Super User

Super User

Azərbaycan Dövlət Film Fondunda tanınmış kinoaktyor Tələt Rəhmanovun xatirə gecəsi təşkil olunub.

 

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Tələt Rəhmanovun mənsub olduğu ziyalı ailə haqqında müxtəlif faktları səsləndirərək, bu ailənin əksər üzvlərinin vaxtilə repressiya qurbanı olduqlarını qeyd edib. Eyni zamanda aktyorun Bakı kinostudiyasında fəaliyyətə başlamasının tarixçəsini və bərabər çalışdıqları filmlərdə baş vermiş xatirələri danışıb. 

Sonra Xalq artisti, kinoaktyor Rasim Balayev “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində Tələt Rəhmanovun xüsusi xidmətlərindən və çəkiliş əsnasında baş verən maraqlı hadisələrdən bəhs edib. 

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov aktyorla “Sehrli xalat” filminin çəkilişlərində tanış olduğunu və əməkdaşlıqlarının sonralar da davam etdiyini vurğulayıb. 

Tədbir boyu Tələt Rəhmanovun çəkildiyi filmlərdən fraqmentlər tamaşaçılara təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayımına başlayıb.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloq-alimi Andreas Kriber və alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” portalı ən istedadlı dünya ədəbi gəncliyinin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar Türkiyə mənbələrinə istinadən xəbər verir ki, iyunun 1-də təşkil edilən gecədə 2023 “Notr-Dam de Sion Ədəbiyyat Mükafatı” öz qalibini tapıb. 2008-ci ildən bəri təşkil edilən “Notre-Dam de Sion Ədəbiyyat Mükafatı” növbə ilə bir il türkcə yazılmış əsərə, digər il fransızca yazılmış və türkcəyə çevrilmiş bir əsərə verilir.

Və 2023-cü ildə  “NDS” Ədəbiyyat Mükafatı türkcə yazılmış əsərə verilib. Zeynep Kaçarın “Doğan Kitap” nəşriyyatında çap edilən “Yalnız” romanı bu il mükafatın qalibi olub.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Debüt vaxtıdır, Aytac Sahədin şeiri ilə tanışlıqdır.

 

DEBÜT

 

Aytac SAHƏD

 

YENƏ BİR ŞAİRƏ AŞİQ OLMUŞAM

 

Yenə bir şairə aşiq olmuşam,

Sulu gözlərim

Quru sözlərinə möhtac...

Belə, birtəhər yaşayıram.

 

Başqasına yazdığı şeirləri deyir mənə,

Başqasına oxuyacağı şeirləri yazır indi.

Bilirəm, nə deyirsə, yalan deyir,

Gedəcək.

Uzağı bir kitablıq ömrü var.

 

Təkcə şeir yazmır,

Hələ içir, çəkir də.

Kar etmir deyilənlər,

Pis vərdişləri tərgidə bilmir

Pis vərdiş kimi

Tərk edilənlər.

Ondan da çox gediblər...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:

 

- Cəmi bir bədxassəli şişin üzə çıxması sübut edir ki, sizdə xərçəng var. Amma bu şişin üzə çıxmaması imkan vermir ki, yüz faizlik inamla deyilsin ki, sizdə xərçəng yoxdur. Bizi həqiqətə təsdiqedici nümunələr deyil, inkaredici nümunələr yaxınlaşdırır.

 - Fakt fakt olaraq qalır: siz nəyinsə səhv olması barədə qərar verə bilərsiniz, amma nəyinsə düzgün olması barədə qərar verə bilməzsiniz.

 - İstənilən qaydanı ya birbaşa yoxlamaq olar: onun işlədiyi hallara baxmaqla. Ya da dolayı yolla yoxlamaq olar: onun işləmədiyi halları nəzərdən keçirməklə.

 - Yaddaş dinamik, öz-özünə yenilənən mexanizmdir. Biz hadisənin özünü xatırlamırıq, onun barəsindəki son xatirəmizi xatırlayırıq. Və fərqinə varmırıq ki, hər yeni xatırlama ilə süjeti daha çox dəyişirik.

 - Cins, sosial vəziyyət və peşə insan davranışını mili mənsubiyyətə nisbətən qat-qat artıq müəyyənləşdirə bilir. İsveçli kişi isveçli qadından çox toqolu kişiyə bənzəyir. Perulu filosofun perulu dalandardan daha çox şotlandiyalı filosofla ümumi dəyərləri var.

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə çox sevilən nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlunun “Nə yaxşı sən varsan, sevirəm səni” şeiri yer alıb. Ümid edirik ki, ağır hesab edilən bu bazar ertəsi günündə bu gözəl şeir sizin ruhunuzu oxşayacaq, sizi qəlbən yüngülləşdirəcək. 

 

 

 

Gözlərim əbədi gözünə həsrət,

Qulağım bir şirin sözünə həsrət,

Özüm bu dünyanın özünə həsrət,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Bilmirəm gözlərin necədir senin ?

Saçların bir zulmət gecədir sənin,

Bilmirəm yaşını, neçədir sənin,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Çətin yollar keçdim, yaman yoruldum,

Sevgi bulağından içdim, duruldum,

Mən səni görmədim, sənə vuruldum,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Sən hardan gəlirsən, yolun haradır ?

Bəlkə də ürəyin, qəlbin yaradır,

Bəlkə taleyimtək saçın qaradır,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Bircə yol üzünə görməsəm də mən,

Yolunda bircə gül dərməsəm də mən,

Könül açıb, könül verməsəm də mən,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Dünya dağılmazki sən mənim olsan,

Gəlib ürəyimi, könlümü alsan,

Bəlkə bir yuxusan, şirin xəyalsan,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Sənə olan sevgim könül səsimdir,

Bir xəzan çağında yaz həvəsimdir,

Bilirəm, sən varsan mənim bəsimdir,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Mən yelkənsiz qayıq, sən uzaq ada,

Sən at belindəsən, mənsə piyada,

Bircə təsəllim var mənim dünyada,

Nə yaxşı sən varsan, sevirəm səni...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən 28-ci Kitab və Nəşriyyat Sərgisində təşkilata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə 50 mədəniyyət və incəsənət tədbiri təşkil edir. 

 

Təşkilatın baş ofisindən AzərTAC-a bildiriblər ki, sərginin açılış mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik tədbirlərini əksəriyyətinin bu il elan edilmiş “Gənclər İli” çərçivəsində təşkil olunduğunu deyib. Onun sözlərinə görə, proqrama bir sıra üzv dövlətlərdən gəlmiş görkəmli ziyalılar, yazıçılar və şairlərlə görüşlər, həmçinin onların iştirakı ilə aktual mədəni və intellektual problemlərə dair mühazirələr və mütaliələr daxildir. Açıq diskussiyalarda İslam dünyası ədiblərinin son nəşrləri ətrafında müzakirələr də aparılacaq. ICESCO, həmçinin gündəlik müsabiqələr təşkil edəcək və qaliblərə mükafatlar veriləcək. Bunlarla yanaşı, üzv ölkələrdən gəlmiş incəsənət kollektivlərinin və artistlərin çıxışları da təşkil olunur. 

Baş direktor diqqətə çatdırıb ki, pavilyonda təşkilatın bir sıra layihə və təşəbbüsləri, xüsusən ICESCO-nun baş qərargahında Hz.Peyğəmbərin həyatından bəhs edən İslam Sivilizasiyası Sərgisi və Muzeyinin eksponatlarını əks etdirən videoçarxlar da nümayiş olunur. Bundan başqa, pavilyonda uşaqların yazı yazması, nağıl söyləməsi və rəsm çəkməsi üçün xüsusi məkan da yaradılıb. İstedadlı uşaqların, habelə məhdud fiziki imkanları olan azyaşlıların uğurlarını nümayiş etdirmək üçün bir sıra tədbirlər də təşkil edilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

İyunun 2-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatı və “Bağçadakı rahat yer” tamaşasının premyerası olub. 

 

AzərTAC xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və yazıçının həyat yoldaşı Anna İbrahimbəyova tədbir haqqında məlumat verərək, təqdim olunan kitab haqqında fikirlərini bölüşüb. O deyib: "Bu gün mənim üçün çox xoş bir gündür. Ona görə ki, bu gün biz Heydər Əliyev Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş kitabın təqdimatına yığışmışıq. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Maqsud əbədidir” (“Максуд навсегда”) kitabı Azərbaycan və rus dillərində hazırlanıb. Sənədli povest janrındakı kitab dünyaşöhrətli yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinin laureatı, 2012-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır. Mən buna görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Kitab möhtəşəm alınıb”.

Onun sözlərinə görə, kitabın müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova Maqsud İbrahimbəyovla 60 ildən çox dostluq edib. Kitab təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, bu, əsl bioqrafik romandır. 

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Maqsud İbrahimbəyov haqqında xoş təəssüratlarını bölüşüb: "Mənə görə Maqsud İbrahimbəyov təkcə Azərbaycan deyil, bütün dünya ədəbiyyatı üçün bir tapıntıdır. O, həqiqətən böyük yazıçı, Azərbaycan üçün fəxr olunası vətəndaş, həmçinin gözəl bir dost idi. Onun kitabları həmişə yaşayır və yaşayacaq. Azərbaycan nəinki incəsənət, ədəbiyyat sahəsi üzrə, həmçinin elm istiqaməti üzrə də dünyaya böyük şəxsiyyətlər bəxş edib. Bu cür üstün şəxsiyyətlərdən biri də Maqsud İbrahimbəyovdur. Biz onunla nəinki dost olmuşuq, hətta ən doğma insan kimi tez-tez görüşür və müxtəlif mövzularda söhbətlər edirdik. Onunla ünsiyyətdə olmaq xüsusi zövq verirdi və bunun sehrini heç cür izah etmək olmur. Böyük şəxsiyyətlərin möhtəşəmliyi də elə bundadır".

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirin əhəmiyyətindən danışaraq Maqsud İbrahimbəyovun yaradıcılığından söz açıb: "İki həftə bundan əvvəl biz Anna xanımla Vilnüs şəhərində olduq. Mən orada yerli Filarmoniyanın səhnəsində konsert proqramı ilə çıxış edirdim. Anna xanımın təşəbbüsü ilə həmin Filarmoniyanın foyesində möhtəşəm sərgi təşkil olunmuşdu. Sadəcə görmək lazım idi ki, litvalilar bu sərgini necə heyranlıqla qarşılayırdılar. Həm o sərgiyə görə, həmçinin Heydər Əliyev Mərkəzində keçirilən bugünkü təqdimata görə mən Anna xanımı ürəkdən təbrik etmək istəyirəm. Maqsud İbrahimbəyov unudulmaz insanlardandır. Bu cür böyük şəxsiyyətlər bizim həyatımızın ən gözəl səhifələridir. Onun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb. Mən yazıçı Eyyub Qiyasa da təşəkkür etmək istərdim, çünki tərcümə çox əsas məsələlərdəndir ki, bu işi də o, öz boynuna götürdü və etdi. Bu işdə əziyyəti keçən hamıya öz təşəkkürümü bildirirəm".

Sonra yazıçı Eyyub Qiyas çıxışında təqdimatın keçirilməsindən məmnunluğunu bildirərək, deyib: "Maqsud İbrahimbəyov nəyə görə hələ də oxucu üçün maraqlıdır? Nə üçün onun povestləri, hekayələri, pyesləri, filmləri bizi heyrətləndirir? Oxucu bütün bu suallara cavabı təqdim olunan kitabdan ala biləcək. Kitabın əsasını Maqsud İbrahimbəyovun öz fikirləri təşkil edir. Həyatı barədə mətbuata verdiyi müsahibələri, gördüyü sevimli işinə dair düşüncələri, dostları və həmkarları ilə apardığı şəxsi söhbətləri və s. Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün – ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Çünki onun təbliğ etdiyi dəyərlər əbədilik kateqoriyasındandır".

Tədbir iştirakçıları, eyni zamanda Mərkəzin foyesində Maqsud İbrahimbəyovun ssenarisi əsasında 1960-1970-ci illərdə çəkilmiş bir sıra filmlərin afişası və bu ekran əsərlərindən kadrlarını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “De ki, məni sevirsən!”, “Bayquş gələndə”, “Yarımçıq qalmış mahnı” filmlərinin afişaları və fotolar yer alıb. 

Daha sonra “Bağçadakı rahat yer” tamaşasının təqdimatı keçirilib. Rejissor Tərlan Rəsulov tərəfindən səhnələşdirilən eksperimental interaktiv tamaşa Maqsud İbrahimbəyovun “Bağçada rahat yer”, “Püstə ağacı” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanıb. Əsərlər bir neçə onillik bundan əvvəl yazılsa da, nəinki aktuallığını qoruyub-saxlayır, hətta öz antimüharibə ovqatı sayəsində gündəmi təşkil edir. Bununla yanaşı, köhnə Bakı, nəsillərarası varislik və Azərbaycan xalqının ən mürəkkəb şəraitdə belə istənilən sınaqların öhdəsindən gəlməyə qadir olan həmrəylik mövzuları hər üç hekayədə qırmızı xətlə keçir. 

Rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abaszadə, Şahin Növrəsli yer alıb. Gənc azərbaycanlı musiqiçi və bəstəkar Şahin Növrəsli tamaşaboyu, həmçinin royal arxasında musiqi kompozisiyaları ifa edib. 

Qeyd edək ki, ölkəmizdə böyük yazıçının xatirəsi hər zaman əziz tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Yaradıcılıq Mərkəzinin yerləşdiyi binada əsaslı təmir və bərpa işləri aparılıb və mərkəz 2018-ci ildən istifadəyə verilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli YAP Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfransda iştirak edib və çıxış edib. 

 

O çıxışında söyləyib: “Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilmiş və ya özününküləşdirilmişdir. 

Bizim torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlarına məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müəssisələri, muzeylər qarət edilib, dağıdılıb və təhqir edilib.

Etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı, ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir. Belə ki, ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqlar Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunur və bərpa edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilir. Səmərqənd şəhər Gənclər Sarayının böyük konsert zalında baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və özbəklər iştirak ediblər.

 

Mədəniyyət Mərkəzinin məlumatına görə, iştirakçılar əvvəlcə Səmərqənd şəhər Gənclər sarayının foyesində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar. 

Səmərqənd şəhər hakiminin müavini Rüstəmbek Qabulov Azərbaycan musiqisi günləri tədbirini tarixi Səmərqənd şəhərində keçirilməsini böyük hadisə adlandıraraq, ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən münasibətlərdən danışıb, mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusi fəxrlə qeyd edib. O, tədbirin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunduğunu, Ulu Öndərə özbək xalqının da böyük sevgi və rəğbətinin olduğunu vurğulayaraq, Heydər Əliyevin 100 illik yubileyinə aid tədbirlərin Özbəkistanda da böyük təntənə ilə keçirildiyini bildirib. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda Azərbaycan mədəniyyətinə aid böyük tədbir və konsertlərin demək olar ki, hər il qədim Səmərqənd şəhərində keçirildiyini və Azərbaycan mədəniyyəti, musiqisinə hər zaman qardaş ölkədə böyük marağın olduğunu vurğulayıb. 

Samir Abbasov Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, ortaq mədəni dəyərlərə sahib olmasını vurğulayaraq, "Özbəkistanda Azərbaycan musiqisi günləri"nin Azərbaycan mədəniyyətinin böyük hamisi Ümummilli Lider Heydər Əliyevə həsr edildiyini bildirib. 

Daha sonra "Özbəkistanda Azərbaycan musiqisi günləri" çərçivəsində Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan və özbək mahnılarını ifa edən Gülyanaq Məmmədova xalq mahnılarımızı, muğamlarımızı səsləndirərək tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Konsertdə özbək musiqisinin tanınmış simalarından olan Özbəkistanın Əməkdar artisti Yulduz Turdiyeva səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə birgə duet və xalq mahnılarımızı ifa edib.

Böyük anşlaqla keçən konsert proqramında Səmərqəndli tamaşaçılar tərəfindən böyük məmnunluq hissi və böyük coşqu ilə qarşılanıb. 

Qeyd edək ki, Azərbaycan musiqilərinə tarixi Səmərqənd şəhərində böyük maraq göstərilir, şəhərdə keçirilən tədbirlərdə, el şənliklərində, habelə xalq arasında mərasimlərdə Azərbaycan milli musiqisi sevgi ilə daim ifa olunur.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.