
Super User
Dünyaşöhrətli azərbaycanlı ozan Araz Elsəsin Bakıda ilk solo konserti olacaq
Sentyabrın 30-da Heydər Əliyev Sarayında dünyaşöhrətli azərbaycanlı ozan Araz Elsəsin ilk solo konserti təşkil ediləcək.
Türk dünyasının sevilən siması, Azərbaycan musiqisi, mədəniyyəti, incəsənəti və ədəbiyyatının vurğunu, həmçinin aşiqi ozan Araz Elsəs “Sevgili yurdum” adlı konsertində sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi tərənnüm edən yeni əsərlərini təqdim edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)
Xalq rəssamı Sakit Məmmədovla Mədəniyyət Nazirliyindəki görüş səmimi keçib
Xəbər verdiyimiz kimi, ötən gün Mədəniyyət Nazirliyində müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, nazir Adil Kərimli 65 yaşı tamam olan sənətkarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd edilib ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması, eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.
Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
Beynəlxalq miqyasda ölkəmizi yüksək səviyyədə təbliğ edən Sakit Məmmədova daha böyük yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)
Bakıda İtaliya musiqisi ifa olunacaq
Oktyabrın 13-də Bakıda İtaliyadan olan dörd ifaçı və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcəklər.
Heydər Əliyev Sarayında reallaşacaq konsertdə tamaşaçılar italiyalı məşhurlar Stefano Bersola, Martina Stiano, Canni Skribano və Lara Pasqualinin bir-birindən maraqlı ifalarını dinləyəcəklər. Bunlar dünya məkanlarını fəth etmiş və ən məşhur mahnıların əhvalını mükəmməl şəkildə çatdıran möhtəşəm səslərdir.
Konsert çərçivəsində tamaşaçılar bir axşam İtaliyanın Sanremo şəhərinə köçəcək, bayram ab-havasına qərq olacaq, şirin nostalji hiss yaşayacaqlar.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Mədəniyyət Nazirliyində Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib
Bu gün Mədəniyyət Nazirliyində müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, nazir Adil Kərimli bu günlərdə 65 yaşı tamam olan sənətkarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd edilib ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması, eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.
Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Abşeron və nar…
Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 93-cü ildönümüdür
Mifik-sirli-sehirli mənzərələr, al-əlvan rəng qamması, Şərq koloriti, milli atributlar, bir də od rəmzi nar…
Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun yaradıcılığını ilk öncə belə səciyyələndirərdik.
Fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 93-cü ildönümü tamam olur.
Toğrul Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.
Fransada yaşayan ailənin ilk övladı Vidadi də elə orada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.
Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.
1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.
Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən Vətənə qayıdır.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir.
Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.
O, müsahibələrindən birində deyib: “Rəssam olmasaydım, yəqin ki, heykəltaraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”.
T.Nərimanbəyovun zəhməti heç də hədər getməyib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünyaşöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı", 1980-ci ildə isə "Min bir gecə" əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.
2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.
Dünyaşöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb
“Təmiz ölkəm” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyətləri orqanlarının, Gənclər və İdman Nazirliyinin regional bölmələrinin, yerli mənzil-kommunal təsərrüfat idarələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə dəniz sahillərində, çay və göl hövzələrində, meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, aksiyalar çərçivəsində Xəzər dənizinin Xaçmaz və Lənkəran sahilləri, Kür çayının Yevlax rayonundan, Qoşqarçayın Samux rayonundan, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindən keçən hissəsi, Astara, Ağstafa, Kürdəmir, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Gədəbəy və Qəbələ rayonlarının meşə əraziləri tullantılardan təmizlənib.
Aksiyalar zamanı ümumilikdə 10 tondan artıq məişət tullantısı, 300 metr sintetik tor ərazilərdən təmizlənərək yığışdırılıb.
Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi ekoloji şüurun formalaşmasına dəstək olmaq, tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.
Nazirlik hər kəsi təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa dəvət edir.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək
Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək. Bu barədə Mərkəzdən məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi Türkiyəyə səfəri çərçivəsində Mərkəzin üzvləri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırımla və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi İkmələddin İhsanoğlu və Türkiyənin sabiq Xarici işlər naziri Hikmət Çətinlə görüşlər keçirib.
Keçirilən görüşlərdə cari ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində keçiriləcək XXVI Yüksək Səviyyəli Toplantı və XI Qlobal Bakı Forumu, o cümlədən Mərkəzin üzvlərinin iştirakı ilə 2024-cü ildə yüksək səviyyəli toplantısının Türkiyə Respublikasında keçirilməsinin əhəmiyyəti müzakirə edilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən BMT Baş Assambleyası çərçivəsində "Shaping the Future Rebooting Multilateralism" mövzusunda təşkil etdiyi XXVI Yüksək Səviyyəli toplantısının işində dünyanın 40-dan çox ölkəsindən 30-dan çox cari və sabiq ölkə və hökumət başçıları qatılacaqlar.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Putiniada
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün və növbəti günlər siyasi lətifələr söyləyəcəm. Rusiyada hazırda Putin barədə lətifə qoşmaq dəbdir. Və gülünc bir şey deyim. Rus özü öz prezidentinə şəbədə qoşur, amma Azərbaycanda rus xofu hələ də o qədər güclüdür ki, kimsə bu lətifələri söyləməkdən qorxur.
Nömrə 5
Putin 2036-cı ilə kimi bütün rus xalqına Yeni il müraciətlərini yazıb hazırlasaydı daha onluq bir iş qalmazdı…
(Davamı sabah)
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Güneydən gələn səslər - Sevər Şəhabidən “Ölsəm, öləcək”
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi başlayır. Bu gün o, “Ölsəm, öləcək” deyir.
O küsdü, ayrıldı, getdi
Yıxıldım, bir təhər durdum.
Quyladım onu qəlbimə,
Qədəh-qədəh kafur vurdum.
Qırx gün keçdi, o gəlmədi,
Getdim qəlbimin üstünə.
Qıçlarımı aralayıb,
Etdim qəlbimin üstünə.
Dedim: "Bu da ölənlər tək,
İllər sonra yaddan çıxar."
Bilmədim qəlbim atdıqca,
Damarımda ölü axar.
Məndə bir diri, ölü var,
Nə dirilir, nə də ölür.
O, qəbrinin əzabını -
Mənə verir, mənə gülür.
Bilən varmı bundan sonra,
Qəlbimə kimlər gələcək?
Təkcə bunu bilirəm ki,
Mən ölsəm, ölən öləcək...
Ədəbiyyat və incəsənət”
(07.08.2023)
Şəhid ailələrinə və müharibə əlillərinə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verilib.
AzərTAC xəbər verir ki, Bakıda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Xaçmaz rayonunda fərdi evlərin verilməsi tədbirində Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər.
Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib.
Bu gün Bakı və 15-ə yaxın rayonda (Bərdə, Zaqatala, Oğuz, Saatlı, İmişli, Beyləqan, Tovuz, Qazax, Salyan, Ağsu, Xaçmaz və s.) daha 100 mənzil və fərdi ev təqdim olunur. Beləliklə, yeni verilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə 5 100, bu il 600, ümumilikdə ötən dövrdə 13 900 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlar da mənzillə təmin edilir.
Tədbirdə, həmçinin şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, məşğulluğunun təminatı, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. istiqamətlərdə həyata keçirilən ardıcıl dəstək tədbirlərindən də bəhs olunub.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzil və fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)