
Super User
Filmlərimiz “Moskovskaya premyera” IV beynəlxalq kinofestivalda təqdim olunur
Noyabrın 29-dan başlamış və dekabrın 5-dək davam edəcək kino festivalından söz açırıq.
Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistandan olan filmlər daxil ediliblər.
Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin - “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, “Qobelen”, “Alisanın bir günü” (qısametrajlı film) nümayişi daxildir.
Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi noyabrın 30-da saat 19.00-da “DomJur” kino mərkəzində təşkil olunacaq.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. “Moskovskaya premyera”nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.
Daha ətraflı məlumat əldə etmək üçün Festivalın “mpfest.ru” rəsmi saytına müraciət edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Türkmənlər də anlayıb ki, dünyaya inteqrasiya vacibdir
Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.
Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər - milli musiqi alətləri ifaçıları iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri iştirak edirlər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi sözügedən Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda Azərbaycan saz ustadı İlham Abdullayev Festivalda iştirak edirlər.
Mükamal Sarayına ölkə hökumətinin üzvləri, mədəniyyət sisteminin, ictimai təşkilatların rəhbərləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, qonşu ali təhsil ocaqlarının professor və tələbələri toplaşmışdılar.
Açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.
Bu böyükmiqyaslı tədbirin əhəmiyyəti də bundan ibarətdir. Türkmənistan liderinin təbrikində deyilir: “Bu beynəlxalq festival və konfrans türkmən xalqının əsrlər boyu davam edən milli musiqi sənətinin dünya ictimaiyyətinə təbliğində, xalqların daha yaxından tanıdılmasında xüsusi rola malikdir. Dünyanı milli musiqi sənəti ilə sıx bağlayır”.
Sonra Mükəmlər sarayının səhnəsində konsert olub. Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri Festivalda iştirakçılara təqdim olunub.
Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Buxara şəhəri, Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər.
Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.
Tədbirlərdə Türkmənistan dövlət və hökumət nümayəndələri, TÜRKSOY təşkilatının rəhbəri və nümayəndələri, nazirlik və idarələr, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri, Aşqabad Forumuna qatılan ölkələrin alim və ekspertləri də iştirak ediblər.
Noyabrın 30-da Dövlət Mədəniyyət Sarayının Mükəmlər Sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Mədəniyyət Nazirliyində Tatarıstanın mədəniyyət naziri ilə görüş keçirilib
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.
Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin Leyli və Məcnun poeması əsasında tamaşanın nümayişi üçün qarşı tərəfə təşəkkürünü bildirib və bu səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini ifadə edib.
Azərbaycanda təhsil almış nazir İrada Ayupova, uzun müddətdən sonra Azərbaycana səfəri və Bakı şəhərinin yüksək surətlə inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı zəngin mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.
Nazir cari ilin 4-9 dekabr tarixlərində Tatarıstanın Kazan şəhərində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci ilin Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Nazirliyin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin, Tatarıstanda keçirlən teatr, folklor, ənənəvi uşaq oyun festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə, gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmini vurğulayıb.
Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunulması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.
Görüş zamanı 2023-cü ilin üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkədə təşkili nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Görüşün sonunda növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, və bu əlamətdar günlər çərçivəsində festivallarda iştirak, birgə kino günlərinin təşkili, o cümlədən, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində yer alıb
Noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının məlumatına əsasən xəbər verir ki, Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi 4–cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.
Polşada “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr olunub
Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir.
Kitabda Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyi münasibətilə 30 nağıl toplanıb. Belə ki, 15 Azərbaycan nağılı polyak dilinə, 15 Polşa nağılı isə Azərbaycan dilinə tərcümə edilib. “Apostrof-A” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır.
Kitab Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Polşanın 20-ə yaxın dövlət kitabxanasına hədiyyə olaraq paylanılıb. Həmçinin kitab Azərbaycan diasporu adından Polşada uşaq evlərinə, məktəblərə və uşaq bağçalarına da ödənişsiz şəkildə təqdim edilib.
Xatırladaq ki, Zəfər Günü ərəfəsində “Azərbaycan-Polşa nağılları” kitabının Varşavada da təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Qadın ağlamaqçün yaranmayıbdı...
Redaksiyanın poçtundaAzərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun iki şeiri var. Hər iki şeir qadınlar barədədir. Şeirləri diqqətinizə çatdırırıq.
Qadının özünə minnətdaram mən!
“Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa”.
Xalq şairi Nəriman Həsənzadə
İnsanın özündən xəbərsiz, inan,
Narahat duyğular bu gün də yatmır.
Duyub yaşadıqca ömrün gününü,
Bəzən görürsən ki, nəyinsə çatmır.
Sonradan keçdikcə ömürdən günlər,
İlk görüş, ilk gülüş yadına düşür.
Sən demə, bu ömrün ən çətin günü,
Gəlib bu dünyada qadına düşür.
Duyulsa, uzaqdan nəfəsi yenə,
Bu dünya qayğıya bürünəcəkdi.
Könlünü almaqçün dağların özü,
Qadın arxasınca sürünəcəkdi.
Axı çox həssasdı bütün varlığı,
Dünəni, bu günü qoruyur bütün.
Qadının özünə minnətdaram mən,
Belə həssas qəlbli olduğu üçün.
Qadın ağlamaqçün yaranmayıbdı...
Soykökə bağlılıq, yurda bağlılıq,-
Qəhrəman bir yurdun canında olmuş.
At çapan Koroğlu dəlilərinin,
Sapandı, qılıncı yanında olmuş.
Əsrlər boyunca ər meydanında,
Fərhadtək qayanı bir ana yarmış.
Yaxşı ki, bir xalqa xidmət göstərən,
Cəsur bir diyarda qadınlar varmış.
Ömrün sınağından üzü ağ çıxmış,
Min igid gözündə darda da belə.
Yaşınıb, utanıb, çəkinməmişdi,
Boranda, şaxtada, qarda da belə.
Şairlər bir yurddan geri qayıtmaz,
Qadının hüsnündən ilham almamış.
Nigar da, Həcər də qəhrəmanlıqda,
Koroğlu, Babəkdən geri qalmamış.
Qəlbi ovsunlayan siyah telləri,
Kim sənə dedi ki, daranmayıbdı?!
Üzündə sevinci görəndə bildim,
Qadın ağlamaqçün yaranmayıbdı…
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Kino hara, teatr hara?
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
MİRZƏAĞA ƏLİYEV
(1883-1954)
***
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında çəkilən üç filmdən ikisində rol almışam. İlk dəfə 1916-ci ildə çəkilən “Arşın mal alan” filmində Süleyman obrazını yaratdım. Səssiz film idi. Rejissor Boris Svetlov çəkmişdi. Nümayiş zamanı canlı musiqi parçalarından istifadə olunurdu. Amma film Üzeyir bəyin xoşuna gəlmədi. İlk nümayişdən bir neçə gün sonra Quba meydanında üz-üzə gəldik. Hal-əhval tutduqdan sonra Üzeyir bəy başını bulayıb dedi:
– Mirzəağa, artislər əllərindən gələni ediblər. Sənin Süleymanına, Hüseynqulu Sarabskinin Əsgərinə, Əhməd Ağdamskinin Gülçöhrəsinə söz ola bilməz. Ancaq mənim istədiyim bu deyildi.
– Bəy, bəs nədən narazı qaldın? Kimin oyunu sənin xoşuna gəlmədi? Ürəyincə olmayan nədir, Üzeyir bəy?
– Bilirsən, Mirzəağa, “Arşın mal alan”ı teatrda da oynayırlar. Özü də demək olar ki, kinoda oynayan artistlərin əksəriyyəti oynayır, əgər kinonu o teatrdan yaxşı alındıra bilməyəcəyiksə, bu, bizə başucalığı gətirməz. Məncə, nümayişi dayandırmaq lazımdır.
Elə də oldu. Ertəsi gün Üzeyir bəyin təkidi ilə, filmin nümayişini dayandırdılar.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası dekabr ayı üçün tədbirlər planını açıqlayıb.
2 dekabr - Xalq artisti, dirijor Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
5 dekabr – Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert. (Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı)
6 dekabr - Braziliya Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu)
9 dekabr - SSRİ Xalq artisti, dirijor, bəstəkar Niyazinin 110 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
17 dekabr – Braziliyanın Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
20 dekabr -“Yeni adlar” layihəsi çərçivəsində konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri)
22 dekabr - Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbi)
23 dekabr - Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
24 dekabr - Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrin 30 illiyinə həsr olunmuş konsert.
26 dekabr - “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
27 dekabr - Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
28 dekabr - Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
29 dekabr - “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
“Rast” filmi Niyazinin 110 illiyinə töhfədir
Azərbaycan Televiziyası daha bir mükəmməl işə imza atıb. Beynəlxalq Muğam Mərkəzində bu televiziya tərəfindən çəkilən “Rast” filminin təqdimatı keçirilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film dünyaşöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin 110 illiyinə həsr olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bildirib ki, hələ 1967-ci ildə lentə alınan “Şur” televiziya filmi (rejissor Arif Qazıyev) muğam və xalq mahnılarımızın rəngarəngliyini ortaya qoymuşdu. “Rast” filmi də bu ideya əsasında çəkilib: “110 illiyi ilə bağlı böyük maestronu yad etmək bizim borcumuzdur. Niyazi nəinki böyük dirijor, həm də təbliğatçı və maarifçi idi. Biz bu ənənələri qoruyaraq muğam sənətimizi musiqimizi gələcək nəsillərə çatdırmağa xidmət edən layihələri alqışlayırıq”.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Xalq artisti Sərdar Fərəcov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxışlarında “Rast” filminin muğamlarımızın geniş kütlə arasında tanınmasına vəsilə olacağını vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycan muğamı özünün qızıl dövrünü yaşayır. “Rast” muğamının musiqi sənətimizdəki yeri haqqında bəhs edən natiqlər filmin ərsəyə gəlməsində zəhməti olanlara təbriklərini çatdırdılar.
Çıxışlardan sonra film nümayiş olunub. Niyazinin “Rast” simfonik muğamı səslənən filmdə Xalq artistləri Ramiz Quliyev (tar), Şəfiqə Eyvazova (kamança), Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Əməkdar incəsənət xadimi Aqil Məlikovun (xanəndələr) ifaları lentə alınıb. Xanəndələri Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri və Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edir.
Filmin ideya müəllifi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, quruluşçu rejissoru Elnur Məmmədov, rejissoru Natiq Novruzov, musiqi redaktoru Əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Urfan Cəfərov beynəlxalq müsabiqədə uğur qazanıb
Londonda keçirilən "Golden Time Talent 2022" Beynəlxalq Opera ifaçılarının vokal müsabiqəsində azərbaycanlı vokal ifaçısı Urfan Cəfərov növbəti uğura imza atıb.
“Ədəbiyyat və incəsənət” portalı Urfanın mediaya açıqlamasına istinadən xəbər verir ki, o, dünyanın 18 ölkəsi arasında UNESCO-nun Prezidenti olmaqla, 53 unikal tərkibli münsiflər heyətinin rəyi ilə Qran-Pri qazanaraq “Qızıl səs” adına layiq görülüb.
U.Cəfərov bu il həmçinin Amerikanın Nyu-York şəhərində keçirilən "American Protege International Vocal Competition 2022" adlı opera ifaçılarının beynəlxalq vokal müsabiqəsində də 21 ölkə iştirakçısı arasında birinci olub.
Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, dünyaşöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olub və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)