca yalnız yaradıcılığı, araşdırmaları ilə deyil, quruculuğu, ideyaları ilə seçilən bir Türk aydını idi.
Türkiyə Yazarlar Birliyi,
Türkcənin Şeir Şöləni deyincə, ağla ilk onun adı gəlir.
Ustadın adının yanında Türk dünyası yazınca daha yaraşıqlı, daha uyğun olur, sanıram. İstər təkcə adını yaz, istər bütün görəvlərini, titullarını – eyni mədəniyyət iqliminin ilıq əsintisini hiss edəcək, eyni ruha köklənmiş olacağıq.
Mən doğulan (1973) il, ustad Doğan artıq Türk Tarix Qurumu Yeni Türkiyə Araşdırma Mərkəzində çalışırdı. Anadolunun ünlü “7-dən 77-yə” deyimi var ha, bax, ustad Mehmet Doğan da, özünün 77-sinədək Türk-İslam adına, ədəbiyyatın əzəli-əbədi mövzuları adına, insanlıq adına, mədəniyyət-sənət adına öyrəndi, araşdırdı, öyrətdi, yazdı-yaratdı, qurdu, bəslədi, böyütdü...
Bəli, o, üfüqötəsinə çağıran üfüqügeniş bir aydınıydı. O, bəşəri duyğulara biganə deyildi, başqalarının yaratdıqlarına sayğduyarlğı yüksək səviyyədə bacarırdı; ancaq Türk-İslam kimliyinin, öz dədələrimizin yaratdıqlarının gözardı edilə bilməyəcəyini də yüksək səslə söyləyirdi. – “Yüksək səslə söyləyirdi” deyərkən, mən onu heç zaman səsinin tonunu qaldıran görmədim, kübar gördüm, bir türk aydını necə ola bilərsə, elə gördüm; bununla belə, əsərləri ilə dirənişçiydi, qələmi ilə hayqırırdı, kitabları ilə şərə-şəbədəyə qarşı divar hörürdü Mehmet Doğan... “Böyük Türkcə Sözlük”, “Batılılaşma xəyanəti”, “Dil, Kültür, Yabançılaşma”, “Camidəki şair: Mehmet Akif”, “Kültürəl savaş və savaş kültürü”, “Türk kimliyinin coğrafyaları”, “Mehmet Akif: Çanaqqaladan Sakaryaya”, “Söz okeanında yolçuluq”... – Bunlar onun qələmindən çıxan əsərlərdən yalnız bir bölümüdür. Məmnunluqla bildirim, bu kitablardan (öz imzası ilə) mənim kitabxanamda da var.
Ustadla Türkcənin Şeir Şölənlərində - Türkistanda, Tatarıstanda, Balkanlarda... dərdləşmək, uğurlaşmaq, kitablaşmaq imkanım olub. Bundan sonra isə adını, ruhunu anacağıq.
Əsərləri yaşadacaq onu.
Ruhuna sayğılar!
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Elvin bəy, bilirik ki, 44 günlük müharibədə Siz də xəsarət almısınız, tağımınızın giziri Həsrət Quliyev döyüş gedən ərazidən şəhid Mədinov Rəşidin nəşini çıxararkən düşmən snayperinə tuş gələndə boğazından yaralanıb, Həsrət bəyi hərbi tibb maşınına aparanlardan biri də siz olmusunuz.
Ölümlə üz-üzə gələn zaman özünüzə sualınız nə oldu? Ya da, həmin anlarda ürəyiniz ritmlərlə nəyi beyninizə nəql edirdi?
CAVAB:
-Orada hadisələr elə sürətlə cərəyan edirdi ki, çox vaxt özümə sual vermək bir yana, heç nəyi düşünmürdüm. Yadımda qalanlardan biri odur ki, Cəbrayılda təcili yardım maşınları var-gəl edirdi. Bəlkə də, yeganə o səhnədir ki, özümə sual vermişdim ki: "Görəsən, mən evə necə qayıdacam: təcili yardımla, ya yol maşınıyla?"
Ürəyimin ağlıma pas ötürdüyü yeganə bir cümlə bu idi: Hamımız evə sağ-salamat qayıtmayacağıq. Çünki, 2020-ci ilə qədər baş tutan lənətə gəlmiş müharibələrin heç birində hamı sağ qayıtmayıb. Çox təəssüf ki, yenə elə oldu.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Albom şəkilləri” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair “Albom şəkilləri”ndən danışacaq.
Xoş mütaliələr.
Albom şəkilləri
Qoyular evin ən məhrəm yerinə,
İtirməz şuxluğunu, şax qalar.
Sən hər gün bir buğda boyu böyüyərsən
Albom şəkilləri uşaq qalar.
...Bu, bir qardaşın şəkli
Hanı indi, o hanı?
Bəlkə heç böyüməzdik,
Dərdlər bizi böyütdü
Biz böyütdük dünyanı...
Bu da bir bacı şəkli,
Baxır qıyqacı şəkli...
Əlində də yaylığı
Elə bil çiçək tutub.
Gedib çox uzaqlara
Yaylığını unudub...
Bir darıxan şəkil var
Bir az mənə oxşayır,
Bu mənəmmi?- nə bilim.
Hər albom şəkilində
Bir xatirə ləpiri...
...Bu şəkili kim çəkib?-
Şahla şahmat oynadım,
Bir də gördüm şah itdi.
...Bu, bir əsgər şəklidi
İndi oğlu şəkildi,
İndi oğlu şəhiddi.
Albomun arasında,
Bir yarpaq da saralıb
İyi payız iyidi.
Bu albomdu, yoxsa ki
Şəkil şəhərciyidi?!
Muzeyə girən kimi
Girirəm hər alboma...
Hər albom varağında
Tarixin tozu qalıb
Özü hara daşındı?
Baxıram hər alboma
Şəkillər saralsa da,
Xatirəsi yaşıldı...
...Daha cavan deyilik
Albom şəkli çəkdirək
Torpaq çəkir, gedirik.
Ən yaxşı şəklimizi
Başdaşına çəkdirib
Şəkil- şəkil gedirik...
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)