Super User

Super User

Təşkilatçıların dünyanın ən iri incəsənət festivalı adlandırdıqları Edinburq İncəsənət festivalı özünün 75 illiyini qeyd edir. Şotlandiyanın paytaxtı 58 ölkədən təxminən 3 min tamaşa və şou görəcək. Təşkilatçılar festivalın "daha inklüziv və əlçatan" olduğunu bildirir, lakin iştirakçılar Şotlandiyaya səyahətin asan olmadığını gizlətmirlər. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Şotlandiyaya gələnlər arasında gileylənənlər heç də az deyil.

 

Məsələn, aktrisa Triniti Silk söyləyir: "Biz kifayət qədər böyük komandamızı buraya gətirmək üçün çoxlu pul yığmalı olduq. Mən deyərdim ki, bu, kifayət qədər çətin idi. Hesab edirəm ki, şəhərin festivalda daha fəal iştirak etmək və artistləri daha çox dəstəkləmək imkanı var, bunu etsələr yaxşı olardı. Axı incəsənət adamının pulu olmur".

Aktyor Uill Lambert isə söyləyir: "Burada hər şey çox bahadır. Auditoriyanı tanımaq lazımdır. Çünki bunu bacarmayacaqsınızsa, satılmayan bir şou gətirdiyiniz təqdirdə çoxlu pul itirə bilərsiniz ".

Bununla belə, iştirakçılar və xüsusilə tamaşaçılar Edinburq Festivalının pandemiyadan sonra tammiqyaslı formata qayıtmasından məmnundurlar.

 

 

Yazıçı və tərcüməçi Məmməd Məmmədlinin ispan dilindən çevirdiyi Xavier Serkasın “El móvil” (Təhrik) əsəri “Rakuten Kobo” elektron kitab yayımı platformasında yerləşdirilib.

 

Setkasın ilk əsəri olan “El móvil” 2003-cü ildə İspaniyada “Tusquets” nəşriyyatında çap olunub. Povest vaxtilə İspaniyada bestseller olub və böyük oxucu auditoriyası qazanıb. Əsərin qəhrəmanı Alvaro hüquq məsləhətxanasında işləyən ədəbiyyat vurğunudur. Bir gün o, real hadisələr əsasında novella yazmaq qərarına gəlir. Bunun üçün o, üzünü qonşulara - maddi çətinlikdən əziyyət çəkən cavan bir ailəyə, pensiyaya çıxmış qaradinməz bir qocaya və yaşadıqları evin qapıçısı işləyən qadına tutur. Alvaro novellasını yazdıqca özündən xəbərsiz yaşadığı binada cinayət törədir. Ancaq buna baxmayaraq yazıçı reallığın novellaya bənzəmədiyindən peşman deyil.

Kitabı oxumaq istəyənlər https://www.kobo.com/ww/en/ebook/thrik?fbclid=IwAR0SzlC9A9H-8i3YeNUJWbVxizZQFUIvFrOuGqKnVAJkNyLIgsNgbZDns2U linkinə daxil ola bilər.

 

İstedadlı türk rejissoru Selcen Ergünün rejissorluğu ilə Türkiyə, Almaniya və Serbiya kinematoqrafiyasının ortaq istehsalı olan “Qar və Ayı” filminin dünya premyerasının vaxtı müəyyənləşibdir. “Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən xəbər verir ki, premyera sentyabrın 8-dən 18-dək keçiriləcək 47-ci Toronto Film Festivalında olacaq. 

 

“Qar və Ayı” festivalda birinci və ikinci filmlərin yer aldığı “Discovery” bölməsində nümayiş olunacaq. Ekran əsəri festivalın “Discovery” bölməsinə seçilən yeganə türk filmidir.

Merve Dizdarın baş rolda oynadığı filmin heyətində Sayqun Soysal, Asiye Dinçsoy, Erkan Bektaş, Derya Pınar Ak və Onur Gürçay kimi türk aktyorları və aktrisaları yer alırlar.

2020-ci ilin qışında Türkiyənin Artvin vilayətinin Şavşat qəsəbəsində çətin şəraitdə çəkilən film Avropanın ən böyük film fondu “Eurimages” tərəfindən dəstəklənib.

Görmək ümidi ilə.

Günün fotosu: Ukrayna yaşayır, mücadilə edir

 

Dənlə dolu daha 3 gəmi Ukrayna limanlarından Qara dənizdən üzü Türkiyəyə səmt götürüb. Gəmilər 58000 ton qarğıdalı dəni aparırlar.

Foto: Anadolu agentliyinindir

 

Türk musiqisinin əfsanə ismi Çengiz Kurtoğlu Bakıda "Dalğa beach"də yerləşən "Şazeli bahçe"də möhtəşəm konsert ilə çixış etdi.  Gecənin xusüsi qonağı populyar müğənnı Elçin Hüseynov oldu. Gözəl performans ilə tamaşaçılara gözəl anlar yaşadıldı. Dünən isə səhnəyə Röya çıxıb tamaşaçılardan alqış yağışl qazandı. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Milli.az-a istinadən məlumat verir. 

Qeyd edək ki, yay boyu əyləncəli konsertlər təşkil edən "Şazeli Bahçe"də Festival çərçivəsində 12 avqustda İntizar, 17 avqustda İrem Derici, 19 avqustda Zamiq Hüseynov, 26 avqustda Gülay Zeynallı qonaq olacaq. 

Daha əvvəl isə Hande Yener, Ferhat Göçer, Alişan, Gülben Ergen və Namiq Qaraçuxurlu çıxış ediblər.

Bu gün - avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) Bakıda “CultRural Festival 2022” adlı festival təşkil edəcək.

 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaydığı məlumata görə, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə, həmçinin onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrindəki məhsulları ilə tanış olmaq imkanı olacaq.

Qeyd edək ki, tədbiri keçirməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B formatında görüşlər də təşkil ediləcək.

 

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib. Bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin  məlumatında əksini tapıb.

 

Məlumatda bildirilir ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: “Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mirəşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam Rayon Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib".

 

Sentyabrın 2-dən 9-dək Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya və Bülbül Fondu, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunan xanəndə və instrumental muğam (tar, kamança, balaban, qanun) ifaçılarının iştirakı ilə “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi” təşkil olunacaq.

 

Sözügedən müsabiqə ilkin seçim və iki əsas mərhələdən ibarətdir. İlkin seçim mərhələsi sənədlərə və ifalara əsaslanaraq müsabiqənin iştirakçılarını müəyyənləşdirir. İştirak hüququ qazanan ifaçılar müsabiqənin birinci mərhələsinə buraxılırlar.

Müsabiqənin şərtlərinə görə, 17-25 yaşarasında olan xanəndə və instrumental ifaçılar təxminən 10 dəqiqə ərzində ənənəvi musiqi irsimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirən ifa təqdim etməlidir. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri avqustun 25-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   ünvanına göndərməlidir.

Müsabiqə üç əsas mərhələdə keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalının “Güney Azərbaycandan gələn səslər” rubrikasında portalın Güney Azərbaycan təmsilçisi Əli Çağla yazıçı Həsən Babayinin “Pişik” hekayəsini təqdim edir. 

 

Həsən Babayi

 

Əcəbşirli təxəllüsü ilə tanınan Həsən Babayi, 1965-ci ildə Urmiyanın yaxınlığında olan Əsəbşir şəhərində dünyaya göz açıbdır. İlk təhsilatını Əsəbşirdə bitirdikdən sonra, Təbriz şəhərinə köçüb mühasibat fakültəsində təhsilini Təbriz universitetində bitiribdir. O, maliyyə idarəsinə aid bankada işləyibdir. 

Nəsr nümunələri yaradır, ara-sıra da dərc olunur. 

 

Pişik

 

Bizim evimiz küçənin güneyində yerləşirdi. Qabaq – qanşar qonşumuzun həyətlərində bir pişik balalamışdı. Onların evləri quzeydə yerləşdiyindən qapıları açıldıqda həyətləri görünərdi. Qonşunun həyət qapıları çox vaxt açıq olardı. Pişiyin gəl-gedini gözaltına almışdım. Ana küçə-bacadan tapdığını balalarına aparmağını düşünəndə anam yaddaşımda canlanardı. Küçəmizin qapı bir qonşuları bir-birilərinin adlarını belə öyrənməmişdilər. Ancaq birlikdə bir küçədə yaşam sürürdülər. Hamı səssiz gəlib sözsüz gedərdi. Böyüklər ilgi saxlamadıqlarından uşaqlar da elə yaxınlaşmazdılar. Atamdan bir dönəm  sordum, düz cavab almadan ardını tutmadım. “Nəbilim, indi dəb belədir. Kimdə vaxt var? Qonşu sözü köhnəlib. İndi qardaş qardaşın evini tanımır” deyib sovuldu. Küçədə hərə öz qapısının qabağına ağac-gül əkmişdi. Az suvarıldığından dirçəlişləri gözə gəlmirdi. Atam şam ağacı, zanbaq əkmişdi. Küçənin görkəmi gözəl görünmürdü.

Pişiyi deyirdim… balalarını dişində dolandırar, küçə itlərindən qoruyardı, axı hələ əlləri ağızlarına çatmayırdı. 

Bir gün pişiyin Balalarının birini avtomobil vurdu. Küçəmizin iki başı da açıq olduğundan gəl-get çox olurdu. Atam bir illət də küçənin dibinin bağlı olmadığını söylərdi. 

Qonşuların soyuqqanlı davranmaları müqabilində yazıq pişik qalan o iki balasının yanına dönüb yanıqlı səs çıxarardı, onun gözünə baxmaq mənə mümkün olmurdu. Baxan kimi “Mənim balamı qaytarın" təmənnası baxışlarından duyulurdu. 

Qapı bağlananadək gəlib getdi. Bağlanandan sonra qalxıb divarın üstünə oturub məlul-məlul baxdı. Küçəni gözünün altına almışdı, balasının cəmdəyi küçənin ortasında it axtarırdı ki, onu ağzına alıb aparsın. Küçə itləri hələ sümsünməyə çıxmamışdılar. Mən atışkadan düşünürdüm, pişik anası divar üstdən. Nəhayət itlərin axını üz verdi. Biri meyidi ağzına alıb aradan çıxdı. Pişik başını aşağı dikib qalan balalarının yanına döndü. Mən isə atışkanı qapayıb özümə daldım. Ağlar analar yadıma düşdü, vaxtilə öz babalarını itirib əli boş döndükləri yaddaşımda canlanıb duyğulandım. Yazıq pişik balasını itlərdən qoruyub avtomobil qəzasına düşdüyünə inana bilmədiyinə vurnuxdu. Küçə boyu ölüm payını ala pişikdən alıb sakitləmişdi.

 

Qeyd: Yazının orfoqrafiyası olduğu kimi saxlanılıb.

 

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Mədəniyyət Günləri təşkil olunacaq.

 

10 avqustda keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri musiqili proqramlar, sərgilər və digər hissələrdən ibarət olacaq. Mədəniyyət Günlərinin təşkil olunduğu bölmədə iştirakçılara və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, müasir həyat tərzi və reallıqları barədə müfəssəl məlumatlar veriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.