Super User

Super User

 

Aprelin 28-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğu “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimatı keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Bildirib ki, bu gün Milli Kitabxanada Azərbaycan ədəbiyyatşünaslığında çox nadir mövzuda yazılan bir əsərin, eləcə də həmin əsərin həsr olunduğu görkəmli şəxsiyyətin – Xalq yazıçısı Elçin Əfəndiyevin işığına toplaşmışıq: “Elçin müəllim Azərbaycan mədəniyyətinin, ədəbiyyatşünaslığının inkişafında mühüm xidmətləri olan şəxsiyyətdir. Əgər XX əsr Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyevin əsərləri əsas rol oynayırdısa, bu gün həmin ənənəni çox uğurla Elçin müəllim davam etdirir. Bu da heç təsadüfi deyil, çünki hər iki ədəbiyyat korifeyinin əsərlərinin mövzusu birbaşa Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı olub, bilavasitə real həyatı təsvir edir. Məhz bu səbəbdən həmin əsərlər xalqımız tərəfindən sevilir.

Təqdim edilən araşdırma əsəri barədə məlumat verən direktor bildirib ki, kitabda böyük alim Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi işığında Xalq yazıçısı Elçin dramaturgiyasının süjet situasiyalarının “qrammatikası” açıqlanır. Absurd pyeslərinin paradoksal məntiqi müəyyən edilir. İnanıram ki, bu monoqrafiya ədəbiyyatşünas, eləcə də teatrşünas, sənətşünas alimlərin stolüstü kitabına çevriləcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Rüstəm Kamal çıxış edərək bildirib ki, Azərbaycan teatrının poetikası özü böyük mövzudur. Hər bir xalqın həyatında teatrın yaranıb inkişaf etməsi maraqlı hadisədir. Teatr poetik fundamental araşdırmalar tələb edən bir sahədir. R.Kamal qeyd edib ki, daha çox texnoloji proseslərə tətbiq olunan “Qeyri-səlis məntiq” nəzəriyyəsinin ədəbiyyata tətbiqi bu işin əsas uğuru sayıla bilər. O vurğulayıb ki, absurdluq özü fəlsəfi bir mövzudur və biz bunu Mirzə Cəlilin, Üzeyir bəyin əsərlərində əsas görə bilərik. Müasir dövrümüzdə isə bu ənənəni Elçin müəllim çox mükəmməl şəkildə inkişaf etdirərək öz əsərlərinə tətbiq edib.

İftixar Piriyevi belə maraqlı bir mövzuda əsər yazması münasibətilə təbrik edən R.Kamal ona yaradıcılıq uğurları arzulayıb.

“Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək “Qeyri-səlis məntiq” nəzəriyyəsinin yaranma tarixindən, əsas müddəalarından danışıb. Qeyd edib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsinin əsas qayəsi sərhədlərin pozulmasıdır.

Təqdim olunan kitab haqqında çıxış edən Rafiq Əliyev vurğulayıb ki, kitabı maraqlı edən əsas cəhət odur ki, konkret predmetə əsaslanır, akademik dildə yazılması da onu qiymətli edən digər bir faktordur.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi haqqında ilk dəfə Xudu Məmmədovun kitablarında, sonra isə məhz Lütfi Zadənin əsərlərində tanış olub. Lütfi Zadə ilə tanışlığından danışan Qənirə xanım bildirib ki, bu görüşün keçirilməsində Rafiq Əliyevin rolu böyükdür. Məhz Lütfi Zadə ilə görüşdən sonra “Qeyri-səlis məntiq” nəzəriyyəsinə yeni pəncərədən baxmaq imkanı əldə etdiyini vurğulayan komitə sədri söyləyib ki, böyük şəxsiyyətlər haqqında əsər yazmaq çox çətin və məsuliyyətli işdir. Lütfi Zadə və Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında əsərin yazılmasında yaxından kömək edən Rafiq Əliyevə minnətdarlığını bildirib.

Q.Paşayeva vurğulayıb ki, Elçin müəllimin Azərbaycan teatrının inkişafında xüsusi yeri vardır. O, Elçin müəllimin “Qatil”, “Teleskop”, “Poçt şöbəsində xəyal” kimi əsərlərinə qoyulmuş tamaşaları dəfələrlə izlədiyini qeyd edib. Sonda İftixar Piriyevə belə bir mövzuya toxunduğu üçün öz təşəkkürünü bildirib və bu əsərin xarici dillərə tərcümə olunması məsələsinin vacibliyini qeyd edib.

Tədbirin davamında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turan, tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev, Xalq artisti Firudin Məhərrəmov və digərləri çıxış edərək təqdim olunan monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək bu işdə əməyi keçən hər bir kəsə, xüsusilə müəllif İftixar Piriyevə öz təşəkkürünü bildirib. Qeyd edib ki, İftixar Piriyev həm görkəmli rejissor, aktyor, həm də teatrşünasdır. Həmçinin çıxışı zamanı Elçin müəllim absurd teatrı – onun nəzəriyyəsi haqqında da məlumat verib. Vurğulayıb ki, bu gün teatrımızın əsl teatrşünaslara ehtiyacı var.

Sonda qonaqlar Elçin Əfəndiyevin həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə sayılı günlər qaldı.

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.

 

Cavid Qasımov

1996- cı  ilin 28 fevralında Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. Hazırda ADMİU-nin nəznində olan Humanitar kollecin "Bədii yaradıcılıq " fakültəsində 4- cü kurs tələbəsidir. Nigar Həsənzadənin rəhbərlik etdiyi "Söz" ədəbi birliyinin üzvüdür.

Cavid poeziyamızda yeni tapıntıdır. Xüsusən çox adamın cürət etməyib yan keçdiyi qəzələ müraciət etməsi, özü də kifayət qədər uğurla müraciət etməsi onun özəlliyidir.

 

 

 

Pəncərə

 

Yolum məni bu evə necə gətirdi, Allah?

Bu ev kimin evidir, mən hara bu ev hara?

Bu sahibsiz otaqlar yetimdirlər, elə bil

Az qalır qonağa da getmə deyib yalvara.

 

Açdım pəncərəsini havasını dəyişsin,

Bir anda pəncərəsi keçmişinə açıldı.

Azyaşlı qız uşağı əlində oyuncaqla

Vətən boyda həyətin ortasında qaçırdı.

 

Ondan bir az qıraqda atasıyla anası

Masanın ətrafında danışırdı, gülürdü.

Tanrının göylərindən yerə boylanan günəş

Həyət adamlarını şəfəq-şəfəq güdürdü.

 

Sataşdı gözlərimə məktəbli gündəliyi,

Baxdım, yazılmayıbdır arxada "qan yaddaşı".

İstədim ölkəm boyu sevincimdən qışqıram,

Mənə “sus” dedi evin həm divarı, həm daşı.

 

Günəşin şəfəqləri o an qana bələndi.

Mərmi-mərmi dəyişdi otağın mənzərəsi.

Allah, Sən olmasaydın xəcalətdən ölərdim,

Məni öldürməsəydi otağın pəncərəsi!

 

 

Tapşır

 

Əgər gedirsənsə, bir xahişim var,

Məni bu sevgini bilənə tapşır.

Taleyi yazana tapşırma məni,

Yazılan taleyi silənə tapşır.

 

Sənə də bir lənət düşməmiş yeri..

Nə var ki boylanıb baxasan geri..

Olmasın bu eşqin ağlamaq yeri,

Baxıb oğrun-oğrun gülənə tapşır.

 

Suyu quruyarsa bulaqlarımın,

Çatı səngər olsa dodaqlarımın,

Nəfəsi kəsilsə ayaqlarımın,

Məni yollarında ölənə tapşır.

 

 

 

Tüstü

 

Bu məhəbbət atəşindən mənə düşdü qarə tüstü,

Məni-bəxtiqarədən də çıxacaq dübarə tüstü.

 

Ayağı üzüldü yerdən, başı çatdı asimanə,

Çəkilibdi hansı eşqin cavabında darə tüstü?

 

Ürəyim xəyalın i(y)lə o qədər alovlanıb ki,

Verəcəkdi harda olsan evimi işarə tüstü.

 

Dedilər ki, yandırarsan məni öz cəhənnəmində,

Dedim onda hicr(ı) bitdi, çatacaqdı yarə tüstü.

 

Üzünü o gah(ı) sağdan öpür indi, gah(ı) soldan,

Bunu xəlq(ı) gördü, sandı, edir istixarə tüstü.

 

Mən öləndə hamı bir-bir çığırar ki, mö'cüzəymiş,

Hələ kimsə olmamışdı, qoyula məzarə tüstü .

 

Mənə qarşı ölmüş eşqin qoyulubdu hansı qəbrə, 

Olunubdu qarət altı, olunubdu qarət üstü.

 

Sözün atəşində Cavid isinəndə qış günüydü,

Nə biləydi bəxtiqarə, çıxacaq baharə tüstü.

 

 

Vallah

 

Hər qəbir bir günəşin batdığı yerdir, Vallah.

Günəşin mənzilinə çatdığı yerdir, Vallah.

 

Gəl gedək mənlə bu dünyadən, əzizim, buralar

Şeytanın adəmi oynatdığı yerdir, Vallah.

 

Ağ varaqlarda doğulmaqla ölür misralar,

Bu varaqlar əcəlin yatdığı yerdir, Vallah.

 

Gəzib axtarma görüşçün təzə yer, ən gözəli

Məni öz bəxtimin aldatdığı yerdir, Vallah.

 

Bu ömür ki dolaşıq düşdü, mən ondan bilirəm

Fələyin çarxını fırlatdığı yerdir, Vallah.

 

Süpürür yaşlı qadın bir küçədən keçmişini,

Elə bil ki, onun öz atdığı yerdir, Vallah.

 

Parçalanmış ürəyim sevgimizin səngəridir,

Həm də gizlin məni ağlatdığı yerdir, Vallah.

 

Torpaq ömrün qoca piştaxtasıdır, bir əcəlin

Can alıb burda sümük satdığı yerdir, Vallah.

 

Gözlərim hər gecə göydə yanan ulduzlar üçün

Su içib, özlərin islatdığı yerdir, Vallah.

 

Gözlənilməz qonağın ev qapısın döyməsi də

Ölümü san ki xatırlatdığı yerdir, Vallah.

 

Uyma, Cavid bu qəzəldə nə qədər and içsə,

Aləmi bir-birinə qatdığı yerdir, Vallah.

 

 

Şuşada latviyalı xanım rəssam Dase Ştrausanın “Qarabağ atları” adlı rəsm sərgisinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı ArərTAC-a istinadən xəbər verir ki, sərgi Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Azərbaycanda səfərdə olan Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks sərginin açılışında iştirak edib.

Rəsm sərgisinin açılış mərasimində çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa ölkəsi ilə Azərbaycan arasında əlaqələrin bir çox istiqamətdə, o cümlədən humanitar sahədə inkişaf etdiyini bildirib. Bu əlaqələrin tarixən mövcud olduğunu vurğulayan V.Buşa qeyd edib ki, dünyaşöhrətli latviyalı rəssam Yuli Straume 1907-1923-cü illərdə Şuşada yaşayıb, burada dərs deyib. O, öz əsərlərində Qarabağ ornamentlərindən istifadə edib.

Tədbirdə çıxış edən xanım rəssam Dase Ştrausa Qarabağda, Şuşada olmaqdan məmnunluğunu, Qarabağ atlarının gözəlliyinə heyranlığını bildirib: “Mən bundan sonra da Qarabağ atlarını çəkəcəyəm. Onların gözəlliyini və möhtəşəmliyini bütün dünyaya göstərmək istəyirəm”.

Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks qeyd edib ki, at dostluq, azadlıq və müdriklik rəmzidir. Bu sərgi Azərbaycanın Şuşa şəhərinə qayıdışının, sülhün və sabitliyin göstəricisidir.

Şuşada görülən bərpa-quruculuq işləri ilə tanış olan qonaq deyib: “Burada həyata keçirilən bərpa işləri ilə tanış oldum. Görülən işlər məni valeh etdi”.

Tədbirdə “Vətən” musiqi qrupunun ifası dinlənilib.

Səfər çərçivəsində Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi məkanları ilə tanış olub. Qonaqlara Ermənistanın işğalı zamanı dağıdılmış binalar, o cümlədən Xanqızı Xurşidbanu Natəvanın evi barədə məlumat verilib. Latviya nümayəndə heyətinin üzvləri bərpa prosesində olan Gövhər Ağa məscidi, bərpa olunmuş Şuşa qalası, Xalq artisti Bülbülün ev-muzeyinə baxıb və Cıdır düzündə olublar.

 

525.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi qədim Qarabağın şanlı tarixinə, işğal illərinin müsibətlərinə, 44 günlük müharibəyə və möhtəşəm zəfərimizə həsr olunmuş bədii əsərlərə veriləcək mükafatlar – poeziya üzrə Əhməd Cavad mükafatı, nəsr və dramaturgiya üzrə İlyas Əfəndiyev mükafatı təsis edib.

 

Bu il Əhməd Cavad mükafatına «Vətən» poemasının müəllifi şair Ramiz Qusarçaylı, İlyas Əfəndiyev mükafatına Qarabağ mövzusunda povestlərinə görə yazıçı Aqil Abbas layiq görülüb.

Dəyərli ədiblərimizi mükafatlara layiq görülmələri münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Bakı Xoreoqrafiya Akademiyası (BXA) orta ixtisas təhsil pilləsinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında buraxılış hesabat konserti keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Konsertdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Xalq artisti Roza Cəlilova və digər mədəniyyət və ictimaiyyət nümayəndələri, gənc fəallar, media nümayəndələri və tələbələr iştirak ediblər.

Buraxılış hesabat konsertində  BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında F.Mendelsonun Marş  “Polonez”(müəllim: Əməkdar müəllim Aqallıyay  Pellumb), klassik bölmənin məzunu Fərəh Əzimlinin ifasında  L.Delibin “Vals”( məllim: Əməkdar artist Rimma İskəndərova), klassik bölmənin məzunları Şahanə Cəfərova və Mansur Məmmədovun ifasında F.Burqmüllerin  R.Driqo “Jizel” baletinden Pa De Deux ( müəllim: Əməkdar artist Rimma İskəndərova, Zaur Fətulla), klassik bölmənin məzunu Aliyə Salahovanın ifasında B.Asafyev “Baxçasaray fəvvarəsi”  baletindən Zaremanın monoloqu (müəllim: Əməkdar artist Rimma İskəndərova),  klassik bölmənin məzunu Aslanə Əliyevanın ifasında R.Qliyerin  “Qırmızı Lalə” baletindən Tao Xoa variyasiyası (müəllim: Əməkdar artist Rimma İskəndərova), qızlardan ibarət xalq bölməsinin I, II, III kurs tələbələri, solist Aysun Naibovanın ifasında   E.Mansurovun  “Qaval ilə rəqs” (müəllim: Əməkdar artist Səbinə Qasımova), klassik bölmənin məzunları Məryam Şabakayeva, Rəşad Rəhimovun ifasında  P.Çaykovskinin “Yatmış gözəl”  baletindən Pas De Deux (müəllim: Əməkdar artist Rimma İskəndərova, Zaur Fətulla), klassik bölmənin məzunlarının ifasında  P.Çaykovskinin “Sonalar gölü” baletindən İspan rəqsi (müəllim: Zaur Fətulla), xalq bölməsinin məzunları Aysun Naibova, Nəzrin Qurbanzadə və Fidan Daşdəmirovanın ifasında E.İbrahimovanın “Sən yadıma düşəndə”( müəllim: Əməkdar artist Səbinə Qasımova), klassik bölmənin məzunları Səbinə Məmmədova və Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, 2005-ci il məzunu, Əməkdar artisti Makar Ferştandtın ifasında  A.Adan “Jizel” baletindən Pas De Deux (müəllim: Əməkdar artisti Rimma İskəndərova), klassik bölmənin məzunu Aslanə Əliyeva  və bakalavr təhsil pilləsinin tələbələrinin ifasında “Qaytağı” rəqsi (müllim: Xalq artisti Cəmilə Bayramova), oğlanlardan ibarət xalq bölməsinin I, II, III kurs tələbələri, solist Zeynal Abasovun ifasında “Şələqoy” rəqsi (müəllim: Tuncay Hüseynov), xalq bölməsinin II, III kurs tələbələrinin ifasında Korea rəqsi (müəllim: Əməkdar artist Viktoriya Şahmuradova), klassik bölmənin məzunu Səbinə  Məmmədova və  SSR-i Xalq artisti, professor Leyla Vəkilovanın 1996-cı il buraxılışının tələbəsi, Əməkdar artist Samir Səmədovun ifasında  Dyuk Ellingtonun “Mənim ol” (quruluşçu xoreoqraf: Əməkdar artist Tamilla Məmmədova), xalq bölməsinin II, III kurs tələbələrinin ifasında  “Türk rəqsi” ( müəllim: Əməkdar artist Viktoriya Şahmuradova), klassik bölmənin məzunu Nərgiz Abdullayeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının Solisti, 2012-ci il məzunu Timur Oduşev və  tam orta  təhsil pilləsinin şagirdlərinin ifasında L.Minkusun “Don Kixot” baletindən Qrand Pas (müəllimlər: Əməkdar artisti Rimma İskəndərova və Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya), xalq bölməsinin I, II, III kurs tələbələrinin ifasında V.Adıgözəlov, S.Ələsgərov “Bayram suitası” (müəllim: Tuncay Hüseynov), klassik bölmənin I, III kurs tələbələri, solistlər  məzun Nərgiz Abdullayeva və I kurs tələbəsi Teymur Nurməmmədovun ifasında S.M.Braverinin “Nəbz” və “Müasir rəqs” kompozisiyası (müəllim: Yelena Çernousova) xalq bölmənin I, II, III kurs tələbələrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” (müəllim: Xalq artisti Yusif Qasımov) rəqsləri ifa edilib. Konsertin bədii rəhbəri, BXA-da rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.

Qeyd edək ki, konsert izləyicilər tərəfindən böyük anşlaqla keçib.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dizayn Assosiyasiyasının təşkilatçılığı ilə keçirilən "Azerbaijan Design Award" müsabiqəsinə layihələrin qəbulu davam edir.

 

Layihələrin qəbulu üçün son gün 30 aprel 2022-ci il tarixidir.

Azərbaycanın ən böyük dizayn müsabiqəsi olan “Azerbaijan Design Award” layihəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləmişdir və ölkədə dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə böyük töhfə verir.

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədini daşıyır.

 

Müsabiqənin şərtləri: https://azerbaijandesignaward.com/about

Qeydiyyat üçün keçid: https://azerbaijandesignaward.com/register

Müsabiqə haqqında ətraflı məlumat: https://azerbaijandesignaward.com/jury

"Ulduz" jurnalının aprel sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət" portalı ilə birgə hazırlanmış dərginin bu sayı məşhur italyan psixoterapevt Rafael Morellinin məsləhət və nəsihətləri ilə açılır. 

 

“Üzbəüz" rubrikasında gənc şair  İntiqam Yaşarın AYB-nin sədr müavini, şair Rəşad Məcidlə müsahibəsi yer alıb. Yazıçı Varisin "Adajio, Adajio, birdən Alleqro" essesi fəsillərin etüdlərindən ibarətdir. Rüfət Rzayevin tərcüməsində "Ayın enişi"( Moonfall) filmi ilə gündəm qazanan dünyaca məşhur  rejissor Ronald Emmerixin müsahibəsi və sensasion "Networking" kitabından bəhs edən yazı təqdim edilir. 

Tarixin ən yaxşı filmləri "IMDB"-nin versiyası üzrə tərtib edilib. "Teatr" rubrikasında Bahəddin Salmanın təqdimatında Əməkdar artist Sənubər İsgəndərlinin, "Musiqi" rubrikasında Aysel Kərimin təqdimatında Əməkdar artist, Prezident mükafatçısı Fərqanə Qasımovanın müsahibəsi yer alıb. Bahəddin Salmanın digər müsahibəsində isə gənc impressionist rəssam Nazilə Fərzullayeva söhbətə çəkilir. 

“Kitab rəfi" rubrikasında dünyada ən çox oxunan kitabların reytinqtinə nəzər salınır.  260 IQ göstəricisinə malik dünyanın ən ağıllı insanı Uilyam Saydişin faciəli taleyini dərginin "Talelər" rubrikasında oxuya biləcəksiniz. Nərgiz Cabbarlının "Tənhalıq cəhənnəminin qurbanları" başlıqlı yazısı Yaponiya yazıçısı Rünoske Akutaqavanın həyat və yaradıcılığından bəhs edir. Sevgidə uğur qazanmağın yolları Əlibala Məhərrəmzadənin "Sevgidə uğur qazanmaq üçün nə etməli?"  motivasiya yazısında geniş təhlil edilib.  "Nəsr" rubrikasında Habil  Yaşarın "Qaranlığı yazanın gecəsi" adlı hekayəsi ilə, "Poeziya" rubrikasında isə İqbal Nəhmətin şeirləri ilə tanış olacaqsınız. 

Polşa şairəsi Halina Posviatovskanın şeirlərini gənc şair Ümid Nəccari dilimizə çevirib. Mahirə Hüseynovanın "Həqiqət pıçıltılarının poeziyası" sərlövhəli yazısında Hidayət Orucov yaradıcılığının mühüm istiqamət və çalarları diqqətə çatdırılır. 

Mediator və yazıçı Zamiq Abdullayevin yazısı özündə mediasiya ilə bağlı mühüm bilgiləri ehtiva edir. Nəhayət, "Dərgidə sərgi" rubrikasını gənc rəssam Ofelya Hüseynzadəni rəsmləri bəzəyir.

Cümə axşamı, 28 Aprel 2022 13:30

Günün fotosu: “Biz SSRİ-ni istəmirik”

Günün fotosu: “Biz SSRİ-ni istəmirik”

 

Kiyevin meri Viktor Kliçko deyib bu sözləri. Keçmiş idmançı Ukraynanın gələcəyini Avropa Birliyində gördüyünü söyləyib.

Foto: Euronews

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və H.Abbasov adına Mədəniyyət Mərkəzi birlikdə gənc muğam ifaçılarının iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş tədbirlər keçirib.

 

İdarədən bildirilib ki, Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qəsəbə sakinləri iştirak ediblər.

Konsertdə gənc muğam ifaçıları - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, IV Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, IV Muğam Müsabiqəsinin laureatı Nüşabə Kərimli, Asəf Zeynallı adına musiqi kollecinin tələbələri Gəray Qarayev, Daşqın Kürçaylı, Milli Konservatoriyanın müəllimi Nurlan Cəbizadə, Milli Konservatoriyanın tələbəsi Səyyar Teymurov, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzin əməkdaşı Fərid Babayev çıxış ediblər.

Bildiyiniz kimi, aprel ayının 30-da cənnətməkan Qubada ədəbiyyatın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi başlayacaq. 

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın final mərhələsinin 32 iştirakçısının Münsiflər heyəti qarşısında çıxış sıralanması bəlli olub. Azərbaycan ədəbiyyatının istedadlı gənc yazarlarını bir araya gətirəcək festivalda ilk çıxış aprelin 30-da saat 15-də Ayxan Ayvazın, son çıxış isə mayın 1-də Ümid Nəccarinin olacaq. Siyahını təqdim edirik:

 

1. Ayxan Ayvaz. Nəsr. 30 aprel.

2. Aypara Mehmanova (Aypara Ayxan). Poeziya.30 aprel.

3. Bahəddin Salman. Nəsr. 30 aprel.

4. Cavid Qasımov. Poeziya. 30 aprel.

5. Cavid Zeynallı. Nəsr.30 aprel.

6. Elroman Əlizadə (El Roman). Poeziya. 30 aprel.

7. Elvin Əlizadə. Poeziya. 30 aprel.

8. Elvin İntiqamoğlu. Poeziya. 30 aprel.

9. Emin Əlizadə (Eminquey). Poeziya. 30 aprel.

10. Emin Piri. Poeziya. 30 aprel.

11. Ələsgər Əhmədov (Ələsgər Əhməd). Poeziya. 30 aprel.

12. Faiq Hüseynbəyli. Poeziya.30 aprel.

13. Fərid Hüseyn. Poeziya. 30 aprel.

14. Gülmalı Məmmədov (Səddam Laçın). Poeziya, nəsr. 30 aprel.

15. Gülnar Hüseynova (Gülnar Ümid). Poeziya.30 aprel.

16. Gülay Tahirli. Poeziya.30 aprel.

 

17. Günel Ağayeva (Günel Balakişi). Poeziya. 1 may.

18. Həsən Zeynallı (Həsən Kür). Poeziya. 1 may.

19. İntiqam Cavanşir (İntiqam Yaşar). Poeziya. 1 may.

20. Mehdi Dostəlizadə. Poeziya. 1 may.

21. Murad Muradov. Nəsr. 1 may.

22. Nadir Rzalı (Nadir Yalçın). Nəsr. 1 may.

23. Nərgiz İsmayılova (Nargis). Nəsr. 1 may.

24. Nigar Ağalarova (Nigar Arif). Poeziya. 1 may.

25. Orxan Həsənov (Orxan Həsəni). Nəsr. 1 may.

26. Ramil Əhməd. Poeziya. 1 may.

27. Rəvan Cavid. Poeziya. 1 may.

28. Ruslan Cahangirli (Ruslan Dost Əli). Poeziya. 1 may.

29. Təvəkgül Boysunar. Nəsr. 1 may.

30. Tural Cəfərli. Poeziya. 1 may.

31. Ulucay Məmmədov (Ulucay Akif). Poeziya. 1 may.

32. Ümid Nəccari. Poeziya. 1 may.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.