Super User

Super User

Çərşənbə axşamı, 24 Oktyabr 2023 11:30

BİRİ İKİSİNDƏdə Aqşin Evrənin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bir müddət meydan poeziyaya, özü də gənc şairlərə veriləcək. Bu gün təqdim edilən Aqşin Evrəndir.

 

 

 

Aqşin EVRƏN

 

 

FONENDOSKOP

(maksimalist minimalizm)

 

Qədəhdə sərxoşluğun su halı,
Divarda labüd sonu göstərən sarımtıl xəritə,
Saat əqrəbləri rəqəmləri sərçə kimi dənləyir…
İndi bu qoca bəstəkar telefonu, qulaqlığı kənara atıb,
fonendoskopu qulağına taxıb
sevdiyi insanın ürək döyüntülərini dinləyir.

 

 

ŞAH TƏHMASİBƏ MƏKTUB

 

Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıdır, yüksəlir başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm “sülh” bağırır, Şah!

Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini,
Əlini dünyadan çəkib evinə gedər Allah.

Şah!

İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar.
Ölmüş atın ayağından bizə baxar aypara.
– Yəni göylər yerə enər... göylər gələr döyüşə,
Görən, necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?

Mən də torpaq istədim bir uşağın dibçəyinə tökməyə...

Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün,
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.

Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:
Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?

 

 

İLIQ DƏNİZDƏ BUZ PARÇASI

 

Həmin gün son dəfə danışacaqdıq,
Hava tutqun idi, axşamın küt vaxtıydı.
Mən bir az yorğun idim, sən bir az səbirsiz...
Sevginin “get” vaxtıydı.

Düşündüm, son dəfə qucaqlaşarıq,
Necə qucaqlayım? ...qolum yoxdu ki!
Göz yaşı içində gülümsədin də,
Hələ bir “yaxşı yol... get artıq” dedin.
Hara gedim axı: yolum yoxdu ki...

Əlini əlimə aldım gecədə,
Eləcə heykəltək qaldım küçədə –
Ömrümün büt vaxtıydı.
Saata baxdım: sevginin “get” vaxtıydı.

Son dəfə evinə ötürdüm səni.
Dayandın qapıda, çevrilib baxdın,
Niyə dayandın ki? ...bilirdin axı:
“Qapını ört” vaxtıydı.

Nədənsə həmin gün heeeç danışmadıq,
Elə bil dünyanın sükut vaxtıydı.
Dayandım...
Dayanıb ömrümə baxdım: “Əlvida... get” vaxtıydı.

 

 

İNİKAS

 

Yenicə çıxan yarpağın kölgəsi
ötənilki yarpağın düşüb çürüdüyü yeri örtər,
Günəş batanda isə görünər yaralarımız.

Otağımdayam... qədimi həqiqətimi pıçıldayıram:
“Divardan saat asanlar yaşamağı sevirlər,
rəsm asanlar həyatı”.
Mənimsə ömrümün dibçəyi qırılıb,
– yavaş-yavaş boşalır qum saatım.

Ağlayır zivədən asılmış köhnə palto suyun müdrik halı ilə,
Amma üzmək olmur bu otaq nəmişliyində.
Bilirəm mən... bilirəm ki:
Üstündə ağlayırsansa, torpaq da sudur!
Əşyaların tozlanması basdırılmaq arzusudur.

Pəncərədən baxıram... Payızdı, külək əsir…
Quşların qanadına oxşadığıyçün uçub gedir yarpaqlar.
Hüznlənmirəm daha.
Bəlkə də, bu göz yaşları hansısa fidanı böyütməyə tələsir.

 

 

İNŞİKAKU`L-KAMER

 

Pəncərənin qırıq şüşəsində sınır ayın əksi,
Ay sənin pəncərəndə bölünür iki yerə.
Otağında yoxsan… hardasa təksən.
İçimdə yazmayan qələminə süni nəfəs verən şagird ümidi var:
Yağış başlamamış gələcəksən.

...və yağış başladı ...və külək qalxdı.
Göydə uçan sellofanın üstündəki qadın mənə yuxarıdan aşağı baxdı,
Söykəndiyim ağac əl atıb o sellofanı havadaca tutdu:
Ardınca külək dindi,
Yağış öz damlalarını zivədən asıb qurutdu.

Otağında yoxsan... hardasa təksən,
Bilirəm, leysan tökməmiş gələcəksən.

Hərdən... Hərdən bir-iki damla düşür taleyimə,
Gözlərimdə həsrətin işıqforu yanır.
Gəl... Gəl ört o şüşənin qırıq yerini,
İçəridə sənlə bağlı dualarım islanır.

 

PARALELLƏR

(maksimalist minimalizm)

 

Qarı nar budağı ilə yun çırpır həyətdə,
Diksinir nar ağacına bağlanmış qoyun.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

  İki məhbus həbsxana barmaqlığından baxırdı. Biri çirkab                     

                                                                    görürdü, digəri ulduzları.

                                                                                         Con Maksvell

 

 

    Rəngləri büsbütün qapqara görənlər var.

    Və rəngləri büsbütün al-əlvan görənlər var.

    Mən rəngləri olduğu kimi, qarışıq görməyin tərəfdarıyam.

 

 

 

Bir dəfə doğmalarını avtomobil qəzasında itirmiş bir ortayaşlı kişi mənə irad bildirdi ki, «nikbin olun», «kədərə boyun əyməyin», «öz üzərinizdə çalışın», «hər probleminizi şişirtməyin» kimi tövsiyələriniz yersizdir. O, söhbət əsnasında internetdən nə qədər motivasiya ədəbiyyatı yükləyib oxuduğunu da dilə gətirdi, köks ötürərək bəyan etdi ki, heç bir psixoloq, ürək yoldaşı, motivasiya bestselleri müəllifi bu halında ona təsəlli ola bilməz.

Başqa bir vaxt eyni sözləri mənə xəstə övladının müalicəsi üçün bütün varidatından məhrum olan və artıq dərman almağa pulu qalmayan yeni ailə qurmuş bir gənc söylədi.

Hər ikisi də «mən artıq yıxılmışam, duruşum mümkünsüzdür» dedilər.

Yəni, yıxılan daha durmaz ki? «Yıxılmaq» sözünün «durmaq» adlı antonimi məgər yoxdur ki? Yıxılmaq varsa, mütləq durmaq da olacaq, bunun üçünsə güclə, qüvvətlə yanaşı mütləq qətiyyət və dözüm lazım gələcək. Yıxılan adam yıxılanda məhv olmur, mövcud durumu ilə razılaşıb mübarizəni dayandıranda məhv olur. Hərəkətsizliyinə, süstlüyünə «mən artıq yıxılmışam, duruşum mümkünsüzdür» sözləri ilə bəraət qazandırmaq məgər insanın öz başına diri ikən kəfən keçirməsi deyil?

Mən bu kitabda ayaq üstündə duranlara zirvələr fəth etməyin sirlərini agah etməklə yanaşı, yıxılanlara ayağa durmağın yollarını da göstərməyə çalışacağam.

Unutmayın, «mümkünsüzdür» sözü hökm deyil, adi bir rəydir. Əksinə, «mümkündür» sözünün isə inam, qətiyyət və əzm sayəsində hökm olmaq gücü var.

Butradakı silsilə məqalələr sizləri «mümkündür» sözünü söyləməyə səfərbər etmək üçün gəlir. Yolu açıq olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

 

Çərşənbə axşamı, 24 Oktyabr 2023 10:45

Komediya və performans məktəbinə qəbul başladı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Komediya və performans məktəbi üçün müraciətlərin qəbuluna başlandı.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Komediya və performans məktəbi 15-99 yaş arası insanların ünsiyyət bacarıqlarını təkmilləşdirən və yumor hissini inkişaf etdirən, ən əsası isə peşəyə yiyələnmək imkanı yaradan bir təsisatdır. Tədris Azərbaycan, ingilis və rus dillərində aparılacaq.

 

Məktəbin məqsədi insanlara səhnədə öz potensiallarına çatmaqda kömək etməkdir. Təhsili başa vuran məzunlar təkcə peşəkar komediyaçı deyil, həm də aparıcı, aktyor, ictimai xadim və həmçinin ssenari müəllifi ola bilərlər.

 

Məktəbin direktoru Teymur Kərimzadə komediya ustası, stendap-komediyaçısı, radio aparıcısı, Azərbaycanda "Comedy Bazaar" platformasının təsisçisidir.

 

Məktəbin kreativ direktoru və təhsil üzrə rəhbəri Cavid Kurbanovdur. O, məşhur telelayihələrin həmtəsisçisi, bir çox komediya şoularının prodüseri və ssenaristi Semyon Slepakovla həmmüəllifidir.

 

Məktəbin bədii rəhbəri komediya aktyoru, rejissor, ssenari müəllifi, “Planeta Parni iz Baku” ŞHK-nun üzvü Ələkbər Əliyevdir.

 

Qeydiyyat oktyabr ayının 30-na kimi davam edəcək. Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub Komediya və performans məktəbi bölməsindən qeydiyyat üçün müraciət edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Çərşənbə axşamı, 24 Oktyabr 2023 10:30

POETİK QİRAƏTdə Fərid Hüseyndən “Təftişnamə”

“Ədəbiyyat və incəsənət” portalının Poetik Qiraət rubrikasında istedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər sektorunun müdiri Fərid Hüseynin şeirləri həftəsidir. Bu gün “Təftişnamə” şeiri təqdim olunur.

 

 

 

TƏFTİŞNAMƏ

 

Dərs vermək riyasın qoymuram yaxın,

Çoxdandır öyüdlü nəğmə çalmıram

tarix təkrarların rəqsidir, - baxın.

nəticə çıxarmır, ibrət almıram.

 

Uçulur saraylar, dağılır yurdlar,

silinir ən əziz günlər yaddaşdan.

Əbədiyyət şövqü çəkdirir avar -

fanilik qərq olur ani təlaşdan.

 

Bu bilgi dünyası, xəbər əsrində

nə bir zindanban var, nə də ki, dustaq.

“Yeddi qapısı açıq” labrint qəsrində

qarışqa tükücən azadıq ancaq.

 

Dəm vurma şöhrətdən, nə ad, nə namdan

tarixin nəmindən əsrim kiflənib.

Qardaşlar qanıyla dolu bu camdan

sülhün göyərçini içib, ¬ keflənib.

 

Nə qəbir nişanə qalacaq, nə söz,

su üstünə yazır hər şeyi qələm,

Sürət əsri - ömür yeyən bir acgöz

tələsmək ipinə bağlıdır tələm.

 

Çox haqq bir nahaqqın içində azıb

Yanlışdı deyilən, qələtdir hesab.

“Bütün cümlələri təzədən yazıb”

bütün hesabları ən başdan sayaq.

 

Ərşin düyünündən zaval sallanır,

alimlər aludə bəla vəsfinə.

Sürətə uymaqla calaq olunur

nəfs ağacımız əsrin nəfsinə.

 

Qədir gecəsitək susmaq istədim

dindirdi sükutu səs tamahkarı.

əlimi ruhuma basmaq istədim

pozuldu zikrimin nizam qatarı.

 

Gözəllik çoxdandır timsalımızda

riya dayağına bərk zəncirlənib

əfsus, surətpərəst xəyalımızda -

şeytanın üzündə şər bədirlənib.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

 

 

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü ilə “Simurq” muğam ansamblı oktyabrın 20-22-də Kuala Lumpur şəhərində keçirilmiş “Yaşayan incəsənət” mədəniyyət festivalında ölkəmizi təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda Malayziya, Azərbaycan, Argentina, Belarus, Filippin, Hindistan, İndoneziya, Qazaxıstan, Mavriki adası, Meksika, Misir, Şri Lanka və Özbəkistanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli musiqi növlərində ifaları və rəqsləri nümayiş olunub. Azərbaycan hər il keçirilən festivalda ilk dəfə olaraq iştirak edib.

Tədbirin təşkilatçıları uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkür ediblər.

Azərbaycanın milli musiqi alətlərində səslənən ifalar üç gün davam edən festivala xüsusi rəng qatıb, Azərbaycan muğamının özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. 
“Simurq” ansamblının ifasında muğamın inciləri musiqisevərlərin böyük rəğbətini qazanıb və sürəkli alqışlarla qarşılanıb.

Festivalda Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin yüksəkvəzifəli rəsmiləri ilə yanaşı, digər dövlət qurumlarının təmsilçiləri, diplomatlar, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri, musiqisevərlər iştirak ediblər.

Belə bir nüfuzlu festivalda Azərbaycanın iştirakı milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək naminə atılan növbəti uğurlu addım olub.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə olan əlamətdar hadisələri təqdim edirik.

24 oktyabr. Ümumdünya inkişaf barədə informasiya günü

1972-ci ildə BMT təqvimə belə bir gün salıb, məqsəd də o olub ki, dünya ictimaiyyətinin fikri inkişaf problemlərinə yönəldilsin, bu problemlərin həlli yolunda beynəlxalq əməkdaşlıq möhkəmləndirilsin. Xüsusən, gənclər cəmiyyətlərinin səfərbərliyi, inteqrasiyalar inkişaf təməyyülünü əsaslandırır, tənəzzüldən xilas yollarını arayıb tapmaqda rol oynayır. Maraqlıdır ki, bu mövzu BMT üçün prioritet olduğundan, seçilən tarix - 24 oktyabr günü həm də BMT günü olması ilə diqqət çəkir. İnkişaf – realda olan bir prosesdir, onun yalnız təbliğatda mövcud olan “qardaşı” da var ki, onun doğulması bic uşağın doğulması kimi arzuolunmazdır.

 

24 oktyabr. Baykonur faciəsi, Böyük Depressiyanın başlanğıcı

Yeyib-içməyin ən müxtəlifliklərini təqvimə salıb qeyd edən amerikalılar bu gün baltanı lap dibindən vurublar, bu gün onlarda sadəcə Yemək günüdür. Amma təbii ki, davamı da var, tək bir bayramla kifayətlənməzlər axı. Bu gün həm də Milli Bolonya kolbasası günüdür.

1986-cı ildə Londonda dünyanın ən böyük val mağazası açılıb. Gənc nəsil valın nə olduğunu bilməz, radionun üstünü açırdın, orda patefon deyilən bir şey var idi, fırlanan disk idi, yumru olan bu val adlı nəsnəni onun üstünə qoyurdun, val fırlandıqca patefonun iynəsi ona yazılmış musiqini səsləndirirdi.

1963-cü ildə Sovet dövlətinin uzun müddət gizlətdiyi bir hadisə baş verib, Baykonur kosmodromunda MBR raketi partlayıb, 8 nəfər həlak olub. Qəribədir ki, düz üç il əvvəl eynən həmin bu 24 oktyabr günündə Baykonurda daha dəhşətli bir hadisə baş vermişdi, P-16 raketi partlamışdı, ümumilikdə 126 adam həlak olmuşdu.

1939-cu ildə ABŞ-da, Delaver ştatında ilk neylon corablar istehsal olunub. 1929-cu ildə ABŞ-da Qara cüməaxşamı adlı böyük birja böhranı yaşanıb, nəticədə ölkəni böyük məhrumiyyətlərə düçar edəcək Böyük depressiya başlayıb.

1861-ci ildə ABŞ prezidenti Avraam Linkoln Kaliforniyadan tarixdə ilk teleqraf məlumatı alıb.

1857-ci ildə İngiltərənin Şeffild şəhərində ilk futbol klubu yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

 

 

Heydər Əliyev Fondunun bərpa edib yenidən həyata vəsiqə verdiyi daha bir mədəniyyət abidəsi Şuşa şəhəri, Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsidir. 

 

Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. 2023-cü ildə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilib.

 

Material Heydər Əliyev Fondunun rəsmi facebook səhifəsinə istinadən hazırlanmışdır. 

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Bazar ertəsi, 23 Oktyabr 2023 14:00

Unutmayaq, unutdurmayaq!

 

BU GÜN ARƏSTƏ BAXIŞOVANIN ŞƏHADƏTİ GÜNÜDÜR

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Biz bir xalq olaraq bəşər tarixi boyunca çox ağır yollardan keçərək etnik təşəkkül tapmış, öz soy-kökümüzü qorumağı, damarlarımızda ulularımızın əmanəti türk qanını daşımağı bacarmışıq. Bir əsr öncəyə qayıtsaq əfəndilərin əl əməyi, göz nuru qurduğu məmləkətin hər qarışının qədrini daha gözəl başa düşə bilərik. Məhz elə o dövrlərdə rəhmətlik ziyalılarımız maariflənməyə xüsusi diqqət etmiş, şəriət mollalarından xalqı arındırmaq üçün məhz öz qızlarına, yoldaşlarına təhsil imkanı sunmuş, xalqın avamlığının qabağını almaq üçün canları uğruna savaşıb ağır işgəncəli günlərdə belə Vətən sağ olsun demişlər.

Tarixin tozlu səhifələrini vərəqləyib biraz daha yaxın keçmişə nəzər salsaq, ürək dağlayan mənzərənin şahidi olarıq. Xalqımıza qarşı törədilən genosid göz önündə olsa da, dünya bu haqsızlığa göz yummuş, körpələrin gözü önündə analarının boğazı kəsilmiş, əli silah tutmayan sivillər qırılmış, qarda donan meyidlər zorlanmış, hamilə qadınların qarnından bıçaqla doğranaraq uşaqları çıxarılmışdır. Tükürpədəndir elə deyilmi? Bir xalqın milli qürurunu qırmaq, o müharibədəkilərə ömür boyu iz qoyacaq travmalar yaşatmaq çox ağır olsa da, ilahi ədalət tez-gec öz yerini tapa bilir. İndi isə hamımıza məlum olan, göz yaşlarımızın gülüşümüzə qarışdığı yaxın keçmişə səyahət edək. Nə az nə çox, cəmisi üç il öncə generalını şəhid verən xalqın səbr kasası necə daşdısa ani qərarla müharibə elan edildi və biz o gündən etibarən həm ağlayıb həm güldük. Bir yanda şəhid verən millətim bir yanda öz torpaqlarını şəhid qanı ilə geri aldı. Neçə evə od düşdü, neçə evin ocağı söndü, ataların beli büküldü, anaların saçlarına dən bir gecədə düşdü

.2783, 2884, 3000, 3278 və daha çox şəhid adı eşidirdik o ərəfədə. Həmən şəhidlər təkcə bir evin yox bir xalqın şəhidi, bütün millətin qan yaddaşı olmuşdur. 3il öncə bu gün biz neçə şəhid verdik Allah bilir. Ancaq, mən onlardan birini çox yaxşı tanıyıram. O, Azərbaycanın qadın şəhidlərindən biri olan Arəstə Baxışova idi. 1989-cu ildə Xaçmazda dünyaya göz açan və daha uşaq yaşlarında ikən atasını itirib yetim böyüyən çavuşumuz Arəstə Baxışova 31 yaşında müharibədə şəhid olmuşdur. Ondan geriyə Vətən əmanəti Mərdan adında bir oğlu və Zəhra adında bir qızı qalmışdır.

Bu gün isə biz tam müstəqillik əldə etmiş, öz torpağı ilə olan sərhədləri yıxıb vahid Azərbaycan halında dəmir yumruq altında birləşmişik. Bu sətirləri qələmə alarkən göz yaşlarımı saxlaya bilməsəm də, qəlbimin dərinliklərində kədərimə qarışmış bir hüzün var ki, o hüznə Xudayar təsnifi, Həşimov gülüşü, Mübariz cüssəsi, Albert əqidəsi, Salatın, Çingiz şücaəti, Tağıyev təhsili, Əhməd Cavad kişiliyi, Nərimanov duruşu, Rəsulzadə əmanəti bir qürur qarışmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları yad etmək bizim vətəndaşlıq borcumuzdur. Unutmayaq, unutdurmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan–Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda dinləmələr keçirilib.

“Nəyimiz var və nəyə ehtiyac duyulur” altbaşlığı ilə keçirilən dinləmələrdə ölkənin tanınmış yazıçıları, jurnalistləri, ictimai xadimləri, şəhid ailələri iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dinləmələrin ümumi ruhunda özünü qa­barıq göstərən başlıca amil o olub ki, bugünkü  zəfərimizin gələcək nəsillərə çatdırılmasında  müstəsna rol oynayan keyfiyyətli ədəbi nümunələrin ortaya qoyulması zəruridir, eləcə də gənclərin vətənpərvərlik ruhunda torpaqlarımızın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunmasında dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azərbaycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanması­na mənəvi stimul verib. Ali Baş Komandanımız İlham Əliyevin rəhərliyi ilə hər cür igidlik nümunəsi göstərməyə hazır olan yeni nəslin təmsilçiləri üçrəngli bayrağımızı Xankəndinin, Şuşanın, Laçının, Kəlbəcə­rin ən uca zirvələrinə taxıblar. Bu isə həm də müstəqillik və Vətən anlayışlarının daha dərindən dərk olunması yönümün­də milli ədəbiyyatımızın xalq qarşısında xidməti kimi dəyərləndirilir.

 

Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, tanınmış yazıçı, Əməkdar jurnalist Varis dinləmələrin məqsəd və məramını açıqlayaraq qeyd edib ki, 30 illik bir dövr ərzində torpaqlarımızın işğaldan azad olunması mövzusu daha da aktuallaşıb. Bu gün Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, əsrlər boyu müharibə, qələbə mövzularında qələmə alınan “Hərb və sülh”, “Əlvida, silah”, “Qərb cəbhəsində dəyişiklik yoxdur”, Ali və Nino” kimi dünya ədəbiyyatı inciləri ilə bir sırada dayanacaq, Şanlı Zəfər tarixini bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağı əminliyini dilə gətirib. 

“Son illər­də bu barədə çoxlu dəyərli əsərlər yazı­lıb, amma müqəddəs savaşı, xalqımızın mübarizə əzmini, ordumuzun qəhrəman­lığını dünya ədəbi platformasına çıxara biləcək bədii nümunələr hələ yetərincə deyil. Biz bu gün müharibə mövzusunun ədə­bi müstəvidə daha dolğun işıqlandırılma­sı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq bu vəzifələrin reallaşdırılması yollarını aramalıyıq”.

 

Sonra “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının, UNESCO nəzdində Beynəlxalq Professional  Rəssamlar Ittifaqının üzvü Nigar Helmi Abbasbəyli çıxış edərək Qarabağ həqiqətlərinin dünyada tanınması işində mədəniyyətin ümdə vəzifələrindən bəhs edib, örnək olaraq özünün bir sıra Avropa ölkələrində nümayiş olunan “Qarabağ mirası” sərgisindən danışıb. Qeyd edib ki, mədəniyyətin bütün sahələrində, o cüm­lədən də bədii ədəbiyyatda müharibə mövzusunun aparıcı rolu daha da güc­ləndirilməli, bizə qarşı mənfur düşmənin apardığı mədəni soyqırımı faktları hər vasitə ilə ifşa olunmalıdır.

 

Əməkdar  elm xadimi, Dövlət mükafatı laureatı, Filologiya üzrə elmlər doktoru, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı müharibə dövrü ədəbiyyatından bəhs edərkən İkinci Dünya Müharibəsi dövründə Azərbaycanda yaranan ədəbiyyatı bir nümunə kimi qəbul etməyin vacibliyini vurğulayıb, həmin dövrdə ən məhsuldar yazıçı olan görkəmli ədib Mir Cəlalın yaradıcılığından bəhs edib, ədibin müharibə mövzu­sunda qələmə aldığı əsərlərinin, xüsusən “Vətən yaraları”nın hazırkı ədəbi nəsil üçün əsl örnək olduğunu konkret misal­larla əsaslandırıb.

 

Xalqımızın mübarizələrlə dolu şərəfli tarixi haqqında bir neçə sanballı əsərin müəllifi olan, 44 günlük müharibə barədə “Cığır” kimi sanballı bir roman ortaya qoyan yazıçı, Əməkdar mədəniy­yət işçisi Yunus Oğuz müasir ədəbi pro­sesdə müharibə mövzusunun tutduğu yer, yazılan əsərlərin təbliği, xarici dillərə tərcüməsi kimi ümdə məsələlərdən da­nışıb. Eyni zamanda ölkə kinematoqrafiyasının müharibə mövzulu ədəbiyyata biganəliyindən söz açıb. 

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müharibə dövrü ədəbiyyatı mövzusunu daha geniş anlamda qavramağın vacibliyinə diqqət çəkib. O, hazırkı Qarabağ müharibəsi, ötən əsrdəki İkinci Dünya Müharibəsi çərçivəsini bir qədər də genişləndirərək ötən əsrin əvvəllərində Azərbaycanın öncə Çar, ardınca bolşevik Rusiyası ilə apardığı mücadilələrə toxunub. Arxiv materialları əsasında araşdırdığı bu dövrdə mücadilələrdə fərqlənmiş Mirzə Nəsrulla Əmirov kimi fədailərən obrazlarını yaratmaqla bədii ədəbiyyatın gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhuna gətirəcəyi töhfələrdən bəhs edib. 

 

Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin qələmə alınmasından danışıb. Və kitabxananın nəşr etdirdiyi, 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsullarınln toplandığı “Sən azadsan” kitabı haqqında məlumat verərək, bu kimi dəyərli əsərlərin gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün əvəzsiz dərslik olacağını qeyd edib. 

 

Filologiya elmləri doktoru, “Bütöv  "Azərbaycan  bədii təfəkküründə Şuşa” kitabının müəllifi Esmira Fuad, Azərbaycan  Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan ədəbiyyatı bölməsinin müdiri Sayman Aruz, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü, Səbail rayon Mərkəzi  Kitabxanasının  direktoru, Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun xanımı Nərmin Xəlilova, Dövlət Qulluğu Müşaviri, Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist, 1ci və 2ci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı kitabların, eyni zamanda “44 günlük savaşın 444 cəngavəri" 2 cildliyinin müəllifi Əntiqə Qonaq, tanınmış tele-jurnalist, "Xəzərin sahilində" layihəsinin rəhbəri, Sənətşunaslıq üzrə Fəlsəfə doktoru, 1ci Qarabağ müharibəsi Şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, Şəhid Bakir Quliyevin qızı, Milli Qəhraman Seymur Məmmədovun bacısı, Azərbaycan Televiziyasının "Ədəbi abidələr” proqramının müəllifi, 8 il Hərbi vətənpərvərlik Proqramları Baş redaksiyasının redaktoru olmuş, döyüş bölgələrindən reportajları ilə tanınan jurnalist Təranə Bakirqızı, araşdırmaçı  jurnalist, Qarabağ müharibəsi Şəhidləri barədə silsilə kitabların müəllifi Aida Eyvazlı çxışlarında mövzuya dair fikirlərini bö­lüşüblər, maraqlı təkliflər irəli sürüblər. 

 

Habelə, 44 günlük müharibə ilə bağlı ortaya çıxan ən  ciddi layihələrdən biri, müharibə iştirakçıları olan şairləri bir araya gətirən “İgidlərin SÖZÜ” layihəsindən söz açılıb, layihənin rəhbəri, tanınmış şair, Dünya Poeziya Hərəkatının koordinatoru Nigar Həsənzadənin bu layihəni yaratmaq zərurəti qabardılıb, layihə üzvü Cavid Qasımov öz səngər şeirlərini səsləndirib. 

 

Tədbirdə həmçinin Naxçıvanın Şərur mahalının Yaycı kəndində doğulan, Bakıda böyüyüb orta və ali təhsil alan, heç vaxt üzünü görmədiyi Qarabağ uğrunda gedən  44 günlük Vətən savaşında tarix  yaradanların sırasında yer alan, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd və  Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşaraq müxtəlif medallarla təltif olunan Abbas Qasımov öz döyüş xatirələrini danışıb, onun anası İlkanə Qasımova isə bir əsgər anasının çəkdiyi iztirabları, məşəqqətləri dilə gətirərək müharibə ədəbiyyatı üçün yazıçılara yeni mövzu verib. 

 

Dinləmələr zamanı müharibə mövzusunun ədalət və sülh problemi ilə vəhdət təşkil etdiyinə və yazarların bədii nümunələrə məhz bu aspektdən yanaşmalı olduqlarına da diqqət çəkilib. Qələbəni bədii dillə əsaslan­dıran, təsəlli verən müharibə ədəbiyya­tının qəlbləri tərpədə bilməsi, hər kəsi yaxşı mənada həyəcanlandırması üçün yazarların bütün istedad və bacarıqlarını səfərbər etməsinin vacibliyi dönə-dönə vurğulanıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)

Bazar ertəsi, 23 Oktyabr 2023 14:45

“Ulduz”un Qulu Ağsəs dönəmi

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycanın mətbu orqanları içərisində öz çəkisi, sanbalı və dəyəriylə seçilən (zənnimcə, ən birincilər sırasında duran) "Ulduz" bu günəcən çox uzun, keşməkeşli və dolanbac yollardan keçib. Uşaqlığımızın, gəncliyimizin jurnalı olaraq həmişə diqqət mərkəzində olub və oxucu sevgisini bu günəcən qoruyub saxlayıb. 

 

Sözünü deyən, öz imzası ilə dünəndən bu günə inamla yol gələn yaradıcı insanların  söz yuvası olub həm də "Ulduz". Bu yuvada nə qədər şairlər, yazıçılar yetişib, pərvazlanıblar. Jurnal bütün dönəmlərdə   həmişə ən aktual mövzulara toxunmaqla ölkənin mədəni həyatındakı bütün yenilikləri özündə əks etdirib. Onun  formalaşmasında, ölkənin ədəbi mühitinin işıqlanmasında böyük əməyi olan, öz peşəkarlığı və obyektivliyi ilə seçilən yaradıcı heyətin   əməyi də danılmazdı. 

"Ulduz” ulduz olaraq bütün zamanlarda  mənən saflaşdırıb, öyrədib. Axı mətbuat  zamanın aynasıdı deyirik. Burda hər şeyi  olduğu kimidi. Dünyanın hər üzü.   

Jurnal  1967-ci ildən üzübəri müxtəlif söz adamlarının rəhbərliyi altında fəaliyyət göstərib və həqiqətən, zaman-zaman  həqiqi  ulduza çevrilib. Hansı yandan baxsaq, "Ulduz" ulduzdu.

...Bu günsə mən " Ulduz"a Qulu Ağsəs tərəfdən baxmaq istədim. Mübaliğəsiz. Eynəyinin arxasından ürəyindəkiləri oxuya-oxuya həm də. 

Qulu Ağsəs çalışqandı. Hətta deyərdim ki, bir az da artıq çalışqandı. Bu çalışqanlığın arxasında həm də sələflərinin qoyub getdiyi işə peşəkarlıqla yanaşmaq məsuliyyəti də var. Zarafat deyil, " Ulduz" mətbuat tarixinə öz adını möhürləmiş, dəyərli ustadların əlindən, zamanın ələyindən keçmiş, gözəl ədəbi nümunələri özündə ehtiva edən, müəyyən yaşa çatmış ədəbiyyat jurnalıdı. Bu ağır yükün altına girmək, onu bu gündən sabaha ötürməksə hər yaradıcıya nəsib olmaz. 

Qətiyyətlə deyə bilərəm ki, “Ulduz" bu gün bir Qulu Ağsəs dönəmini  yaşayır. Bir az da   işıqlı, bir az da parlaq. Özünəməxsusluq da var bu dönəmdə. Həm də heç kimə bənzəməmək, özünə can atmaq həvəsi. Jurnalı vərəqlədikcə hiss edirsən ki, Ağsəs üçün forma və məzmun mükəmməlliyi, mətn rəngarəngliyi və dolğunluğu önəmlidi. Bilirsən ki, şair irəliyə can atır, yenilik axtarışındadı. Bunu jurnalın hər  buraxılışında hiss edirsən. 

Şair üçun mətn də adamdı. Canı, ruhu var. Onun fikrincə, mətni incitmək olmaz. Mətnin nazıyla oynamaq lazımdı. Gözümüzün nuruyla, ürəyimizin oduyla yetişdirib ərsəyə gətirdiyimiz yazılar öz yerini tapanda çiynimizdən böyük bir yük götürülür. Baxın, biz təkcə öz yazılarımızın məsuliyyətini  daşımaqda çətinlik  çəkirik. Qulu Ağsəs isə hər buraxılışda bizim kimi neçə müəllifin narahatlığını və məsuliyyətini öz üzərində  hiss edir, hər mətnin üzərində öz balası kimi əsir. Narahat olur, qoruyur. Ta ki, jurnal ərsəyə gələnəcən, yeni "Ulduz" doğulanacan. Bir yandan oxucu zövqü, bir  yandan müəllif hüquqlarının qorunub saxlanılması baxımından hər şeyin dolğun və mükəmməl ərsəyə gəlməsi üçün yorulmadan, gecə -gündüz çalışır. Özü də  yüksək peşəkarlıqla. Həm də sevgiylə. Ümumiyyətlə, Qulu Ağsəs mükəmməlliyə can atan yazardı. Amma bununla belə ən zəif yazıların taleyi də onu narahat edir. Əlbəttə, müəlliflə oxucu arasında narazılıq yaratmadan həm də.  İşinin ustası olmaq hər rəhbərə, hər işçiyə nəsib olmur bəzən. Amma inamla deyə bilərəm ki,  Qulu Ağsəs gözəl şair, gözəl publisist olmaqla yanaşı, gözəl icraçıdı həm də. “Ulduz"-un heç bir  buraxılışı bir-birini təkrarlamır və əvəz etmir.  O,  hər dəfə görüşümüzə fərqli məzmunda, fərqli keyfiyyətdə gəldikcə bir daha əmin oluruq ki, ruhumuzun jurnalı əmin əllərdədi . "Ulduz" üz qabığından tutmuş içindəki  yazılara qədər ulduzdu. Qulu Ağsəs şeirində olduğu kimi işində də son dərəcə tələbkar  və məsuliyyətlidi. Gənc istedadlılara  göstərdiyi qayğı və diqqət isə bir ayrı  söhbətin mövzusudu. Onun həm də vaxta , zamana çatmaq öhdəlikləri də var. Hər şey zamanında və dəqiqliklə həyata keçməlidi. Bəlkə də, qıraqdan bir az sərt görünə bilər. (Eynəkdə). Amma  yalnız  uzaqdan. Şair-rəhbər, rəhbər-şair redaksiyaya təqdim olunan bütün yazıları gözlərinin nurundan  keçirir. Dərc olunan mətnlərin üstündəki   işıq gözünü qamaşdırır və öz-özünə "belə  insanlar varsa, yaşamağa dəyər"-deyirsən. Bu yazdıqlarım Qulu Ağsəs haqda düşündüklərimin yalnız balaca bir hissəsidi. Əminəm ki, Ağsəsin söz və öz dünyasına  işıq tutmaq üçun hələ çox zamanımız olacaq. Hələliksə, ədəbiyyatın keşiyində dördgözlə dayanan şairə sevdiyi işində   dözüm, səbir və mətanət arzulayıram .  Onsuz  da uğur həmişə var.

Görüşənədək, əziz oxucu!

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.