Super User

Super User

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Göyə  çöp daşıyan bir quşam, ana...

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana...

 

Daha bundan belə mən kiməm, nəyəm?

Bəxtimin əynində qara köynəyəm.

Çəmən bitirməyən, ot bitirməyən

Səhraya tökülən yağışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin-

Mən o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş, 

Ölüm-iynə imiş, ömür-sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Salam, əziz oxucularımız.

Öncəki psixoloji saatmızda biz sizə Motivasiyanın nə olması haqqında məlumat vermişdik. Bugünkü psixoloji saatmızda isə sağlam motivasiyanın necə qazanılması haqqında məlumat verəcəyəm.  

 

İlk öncə qeyd edim ki, sağlam motivasiya heç zaman özü gəlib bizi tapmır. Biz onu tapmalıyıq. Yəni ilk addım bundan ibarətdir ki, biz hərəkətə keçib, çalışmağa başlamalıyıq ki, motivasiya da bizə gəlsin. 

Motivasiyanın gəlməsini gözləmək sadəcə vaxt itkisidir. İtirən yox, qazanan olmaq istəyirsənsə, hərəkətə keç!!!

Gəlin görək, sağlam motivasiyanı necə formalaşdırmalıyıq??

Yüksək motivasiya üçün:

 

1) İlk öncə daxilimizdəki potensialı ortaya çıxarmağı bacarmalıyıq.

Qeyd: Potensial nədir mövzusu tam ayrı və geniş izah olunacaq qədər geniş mövzudur. Amma qısaca qeyd edim ki, “potensialım var” fikri özü gülüncdür. Potensial hər kəsin içərisində eyni miqdarda olan bir üstiünlükdür. Onu ortaya çıxarmağı bacarmalıyıq. Çünki bu potensial bizim daxilimizdə işləksiz qalarsa, elə motivasiyamıza da birbaşa təsir göstərəcək. 

 

2) Hədəfini düzgün və dəqiq seç. Hədəfi olmayan bir insanın motivasiyası da olmayacaq. 

 

3) Öyrənmə marağı, öyrənmə bacarığı olmayan, hər dəfə uğursuzluqla nəticələnən səylərdən sonra əlbəttə ki, motivasiya olmayacaq. 

 

4) Öyrənmə marağı və bacarığı üzərində işlənməlidir. Bunun üçündə texnika düzgün olmalı, planlı və dəqiq işləmə olmalıdır. 

 

5) Bu planı hər gün üçün yazmaq və s. də boş bir şeylərdir. Sistem bir dəfə sağlıqlı, düzgün qurulur və bu yetərlidir.

 

6) Düzgün sistem olmayanda stress, qorxu kimi hallar da motivasıyani məhv edir. Bu halların olmaması da elə düzgün sistemin olmamasından əmələ gəlir.

 

Qısacası sürətli, sistemli, dəqiq bir sistem motivasiyanın mənbəyidir.

Qeyd: Mənbələr öz təcrübələrimdən, psixoloq və təhsil koçlarının məlumatlarından faydalanaraq ortaya çıxmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

“Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində "Vətən" musiqi qrupu Polşada keçirilən “Podlaski Oktawa Kultur" Beynəlxalq festivalında Azərbaycanı uğurla təmsil edib. Festival artıq 16-cı dəfədir Polşada keçirilir. Festivala Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsi təşkilatçılıq edir.

 

AzərTAC xəbər verir ki, "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov Polşanın bir sıra şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçiblər.

 

Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğam və musiqi əsərlərini onlara sevdirən musiqiçilərimizi ayaq üstə alqışlayıblar.

 

Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbülün mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, mahnılarımızı Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamilli də qatılıb.

 

Sonra musiqiçilərimiz Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılarla bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələrlə təltif edilib.

 

Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibləri olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Bu il Türkiyədə 16 şəhəri əhatə edəcək Mədəniyyət Yolu Festivalının yeddinci dayanacağı Nevşehir olub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi Nevşehirdə Kapadokya Universitetində təşkil olunub.

Əvvəlcə “Eskizlərdən pikselə” rəqəmsal sərgisinə və Naci El-Əlinin “Hanzala” karikatura sərgisinə baxış olub. Animatorlar şou təqdim ediblər.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı bu il dördüncü dəfə keçirilən Mədəniyyət Yolu Festivalının Türkiyənin tanıdılması baxımından dəyərli olduğunu vurğulayaraq deyib: “Nevşehirdə 40 məkanda 500-ə yaxın tədbirdə 1000-ə yaxın sənətçi ilə qastronomiyadan konsertlərə qədər mədəniyyət və incəsənətin bir çox sahəsində qonaqlarımızın əylənəcəyi bir proqram hazırladıq. Turizmdə böyük hədəflərimiz var. 2024-cü ilin sonuna qədər 60 milyon turistin gəlişini hədəfləmişik. Bu festival da bizim üçün çox önəmlidir”.

Nevşehirin Mədəniyyət Yolu Festivalını ikinci dəfə qəbul etdiyini diqqətə çatdıran Nevşehir valisi Əli Fidan bildirib ki, şəhərin tanıdılması baxımından festivalın böyük dəyəri var.

Nevşehirdə avqustun 11-dək davam edəcək festival çərçivəsində konsertlər, sərgilər, teatr tamaşaları, sənətçilərin iştirakı ilə seminar və görüşlər, qastronomiya təcrübələri və hər yaşa uyğun bir çox tədbir təşkil olunacaq.

İyulun 8–dən 11-dək 17 ölkədən fiqurlu isti hava şarları bölgənin səmasında nümunəvi uçuşlar keçirəcək.

Qeyd edək ki, aprel ayında Adanada başlayan Mədəniyyət Yolu Festivalı Şanlıurfa, Bursa, Samsun, Tranzon və Vanda davam edib. Nevşehirdən sonra festivalın növbəti dayanacağı avqustun 17–dən 25-dək Ərzurum olacaq. Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir və İzmirdən də keçəcək Mədəniyyət Yolu noyabrda Antalyada başa çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 17:40

“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın yeni nömrəsində yenə də bir-birindən maraqlı materiallar dərc olunub.

Jurnalın yeni formatda ikinci sayı yazıçı Mirmehdi Ağaoğlunun “Özüylə söhbət”i və hekayəsi ilə başlayır. Ardından “Şeir vaxtı” rubrikasında Rəbiqə Nazimqızının şeirləri yer alıb. Jurnal oxucuları üçün Təranə Dəmir, Pərviz Qurbanlı, Pərviz Axund, Aynur Qafarlı, Cavid Fərzəli, Ceyhun Ötkəm kimi müəlliflərin də şeirlərini bu nömrədə təqdim edir.

“Ulduz”un ənənəvi “Qısa fikirlər xəzinəsi” Məhəmməd Füzuliyə, eləcə də digər görkəmli şəxslərin aforizmlərinə həsr olunub.

Nəsr əsələrinə gəldikdə, Əfsanə Laçının bir neçə hekayəsi, İlahə Səfərzadənin “Lal”, Qafar Cəfərlinin “Gülzəri” adlı hekayəsi, eləcə də Xalq yazıçısı Natiq Rəsulzadənin “Hifz et və bağışla” əsəri bu nömrədə oxucuların görüşünə gəlib.

“Nobel mükafatçıları” rubrikasında ədəbiyyatşünas alim İlham Abbasov görkəmli yazıçı Tomas Elitoun yaradıcılığı barədə araşdırma ilə çıxış edir.

Jurnalının keçirdiyi müsabiqənin finalçıları barəsində filologiya üzrə elmlər doktoru İradə Musayeva əsərlərin tənqid və təhlilini verib.

“Ustad dərsləri” rubrikasında filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu “Təbiətlə ədəbiyyat bir araya gəldikdə” yazısı, eləcə də Herman Hessenin “Sənətkar və psixoanaliz” adlı tərcüməsi yer alıb.

"Yazı masası" rubrikasının budəfəki qonağı Xalq şairi Nəriman Həsənzadədir.

“Dərgidə kitab”da Mənsurə Qaçayqızının bir neçə əsəri, “Dərgidə sərgi” rubrikasında isə rəssam, musiqişünas Təranə Nurinin üç rəsm əsəri dərc olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən - avqustun 5-də Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov növbəti ad gününü qeyd etdi. Təbii ki, ona səmimi təbriklərimizi çatdırdıq. Mənsə Xalq rəssamımızın ad gününü hollandların qeyri-adi şəkildə təbrik etmələri barədə danışmaq istəyirəm. 

Dahi Rembrantın həmvətənləri üzərində Sakit müəllimin çəkmiş olduğu rəsm əsərini açıqca olaraq kütləvi şəkildə cap eləyiblər. Əlbəttə ki, bu, az iş deyil. 

 

Məlumat üçün bildirək ki, Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin 5 avqustunda Neftçalada anadan olub, 2018-ci ildən Azərbaycanın xalq rəssamıdır, professordur.

YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür. 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:22

Azərbaycanın rəqs qrupu Ankarada çıxış edib

 

Ankarada keçirilən “Mədəni qarşılıqlı fəaliyyət üzrə paytaxtda beynəlxalq görüşlər” proqramı çərçivəsində 11 ölkədən olan rəqs qruplarının çıxışları olub.

 

AzərTAC xəbər verir ki, Ankara şəhər bələdiyyəsi tərəfindən Gənclər parkında təşkil olunan tədbirdə ölkəmizi “Nuray” rəqs qrupu təmsil edib.

Rəqs qruplarının çıxışlarından əvvəl Ankara sakinlərinə və şəhərin qonaqlarına müraciət edən Türkiyə paytaxtı bələdiyyəsinin sədri Mansur Yavaş dövlətlərarası mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. O deyib: “Xalqlarımız mədəni irsi qorumalı, onu gələcək nəsillərə miras qoymalıdır. Biz, həmçinin bu prosesə öz töhfəmizi verməyə çalışırıq”. Mansur Yavaş mədəniyyəti xalqları birləşdirən mühüm körpü adlandırıb.

Türkiyə paytaxtının Keçiören rayon bələdiyyəsinin sədri Mesut Özarslan çıxışında bildirib ki, ötən ay Ankaranın bu məkanında türk dövlətləri nümayəndələrinin iştirakı ilə beynəlxalq mədəniyyət tədbiri də keçirilib. O vurğulayıb: “Fəxr edirik ki, bu gün növbəti böyük mədəniyyət tədbirində iştirak edirik”.

Sonra Türkiyənin üç vilayətindən, həmçinin Azərbaycan, Gürcüstan, Rusiyanın regionları, Özbəkistan, Rumıniya və digər ölkələrdən gəlmiş rəqs qruplarının çıxışları olub.

Milli geyimdə çıxış edən Azərbaycan rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:52

STATUS YAĞIŞI - Kənan Məmmədli ilə

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını öz əməkdaşımız Kənan Məmmədli üçün açır. Buyurun.

 

Məncə, bu xəbərə bütün Azərbaycan sevinir. Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb.

O, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-ın "Purdue” universitetində davam etdirəcək.

Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub, bunu xüsusən qeyd etməliyəm!

Yolun açıq olsun, Davud!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:06

Divar adamın coğrafiya sevgisi

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Yamyaşıl bağçada oturmuşdu, ətrafı seyr edirdi. Baxırdı, amma görmürdü sanki, dünyadan qopmuş halda beynindəki suallara cavab axtarırdı Ayaz. Birdən xəfif meh əsməyə başladı, o, sakitcə yavaş əsən küləyi hiss etməyə başladı. Həmin an içindən keçirdiyi bir sual var idi: “Görəsən, külək niyə əsməyə ehtiyac duyur?”

Elə həmin an külək yavaşlığını yerə qoyub sürətlənməyə başladı. Sanki Ayaza nələri isə izah etmək üçün əsirdi. 

Külək əsə-əsə havaya öz səsin buraxaraq: “Ayaz, mənim var olma səbəbimi bilmək istəyirsənsə, coğrafiya fənnini oxumalısan”-dedi. Həmçinin, külək ona bir sirrini də buraxıb getdi. Onun bu sirri isə belə idi: “Mən ona görə varam ki,

insanlara haqsızlıq qarşısında susmamağı, mənim kimi əsib-coşmağı öyrədirəm. Əgər sən də haqsızlıq görsən, susma. Həmişə haqlılığın üçün insanlara əs-coş.”

Bu, Ayaz üçün maraqlı idi, həm də çox maraqlı idi. Uşaq anladı ki, bu dünyada baş verən şeylər səbəbsiz deyil. Bir az sonra anası təkidlə Ayazı evə çağırdı, lakin Ayaz hələ istirahət saatının bitmədiyini dilə gətirdi, haqlıykən əsib-coşdu. Küləyin bir sirrini öyrənmiş, təkcə coğrafiyadan oxumaq qalmışdı. 

Külək yatışdı, bu dəfə isə yağış damlaları Ayazın üzünə düşməyə başladı. İndi isə onun fikrini qarışdıran yağışın var olma səbəbi idi. Yağış bir az sonra yeri tamamilə islatdı və danışmağa başladı: “Ayaz,ey maraqlı uşaq, mənim varlığımın səbəbi yenə də coğrafiya kitabındadır, coğrafiyanı tap və oxumağa başla”-dedi. 

Və davam etdi:

-Amma yenə də sənə bir sirr açım. Mən yağmağa başlayanda insanlar qırağa çəkilir,

təbiəti seyrə başlayır, sanki özlərinə qapanırlar. Bunun səbəbi isə odur ki, mən yağmaqla insanlara insan olduqlarını xatırladıram. Yadında saxla, əzizim, insan olan yerdə cuzi də olsa pis düşüncələr vardır, mən də o düşüncələri yuyur, təmizləyirəm. O pis düşüncələr yuyulduqca insanlar səssizləşir, özlərinə yer tapmadıqları üçün, utandıqları üçün qaçmağa başlayırlar. 

Ayaz bunları öyrəndiyi üçün özünü çox xoşbəxt hiss etdi və yağışa: ”Sən hər zaman sağ ol”,-dedi. 

Ayazı yenə çağırırdılar, bu dəfə o çox əsəbləşdi və içində ailəsinə qarşı pis düşüncələr keçirtdi. Bunun səhv olduğunu bilən Ayaz bu pis düşüncələri yox olsun deyə, yağışın altında tamamilə islandı və özünü günahsız hiss etdi. Çünki o hamı kimi qaçmamışdı. İndi isə geriyə qurulanmaq qalırdı, onun islanma səbəbini kimsə bilməməli idi, çünki o, anasına bu olanları izah etsə, anası özünü pis hiss edərdi. Ona görə də yolunu gözlədiyi gün artıq çıxmağa başladı.

Günəşin şüaları o qədər çox idi ki, Ayaz on dəqiqəyə qurudu. O, günəşin də var olma səbəbini coğrafiyadan öyrənəcəyini təxmin etdi. Bu çoxbilmiş uşağa gülən günəş isə ona əlavə bir sirr vermək istədiyini,

bu sirrin kitabda yazılmadığını dedi. Maraqla dinləyən Ayaz günəşdən belə bir cümlə eşitdi:

-Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur. Yəni, Ayaz, sənin səhv düşüncəni yuyan yağışdır, heç kim xəbər tutmadan səni təmizə, əvvəki sənə çevirən isə mənəm. Elə indi təmizə çıxardığım kimi.

Ayaz çox təsirlənmiş, fikrə getmişdi ki,

artıq istirahət saatı bitdi, o, evə qayıdıb dərs oxumalı olduğunu xatırladı. 

Qapıdan içəri girər girməz anasına salam verən Ayaz: “Ana, sabah coğrafiya fənnindən dərsim var, zəhmət olmasa,o kitabı şkafdan mənə ver”, -dedi...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 15:51

Rəsm qalereyası: Silvio Fortin, “Gül dəstəsi”

Rəsm qalereyası: Silvio Fortin, “Gül dəstəsi”

 

Fransız xanım rəssamı Silvio Fortinin kifayət qədər məşhur “Gül

dəstəsi” rəsm əsəri.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.