Super User

Super User

 

“Salnaməfilm” studiyasının əməkdaşları tərəfindən lentə alınan “Silahdaşlar” sənədli filmi bu gün Nizami Kino Mərkəzində nümayişi olunacaq.

 

Ödənişsiz nümayiş olunacaq “Silahdaşlar” filmi 2 seansda - saat 12:00 və 15:00-da təqdim ediləcək.

Qeyd edək ki, filmin rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyevdir. Filmin müəllifləri kino işçilərinin Qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərmək istəyiblər. Ekran əsərində 20 Yanvar faciəsindən əvvəl və sonra baş verən hadisələr öz əksini tapıb.

 

Məşhur Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev haqqında serialın hazırlıq mərhələsi davam edir.

Cəmi səkkiz seriyadan ibarət film Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və digər bir neçə qurumun iştirakı ilə istehsal olunacaq.

Xatırladaq ki, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Böyük xeyriyyəçinin 200 illiyi ölkəmizin təşəbbüsü ilə UNESCO-nun 2023-cü il üçün yubileylər proqramına da salınıb. Tağıyev haqqında serialın da o tarixdə hazır olması nəzərdə tutulur.

 

1990-cı ildə törədilən qanlı cinayətin instintaqını aparan mərhum  Azərbaycan prokuroru İdris Əsgərovdan alınmış müsahibəni illər sonra “Ədəbiyyat və incəsənət” portalı təqdim edir. 

Aida Eyvazlının təqdimatında.

 

İdris Əsgərov respublikamızın qocaman və adlı sanlı, şərəfli prokurorluq işçisi kimi təqaüdə 1996-ci ildə çıxıb. Sonuncü vəzifəsi Respublikanın Baş Prokurorluğunda nəzarət idarəsinin rəisi olub.  1990-cı ilin 20 Yanvar hadisələrini yaddaşında yaşadan yaşlı nəslin nümayəndələrindən biri kimi, 1998-ci il 20 yanvarda   “Panorama” qəzetində çalışdığım zaman  hadisələrlə bağlı etdiyim dəyərli müsahibəni oxucuların diqqətinə çatdırıram.  İdris müəllim həmin hadisələrdən iki il keçəndən sonra Moskvaya gedərək keçmiş SSRİ rəhbərlərini, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxsləri dindirmişdi. O həmin günləri belə xatırlayırdı:

 

... Həmin gecə Yazov Bakını vertolyotdan seyr edirdi...

...Tariximizə qanlı şənbə kimi daxil olan həmin gecə, Sovet Ordusu doğma Bakımıza quldurcasına basqın edərək dinc əhaliyə, sözün əsil mənasında divan tutdu. Qocaları-gəncləri, qadınları-körpələri qəddarcasına güllələdi. Tarixdə misli görünnməmiş qanlı bir cinayət törətdi.  Həmin gecə Bakının aydınlıqla qoşa doğulmuş saf səmasında, basqınçıların silahlarından atılan güllələr bir-biri ilə kəsişərək xalqımızın sinəsinə çalın-çarpaz dağ çəkdi. Küçələr al qana boyandı, insan cəsədləri yan-yana düzüldü. Küçədən keçən, işdən qayaıdan, mətbəxdə iş görən neçə-neçə adam qətlə yetirildi. Qəflətən şəhəri dörd tərəfdən bürümüş bu qanlı-qadalı bəlanı anlamaq elə-belə mümkün deyildi. Sanki insanlar cəhənnəmi öz gözləri ilə gördülər. Ancaq səhər  Vladimir  Dubinyak adlı bir generalın Bakı şəhərinin komendantı kimi verdiyi əmrdən məlum oldu ki, sən demə SSRİ  Ali Sovetinin  Rəyasət Heyəti özünün 19 yanvar 1990-cı il tarixli fərmanı ilə yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyət elan edibmiş.

20 yanvar faciəsinin qanlı səhifələrini mən gözlərimlə görmüşəm. Peşə fəaliyyətimlə əlaqədar olaraq, uzun illər ən ağır cinayətlərlə qarşılaşsam da, onların heç biri 20 yanvar  hadisələrində gördüklərim qədər məni dəhşətə gətirməyib. Bu kütləvi qırğının qarşısında, donub qalmışdım.  Bu zaman  məndə belə bir istək yarandı ki, kaş XI  Ordunun Vətənimizə soxulmasını təmin etmək üçün Azərbaycan Demokratik Respublikası rəhbərlərinə ultimatum göndərmiş, bolşevik babalarımızı qanlı səhnənin qarşısına dəvət edib, bizə miras qoyduqları cəmiyyəti onlara nümayiş etdirə biləydim.

 1990-cı il yanvarın 22-də  hələ Bakı küçələrində xalqa divan tutulduğu bir vaxtda, “İzvestiya” qəzetinin  müxbirləri  Litovkin və Mostovinkov yazırdılar: “Küçədə bizə yaşlı və ağlayan bir qadın çataraq dedi: Mən əsil bakılıyam. Valideynlərim bura XI  Ordu ilə gəliblər. Mən yaşadığım evin üstündə banditlər oturmuşdular. Əvvəllcə onlar əsgərləri atəşə tutdular, əsgərlər də məcbur olub cavab atəşi açdılar.”  Yəqin ki, bu sitatdan sonra izahata ehtiyac yoxdur.

Xalq öz Şəhidlərini böyük ehtiramla şəhərin ən yüksək nöqtələrinin birində dəfn etdi. Xalqın ziyarətgahına çevrilmiş müqəddəs Şəhidlər Xiyabanı yarandı.  Dünyanın hərbi baxımdan  ən qüdrətli iki dövlətindən birinin nizami ordusu tərəfindən  gülləbaran edilmiş mərd xalqımız əyilmədi, sınmadı, nəhayət öz tarixi məqsədinə çataraq müstəqillik əldə etdi. İndi bütün bunlar bizə nəsə bir təskinlik verir. 

- İdris nüəllim,  20 yanvar qırğınının təşkilində və icra olunmasında bilavasitə iştirak etmiş şəxsləri dindirmisiniz.  Bu  barədə deyə bilərsiniz, yaddaşınızda nə qalıb?

- O danışıqların hamısı  bir maqnit lentindəki  kimi yaddaşıma yazılıb. Tale elə gətirdi ki, Bakıda qanlı cinayəti hazırlayıb, həyata keçirmiş Sovet İttifaqı rəhbərliyinin bir sıra nümayəbdələri ilə görüşüb onları sorğu-suala tutmaq, bir hüquqşünas istintaqçı kimi mənə nəsib oldu.  SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovu, SSRİ Müdafiə naziri Dmitri Yazovu,  SSRİ  DTK-sının sədri  Vladimir  Kryuçkovu  1992-ci il fevralın 19-da Moskvada rəsmi olaraq,  Müstəqil Azərbaycan Dövləti adından  Respublikanın o zamankı Baş prokuroru Murad Babayevlə birlikdə dindirdik. Bu şəxsləri dindirmək üçün bir sıra çətinliklərlə üzləşdik. Əvvəla onlar Rusiya prokurorluğu tərəfindən həbs olunmuş, dövlət çevrilişi cəhdidndə ittiham edilirdilər. Onların hər birinin müdafiəçisi var idi və müdafiəçinin iştirakı olmadan heç kəslə görüşmək istəmirdilər. Bütün maneələri aradan qaldıraraq, biz hər üç müttəhimi onların müdafiəçilərinin iştirakı ilə dindirdik.

- Dindirmə zamanı onlara verdiyiniz sualların mahiyyəti  mənim üçün də maraqlıdır.

- Biz çalışırdıq ki, onlar xalqımızın qarşısında  öz  günahlarını etiraf  etsinlər. Əvvəlcə marşal  Dmitri Yazovu gətirdilər. Aman Allah, böyük bir millitarist, fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri bu imiş... Mənim xalqıma divan tutmaq komandasını verən marşal bu imiş ?! Sözün düzü, ilk görüşdə mən  emosiyalarımı cilovlaya bilmədim, vətəndaşlığım peşə borcumu üstələdi. Məndə bu insana qarşı nifrət oyandı. Onunla prokurorluq işçisi kimi danışmaq qabiliyyətim bir anlıq yox oldu. Lakin özümü ələ aldım.  Bunu dindirmənin istədiyimiz kimi aparılması da tələb edirdi. İlkin olaraq, dindirmə, öz qaydasında gedirdi. Əsil  “soldafon” xislətli bu adam ifadə verməyə başladı. Onun qarşısında, kəskin ifşaedici suallar qoyulduqda, öz müdafiəçisinin məsləhəti ilə ifadə verməkdən imtina etdi. Lakin biz bütün lazimi suallari onun qarşısında qoyaraq,  baş vermiş kütləvi insan qırğınında şəxsi məsuliyyətini ona anladırdıq.  Bizim verdiyimiz ifşaedici sualları dinlədikcə onun necə psixoloji həyəcanlar keçirdiyi indi də gözümüzün qabağındadır. Adamların kütləvi surətdə güllələnməsi haqqında çəkinmədən əmr verən bu marşal, daxilən olduqca qorxaq və aciz idi.  

Dmitri Yazovun ifadələrindən:

“...1990-ci il yanvarın 19-da məni prezident Qorbaçovun yanına dəvət etdilər. Daxili İşlər  naziri Bokatin də ora dəvət olunmuşdu.  SSRİ  Nazirlər  Sovetinin  sədri  Nikolay Rıjkov və  SSRİ  Ali  Sovetinin sədri  Aleksandr Lukyanov da Qorbaçovun iş otağında idilər.  Qorbaçov dedi ki, Bakıda təhlükəli vəziyyət yaranıb. Mən və Bokatin ora gedib qanun-qayda yaratmalıyıq. Həmin gün Bakı vaxtı ilə saat 17.00-da biz Bakıya gəldik. Bakıda Qərb  istiqamətinin baş komandanı, general N.Popovun otağında SSRİ prezidentinin nümayəndələri  Yuri  Primakov və  Oleq Şeninlə birgə  Azərbaycan  KP  MK-nin birinci katibi Əbdürəhman Vəzirovla görüşüb, vəziyyəti müzakirə etdik və fövqəladə vəziyyət olunması qərarına gəldik. Yanvarın 19-dan 20-nə keçən gecə nizami Sovet Ordusunun hissələri Bakı şəhərinə yeridildi. Qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəldiyindən, atəş açmağa məcbur olduq...!”

Yazov deyirdi ki, bu zaman şəhərin üzərində vertolyotla uçaraq bunları özü müşahidə etmişdi.  İnsan qırğınını belə soyuqqanlılıqla müşahidə edən hərbiçini insani baxımdan xarakterizə etmək üçün əlavə sözə ehtiyac yoxdur. Yazov, qəflətən yaxalanmış cinayətkarlar kimi, son dərəcə  məntiqsiz, dolaşıq danışaraq, aşkar çaşqınlığa yol verirdi. Yanvarın 19-da axşam Bakıya gələn Yazovun bir neçə saat ərzində vəziyyəti öyrənib yüksək vəzifəli şəxslərlə müşavirə keçirməsi, fövqəladə vəziyyət elan edilməsi qənaətinə gəlməsi və şəhərə qoşun yeritməsi  müqabilində, onun qarşısında konkret suallar qoyuldu: “1. Bəs SSRİ ALİ Sovetinin Rəyasət Heyəti föqəladə vəziyyət haqqında fərmanı nə vaxt qəbuıl etdi? 2. Əgər bu Fərman Yazov Bakıya gələndən sonra qəbul edilmişdisə, Bakını üzük qaşı kimi mühasirəyə almış qoşun hissələri nə zaman ölkənin müxtəlif yerlərinə səfərbər edilib gətirilmişdi?”. 

D.Yazova sual verdik ki, fövqəladə vəziyyət elan edilməsinin xüsusi hüquqi rejimi var. Bu rejimə əməl olunmamış, əhali də xəbərdar edilməmişdi. Bu da insan qırğını ilə nəticələnmişdir. Cavabında marşal nə desə yaxşıdır?!: “Qoşun şəhərə gecə saat 3-də daxil olub. Bu zaman bütün düzgün adamlar yatırlar.” Ona irad tutuldu ki, qoşun şəhərə gecə saat 12-də daxil olub. Sual üzərində xeyli düşündü, durub bir qədər gəzişdi. Bizə sarı dönərək, ifadə verməyəcəyini elan etdi.

O zaman Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında dövlətlərarası müqavilə olmadığından biz ondan sonrakı sullarımıza cavab ala bilmədik.

Keçmiş SSRİ  DTK- sının sədri V.Kryuçkov əvvəlcə, ümumiyyətlə, 20 yanvar hadisəsindən məlumatı olmadığını, o dövrdə məzuniyyətdə olduğunu söylədi. Dövlət Xüsusi Xidmət Orqanı başçısının ölkədə baş vermiş kütləvi insan qırğınından  bixəbər olması ağlabatan deyildi. Bu iradımıza cavab olaraq, Vladimir Kryuçkov dedi ki,  məzuniyyətdə olarkən, həmin hadisə haqqında məlum kanallar üzrə informasiya almışdı. 

Dindirmənin gedişində öyrəndik ki, Qorbaçov ordudan fərqli olaraq Təhlükəsizlik Orqanı  qüvvələrinin Bakı hadisələrində son dərəcə passiv hərəkət etməsinə görə Kryuçkovu danlamışdır. Görünür tökülən qanlar onu qane etməmişdi. Biz Yazovu və Kryuçkovu ifadə verməyə dəvət edərək dedik ki, kütləvi insan qırğını ilə müşaiyət edilmiş Bakı hadisələrinin qeydi-adiliyi baxımından bu cinayətin bütün təfərrüatı ilə aydınlaşdırılması, hər kəsin təkcə vətəndaçlıq borcu deyil, həm də insanlıq borcudur. Biz onları Rusiya vətəndaşı kimi deyil, planetimizdə yaşayan bir insan kimi ifadə verməyə dəvət etdik. Onlar yenə də tam ifadə verməkdən imtina etdilər.

Görünür qanlı cinayətin iştirakçıları öz yüksək məsuliyyətlərinin bütün acı nəticələrini dərk edirdilər. Anatoli Lukyanov isə ifadə verməkdən imtina etmədi. Lakin, hadisədən guya çox vaxt keçdiyindən, onu unutduğunu söylədi. Rəhbər olduğu ölkədə baş vermiş insanı dəhşətə gətirən qanlı bir cinayəti belə tez unutmaq, şübhəsiz ki, həqiqətdən uzaq bir ifadə idi.

Başlıcası odur ki, bu dindirmələr zamanı onlar başa düşdülər ki, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş soyqırımında onlar bilavasitə günahkardırlar və Azərbaycan xalqının qəzəbi onları hardasa mütləq  yaxalayacaqdır.  Çünki bu qəddarlığı, amansızlığı Allah heç vaxt bağışlamaz.

İdris Əsgərov  müsahibəsini bu sözlərə bitirmişdi. Hamı da bilir ki,  1990-cı il Yanvar hadisəsindən 1 il 9 ay  keçəndən sonra, 20 yanvarda əlləri qana bulaşmış rus  imperializm ordusunun generalları və marşalları öz rusları tərəfindən öz ölkədaxili məsələləri ucbatından həbsxanalara atıldılar. Amma fərq etməz. Əsas odur ki, onlar cəzalarını aldılar.

 

 

 

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edilib.

Mərkəzdən bildirilib ki, yanvarın 20–də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.

Repertuara Salnamə Studiyasının çəkdiyi, 1990-cı il Yanvar hadisələrini əks etdirən, rejissor Nizami Abbasın “Silahdaşlar” filmi daxil ediləcək.

Film yanvarın 20-də saat 12:00-da və 15:00-da nümayiş olunacaq.

Seanslara giriş sərbəstdir.

 

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar-milli qürur dastanı” adlı tədbir təşkil olunub.

Öncə Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə məlumat verilib ki, 32 il öncə yanvarın 19-dan 20-nə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilib. Hər il minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini yad edir.

Qeyd edilib ki, tədbirin keçirilməsində məqsəd gənc nəslin keçmişə sadiq vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı o günü unutmamaqdır.

Tədbir çərçivəsində Təhsil Nazirliyinin 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri 35 dəqiqəlik “Azadlığa gedən yolun zirvəsi” adlı bədii kompozisiya ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları şagirdlərin rəsm əsərlərinin yer aldığı sərgiyə baxıblar.

Sərgidə nümayiş olunan bir-birindən fərqli 18 rəsm əsərində gələcəyin bacarıqlı rəssamlarının vətəninə, tarixinə bağlılığı öz əksini tapıb.

 

Sabah 20 yanvardır. 1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini və bu yoldan dönməyəcəyini təcəssüm etdirir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il 20 yanvar tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr gerçəkləşdirərək bu faciəvi hadisələri və şəhidləri yad edir. O qanlı gecədəki hadisələri, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi qurulub.

Həmin maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 Yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış videoçarx təqdim edilib.

Paytaxt sakinləri və qonaqlar yaradılmış instalyasiyaya baxır, 32 il öncəyə virtual səfər edirlər.

Çərşənbə, 19 Yanvar 2022 11:59

Günün fotosu: Avroparlamentin yeni spikeri

 

Avropa Parlamentinin yeni spikeri Roberta Metsola - Maltadan olan deputat seçilib. Xanım Metsola buna kimi birinci vitse spiker idi. 

Metsola avrodeputatların 616 səsindən 458-ni qazanıb. 

43 yaşlı Metsola Avropa İttifaqı qanunverici orqanının ən gənc spikeri kimi tarixə düşüb.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” portalı bu çərşənbə günündə sizi Yardımlı rayonunda yaşayıb yaradan, həqiqətən də insanı öz sehrinə sala bilən, ovsunlayan, səmimiyyəti, axıcılığı və poetik kamilliyi ilə seçilən şeirlərin müəllifi İqbal Nəhmətlə görüşdürür.

İqbal Nəhmət (Nəhmətov) 1976-cı ildə Yardımlı rayonunda anadan olub, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 3 kitab müəllifidir, “Azərbaycan” jurnalında, “Ədəbiyyat qəzeti”ndə, Təbrizdə çıxan ,,Sancaq” qəzetində, digər mətbu orqanlarda 100-dən çox şeiri dərc edilib, bir necə şeiri özbək dilinə tərcumə olunub. Şeirlərinə mahnılar da bəstələnib. Ulvi Qılıncın sevilən ,,Gedirəm” adlı mahnısının sözləri İqbal Nəhmətindir. 

 

Hardasa bir günəş doğur yenidən

 

Gecəni öldürüb amansız sükut,

Ölü daşımağa diri tapılmır.

Beləcə uzanır bu qış gecəsi,

Nağıl danışmağa biri tapılmır.

 

Bilirəm, hardasa kömək gözləyən,

Sağalmaz bir dərdə yoluxanım var.

Bir qarış uzaqda üşüyür Vətən,

Bir qarış yaxında darıxanım var.

 

Çılpaq ağacları, quru kolları,

Şaxta qılıncıyla qovur yenidən.

Hardasa bir qarış ömür gödəlir,

Hardasa bir günəş doğur yenidən.

 

Qısılıb gecənin soyuq evinə

Yazıb son şeirimi bitirəcəyəm.

Yatıram, yuxudan oyana bilsəm,

Sabah yenə səni düşünəcəyəm...

 

 

Torpağıma qarışmağa gələrsən...

 

Külək əsər, yağış yağar, gün çıxar,

Bir alarsan, əvəzinə min çıxar,

Əlbət bir gün yuxuların çın çıxar,

Həqiqəti danışmağa gələrsən.

 

O dinləyən, sən oxuyan, mən yazan,

Qismətimi qismətinə tən yazan,

Qoy bu dəfə mən uduzum, sən qazan,

Son bir dəfə yarışmağa gələrsən.

 

Ömür zəhər, ya baldısa deyəcəm,

Bilmədiyin nə qaldısa deyəcəm,

Bu canımı kim aldısa deyəcəm,

Yaşadınmı? Soruşmağa gələrsən.

 

Arzumuzu biçə-biçə ağladıq,

Döngə döndük, küçə-küçə ağladıq,

Bu dünyada küsə-küsə ağladıq,

O dünyada barışmağa gələrsən.

 

Xeyli vaxtdı çevirmisən üzünü,

Əyrilərə calamısan düzünü,

Ölər olsam çatdırmasan özünü,

Torpağıma qarışmağa gələrsən.

 

Ört bütün qapıları

 

Ört bütün qapıları,

Yetər ki, baca qalsın.

Mən nə boyda ölüm ki,

Ölüm balaca qalsın.

 

Mən nə boyda gülüm ki,

Eşitməsin ağlayan.

Bəlkə də o olacaq

Gözümü son bağlayan.

 

Mən nə boyda bölum ki,

Bir tikəni yüz yerə.

O qədər əyri getdik,

Yetişmədik düz yerə.

 

Açılmadı önüm ki,

Köçən köçümdə qalsın.

Mən nə boyda dönüm ki,

Dünya içimdə qalsın.

 

Gəlmə

 

Hələ ki, qonaqdı qarlı qış mənə,

Gözlə bahar gələr, onda gələrsən. 

Gəlib oyadarsan bənövşələri,

Gələndə o güllü donda gələrsən. 

 

Bizim buralarda soyuqdu, gəlmə,

Azan dənizçinin qayığındayam.

Yerin isti olsa məni düşünmə,

Mən hələ bu ömrün soyuğundayam. 

 

Gəlib, oyadarsan bənövşələri,

Cücərər, rəsmini çəkib gedərsən.

Kollara danışıb mənim sevgimi,

Bənövşə dibinə əkib gedərsən.

 

Mən necə darıxım sənsiz?

 

Bu gün cümə, sabah şənbə,

Həftənin neçəsindəyəm?

Gecəni gündüz etmişəm,

Gündüzün gecəsindıyəm.

 

Mən necə darıxım sənsiz,

İlin, günün bu vaxtında.

Söylə necə yaşayırsan

Həsrətimin paytaxtında?

 

Verdiyin o kar ümidin

Qulağı çoxdan kəsilib.

Gəlişinin, gedişinin

Sorağı çoxdan kəsilib.

 

Sevgimizi elə böl ki,

Üstünə qanı dəyməsin.

Mən necə darıxım sənsiz,

Sənə ziyanı dəyməsin?

 

Sənçün darıxa-darıxa,

Mələyə, cinə dönmüşəm.

O qədər dönüb özümdən,

Döngəyə, tinə dönmüşəm.

 

Ya günəş ol, ya da ay ol,

Qarışanda şər bilməsin.

Mən necə darıxım sənsiz

Göy biləndə yer bilməsin?

 

Gör

 

Çoxuna tanışdı gözümdəki nəm,

Dərd nədir, hamıdan yaxşı bilirəm,

Baxma ki, sevinib hərdən gülürəm,

Məni uşaq kimi ağlayanda gör.

 

Şəhriyar ölmədi, yaşayır məndə

Mən də sən olaram sözüm bitəndə,

O taydan bu taya lil gətirəndə,

Araz yatağında laxlayanda gör.

 

Vətən torpağına çəkdi oğlunu,

Qırmızı qanına əkdi oğlunu, 

Atalar bayrağa bükdü oğlunu,

Analar yasını saxlayanda gör.

 

Bu gün gəl, sabah get, belədir qayda,

Yaxşı var, pis də var yetərli sayda,

Yaşamaq gözəlmiş, amma nə fayda,

Ölüm gözlərini bağlayanda gör.

 

Götür məni o yerə ki

 

Qara külək, götür məni,

Bu dünyanın qurtaracaq yeri varsa,

O yerlərdə

həqiqətin danışmağa dili varsa,

Orayacan ötür məni.

 

İstəmirəm görsün kimsə

yanağımda yuva quran göz yaşımı,

Tam bir əsrin döngəsində haçalanan, 

əsir düşən yaddaşımı.

Bu yerlərdə

tumurcuğum çiçəkləməz,

bu yerlərdə

körpə arzum

bələyindən baş qaldırıb

iməkləməz.

Yetişmədim,

qundağında yetimləşən körpələrin

harayına.

Qara külək, götür məni,

İmanını tərəzidən ucuz tutan

baqqallardan uzaq yerə,

Əli əyri, dili əyri, dini əyri

saqqallardan uzaq yerə,

Havasından qan qoxuyan

meydanlardan uzaq yerə,

Amalları neçə yerdə, neçə kərə

parçalanan insanlardan uzaq yerə.

 

Götür məni,

Geri baxıb Vətən deyə ağlayım mən!

Neçə itkin düşənimə,

Neçə küskün ölənimə,

hansı tində, hansı gündə ölənimə

Bu gün matəm saxlayım mən,

qara geyib ağlayım mən.

 

Qara külək, götür məni, o yerə ki,

Ədalətin dəmir, polad məngənəsi,

yıxsın, boğsun yaltaqlığı.

Silkələsin insanlardan 

Qaçaq düşmüş insanlığı.

 

Ölsəm bağışla məni...

 

Bilmədiyin nə varsa,

Bilsəm, bağışla məni.

Bu sevgini yarıya,

Bölsəm, bağışla məni.

 

Burnuna qoxu kimi,

Yuxuna yuxu kimi,

Ömrünə çoxu kimi,

Gəlsəm, bağışla məni.

 

Gedirəm, gedişim var,

Bəlkə son bir işim var, 

Ölümlə döyüşüm var, 

Ölsəm, bağışla məni.

 

Əlvidasız get

 

Sən gəlmədən öncəydi bütün bunlar, 

Qaranlıqdan qorxmağım,

özümü sıxmağım, özümdən çıxmağım.

Öncəydi umidsizliyim.

Divar kimiydim, kar, kor söz keçməyən...cansız. 

 

Və bir gün sən gəldin

Görmədiyim, bilmədiyim yerdən,

sualsız, cavabsız özün kimi,

gəlişin də gözəl oldu üzün kimi.

 

Səni o üzdən sevdim

Hec kimə qarışmadan,

Heç kimdən soruşmadan, danışmadan lal kimi gəldin.

Özünlə məni də gətirdin mənə,

əhsən sənə...

 

Sən gəlmədən öncəydi..

Dünyamın iki rəngi dəyişə bilirdi, ağı və qarası...

və bir də tənhalığımın sağalmayan yarası.

Sən gəlmədən öncəydi fəsillərin yoxluğu, 

yaşanmayan illərin çoxluğu.

Payız kimiydi bütün fəsillər,

Hər ildə uç dəfə köçürdüm payızdan-payıza...

Sən gəlmədən öncəydi 

sevgi serlərimin qırıq misralarında çabaladığım anlar.

 

Və bir gün sən gəldin,

Yenidən doğuldum.

Bu dəfə anamdan yox, gətirdiyin sevgidən doğuldum.

Dəyişdiyimi düşunmüşdüm,

heyif, çox heyif...

 

Indi yenə də gedirsən!

Səbəbsiz gəldiyin ücündür bəlkə,

sənə qal da deyə bilmirəm,

Hələlik...

get, amma əlvidasız get..

Əlvida boyda bir ağrını daşıya bilmərəm daha, əzizim!

 

Günəşi qaytara bilmərik geri

 

Gəl gedək günəşin batdığı yerə,

Gündüzlə-gecənin yatdığı yerə,

Torpaqdan üzülsün ayaqlarımız

Gedək başımızın çatdığı yerə.

 

Tanıya bilmədik heyif, çox heyif

Gözün əvəzinə qaş atanları.

Bulud qamçılasın izlərimizi,

Döysün arxamızca daş atanları.

 

Nə vaxtdan amansız oldu bu dünya,

Hiyləsiz, yalansız yoxmu bir ölkə?

Gəl gedək günəşin batdığı yerə

Ordan sabahlara yol oldu bəlkə.

 

Yeri, canım-gözüm, dayanma, yeri

Deyəsən, yolların sonuna gəldik.

Günəşi qaytara bilmərik geri,

Bəlkə, arzuları qaytara bildik.

 

Çərşənbə, 19 Yanvar 2022 12:30

“Moon Knight” filminin treyleri yayımlanıb

 

Hollivudun “Marvel Studios” kinostudiyası martın 30-da premyerası keçiriləcək "Moon Knight"(“Ay cəngavəri”) filminin treylerini yayımlayıb. Jeremy Slaterin rejissorluq etdiyi filmdə baş rolu canlandıran qvatemalalı məşhur aktyor və musiqiçi Oskar İsaacdır. O, keçmiş hərbçi Mark Spector rolunu ifa edir.

Mark Misir Ay tanrısı Xonsunun təsiri altındadır və bu da Marksın psixoloji xəstəliyi ilə bağlı narahatlığını daha da artırır. Mark normal həyatı ilə xəyalları arasında fərqi ayırd edə bilmir. 

Treyler Markın “Ay cəngavəri” kostyumunu geyinərək kimisə vəhşicəsinə döyməsi ilə sonuclanır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.