
Super User
Məktəblərdə ardıcıl zorakılıqlar - BİZ HARA GEDİRİK?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bir müddət öncə məktəb savad verə bilirmi mövzusunda bir yazımı paylaşmışdım və bir xeyli diqqət çəkən yazı olmuşdu. İndi isə bir sual verəcəyəm. Məktəblərdə tərbiyəsizləri ayıra bilirlərmi? Özəl məktəblərdə və liseylərdə öz prestijlərini aşağı salmamaq üçün yaşanılan hadisələrin üstü necə örtülür? 2-3min bəs edirmi bapbalaca uşağa sözün əsl mənasında təcavüz edənlərin əməllərini gözardı etməyə?
İndi hadisəni danışım sonda vicdanınız qərar verər. Ancaq mənim vicdanım bu barədə heç rahat deyil. Yəqin ki, bu hadisə və onun doğurduğu rezonans hamınıza bəllidir:
Bakının öndə gedən liseylərindən olan 6nömrəli məktəbdə 7ci sinifdə oxuyan 2-3şagird dərsdən sonra ingilis dilindən hazırlığa gedən 2ci sinifdə oxuyan yəni, cəmi 8yaşı olan körpəni ayaqyolunda tutub pornoqrafik məzmunlu video izlədir, uşağın bədəninə müxtəlif seksual hərəkətlər edib bəlli olacaq şəkildə göyərmiş izlər buraxırlar. Bütün bunlar azmış kimi, balacanın videosunu çəkib yaymaqla təhdid edirlər. 3gündür sosial şəbəkələrdə körpənin anası bildirir ki, uşaq günlərlə evdə yeməkdən kəsilir, yediyini qusur, ayaq yoluna gedəndə qışqırıb ağlayır və ana uşağın bədəninə baxan zaman bədənindəki göyərmələri görür. Uşağı dilə tutmağa çalışır, lakin uşaq qorxusundan heç nə demir. Sonra isə ana uşağı biraz da yola gətirib bütün hadisəni danışdırır. Və uşaq başına gələnləri ağlayaraq danışanda deyir ki, əgər mən hər şeyi danışsam, onlar mənim videomu bütün məktəbə yayacaqlar.
Hadisələrin acınacaqlı tərəfi bununla da bitmir. Valideynlər məktəbə gəlir, 7ci siniflərdən əməli törədən şəxs(ləri) uşaq dərhal tapır və valideynlərinə bildirir. Məsələni dəqiqləşdirmək üçün uşağı psixoterapevtə yönləndirirlər və psixoterapvet də hadisəni təsdiqləyir. Lakin 7ci sinifdə oxuyan uşağın valideynləri hadisəni qəbul etmir, uşağın haqqında yetkinlik yaşı çatmasa belə uşaq məhkəmələrinə müraciət olunmur, polis faktla bağlı araşdırma aparır, edu.gov bu hadisəni yalanlayır və hər kəs müəyyən bir yoldan məsələni ört-basdır etməyə çalışır.
Yəqin ki, hamımız o məktəbin imicini, orada kimlərin "gül balalarının" təhsil aldığını yaxşı bilirik. Və əslində qəribəsi də, budur ki, kimlərsə 7də oxuyan uşağı qınaya bilmir, onun da körpə olduğunu, əməlini anlamadığını deyir. Niyə? Çünki o, hansısa orta və ya aşağı təbəqədən çıxmış bir uşaq olsaydı başını kitabdan qaldırmadan ata-anasına güzaran qurmaq üçün adəta kitabla yatıb duran biri olardı, o isə əvəzinə istədikləri önünə qızıl sinidə sərilən birisidir.
7ci sinifdə oxuyan bir şagirdin təxmini 14 yaşı olur və 14yaşındakı bir fərd əqli qüsuru olmadığı halda hər hansısa bir əməl törədir və bu əməl cinayət sayılırsa, o uşaq inzibati məsuliyyətə cəlb edilməli, əməlinin bədəlini ödəməlidir. Əgər psixologiyanı çox düşünürüksə ondan öncə 8cə yaşı olan körpə zərərçəkmişin və illərlə övladı olmayan, 6ildən sonra ilk dəfə ana olan hətta, bir daha heç vaxt ana olmayacağını bilən bir ananın psixologiyası, aldıqları travma daha ön planda olmalıdır. Belə bir vəhşiliyə göz yummaq, iyrənc bir hadisədə uşağı günahlandıra biləcək bəhanələr tapmaq insaniyyətdən xaric əməllərdir. Mənim həmən körpə ilə yaşıd qardaşım var və hadisəni ilk eşidəndə gözümün qabağına qardaşım gəldi. Tüklərim biz-biz olmuş, kəlmələr boğazıma düzülmüşdü. Təsəvvür edin, bu hadisə sizlərdən birinin körpəsinin başına gəlir, nə hiss edərdiniz? O an qatil olacaq potensialı özünüzdə görürsünüzmü?
İndi mən susum vicdanınız danışsın.
P.S. Hadisədən sonra məktəbin direktoruna töhmət verildi. Bir gün keçmiş isə bu dəfə oxşar hadisənin 60 saylı məktəbdə baş verməsi gündəmə gəldi.
Nə baş verir?
Biz hara gedirik?
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Onun kamançası susubdur…
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Vətən müharibəsi şəhidi Xəlilov Ayaz Qnyaz oğlunun 25 yanvar həyata göz açdığı gündür.
Ayaz 25.01.1998-ci ildə Ucarda doğulub.
Ayaz İkinci Qarabağ Müharibəsi başlayan zaman könüllü olaraq səfərbərliyə yazılıb, sentyabrın 29-da ordu sıralarına cəlb edilib. O, 44 günlük Vətən Müharibəsi zamanı pulemyotçu kimi düşmənə meydan oxuyub.
6 oktyabrda Tərtər-Ağdərə istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Qəhrəmanımız "Vətən uğrunda" medalı ilə təltif edilib.
Haqqında deyilənlər:
“Ayaz sakit təbiətli, məsuliyyətli, çalışqan, ailəcanlı bir oğlan idi. O gözəl kamança ifa edirdi. Ətrafında çoxlu dost-tanışları vardı. Boş vaxtlarını dostları ilə birgə keçirməyi çox sevirdi. O öz vətəninə, torpağına bağlı bir oğlan idi".
…Gerisi isə Şəhidlər Xiyabanıdır.
Və onun kamançası susubdur…
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
O günlərə baxıram…
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bu gün müаsir Аzərbаycаn uşаq nəsrinin tаnınmış nümаyəndələrindən biri olan şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru Əzizə Əhmədovanın doğum günüdür.
Uşaqkən hər birimiz onun əsərlərini sevə-sevə oxumuşuq!
Əzizə Əhmədova 1932-ci il yаnvаrın 26-dа Bаkıdа dünyaya gəlmişdir. O, 1951-ci ildə Bаkı Pеdаqоji tехnikumunu bitirmiş, sоnrаlаr təhsilini Аzərbаycаn Dövlət Univеrsitеtinin jurnаlistikа şöbəsində dаvаm еtdirmişdir. Univеrsitеti bitirdikdən sоnrа 1956-cı ildən 1966-cı ilə qədər Uşаq və Gənclər nəşriyyаtındа rеdаktоr vəzifəsində işləmiş, sonra 1 il Azərbaycan Sovet Ensiklopediyasında böyük redaktor vəzifəsində çalışmışdır.
1967-ci ildə "Gənclik" nəşriyyаtınа dirеktоr təyin оlunan yazıçı, 1987-ci ilədək bu vəzifədə çаlışmışdır.
“Xınalı qayalar”, “Yaz qarı”, "Onu çiçəklər sevdi”, “Bu ellərə vurulmuşam”, “O günlərə baxıram”, “Bir ürək sındırmışam”, “Çiçəklərim” kitablarının və uşaqlar üçün yazılmış “Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları” əsərinin müəllifidir.
Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilib.
Yazıçının "Qоrхmаzın səhvi" аdlı ilk mətbu hеkаyəsi 1957- ci ildə “Piоnеr" jurnаlındа dərc оlunmuşdur.
Həmin ildən ciddi ədəbi fəaliyyətə başlayan Əzizə Əhmədovanın hekayələri müntəzəm olaraq "Аzərbаycаn piоnеri" qəzetində, "Göyərçin" və "Piоnеr" jurnalında və başqa mətbu orqanlarında dərc olunmuşdur.
Yazıçının 1985-ci ildə nəşr olun "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" adlı kitabı böyük əks-səda doğurmuşdur.
Əsərləri bir çох dünyа хаlqlаrının dilinə tərcümə еdilən Əzizə Əhmədova tərçüməçi kimi də böyük işlər görmüş, V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C.Barri, M.Prilejayeva, A.Rıbakov, A.Lindqren və s.-in əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Kitabları, tərcümələri, dramları, cizgi filmləri üçün yazdığı ssenariləri ilə yaddaşlarda silinməz izlər qoyan Əzizə Əhmədova 2003-cü ildə Bаkıdа vəfаt еtmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Xalqının maariflənməsi üçün canını fəda etdi
BU GÜN FİRİDUN BƏY KÖÇƏRLİNİN DOĞUM GÜNÜDÜR
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin.
Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim, ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən, ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanan, nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi Firidun bəy Köçərlinin doğum günüdür.
Firidun bəy Əhməd ağa oğlu Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdur.
1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin məktəbində, 1879-cu ildə isə bir il Şuşada rus məktəbində təhsil almışdır.
O dövrdə Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayan məşhur rus pedaqoqu A.O.Çernyayevski Şuşaya gəlmiş, Firidun bəyin adını da Qori Müəllimlər Seminariyasında oxuyanların siyahısına daxil eymişdir. Və o, 1879-1885-ci illər ərzində burada təhsil almış, müəllimlərindən A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət qurmuşdur.
1884-cü ildə "Təlimi-Sokrat" əsərini qələmə almış, 1885-ci ildə Seminariyanı biririb İrəvan gimnaziyasına təyinat almışdır.
1885-1890-cı illlərdə o, İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə Firidun bəy dəfələrlə mükafatlandırılmış, "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələrinə layiq görülmüşdür.
Burada çalışdığı dövrdə o, Zöhrabzadə ilə birlikdə "Təlimi-lisami-türkü" adlı dərslik tərtib etmişdir.
On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy 1886-cı ildə 23 yaşındaykən İrəvanda teatr tamaşası, yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil etmişdir.
1890-cı ildə İrəvanda "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını tamaşaya qoymuşdur.
1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Baxçasarayda "Tərcüman" mətbəəsində çap olunmuşdur.
1892-ci ildə A.S.Puşkindən tərcümə etdiyi 'Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır.
1895-ci ildə Firidun bəy İrəvanı tərk etmiş, 1895-1918-ci illərdə pedaqoji fəaliyyətini Qoridə davan etdirmişdir.
M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi isə "Novoye obozreniye" qəzetində dərc olunmuşdur.
1897 -ci ildə o, Badisəba xanım Köçərli ilə ailə həyatı qurmuşdur.
1898-ci ildə onun "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" jurnalında dərc olunmuşdur.
1900-cü ildə Müəllimlər seminariyasının ümumdünya Paris sərgisində Qori seminariyasından nümayiş etdirilən eksponatlar sırasına Firidun bəyin kitabları da daxil edilmişdir.
Firidun bəy Köçərli 1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.
1903-cü ildə Tiflisdə onun "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilmişdir.
Mirzə Fətəli Axundovun "Aldanmış Kəvakib" povestini də rus dilinə məhz Firidun bəy çevirmişdir.
1904-cü ildə A.P. Çexovun "At familyası" hekayəsini tərcümə edib kiçik bir müqəddimə ilə onu "Şərqi-Rus" qəzetində dərc etdirmişdir.
1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalını təqdir etmiş, jurnalın ilk üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb onu "Tiflisskiiy listok" qəzetində dərc etdirmişdir.
Həmçinin "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil müəllimlər seminariyasının yaradılması məsələsini qaldırmışdır.
"Znaniye" qəzetində Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləsi çap olunmuşdur.
1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, daha sonra Qori seminariyasının Azərbaycan şöbəsinin Qori seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur.
"Vətən dili" dərsliyi haqqında "Cənab Şirvanskinin rəyi münasibəti ilə" adlı məqaləsində A.O. Çemyayevskinin adı çəkilən dərsliyini müdafiə etmişdir.
1911-ci ildə M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış etmiş və eyni zamanda "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunmuşdur.
1912-ci ildə isə Bakıda "Kaspi" mətbəəsində "Balalara hədiyyə adlı" kitabı işıq üzü görmüşdür.
M.Ə.Sabirin xəstəliyi, ona maddi kömək göstərilməsi barədə "Bəradərim cəlildən çap olunmasını iltimas edirəm" adlı məqaləsini "Molla Nəsrəddin" jurnalında, Vəfati şair məqaləsini isə "Məlumat" qəzetində dərc etdirmişdir.
1913-cü ildə "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamış, lakin, əsərin Bakıda çapı üçün göstərilən səyləri baş tutmamışdır.
“Molla Nəsrəddin” jurnalında "Ana dili" adlı məqaləsini dərc etdirmiş, Qoridən Bakıya Abdulla Şaiqə məktub yazaraq "Azərbaycan ədəbiyyat tarixi materialları" nı çap etdirmək səylərini davan etdirmişdir.
1915-ci ildə "Kaspi" qəzetində "Dost və müəllim N.O.Lomourinin xatirəsi"adlı məqaləsi dərc edilmişdir.
1916-1917-ci illərdə Qori seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüş və siyasi proseslərə qoşulmuş, "Müsavat" partiyasına üzv olmuşdur.
1918-ci ildə Qori Müəllimlər seminariyasının Azərbaycan şöbəsini tədris ləvazümatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan müəllimlər Seminariyası yaradılmış, Firidun bəy Seminariyanın direktoru təyin olunmuşdur.
Və bundan sonra həmçinin Qazaxda ilk dəfə olaraq uşaq evi açılmışdır.
1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurasının üzvü seçilmiş, "İstiqlal bəyannamısi"ni imzalamışdır.
1919-cu ildə Fevral ayının 1-də "Müsavat" partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilmişdir.
1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində böyük xidmətləri olmuş, onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və silistikasını zəngimləşdirmişdir.
1920-ci ilin mayında Qazax kommunistləri Köçərli və digər "Müsavat" üzvlərini "xalqa xəyanətdə", "milli nifaq" törətməkdə ittiham etmiş, Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən Firidun bəy həbs edilmişdir.
Gəncə üsyanı yatırıldıqdan sonra erməni daşnaklarının təşəbbüsü ilə XI ordunun xüsusi şöbəsi tərəfindən ədib bolşeviklərə qarşı etirazların iştirakçısı kimi, 58 yaşında faciəli şəkildə qətlə yetirilmişdir.
Bəli, xalqımızın ən işıqlı şəxslərindən biri bolşevik-daşnak birliyinin qurbanı olmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Edam kötüyü
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əvvəllər yemək növbəsində dayanıb gələcək barədə düşünərdilər. İndi gələcək növbəsində dayanıb, yemək barədə düşünürlər.
2.
“Həmişə yadında saxla, sənin koronasiyana gurultu ilə əl çalan kütlə həmin kütlədir ki, eyni gurultu ilə də sənin edamına əl çalacaq” (Terri Pratçet)
3.
Rusiyaya gəlib Putinin qonağı olan Makron qayıdarkən post paylaşır: “Bir fincan çaya qonaq çağırdı. Masada yüz cür yemək, araq, çaxır, viski var idi. Çaya gedib çlxmadıq heç cür”.
3.
Kişilər, qadın axtarmayın, pul axtarın. Pul tapılsa, qadın da tapılacaq.
4
Oqtay Eloğlu Vəfalı Səriyyəyə giley eləyir: Mənim heç vaxt bəxtim gətirməyib. Subay vaxtı ata-anamın əlindən evə arvad apara bilməmişəm, evlənəndən sonra da arvadımın əlindən.
5.
Ən kədərlisi bilirsən nədir? Sənin arzun başqasında çin olur.
GÜNÜN PARAFRAZI: “Əgər sizi vicdanınız narahat edirsə, ona yuxu dərmanı verin”.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Ağ damlı evlərin çörəyi - NAĞIL
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Qulaq asın, danışım.
Biri var idi, biri yox idi, Yaradan var idi, bəndəsi yox idi. Çox qədimlərdə, gözəl bir diyarda dünyada heç bir yerdə olmayan, nadir sarı buğdası ilə şöhrət tapmış bir məmləkət vardı. Bu məmləkətin insanları çörək verən idilər. Üz tutub bu yurda gələnləri heç vaxt əliboş, çörəksiz qaytarmazdılar. Sarı-qızılı taxıl zəmilərində çalışan zəhmətkeş insanlar becərdikləri halal nemətdən yeyər, halallıqla da dolanardılar. Onlar bu zəmilərin sapsarı dənlə dolu sünbüllərini oraqla biçər, sərib günün altında qurudardılar. Sonra taxılı çarçarla döyər, buğda çəltiyindən ayrılar, sonra onu aparıb dəyirmanda üyüdər, unu çuvallara yığardılar. Bu dəyirmanda hər gün yüz çuval un üyüdülərdi. Yaxın-uzaq ellərdən tacirlər bu diyara buğda unundan bişirilən ətirli çörəkdən dadmaq həvəsilə gələr, dəvələrini un çuvalları ilə yükləyərdilər.
Dəyirmanın yanında karvansara var idi. Karvansara sahibinin övladı yox idi, amma yanında Tuncay adlı bir şagirdi vardı. Karvansara sahibi çox zalım və xəsis idi. Gələn zəvvarlardan gecələmək üçün çoxlu pul alardı. Şagirdi sahibinin hərəkətlərindən utanar, lakin heç bir söz deyə bilməzdi. Əlindən gələn mehriban təbəssümlə tacirləri qarşılayıb, yola salmaq olardı.
Bir gün xəsis karvansara sahibi xəstələndi, məmləkətin hər yerindən təbiblər gətirildi, lakin dərdinə bir əlac tapılmadı. Şagirdi ona dedi:
- Cəsarətimə görə bağışlayın, amma xəstəliyiniz daxilinizdə insanlara bəslədiyiz kin, paxıllıq və xəbislikdəndır. Bura çörək ətri ilə gələnlərə elə qiymət deyirsiniz ki, gəldiklərinə peşman olurlar. İnsanlarla belə rəftar etmək olmaz. Qazandığınız bir parça çörəyi Allah əlinizdən alıb, sizi kor qoyar.
Xəsis karvansara sahibi bir qədər fikirləşdi, gördü ki, gənc şagirdinin sözündə həqiqət var. Odur ki, əmr etdi:
- Bu gündən bura gələn bütün zəvvarlara bir çuval əlavə un verilsin, karvansarada isə gecələmək üçün çox cüzi ödəniş tələb edilsin.
Az sonra karvansara sahibi tacirlərin duası ilə sağalıb ayağa qalxdı.
Günlər keçdi, bu diyara üz tutanlar çörək verən karvansara sahibindən, sehrli buğda üyüdən dəyirmandan hər yerdə söz açdılar, bu məmləkətin sorağı mahaldan-mahala yayıldı.
Bu diyardakı evlərin damları ağ idi. Hər səhər günəş öz qızmar şəfəqlərini şehirli buğda əkilən zəmilərin üstünə salardı. Dənlə dolu sünbüllər yetişər, ağırlıqdan torpağa baş əyərdilər. Bu məmləkətin insanları evlərin damlarını ağ əhənglə əhəngləyərdilər ki, yayda sərin, qışda isti olsun. Ağ damlı evlər məmləkəti halal çörəkli bir bir yurd yerinə çevrilmişdi.
Ağ damlı evlərin diyarına hardansa gəlmə xəbis bir tayfa yerləşmişdi. Karvansara sahibi onlara kömək etmiş, ac qalmağa qoymamışdı. Amma dad qədirbilməz qonşu əlindən. Bu tayfanın qızlarından birinin karvansara sahibinin şagirdinə gözü düşmüşdü. Tuncay isə öz elinin qızını - Ağcanı sevirdi. Bunu bilən paxıl qonşu qızı saf ürəkli Ağca ilə dostlaşdı. Hər gün onları bir-birindən ayırmaq üçün yeni hiyləgərliklərə əl atdı.
Nəhayət, günlərin bir günü Tuncay Ağca ilə gizlicə görüşərkən karvansarada yanğın baş verdi. Karvansara yanıb tamam kül oldu. Günahı gəncdə gördülər. Hiyləgər qonşu qızı onun üzünə dayandı ki, yanğından qabaq karvansaraya gəlmiş, Tuncayı orada görmüşdür. Yəqin ki, karvansaranı da o yandırıb. Hamı diliqurumuş qonşu qızının sözünə inandı, Tuncayı daş-qalaq edib, eldən qovdular. Ağca gözüyaşlı qaldı.
Tuncay bu tənələrdən, haqsızlıqdan başını götürüb getməkdə olsun, sizə kimdən deyim, kimdən xəbər verim, karvansara sahibindən. O, şagirdinin karvansaranı yandırmasına inanmaq belə istəmirdi. Odur ki, axtarıb bir falçı tapdı, fal açdırdı. Falçı söylədi ki, oğlanın bu işdə heç bir günahı yoxdur, yanğını bu məmləkətə təzə köçən bir qız törətmişdir. Tuncayın başı üstündə şamlar yanır, o öz elinə qayıdacaq və bu yurda sahib çıxacaq, şah olacaqdır.
Hə, Tuncay öz el-obasından, sevgilisindən gözüyaşlı ayrılıb yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, diz qabırğada, ayaq üzəngidə getməyə başladı. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib cinlər diyarına yetişdi. Cinlər Tuncayı görən kimi üstünə atıldılar:
- Ey bəni-insan, sən kimsən, nəçisən? Nə cürətlə bura gəlib çıxmısan?
Tuncay pis insanların əlindən qacdığını söylədi və yalandan bu diyarı axtarıb-tapdığı üçün sevindiyini deyib, onları inandırdı. Cinlər gecələr oğurluqla xəzinə yığar, çörəyin nə olduğun bilməzdilər. Tuncay cinlər diyarında yaşamağa məcbur oldu və əl altından yavaş-yavaş onların bütün sirrlərini öyrənməyə başladı. Dostlaşdığı bir cinin üstünə dəmir sancaq taxdı ki, qaçmasın, ona yer şumlatdı, taxıl əkdirdi, ev tikdirdi. Dönüb oldu cinlərin ən inamlı, yaxın adamı. Cinlər padşahı da gəncin ağıllı, bacarıqlı olduğunu görüb, onu özünə vəzir təyin etdi..
Zaman sürətlə keçdi, Tuncay öz el-obası üçün çox darıxdı. Hər gecə yuxusunda anasını, sevgilisini gördü. Öz mahalına, elinə dönmək istədi. Bir gün cinlərdən öyrəndiyi cadu-əfsunu oxuyub, görünməz oldu, cinlərin yığdıqları bütün xəzinəni ələ keçirdi. Dostlaşdığı cinin belinə minib onu evlərinə aparmağı əmr etdi. Beləcə, bir illik yolu bir günə gəlib, doğma yurda yetişdi. Bir evdə axşamladı. Ev sahibindən öyrəndi ki, karvansara sahibi dünyasını dəyişmiş, bütün malını-madarını ona vəsiyyət etmişdir.
Səhər açıldı, Tuncay şəhər əhlinin meydana tərəf axışdığını gördü. O da onlara qoşuldu. Bu vaxt bir quş gəlib düz gəlib onun başında oturur. Sən demə, bu şahlıq quşu - Humay quşu imiş. Şah ölmüş, şəhər əhli özlərinə yeni şah seçmək üçün quşu üç dəfə uçurtmuş, üçündə də quş gəlib Tuncayın başına qonmuşdu. Beləcə, camaat Tuncayı taxta çıxardır, özlərinə şah seçirlər. Tuncay şah seçiləndən sonra hiyləgər qonşu qızını qatıra bağlayıb, ölənə qədər sürütdürür, Ağca ilə kəbin kəsdirib, qırx gün, qırx gecə toy edir, ömürlərinin sonuna qədər şad-xürrəm yaşayırlar. Çörəyi bol olan ağ damlı şəhərin sakinləri ağıllı şahları ilə firavan yaşayıb, ömür sürürlər.
Burada nağıl tamama yetdi, hamı durub evinə getdi. Mən də ağ damlı evimə getdim. Evə girdim, göydən üç alma düşdü, üçü də öz ağzıma düşdü, nə edim ki, sizə çatmadı.
Hə, nağılsevərlər. Söylədiyim nağılda həqiqət də var. Sonralar ağ damlı evlərin elində - Ağdamda həmin dəyirmanın və karvansaranın yerində çörək muzeyi yarandı. Çörəyi göz bəbəkləri kimi qoruyanlar, illərlə bu sehirli dəyirmanı da qoruyub, yüz illər tarixi olan abidəyə çevirdilər. İnanırıq ki, yenə də uzaq ellərdən insanlar həmin yerlərə çörək ətrinə gələcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Necə olur ki, Azərbaycan heç bir ölkədən investisiya almadan dağıdılmış kəndlərini, şəhərlərini bərpa edir?
Yunus Oğuz, “Ədəbiyyat və incəsənət”in təqdimatında
"Əsas odur ki, biz hədəfimizdən yayınmayaq"
Avropa Şurası Parlament Assambleyasının qərarı gözlənilən idi. Hazırda iki dövlət Avropada ağalıq etmək uğrunda mübarizə aparır. Bunlardan biri Fransa, digəri isə Almaniyadır. Almaniya Fransadan geri qalmamaq üçün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səsinin dondururlması ilə bağlı layihə təqdim edib.
Maraqlı məqam ondan ibarətdir ki, hər iki dövlətdə etiraz aksiyaları keçirilir. Almaniyada dəmiryolçular üç günlük tətil elan ediblər, əmək haqlarının 500 avrodan çox artırılmasını tələb edirlər. Fransada isə kənd təsərrüfatı işçiləri yolları bağlayıblar. Məlum olduğu kimi hazırda Fransa büdcəsinin profisiti yoxdur, Almaniyada isə büdcə gəlirləri var. Azərbaycan da profisitlə iqtisadi inkişafını təmin edir. Avropa isə bunu həzm edə bilmir. Avropa görür ki, Yunanıstan kimi dövlətin yaşaması üçün milyardlarla vəsait xərclənir, Azərbaycan isə heç bir ölkədən investisiya almadan dağıdılmış kəndlərini, şəhərlərini bərpa edir. Təbii ki, belə bir vəziyyət Avropadakı erməni lobbisini rahatsız edir. Fikirləşirlər ki, Azərbaycandakı sürətli iqtisadi yüksəlişin qarşısını necə almaq olar? Odur ki, qərara gəliblər ki, dünyada Azərbaycanın nüfuzuna xələl gətirilməlidir. Düzdür, Azərbaycan Fransanın öz günahı ucbatından Qoşulmama Hərəkatında bu ölkə ilə bağlı kifayət qədər təbliğat aparır. Amma Almaniya anlamır ki, müsəlman ölkəsində necə profisitlə işləmək olar. Odur ki, çalışırlar Azərbaycanı yolundan sapdırsınlar. Bu isə qətiyyən mümkün deyil. Biz otuz ildə AŞ PA-nın heç bir iclasında Ermənistanın səsinin dondurulmasının şahidi olmadıq. Artıq fransız saytlarında da AŞ PA-nın qərarının əleyhinə yazılar gedir. Bilirlər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarı həyata keçirib. Əslində bunu alqışlamaq lazımdır. Harada görünüb ki, özləri çıxıb gedən ermənilər mənfəətlə, maddi maraqla geri qaytarılsın? Azərbaycan bəyan edib ki, kim Azərbaycan vətəndaşlığını, Azərbaycan Konstitusiyasını qəbul edirsə qalsın.
Azərbaycan təkcə iqtisadi yüksəlişi ilə deyil, həm də geosiyasi nüfuzu ilə seçilir. "
Azərbaycan İran və Rusiya ilə münasibətlərin pis olmasını istəmir, Türkiyə ilə strateji müttəfiqliyi var, Gürcüstanla da çoxsaylı müttəfiqlik sazişi imzalayıb. Hətta, bəzi sahələrdə strateji müttəfiqlik məsələsi var. Türkiyənin iqtisadi inkişafı yüksək səviyyədədir, büdcədənkənar 140 milyard ehtiyatı var. Azərbaycanın da valyuta ehtiyatı yüksələn xətt üzrə inkişaf edir. Avropa yaxşı başa düşür ki, bu dövlətlər getdikcə daha çox müstəqil olurlar və bunun qarşısı alınmalıdır. Seçkilərə çağrılmamaq məsələsi isə sadəcə bir bəhanədir. Azərbaycanın gücü yetir ki, seçkiləri normal demokratik, şəffaf şəkildə keçirsin. Belə məlum olur ki, bütün dava Zəngəzur dəhlizinin üstündədir. Almaniya, Fransa, Rusiya və başqaları da oradan pay qoparmaq istəyirlər. Təsəvvür edirlər ki, bu dəhliz açılsa Azərbaycanın iqtisadi inkişafı hansı sürətlə yüksələcək. Avropa dövlətləri də həzm edə bilmirlər ki, necə olur ki, Azərbaycan və Türkiyə kimi iki dünyəvi, müsəlman-türk dövləti sürətlə inkişaf edir. Bunun da ardınca Orta Asiya dövlətləri gəlir. Hazırda dörd Orta Asiya Türk dövlətinin də inkişaf etdiyi müşahidə olunur. Almaniya və Fransa kimi Avropa dövlətləri fikirləşirlər ki, bunun qarşısı kəsilməlidir. Çünki, Azərbaycanın hətta xristian ölkələrindən olan müttəfiqləri bəllidir. Bunlar Böyük Britaniya, yarı Amerika, İsrail, Türkiyə, Pakistan, yarı Rusiyadır, bəs biz niyə müttəfiqlər sırasında yoxuq? Ona görə də bütün imkanlarını ortaya qoyurlar ki, Azərbaycanı yolundan sapdırsınlar, Azərbaycan bölgədə geopolitikada və geoiqtisadiyyatda lider omasın və biz istəyəni eləsin. Bax, bütün davalar bunun başındadır.
Avropa Şurasında indiyə qədər mindən artıq qərar şıxarılıb. Təxminən 1057 qərarın heç biri icra olunmayıb. Avropa Şurasında olan boşluqlar göstərir ki, bu qurumun "ağzının kəsəri" yoxdur. İndi Azərbaycanla bağlı qərar da olsun 1058-ci. Məlumdur ki, bütün davalar "Bir kəmər, bir yol"un üstündədir. Artıq bu istiqamətdə mübarizə başlayıb. Ancaq narahatlığa əsas yoxdur, bu məsələ də ötüb keçəcək. Biz belə şeyləri çox görmüşük. Əgər BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirə bilmirlərsə, Avropa Şurası xırda məsələdir. Əsas odur ki, biz hədəflərimizdən yayınmamalıyıq. Bizim yaxın, orta, uzaq va daha uzaq hədəflərimiz var. Biz bu hədəflərə çatmaq istiqamətində iş aparmalıyıq. Azərbaycan xalqı da sağ olsun ki, lazımi birlik nümayiş etdirir. Baxmayaraq ki, məlum dairələr istəyirlər ki, Azərbaycan daxildən qarışsın, mitinqlər, piketlər keçirilisin, marketlər, obyektlər dağıdılsın, zavod və fabriklərə hücumlar olsun. Amma bunlar baş vermədiyindən Avropa dövlətləri hirsindən partlamaq dərəcəsinə gəlirlər ki, bu Azərbaycan nə ölkədir ki, burada illərdir heç nəyi qızışdırmaq olmur.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
“Oskar” mükafatına namizədlər - KİMİ GÖZLƏYİRDİK, KİMİ YOX
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Amerika Kinomatoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.
Kino sənayesindəki ən yüksək nailiyyətlərə görə 96-cı mükafatlandırma mərasimi martın 10-da Los-Ancelesdə keçiriləcək. Kim qalib gələcək? Nominantlardan kim gözlənilən idi, kimi isə heç kəs bu ucakıqda görmürdü? Öncədən deyim ki, fikirlər demək olar ki, haçalanmadı. Hansı filmlər öz adına ad eləmişdisə onlar da əsas nominant elan edildilər.
1.
2024-cü il “Oskar” mükafatına namizədlər sırasında “Ən yaxşı film” nominasiyasında hansı filmlər var?
Təbii ki, bu nominasiya “Oskar”ın əsas nominasiyasıdır və əsas diqqət də məhz burayadır. Nominasiyada 10 filmin adı çəkilir. Və əlbəttə ki, ilin 4 əsas filminin 4-ü də burada yer alıb, “Oskar”ı bu 4 filmdən birinin alacağı isə heç kəsdə şübhə doğurmur.
10-luq budur:
“Amerika ədəbiyyatı”,
“Yıxılmanın anatomiyası”,
“Barbie”,
“Tərk edilmişlər”,
“Çiçəkli Ayın qatilləri”,
“Maestro”,
“Oppenheymer”,
“Keçmiş həyatlar”,
“Yazıqlar-bədbəxtlər”,
“Maraqlar zonası”.
4 əsas film isə, təbii ki, hər bir kino izləyicisi gözüyumulu həmin fiımlərin adlarını sadalaya bilər:
“Yıxılmanın anatomiyası”,
“Barbie”,
“Çiçəkli Ayın qatilləri”,
“Oppenheymer”.
2.
“Ən yaxşı rejissor” adı uğrunda bu 5 rejissor yarışacaq:
Jyustin Trie (“Yıxılmanın anatomiyası”),
Martin Skorseze (“Çiçəkli Ayın qatilləri”),
Kristofer Nolan (“Oppenheymer”),
Yorqos Lantimos (“Yazıqlar-bədbəxtlər”), Conatan Qleyzer (“Maraqlar zonası”).
Və burda da əsas mübarizənin kimlər arasında gedəcəyi şübhə doğurmur:
Martin Skorseze və Kristofer Nolan!
3.
“Ən yaxşı kişi rolu”na görə mükafat üçün Bredli Kuper (“Maestro”), Kolman Domingo (“Rastin”), Ceffri Rayt (“Amerika ədəbiyyatı”), Pol Camatti (“Tərk edilmişlər”), Killian Mörfi (“Oppenheymer”) mübarizə aparacaq.
Burada Oppenhaymeri canlandıran Killan Mörfi özünə rəqib tanımır. Kplman Domingonun isə buraya qədər gəlib çıxması sensasiya hesab edilə bilər.
4.
“Ən yaxşı qadın rolu”na görə mükafat Annet Beninq (“Dayana Nayed”), Lili Qladstoun (“Çiçəkli Ayın qatilləri”), Sandra Hyüller (“Yıxılmanın anatomiyası”), Keri Malliqan (“Maestro”), Emma Stoun (“Yazıqlar-bədbəxtlər”) arasından seçiləcək.
Ən iddialı Sandra Hyüller görünür.
5.
Eyni zamanda mərasimdə “Ən yaxşı ikinci dərəcəli kişi rolu”, “Ən yaxşı ikinci dərəcəli qadın rolu”, “Ən original ssenari”, “Ən yaxşı bədii qısametrajlı film”, “Ən original mahnı”, “Ən yaxşı saundtrek”, “Xarici dildə ən yaxşı film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi” və “Ən yaxşı qısametrajlı cizgi filmi” nominasiyaları üzrə də qaliblər müəyyənləşdiriləcək.
Bir sözlə, bütün diqqətlər artıq indidən Los-Ancelesə yönəlib.
Şəkillərdə: Qapaq şəklində Martin Skorzese, iç şəkillərdə Kristofer Nolan və “Yıxılmanın anatomiyası” filmindən kadr.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Şirin qayğanaq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Şirin qayğanağın hazırlanması qaydasını şərh edəcəyik.
Şirin qayğanaq
ƏRZAQ:
Yumurta – 120 qr
Yağ – 15 qr
Bal (və ya doşab, şəkər tozu)
– 30 qr
Duz – 2 qr
Xörək əlavəsi:
sarımsaq – 2 qr, qatıq – 50 qr
HAZIRLANMASI:
Yağ əridilir, yumurta çalınaraq, yağa əlavə olunur. Hər iki tərəfi qızardılır. Süfrəyə veriləndə üzərinə bal, doşab və ya şəkər tozu əlavə olunur.
Qayğanaq sarımsaqlı qatıqla da yeyilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
42-ci hissə
Manqabaşçısı
“The pimping of prostitution: Abolishing the Sex Work Myth” kitabı ilə tanışlıqdan sonra Ülkərin həyatı lap cəhənnəm əzabına döndü. Əlcək kimi dəyişdirdiyi kişilərdən tanış olanlar da çıxırdı, hətta bir dəfə o qədər inanılmaz olay baş vermişdi ki… Bir xeyli yaşlı,-- əllibeş-altmış yaşı olardı, -- kişi intim yaxınlıq bitəndən sonra Ülkərlə belə bir dialoqa getmişdi:
-- Ay qızım, sən mənə yaman tanış gəlirsən. Elə bil ki, bizim rayonnusan. Hardansan ki sən?
-- Buralıyam. Yerliyəm, a kişi. Nə rayon?!
-- Bizim rayonda bir anasının əmcəyini kəsən polis rəisi varıydı, Qələndərov. Nədisə də, səni onun qızlarına bənzətdim. İki qızı var idi, biri Ülkəriydi, biri Leyli. Qonşuyduq. Birevli kimiydik.
Deməzsənmiş, bayaqdan suyu şirin gələn bu kişi qonşuları Əbdül kişiymiş, Türkanla Səlimin ataları. Bazara heyva vurub gətiribmiş rayondan. Qazancı yaxşı olubmuş deyə cavanlıq eləmək fikrinə düşübmüş.
Ülkərin bədənindən sanki cərəyan keçdi, durub tez əynini geyinib kafenin kabinəsindən çıxdı, azacıq aralanıb hönkürtüylə ağlamağa başladı. Demək, təsadüfən kiməsə qulluq eləyəndə mütləq onu tanıya bilərdilər. Bu kişi oxşatdı, amma tam tanıya bilmədi, növbətisi tanıya bilərdi amma.
Göz yaşları içində Allaha yalvardı ki, ya Rəbb, məni bu yola saldın, barı axıradək gizli qalmağımda, sirrimin üstünün açılmamasında mənə yardımçı ol.
Əlbəttə ki, təsadüfən elə qardaşı Xəyal sifarişçisi ola bilərdi, Xəyal o vaxtdan arvadbaz idi, fahişə xidmətindən istifadə edirdi. Özünə fahişə sifariş verə bilərdi, həmin ünvana da Naza bilməyərəkdən Ülkəri göndərərdi. Gör bir onda nə həngamə qopardı. Yaxud Rəşid müəllimdən, Rasimdən biri müştərisi çıxa bilərdi. Ən pisi isə həmin o eynəkli alim, İqbal. Nələr olardı, nələr keçərdi...
Mənfur 2016-cı il – otuz illik yubiley ili bax beləcə -- ağrılı-acılı davam etməkdə, öz sonuna çatmaqda idi. Bu il Turalı itirmiş, taledən ağır bir zərbə almışdı. Ardınca İqbal onun xoşbəxt olmaq üşün son tutalqasını əlindən almışdı. Ardınca da fahişəliyi seçmişdi. Zərbə zərbə dalınca.
Ülkər bir qədər dikbaş idi, Nazanın qızlarının əksəriyyəti yaşca ondan kiçik idilər, subaydılar, onların üstlərinə qışqırmağı, acıqlanaraq onları divara qısnamağı var idi, qızlar əksərən ondan çəkinirdilər, sözünün qarşısında söz demirdilər. Bəzən Ülkər heç nədən əsəbiləşir, hansısa qızı vurmaqdan, saçını yolmaqdan belə çəkinmirdi. Ağrılı-acılı illər onun əsəblərini pozmuşdu, elə olurdu ki, özünüidarəni belə itirirdi.
Naza çox vaxt xarici səfərlərdə olurdu, xüsusən Dubaya seks turlar təşkil edir, seçmə qızları ora aparırdı, həmin məqamlarda həftələrlə Bakıda olmurdu, buradakı qızlara nəzarəti itirir, gəlir-çıxarını eləyə bilmirdi. Ülkərin qızlar arasındakı çəkisini görüb Naza onu manqabaşçısı təyin etdi, artıq Ülkər özü müştəri ilə nadir hallarda görüşürdü, daha çox müştərilərlə qızları calamaqla, pul bölgüsü aparmaqla məşğul olurdu. Bu, onu xeyli yüngülləşdirmışdı.
Bir gün yuxusunu qarışdırmışdı. Rayondakı evləriydi, anası və üç uşaq oturmuşdular. Nə idisə yeyirdilər. Sonra atası da gəldi. O da oturdu, anası həmin o yediklərindən ona da çəkdi. Bu vaxt uğultu səsi eşidildi, taxta qapı laybalay yerindən qopdu. Rayon camaatı idi, əllərində bel, yaba, balta. Tökülüşdülər bunların üstünə. Əvvəl bacısını, sonra qardaşını, sonra anasını, sonra atasını parçaladılar. Ən sonda Ülkərin üstünə gəldilər. Ülkər titrəyirdi, qışqırıb imdad diləyirdi. Amma imdad eləmədilər, öncə ayaq və əl barmaqlarını, sonra ayaqlarını və əllərini kəsdilər, sonra da başını yerindən üzdülər. Şorultuyla qanı axdı...
Qan-tər içində yuxudan ayılanda başa düşdü ki, bu gün nəsə yaxşı gün olmayacaq.
Naza Dubayda idi. İşləri aşırmaq Ülkərin boynunda idi. Naza “iş telefonu” dediyi telefonu gedəndə Ülkərdə qoyub gedirdi, sifarişləri Ülkər qəbul edirdi. Adətən sifarişlər günortadan başlayır, axşamüstü kəlləçarxa vururdu.
Yenə də günorta ilk zəng gəldi. Vorovskiyə iki bahalı sütül qız göndərdi. Sonra “Veterok”a “Sovtransavto” sürücüsünə ucuzvari bir xala yolladı. Bakı-Sumqayıt yolundakı moteldə əylənən üç dosta üç qız göndərəndən sonra televizorda rayonlardan birində reyd edildiyi, əxlaqsızlıq yuvası aşkar edildiyi barədə süjet gördü, dalağı sancdı. Polislər yarıçılpaq qızları, kişiləri sıraya düzmüşdülər, onlar da üzlərini kameradan gizləyirdilər. “Ay Allah, uzaq elə” deyə imdad dilədi, bir gün belə bir aqibətə özünün də tuş olacağı ağlını zəbt etdi, çox qorxdu. Gecə yuxusunu qarışdırması yenə yadına düşdü, telefonu qapatdı ki, bu gün heç nə eləməsin, bu gün nəsə xoşagəlməz bir şey olacaq.
Az keçmiş Naza Ülkərin şəxsi nömrəsinə zəng vurdu, dişinin dibindən çıxanı ona dedi. “Necə yəni telefonu söndürmüsən, işimizi iflic etmisən?”Naza onu cərimələməklə, saçını yolmaqla hədələdi, “zaryatka qurtarıb” bəhanəsi yersiz idi əlbəttə. Nazanın rəfiqəsi hansısa məmurun bağına qız göndərməyə boyun olubmuş, “iş nömrəsi”nə zəng vurub telefonu sönülü görmüş, dərhal Nazanı yığmışdı...
Məmurun işini cəld düz-qoş etdikdən sonra “Veterok”a altı qız çıxarmaq sifarişi gəldi, axşam saat 9 radələri idi, belə qrup halında sifariş olanda manqabaşçısı özü mütləq hadisə yerinə gedir, qızları aparır, pulu alır, qızlar işlərini görüb qurtardıqdan sonra onlara düşən məvacibi verib evlərinə yola salırdı.
Qızları da götürüb iki taksiylə kafeyə getdilər. Kafeni işlədən şəxs Ülkərlə çox qarşılaşmışdı, hətta bir dəfə onun müştərisi də olmuşdu. Qoşa deyə çağırılan bu şəxs altı qızdan ötrü on birinci sinif şagirlərindən altı yüz manat aldığını, pulun yüzünü özündə saxlayacağını izhar etdi. Ülkərə öncə olay çox iyrənc göründü, məktəblilər gəlib kafedə spirtli içki qəbul edirlər, ardınca da intim həyat yaşayırlar, belə şeymi olar? Oğlanlara baxdı. Sütül ana uşaqları idi. Cəmiyyət nə zaman bu qədər etinasız olmuşdu ki, bu ana uşaqları bir belə pulla gəlib burada araq içmişdilər, indi də hətta bəzisi anaları yaşda olan qadınlarla intim əlaqədə olacaqdılar?
Etirazını bildirəndə Qoşa qəhqəhə çəkdi, dedi, rəhmətliyin qızı, yaşın nə fərqi var, kişilik qalxanda gərək onun tələbini ödəyəsən.
Qızlar kabinələr üzrə bölündülər, Ülkər zalda oturub gözlədi. Vaxt əsla keçmirdi. Qoşadan aldığı beş yüz manatı bufetçidə xırdalamışdı ki, qızların hərəsinə əlli manatdan versin, yerdə qalan iki yüz manatı da daxıla atacaqdı.
“Bircə bu günü sağ-salamat başa vurub evə gedə biləydim”.
Diləyi bu idi.
Bir də onu gördü ki, səs-küy qalxdı, aləm bir-birinə dəydi.
Polislərdi, qapıları bağlayıb yetəni divar dibinə düzürdülər.
Sonra hadisələr bir göz qırpımında cərəyan etdi. Yarıçılpaq qızlarla sütül məktəbli oğlanları, kafenin işçilərini, digər iki-üç müştərini Qoşa və Ülkərlə bərabər avtobusa basdılar.
Ülkər qurtulmaq üçün çabalar göstərdi, ağlaya-ağlaya polisə dedi:
-- Ay qardaş, məni niyə aparırsız, mən yazıq bir qısmat şörək yeməyə gəlmişdim bura. Günahım nədir axı?
Sən demə, gələnlərə yerli-yataqlı hər şey məlum imiş. Kimin kim olduğunu onlar yaxşı bilirdilər.
-- Qəhbəbaşı, sən sus. Nə yuvanın quşu olduğunu gözəl bilirik. Ad batıran ləçər. Barı polis rəisi olmuş atanın adını batırmayaydın.
Yer yarılsaydı, Ülkər yerə girərdi.
Ən pisi isə o idi ki, televiziyalar da reyddə iştirak edir, onları çəkirdilər. Üz gizlətmək də kara gəlmirdi. Ülkərin adı, soyadı, ata adı – hamısı elan olundu. Bu boyda rüsvayçılığın altından necə çıxacağını bilmirdi. Həmin an məqam tapıb özünü öldürmək istəyirdi ki, sonrasından xəbəri olmasın. Allahdan möcüzə diləyirdi ki, bircə yer yarılaydı, o da orada qərq olaydı.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)