Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Rəbiqə Nazimqızının şeirləri təqdim ediləcək.

 

 

ŞEİR VAXTI

 

Rəbiqə NAZİMQIZI

 

 

***

 

Mənəm o pişiyin gözləri ilə

Səni qarşılayan hər səhər yolda.

Mənəm küləyindən titrəyib əsən,

Üşüyən yarpağam saralmış kolda.

 

Başını qaldırsan, məni görərsən,

Mənəm pəncərədən boylanan o qız.

Mənəm naqil üstə oturmuş sərçə,

Dua oxuyuram sənə bir ağız.

 

Bax o işıq mənəm yol kənarında,

Yanıram sağının-solunun üstə.

Mənəm, kəpənəyin qanadlarında

Qonub dayanıram qolunun üstə.

 

Başının üstündə ağ bulud mənəm,

Görməsən üzümü, qaralır qanım.

O dan yeri mənəm, o qürub mənəm,

Ağarır, qızarır, saralır canım.

 

Mənim nəfəsimdi alışqanında,

Əlində sönəcək son kibrit mənəm.

Sübhədək qalıram sənin yanında,

Səhərlə açılan ilk ümid mənəm.

 

Mənəm gözündəki həyəcan, təlaş,

Könlündə uçunan sarı siməm mən.

Sənin şairinəm – şairlərə baş,

Sən yaxşı bilirsən, axı kiməm mən.

 

 

İBRAHİM PEYĞƏMBƏRƏ

 

Nə qolları övlad həsrətiylə göynəyən Sara,

nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.

Yalnız sən, İbrahim,

təkcə sən bilərsən...

Mən torpağa bənzəyirəm,

yetirə də bilərəm,

gəzdirə də,

içimdə basdıra da bilərəm hər şeyi.

 

Dənizdən çox,

qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,

balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.

Hərdən təlxək kimi güldürürəm,

hərdən timsah kimi ağlayıram.

Saman çöpünü

çöplüyündə boğulanlara saxlayıram.

 

Mən göylərdən yox,

göylərin özünü istəyirəm,

uçmaq yox,

qucaqlamaq istəyirəm göy üzünü –

qollarım boş qalmasın deyə.

Heç nə istəmirəm,

nə borc, nə hədiyyə...

 

Mən o kişini sevirəm –

həyatı arxasınca sürüyən adamı.

Hərdən ürəyimi kükrədən,

Hərdən qollarımda kiriyən adamı...

Günahımdan qalxan düzəldirəm,

dəbilqə kimi başımda gəzdirirəm onu,

silah kimi tuşlayıram yad ünvanlara.

Mən hara, məsumluq hara...

 

Mən iki dəfə qadın oluram –

sevəndə –

dünyanı soyunub

əllərini geyinəndə sevgilimin

gizli-gizli.

Qulağımdan silinəndə başqa səslər,

təmizlənəndə...

Bir də hər ay sonu,

intizarla gözləyəndə qadınlığın haray çəkib

məni dağa-daşa salan ağrısını.

Ayıbımdan qızaranda üstüm-başım,

kirlənəndə... sevinirəm...

Bax o anda, İbrahim,

içimdən bir hiss keçir –

mən qatiləm –

bətnimdəcə doğulmamış

arzuları

parça-parça öldürürəm...

 

 

KAHİN ÜÇÜN

 

Məni nə gətirib bu dağ başına,

Kimlərdən, nələrdən keçib gəlmişəm.

Bəlkə, məhəbbətin girib yuxuma,

Sənin eşq camını içib gəlmişəm.

 

Soruşma, soruşma, kədərli kahin,

Mən də bir qurbanam, öz qurbanımam.

Qapına gəlmişəm, bir qab su gətir,

Əziyyətimi çək, döz qurbanına.

 

Bəlkə də, yanına göndərib Allah

Məni bu görkəmdə, belə biçimdə.

Qaldır gözlərini, ürəyimə bax,

Bəlkə, şeytan da var işin içində.

 

Nə məscid çağırır, nə kilsə çəkir,

Açığı, könlümdə məbəd də yoxdu.

Daha inanmağa başqa Tanrıya,

Başqa din seçməyə taqət də yoxdu.

 

Sən məni də öyrət, ay dəli kahin,

Bir parça çörəyə, bir ovuc suya.

Sən öz Tanrını sev, Tanrından çəkin,

Mən də səni sevim, dağılsın dünya.

 

Yox, yox, kirlətmərəm səni özümlə,

İtinin başını oxşasam, bəsdi.

Bu tənha komanın həndəvərində

Bircə gün, bir saat yaşasam, bəsdi.

 

Düşmək istəyərdim ayaqlarına,

Sən qoymazsan axı, bir az da... qürur.

Əlbəttə, əlbəttə, mən də adamam,

Nəyi itirsəm də, qürurum durur.

 

Bəlkə, bir az qalım, cəzamı alım,

Bu evin, həyətin işinə baxım.

Sənə su gətirim bulaq başından,

İtə yal düzəldim, pişiyə baxım.

 

Tələsmə, vaxtı var ayrılıqların,

Məni adamların yanına atma.

O qan içənlərin, söz yeyənlərin,

Ürək udanların yanına atma.

 

Saçımı, üzümü bəyənən olub,

Mənə adam kimi baxan olmayıb.

Ömrümdə şah olub, dilənçi olub,

Könlümdə nədənsə kahin olmayıb.

 

Ovcumu açmışam, Tanrı yolunda

Uzanan əlimi geri qaytarma.

İndi ki qovursan, qurbanın olum,

Mənim ölümü ver, diri qaytarma.

 

 

VUDİ ALLEN FİLMİ

 

Süd rəngli bir gecəydi,

Ya da gecəyarı.

Sönmüşdü şəhərin lampaları.

Öpüşün öldürmüşdü

Ermitajda bütün xatirələri.

Bütün xəritələr

Ayağımıza sərilmişdi.

İsti nəfəsindən gərilmişdi

Yerin oxu.

"Şeir oxu", – pıçıldamışdın mənə,

Şeir oxu...

 

Ya Venesiya idi, ya Paris,

Ya da Nyu-Yorkun mərkəzi parkında

Uzaqdan bir polis

Gülümsəyirdi bizə

bığının altında.

Medalyon düzəldirdin

Balıqqulağından.

 

İçərişəhərin bütün tinlərində

Şəkil çəkdirirdik.

Üçuq-sökük sərdabədə

Adsız bir məzar tapıb

And içirdik sözsüz-filansız,

Tanrını şahid,

Mələkləri vəkil gətirirdik.

 

Nə milad ərəfəsiydi,

Nə də Novruza yaxın.

Yuxunun yeddinci mərtəbəsiydi,

Tanrının buta paylayan çağı…

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

Çərşənbə, 13 Avqust 2025 12:00

XORXE BORXES, “Dörd dövrə” essesi

Dünən vəd etdiyimiz kimi, “Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsində dünyaşöhrətli argentinalı yazar Xorxe Borxesin “Dörd dövrə” essesini təqdim edir.

 

 

Xorxe BORXES

 

DÖRD DÖVRƏ

 

Cəmi dörd əhvalat var.

Biri, ən qədimi, hücuma məruz qalan və qəhrəmanların müdafiə elədikləri qalalı şəhər haqqındadır.

Müdafiəçilər şəhərin qılınc zərbələrinə və atəşə tutulmağa məhkum olduğunu, əbəs yerə müqavimət göstərdiklərini bilirlər. Fatehlərin ən məşhuru Axilles qələbəni görməmiş ölməyə məhkum olduğundan xəbərdardır. Aradan keçən əsrlər süjetə sehr elementləri gətirdi. Yəni inandılar ki, uğrunda ordular bada gedən Helen gözəl bir bulud, gözə görünən bir xəyal imiş; Axeyləri gizlədən nəhəng at isə içərisi boş ruh imiş. Bu əfsanəni ilk söyləyən Homer olmayacaqdı; XIV əsr şairinin bir misrası ağlıma gəlir: “The borgh brittened and brent to brondes and askes”*; Dante Qabriel Rossetti, yəqin ki, Troyanın taleyinin Parisin Helenə olan ehtiraslı eşqinin alovlandığı anda həll olunduğunu təsəvvür edəcəkdi; Yets, Ledanın qu quşu şəklini almış Tanrıya qovuşduğu ana üstünlük verəcəkdi.

İkinci əhvalat da birinci ilə əlaqəlidir, qayıdış haqqındadır. Qorxunc dənizlərin üzündə on il dolaşandan və sehrli adalarda məskən salandan sonra üzüb vətəni İtakaya gələn Odisseydən, eləcə də şimal tanrılarından bəhs edir, həmin tanrılar yer məhv olandan sonra onun yenidən yaşıllaşdığını və parlayaraq dənizdən necə yüksəldiyini görmüş, o ərəfədə döyüşdükləri yerdəki otlar arasından şahmat fiqurlarını tapmışdılar.

Üçüncü əhavalat axtarış haqqındadır. Bunu əvvəlkinin bir variantı da hesab eləmək olar. Bu, qızıl yun tapmaq üçün dənizlərdə üzən Yasonun əhvalatıdır, bir də otuz fars quşunun əhvalatıdır, onların hər biri və hamısı öz tanrısının – Simurqun üzünü görmək üçün bir anda dağlardan, dənizlərdən keçir. Keçmişdə hər cəhd xoşbəxt sonluqla bitərdi. Sonda qəhrəmanlardan biri qızıl almaları oğurlayar, o biri də müqəddəs kasanı əldə etməyi bacarardı. İndi axtarışlar uğursuzluğa məhkumdur. Kapitan Ahab balinanı vurur, lakin balina sonda onu məhv edir; Ceymsin və Kafkanın qəhrəmanları da ancaq məğlubiyyət gözləyə bilərlər. Biz cəsarət və inanc baxımından o qədər yoxsuluq ki, xoşbəxt sonluqda yalnız kütləvi zövqlərin kobud şəkildə uydurduğu rəğbəti görürük. Cənnətə inanmaq iqtidarında deyilik, cəhənnəmə isə ondan da az inanırıq.

Son əhvalat Tanrının intiharı haqqındadır. Friqiyada Atis özünü çıxdaş edir və öldürür; Odin özünü özünə – Odinə qurban verir, nizə ilə sancıldığı ağacdan doqquz gün asılı qalır; İsa Məsih romalı legionerlər tərəfindən çarmıxa çəkilir.

Cəmi dörd əhvalat var. Nə qədər zamanımız olsa da, onları bu və ya digər şəkildə yenidən nağıl edəcəyik.

 

Qeyd

*Bu misra Orta əsrlərin ingilis dilində təxminən aşağıdakı mənanı verir: “Alınmış, ocaq yerinə və külə dönmüş qala”. Misra "Ser Qaveyn və yaşıl cəngavər" adlı möhtəşəm alliterasiyalı poemadandır, əsər Haramzadə Vilyamın rəhbərliyi altında İngiltərənin fəthindən bir neçə əsr sonra yaradılmış olsa da, Sakson dilinin ilkin musiqisini qoruyub saxlayır.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

 

Rəqsanə Babayeva, rejissor, yazıçı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Azərbaycan ədəbiyyatında torpaq anlayışı uzun illər Vətən, doğma yurd, milli kimlik mənaları ilə yüklənib. Lakin bu torpağın özünün canı, nəfəsi, dili və haqqı olduğu çox zaman ya unudulub, ya da simvolik mətnlərə sıxışdırılıb. Bu gün isə vəziyyət dəyişir: Təbiət sadəcə metafora deyil – yardım çağıran canlı orqanizmdir.

 

İqlim böhranı, su qıtlığı, meşələrin məhvi, çayların quruması, şəhərlərin havasızlığı... – bu problemlər artıq təkcə elm adamlarını deyil, ədəbiyyatçıları da cavabdeh edir. Bu mənzərədə ekoloji düşüncənin ədəbiyyata daxil edilməsi, oxucuda təbiətə münasibətin yenidən qurulması məsələsi yeni nəsil yazarların üzərinə düşən mühüm vəzifəyə çevrilib.

 

Ədəbiyyatın ekoloji rolu varmı?

 

Ədəbiyyat sadəcə hissləri ifadə etmir, dəyərləri formalaşdırır. Əgər gənc bir oxucu poeziyada ağacın ağrısını, suyun yorğunluğunu, torpağın gücsüzlüyünü hiss edirsə – onda onun ekoloji davranışı da dəyişəcək. Bu səbəbdən ədəbiyyatın təbiətə yanaşması sadəcə dekorativ yox, fəlsəfi və sosial məsuliyyətli olmalıdır.

Azərbaycan poeziyasında təbiət çox zaman fon elementi kimi çıxış edib – bülbül, çinar, dağlar, çaylar. Amma bu simvolların öz real ekoloji dəyəri çox zaman yazılmayıb. Halbuki dünya ədəbiyyatında artıq “ekofeminizm”, “eko-roman”, “post-ekoloji şeir” kimi anlayışlar formalaşıb.

 

Yeni dövr, yeni məsuliyyət

 

Bu gün yazıçı təkcə insanı yox, təbiəti də düşünməlidir. Çünki insanla təbiətin münasibəti artıq pozulub. Bunu görmək üçün ədəbiyyat real həyatı müşahidə etməlidir:

Ağaclar niyə qırılır?

Meşələr hansı məqsədlə yandırılır?

Balıqların sayı niyə azalır?

Çayların qoxusu niyə dəyişib?

 

 

Əgər bu suallar ədəbiyyatın maraq dairəsinə daxil olmursa, onda ədəbiyyat cəmiyyətlə təbiət arasında körpü rolunu itirəcək.

 

Ekoloji şeir və proza varmı?

 

Bugün ədəbiyyatda təbiətə həssas yanaşma nümunələri tək-tük də olsa, mövcuddur. Xüsusilə gənc yazarlar bəzən öz şeirlərində “torpağın yuxusu”, “yağışın ahı”, “kəsilmiş ağacın son nəfəsi” kimi təsvirlərlə çıxış edirlər. Lakin bu cəhdlər sistemli ədəbi hərəkat formasını almayıb.

Əgər biz ədəbiyyatda bir “eko-oyanış” dalğası yaratmaq istəyiriksə, bu təkcə fərdi təşəbbüslərlə yox, dərgilərin, nəşriyyatların, ədəbi təşkilatların ekoloji mövzulara açıq yanaşması ilə mümkün olacaq.

 

Ədəbiyyat, sənət və dövlət: birlikdə mümkün olan xilas

 

Təbiətə yönələn ədəbiyyat dövlət siyasətindən ayrı deyil. Çünki milli təhlükəsizlik artıq təkcə sərhədlərlə yox, iqlimlə, su ilə, torpaqla da ölçülür. Əgər bir ölkənin ağacları yoxdursa, suyu çirklidirsə, havanı nəfəs almaq mümkün deyilsə – vətəndaşın rifahı da, dövlətin gücü də azalır.

Bu baxımdan, ədəbiyyatın ekoloji dövlətçilik düşüncəsini formalaşdırmaqda rolu əvəzsizdir. Yəni yazıçı, şair, publisist, ssenarist – hamısı təbiətə laqeyd deyilsə, xalq da laqeyd olmayacaq.

Uşaq ədəbiyyatında ekoloji şüur

Ən mühüm məsələ budur ki, uşaqlar hələ kiçik yaşdan təbiəti hiss etməyi öyrənsinlər. Bunun üçün isə ekoloji nağıllar, şeirlər, oyunlar yaradılmalıdır. Məsələn:

“Ağlayan su” adlı bir uşaq kitabı

“Kəsilməyən ağaclar ölkəsi” adlı nağıl seriyası

“Qorxmuş külək” mövzusunda teatr tamaşası

Bu vasitələr uşaq düşüncəsində təbiəti qorumaq istəyini stimullaşdıracaq.

 

Təbiət danışa bilsəydi...

 

Əgər təbiət danışa bilsəydi, bizə nələri deyərdi?

Yoxsa elə bizə danışır da – quraqlıqla, istilərlə, sellə, ağacların susması ilə... Sadəcə biz onu dinləmək istəmirik.

İndi bu səssiz nitqi ədəbiyyat eşitməlidir. Çünki yazılan hər bir şeir, hekayə, tamaşa, roman – ya qurtuluş, ya da susqun ölüm seçiminə çevrilə bilər.

 

Əgər bu gün təbiəti qoruyan ədəbiyyat yaranarsa – sabah təbiət bizi qoruyacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

 

Çərşənbə, 13 Avqust 2025 11:16

Şəhidlər barədə şeirlər - Hüseyn Zeynallı

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Hüseyn Zeynallı

 

Vətən müharibəsi şəhidi çavuş Zeynallı Hüseyn Vətənxan oğlu11 aprel 1993-cü ildə Cəlilabad rayonunun Əliabad kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyub. Uşaqlıqdan idmanla məşqul olub. On ildən çox boksa gedib. Dəfələrlə bölgələrdə keçirilən yarışlarda qalib olub, iki dəfə ölkə çempionu adı qazanıb. Məktəbi bitirdikdən sonar hərbi xidmətə gedib. On ilə yaxın Daxili qoşunlar və Milli orduda xidmət edib. Xidməti zamanı dəfələrlə fəxri fərmanlar alıb.

 

Hüseynin atasını ziyarətə gələn döyüş yoldaşları bildirir ki, Hüseyn sanki öncədən şəhid olacağını bilirdi, Azərbaycan bayrağını sinəsinin üstünə qoyaraq döyüşə girmişdi. Ən yaxın dostu ilə ön cərgədə vuruşurdu. Elə həmin dostu ilə bir-birinə mərmi dəyməsin deyə canlarını bir-birinə sipər edib, yəni qucaqlaşıb şəhid olmuşdular.

 

Hüseyn Zeynallı 2020-ci il oktyabrın 1-i Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zeynallı Hüseyn Vətənxan oğlu ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Məzarına yağan yağış

Buludların göz yaşıdır.

İndi sənin tək qardaşın

Hamımızın qardaşıdır.

 

İndi sənin ağsaç anan,

Bu vətənin anasıdır.

Şəkillərin atan üçün,

Yaşamağın mənasıdır.

 

Sən müqəddəs şəhidliklə

Bu vətənin hər yerisən.

Qəhrəmanlıq, igidliklə

Savaşın zəfər yerisən.

 

Tarix səni yaddışına

Qızıl hərflərlə yazıb.

Tanrı sənin taleyini

Cənnətdə kimlərlə yazıb?

 

Məqamın ucadan uca,

Cənnət müqəddəslər yeri.

Bütün qəlbiylə Allaha

Yaxın olan kəslər yeri.

 

Yerin mübarəkdi, şəhid,

Bircə şeir tutmaz səni.

Rahat uyu, əziz qardaş.

Bu millət unutmaz səni.

 

 

 “Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

İSTANBULDA DOĞULAN, REPRESSİYAYA MƏRUZ QALAN, TARİXÇİ ALİM, TƏHSİL TARİXİMİZİN MÜKƏMMƏL ARAŞDIRMAÇISI və  PEŞƏKAR MUZEY İŞÇİSİ – NƏRMİN TAHİRZADƏ

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Bu gün "Əməkdar mədəniyyət işçisi" Nərmin Abdulla qızı Tahirzadənin anadan olduğu gündür. Onun atası A.Tahirzadə Şəki qəzasının Xaçmaz mahalında (hazırkı Oğuz rayonunun Xaçmaz kəndində) anadan olmuşdu. Azərbaycan Xalq Cumhuriyyətinin qərarına əsasən xaricdə təhsil almağa göndərilən yüz tələbədən biri idi. İstanbul Universitetinin riyaziyyat  fakültəsində və oradakı Ali İqtisad Məktəbində təhsil almışdır. 1923-cü ildə təhsilini bitirərək Bakıya dönmüş, orta ixtisas və ali məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdı. 

 

         Abdulla Tahirzadənin haqqında söhbət açmaq istədiyimiz qızı Nərmin Tahirzadə 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub.  

Üç yaşlı Nərmin atasından bir il sonra – 1924-cü ildə anası Beatris xanım  ilə birgə Azərbaycana gəlmişdi.

1939-cu ildə orta məktəbi bitirən Nərmin xanım Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib.

1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya – Qazaxıstana (Cambula) sürgün edilib. Artıq dissertasiyası müdafiəyə tam hazır olan Nərmin xanımla anası isə "xalq düşməninin ailə üzvləri" kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün ediliblər. Burada onlar Sovet həbs düşərgəsinin cəhənnəmini dirigözlü yaşayıblar. Atası A.Tahirzadə 1953-cü ildə - Stalinin ölümündən sonra əvf edilib. Bir il sonra Nərmin xanıma və anasına Cambul şəhərində yaşayan A.Tahirzadənin yanına getməyə icazə verilib.

1955-56-cı illərdə ailə üzvləri də bəraət alıblar. Onlar 1955-ci  ildən Bakıya qayıtmışlar. Atası həmin ildən etibarən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim işləmişdir.

Nərmin Tahirzadə 1955-ci ildə Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə qəbul olub. 1956-ci ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən" namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1961-ci ildən 1987-ci ilədək muzeyin "XIV əsr - XX əsrin başlanğıcı tarixi ekspozisiyası" şöbəsinin müdiri işləyib. Muzeyin həmin dönəmə aid bütün ekspozisiya və sərgiləri onun hazırladığı mövzu - ekspozisiya planlarına əsasən təşkil edilib. 1963-cü ildən baş elmi işçi olan Nərmin Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.

O, 1966-cı ildən 1988-ci ilədək isə Azərbaycan Dövlət İncəsənət Muzeyində fəaliyyət göstərmişdir. 

Muzey işinə bütün enerjisini sərf edən N.Tahirzadə eyni zamanda XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb. Təsadüfi deyil ki professor Ə.Tahirzadə məqalələrinin birində yazır: “Hər şeydən öncə bunu bildirmək vicdan borcumdur ki, Azərbaycanda ali təhsil tarixinin öyrənilməsində ən ciddi addımı Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri namizədi mərhum Nərmin xanım Tahirzadə (1921-2012) atıb”.Bu məqsədlə o, başda Moskva və Leninqrad (indiki Sankt-Peterburq) olmaqla keçmiş SSRİ-nin Azərbaycanla bağlı sənədlərin saxlandığı, demək olar ki, bütün mərkəzi şəhərlərindəki dövlət arxivlərində çalışaraq olduqca zəngin material toplayıb. Bu materiallar əsasında o, XIX yüzildən üzübəri təxminən yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq çox sanballı elmi məqalə nəşr etdirib və bu yazıların hər birini elmi ictimaiyyət yüksək dəyərləndirib. Məsələn, onun Hacı İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti haqqındakı məqaləsi qutqaşınlışünaslıqda tam yeni bir mərhələ sayılıb.
Nərmin xanım XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və b. ali təhsilli mütəxəssislərimiz haqqında olduqca zəngin material toplayaraq Azərbaycana gətirib. (https://ailehekimiklinikasi.az/manset/1002-tahirzad-nrmin-abdulla-qz.html) Bu materiallar əsasında Azərbaycan tarixi muzeyində müxtəlif fondlar yaradılsa da, sərgilər keçirilsə də, məqalələr yazılsa da, onların bir çoxu indiyədək işıq üzü görməmiş qalır. Nərmin Tahirzadə AMEA Azərbaycan Tarixi Muzeyinin hazırladığı əksər elmi nəşrlərdə də yaxından iştirak edib.

O, ölüm ayağında bütün arxivini, irsini hörmətli alimimiz, professor Ədalət Tahirzadəyə bağışlamışdı. Ədalət müəllim isə həmin sənədləri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxivinə təhvil vermişdir. Hörmətli Ədalət müəllim özü etiraf edir ki, bu materiallardan “Azərbaycan təhsil tarixi oçerkləri”, “Azərbaycan Cümhuriyyəti (1918-1920) tələbələri” və “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitablarının meydana çıxmasında geniş istifadə olunmuşdur. (https://525.az/news/174084-nermin-xanim-tahirzade-arxivinin-taleyi)

N.Tahirzadənin Azərbaycanın təhsil tarixi ilə bağlı yazdığı məqalələr toplu halında 2009-cu ildə rus dilində, 2015-ci ildə isə Azərbaycan dilində nəşr edilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “XIX-XX əsrin əvvəllərində Azərbaycanda təhsil” adlı kataloqu (Bakı: Aspoliqraf, 2023, 200 səh.) Nərmin Tahirzadənin xatirəsinə həsr olunmuşdu.

O, 2012-ci ildə 91 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin! Ruhunu xoş təəssüratlarla yad edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)



                                                                                          

 

 

Çərşənbə, 13 Avqust 2025 10:44

“Ağalı” filminin çəkilişləri başlayıb

 

 

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Ağalı” tammetrajlı bədii filminin çəkilişləri başlayıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Ülviyyə Heydərova öz sosial media hesabında məlumat vermişdir.

 

Filmin quruluşçu rejissorları Xəyyam Abdullazadə, Elməddin Alıyev, , quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, qrim üzrə rəssamı Adilə Alıyevadır.

Filmdə baş rollarda Güşvər Ağayeva və Yaqut Paşazadə çəkilirlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

Çərşənbə, 13 Avqust 2025 10:29

Yaşasaydı, 78 yaşını qeyd edərdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sıralarımızı təzəlikcə tərk edən teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti Azər Paşa Nemətov təbii ki, yaddaşlardadır, teatr üçün çalışmaları aktualdır, quruluş verdiyi tamaşalar repertuardadır.

Onu elə belə də tanımışıq: daim işdə-gücdə, hər şeyə diqqət çəkən, fəaliyyətdən qrxmayan, hey qurub-yaradan.

Bu gün onun doğum günüdür. Yaşasaydı, 78 yaşını qeyd edərdi.

 

Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində, Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən, yüzdən artıq tamaşaya quruluş verən, ad-san qazanan rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Yəni, teatr sevgisi onlarda irsəndir.

Azərpaşa 31 saylı orta məktəbdə təhsil alıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib.

1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A. Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor işləyib.

1990-cı il aprel ayının 20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.

Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatı olub. Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

 

 

18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilib. 31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə, 6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilib.

 

"Quruluş verdiyi tamaşalar"

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:

1. "İki qayın ağacı" (Yevgeni Şvarts)

2. "Pin və Qvin" (Kim Meşkov)

3. "Bumbaraş" (Yevgeni Mitko və Yura Mixaylov)

4. "Buraxılışın son gecəsi" (Vladimir Tendryakov)

5. "Necəsən, cavan oğlan?" (Şandor Samodi Toot)

 

- Leninqrad Gənc Tamaşaçılar Teatrında:

1. "Bütün yaxşılıqlar üçün ölüm" (Maqsud İbrahimbəyov)

2. "Üçüncü imperiyanın iflası" (Bertold Brext)

 

- Arxangelsk Dövlət Dram Teatrında:

1. "Qum üzərində ev" (Rüstəm İbrahimbəyov)

 

- Tallin Gənc Tamaşaçılar Teatrında:

1. "Şəhərin yay günləri" (Anar)

2. "Yuxulama" (Kamal Aslanov)

 

- Lənkəran Dövlət Dram Teatrında:

1. "Üçüncü nəsil" (Nikolay Miroşniçenko)

 

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

1. "Biganələr hoteli" (Rüstəm İbrahimbəyov)

2. "Tufandan əvvəl" (Arif Süleymanov)

3. "Ah, Paris… Paris", "Mənim sevimli dəlim", "Diaqnoz "D"","Cəhənnəm sakinləri" (Elçin)

4. "Hamlet", "On ikinci gecə" (Uilyam Şekspir)

5. "Boy çiçəyi", ""Xurşidbanu Natəvan""(İlyas Əfəndiyev)

 

"Səhnə tərtibatı verdiyi tamaşalar"

- "Təmas", "Kabinet əhvalatı" (Rüstəm İbrahimbəyov)

- "Şəhərin yay günləri" (Anar)

- "Şapkinin sərsəm günü" (Mixail Zoşşenko)

- "Bobok" (Elçin Məmmədovla birgə) (Fyodor Dostoyevski)

- "Bekarçılıq kontoru" (Seyfəddin Dağlı)

 

"Musiqi tərtibatı verdiyi tamaşalar"

1. "Necəsən, cavan oğlan?" (Şandor Şamodi Toot)

2. "Keçən ilin son gecəsi" (Anar)

3. "Öz adamlarımızdır, düzəlişərik" (Aleksandr Ostrovski)

4. "Allah olmaq mümkün deyil" (Kamal Aslanov)

5. "Fudziyama dağında qonaqlıq" (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)

 

"Elmi məqalələri"

- "Səhnəmizin sevimli aktyoru" ("Mədəni-Maarif" jurnalı)

- "Hamlet" ("Elmi axtarışlar" jurnalı)

 

Metodik vəsaitləri

- "Pyesin rejissor təhlili"

- "Cəlil Məmmədquluzadə dramaturgiyasına rejissor baxışı"

- "Şekspir dramaturgiyasına rejissor baxışı"

 

"Tanınmış tələbələri"

1. Rusiya Federasiyasının Xalq artisti Kirill Filinov

2. Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Koşalev

3. Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nuri

4. Azərbaycan Respublikasının Xalq artisti Zərnigar Ağakişiyeva

5. Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov

6. Azərbaycan Respublikasının Xalq artisti Cəfər Namiq Kamal

 

Azərpaşa Nemətov 9 aprel 2023-cü ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

ABŞ-də yaşayan azərbaycanlı MMA döyüşçüsü Mirmahmud Seyidzadə Kaliforniyanın Stokton şəhərində keçirilən “209 Beatdown” turnirində qələbə qazanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvü olan Mirmahmud, soyuqqanlılığı, dəqiqliyi və texniki üstünlüyü ilə rəqibini məğlub edərək karyerasında önəmli bir nailiyyətə imza atıb. Döyüşdən sonra üçrəngli bayrağımızı qürurla nümayiş etdirən idmançı, bu zəfəri həm Vətəninə, həm də onu dəstəkləyən insanlara həsr etdiyini bildirib.

Qeyd edək ki, Mirmahmud Seyidzadə peşəkar idmançı olmaqla yanaşı, San Xose Dövlət Universitetində hüquq təhsili alan tələbədir. O, dünyaca məşhur “American Kickboxing Academy”nin yetirməsidir. Məhz bu akademiya Həbib Nurməhəmmədov, Daniel “DC” Cormier və Cain Velasquez kimi tanınmış idmançıları yetişdirib.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

Çərşənbə, 13 Avqust 2025 10:03

Əsl səyahət romanı gəlir

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı Natiq Məmmədlinin “Sev” adlı yeni romanı “yalnız sevənlər anlayar” interpretasiyası ilə tezliklə Teas-press yayınlarında işıq üzü görəcək.

Yazıçı özü sosial media hesabında yeni kitabına belə bir “xoşgəldin” diləyir:

 

“Sakura ətirli bu məhəbbət romanı günahı yalnız bir-birini sevmək olan, iki fərqli dinə sitayiş edən gənclərin məhəbbətləri yolunda mübarizəsindən bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşığı Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopur. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır.

 

“Sev” əsl səyahət romanıdır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Roman dünyanı bir mətnə sığışdırmağa cəhd göstərərək universum yaradır. Burada posmodernist elementlər, realizmə ironiya, qloballaşmaya yeni münasibət, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var.

Bu baxımdan “Sev” öz fəlsəfi -estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar yurduna can atır.

Epiqrafda əsəri başa düşməyin asan yolu da göstərilir: “Yalnız sevənlər anlayar”.

 

Elə dünən biz portalımızda Ən yaxşı hekayələr silsiləsindən Natiq Məmmədlinin “Taclı mələklər” hekayəsini oxucularımıza təqdim etmişdik. Ümumiyyətlə, Natiqin prozası seviləndir, bu isə hər bir yazara qismət olmayan bir xoşbəxtlikdir.

Elə bu fikirdən də yola çıxaraq yeni kitabı səbirsizliklə gözləyirik, inanırıq ki, “Sev” həqiqətən də seviləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

 

 

Çərşənbə, 13 Avqust 2025 09:31

Onun Leylisi bir ayrı Leyli idi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

13 avqust tarixində daha bir tnınmış mədəniyyət xadimi dünyaya gəlib - Azərbaycan Respublikasının xalq artisti Aygün Bayramova. Tanınmış opera ifaçısıdır, mükəmməl səs tembrinə malikdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına xüsusən onu dinləməyə gələn çoxsaylı tamaşaçılar mövcuddur.

 

Aygün Bayramova 13 avqust 1967-ci ildə Ağdam rayonunda anadan olub. Təbii ki, belə gözəl səsə malik lmaq üçün qarabağlı olmaq da bir şərtdir.

1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb.

1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.

2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib.

Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil edib, tamaşaçı məhəbbəti qazanıb. 4 dəfə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

- Güllələnmiş heykəllər

- Yeni həyat

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.