
Super User
20 yanvarla əlaqəli “Bir nəfəs qədər” tamaşası növbəti dəfə göstərilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında şəhidlərə, qazilərə, əsgərlərə və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" (pyesin müəllifi: Samir Qulamov) tamaşası növbəti dəfə nümayiş edilib.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.
Həvvayla Adəmi cahil adlandıran Sezen Aksuya hücumlar artır
Son günlər Türkiyədə gündəmi Sezen Aksunun yeni oxuduğu mahnısında işlətdiyi “bu cahil Həvva və Adəmə salam söyləyin” kəlmələrinə cəmiyyətin neqativ reaksiyası tutmaqdadır.
Xüsusən, din xadimləri, Türkiyədə fəaliyyət göstərən pravoslav, katolik kilsələri və sinaqoq Sezen Aksunun Adəm peyğəmbəri təhqir etdiyi üçün cəzalandırılmasını istəyir.
Bu arada ünlü türk sənətçisinin
yaxın dostu Tarkan onu müdafiəyə qalxıb.
“Ədəbiyyat və incəsənət” portalı “Sondakika” xəbər ajansına istinadən məlumat verir ki, Tarkan Türkiyənin gündəmində oturan bu məsələdə Cesen Aksunu dəstəkləyib. Sezen Aksu ilə fotoşəkilini paylaşan Megastar öz sosial media hesablarında yazıb:"Sezen Aksu, o canlı əfsanədir, o bizimdir. Son günlər ona dəymiş ədalətsizlik, hörmətsizlik və rüsvayçılıq heç vaxt unudulmayacaq və tarixdə də əsla yazılmayacaqdır".
Günün fotosu: Son rus hərbçisi Qazaxıstandan çıxarıldı
Rusiya sülhməramlılarının son bölməsi başda general-polkovnik Andrey Serdyukov olmaqla Qazaxıstanı tərk ediblər, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Foto: Euronews
Metacritic-in versiyasında 2021-ci ilin ən yaxşı filmləri
Metacritic resursu 2021-ci ilin ən yaxşı filmlərini müəyyənləşdiribdir. TOP-50-yə daxil olan filmlər ən nüfuzlu kino nəşrlərinin reytinqləri əsasında hazırlanıb. Kriterilərdən biri də hər bir filmin ən azı 7 resenziya qazanmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı həmin reytinqi diqqətinizə çatdırır:
1.“Hara gedirsən, Aida?”
2.“Soulun yayı”
3.”Roks”
4.“Balaca ana”
5.“Yaddaş”
6.“Bu, dəfn deyil, bu, dirilmədir”
7.“Qaçış” (animasiya filmi)
8.“Maşınımım sükanı arxasında əyləş”
9.“Şəfaya doğru yolda”
10. Wojnarowicz: F**k You F*ggot F**ker (sənədli)
Qeyd:“Köpəyin hakimiyyəti”, “Dünyanın ən pis adamı”, “Fransız xəbərçisi”, “Annütt”, “Böyüklər üçün sərsəm kino” kimi filmlər dekabr reytinqindən fərqli olaraq onluqda öz yerlərini itirmişlər.
Şəkildə: “Hara gedirsən, Aida?” filmindən kadr.
Kitabları satılmırsa istedadlı yazarlar neynəməlidirlər?
Məntiqli sualdır. Xüsusən Azərbaycan üçün aktualdır. Tirajlar cüzi, kitab mağazalarının sayı az, tək-tük müəllifləri çıxsaq, əksər yazarlar nəşriyyat sifarişinin nə olmasından xəbərsiz, nəşriyyatların 99 faizinin mətbəə funksiyası daşıması, əhalinin alıcılıq qabiliyyətinin çox aşağı olması, cəmiyyətdə kitaba marağın ölgün vəziyyəti, ədəbiyyat üçün reklam bazarının olmaması, dünyaya çıxış üçün keyfiyyətli tərcümə və piar xərclərinə sponsor ola biləcək milli burjuaziyanın yoxluğu, daha nələr, daha nələr...
Bəs vəziyyətdən çıxış yolu varmı? Əslində, hər bir qıfılın açarı mövcuddur, ədəbiyyatımız tam reabilitasiya ala bilməsə belə onu qismən dirçəltmək olar. Nə cür? İstedadlı, ancaq öz istedadlarından bəhrələnə bilməyən gənc yazarlar kitabları satılan, ədəbiyyatdan qazana bilən tək-tük yerli yazıçılardan örnək götürə bilərlər, onların təcrübəsindən istifadə edib uğura doğru irəliləyə bilərlər. Yəni, mövcud qaydalar çərçivəsində Azərbaycanda 5 min tirajla kitab satmaq olar.
Bu qaydaları hər dəfə hissə-hissə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərin nəzərinizə çatdırıtıq. Bu dəfə sizlərə Rusiya ədəbiyyatında xüsusi çəkisi və yeri olan Maksim Burdinin nəşr evinin “Müvəffəqiyyətə gedən yol” adlı mülahizələrini çatdıracağıq. Daha əvvəl də portalımız oxucularını Maksim Burdinin nəşr evinin piar strategiyası barədə məlumatlandırmışdı. Azərbaycan üçün oturuşmuş kitab bazarı olan Qərb ölkələri ilə, lap elə canımız Türkiyə ilə paralellər aparmaq nöqsanlıdır, yəni onların nümunəsi bizə yaddır. Uzun illər sovet ideologiyası ədəbiyyatı ideoloji alətə çevirmiş bir məmləkətdə yaşamışıq, burada hər şeyi yazıçının əvəzinə ediblər, beş rəqəmli tiraj, böyük qonorar, ev-bağ-avtomobil güzəştləri və s. imtiyazlar yazıçıları ideoloji alət etməklə onlara bol rifah gətirib. Ona görə də biz kapitalist kitab bazarına öz xasiyyətimizlə gəlmişik, bir sözlə, meşəyə odunla girmişik. İlk olaraq bu vəziyyəti köhnə SSRİ respublikaları arasında Pribaltika, Gürcüstan və Rusiya nizamlaya bilib, onları da özümüzə örnək götürməliyik. Beləliklə, Maksim Burdinin nəşr evinin “Müvəffəqiyyətə gedən yol” adlı mülahizələrini diqqətinizə çatdırırıq:
Hörmətli yazarlar!
Biz əsassız iddialarla özlərini dahi sayan cızma-qaraçılara xitab etmirik, onlar bu mühazirəni oxumaya bilərlər. Cənab yazarlar, sizin gənc və ya yaşlı olmanızdan asılı olmayaraq dərhal əsas sualdan başlayaq: sizin nə alıcılar, nə tənqidçilər, nə oxucular, nə də kütləvi informasiya vasitələrinin heç cür reaksiya vermədikləri hazır kitabınız varmı? Onda ümumiyyətlə yaradıcılığınızın diqqətdən kənarda qalmaması, kitablarınızın satılması, oxunmasının dərhal qeydinə qalmalısınız. Zaman keçdikcə, kitabınız eyni cür müasir "tanınmamış şah əsərləri" arasında, alternativ məkanlarda, yüz minlərlə kitabların altında itib batacaq və ya daha acınacaqlı olaraq nəşriyyatdakı anbarlarda tozlanacaq. Və siz yekun olaraq tanınmamış bir müəllif olaraq qalacaq, mənfəətsiz keçinəcək, stimulsuz, bir şey yaratmaq ilhamı olmadan qalacaqsınız.
Bütün bunların məhz sizinlə baş verməməsi üçün nəyin bahasına olursa-olsun, istənilən vasitəylə (!!!) maraq doğurmaq, yaradıcılığınıza diqqət yetirmək gərəkiyir. Və diqqətin cəlb edilməsi sənəti (və ya daha dəqiq decək, texnologiyası) piar adlanır.
Bir daha sual edirik. Özünüzə güvənirsinizmi? Mövzunuz çəkicidirmi, bestseller yaratmağın qızıl qaydalarına riayət edərəkmi yazmısınız? Kitabınız yaxşı redaktə olunubmu? Demək, sizin əlinizdəki yüksək əyarlı qızıldır, saxta qızılların da at oynatdığı bir genişlikdə onlara real alıcı tapmağınız gərəkiyir. Min dolanbac yolun bircə çıxışı var: tanıtım. Buna piar, raskrutka və s. kimi adlar da qoyublar.
Məhz sizin özünüzə və kitablarınıza “raskrutka” lazım deyil deyə düşünmək hədsiz yanlış düşüncədir, lisimeriya nəyə lazımdır ki?
Piar hamı üçün lazımdır. Fərqli olur piar nümunələri: aqressiv və klassik piarlar, bahalı piarlar, partizan piarı... Lakin müəlliflərlə, onların yaradıcılığının və adlarının "tanıdılması" üzrə çoxillik iş təcrübəmizin göstərildiyi kimi, ictimaiyyətin müəlliflə maraqlanmasının ən yüksək faizi məhz piar imicindən sonra müşahidə edilməkdədir.
Bəs piar kampaniyasına nədən başlamaq lazımdır?
Kitabınızın satışından (platforma götürən faizlər istisna olmaqla) qısa müddətdə mənfəətin 100 faizinə qədər artırılmasını təmin edə biləcək vicdanlı piar agenti seçməlisiniz.
Şəxsi smm meneceri, eləcə də on milyondan çox abunəçi əhatəsi olan ədəbiyyat üzrə pablik şəxs, elektron və kağız ədəbi jurnallar sizə işləyəcək. Müsahibələr, resenziyalar, tanınmış ədəbiyyat tənqidçilərinin rəyləri, ən böyük nəşrlərdə şeirlərinizin və nəsrinizin dərc edilməsi yüz minlərlə oxucu və real gəlir gətirəcəkdir. Texnologiya sadədir: oxucu sizinlə, yaradıcılığınızla, sizin haqqınzda nüfuzlu rəylərlə tanış olur, sonra kitabınızın yerləşdiyi internet saytına daxil olur və onu satın almaq üçün pulunu ödəyir. Daha həvəskar oxucu kütləsi də var ki, dərhal kitab mağazalarına yürüyüb rəflərdən sizin imzanızı axtaracaq.
Bəs nə üçün müəllifin “raskrutkası”, yaradıcılığının populyarlaşdırılması, kitablarının təşviqi ilə məşğul olmaq bu qədər vacibdir? Və unutmayın ki, söhbət yalnız ədəbi karyeranın başlanğıcında olan müəlliflərdən getmir. Təcrübəli yazıçılara da piarlaşma yeni başlayanlara lazım olduğu qədər eyni dərəcədə vacibdir. Professional təşviqi, haqqında keyfiyyətli resenziyalar olmadan ən qiymətli, ən unikal yeni kitab belə ümumi müstəvidə görünə bilməyəcək, yalnız seçilmiş "dar dairədə” qapanaraq qalacaq, ondan az qism insan zövq ala biləcək. Maksim Burdinin nəşriyyat evi, məsələn, yazıçı piarını həyata keçirmək üçün “Nəşriyyatın partnyoru” layihəsindən yararlanır. Hazırkı çox mürəkkəb dövrdə nə qədər istedadlı müəllif olsanız da, oxucuya özünüzü necə təqdim edə bilmək qaydalarından xəbərdar deyilsinizsə, müasir kitab bazarının necə təşkil edildiyini başa düşmürsünüzsə, əmin olun ki, heç kim sizi görməyəcək, tanımayacaq. Mütləq arxanızda yaxşı bir piar menecer, yaxşı bir ədəbi agent olmalıdır, əlbəttə ki, arxanızda nüfuzlu bir nəşriyyat olması şərti ilə. Beləliklə, pis və ya yaxşı yazıçı olmağınızdan asılı olmayaraq savadlı bir piar kampaniysı aparmadan heç vaxt oxucu kütləsinə nail olmayacaqsınız.
Piar həm yeniləri tanıdır, həm köhnələri xatırladır.
Piar - gündəmdə olmaq deməkdir! Uğurlar və yalnız uğurlar arzusu ilə hər birinizə kitablarınızın adlarını “Ən çox satılanlar” reytinqində görməyi arzu edirik.
Nadir Zeynalovun retrospektiv sərgisi davam edir
Xəbər verdiyimiz kimi, YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ötən ilin noyabr ayında Xalq rəssamı Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” adlı retrospektiv sərgi açılıb.
Bugünlərdə öz işini davam etdirən sərgiyə maraq hədsiz böyükdür.
Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunur.
Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub.
Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək, bütün incəlikləri əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.
Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.
Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.
“Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.
Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.
Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.
Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.
Sərgi bu il aprelin 3-dək ziyarətçilər üçün açıq qalacaq.
Azərbaycan Mədəniyyəti Sosial Platforması 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirib
Azərbaycan Mədəniyyəti Sosial Platforması və Sabunçu rayonu Gənclər Evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirib.
AzərTAC xəbər verir ki, anım tədbirində Milli Məclisin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları, KİV və QHT rəhbərləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxa baxıblar.
Tədbirin aparıcısı Fidan Əliyeva qeyd edib ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alınıb. Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığı bu günlərdə Şəhidlər xiyabanına başıuca və qürurla gedir: “Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı”.
Sabunçu rayonu Gənclər Evinin direktoru Samir Mehrəliyev bildirdib ki, ötən müddətdə Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb:
“Biz Prezidentimiz, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də baş verənlər unudulmur: “Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq”.
Milli Məclisin deputatı Vüqar İsgəndərov söyləyib ki, hər il yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə kompleksini yüz minlərlə insan ziyarət edir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir”.
Tarixçi Rasim Rzaxanov çıxış edərək bildirib ki, bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür: “29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdi. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar”.
Tədbirdə Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək vurğulayıb ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqı mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin direktoru Vüsalə Əmiraslanova bildirib ki, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi Azərbaycan tarixinə və xalqımızın yaddaşına daimi yaşayacaq.
Qazilər Kənan Qasımov, Süpay Məmmədov çıxışlarında 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlayıblar.
Azərbaycan Mədəniyyəti Sosial Platformasın sədri Rəqsanə Əsədova çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildiyini, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək olduğunu qeyd edib. Qeyd edilib ki, sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
20 yanvarın Azərbaycan mədəniyyətində buraxdığı izlər
1990-cı ilin 20 yanvarında baş verən qətliamı təbii ki, Azərbaycan xalqı heç zaman unutmayacaq. Hər şey yaddaşlara həkk olunub, üstəlik, ədəbiyyatımızda, musiqimizdə, kinematoqrafiyamızda, rəngkarlığımızda əbədiləşdirilib. “Ədəbiyyat və incəsənət” portalı 20 yanvar faciəsinə həsr edilmiş bəzi sənət əsərlərini diqqətinizə çatdırır:
Kino
Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında da faciə ilə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş kifayət qədər ekran əsəri istehsal olunmuşdur. Qeyd edək ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də hər il “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.
Son illər studiyada vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb. “Azadlığa gedən yollar” sənədli filmində 20 Yanvar faciəsi süjet xəttinin əsasını təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.
Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları çəkilmişlər. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.
Musiqi
20 Yanvar faciəsinə həsr olunmuş musiqi əsərləri də şəhidlərin xatirəsinin yad edilməsində önəmli rola malikdir. Son illər ərzində Qanlı Yanvara və şəhidlərə həsr olunmuş 20-dən artıq musiqi əsəri yazılmışdır. Vaxtilə görkəmli bəstəkarlar Cövdət Hacıyevin “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədovun solist və xalq çalğı alətləri orkestri üçün “Əlimdə sazım ağlar” poeması (1991), Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif Adıgözəlovun ”Qəm karvanı” oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstərib. Qanlı tarixdən keçən 32 il müddətində bu nümunələrin sırasına yeni-yeni əsərlər daxil olub, faciəyə sənət dili ilə yanaşmalar nümayiş etdirilib.
Son illər 20 Yanvar faciəsi və şəhidlərə həsr olunmuş musiqi əsərlərinin arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya” əsərini qeyd etmək olar.
Rəssamlıq
Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir.
Xalq rəssamı Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu əks olunur. Eyni zamanda, bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.
Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.
Qrafika ustaları Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir.
Xalçaçılıq
20 Yanvar hadisələri ilə bağlı xalçaçı rəssam Fəxrəddin Əli “Şəhidlər” adlı iri həcmli xalçanı araya-ərsəyə gətirib. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhid ruhları ifadəsini tapıb. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. 1991-ci ilin 20 Yanvarında bu xalça-əsər ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi Şəhidlər xiyabanının girişindən asılmışdır. Bir neçə gün ərzində xalça orada qaldı, sonra Milli Azərbaycan Tarix Muzeyinə təhvil verildi. Hazırda həmin əsər orada saxlanılır.
Ədəbiyyat
Bədii ədəbiyyata gəlincə, 20 Yanvar hadisələri başlayandan bəri indiyə qədər poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir. 90-cı ilin əvvəllərində Qabilin «Mərsiyə» şeiri dillər əzbəri idi. Məmməd Aslanın «Ağla qərənfil, ağla» şeiri hamı tərəfindən oxunurdu. Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli və başqa şairlərin yaradıcılığında 20 Yanvar faciəsi ilə bağlı mövzu işlənib. Zəlimxan Yaqubun bu mövzuda şeirlərini unutmaq olmaz.
20 Yanvar faciəsinin ən klassik nümunəsini xalq şairi Bəxtiyar Vahabzadə yazdı. Şairin «Şənbə gecəsinə gedən yol» publisistik əsərində 20 Yanvar faciəsinin yaranmasının səbəbləri, mahiyyəti əks olundu. Şairin «Şəhidlər» poemasının alternativi yoxdur. Hələ bu mövzuda elə bir sanballı əsər meydana çıxmayıb ki, bu poemadakı fikirləri həm xalqın faciəsi, həm də qəhrəmanlıq tarixi kimi əks etdirsin.
Ortada Sabir Əhmədlinin «20 Yanvar» hekayələri, Arif Abdullazadənin «Qanlı yaddaş» romanı, İsi Məlikzadənin povesti var.
Rafiq Səməndərin məşhur “Şəhidlər” kitabını xüsusi olaraq qeyd etmək istəyərdik. Kitab 20 yanvar şəhidlərinin hər biri barədə təsirli bir sənədli hekayət toplusudur.
Yazıçı Sadıq Elcanlının “Qarğa-quzğun meydanı” romanı da 20 yanvar həqiqətlərindən, xalqımızın milli-azadlıq hərəkatından bəhs edir.
Bir qrup Azərbaycan ziyalısı Qazaxıstan xalqına müraciət ünvanlayıb
“Ədəbiyyat və incəsənət” portalı müraciətin mətnini təqdim edir:
"Qardaş Qazaxıstanda baş verən son qanlı olaylar Azərbaycan ictimaiyyətini, o cümlədən elm və qələm adamlarını qayğılandırdığı qədər, həm də çox narahat edir. Qazaxıstan və Azərbaycan xalqları qədim dövrlərdən bəri atalarımızın bizə miras qoyduğu qonşuluq, dostluq və qardaşlıq əlaqələrini bu günümüzə qədər qoruyub gətirib. Bizim dinimiz, inancımız, mədəniyyətimiz, tariximiz birdir.
Qazaxıstanda kənar qüvvələrin iştirakı ilə hazırlanan terror və iğtişaşları pisləyir, hər zaman sülh və həmrəyliyin beşiyi olan qardaş ölkəyə əmin-amanlıq diləyirik. Vətənin azadlığı, rifahı və insanların dincliyi yolunda canından keçənlərə Tanrıdan rəhmət diləyirik. İğtişaşlar nəticəsində yaralananlara can sağlığı, zərəçəkənlərə isə səbr və dözüm arzulayırıq.
Qazaxıstan azərbaycanlılara hər zaman qucaq açıb. Hələ ötən əsrin 30-cu illərindən etibarən sovet quruluşunun qanlı repressiyasına məriz qalan həmyerlilərimizi böyük ürəkli qazax xalqı öz yurdlarında, ocaqlarında qəbul edib, onlara sevgi və mehribanlıq göstəriblər. Qardaş xalqdan bu sevgini görən azərbaycanlılarımız da sürgünlük illərindən sonra talelərini Böyük Çölə etibar ediblər. Böyük Çöldə yaşayan qazax bacı-qardaşlarla, Qazaxıstana pənah gətirən digər milli azlıqlar və millətlərlə birlikdə Qazaxıstanı qurub-yaradıblar.
1986-cı ilin 16 dekabrında Sovet zəncirlərini ilk dəfə qıran Almatıdakı qazax qəhrəmanları oldular. 1991-ci ildə Qazaxıstan və Azərbaycan çoxdan arzuladıqları müstəqillikilərinə nail oldular. Müstəqilliyin yolu qan-qadalı olur.
Qazax xalqının taleyi ilə Azərbaycan xalqının taleyi hər zaman oxşar olub. 1990-cı il 19-20 yanvarda sovet tankları “azadlıq” şüarı ilə küçələrə çıxan azərbaycanlılara atəş açdı. Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə 19-20 yanvar qara hərflərlə “Qara yanvar” kimi yazıldı.
O qanlı tarixi yaşadığımız günlərdə qazax xalqı bizim yanmızda oldu. Dünyanın tanınmış insanı Oljas Süleymenov Almatıdan uçub Bakıya gəldi. Qazax xalqı adından öz dəstəyini göstərdi.
Çox əfsuslar olsun ki, müstəqilliyinin 30 ili ərzində dünya səhnəsində xüsusi yer qazanan Qazaxıstan kimi nüfuzlu, sülh və həmrəyliyin bərqərar olduğu bir yurdda, xarici və daxili düşmənlər sabitliyi poza bildilər. İndi Qazaxıstanın da tarixində “Qanlı yanvar” tarixi var.
Vətən və torpaq, dövlətçilik uğrunda canından keçənləri nə tarix, nə də xalq unutmur.
Biz Azərbaycan ziyalıları, ədəbiyyat və söz adamları inanırıq ki, güclü və qüdrətli Qazaxıstan dövləti, qeyrətli və mərd qazax xalqı bu qarışıq zamandan üzüağ çıxacaq. Və ədalət zəfər çalacaq!
Biz sülhsevər azərbaycanlılar həm qardaş Qazaxıstana, həm də bütün dünyaya sülh və əmin-amanlıq arzu edirik!!!
BİRGE BOLAMIZ! BİRGEYİK!!!"
Elxan Zal Qaraxanlı - şair-publisist, Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri
Ofelya Babayeva - şair, əməkdar müəllim, “Şöhrət” Ordeni mükafatı laureatı
Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri, "Şöhrət" ordeni mükafatı laureatı
Firuz Mustafa - fəlsəfə elmləri doktoru, yazıçı-dramaturq, əməkdar incəsənət xadimi
Elçin Hüseynbəyli - yazıçı-dramaturq, əməkdar incəsənət xadimi
Yunus Oğuz - yazıçı, “Olaylar” qəzetinin baş redaktoru
Zemfira Məhərrəmli - əməkdar jurnalist
Aida Eyvazlı Göytürk, beynəlxalq dərəcəli mükafatlar lauraetı, jurnalist-publisist
Varis Yolçiyev - yazıçı, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri
Əkbər Qoşalı - şair
Xəyal Rza - şair, Beynəlxalq Türk Müəllifləri təşkilatının sədri
Əyyub Qiyas - yazıçı dramaturq
İbrahim İlyaslı - şair, Sumayıt Poeziya evinin direktoru
Elmar Şeyxzadə, “Mir Literaturı” qəzetinin baş redaktoru
İsmayıl Şıxlı: “Dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır.”
Xalq yazıçısı İsmayıl Şıxlının sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınları barədə Ali Sovetin sessiyasında cıxışından bir hissə :
" ...Dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm, Bakını ələ kecirib dinc əhalini qırmaqda böyük sərkərdəlik məharəti göstərdiyinə görə, general Jazova "Marşal" ordeni verilsin və "Qələbə" ordeni ilə təltif olunsun.
" Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə üzvlüyünə namizədəm. Xalq yazıçısıyam. Deputatam. Ali Sovetin, SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə bolşeviklər partiyasına üzv olmuşam.
İndi isə bu partiya öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli " SS" partiyasına cevrilib. Mən belə bir partiyanın üzvü olmaq istəmirəm."
" FV- ÇP " qəzeti mart 1990 - cı il