İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun adı teatr tariximizdə mütləq qalacaq. Çünki quruluş verdiyi tamaşalar həmişə sevilib, tamaşaçı rəğbəti qazanıb.
Ağakişi Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib. 1960-cı ildə A. Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib.
1964-cü ildə o, ikinci təhsilini alıb, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q. Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M. Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C. Cabbarlının "Aydın" əsərini tatarca hazırlayıb.
1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. A. Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N. Vəzirov), "Toy" (S. Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S. Dağlı), "Arşın mal alan" (Ü. Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ. Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ. Coşqun), "Məlik Məmməd" (Ə. Abbasov), "Hacı Qənbər" (N. Vəzirov), "Kiçik təpə" (N. Xəzri), "Büllur sarayda" (İ. Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar.
Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A. Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləyib. "Darıxma, ana!" (N. Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ. Əfəndiyev), "Mirzə Şəfi" (N. Xəzri), "Sehrli alma" (Y. Lada), "Çahargah fantaziyası" (K. Kərimov), "Od gəlini" (C. Cabbarlı), "Vaqif" (S. Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B. Vahabzadə).
Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.
Filmoqrafiya
- Afaqın məhəbbəti
- Yük
- Sonuncu dərviş
Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.10.2025)