
Super User
Milli Muğam Müsabiqəsinin başlamasına az qalır
Muğam diyarında muğamla bağlı hər bir tədbir gözləniləndir. Amma bu dəfə biz ən yüksək səviyyəli tədbirdən söz açacağıq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqəyə 2023-cü il aprelin 24-də start veriləcək, festival aprelin 27-də başa çatacaq.
“Ədəbiyyat və incəsənət” portalı məlum edir ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində görülən fundamental işlərə baxdıqca beynəlxalq və milli muğam müsabiqələri bir ayrı qabarır.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Gəlin yaddaşımızı vərəqləyək. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəlirlər. Təqribən bir həftə ərzində Bakı dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilir. Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəldir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan edir. Xüsusən ilk belə festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsertın akkordları: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamını ifa etmələri, Xalq artisti Alim Qasımovun və əməkdar artist Fərqanə Mövlamovanın "Şur" təsnifini ifa etmələri zənginliyi ilə fərqlənən konsertə unudulmaz çalarlar qatmışdl. Azərbaycan musiqisi əcnəbi qonaqlar tərəfindən böyük maraqla izlənilmiş, hər bir ifa sürəkli alqışlarla qarşılanmışdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət” portal müsabiqəyə qoşulmaq istəyənlər üçün zəruri xatırlatma edir: Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.
Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.
Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Havamız zəhərlidir
Atmosfer havasının keyfiyyətinin monitorinqini gündəlik olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirir. Və budur, qurumun mətbuat xidmətinin yaydığı məlumat həyəcan doğurur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.4, Sumqayıt şəhərində 1.2 dəfə normadan çox müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
Demək, həyəcan təbili döyməyin zamanıdır.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Yazıçı Nemət Veysəllinin vəfatı münasibətilə
Xəbər verdiyimiz kimi, Azərbaycan ədəbiyyatına itki üz verib, yazıçı-publisist Nemət Veysəlli 82 yaşında dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
İlk bədii publisistik yazıları "Araz", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Qobustan" incəsənət toplusunda dərc edilib.
O, 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, "Azərbaycan qadını" jurnalında, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında - “Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib. "Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" gəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar (1985) və Jurnalistlər Birliyinin (1978) üzvüdür. "Sehrkar səslər, əfsanəvi rənglər", ("Yazıçı", Bakı, 1984), "Sular qovuşan yerdə" ("Gənclik", Bakı, 1985), "Hər şeydən uca" ("Gənclik", Bakı), "Düzlərin ağ işığı" (Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1988), "Evimiz yuxuma girir" ("Yazıçı", Bakı, 1991), "Salamat görməyimə şadam" ("Mütərcim", Bakı, 1998), "Haran ağrıyır, Vətən?" (Hərbi nəşriyyat, Bakı, 1999), "Sənsiz keçən illər" ("Gənclik", Bakı, 2000), "Bəylər bəy" ("Adiloğlu", Bakı, 2004), "Həyat sevən insan" ("Azərbaycan" nəşriyyatı, Bakı, 2004), "Şəhərlər, evlər, naxışlar" ("Günəş", Bakı, 2005), "Yaş həddinə görə" ("Günəş", Bakı, 2006), "Piyadaların döyüşü" ("Yaddaş Media", Bakı, 2010),"Tikintisi yarımçıq qalmış evlər" ("E.L."Nəşriyyat və Poliqrafiya Şirkətinin mətbəəsi, Bakı, 2014), "Mənim müharibəm" ("Qanun" nəşriyyatı, Bakı, 2017),"Mənim müharibəm" (Naşir: Xudafərin,Tehran, 2018), "Geriyə yol varmı", ("Qanun" nəşriyyatı, Bakı, 2018), "Моя война" (Ганун, Баку, 2020) adlı bədii-publisistik kitablarının müəllifidir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
“Verərsənmi bir canı, canan dilərsə?” – Qəzəl saatı
“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında Sumqayıtda yaşayıb-yaradan şair Lilpar Cəmşidqızının daha 4 qəzəlini təqdim edəcəyik.
Bivəfayə yalvardım, yol gələndə hicranım.
Bir vərəqdə səhv olmuş, yar əlində ünvanım.
Dərd əlində can verdim, gözlərimdə bir həsrət,
Gülməyibdi rüxsarım, qəm çəkəndə cananım,
Yar vurubdu köksümdən, hər atanda müjganın,
Oxlayanda sinəmdən, yarələndi bir canım.
Xanə tikdim, Allahım, pəncərəmdə gül bitsin,
Nalə etsə bülbüllər, qürrələnməz eyvanım.
Ömrü aldım illərdən, dən səpəndə tellərdən,
Mənzilimdə yatmışdım, yol gedəndə karvanım.
Yar dolandı bəxtimdən, gəldi keçdi qəlbimdən,
Gözlərimdə nur olmuş, mən görəndə Sultanım,
Bir qələmdi bir dəftər, əllərində Lilparın,
Bir gəzəlxan ömründən pay veribdi Rəhmanım.
***
Sevinməz bu könlüm, o hicran gələrsə,
Günüm qarə olmaz, bu bəxtim gülərsə.
Yanan könlümün görmədin yox əlacı?
Susar dərdi qəlbimdə, bir gün ölərsə.
Deyirlər ki, insaf da olmaz gözəldə,
Verərsənmi bir canı, canan dilərsə?
Bəşərdir əziyyət çəkən tək cahanda,
Xudadən gələr sehri bir gün bilərsə.
Mənim xəstə könlüm, bir axşam da gözlə,\
Çoxalmaz bu həsrət, o yarım bölərsə.
Çağırsam, səsim tez çatarmış o yarə,
Tökülməz gözümdən axan yaş, silərsə.
Bu Lilpar nə görmüşdü, ondan da yazdı,
Yazar çox qəzəllər, bir az dincələrsə.
***
Həsrətin yaman öldürür məni,
Vermisən nədən böylə qüssəni?
Köynəyin solub, köhnəlib, gözəl,
Yar gəlib görər, açma düyməni.
Oynayan bulud Göydə çarpışar,
Örpəyin salar zirvənin çəni.
Qartalın gözün bağlamaz duman,
Qıy çəkər gələr, görsə zirvəni.
Bülbülün qəmin xar bilərsə gər,
Tez gəlib sarar nazlı qönçəni.
Gün doğan zaman parlayar Günəş,
Çöldə rəqs edər sünbülün dəni.
Gül- çiçək təkin ömrü tez solar,
Lilparın əgər varsa düşməni.
***
Neyçün, ey dil, bu həsrətdən ölürsən?
Yol çəkəndən səmər yoxdur bilirsən.
İstəmişdin gözümdən yaş tökülsün,
Ölməmişdən məzarımdan gəlirsən.
Çıxmayırsan yuvandan sən haçandır,
Gözləməkdən yoruldun, dincəlirsən?
Vurnuxursan, yerimdən tərpənəndə,
Sol tərəfdən yanır köksüm, dəlirsən.
Ayrılıqdan haçan çəksəm kədər-qəm,
Ağladırsan, fələk, gendən gülürsən.
Mən nə etdim, sənin dərdin nədir de?
Mənli mənsiz nə vermişdin bölürsən.
Sözlərindən xeyir görmür bu Lilpar,
Gözlərindən daşır qəmlər, silirsən?
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Pikassonun dəfnə yarpaqlı kişisi azı 10 milyon dollara satılacaq
Şəkildə gördüyünüz bu rəsm əsərinin əsas özəllikləri nədir? Bu suala cavab vermək üçün ümumən Pikasso yaradıcılığına bələd olmaq lazımdır. Həm rəssam, həm qrafik, həm heykəltaraş və həm də dizayner Pablo Pikasso özünün qeyri-adi əsərləri ilə əvvəlcə tamaşaçıları heyrətləndirib, daha sonra XX əsrin bütün rəssamlıq dünyasına öz böyük təsirini göstərib. O, insanı bir araya yerləşdirilmiş müstəvidən təsvir edərək, kubizmin banisinə çevrilib. Elə bu başıdəfnə yarpaqlı kişi də bu müstəvidən təsvir edilməyibmi?
“Ədəbiyyat və incəsənət” “Forbes” dərgisinə istinadla xəbər verir ki, “Christie’s” hərrac evində bu yaz keçiriləcək satışlarda ən yaxşı lot Pablo Pikassonun həmin bu “Başında dəfnə çələngi olan kişi” əsəri olacaq. 1969-cu ildə yaradılmış bu əsərin hərracda ilkin dəyəri 9-12 milyon dollar həddində müəyyən edilib və azı 10 milyona satılacağı da şübhə doğurmur.
Dahi Pikasso metal, daş, gips, kömür, qələm və ya yağlı boya kimi qeyri-adi materialları kətan üzərində bacarıqla uyğunlaşdırırdı. Haqqında bəhs etdiyimiz rəsmdə olduğu kimi.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Onu “Cangüdən”dən sonra əsla unutmadıq
Dünyaşöhrətli müğənni Uitni Hyustonun musiqi albomu işıq üzü görüb
Məşhur amerikalı müğənni, “The Bodyguard" (Cangüdən) filmi ilə milyonların qəlbini fəth etmiş Uitni Hyustonun ölümündən sonra "I go to the rock" adlı musiqi albomu çıxarılıb. Və bu hadisə Uitnisevərlərə misilsiz xoşbəxtlik gətirib.
Düzdür, indiki nəsil bəlkə də Uitnini tanımaz, ancaq elə bizim portalda orta yaşlılar onu yaxşı xatırlayırlar.
Week-end dərgisinə istinadla “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən alboma dini motivli - kilsə musiqisindən ibarət 14 kompozisiya daxil edilib. Onların arasında “Testimony”, “I found a wonderful way”, “He can use me” və digər kompozisiyalar da var. Bu mahnılardan bəziləri ifaçı tərəfindən 1981-ci ildə 17 yaşında olarkən yazılıb və heç vaxt üzə çıxarılmayıb.
Albomda təqdim olunan studiya və konsert yazıları 1990-cı ildə hazırlanıb. Bəstələrin çoxu U.Hyustonla bərabər Corciya ştatının Makon şəhərinin Georgia Mass Choir xorunun iştirakı ilə lentə alınıb.
Qeyd edək ki, Uitni Hyustonun ilk musiqi albomu 1985-ci ildə işıq üzü görərək, müğənniyə xeyli məşhurluq gətirib. Elə həmin ildə "Saving all my love for you" mahnısı U.Hyustona “Grammy” musiqi mükafatını qazandırıb. 2 il sonra ifaçı ikinci solo albomu olan "Whitney"i çıxarır. Həmin dövrdə bu albom say hesabı ilə 19 milyon ədəd satılaraq, gəlir baxımından rekorda imza atır. "I wanna dance with somebody", "So emotional", "Didn't we almost have it all" və "Where do broken hearts go" mahnılarının yer aldığı bu albomla U.Hyuston ikinci “Grammy” mükafatını qazanır. Müğənni 1992-ci ildə aktyor Kevin Kostnerlə haqqında bəhs etdiyimiz “Cangüdən" filmində baş rolda çəkilib. Həmin filmdə onun ifa etdiyi "I will always love you" mahnısı müğənnini daha da şöhrətləndirib. Dünyaşöhrətli ifaçı Uitni Hyuston 2012-ci il fevralın 11-də Los-Anceles şəhərinin "Beverly Hilton" mehmanxanasında qaldığı otağında vəfat edib. Düzdür, çox şayiələr gəzib, onun narkotikin artıq dozası qəbul etməsi səbəbindən ölməsini də iddia ediblər, ancaq gəlin ölmüşlərin ruhunu incitməyək.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Azərbaycan Ermənistanın xüsusi xidmət orqanlarını necə ələ saldı
REAL TV “La Vira – məxfi menyu” adlı sənədli film çəkib. Bu gün REAL TV-də nümayiş olunacaq bu filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həmin əməliyyat 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə özünəməxsus rol oynayıb.
Sənədli filmdə 2019-cu ilin mart ayından Ermənistan xüsusi xidmət orqanlarının başına bəla kimi gətirilən hadisədən söz açılır: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir. “La Vira” italyan mətbəxinə aid təamdır. Tamaşaçı filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olacaq. Filmdə bu nadir əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir.
Şəkildə: Filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Onun ruhlara sığal çəkən bəstələri maraqlıdır…
“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun tanınmış bəstəkarımız Vaqif Gərayzadənin doğum gününə ithaf etdiyi yazısını təqdim edir.
Musiqi ilahi möcüzədir. Bu möcüzə, ruhu göyərçin kimi qanadlandırıb səmaya qaldıra bilir, xəyalən keçmişə, yaddaşında iz buraxan xatirələrə uçurdur...
Deyilənlərə görə, Qafqazın böyük KİŞİərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa, ona yetmiş dəfə çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş dəfə çubuq vurulsun. Bəli, amansızcasına vururlar da. Amma MUSİQİ o qədər ölməzdir ki, qüdrətindən asılı olmayaraq, kimsə ona qadağa qoya bilmədi. Musiqi yaşayıb, bu gün də yaşayır…
Haradan yadıma düşdü bu olay, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu dünyada Vaqif Gərayzadə adında bir bəstəkar var. Onun nə danışdığı, nə düşündüyü mənim üçün maraqlı deyil, onun ruhlara sığal çəkən bəstələri maraqlıdır. Ola bilsin ki, dediklərini özündən öncə bir başqa cür deyənlər də olub. Axı əlahəzrət SÖZün yaşı Vaqif Gərayzadədən çox böyükdür. Lakin bəstələdiyi musiqidə keçmişin izi, gələcəyin sorağı var. Yəni ki, bir başqa ahəngdir, yeni səsdir...
Biz Üzeyir Hacıbəylini görməmişik, amma ona ehtiramımız sonsuzdur. Onu bizə sevdirən şəxsiyyətindən çox yaratdıqları olub. Vaqif Gərayzadə də yaradıb, mənəviyyat nümunəsi, musiqi əsərləri təqdim edib. Dinləmişik, ruhumuzu oxşayıb. Ruhları oxşadıqca da sevilib...
27 mart baharın yeddinci günüdür. Təbiətin qış yuxusundan oyanıb, tumurcuqladığı dövr. Bu tarixdə çox böyük insanlar dünyaya gəlib. Xəlifə Harun ər-Rəşid də bu günün dünyaya bəxş etdiyi hədiyyəsi idi. Onun dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni və elmi baxımdan sürətli inkişaf etmişdi. Yüz illərdir ki, əlahəzrət Zaman onu unutdura bilmir. Bəli, Vaqif Gərayzadə də martın 27-də anadan olub. Tumurcuqların budaqlardan ürkək-ürkək boylandığı vaxtlarda…
Deyirlər ki, dünya dağılanda İsrafil surunu çalacaq. Kim bilir, bəlkə də İsrafilin ifa edəcəyi musiqi Vaqif Gərayzadədən olacaq…
62 yaşın mübarək!
Çox yaşa!
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
ICESCO üzv ölkələrdə teatrlara dövlət qayğısını artırmağa çağırıb
Hər il martın 27-də dünya ictimaiyyəti incəsənətin “atası” hesab edilən, zəngin ilham mənbələrini və konstruktiv mədəniyyətlərarası və sivilizasiyalararası münasibətləri təşviq edən teatrların problemlərinə diqqəti cəlb etmək məqsədi daşıyan Beynəlxalq Teatr Gününü qeyd edir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) teatrların inkişafına yönəlmiş təşəbbüslər vasitəsilə incəsənətin bu vacib növünü dəstəkləmək öhdəliyini bir daha bəyan etmək məqsədilə üzv dövlətlərə müraciət edib.
“Ədəbiyyat və incəsənət” portalı təşkilatın baş ofisindən məlumat alan AzərTAC-a istinadən xəbər verir ki, bəyanatda teatrın milli mənsubiyyət və vətəndaşlıq, inklüzivlik və komanda ruhu, dialoq və digər mədəniyyətlərə açıqlıq dəyərlərini əks etdirən qeyri-maddi və sivilizasiya irsinin bir hissəsi olduğu vurğulanıb. Təşkilat bu kontekstdə dövlətləri və vətəndaş cəmiyyətlərini müasir texnologiyanın yaratdığı çoxsaylı platformalardan faydalanmaq yolu ilə hazırda böyük rəqabətlə və bir çox problemlərlə üzləşən teatr sənətinin davamlılığını təmin etmək istiqamətində birgə səylər göstərməyə çağırıb.
Bəyanatda qeyd olunub: “Ümumilikdə, incəsənətə və xüsusən də teatra olan böyük marağın bir hissəsi olaraq, ICESCO bir neçə akademik əsər nəşr etdirib və bu sənətin üzv dövlətlərdə mövcudluğunu gücləndirməyə kömək etmək üçün silsilə simpozium və təlim sessiyaları təşkil edib. Teatrları dəstəkləmək məqsədilə bu ilin fevralında Komor adalarında ərəb ölkələrinin teatr festivalı təşkil edilib.
ICESCO Beynəlxalq Teatr Günü münasibətlə üzv dövlətləri teatrı təbliğ etmək üçün gənc nəslin istedad və bacarığından istifadə etməyə, bu sənət ocaqlarına davamlı dəstək göstərməyə çağırır. Biz, həmçinin teatr və sənətçilərə maddi-texniki və maliyyə dəstəyi göstərməyi, onların hüquqlarını, xüsusən əqli mülkiyyət hüquqlarını qorumağı, teatr sənəti ilə təhsil mədəniyyəti arasında bir-birini tamamlayan əlaqələri təşviq etməyi tövsiyə edirik. Eyni zamanda, təşkilat xüsusi qayğıya ehtiyacı olan insanların teatr səhnəsinə inteqrasiyasına, ictimaiyyətin birliyini gücləndirmək üçün teatrdan istifadəyə və ən son texnologiyalar əsasında arxivləşdirmə yolu ilə teatr əsərlərinin qorunmasına çağırır”.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Apostrofun ləğvi hamınınmı adını yüngülləşdirdi? – Qulu Ağsəs yazır
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Esse vaxtıdır, Qulu Ağsəsin essesi ilə tanışlıqdır.
ESSE
Qulu AĞSƏS
CƏBRAYILOĞLU ETİBAR
Apostrofun ahıl, Cəbrayıloğlunun sütül vaxtlarıydı.
Biz o illərdə tanış olduq. Gündüz çörəkpulu qazanıb, gecə mağazadakı basabasda çörək ala bilmədiyimiz illər...
Eynəkli adamlara tez qanım qaynayır, asan dil tapdıq haqq üçünə o üzdən, amma ad-familiyasının – özü kimi – uzunluğu ürəyimi üzdü. Xoşbəxtlikdən yazanda mətləbi çürütmür, bir az da tez götürür ocağın üstündən yazını...
Ariflər dərdini təbəssümüylə örtər – Şəms Təbrizi belə anladır. Onun örtüyü çəkildiyi köşədi.
Yazdığı yox ha, çəkildiyi köşə!
O "nə" sualına cavab verən hər şeyə qıraqdan baxır:
paltarlara,
maşınlara,
evlərə,
adlara...
Amma canlılara yox. İt onun üçün "nə" sualına deyil, "kim" sualına cavab verir.
– Kim?
– ...
Qoy zəng edib itinin adını özündən soruşum. Açmır. Hardasa yas yerindədi yəqin. Adam bircə səhər evdə tikə dadır. Günorta Təzəpirdə, axşam toy – ad günü – təqdimat – nəgəldidə...
Pandemiya vaxtı ancaq itsaxlayanları çölə buraxırdılar. Onun da dedim axı – bir iti var, biz evdən çıxmayanda o küçüyü də böyrünə salıb...
Zəng elədi:
– Salam, xeyir ola, indi gördüm zəngini.
– İtinin adını soruşacaqdım.
– Müsahibə istəyirlər ondan? Ceysi! De, adın düz yazsınlar: Cey-si!
...həyətdə var-gəl eləyirdi. Biz də balkondan baxıb ona, ondan da çox Ceysiyə (görən düz yazdım itin adını?) həsəd aparırdıq. O çox hündürdü, it çox alçaq. Ya özü gödəlməlidi, ya da Ceysi (deyəsən, düz yazdım itin adını!) uzanmalıdı. Bu düşüncəylə ondan heyfimizi alırdıq. Harda? Əlbəttə ki, balkonda...
Cəbrayıloğlu qələmi iti olanlardandı. Onun satirasına qılıncının dalı-qabağı kəsənlər tuş gəlir. Elə ki qılıncları pas tutdu, Etibar onlara dəyib-dolaşmır. O hələ bir yol vəzifədən çıxanın dalınca qələm çalmayıb!
Yazıya elə burdaca nöqtə qoymaq olardı.
Olmur.
Çünki bir də var qələmi itin olanlar... Onlara indi söydükləri eks-məmurdan bir vaxt zəng gələndə yeddi gün döşəklərini gün qurutmurdu...
İlqar Musayeviçin cari zarafatı vardı 2003-cü ildə. Deyirdi, apostrof ləğv olunandan bir çox yoldaşların adları yüngülləşib sanki. Etibar elə deyil. O vaxt da, indi də oxuduğum ağır imzalardandı. Bunu 55 yaşında da deməyib, nə vaxt deyəsiyəm?..
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)