Super User

Super User

 

Onun filmlərini hər birimiz sevə-sevə izləmişik. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmlər Eldar Quliyevin adı ilə bağlıdır. 

Bu gün görkəmli kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin anadan olmasının 82-ci ildönümü tamam olur. 80 il ömür sürmüş Eldar müəllim filmləri ilə yaşayır və yaşayacaq. 

 

Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək… ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Rejissorun 1979-cu ildə çəkdiyi “Babək” filmi görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Babəkin həyat yolu və fəaliyyətini əks etdirən film, ən bahalı filmlər sırasında yer alıb. Eyni zamanda tarixi janrda çəkilən film kimi istər öz dövrünün istərsə də hazırkı dövrün qəhrəmanlıq simvoluna çevrilib. Xatırladaq ki, 60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalıdır.

Rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini, həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…” kimi filmlərdə əksini tapıb.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 16:00

Yol gedir İrəvana…

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni yalnız ictimai-siyasi fəaliyyətlə məşğul olmur. O, həm də yeri gələndə qələmə sarılıb poeziya örnəkləri yaradır.

R.Zeyninin bir neçə bayatısını “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik. 

Əzizinəm Zəngəzur,
Şuşa, Laçın, Zəngəzur.
Gedirik İrəvana,
Yolu açır Zəngəzur.

Mən aşiq İrəvana,
İrmisdən İrəvana.
Ellər salam aparsın,
Təbrizdən İrəvana.

Əzizinəm Rəvana,
Yol gedir İrəvana.
Üçrəngli bayraq ilə,
Gedərik İrəvana.

Əzizinəm İrəvan,
Bakı, Təbriz, İrəvan.
Qarabağ azad oldu,
Qaldı Təbriz, İrəvan.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 08:30

Orta maaş nə qədərdir?

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz və ya 105 manat artaraq 827,9 manat olmuşdur.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olmuşdu.

2022-ci ilin yanvar-sentyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat olmuşdu. Beləliklə, oktyabrda orta aylıq nominal əməkhaqqı 50 qəpik artıb.

2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1729,3 min nəfər olmuş, onlardan 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 15:30

Miqren tutmaları və onun xüsusiyyətləri

Baş ağrıları əksər hallarda miqren xəstəliyi ilə əlaqədar olur. Dünyada miqren ən çox yayılan üçüncü xəstəlikdir və hər 7 nəfərdən birində rast gəlinir.

Bəzən xəstələr adi başağrısı ilə miqreni ayırd edə bilmirlər. Bu barədə məlumat verən həkim-nevropatoloq Məlahət Məmmədova deyib: "Miqren əsasən başın bir tərəfinə əhatə edən şiddətli ağrılarla xarakterizə olunur. Miqren zamanı ağrı əsasən boyun nahiyəsindən başlayır və onun gicgah, ənsə nahiyəsindən gözə qədər yayılması müşahidə edilir. Ay ərzində xəstədə 8 dəfədən az olmayaraq ağrılar olarsa, üç ay müddətində təkrarlanarsa və ağrıların davametmə müddəti 4 saatdan artıq olarsa, xroniki miqren diaqnozu qoyulur".

Miqrendən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin ağrıları azaltmağın yolları var: "Miqrenin tam müalicəsi yoxdur, tutmalar zamanı ən çox ağrıkəsicilər və antidepressantlardan istifadə olunur. Boyun və kürək nahiyəsinə təyin olunan proloterapiya iynələr vasitəsilə əzələ və sinir bağında gərginlikləri, vegetativ sinir sisteminə təsir edərək miqren tutmalarının intensivliyini azaltmaq mümkündür. Həmin üsulla miqren ağrısı və digər əlamətləri - işıq qığılcımları, bulanıq görmə, ürəkbulanma və qusmanı aradan qaldırmaq olur", - deyə həkim-nevropatoloq bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

Bəşər tarixində ilk təcrübə: Yerdən müdaxilə ilə asteroidin trayektoriyası dəyişdirildi

 

Bəşər tarixində ilk dəfə Yerdən idarəolunan zondla kosmik cismin trayektoriyasının dəyişdirilməsi əməliyyatı həyata keçirilib.

DART zondunun "Dimorf" ("Dimorphos") adı verilən asteroidlə toqquşması NASA tərəfindən canlı yayımla nümayiş olunub.

Elm adamlarının sözlərinə görə, toqquşmadan sonra səma cisminin orbiti dəyişib.

Qeyd edək ki, sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmurdu. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

 

Çərşənbə, 18 Yanvar 2023 14:30

Günün fotosu: Davosda əsas mövzu

Günün fotosu: Davosda əsas mövzu

 

İsveçrədə - Davosda keçirilən İqtisadi forumda əsas mövzu yenə də Ukraynadır. İşğalçı Rusiyanın dünya iqtisadiyyatına vurduğu ziyan başağrısına çevrilib.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 12:15

Xalq artistindən eksklüziv fotosessiya

Xalq artisti Aygün Kazımova 51 yaşında da gündəmdə qalmaq, tək müğənni kimi deyil, həm də cazibədar xanım kimi qalxdığı mərtəbədən düşməməyin qeydinə qalıb. 

Bu dəfə eksklüziv fotosessiya ilə. 

Onun şəkillərini fotoqraf Ruslan Nəbiyev lentə alıb. İfaçının makiyajını isə məşhur vizajist Günəş Qasımova edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

 

Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.

“Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır”, - o vurğulayıb.

Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Çərşənbə, 18 Yanvar 2023 10:15

DOST mərkəzlərində yeni rekord qeydə alınıb

DOST mərkəzlərində bir gün ərzində 5722 vətəndaş müraciəti qeydə alınıb.

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, yanvarın 16-da gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 961 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 683 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1972 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 1078 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 233 nəfər, Abşeron DOST Mərkəzinə isə 795 nəfər vətəndaş müraciət edib. Bu, DOST mərkəzlərinin indiyə qədərki fəaliyyəti ərzində ən yüksək göstəricidir. 

 

Müraciətlərin 24,61 faizi pensiya, 23,45 faizi sosial müavinətlər, 19,85 faizi məşğulluq, 10,61 faizi əlillik, 3,76 faizi sosial xidmət, 2,94 faizi vahid əlaqələndirmə mərkəzi, 0,73 faizi əmək münasibətləri və 14,05 faizi yardımçı xidmətlərlə əlaqədar olub.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Könül Siyavuşqızının telessenarisi

                                            

Salam, xoş gördük sizi, hər birinizə gözəl gün,  xoş ovqat arzusu ilə,  amallarınız,  əməlləriniz gözəl olsun, ömrünüzə bəzək  qatsın  deyib,  dünyanı bəzəyən, cahana səs salan şəxsiyyətlərimizin, adını tarixə qızıl hərflər yazdıran elm, sənət  fədailərinin işıqına toplaşmaq həvəsilə bir araya gəlmişik sizinlə... 

                                        Musiqi         

1-ci pərdə

Müdriklərin bir deyimi var,  deyirlər ki,  tarixi dəyişmək mümkünsüzdür, yalnız yüz  ildən bir doğulan böyük şəxsiyyətlər ona təsir edərək sürətləndirib yubatmaq, yaxud yönəldib, səmtini dəyişdirmək qüdrətimə malik olurlar...

Bəzən  xalqının taleyində müstəsna rol oynayan elə dühalara rast gəlirsən ki, onları nəinki tarixi prosesin yaradıcısı, hətta cəsarətlə tarixin özü kimi dəyərləndirirsən. Bütün ölkələr təntənəni də, çətinliyi də, faciəni də özünə dönəndə, öz ayaqları üstündə dayanmaq istəyəndə yaşayır. Vətənin uğurunun da, faciəsinin də yükü onun böyük oğullarının çiyninə düşür. Xalqımız zaman-zaman böyük bəlalar yaşasa da, bu cür şəxsiyyətlərdən xali olmayıb. Və XX əsrin əvvəlində  Azərbaycanın mədəniyyət tarixində baş verən köklü, təməlli dəyişiklik də təsadüfi deyildi, zaman-zaman buna gəliş hiss olunmaqda idi...

1908- ci il, soyuq yanvar aıyını köhnə tarixlə 12- si, yeni tarixlə isə 25-i...  Tağıyev teatrının qarşısında izdiham toplanıb.  Afişalara  boylananlar M. Füzulinin  “Leyli və Məcnun” poemasının motivləri əsasında Ü. Hacıbəylinin bəstələdiyi eyniadlı  “Leyli və Məcnun” operasının adını oxuyur. Bir azdan  bu izdiham teatra daxil olacaq, zəng çalınacaq və  Azərbaycan xalq mahnıları və muğam parçalarının, milli folklrumuzun zəngin nümunələrinin yer aldığı möhtəşəm bir əsəri seyr edəcək... Və  mədəniyyət tariximizin bumu sayılan  bu hadisənin həkk olunduğu bu  günə yə sıradan bir gün  kimi sayıb, ötüb keçəcəklər. Bu izdihamın içində heç də hamı sənətə, şeirə, musiqiyə qiymət verənlərdən ibarət deyildi, bədxahlar, Üzeyir bəyin uğuruna inanmayanlar da,  arzu etdikləri müvəffəqiyyətsizliyin baş verəcəyindən əmin olanlar, uğursuzluq  görməyə gələnlər də çox idi...

                            Musiqi

İlk operanın “ Leyli və Məcnun”un   səhnələşdirilməsi  Azərbaycan mədəniyyət tarixində  böyük  hadisə idi və bu  tarixi prosesdə baş verənləri, o zaman bir o qədər də dərk edilməyən, layiqli qiymətini almayan, əslində isə dünya əhəmiyyətli mədəni hadisəni istiqamətləndirən, bununla da Azərbaycan musiqisinin və mədəniyyətinin tarixində bir ilk kimi imza atan  Üzeyir bəy Hacıbəyli oldu...

Üzeyir Hacıbəyli Azərbaycanın taleyindən nəğmə kimi keçən bir şəxsiyyətdir.  Müasir musiqimizin yaradıcısı, baş tacı adlandırdığımız Üzeyir bəyin tərcümeyi halını  oxuyanda adam sözün yaxşı mənasında heyrətlənməməyə bilmir. Bir insan bir ömrə bu qədər işi necə sığışdırıb? Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müəllim, pedaqoq... Hər biri də yüksək səviyyədə, hər biri  ayrıca tədqiqat  mövzusudur. Lakin bəstəkarlığını bir tədqiqata sığışdırmaq mümkün deyil. Çünki onun operaları, musiqili komediyaları, xor və orkestr üçün bəstələri, kamera-instrumental əsərləri, marş, kantata, fantaziya, romans və mahnıları hər biri ayrıca araşdırılmalıdır və araşdırılıb,  yenə  də ehtiyac var, çünki Üzeyir  şəxsiyyəti, sənətkarlığı bitib-tükənməzdir.

                         Musiqi

Üzeyir bəyin musiqiçi kimi fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmır. O, Azərbaycanda musiqili teatrın və konservatoriyanın əsasını qoyub, çoxsəsli xor kollektivini və notla ifa edən xalq çalğı alətləri orkestrini yaradıb. Xalq mahnılarının, muğamların ilk tədqiqatçılarından olub, dərsliklər və not kitabları yazıb. Xüsusi komissiya yaradaraq, respublikamızı qarış-qarış gəzib, səsi və ifaçılıq qabiliyyəti olan uşaqları tapıb, təhsil almaları üçün imkan yaradıb.

Bildiyiniz kimi, Üzeyir bəyin övladı yox idi. O, bütün tələbələrini öz doğma övladı hesab edirdi. Şahidi olanlar dəfələrlə danışıb və yazıblar ki, Üzeyir bəyin qapısı tələbələrin üzünə həmişə açıq idi. O, Bakıdakı mənzilinin qapısını heç vaxt arxadan bağlamazdı. Tələbələr çox rahat şəkildə onlara gedir, yemək yeyir, şəxsi problemlərini dilə gətirirdilər.

Təsəvvür edin, iki daşın arasında uşaqlar üçün doğma dilimizdə “Hesab məslələri” dərsliyini də yazıb, jurnalistlər və hərbçilər üçün türk-rus, rus-türk lüğətini tərtib edib, sevdiyi maraqlı hekayələri Azərbaycan dilinə çevirib, məzhəkələr, felyetonlar, yumoristik pritçalar yazmağı da özünə borc bilib bu dahi şəxsiyyət... Bir sözlə, əlinə düşən hər fürsətdə öz xalqı, öz vətəni üçün nəsə faydalı bir iş görüb. Onu xatırlayanda ürəyini məşəl kimi yandırıb əlində tutaraq ətrafına işıq saçan əfsanəvi bir qəhrəman canlanır yaddaşımızda.

 

Bildiyiniz kimi, onun ozamankı sovet rəhbərləri yanında böyük nüfuzu vardı. Xüsusən, “Koroğlu” operası Stalin tərəfindən yüksək qiymətləndiriləndən sonra Üzeyir bəy SSRİ-nin ən sayılıb-seçilən şəxsləri sırasına qatıldı. O dövrə aid bütün ali mükafatlara layiq görüldü; Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni laureatı oldu.  Eyni zamanda yüksək vəzifələr tutdu ki, bu da respublika üçün böyük işlər görmək fürsəti yaradırdı. Azərbaycan Elmlər Akademiyasının akademiki, professor idi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru vəzifələrində işləmişdi.

 

Üzeyir bəyin yüksək milli düşüncə və vətənpərvərlik hissləri ilə 30-cu illərin repression ət maşınından salamat çıxması hər şeydən əvvəl tanrının iradəsi idi və tale onu bu xalq üçün qoruyurdu. “Koroğlu”nun premyera tarixinə baxsaq hər şey aydın olar – 1937. Sizcə, həssas qəlbi və böyük intellekti olan bəstəkar o illərdə günahsız repressiyaya məruz qalanları görmürdümü? Onların günahsız olduğunu bilmirdimi? Əlbəttə, görürdü və bilirdi. Elə buna görə, cəmi iki il sonra onda şəkər xəstəliyi aşkarlandı və həkimlər xəstəliyin mənbəyinin əsəb və gərginlik olduğunu söylədilər.

Xatırladım ki, həmin il Moskvada ittifaq miqyaslı milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə Üzeyir bəy də münsiflər heyətində təmsil olunurdu. Ermənilər ondan şikayət edərək, Bakıdan gələn iştirakçılar içərisində ermənilərin olmadığını və bunun Üzeyir bəy tərəfindən qəsdən edildiyini bildirirdilər. Soyuqqanlı və səbirli olmasına baxmayaraq, bu hadisə onu çox əsəbiləşdirmiş, səhhətinə böyük zərbə vurmuşdu.

Qeyd olunan fakt Üzeyir bəyə qarşı ilk hücum deyildi. Hələ 1918-ci ildə Bakı qırğını vaxtı Üzeyir bəyin evini atəşə tutmuşdular. O, demək olar ki, ölümdən qurtarmışdı. Üzeyir bəy həm millətçi ermənilərdən, həm də ruspərəst azərbaycanlılardan qorunmalı idi. Onu daha bir ölüm təhlükəsindən Nəriman Nərimanov xilas etmişdi. Belə ki, Stalinin stolunun üstünə gedən “Vətən xainləri” siyahısında Üzeyir bəyin də adının olduğunu eşidən Nərimanov həmin siyahını tapmış, öz əlləri ilə cırıb atmışdı.

 

2-ci pərdə

 Üzeyir bəyin Bakıdakı evinə atılan güllələr düz 74 il sonra Şuşada onun büstünə atıldı. Azərbaycan hökumətinin səyi nəticəsində güllələnmiş üç büst – Üzeyir bəyin, Bülbülün və Natəvanın büstləri Rusiya vasitəsi ilə Azərbaycana gətirildi və indi paytaxtımızdakı İncəsənət Muzeyinin həyətində saxlanılır.

Üzeyir bəy ən ağır illərdə doğma sənəti ilə həm təskinlik tapır, həm də mübarizə aparırdı. Uvertüranın döyüşkən melodiyaları təkcə Üzeyir bəyin özünü deyil, bütün Azərbaycanı ayaqda saxlayırdı və saxlayır. Hacıbəyli yaradıcılığı sənətkarlığın elə bir mərhələsi idi ki, Stalin kimi müstəbidləri də heyran qoyur, etirafa məcbur edirdi.

Üzeyir bəy iki respublikaya himn yazmışdı. Həm milli qüvvələrin yaratdığı müstəqil respublikaya, həm də onu devirərək qurulan sovet respublikasına. Onun istedadının işığı bir-birindən fərqli iki dünyaya da çatırdı. Yetər ki, orda Azərbaycanın adı olsun.

Hər il 18 sentyabr tarixini dahi bəstəkarın doğum günü şərəfinə Milli Musiqi günü kimi qeyd edirik.  Milli Musiqi günü əslində, Üzeyir bəy nəslinin ən istedadlı yetirmələrindən olan Niyazinin təşəbbüsü ilə gerçəkləşib. Belə ki, dahi dirijor Üzeyir bəyin ölümündən sonra hər il bu günü xüsusi qeyd edir, rəhbərlik etdiyi dövlət simfonik orkestrinin ifasında onun əsərlərindən səsləndirirdi. Bu nəcib təşəbbüs uzun zaman bir ənənə halını alaraq yaddaşlarda yer eləməyə başlayıb. Nəhayət, 1995-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin gün mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi rəsmiləşib.

Üzeyir bəy 1948-ci il noyabrın 23-də, ömrünün 63-cü payızında - islam peyğəmbəri ilə eyni yaşda dünyasını dəyişdi. Dahi bəstəkar da peyğəmbər kimi Tanrı tərəfindən ona həvalə olunan missiyasını sonacan yerinə yetirdi və adını Azərbaycan tarixinin şərəf lövhəsinə yazdırdı. Onun ölümü  kiçikdən böyüyə hər kəsi, bütün Azərbaycan xalqını sarsıtdı, ziyalıların, dostlarının, məsləkdaşlarının axıtdığı göz yaşı bu itginin  nəhəngliyindən, əvəzsizliyindən xəbər verirdi. Və  bu yerdə yaxın dostu, böyük şair  S. Vurğunun onun ölümündən təsirlənərək qələmə aldığı, Üzeyir bəyi “Bir qocaman qartal ” adlandırdığı  Ölüm sevinməsin qoy” adlı şeiri yada düşür.

 

BİR QOCAMAN QARTALIN QANADLARI DAYANDI
O BİR DAHA QIY VURUB DAĞLARDAN KEÇMƏYƏCƏK
DÜNYA ÖZ YERİNDƏDİR YENƏ SƏHƏR OYANDI
O VƏTƏN DAĞLARININ SUYUNDAN İÇMƏYƏCƏK

ÖLÜM SEVİNMƏSİN QOY ÖMRÜNÜ VERMİR BADA
EL QƏDRİNİ CANINDAN DAHA ƏZİZ BİLƏNLƏR
ŞİRİN BİR XATİRƏTƏK QALACAQDIR DÜNYADA
SEVƏRƏK YAŞAYANLAR SEVİLƏRƏK ÖLƏNLƏR

BUDUR BAXIR ÜZÜMƏ BAXIR SƏNƏTKAR GÖZÜ
YENƏ GÜLÜR DANIŞIR NƏFƏS ALIR ÜZEYİR
SÜZÜLÜR QƏLB EVİMƏ ONUN HƏR ODLU SÖZÜ
RÜBABININ SƏSİNDƏN QANAD AÇIR MİN ŞEİR

O SABAH DA BİZİMLƏ ADDAIMLAYIR YANAŞI
KOROĞLUDAN OXUYUR YENƏ ZƏFƏR ORDUMUZ
EY FÜZULİ ŞEİRİNİN BİR BƏSTƏKAR QARDAŞI
ŞÖHRƏT TAPDI ADINLA BİZİM ANA YURDUMUZ

MƏN BU KİÇİK ŞEİRİMİ YAZIRAM GÖZ YAŞIMLA
ÇÜNKİ VİDALAŞIRAM BİR ÜRƏK SİRDAŞIMLA
Началоформы

 

 

Üzeyir Hacıbəyli şübhəsiz ki, dahi insan idi. Dahi kimdir? Epoxa yaradan şəxs. Biz ən azı peşəkar musiqi sahəsində Üzeyir bəyin epoxasının adamlarıyıq. Zaman nə qədər irəli getsə və musiqimiz nə qədər inkişaf etsə də Üzeyir bəy bizi gələcəkdə qarşılayır. Keçmişdən yola salır, gələcəkdə gözləyir... Dünyanı bəzəyən  bütün dahilər kimi...

 

Şəkillərdə: Üzeyir Hacıbəylinin dəfn mərasimindən görüntülər

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

 

Конец формы

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.