
Super User
Xalq artisti Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyi münasibətilə konsert proqramı təqdim olunub
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yeni ildə layihənin yeni qonağı TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimova olub.
O, 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğuldur. TRT Çoxsəsli xoruna rəhbərlik etməklə yanaşı, “Orfeon” kamera xoru ilə işləyib, TÜRKSOY-un nəzdində yaradılan xor kollektivinin rəhbəri olub, bu kollektivlərlə müxtəlif ölkələrdə qastrollarda, festivallarda çıxış edib.
Fevralın 15-də layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib.
Gecədə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Konsertdə dirijorun rəhbərliyi ilə TRT Ankara Radiosu xorunun ifasında bəstəkarların xor əsərləri səsləndirilib. İlk olaraq Asəf Zeynallının “Ölkəm” romansı ifa edildi. Sonra C.Rossinin “Sevilya bərbəri” operasından uvertüra səsləndirilib.
Xorun üzvləri, solistlər Özlem Üngör və Çinar Onur Öner “Gəmilər Giresuna” və “Mən gedərəm Batuma, hey!” mahnılarını böyük coşqu ilə ifa ediblər. Daha sonra Aşıq Veysəlin “Qara torpaq” (solistlər Cem Buğdaycı, Mələk Önbaş), Qazax mahnısı “Dağ içində”, Azərbaycan xalq mahnıları “Dağlarda çiçək”, “Nə baxırsan” (nağara Murad Nağızadə, xanəndə Elsevər Muradov), həmçinin “Bir budaqda iki alma”, “Suda balıq oynayır” və “Niksarın fidanları” türk mahnıları gecənin musiqi palitrasına əlavə rəng qatıb.
Proqramın musiqili qonaqları TÜRKSOY Gənclik xoru, “Buta” kamera xoru və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri və baş dirijor – Xalq artisti Gülbacı İmanova) TRT Ankara Radiosu xoru ilə birlikdə gecənin iştirakçılarına unudulmaz anlar yaşadıblar.
Konsert proqramına dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın (sözləri Barış Cavid Mövsümlü, solist, xorun üzvü Çinar Onur Öner, piano Elxan Niftiyev) ifası ilə yekun vurulub. Möhtəşəm gecənin sonunda musiqisevərlərin gur alqışlarının müşayiəti ilə “Zəfər marşı” bir daha ifa olunub. Yeri gəlmişkən qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. Elnarə Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə əsərin rus dilində olan sözləri Azərbaycan dilinə tərcümə edilib və xalqımızın Qarabağ Zəfərimizə həsr olunub.
2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır.
Regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunmuş iclas keçirilib
Regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinə həsr olunmuş iclas keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, videokonfrans formatında keçirilən iclasa Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva sədrlik edib.
İclasda regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının rəhbərləri iştirak ediblər.
Videokonfransın açılışında Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı görülən mühüm işlərdən bəhs edib. O, paytaxtla yanaşı, regionlarda da mədəniyyət müəssisələrinin əsaslı təmir və yeni binalarla təchiz edilməsi, həmçinin müasir üslubda bədii-tərtibat işlərinin həyata keçirilməsi istiqamətində müvafiq işlərə bağlandığını bildirib. Sevda Məmmədəliyeva rəsm qalereyaları ilə bağlı ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, maarifləndirilmə istiqamətində tədbirlərin həyata keçirildiyini, Nazirlik tərəfindən rəsm qalereyalarında saxlanılan Azərbaycan rəssamlarının yaratdığı yüksək bədii və tarixi əhəmiyyətə malik əsərlərin qorunması, respublika və beynəlxalq sərgilərdə nümayişi, qalereyalarda müxtəlif tədbirlərin keçirilməsi, əməkdaşların və rəhbər işçilərin kadr-peşə hazırlığının artırılması istiqamətində lazımi işlərin həyata keçirilməsi ilə bağlı müvafiq layihələrin hazırlandlğını, həmçinin rəsm qalereyalarına peşəkar kardların yetişdirilməsi və ümumi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində yol xəritəsinin hazırlandığını qeyd edib.
Daha sonra Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxış edərək rəsm qalereyalarının fəaliyyətinin fəallaşdırılması, gənc mütəxəssislərin cəlb olunması, əməkdaşların dil biliklərinin artırılması, fondların zənginləşdirilməsi, hər bir əsər üzərində elmi-tədqiqat işlərinin aparılması məsələlərinin vacibliyini vurğulayıb. Nərgiz Abdullayeva regionlarda fəaliyyət göstərən rəsm qalereyalarında çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması zəruriliyindən danışıb.
Onlayn görüş zamanı Mingəçevir, Laçın, Ağstafa, Qazax, Biləsuvar, Xaçmaz və Neftçala dövlət rəsm qalereyalarının rəhbərləri tərəfindən qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülmüş təkliflər müzakirə edilib.
Xatırladaq ki, bölgələrdə fəaliyyət göstərən rəsm qalereyaları - xüsusən Biləsuvar və Qazax dövlət rəsm qalereyaları barədə daim xoş soraqlar almaqdayıq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonu ilə tanış olub
“Dubay Ekspo 2020” sərgisində Türkiyə Milli Gününün açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan pavilyonu ilə də tanış olub.
AzərTAC xəbər verir ki, “Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyə dövlətinin başçısına Azərbaycan pavilyonunun eksponatları haqqında ətraflı məlumat verib. Anar Ələkbərov qeyd edib ki, "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Diqqətə çatdırılıb ki, pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan pavilyonunun eksponatları ilə tanış olublar.
"Qardaş Azərbaycanın "Dubay Ekspo"dakı təqdimatı iftixara səbəb oldu”, - deyən Rəcəb Tayyib Ərdoğan Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın pavilyondakı canlı ifasından, “Sarı gəlin” mahnısından təsirləndiyini bildirib.
Cizgi filmi ictimai sərvət elan edildi
Məşhur “Vinni Pux” cizgi filmi yaşı 95 ildən çox olan digər filmlər, tamaşalar, musiqi və rəsm əsərləri kimi ABŞ-da ictimai sərvət hesab olunub.
“Readrate” saytı xəbər verir ki, ABŞ-ın müəlliflik hüququ qanununa əsasən, əsər yazıldığı vaxtdan 95 il ötdükdə avtomatik olaraq ictimai sərvətə çevrilir. Hər il yanvarın 1-də mədəniyyətsevərlər İctimai Mülkiyyət Gününü - bir sıra əsərlərin müəllif hüquqlarının dayandırıldığı gün kimi qeyd edirlər. 1926-cı ildə yaradılmış əsərlər bu il ictimaiyyətin ümumi mülkiyyətinə çevrilir.
Müəllif hüququ qanunu kitablara, filmlərə və musiqi əsərlərinə şamil edilir. Bu ilin mühüm ədəbi nümunələrindən Alan Milnin “Vinni Puh” hekayəsi ictimai sərvətə çevrilib. Siyahıda, həmçinin Ernest Heminqueyin məşhur “Günəş də doğar” romanı, Aqata Kristinin “Rocer Ekroydun qətli”, Feliks Zaltenin “Bembi” və Vilyam Folknerin “Əsgər mükafatı” adlı hekayələri də yer alıb. İctimai sərvət hesab olunan əsərlərin tam siyahısı ilə Duke Universitetinin rəsmi saytında tanış olmaq olar.
Qeyd edək ki, əsər müəlliflik hüququndan çıxdıqdan sonra, hər kəs onu icazəsiz və ya əlavə pul xərcləmədən qanuni olaraq yenidən bölüşə və istifadə edə bilər. Məsələn, kitab əsasında film çəkmək olar ki, sonradan qanuni olaraq özəl kinoteatrda nümayiş etdirilə bilər.
Bilmək lazımdır ki, müəllif hüququ qanunu yalnız orijinala aiddir. Tərcümə edilmiş mətnlər kiminsə əqli mülkiyyəti sayıldığından istifadəsində məhdudiyyət qoyulmur. Qanun, həmçinin orijinal əsasında yaradılmış əsərlərə də aiddir. Məsələn, Disney animatorları tərəfindən çəkilmiş “Vinni Puh” və “Donuz balası”nın şəkilləri şirkətin intellektual mülkiyyəti hesab olunur və onun icazəsiz istifadə edilməsi qadağandır.
Barış Mançoyla bağlı foto-xatirə
Tanınmış jurnalist Etibar Babayev sosial mediada gördüyünüz bu fotonu paylaşaraq yazıb:
“1992-ci ilin aprel ayında Barış Mançonun Bakıya gəlişi və AzTV- pavilyonlarında apardığı çəkilişlər, əslində, türk həmkarlarımızla birgə əməkdaşlığın ilk parlaq nümunəsi idi. Yaşlı nəslin sağ qalan nümayəndələri o günləri yaxşı xatırlayır...
1992-ci ilin may ayında 4 həftə hər bazar günü Barış Mançonun hazırladığı o proqramlar TRT ilə yayınlandı.”
“Hisslərim durmadan qan itirir” deyən Aypara Ayxanın yeni şeiri
“Ədəbiyyat və incəsənət” portalı gənc şairə Aypara Ayxanın yeni yazdığı “Neytral zona” adlı şeirini oxucularına təqdim edir.
Sevinclərimə ortaq,
hüznlərimə tən bilmişdim səni...
Ürəyim ürəyinə baş qoyandan
Vətən bilmişdim səni...
Sən demə
güvəndiyim dağın başı büsbütün qarmış,
Sən demə
qədərdə Vətəndə qürbətçi olmaq da varmış...
Sahib çıxmaq istəmədiyin ürəyə daha
Bədəl ödətdirirsən bahadan baha...
Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi
Bu laqeydlik hər gün bizi yeyir bitirir.
Neytral zonada qalmış yaralı əsgər kimi
İndi mənim hislərim durmadan qan itirir.
Saniyə- saniyə soyuyuram biləsən,
Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı
Amma qorxma,
son nəfəsində belə sənə "Vətən" deyəcək
Deyəcək ki, baxıb sevinməsin yağı...
Fransa xəbər portalı Xurşidbanu Natəvan haqqında məqalə yayımlayıb
Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa İli” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalə yayımlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, məqalənin müəllifi mərkəzin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.
Ümid Nəccari Kosovoda “Qaranlığın fotosu” deyir
Gənc şair Ümid Nəccarinin "Fotoja e errësirës"-(Qaranlığın fotosu) adlı kitabı Kosovoda işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın tərcüməsi şair Jeton Kelmendiyə və önsöz müəllifi Dr. Bujar Tafaya aiddir.
Bu kitab həm də böyük sayıda Kosovodaki məktəblər və universitetlərdə öyrəncilərə veriləcəkdir.
Kitab IWA Bogdani nəşriyyatında alban dilində çap olunub.
Xatırladaq ki, 2020-ci ildə Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı kitabı “СЛИКА TAME” (serb dilində) Belqrad şəhərində və 2021-ci ildə “Unutmaq" adlı şeir kitabı Özbəkistanda dərc olunub.
Ümid Nəccari üç kitab müəllifidir və indiyə qədər Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və digər ölkələrin mətbu orqanlarında onun şeirləri və yazıları tərcümə olunaraq yayımlanıb.
“Uşaqlığ”ın Sumqayıt səhnəsinə təkrar dönüşü
Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq Ulviyye Heydərovanın eyniadlı monopyesi əsasında Respublikanın Xalq Artisti Firudin Mehərrəmovun quruluşunda aktrisa Ilahə Səfərovanın oynadığı "Uşaqlıq" monotamaşasının növbəti nümayişi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rəssam Elşən Sərhanoğlunun peşəkar səhnə tərtibatı ilə ərsəyə gəlmiş tamaşa bu dəfə də sumqayıtlılarda böyük maraq oyadıb.
Tamaşanı izləməyə gəlmiş qonaqlar xoş sözlərini, təbriklərini teatrın əməkdaşlarına söyləyiblər. Deyilən hər dəyərli fikir tamaşanın gənc yaradıcıları üçün bir motivasiyaya çevrilib.
Xatırladaq ki, Sumqayıt Dövlət Dram Teatrının səhnəsində "Uşaqlıq” monotamaşasının yenidən təqdim edilməsi tamaşaçıların xahişi ilə baş tutub. Belə ki, teatrın bir müddət öncə yaydığı məlumatda deyilirdi:
“Çoxsaylı istəkləri nəzərə alaraq Ülviyyə Heydərovanın "Uşaqlıq” monotamaşası Xalq artisti Firudin Məhərrəmovun yozumunda və aktrisa İlahə Səfərovanın ifasında yenidən səhnədə nümayiş olunacaqdır.”
Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları UNESCO-ya Ermənistanla bağlı müraciət ünvanlayıblar
Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları tərəfindən UNESCO-nun baş direktoru Odri Azuleyə müraciətlər ünvanlanıb.
Benelüks Azərbaycanlıları Konqresi, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyası, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyası, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən ünvanlanan müraciətlərdə Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, məhz Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisindəki yüz illər tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib.
Qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi.
Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.
Müraciətlərdə UNESCO-ya ünvanlanmış əvvəlki məktublarda qeyd olunmuş faktlar bir daha təqdim edilir: “Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.
Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, bütün insanlığa qarşı olan bir həqarətdir.
Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır”.
Müraciətlərdə beynəlxalq hüquqda mövcud instrumentlərdən istifadə olunmasının vacibliyi vurğulanır: “Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Məhz bütün bunları əsas gətirərək biz Azərbaycan xalqının çoxəsrlik tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik. Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olmuşdur.
Lakin 4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq razılıq ifadə olunub ki, UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçiriləcək. Bu xəbər bizi ruhlandırdı və sizə növbəti müraciəti ünvanlamağa təkan verdi.
Ümidvarıq ki, bu görüş zamanı öz üzərinə öhdəlik götürən Ermənistan UNESCO missiyasının reallaşmasına maneələr yaratmayacaq və bu missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Ermənistan isə öz əməllərinə görə məsuliyyət daşıyacaq”.
Şəkildə: Erməni vandalizminin izləri