Super User

Super User

 

Avqustun 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə gənclərin görüşü təşkil ediləcək.

 

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək, muğam sənətinin təbliği və inkişafı istiqamətində gördükləri işlərdən söhbət açacaqlar.

Tədbir müddətində, həmçinin “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişafı perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim olunacaq. 

Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir.

Görüşdə iştirak etmək istəyən gənclər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Cümə axşamı, 03 Avqust 2023 15:30

Birləşmək ən düzgün qərar idi

Mədəniyyət Nazirliyi Rasim Balayev və Şəfiqə Məmmədovanı təltif etdi

 

Milli Kino günü bir çox hadisələrlə yadda qaldı. Və həmin gün iki kinematoqrafiya təşkilatının birləşməsi nəticəsində artıq birlikdə olan Rasim Balayev və Şəfiqə Məmmədova diqqət mərkəzində oldular. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyi Fəxri diplom təsis edib ki, bu diplom da ilk dəfə Milli Kino günündə ictimaiyyətə təqdim olundu. 
Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bu barədə mədəniyyət naziri Adil Kərimli məlumat verdi. 
O bildirdi ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür.
Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin Fəxri Diplomu ilə təltif olunduqlarını bildirdi. Beləliklə, ilk onlar oldular. 
"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə nazir qeyd etdi.
Təbii, kinomuz naminə indi bütün güclər birləşməlidir.

“Ədəbiyyat və incəsənət”
(03.08.2023)

 

S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri dünyaşöhrətli pianoçu, Əməkdar artist Adilə Əliyeva adına XVIII Beynəlxalq Musiqi Müsabiqəsində iştirak ediblər.

 

AzərTAC xəbər verir ki, 14-21 yaş kateqoriyası üzrə keçirilən onlayn müsabiqədə məktəbin şagirdləri İbrahim Zəyniyev (müəllim Ənvər Həsənov, konsertmeyster Şəfəq Qafarova) Xalq calğı alətləri ifaçılığı nominasiyasında birinci yerə, kamança ixtisası üzrə isə Əli İmran Muradov üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, 1996-cı ildən etibarən təşkil edilən bu beynəlxalq müsabiqə Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır və onların təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

 

Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günlərində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Özbəkistandan gələn nümayəndə heyətinin şərəfinə verilən ziyafət zamanı qeydə alınıb.

Belə ki, ziyafətdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla duet oxuyub.

Onların bu ifası maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Cümə axşamı, 03 Avqust 2023 12:45

Günün fotosu: Aran Qarabağı su basıb

Günün fotosu: Aran Qarabağı su basıb

Şəkildə: Bərdənin Qaraqoyunlu kəndində subasma ilə əlaqədar təxliyə işləri həyata keçirilir

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Cümə axşamı, 03 Avqust 2023 12:15

Özbək “Qayınana”sı bu gün Bakıda

Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək. 

 

Və kollektiv bu gün saat 18:00-da “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gələcək. 

“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının rejissoru Daston Xakberdiyev, irijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur.

Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı.

İyulun 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında son akkordları avqustun 2-də çalındı. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olundu.

Konsertdə tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinlədilər.

Konsertdə Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Vokaliz”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”, Sergey Raxmaninovun “Fuqa re minor”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqi mövzuları əsasında popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Vasif Adıgözəlovun “Bakı” əsəri səsləndirildi.

Azacıq fasilədən sonra başlanan yekun konsertində isə Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim edildi. Ansamblın heyətinə Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşa nağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.

Konsertdə Xalq artisti Ənvər Sadıqovun, Əməkdar artist Emil Əfrasiyabın və “Qaytağı” instrumental ansamblının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Astor Pyatsollanın “Adios Nonino”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, V.Cosma – “Oyuncaq” kinofilminin musiqisi əsasında popurri, “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı”, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. 

Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatdı. Nüfuzu ildən-ilə artmaqda olan bu festival Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir. 

Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə etdilər. Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd edildi. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izlədi.

Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi. Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak etdilər.

Xatırladaq ki, builki Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. 

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

 

Mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda Özbəkistanın mədəniyyət günlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimizin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilmiş, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb. 

Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Cümə axşamı, 03 Avqust 2023 11:45

Nazim Əhmədli “Bu eşqi hara yazsın?”

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında ilk dəfə sizlərə Nazim Əhmədlinin poeziyasından bir yarpaq təqdim edirik. 

 

 

BU EŞQİ HARA YAZIM

 

Boylandım dan üzünə,

dan üzü qıp-qırmızı;

payız dönür deyəsən,

könlümə qubar sızır;

 

buludlar nəhr-nəhr,

həsrət çiynimi əyir;

mən dəlicə bir şair,

sən də, zalımın qızı;

 

ötüb ömrün yarısı,

yarı oddu, yarı su;

üzün Ayın arısı,

çiçəklərin bəyazı;

 

dərd də ki, büküm-büküm,

sürüyüb hara çəkim;

sındırıb yerə töküm,

göydən  Ayı- ulduzu;

 

səni yaman özlədim,

ürəyimi közlədim;

bir yer elə, gizlədim,

bu qayıdan payızı;

 

yandım, odun üzümdə,

qovruluram, közündə;

bilmirəm heç, özüm də,

bu eşqi hara yazım.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Cəlil Cavanşir yazır

 

 

Bu kitab dünyada "ssenaristlərin müqəddəs kitabı" hesab edilir. Azərbaycan dilinə mən tərcümə etmişəm. 

"O2 Media"nın rəhbəri, kinomuzun böyük təəssübkeşi, dostum Orxan Mərdanın  təşəbbüsü və birbaşa dəstəyi ilə kitab tərcümə və çap olunub.

 

Orxan pandemiya günlərində mənə bir düjün kino haqqında kitab aldı. Robert Makkinin "Hekayə" və "Dialoq" kitablarını isə xüsusi olaraq təkrar oxumağımı, sonra isə "Hekayə"nin tərcüməsini məsləhət gördü. Zamanımız az olsa da, kitabı deyilən tarixdə nəşr etdik. Kitabın bütün xərcini Orxan çəkdi. 510 səhifəlik kitabın xərcini təxmin edə bilərsiniz. Deməyim odur ki, bu kitab fədakarlıq hesabına ərsəyə gəldi. Bir kino adamı ölkəsində kino mühitinin yaranması üçün addım atdı. Kitabın satışından təbii ki, qazanc gözlənilmirdi, amma ən azı oxucusuna çatmalı idi.

Nə qədər vacib və önəmli kitab olsa da satışı çox asta templə gedir. Çünki bu kitab kütləvi oxucu üçün nəzərdə tutulmayıb. Ssenarist, dramaturq, yazıçı olmaq istəyənlər, bu sahədə yeni addım atanlar üçün stolüstü kitab olmalıdır.

Bu kitaba dövlət səviyyəsində dəstək olmalıdır. Alınıb Mədəniyyət və İncəsənət Universitetinin, digər universitetlərin filologiya fakültələrinin kitabxanasına hədiyyə edilməlidir ki, tələbələrə əlçatan olsun. Ümid edirəm ki, "O2 Media"nın dəhlizində dağ kimi qalaqlanmış bu vacib kitab tezliklə oxucusuna qovuşacaq, mən də Makkinin digər önəmli kitabı "Dialoq"u könül rahatlığı ilə tərcümə edəcəm.

 

Rober Makkinin “Hekayə – Ssenari yazılmasının əsasları, strukturu, tərzi və qaydaları” ssenari yazarları üçün nəzərdə tutulmuş ən vacib kitablardan biridir. Dünyada Robert Makkinin “Hekayə” kitabını ssenari yazarlığının müqəddəs kitabı kimi qəbul edirlər. Müəllif çox sadə dildə yazdığı bu kitabda, ciddi nümunələrlə ssenari yazarı üçün lazım olan hər şeyi bu kitabda toplamağı bacarıb.

Kitabda ssenari ilə bağlı nəzəri məsələlərlə yanaşı, dünyaca məşhur filmlərin ssenariləri əsasında təcrübi bilgilər də yer alır. Müəllif yazar və hekayə sənətini, hekayə qurmağın elementlərini, hekayə dizaynını çox sadə şəkildə izah edir. “Hekayə” həm də gənc yazıçılar və dramaturqlar üçün qiymətli mənbədir. Kitabda toxunulan hər bir mövzu ayrı-ayrılıqda ciddi dərslik mahiyyətindədir.

“Hekayə” həm peşəkar kino adamları üçün, həm də incəsənət və ədəbiyyat sahəsində təhsil alan tələbələr, həvəskar ssenaristlər üçün vacib kitablardan biridir. Robert Makkinin akademizmdən və terminologiyadan uzaq təhkiyəsi, sadə izahatları sizin inkişafınız üçün ciddi mənbə ola bilər.

 

“Ədəbiyyat və incəaənət”

(03.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.