Super User

Super User

 

Sabah - fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, jurnalın rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə həmçinin Qobustan abidələrindən bəhs edən fotosərgi təşkil olunacaq.

Xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini, özündə əks etdirən Qobustan mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə daşıyır.

Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəni irsi, mədəni sərvəti olan Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun ən vacib fəaliyyət istiqamətlərindən biridir. Qobustan Milli Tarix- Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi- metodiki, populyar jurnalı, jurnalın rəsmi saytı və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir.

 

Rusiyanın Birinci Kanalında Azərbaycanın məşhur aktyorlarının iştirakı ilə "Yeniçəri" adlı irimiqyaslı tarixi serialın premyerası keçiriləcək.

Bu layihədə Rusiyanın tanınmış aktyorları ilə bərabər, Azərbaycanın Xalq artisti Pərviz Məmmədrzayev, aktyor Kamran Ağabalayev, eləcə də azərbaycanlı kaskadyorlar Sain Fərmanlı və Tural Xəlili yer alıb.

Kamran Ağabalayev əsas rollardan birini - Bəyazid ağanı, Pərviz Məmmədrzayev isə qubernatoru canlandırıb.

Serialda hadisələr Boris Qodunovun dövründə cərəyan edir və XVI əsrin sonu-XVII əsrin əvvəllərini əhatə edən Osmanlı İmperiyası ilə bağlıdır. Atasının son vəsiyyətini yerinə yetirmək üçün kazak Alyoxa Məryəmin qarşısında baş əymək üçün yad ölkəyə yollanır. Alyoxanın yolu Osmanlı İmperiyası sultanının sarayından keçdiyindən orada əsir düşür və Əlinin yeniçəri olur. Amma heç bir qala azad kazakın iradəsini boğa bilməz. Alyoxa azadlıq əldə etmək, atasının vəsiyyətini yerinə yetirmək, sevgisini qarşılamaq və vətənə qayıtmaq ümidini itirmir.

Serialın çəkilişləri Türkiyə və Rusiyada aparılıb. Layihəni Birinci Kanal üçün “Mars Media” kino şirkəti həyata keçirib. Filmin rejissoru İvan Şurxovetski, prodüseri Yelena Deniseviçdir. Filmdə əsas obrazı İlya Malakov canlandırıb.

"Bu obrazı canlandırmaq üçün xüsusi hazırlıqdan keçmişik. Qəhrəmanım çoxlu at çapır, döyüşür. Tək mən yox, demək olar ki, baş rollarda çəkilən bütün aktyorlar döyüşləri səhnələşdirmək üçün çox çalışmışıq. Hazırlıq işləri çox yaxşı görülüb və çəkilişlər çox yüksək səviyyədə təşkil olunub”, - deyə Kamran Ağabalayev bildirib.

"Serialda Trabzon valisi, dövlət xadimi, çox ehtiyatlı və tədbirli bir insan obrazını canlandırdım. Əminəm ki, serial tamaşaçıların böyük marağına səbəb olacaq və kino sənayesi aləmində parlaq hadisəyə çevriləcək", - deyə Pərviz Məmmədrzayev vurğulayıb.

Qeyd edək ki, serialın treyleri artıq Birinci Kanalın rəsmi saytında yerləşdirilib. 

Bu barədə məlumat AzərTAC tərəfindən yayılıb.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Xalq şairi Camal Kamalla görüşüb, şairə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı və onun vəsiqəsini təqdim edib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsəri Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi C.Kamal Azərbaycanın mədəniyyət naziri Anar Kərimov tərəfindən bu mükafata layiq görülüb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov özbək şairə dünya şöhrətli Azərbaycan klassiklərinin əsərlərinin özbək dilinə tərcümə etməsi və oxuculara öz ana dillərində çatdırılmasında xidmətlərinə görə təşəkkürünü bildirib. Diplomat 2021-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nizami Gəncəvi ili” elan olunduğunu və şairin “Xəmsə”sinin özbək dilinə çevrilməsinin bu ilə gözəl bir töhfə olduğunu vurğulayıb.

C.Kamal çıxışında dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə etməsi və Azərbaycan dövləti tərəfindən belə yüksək mükafata layiq görüldüyü üçün özünü xoşbəxt saydığını qeyd edərək, gələcəkdə də sağlamlığı imkan verərsə Azərbaycanın korifey şairlərinin yaradıcılığına müraciət edəcəyini bildirib.

Sonra C.Kamala Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Nizami Gəncəvi” döş nişanı təqdim edilib.

 

Prezidentlərin öz ölkələrinin ən ali orden və medallarını xarici ulduzlara verməsi hallarına geniş rast gəlinmir, belə hallar olduqda isə bu, böyük rezonans doğurur. 

Ötən gün Serbiya Prezidenti Aleksandar Vuçiç Hollivud ulduzu Conni Deppə - “Karib dənizinin quldurları” filmi ilə məşhurlaşmış kino ulduzuna qızıl medal təqdim edib. Özü də şəxsən. 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, aktyor bu medala Serbiyanın sosial və mədəni fəaliyyətində, xüsusilə kino sahəsində, həmçinin ölkənin dünya arenasında tanıdılmasında göstərdiyi yüksək nailiyyətlərə görə layiq görülüb. Təbii ki, Deppin Serbiya qarşısında xidmətləri xeyli şişirdilib, amma fakt faktlığında qalır. 

Qeyd edək ki, hazırda Deppin başı üzərində qara buludlar dolaşmaqdadır. O, həyat yoldaşı Amber Hard ilə qalmaqallı şəkildə boşandıqdan sonra kinodan da uzaq düşdü, bir neçə cəlbedici təklifdən imtina etməli oldu. Daha sonra heç bir layihəyə dəvət almayan aktyor dəfələrlə mediaya Hollivudda onu boykot etdiklərini bildirmişdi. Üzünə qapı isə qəflətən Fransadan açıldı. Ona kinorejissor Mayvenndən tarixi filmində rol almaq təklif olundu. Aktyora ekran işində 58 il hakimiyyətdə olan Fransa kralı XV Lyudovikin obrazını canlandırmaq lazım gələcəkdi. O, böyük məmnuniyyətlə fransızlara “hə” dedi. 

Budur, indi də Serbiyadan medal gəldi. Dəniz quldurunun, deyəsən, bəxti açılmaqdadır.

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yeni  ildə layihənin yeni qonağı TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimova olub. 

O, 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğuldur. TRT Çoxsəsli xoruna rəhbərlik etməklə yanaşı, “Orfeon” kamera xoru ilə işləyib, TÜRKSOY-un nəzdində yaradılan xor kollektivinin rəhbəri olub, bu kollektivlərlə müxtəlif ölkələrdə qastrollarda, festivallarda çıxış edib.

Fevralın 15-də layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib.

Gecədə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Konsertdə dirijorun rəhbərliyi ilə TRT Ankara Radiosu xorunun ifasında bəstəkarların xor əsərləri səsləndirilib. İlk olaraq Asəf Zeynallının “Ölkəm” romansı ifa edildi. Sonra C.Rossinin “Sevilya bərbəri” operasından uvertüra səsləndirilib.

Xorun üzvləri, solistlər Özlem Üngör və Çinar Onur Öner “Gəmilər Giresuna” və “Mən gedərəm Batuma, hey!” mahnılarını böyük coşqu ilə ifa ediblər. Daha sonra Aşıq Veysəlin “Qara torpaq” (solistlər Cem Buğdaycı, Mələk Önbaş), Qazax mahnısı “Dağ içində”, Azərbaycan xalq mahnıları “Dağlarda çiçək”, “Nə baxırsan” (nağara Murad Nağızadə, xanəndə Elsevər Muradov), həmçinin “Bir budaqda iki alma”, “Suda balıq oynayır” və “Niksarın fidanları” türk mahnıları gecənin musiqi palitrasına əlavə rəng qatıb.

Proqramın musiqili qonaqları TÜRKSOY Gənclik xoru, “Buta” kamera xoru və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri və baş dirijor – Xalq artisti Gülbacı İmanova) TRT Ankara Radiosu xoru ilə birlikdə gecənin iştirakçılarına unudulmaz anlar yaşadıblar.

Konsert proqramına dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın (sözləri Barış Cavid Mövsümlü, solist, xorun üzvü Çinar Onur Öner, piano Elxan Niftiyev) ifası ilə yekun vurulub. Möhtəşəm gecənin sonunda musiqisevərlərin gur alqışlarının müşayiəti ilə “Zəfər marşı” bir daha ifa olunub. Yeri gəlmişkən qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. Elnarə Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə əsərin rus dilində olan sözləri Azərbaycan dilinə tərcümə edilib və xalqımızın Qarabağ Zəfərimizə həsr olunub.

2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır.

 

Regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinə həsr olunmuş iclas keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, videokonfrans formatında keçirilən iclasa Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva sədrlik edib. 

İclasda regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının rəhbərləri iştirak ediblər.

Videokonfransın açılışında Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı görülən mühüm işlərdən bəhs edib. O, paytaxtla yanaşı, regionlarda da mədəniyyət müəssisələrinin əsaslı təmir və yeni binalarla təchiz edilməsi, həmçinin müasir üslubda bədii-tərtibat işlərinin həyata keçirilməsi istiqamətində müvafiq işlərə bağlandığını bildirib.  Sevda Məmmədəliyeva rəsm qalereyaları ilə bağlı ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, maarifləndirilmə istiqamətində tədbirlərin həyata keçirildiyini, Nazirlik tərəfindən rəsm qalereyalarında saxlanılan Azərbaycan rəssamlarının yaratdığı yüksək bədii və tarixi əhəmiyyətə malik əsərlərin qorunması, respublika və beynəlxalq sərgilərdə nümayişi, qalereyalarda müxtəlif tədbirlərin keçirilməsi, əməkdaşların və rəhbər işçilərin kadr-peşə hazırlığının artırılması istiqamətində lazımi işlərin həyata keçirilməsi ilə bağlı müvafiq layihələrin hazırlandlğını, həmçinin rəsm qalereyalarına peşəkar kardların yetişdirilməsi və ümumi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində yol xəritəsinin hazırlandığını qeyd edib.

Daha sonra Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxış edərək rəsm qalereyalarının fəaliyyətinin fəallaşdırılması, gənc mütəxəssislərin cəlb olunması, əməkdaşların dil biliklərinin artırılması, fondların zənginləşdirilməsi, hər bir əsər üzərində elmi-tədqiqat işlərinin aparılması məsələlərinin vacibliyini vurğulayıb. Nərgiz Abdullayeva regionlarda fəaliyyət göstərən rəsm qalereyalarında çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması zəruriliyindən danışıb.

Onlayn görüş zamanı Mingəçevir, Laçın, Ağstafa, Qazax, Biləsuvar, Xaçmaz və Neftçala dövlət rəsm qalereyalarının rəhbərləri tərəfindən qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülmüş təkliflər müzakirə edilib.

Xatırladaq ki, bölgələrdə fəaliyyət göstərən rəsm qalereyaları - xüsusən Biləsuvar və Qazax dövlət rəsm qalereyaları barədə daim xoş soraqlar almaqdayıq.

 

“Dubay Ekspo 2020” sərgisində Türkiyə Milli Gününün açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan pavilyonu ilə də tanış olub.

AzərTAC xəbər verir ki, “Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyə dövlətinin başçısına Azərbaycan pavilyonunun eksponatları haqqında ətraflı məlumat verib. Anar Ələkbərov qeyd edib ki, "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Diqqətə çatdırılıb ki, pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.

Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan pavilyonunun eksponatları ilə tanış olublar.

"Qardaş Azərbaycanın "Dubay Ekspo"dakı təqdimatı iftixara səbəb oldu”, - deyən Rəcəb Tayyib Ərdoğan Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın pavilyondakı canlı ifasından, “Sarı gəlin” mahnısından təsirləndiyini bildirib.

Çərşənbə, 16 Fevral 2022 15:00

Cizgi filmi ictimai sərvət elan edildi

 

Məşhur “Vinni Pux” cizgi filmi yaşı 95 ildən çox olan digər filmlər, tamaşalar, musiqi və rəsm əsərləri kimi ABŞ-da ictimai sərvət hesab olunub.

“Readrate” saytı xəbər verir ki, ABŞ-ın müəlliflik hüququ qanununa əsasən, əsər yazıldığı vaxtdan 95 il ötdükdə avtomatik olaraq ictimai sərvətə çevrilir. Hər il yanvarın 1-də mədəniyyətsevərlər İctimai Mülkiyyət Gününü - bir sıra əsərlərin müəllif hüquqlarının dayandırıldığı gün kimi qeyd edirlər. 1926-cı ildə yaradılmış əsərlər bu il ictimaiyyətin ümumi mülkiyyətinə çevrilir.

Müəllif hüququ qanunu kitablara, filmlərə və musiqi əsərlərinə şamil edilir. Bu ilin mühüm ədəbi nümunələrindən Alan Milnin “Vinni Puh” hekayəsi ictimai sərvətə çevrilib. Siyahıda, həmçinin Ernest Heminqueyin məşhur “Günəş də doğar” romanı, Aqata Kristinin “Rocer Ekroydun qətli”, Feliks Zaltenin “Bembi” və Vilyam Folknerin “Əsgər mükafatı” adlı hekayələri də yer alıb. İctimai sərvət hesab olunan əsərlərin tam siyahısı ilə Duke Universitetinin rəsmi saytında tanış olmaq olar.

Qeyd edək ki, əsər müəlliflik hüququndan çıxdıqdan sonra, hər kəs onu icazəsiz və ya əlavə pul xərcləmədən qanuni olaraq yenidən bölüşə və istifadə edə bilər. Məsələn, kitab əsasında film çəkmək olar ki, sonradan qanuni olaraq özəl kinoteatrda nümayiş etdirilə bilər.

Bilmək lazımdır ki, müəllif hüququ qanunu yalnız orijinala aiddir. Tərcümə edilmiş mətnlər kiminsə əqli mülkiyyəti sayıldığından istifadəsində məhdudiyyət qoyulmur. Qanun, həmçinin orijinal əsasında yaradılmış əsərlərə də aiddir. Məsələn, Disney animatorları tərəfindən çəkilmiş “Vinni Puh” və “Donuz balası”nın şəkilləri şirkətin intellektual mülkiyyəti hesab olunur və onun icazəsiz istifadə edilməsi qadağandır.

Çərşənbə, 16 Fevral 2022 14:00

Barış Mançoyla bağlı foto-xatirə

 

Tanınmış jurnalist Etibar Babayev sosial mediada gördüyünüz bu fotonu paylaşaraq yazıb:

“1992-ci ilin aprel ayında  Barış Mançonun Bakıya gəlişi və AzTV- pavilyonlarında apardığı çəkilişlər, əslində, türk həmkarlarımızla birgə əməkdaşlığın ilk parlaq nümunəsi idi.  Yaşlı nəslin sağ qalan nümayəndələri o günləri yaxşı xatırlayır... 

1992-ci ilin may ayında 4 həftə hər bazar günü Barış Mançonun hazırladığı o proqramlar TRT ilə yayınlandı.”

 

 

“Ədəbiyyat və incəsənət” portalı gənc şairə Aypara Ayxanın yeni yazdığı “Neytral zona” adlı şeirini oxucularına təqdim edir.

 

Sevinclərimə ortaq,

hüznlərimə tən bilmişdim səni...

Ürəyim ürəyinə baş qoyandan 

Vətən bilmişdim səni...

Sən demə 

güvəndiyim dağın  başı büsbütün qarmış,

Sən demə 

qədərdə Vətəndə  qürbətçi olmaq da varmış...

Sahib çıxmaq istəmədiyin ürəyə daha 

Bədəl ödətdirirsən bahadan baha...

Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi

Bu laqeydlik  hər gün  bizi yeyir bitirir.

Neytral zonada qalmış yaralı əsgər kimi

İndi mənim hislərim durmadan qan itirir.

Saniyə- saniyə soyuyuram biləsən,

Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı

Amma qorxma,

son nəfəsində belə sənə "Vətən" deyəcək

Deyəcək ki, baxıb sevinməsin yağı...

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.