
Super User
Rəsm qalereyası: Nəvai Metin, “Göyəzən”
“Bulud qonur gözlərimə” Təbrizdə nəşr olunub
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla xəbər verir ki, güneyli şair Hümmət Şəhbazinin «Bulud qonur gözlərinə» şeir kitabı Təbrizin «ydın sav» nəşriyyatı tərəfindən çap olunub.
İndiyədək tənqid və tənqidçilik sahəsində müxtəlif əsərlər və məqalələr müəllifi olan şair-yazıçı, bu dəfə 1991-2001-ci illər arasında yazdığı şeirlərindən seçim edərək şeir toplusu müəllifi kimi çıxış etdi. Şair şeir kitabına yazdığı önsözdə uğraşdığı tənqid sahəsini unutmayaraq yenə də o dövər şeirimizin sürdüyü yolları qısaca işıqlandırır. O, tənqid sahəsinə istiqamətlənmə səbəblərini və tənqidlə uğraşdığı səbəbdən şeirlərinin çap olmasını ikinci dərəcəli ahəmmiyyətə buraxdığını da açıqlayır:
1992-sə doktor Rza Bərahəninin çap olan üç cildlik «təla dər mes (misdə qızıl)» adında tənqid kitabını da oxudum. Bu kitab məndə ana dilli ədəbiyyatımızda tənqidin boşluğunu, və bu boşluğu doldurmaq duyğusunu oyatdı. Bu duyğunu gücləndirən başqa bir amil də oldu. Ədəbi yığıncaqlarda Fars dilində yazan Fars öyrəncilərinin qıcıqlandırıcı düşüncələri. Onların birinin verdiyi sual on il mənim qulağımda cingildədi: «Türk dilində də şeir yazmaq olarmı?»
Bu kimi təhqiredici sorğulara cavab axtarmaq üçün Hümmət Şəhbazi daha çox tənqidlə uğraşdı; bu məsələ onun şeirlərinin çap olmasını arxa plana salaraq gecikdirdi. Özü yazmışkən: «Tənqid mövzusuna birinci dərəcədə önəm vermək, şeir kitabımın çap olmasını ikinci və üçüncü dərəcəli əhəmiyyətə çevirdi». Önəm verdiyi tənqidi araşdırmalarını çap etdirdikdən sonra arxayınlığa çıxan yazar, şeir kitabını çap etməyin vaxtı çatıbdır deyə onları çap etmək qərarına gəldiyini də vurğulayır. Beləliklə «Bulud qonur gözlərinə» ilk şeir toplusu, şairin yuxarıda qeyd olan illərdəki şeirlərini çevrəyərək sıra ilə yazı tarixləri ilə çap olubdur.
BULUD QONUR GÖZLƏRİNƏ
Züv gedirdim qarlar üstündə
Göylərdə quş olub
Uçmaq sevinci ilə uçurdum
Mavi səmanı da ağ görürdüm qarlar kimi
Dünya sığınacaq yerdir
Gündüzlər, göyün işıqlı kölgəsində
Aylı gecələr,
Qucağını açır
Gözlərindən axan sevgi sehrinə
Qışın qırovlu qarları
Sevgini xıncır
Dişlərinin arasında
Hamı sığınan
Bu qışın qırovlu çağında
Bir serçə yolunu azır
Budaqların qarlı qucağında
Üşüyür
Üşüyür
Və sığınmadan
Bulud qonur gözlərinə.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Tətil günlərində Şuşaya ilk turist səfəri təşkil olundu
Tətil günlərinin ən əlamətdar hadisələrindən biri barədə sizə söz açmağımız lap yerinə düşər. Bu günlərdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olundu.
40 nəfərdən ibarət olan ilk heyət səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı, Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və şəhərin mərkəzindəki dağıntılarla yaxından tanış oldular.
Təşkil olunan ikigünlük tur çərçivəsində yerli turistlər Füzulidən Şuşaya gəldilər, orada şəhərində tarixi-mədəni abidələrimizlə tanış oldular. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verildi. Bildirildi ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
Xatırladaq ki, layihə Böyük Qayıdış siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. 2 və 3 günlük turlar həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Turlarda iştirak etmək istəyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Riad Məmmədov Azərbaycan caz-muğamını təqdim edib
Azərbaycanlı bəstəkar və pianoçu Riad Məmmədov SOUND UP aktual musiqi festivalında iştirak edib.
Festival martın 24-də Moskvada keçirilib. Bu tədbir musiqidə yeni səslər və ideyalarla maraqlananlar üçün unikal konsertlər silsiləsidir. Riad Məmmədov öz pyeslərini və Vaqif Mustafazadənin əsərlərini ifa edib.
AzərTAC xəbər verir ki, musiqiçi, həmçinin aprelin 4-də Moskvadakı İqor Butman caz klubunda öz triosu ilə birlikdə caz proqramı ilə çıxış edəcək. Proqrama Azərbaycan caz-muğamı və bəstəkar-pianoçunun müəllif musiqisi daxildir.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Günün fotosu: canavar basqısı qorxu yaradıb
Günün fotosu: canavar basqısı qorxu yaradıb
Canavarlar Avstriya və Sloveniyanın sərhədyanı bölgələrinin əhalisini qorxu və vahimə içində saxlamaqdadır.
Ötən il Karintiya regionunda əvvəlki ildəkindən 4 dəfə çox mal-qara tələf olmuşdur. Sloveniyalı fermer Matiya Yuvan göz yaşları içində canavarlar tərəfindən parçalanan onlarca heyvanın birkalarını nümayiş etdirərək deyir: Dövlət bizə kompensasiyanı birka hesabı verir. Amma çox heyvanın heç birkasını da tapa bilmirik.
Fotonun hüququ: Matija Juvan /AP
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi teatr forumu keçirəcək
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.
Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi kino forumu keçirəcək
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.
Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Acınacaqlı vəziyyət - Biz AMEA-nı dirildə bilmirik…
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayev dünyanın elmi reytinqini təyin edən başlıca şirkət – Scimago institution ranking-in 2022-ci ilin reytinqini elan etməsinə həsr etdiyi qeydlərini dərc edir.
Biz AMEA-nı dirildə bilmirik, gözümüz önündə daha da ağırlaşır, heç bir təcili yardım, süni nəfəs təsir etmir... Deyəsən həyətdə su qaynadırlar, haradasa yer qazırlar...
AMEA 6408- ci yerdə "şaqat" edir, 8084 elmi tədqiqat təşkilatı sırasında...
Bu sadəcə fəlakətdir, bəlkə də uçurumun qırağında gözüyumulu yallı getməkdir.
Bir neçə gün əvvəl dünyanın elmi reytinqi təyin edən başlıca şirkət – Scimago institution ranking 2022-ci ilin reytinqini elan etmişdir. Şirkət dünyadan cəmi 8084 elmi tədqiqat təşkilatı təhlil etmişdir. Nəticələr bütün müsəlman ölkələri üçün, xüsusilə Türk dövlətləri üçün daha acınacaqlıdır, müşahidə olunan mənzərə böyük təhlükədən xəbər verir.
Azərbaycan elm ocaqlarının - 8 təşkilatın dünya üzrə 8084 təşkilat arasında reytinqi
1 (3932) UNEC
2 (4538) Azərbaycan Universiteti
3 (5747) Milli Nüvə tədqiqatları İnst
4 (6092) Riyaziyyat və mexanika institutu
5 (6408) AMEA
6 (7377) Fizika institutu
7 (7399) BDU
8 (7434) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Dədə Ələsgərin 202 yaşına
Sevilən şair Ramiz Qusarçaylı Dədə Ələsgərin 202 illiyinə həsr etdiyi şeirini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir
Haqq aşığı, Sözün, Sazın övliyası, yaşı min illərə sığmayan Dədə Ələsgərin 202 yaşı tamam oldu. 203 yaşında Ağkilsədə görüşək, ustad!
Nə sazdı, nə sözdü, nə də aşıqdı,
Nə mağar, nə düyün, nə yaraşıqdı,
Allahın taxtından gələn işıqdı,
İşığın taxtında şahdı Ələsgər.
Hər beyti ayədi, hər sözü kəlam,
Açması önündə dilsizəm, lalam,
Sənətdə peyğəmbər Əleyhissəlam,
Dəryada tufandı, Nuhdu Ələsgər.
Yerin pərdəsidi, göyün simləri,
Əritdi canında çox tilsimləri,
Dolaşır İlahi mərasimləri
Kükrəyən, çağlayan ruhdu Ələsgər.
Sehri çox mələklər ötən eşqinin,
Arazda, Samurda itən eşqinin,
O taylı, bu taylı Vətən eşqinin
Göyçə dodağında ahdı Ələsgər.
Kitablar bağlanıb Hürr savaşından,
Zirvələr dizinnən, bulud qaşından,
Adına pir tikin məhək daşından
SafAğdı, OdƏrdi, Bağdı Ələsgər.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Sevilir…
“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun “Ad gününüz mübarək, İlhamiyyə xanım” yazısını təqdim edir
Sevilir. Buna əsas səbəb, peşəkarlığı ilə yanaşı, Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir. Onun bircə dəfə də olsun, birlikdə apardıqları televiziya verilişində həyat yoldaşının sözünü kəsdiyinin şahidi olmamışam, hətta veriliş boyu ömür-gün yoldaşı onun söylədiklərini yarımçıq qoyanda belə heç bir irad bildirmir. Burada adamın yadına köhnə zamanların əsl azərbaycanlı ailəsinə xas olan milli dəyərlər düşür. Bilirəm, məni qınayanlar da tapılacaq, amma bu dəyər doğmadır, əzizdir. Necə deyərlər, baba və nənələrimizdən miras qalıb. Bax, məhz milli ənənələrimizi yüksəkdə tutduğu üçün insanların ürəyinə yol tapa bilib. Əlbəttə ki, söhbət İlhamiyyə Rzadan gedir...
Deyir ki- “Uzun zamandır ki, birlikdə veriliş aparırıq. Bir də görürsən ki, verilişdə ancaq özü danışır. İmkan vermir ki, mən də mövzu haqqında nəsə söyləyim. Əvvəllər susub-susub birdən partlamağım olurdu, amma indi buna adi hall kimi baxıram. Bir dəfə yadıma gəlir ki, Həmid mənə danışmağa imkan vermədi. Əslində, bu, normaldır. Amma həmin vaxt doğrudan da dəhşətli dərəcədə ağ elədi. Nə vaxt ağzımı açdımsa, sözüm ağzımda qaldı, Həmid danışmağa başladı. Bir neçə dəfə belə edəndən sonra elə efirdə dedim, Həmid, daha mən danışmayacam, sən danış, mən qulaq asım. Onda Həmid ayıldı ki, çox ağardıb. Sözünü deyib bitirəndən, o mövzuda deyiləcək bütün sözləri deyəndən, fikrini tamamlayandan sonra mənə dedi ki, buyurun, İlhamiyyə xanım, deyəsən axı siz də nə isə deyəcəkdiniz...”
Möhkəm iradəli, səbirli, səmimi, eyni zamanda təmkinli xanımdır. Özünü isbat edərək adamların rəğbətini qazanmağı bacarır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən müsbət xüsusiyyətlərdən biridir...
Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə misal üçün müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. O vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”
Bəli, haqqında söhbət açdığım İlhamiyyə Rza insanlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. “Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı acısız yaşamaq istəyirsinizsə, xeyrə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin.”- söyləyir...
Martın 26-sı, baharın bir xoş günündə dünyaya gəlib və yaradıcılığı ilə qoca dünyamıza yaz təravəti gətirib. Doğum günü münasibəti ilə İlhamiyyə xanımı təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)