Super User

Super User

 

Bu gün Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndiriləcək.

 

Gecədə “Giləmeyvələrdən sonra çiçəklər", "Va-bank", "Al ürəklər: Koryo", "Dolu ev" və s. kimi seriallardan musiqilər səslənəcək.

Proqram “BN Team”in müəlliflik üslubunda və simfonik orkestri, xor və solistlərin müşayiəti ilə ifa olunacaq. Böyük ekranda tamaşaçılar sevimli seriallardan ən gözəl parçaları izləyə biləcəklər. 

BN Team – Qazaxıstanın müxtəlif janrlarda fəaliyyət göstərən yaradıcı və kreativ gənc və enerjili musiqiçilər, aktyorlar və artistlər komandasıdır. Kollektiv son illərdə Qazaxıstanda, eləcə də Bakı, Daşkənd və Bişkekdə çoxlu konsert verib, bu da layihənin miqyaslığı və məşhurluğu haqqında xəbər verir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 9-cu qanundur:

9.Maqntizm qanunu

«Siz özünüz kimi olanları cəzb edirsiniz»

Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.

Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.

İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.

 

***

Digər 8 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

5.     E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

7.Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

 

 “Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

 

“Bakı haqqında mühazirələr” layihəsi çərçivəsində paytaxt metrosunun tarixinə həsr olunmuş ikinci mühazirə keçirilib. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Bakı Metropoliteni” QSC və Bakıdakı Rus Evi tərəfindən birgə təşkil olunub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Əli Fərəcov mühazirə deyib. Tədbirin qonaqları Bakı metropoliteninin tarixi və inkişafı, eləcə də paytaxt metropoliteni üçün vaqonların bir çoxunun Rusiyada “Metrovaqonmaş” zavodunda hazırlandığı haqqında maraqlı məlumatlar əldə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

YAPON YAZIÇI HƏLƏ Kİ REYTİNQDƏ BİRİNCİDİR

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, dünyanın ən nüfuzlu mükafatı olan Nobel mükafatı həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq indidən reytinqlər tərtib etməyə başlayıblar. Belə ki, artıq “Nicerodds” saytında dünyanın ən nüfuzlu mükafatının ədəbiyyat sahəsində namizədlərinin siyahısı dərc edilib. Və son illərdə olduğu kimi yenə də bukmeyker reytinqinin çoxillik favoriti Haruki Murakami liderlik mövqeyində qalır. Onun qələbə şansının nisbəti daha çoxdur. Söhbət 1:1,2-dən gedir. Halbuki, yapon yazıçının ən yaxın izləyicisi -  reytinqdə ikinci yerdə qərarlaşan çinli avanqard yazıçısı Den Syaohua üçün şans nisbəti 1:2,7-dir. İnanılmaz üstünlükdür. 

“Norveç meşəsi” və “Kafka sahildə” kimi iki şedevrlə dünya ədəbi xəzinəsini zənginləşdirən Murakamini içi mən qarışıq Azərbaycanda da çox sevirlər. 

O ki qaldı ikinci yerdə gedən, əsərlərini Tsan Syue təxəllüsü ilə yazan Den Syaohuaya, onu çətin ki tanıyan tapılar. 

Baxın, son illər dünya klassik ədəbiyyatının son iki mogikanı - Murakami və Kinderanı hər il Nobelə əsas namizəd hesab edir, sonda isə mükafatı, tutalım, Bob Dilan kimi gitatistə verirdilər. Kundera Nobel almayıb bu yay günlərində dünyadan köçdü. Qaldı təkcə Murakami. 

Oxuculara bikmeyker siyahısı barədə digər bilgiləri də verim. 

Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir. 

Sonrakı yerlərdə norveçli dramaturq olan Yuna Fossen və rusiyalı yazıçı Lyudmila Ulitskaya qərarlaşıblar. 

Ədəbiyyat sahəsində 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi, özbəkistanlı jurnalist və yazıçı Hamid İsmailov və başqalarının da adları var.

Nobel mükafatı siyasi çalar aldıqca ədəbi dəyərlərin qiymətlənməsi şansı da azalır. Və bir də gördünüz, bu il də Murakami mükafatı ala bilmədi, əvəzində, Nobel siyasətin qurbanı olaraq rus Lyidmila Ulitskayaya qismət oldu. Putin siyasətinə qarşı çıxmaq cəsarəti göstərən bu xanım məhz əsərlərinə görə deyil, cəsarətinə görə bir milyon dollara, ən əsas da ad-sana və nüfuza sahib oldu.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Arxeoloqlar Türkiyənin Elazığ bölgəsində yerləşən tarixi Harput qalasında aparılan qazıntılar nəticəsində 1000 illik tarixi olan saray mətbəxi aşkarlayıblar.

 

AzərTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan qalanın Sarayönü adlanan hissəsində aparılan qazıntılar nəticəsində dövrün qala idarəçiləri və dövlət adamları üçün yemək və çörək bişirildiyi təxmin edilən mətbəx bölməsi, həmin dövrlərdə istifadə edilən mancanaq mərmisi tapılıb.

"Harput qalasının mətbəx hissəsinin təxminən 1000 il yaşı olduğunu təxmin edirik. Burada son Bizansdan Osmanlı dövrünə qədər dövrə aid qab-qacaq və başqa tapıntılar aşkarladıq. Bu mətbəxin 1860-cı illərə qədər fəaliyyət göstərdiyini təxmin edirik. İndiyədək 8 təndir aşkar etmişik. Tapıntılar arasında xırda və iribuynuzlu heyvan sümükləri də var", - deyə qazıntı işlərinin rəhbəri İsmayıl Aytac bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 

Nobel həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq indidən reytinqlər tərtib etməyə başlayıblar. Belə ki, artıq “Nicerodds” saytında dünyanın ən nüfuzlu mükafatının ədəbiyyat sahəsində namizədlərinin siyahısı dərc edilib. 

 

Bu cədvələ görə, bukmeyker reytinqinin çoxillik favoriti Haruki Murakami liderlik mövqeyində qalır. Avqustun 22-nə olan məlumata əsasən, onun qələbə şansının nisbəti daha çoxdur. Bukmeykerlərin reytinqində ikinci yerdə çinli avanqard yazıçısı Den Syaohua qərarlaşıb. O, əsərlərini Tsan Syue təxəllüsü ilə yazır. Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir. Lakin onunla birlikdə İbsendən sonra əsas norveçli dramaturq olan Yuna Fossenin və rusiyalı yazıçı Lyudmila Ulitskayanın da qələbəyə şansları var. 

Ədəbiyyat sahəsində 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi və başqalarının da adları var. Başqalarından biri sizi həmən təəccübləndirəcək:  özbəkistanlı jurnalist və yazıçı Hamid İsmailov.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2023)

 

Bəli, Şuşadan və Şuşa fatehlərindən bəhs edən bu roman get-gedə məşhurlaşır. Təfsilatı növbəti xəbərimizdə. 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin “Şuşa sən azadsan, Biz səni dirçəldəcəyik” şüarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği istiqamətində atılan hər bir addımın tarixi əhəmiyyət daşıdığını söyləyib. “Cığır” romanının bədii dəyərini, gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün dəyərli dərslik olacağını qeyd edib. 

"Cığır" romanının redaktoru, yazıçı Elçin Hüseynbəyli müharibə mövzusunda əsərlərin yazılmasının çox çətin olmasına baxmayaraq, Yunus Oğuzun “Cığır” romanında yaratdığı obrazlar vasitəsilə qəhrəmanlığın yüksək səviyyədə tərənnüm edildiyini bildirib. 

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrında bir sıra uğurlu əsərlərin müəllifi olan Yunus Oğuzun “Cığır” romanının tarixi əhəmiyyətinin illər ötdükcə daha aydın hiss ediləcəyini söyləyib. 

Şair, tərcüməçi Elxan Zal Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanda da bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini, yazıçı Əyyub Qiyas isə romanda müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışıb. 

Yazıçı-publisist Yunus Oğuz qələmə aldığı tarixi romanlarda iki cür yanaşmanın olduğunu qeyd edib. Müəllifin sözlərinə görə, "Ovçu" və "Cığır" əsərlərində özü şəxsən iştirak etdiyi halda, qalan əsərlərdə yalnız hadisələrin müşahidəçisi olub. Müəllif bu tədbirin məhz mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd edib, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Çərşənbə, 23 Avqust 2023 18:00

Sabah bəzi yerlərdə yağış yağacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah, avqustun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti olacağı ehtimal edilir. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı bildirilir. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 19-22°, gündüz 26-29° isti olacağı gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 

Avqustun 23-də Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür. Və bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları İkinci Fəxri xiyabana gələrək Şahmar Ələkbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Şahmar Ələkbərov böyük aktyor, rejissor olmaqla yanaşı, həm də xoşbəxt insan idi. Onun sənəti bizim qəlbimizdə, kinomuzda, incəsənətimizin tarixində əbədi yaşayacaq. 
Aktyorun ömür yolundan və yaradıcılığından danışan tanınmış rejissor Cəmil Quliyev deyib: "Bu gün Şahmar Ələkbərovun əziz xatirəsini hörmətlə anırıq. O, böyük sənətkar, çox işıqlı insan idi. Hətta bu tədbirdə də biz onun işığını hiss edirik. Azərbaycan kinosunun salnaməsinin yaranmasında, Azərbaycan kinosunun ötən əsrin 70-80-ci illərdəki inkişafında Şahmar müəllimin müstəsna xidmətləri olub. Onun yaratdığı surətlər, çəkdiyi filmlər, xüsusilə "Qəzəlxan" filmi daim tamaşaçıların qəlbində yaşayır və yaşayacaq. O, həmçinin gözəl dublyaj ustası idi, onun səsləndirdiyi filmlər bu gün də qorunub saxlanılır”. 
Xalq artisti Həmidə Ömərova Şahmar Ələkbərovla bağlı ürək sözlərini belə ifadə edib: “Biz tez-tez qastrollara gedirdik. Şahmar müəllim çox təmkinli, az danışan insan idi. Səfərlər zamanı oxuduğu mahnılar zövqümüzü oxşayırdı. Çox gülərüz siması var idi. Xəstə olanda belə pozitivliyini saxlayırdı. “Qəzəlxan” filmini çəkən zaman da ruhdan düşmürdü. Kiminsə kefi olmayanda da çalışırdı ki, onun könlünü açsın. Şahmar müəllim bizim ürəyimizdə böyük iz qoydu”.

“Ədəbiyyat və incəsənət”
(23.08.2023)

Çərşənbə, 23 Avqust 2023 12:15

Nazim Əhmədli “Kölgələri unutdum” deyir

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizləri Nazim Əhmədli ilə görüşdürürük. 

 

Bax, bu yayın sonuna,

hələ qalıb bir addım;

hava soyudu bir az,

kölgələri unutdum;

 

buludlar dəstə-dəstə;

baş qoyub yataq üstə;

daş atdım, budaq üstə,

vurub narı qanatdım;

 

yaz oldu, çiçəklədim,

dağı-daşı ləklədim;

qaranlığı təklədim,

saçlarımı qaraltdım;

 

divar ləmə-ləmədi,

sözü çözələmədim;

səhəri gözləmədim,

səni gecə oyatdım;

 

payız açan güllərin,

yaşıl çək, şəkillərin;

çox uzandı əllərim,

göy üzünə boy atdım;

 

yerin-göyün qurşağı,

gözlərimdən aşağı;

biz hələ çox uşağıq,

ayrılıqlar boyatdı.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.