Super User

Super User

 

Sentyabrın 24-də yeni mövsümdə Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” mənzum dramı nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur.

Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakteri baxımından yaddaşlarda dərin iz buraxır.

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir. 

 

Muzeyin yaydığı məlumata görə, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın qadın ayaq geyimlərindən biri olan "başmağ”a həsr olunub.

XIX əsrdə daha xarakterik qadın ayaq geyimi tipi başmaq olmuşdur. Arxası açıq, hündür dabanlı, pəncə üstü̈ müxtəlif rəngli müşkü̈ və tumacdan, altlığı isə aşılanmış̧ göndən hazırlanan qadın başmaqları “zənanə”, “miyanə” və “qız başmağı” olmaqla üç̧ ölçüdə tikilir, sifarişdən asılı olaraq yüksək zövq ilə bəzədilirdi. Uc hissəsi yuxarı qatlanmış̧ formada tikilən belə başmaqlar ayaqda gözəl görünsün deyə əlvan saplarla və ya qızılı simlərlə tikilir, daban oturacağına əlvan parçalardan “döşəmə” qoyulurdu. 

Varlılarda başmağın daban döşəməsi gümüşdən və ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına bəzəklər (naxışlar) salınırdı.

Başmaqlar çaxmapiləklərlə (qızıl və ya gümüş̧), güləbətin və muncuq tikmələrlə tərtiblənirdi. Başmağın pəncə üstü̈ qalın parçadan (məxmərdən) tikildikdə onun üzərini güləbətin tikmə ilə bəzəyirdilər. Bu sənətlə əsasən qadınlar ev şəraitində məşğul olurdular.

 

Sentyabrın 19-dan 21-dək Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konqresdə fəxri qonaq qismində iştirak edəcək. 

Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir. 

Konqres çərçivəsində Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulur. 

Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcək.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Tarixi roman janrının banisi” adlı metodik vəsait hazırlayıb.

Baş İdarənin məlumatına görə, tarixi roman janrının banisi M.S.Ordubadinin 150 illiyi ilə əlaqədar yazılan metodiki vəsait 4 hissədən ibarətdir. Birinci hissə giriş, ikinci hissə həyat və yaradıcılığından, üçüncü hissə keçiriləcək yubiley tədbirlərindən, dördüncü hissə isə istifadə olunan ədəbiyyat siyahısından ibarətdir.
XX əsr Azərbaycan ədəbiyyatının yaranması və inkişafında fəal iştirak edən ictimai və ədəbi fəaliyyəti ilə xalqımızın yeni mədəni həyat qurmaq uğrunda apardığı mübarizəyə xidmət göstərən M.S.Ordubadi görkəmli ədib, şair, dramaturq, publisist və ictimai xadim olub. M.S.Ordubadi Azərbaycanda azadlıq hərəkatı, köhnə patriarxal adətlərin, burjua diplomatiyasının, dünya imperializminin tənqidi kimi mövzularda əsərlər yazıb.
Şair, dramaturq və jurnalist, Əməkdar incəsənət xadimi M.S.Ordubadi ədəbiyyatın bütün növlərində yazıb yaratsa da, romanları ilə daha çox şöhrət qazanıb.
Ədəbiyyatımızda tarixi roman janrının banisi olan M.S. Ordubadi sənətkarlıq bacarığını bütün parlaqlığı və dolğunluğu ilə nümayiş etdirə bilib. Tarixi keçmişi xalqımızın tarixinin mühüm hadisə və qəhrəmanlıqlarını dərindən öyrənib sənətkarlıqla əks etdirən ədib roman sahəsində ədəbiyyatımızda özünəməxsus yol açaraq, iz qoyub.
İlk tarixi romanı - “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən olmaqla, ədibə böyük şöhrət qazandırıb.

 

Turizm istənilən ölkənin büdcəsinə əlavə vəsait cəlb etməyin ən gözəl yoludur. Vətəndaşlarımız, tutalım, ərəb turistlərinin əlindən gileyli olsalar belə, bu sahə ölkəmizə bol perspektiv vəd edir. Bəs ölkəmizə çoxmu turist gəlir, gələnlər ən çox hansı ölkələrdən axışırlar? 

 

“Ədəbiyyat və incəsənət” portalı bu suallara cavab tapmaq üçün Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək ortaya çox maraqlı faktlar çıxartmışdır.

1.

Sən demə, cari ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 173 ölkəsindən 1 milyon 4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2.

Həmin bu gələnlərin ən çoxu da… Xeyir, yanılırsınız. Ərəblər birinci deyillər, heç ikinci, üçüncü də deyillər, yalnlz dördüncüdürlər. Birincilik isə ruslardadır. Digər liderlər yenə də qonşularımızdır.

1.Rusiya Federasiyası, 26,2 faiz;

2.Türkiyə, 19,8 faiz;

3.İran, 11 faiz;

4. Səudiyyə Ərəbistanı, 7,9 faiz;

5.Gürcüstan, 4,7 faiz;

6.Pakistan, 3,2 faiz;

7.Hindistan, 2,7 faiz;

8.Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faiz;

9-10. Ukrayna və Qazaxıstan, hər birindən 1,9 faiz;

11-12. İsrail və Küveyt, hər birindən 1,6 faiz olmaqka;

13.Oman, 1,5 faiz;

14. Özbəkistan, 1,4 faiz;

15. Böyük Britaniya, 1,2 faiz;

-10,9 faizi digər ölkələrin vətəndaşları.

3.

Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil etmişdir.

4.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167,1 dəfə, Omandan - 148,8 dəfə, Pakistandan - 27,3 dəfə, Hindistandan - 15,1 dəfə, İsraildən - 6,2 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 23,2 faiz artmışdır. 

5.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olmuşdur. 

6.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,8 dəfə artaraq 983 min nəfərə çatmışdır. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,2 dəfə artmışdır. 

7.

Bəs bizim vətəndaşlar ən çox hansı ölkəyə gediblər? Bu dəfə yanılmazsınız, əlbəttə ki, Türkiyəyə. Ölkə vətəndaşlarının 48 faizi Türkiyəyə, 17 faizi Rusiya Federasiyasına, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər etmişlər. 

8.

Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil etmişdir.

 

Xoş yolçuluqlar!

 

“Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası” təsdiqlənib.

 

Həmin sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun tətbiqi barədə” fərmanın icrasının təmin olunması məqsədilə qəbul edilib.

Bu qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.

 

Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalına start verilib. Festivalda dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələri iştirak edir. Azərbaycan da bu nüfuzlu kino festivalda təmsil olunan ölkələr sırasındadır. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival çərçivəsində bir neçə ölkənin kino şirkətləri ilə “Özbəkfilm” arasında memorandum imzalanıb.

Festivalın keçirildiyi “Özbəkfilm”də Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə 2021-ci ildə özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutulan memorandumun nəticələri müzakirə olunub. Qeyd edildi ki, memoranduma Xalq artisti, kinorejissor Vaqif Mustafayevin müəllifi olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” kinolayihəsi yaxın gələcəkdə istehsalata buraxılacaq. “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov, Əməkdar incəsənət xadimi Ayaz Salayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında kino sahəsinin önəmindən söz açıblar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər.

Qeyd edək ki, “Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar, çoxsaylı təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.

İlk öncə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində  həlak olan  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.

O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, Azərbaycan kinolarının Özbəkistanda böyük maraq və  sevgi ilə qarşılandığını söyləyib.

Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə Azərbaycan ordusunun şücaəti, Ali Baş komandanımızın müdrik siyasəti nəticəsində azad olunduğunu və bu gun kinomuzun azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasının qürurverici olduğunu qeyd edib.

“Ozbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestivaldan, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb. O, beynəlxalq kinofestivalda dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissor, tanınmış artist, kino sahəsinin mütəxəssislərinin  iştirak etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, Festivalın işinə uğurlar arzulayıb.

Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər.

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri, tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları”  filmi də nümayiş olunub.  İkinci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb. Hər iki film festival iştirakçılarının böyük marağına səbəb olmuş və rejissorlar tədbir iştirakçılarının alqışlarına layiq görülmüşlər.

Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq 17 sentyabr tarixində filmlərimiz Buxara şəhərində nümayiş olunacaqdır.

 

Xəbər verdiyimiz kimi, 5-9 sentyabr 2022-ci il tarixlərində uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilmişdir.

Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://bit.ly/3ScvXU6

Şənbə, 17 Sentyabr 2022 09:30

Sülh üçün dua edirəm” - Sami Yusuf

 

Dünyaca məşhur müğənni Sami Yusuf Azərbaycanla bağlı paylaşım edib.

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, Sami Ermənistan təxribatı nəticəsində şəhid olan hərbçilərimizlə bağlı ölkəmizə dəstəyini bildirib.

"Vətən bölünməz! Şəhid ölməz! Hər kəsin təhlükəsizliyi, sülh və sabitlik üçün dua edirəm", - deyə, S. Yusuf qeyd edib.

Şənbə, 17 Sentyabr 2022 09:28

Türk ulduzlardan Azərbaycana başsağlığı

 

Türkiyənin məşhur simaları Ermənistan təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə bağlı paylaşım ediblər.

“Ədəbiyyat və incəsənət” olay-a istinadən yazır ki, pop ulduz Demet Akalın instaqramın hekayə bölməsində "Azərbaycan. 50 şəhid. Başınız sağ olsun" şərhini paylaşıb.

Müğənni Özcan Deniz isə paylşamında bu sözləri qeyd edib:

"Can Azərbaycan, başın sağ olsun. Acını paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik".

Sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan, müğənni və aparıcı Oğuzhan Uğur bayrağımızı paylaşaraq ölkəmizə dəstək olub.

Aktyor Mert Öcal "Başınız sağ olsun, Azərbaycan" şərhini hekayə bölməsində yerləşdirib.

Məşhur komediya aktyoru Şahan Gökbakarda bayrağımızın fotosunu ürək emojisi ilə paylaşıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.