Super User

Super User

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, mədəniyyət naziri Dövlət Komissiyasının tərkibində təmsil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

NİGAR ARİFİN ŞEİRLƏRİNDƏN MAYİS HƏSƏNLİNİN RƏSMLƏRİNƏDƏK

 

"Ulduz" jurnalının iyul-avqust sayı işıq üzü görüb.

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, oxucular ilk olaraq Nigar Arifin özüylə söhbəti və şeirləri ilə tanış olacaqlar.

 "Nəsr" rubrikasında Alpay Azərin "Hörüksüz qızın imtahanları", Məmməd Məmmədlinin "Zülmətdən doğan günəş", Könül Məmmədovanın "Möcüzələr diyarı", Murad Köhnəqalanın "Buğdanın göyə çəkilməsi", Mahir Rəsuloğlunun "Daltonikin etirafı", Vüsal Bağırlının "Köhnə avtomobil" hekayələri, Ayna Əhmədlinin "Ümidlərin yenidən doğulduğu gün-Zəfər günü", Arzu Muradın "Məktub" silsilə esseləri, eləcə də Bakı Dövlət Universitetinin tələbələri arasında keçirilmiş və görkəmli yazıçı,  ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri yer alıb.

"Şeir vaxtı"nda Müşfiq Cəbinin, Firəngiz Sabirqızının, Ceyhunə Mehmanın, Rəşad Abidoğlunun, Qismət Məsimin, Təranə Dəmirin, Yusif Mürsəlin, Zahid Əzizin, Əziz Yaqubzadənin və Nuranə Təbrizin şeirləri təqdim edilir.

Professor Cəlal Məmmədovun hazırladığı "Qısa fikirlər xəzinəsi"ni Nəcib Fazil Qısakürəyin, Somerset Moemin və başqalarının deyimləri bəzəyir.

Taleh Mansurun "Yazı masası"nın budəfəki qonağı şair İbrahim İlyaslıdır.

Professor Məti Osmanoğlunun təqdim etdiyi "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu İppolit Tenin "Mədəni-tarixi məktəb"i və müəllifin Sent-Bövə həsr etdiyi "Sənətdə ideal haqqında" başlıqlı mülahizələridi.

Aytac Sahədin "Sələf-xələf"inin qonaqları "M-Teatr"ın rəhbəri, Xalq artisti Vidadi Həsənov və teatrın aktrisası Oksana Rəsulovadır. İlham Abbasovun "Latın Amerikası ədəbiyyatının şahzadə xanımı" sərlövhəli yazısı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriela Mistralın həyat və yaradıcılığının mühüm məqamlarına işıq tutur.

Tatar ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, tərcüməçi və rejissor Rabit Batullanın "Canından can ver" hekayəsi Məleykə Mirzəlinin tərcüməsində təqdim edilir. Dayandur Sevginin tənqidçi Vaqif Yusifli ilə müsahibəsi xüsusi maraq doğurur.

"Dərgidə kitab"da Əvəz Qurbanlının şeirləri, "Dərgidə sərgi" rubrikasında isə qrafist-rəssam Mayis Həsənlinin əsərləri yer alıb.

Bu cür maraqlı bir jurnaldan zövq almaq fürsətini qaçırmaqmı olar?

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Polşanın Qdınya şəhərində “Globaltika–2023: Qdınya dünya mədəniyyəti” festivalı təşkil olunub.

 

AzərTAC xəbər verir ki, iyirmiyə yaxın ölkənin təmsil olunduğu festivalda ilk dəfə olaraq Azərbaycan musiqiçiləri də iştirak ediblər. 

Əməkdar artistlər Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadə və BMM-in solisti, nağaraçı Kamran Kərimov festivalda muğam sənətimizi instrumental ifa ilə layiqincə təmsil etməyə nail olublar. Musiqiçilərimiz festivalın açılışında çıxış etməklə yanaşı, musiqi bayramının ilk konsertini də veriblər. 

Qeyd edək ki, Qdınya Beynəlxalq Film Mərkəzində birsaatlıq proqramla çıxış edən təmsilçilərimizin performansı böyük maraq və alqışlarla qarşılanıb. Onların repertuarı Azərbaycan muğam və təsnifləri, həmçinin kompozisiyalardan ibarət olub.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Azərbaycan diasporunun ən ləyaqətli övladları harada yaşamalarından asılı olmayaraq Azərbaycan mədəniyyətini təbliğ etməyi ən ümdə vəzifə kimi qarşılarına məqsəd qoyurlar. Belə azərbaycanlılardan biri də Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan – Ural” ictimai milli-mədəniyyət təşkilatına sədrlik edən Şahin Şıxlinskidir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avqust ayının 15-17-si tarixlərində Sverdlovsk vilayətinin baş şəhəri olan Yekaterinburqun 300 illiyi təntənə ilə qeyd ediləcək. Bu münasibətlə vilayətdə yaşayan azərbaycanlıların bayram törəninə böyük töhfələr verməsi nəzərdə tutulur. Belə ki, Sverdlovsk vilayətinin qubernatoru Y.V. Kuyvaşevlə Şahin Şıxlinskinin razılaşması əsasında Azərbaycanın iki məşhur mədəniyyət kollektivi – 36 nəfərlik heyyətlə Azərbaycan Respublikasının Dövlət Nəfəsli Alətlər orkestri (bədii rəhbər Azərbaycanın Xalq Artisti Əlibaba Rzayevdir) və 14 nəfərlik heyətlə “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı (bədii rəhbər Azərbaycanın Əməkdar Artisti Aqil Cəfərovdur) Yekaterinburqa gələrək “Kosmos” kinokonsert teatrında, Mayakovski Parkındakı Yay Teatrında, Tarixi Bağda və “Veer Mol” səhnəsində konsertlər verəcəklər. Əlavə olaraq yekaterinburqlulara Azərbaycan təamlarından dadmaq, xalqımızın mətbəx ənənələri ilə də tanış olmaq imkanı yaradılacaq. Eyni zamanda Şahin Şıxlınskinin təşəbbüsü ilə Azərbaycanın ən tanınmış nemətləri oaln və urallıların həddən artıq sevdikləri çay və nar şirələri xüsusi “Yekaterinburq 300” qablaşdırılması ilə istehsal edilərək yubiley günlərində yekaterinburqlular üçün əlçatılan ediləcək. Şahin Şıxlınskinin şəhərin 300 illiyinə daha bir sanballı hədiyəsi isə şəhərin simasını gözəlləşdirəcək art-obyekt olacaq.

Təbii ki, bütün bunların arxasında bir Azərbaycan sevdası, Azərbaycanı tanıtmaq və sevmək dayanır. On minlərlə həmyerlimiz bu diyarda ən müxtəlif işlərdə çalışırlar. Yerlilərdə Azərbaycan mədəniyyətinə, məişətinə sevgi oyatmaq həm də orada yaşayan soydaşlarımıza hörmət və diqqət oyatmaq deməkdir. Və bütün bu fədakar əməyə görə də Şahin Şıxlinskini alqışlamağa dəyər.

Avqust ayında portalımız “Yekaterinburqun 300 illiyinin qeyd edilməsi təntənəsində Azərbaycan izləri” adlı xüsusi buraxılışlarını oxucularına təqdim edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

 

 

 

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

 

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. 

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, FHN əhalini gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. 

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə qeyd olunub. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Sentyabrın 18-də keçirilməsi planlaşdırılan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi təxirə salınıb.

Bu barədə TASS agentliyi ABŞ Televiziya Akademiyasına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi mükafatlandırma mərasimi aktyor və ssenaristlərin tətili səbəbi ilə gözlənilən tarixdə keçirilməyəcək. 

 

Qeyd olunub ki, mükafatlandırma mərasiminin gələn ilin yanvar ayında təşkil olunacağı gözlənilir. Daha dəqiq vaxt isə tətilin gedişatından asılı olacaq.

Xatırladaq ki, 2001-ci ildə Amerikada baş vermiş 11 sentyabr hadisələri, həmçinin ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaması səbəbilə ilk dəfə olaraq tədbirin keçirilməsi təxirə salınmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Cümə, 28 İyul 2023 13:21

Bu gün Aşura günüdür

 

Şeyxülislam: Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriətə və qayda-qanunlara uyğun şəkildə keçirilir

 

Aşura günündə insanlar bədənlərinə xəsarət yetirərək özlərinə əziyyət verməməlidir. Onun əvəzinə, biz qan verərək xəstə uşaqlara, insanlara kömək ola bilərik. Azərbaycanda atılan bu cür addımlar bütün dünyada təqdir olunur. Qonşu ölkələrdə bunun düzgün yol olduğunu görüb qanvermə aksiyalarına başlayırlar. 

Bu gün bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

“Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir. Ölkəmiz illərlə öz adət-ənənəsinə uyğun olaraq Kərbəla şəhidlərini yad edir. Bununla bərabər, biz öz şəhidlərimiz üçün də dualar oxuyuruq”, - deyə o əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

Yay fəsli əksərən yaradıcı şəxslər üçün də istirahət ayları hesab edilir. Bəs bu doğurdandamı belədir? Yazarlarımız hal-hazırda nə yazırlar? Hansı əsər üzərində işləyirlər? Yaradıcılıqlarında nə yeniliklər var?

Ednews bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Mətni Aynurə İsmayıl hazırlaylb. 

 

Xalq şairi Sabir Rüstəmxanlı:

"Bir xatirə kitabımı bitirib çapa verdim. Seçilmiş əsərlərimin 10-cu cildi çıxıb, 11 və 12-ci cildləri hazırlayıram. Ara-sıra şeir yazıram və bu dünyanın gedişatı haqqında düşünürəm".

 

Həmid Herisçi:

“Rusca şerlər yazmağa başladım bu il. Möcüzə idi sanki. Çox gözəl, bənzərsiz şerlər qələmə aldım. Nümunələrini çap edə bilərsiz. Yeni hekayələr kitabını yazıram. Həcimcə böyük, kiçik ölçüdədi bu hekayələr. "Tabutunu yonacaq rəndə" adlı romanımın 4 hissəsini yazmışam. Bu il bir neçə TV layihəsi yaratdım. Fərqli mövzular ətrafında. Hamısı ədəbi-fəlsəfi məzmunludu”.

 

Rasim Qaraca:

“Əsərlərim oxunmur. Nə yazdığım kimsə üçün maraqlı deyil. Buna görə də yaradıcılığım haqqında məlumat verməyi mənasız sayıram. Bu sualı əsərləri çox satılan və sevilən yazarlara versəniz yaxşı olar”.

 

Varis:

“Hal-hazırda “Qar yağmasın” adlı hekayə üzərində işləyirəm. Yəqin ki, üzümüzə gələn həftə “Ədəbiyyat qəzeti”ndə hekayə ilə tanış ola biləcəksiniz. 

Romana da yox, epopeyaya sığan bir mövzunu kiçik hekayəyə sığdırıram. 

Mən yaradıcılığa məhz hekayələrlə başlamışam, tələbəlik illərimdə Xalq Yazıçısı İsmayıl Şıxlı ilk qələm təcrübələrimlə tanış olanda onları o qədər bəyənib ki, “Ulduz” jurnalında dərc etdirib. 

Hekayə nəsr binasının özülü, romansa binanın özüdür. İkinci əsasdırsa da, birincisiz o, mövcud ola bilməz. 

İndi gənc yazarlarda bir romana meyillilik müşahidə olunur. Amma hekayə məktəbi keçməyən yaxşı romançı ola bilməz, bu aksiomdur.

Yaradıcılığımdakı yeniliklərlə bağlı isə bir onu deyə bilərəm ki, çoxlu dayanacağı olan uzun bir yola çıxmışam, ilk dayanacağa çatanda xəbər tutacaqsınız".

 

Cəlil Cavanşir:

“Hal-hazırda ssenari üzərində işləyirəm. Nə zamana bitəcəyini bilmirəm. Yekunlaşdıra bilsəm yaradıcılığım üçün yenilik olacaq”.

 

Alpay Azər:

"Məhkəməsiz" adlı hekayə yazıram, maraqlı, kəskin süjetli bir mətn ortaya qoymaq istəyirəm. Eyni zamanda 4 hekayəmi redaktə edirəm. Yaxın zamanlarda "Ulduz" və "Azərbaycan" jurnallarında, kulis.az saytında povest və hekayələrim çıxacaq, buna yəqin ki, yenilik demək olar”.

 

Sevinc Elsevər:

“Yay boyu uşaq romanlarımı yenidən redaktə elədim. Dörd uşaq romanım var. Onlardan biri hələ heç çap olunmayıb. Yaxın zamanda Xan nəşriyyatında çap olunacaq. Digər üç romanı da müəllif redaktəsindən keçirtdim. Şeir kitabımı hazırlamışam. 2018-ci ildən bəri yazdığım şeirləri toplamışam. Son beş ilin şeirlərini. Ancaq onun çapı hələ sual altındadır. Təəssüf ki, şeirə yaxın durmur artıq heç kim. Və kino ilə bağlı bir kitab üzərində işləyirəm bir ildir, artıq tamamlamaq üzrəyəm. "Kinomuzda məşhur qadın obrazları" adlanacaq kitab demək olar bitib. Son işləri görürəm. Bir neçə xırda hekayə yazmışam”.

 

Oğuz Ayvaz:

“Yay aylarında yaradıcılığımda bir durğunluq yaşayıram. Ruhum təbiətə qarışmaq, düşüncələrim azad olmaq istəyir. Hərdən dəli şeytan deyir, qəfil heç kəsə heç nə demədən şəhərdən başını götür qaç. Mövcud reallıq isə məni yaradıcılığımdan uzaq salır. Yeni iki hekayə yazmışam. Onların redaktəsi ilə məşğulam. İşdən vaxt tapdıqca hekayələrim üzərində işləyirəm. Hiss edirəm ki, yaradıcılığımda yeni mərhələ başlayır. 3 kitablıq mətnlərim var. Bir roman, bədii esselər və hekayələr. Amma isti, tıxaclar, jurnalistika işi məni olduqca yorur”.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və "Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) kollektivləri, həmçinin Özbəkistan, Qazaxıstan və Qırğızıstanın həmkarlar ittifaqlarının rəhbərləri iyulun 28-də Şəhidlər xiyabanını ziyarət ediblər. 

Bizim ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər çiçəklər qoyulub.
Sonra 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

“Ədəbiyyat və incəsənət”
(28.07.2023)

 

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib.

 

Xəbər verdiyimiz kimi, sərgidə 9 yaşından 29 yaşınadək olan yeniyetmə və gənc rəssamların əsərləri nümayiş olunub.

Sərgidə çıxış edənlər ölkə rəhbərliyinin gənclərə və idmana olan qayğısından bəhs edərək belə tematik sərgilərin yeniyetmə və gənclər arasında idmanın təbliği və təşviqi, həmçinin gəncliyin formalaşmasında müsbət rol oynadığını qeyd ediblər. 

Sərgidə gənc rəssamların yaradıcı təfəkkürünü əks etdirən müxtəlif idman növləri, idmançıların simaları, idman alətləri və idman geyim nümunələri mövzusunda 160-a yaxın əsər nümayış olunub. Sərgidə əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.