
Super User
Ermənistan fransız-ingilis koloniyasına çevrilir - SİYASİ ŞƏRH
Salam hörmətli “Ədəbiyyat və incəsənət”!
Mən Kamran Mammadovam, “Cənubi Qafqaz və Şərqi Avropadakı azərbaycanlı jurnalistlərin cəmiyyəti" təşkilatının nümayəndəsiyəm. Əvvəllər bizi "Gürcüstandakı Azərbaycan icması" adlandırırdılar. Ancaq təşkilatımız gənc jurnalistlərlə dolduruldu və buna görə adını dəyişdirməyə qərar verdik. Üzvlərimizdən biri - Leyla Kərimova Fransanın Cənubi Qafqazdakı dağıdıcı siyasətinə dair bir məqalə yazıb. Çox istəyərdik ki, məqalənin dərc edilməsində bizə kömək edəsiniz.
Əvvəlcədən təşəkkür edirik!
Müəllif: Leyla Kərimova.
2002-ci ildə Rustavidə, Gürcüstanda anadan olub. İndi Tbilisidə yaşayır və oxuyur. İvane Cavaxishvili Tbilisi Dövlət Universitetinin tələbəsidir.
Ermənistan fransız-ingilis koloniyasına çevrilir
Fransanın Azərbaycan Respublikasındakı səfiri Ann Buayon (şəkildə) Aprelin 16-da məsləhətləşmələr üçün Parisə geri çağırıldı. Respublikanın XİN-i bu addamı “Bakının iki ölkə arasındakı münasibətlərə zərər verən birtərəfli hərəkətləri” ilə izah edib.
Amma bu diplomatik jestin dərin simvolik mənasına baxmayaraq, bu cür davranış, sadəcə olaraq, qeyri-sabit bir güc nümayişidir. Oksford Universitetinin eksperti Leyla Əliyevanın sözlərinə görə Fransanın Azərbaycandakı səfirinin geri çağırılması Paris və Bakı dövlətlərarası dialoq üçün ciddi nəticələrə səbəb olmayacaq. Onun fikirincə, heç kim ikitərəfli münasibətlərin mürəkkəbləşməsində və xüsusən də ciddi siyasi böhranda maraqlı deyil. Amma onda Fransa Bakıya qarşı kəskin hücumlar edərək nəyə nail olmaq istəyir?
Son illərdə Cənubi Qafqazda Parisin xarici siyasət kursunun diqqətlə təhlili belə qənaətə gəlməyə imkan verir ki, Fransa ən kəskin regional böhranların, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı deyil. Fransanın Dağlıq Qarabağdakı vasitəçiliyi əsasən İrəvana diplomatik ləngimələrlə məhdudlaşdı və acı uğursuzluqla başa çatdı və Emmanuel Makronun kabineti hələ də bu uğursuzluğun nəticələrini aradan qaldırmağa çalışır.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəlibəsi və sonra 2023-cü ildə uğurlu antiterror əməliyyatı nəticəsində Qarabağda ermənipərərst separatçı rejimin sügutu Fransanın bölgədə siyasi fəallığının artması üçün başlanğıc nöqtəsi oldu. Cənubi Qafqazda əsas oyunçu olmaq həyəcanı ilə yanaşı, Makronun regiondaki hiperaktivliyi Fransanın Afrika və Avropa qitəsindəki uğursuzluqlarından ictimayyətin diqqətini yayındırmaq istəyi ilə ələqədardır. O, Ukraynaya NATO kontingentinin göndərilməsi ilə bağlı qalmaqallı təşəbbüsünü irəli sürərkən də eyni şeyi rəhbər tutmuşdu.
Paris Cənubi Qafqazda öz avantürasında Ermənistana arxanandı. Bu seçim yalnız erməni diasporunun Fransa elitasına ənənəvi güclü təsiri deyil, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın siaysi zəifliyi ilə bağlıdır. O Makron hökuməti üçün çox rahat bir “sparring tərəfdaşı” oldu.
Dağlıq Qarabağda alçaldıcı məğlubiyyətindən sonra Nikol Paşinyan ermənilərin gözündə milli rüsvayçılığın günahkarına çevrildi. Hər tərəflərdən qorxaqlıq, xəyanət və Dağlıq Qarabağa təslim olmaq ittihamları onun başına düşdü. Paşinyanın istefasını tələb ədən etiraz aksiyaları davam edir. Onlar etirazçılarla polis arasında açıq toqquşmalarla çevrilirlər. Ermənistan ordusunun cəmiyyətdə nüfuzu kəskin şəkildə aşağı düşüb. Ermənistan dövlət aparatı iflic vəziyyətindədir.
Ermənistanın bu süst vəziyyətindən Fransa istifadə etdi. O, kömək göstərmək bəhanəsi ilə Cənubi Qafqaza geosiaysi “tentacles”-i daha da dərinləşdirib.
Azərbaycanın “Report” İnformasiya Aqentliyinin direktoru Fuad Hüseynəliyevin oxşar fikri var. O hesab edir ki, Fransa Cənubi Qafqazda öz mövqelərini gücləndirmək və Ermənistanı Şərqdə siyasi təsirinin forpostuna çevirmək məqsədi daşıyır. Ukrayana müharibəsi Paris xeyrinə də oynayır, çünki o, Rusiyanın əhəmiyyətli diqqətini və resurslarını Qafqazdan yayındırır.
Hüseynəliyevin fikirincə, Fransa Cənubi Qafqazda uğur qazansa, digər regionlarda da təsirini gücləndirməyə çalışacaq.
İndi Fransa Ermənistanla ikitərəfli əlaqələri, xüsusən də hərbi sahədə əlaqələrini fəal şəkildə inkişaf etdirir. Paris də beynəlxalq arenada İrəvana informasiya və siyasi dəstək verir. Və Fransanın Azərbaycan tərəfinə media və diplomatik hücumları bununla əlaqədardırlar. Ancaq təcrübə göstərdiyi kimi Fransa nə qədər silkələsə də, Azərbaycan xalqının dəmir yumruq və polad iradəsi tarixi ədaləti bərpa etmək üçün istənilən düşmənin sümüklərini üyüdəcək. Parisin dərk etməsinin vaxtıdır ki, Azərbaycan torpaqları Azərbayacana məxsus olub və olacaq. Bu faktdır. Və Fransanın bu barədə nə düşündüyü bizi əsla maraqlandırmır.
Paris və İrəvan arasında əməkdaşlıq məsələsini ətraflı nəzərdən keçirsək, 2023 – cü ilin oktyabrında iki ölkənin müdafiə nazirlərinin Ermənistana Fransa silahlarının tədarükü haqqında saziş imzalamasını xatırlatmaq lazımdır. İndi Fransa Ermənistana 24 “Bastion” zirehli personal daşıyıcısı verdi və daha 26 zirehli personal daşıyıcısı istehsal mərhələsindədirlər. Həmçinin, Ermənistan üç fransız radarı “GM200” almaq üçün müraciət etdi və tərəflər arasında İrəvana daşınabilən “Mistral 3” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı danışıqlar aparılır. Ermənistanın fransız “Cesar” artilleriya sistemlərini alması da istisna edilmir. Bu məsələ iki ölkənin hərbi idarələri tərəfindən fəal şəkildə müzakirə olunur.
Ancaq fransız silahları İrəvanla pis zarafat edə bilər. Verilən silahlar Ermənistan silahlı qüvvələrinin keyfiyyətcə modernləşdirilməsi üçün kifayət etmir. Eyni zamanda, Fransanın yardımı İrəvanda geniş beynəlxalq dəstək barədə təhlükəli illüziyalar yaradır. Bu da öz növbəsində erməni millətçi radikallarının səpələnmiş qalıqları arasında revanşist əhval-ruhiyyəni artırır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2023-cü il dekabrın 6-də “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxış edərkən bunu haqlı olaraq qeyd etdi. O dedi ki, Fransa Ermənistanı silahlandırmaqla “odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər”.
Paşinyan öz siyasətini “sarsılmaz” Fransanı düşünərək qurduğu üçün ölkəsini ölümcül tarixi çıxılmaz vəziyyətə saldı. Əslində Fransanın dəstəyi ikili oyun oldu. Erməni diasporunun fəallığına baxmayaraq, Yelisey Sarayı onu aldadır və Cənubi Qafqazda geosiyasi bonuslar qazanmağa çalışır. Eyni zamanda, vəziyyət pisləşən kimi təslim olaraq Paris dərhal geri çəkilir və Bakıya acınacaqlı diplomatik hücumlarla məhdudlaşır. Vətən müharibəsi dövründə və antiterror əməliyyatı zamanı Fransa və Ermənistanın digər müttəfiqlərinin nəhəng Azərbaycan ordusu ilə İrəvanı necə təkbaşına tərk etdiklərinin bütün dünya şahidi oldu. Nəticədə, Fransa Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıdı. Və indi bu addımın Ermənistan – Fransa ittifaqına necə aidiyyatı var – qoy bunu politoloqlar anlasınlar.
Belə görünür ki, Ermənistan üçün utancın həddi-hüdudu yoxdur, amma Paşinyan öz xalqını alçaltmağın başqa yolunu tapdı. İngilis “Times” qəzeti aprelin 15-də məlumat verdi ki, London Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə Böyük Britaniyadan qeyri-qanuni miqrantların bu ölkələrə deportasiyası ilə bağlı sazişlərin imzalanması məsələsi üzrə danışıqlara başlayıb. Müqavilə miqrasiya böhranının həlli üçün “Ruanda sistemi” əsasında qurulmalıdır. Ona görə London Kigali ilə bir neçə min qaçqının Ruandada yerləşdirilməsini müzakirə edir. Eyni zamanda, Böyük Britaniya qaçqınların saxlanması və bununla bağlı narahatlıqlar üçün Ruandaya 140 milyon funt sterling ödədi. Bu yanaşma Qərb dövlətlərinin müstəmləkəçilik zehniyyətini ən yaxşı şəkildə əks etdirir. Ermənistan, Avropa ailəsinin üzvü olmaq kimi böyük arzusuna baxmayaraq, hələ də müstəmləkə ölkəsi kimi tanınır.
Buna görə, əgər İrəvan London ilə bu müqaviləyə razılıq versə, bu Paşinyan tərəfindən daha bir axmaqlıq olacaq. Birincisi, bu Ermənistanın iqtisadiyyatına ciddi zərbə olacaq. Əlbəttə London qaçqınların saxlanması üçün İrəvana pul verəcək, amma pul haçansa tükənəcək və Ermənistan miqrantları öz hesabına dəstəkləməli olacaq.
İkincisi, miqrasiyanın artması hər zaman cinayət vəziyyətinin pisləşməsinə səbəb olur. Almaniya Ukrayna və Afrika ölkələrindən olan qaçqınlar üçün ən populyar ölkədir. Orada 2023-cü ildə cinayətlərin sayı 5,5 faiz artıb. Bu, son 8 ilin ən yüksək göstəricisidir. Eyni zamanda Almaniya Daxil İşlər Nazirliyinin başçısı Nancy Faeser xaricilər tərəfindən törədilən cinayətlərin sayının ardığını qeyd edib.
Ötən il cinayət törətməkdə şübhəli bilinən şəxslərin ümumi sayı 2 246 767 nəfər olub, onlardan 923 269 (41%) nəfərinin Almaniya vətəndaşlığı yoxdur. Eyni şey Ermənistanda da olacaq.
Ermənistan XİN rəsmi İrəvanın Londonla bu “miqrasiya işi” ilə bağlı danışıqları rədd etməsinə baxmayaraq, Paşinyanın bir daha sevimli taktikasına – axmaq bir şey et və sonra başqalarını günahlandır- əl atmayacağını istisna etmək olmaz.
İrəvanın anlamaq vaxtıdır ki, nə fransızlar, nə ingilislər, nə də amerikalılar Ermənistana kömək etməyəcəklər, çünki onlar heç vaxt Türkiyə və Azərbaycanla birbaşa qarşıdurmaya girməyəcəklər. Buna görə, İrəvan fransız silahlarının alınması ilə təhlükəli intriqaları və miqrasiya məsələsində Londonla flört etmək əvəzinə illüziyalarla vidalaşmalı və Bakı ilə konstruktiv dialoqla keçməlidir. Cənubi Qafqazda gələcək nəsillər üçün sabit təhlükəsizlik sisteminin yaradılması ümumi maraqlara uyğundur.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Öyrətmə özünə, öyrətmə məni.." Bu gün Musa Yaqubun doğum günüdür.
Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət"
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni...
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə...
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
Bu gün “Bu dünyanın qara daşı göyərməz” söyləyən, qadınsız yaşamağı, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməməyi əzab sayan xalq şairi Musa Yaqubun doğum günüdür.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib.
1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra 1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb.
İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Şair ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.
2019-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adına layiq görülüb.
O, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmiş, Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür.
Parkinson xəstəliyindən əziyyət çəkən şair 2021-ci il mayın 7-də dogum gününə 3 gün qalmış İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişmiş və vəsiyyətinə əsasən yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, valideynlərinin və həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Neylərəm o ömrü mən"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Neylərəm o ömrü mən
Nə qışı, nə yazı var!
Duyğunun nə dərini,
Nə də ki, dayazı var!
Neylərəm o ömrü mən,
Nə bir şirin sükutu,
Nə də sel axışı var.
Nə çılğın bir sevinci,
Nə də göz yağışı var.
Neylərəm o ömrü mən,
Nə özü, nə özgəsi,
Nə səsi, nə nəfəsi,
Nə dərdi, nə qəmi var.
Nə əqidə yoldaşı,
Nə könül həmdəmi var!
Neylərəm o ömrü mən,
Nə Vətən məhəbbəti,
Nə xalqa sədaqəti,
Nə darda mətanəti,
Nə dərdə tabı olsun,
Nə ömür yollarında
Bir inqilabı olsun!
Dünyaya nə ilk sözü,
Nə son cavabı olsun.
Mən ömür istəmişəm
Məşələ dönüm, yanım
Mən ömür istəmişəm,
Qoy dolsun odla qanım!
Mən həyat yollarında
Bu odla silahlanım.
İnamım, etiqadım
Qoy inqilabım olsun!
Mən dünyaya gələndə
Səsli, nəfəsli gəldim,
İstəmirəm sükutum
Ən son cavabım olsun.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
İLK DƏFƏ! Sazı kamera orkestri müşayiət edəcək
Könül, “Ədəbiyyat və incəsənət”
Əlbəttə ki, musiqidə hər bir fərqlilik, yenilik diqqətçəkəndir. Odur ki, sazın kamera orkestrinin müşayiəti ilə dilləndirilməsi hamının marağına səbəb olacaq. İndi isə xəbərə keçirəm.
Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin çox ünlü simalarından biri, Borçalı aşıq mühitinin istedadlı sənətkarı aşıq Ramin Qarayevin "Sazımda avazımda" adlı solo konserti keçiriləcək.
Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasınında keçiriləcək solo konsertdə aşıq Ramin Qarayevi "Bakı-Təbriz" qrupu və Xəzər Universitetinin kamera orkestri müşayiət edəcək.
Sənətkarın solo konsertində qonaq qismində xalq artisti Alim Qasımov və Məhsəti Azaflı iştirak edəcəklər.
Tədbirin aparıcısı Qorxmaz Tofiqoğludur.
Hazırda solo konsertə hazırlıqla bağlı gərgin iş prosesi getdiyini deyən aşıq Ramin Qarayev bildirir ki, "Bakı-Təbriz" qrupunun onu müşayiət edəcəyi bu konsertdə aşıq havaları yeni tərzdə kamera orkestri ilə təqdim ediləcək. Azərbaycanda ilk dəfədir ki, kamera orkestri ilə aşıq solo konsert verir. Bu ilkə də nə xoş ki, mən imza atıram.
Tədbirdə görkəmli dövlət xadimləri, ictimai xadimlər iştirak edəcəklər. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Xalq şairi Nəriman Həsənzadə, AYB sədri Anar, Professor Qəzənfər Paşayev, Professor Hamlet İsaxanlı, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu- İmanov kimi tanınmış xadimlərin çıxışları gözlənilir.
Məlumat üçün bildirək ki, aşıq Ramin Qarayev Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESKO-da qeyri-maddi irsi siyahısına daxil edilməsində iştirak edib.
2012-ci ildə Qazaxıstanda Dədə Qorqud festivalında 3-cü yeri tutub.
2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində İmaməddin Nəsiminin 650 illiyində, Türkiyənin İstanbul şəhərində Qarabağ Zəfərinin 1 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbirdə iştirak edərək gözəl ifalar təqdim edib. Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak etdiyinə görə 2021-ci ildə "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif edilib.
2022-ci ildə Türkiyənin Bursa-İznik şəhərində Rəcəb Tayyib Ərdoğan başda olmaqla 5 ölkənin prezidentinin iştirak etdiyi 4-cü Dünya Köçebe oyunlarının açılış tədbirdə iştirak edib.
2023-cü ildə Azərbaycanın Şuşa şəhərində Molla Pənah Vaqifin poeziya günlərində iştirak edərək aktyor kimi də Abbas Tufarqanlı obrazını canlandırıb. (Yeri gəlmişkən, bu ifanı şəxsən izləyib valeh olmuşam).
Ramin Qarayev Beynəlxalq Müsabiqələr Laureatıdır. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir.
Bu günə kimi Azərbaycanda 3, Rusiya, Gürcüstan və Türkiyədə 1 solo konserti olub.
İndi isə "Təbriz-Bakı" qrupu ilə tam yeni tərzdə, daha fərqli ifalarla zövqünüzü oxşayacaqdır.
Əziz saz-söz sevənlər, sizi 19 May saat 19:00 tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasına Aşıq Ramin Qarayevin "Sazımda-Avazımda" adlı konsertinə dəvət edirik. Xalq artisti Alim Qasımovunda iştirak edəcəyi tədbirdə, Xəzər Universitetinin Kamera orkestri və tanınmış musiqiçilərdən ibarət “Təbriz -Bakı” qrupu müşayiət edəcək.
Orkestirin bədii rəhbəri Zülfiyyə Sadıqova.
Qrupun rəhbəri Elman İbrahimli.
Təşkilatı dəstək Xəzər Universitetidir.
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.
Ətraflı məlumat əldə etmək üçün: 0124242424
0502397334
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
ÖTƏN İL BU GÜN: Türkiyədəki prezident seçkilərinin ilk insidenti: Ərzurumda müxalifət liderini niyə daşa basdılar?
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Ötən ilin bugünkü günü baş verən hadisələrdən birini xatırlatmaq istədim. Buyurun.
Təbii ki, indi dünyanın diqqəti qardaş Türkiyədədir. Prezident seçkilərinin zamanı artıq gəlir. Bu həftəsonu hər şeyi seçici səsləri həll edəcək. Demokratik seçki keçirmək ənənəsi ilə öyünən Türkiyədə kim prezident olacaq? Hazırkı prezident hakimiyyətini qoruyub saxlaya biləcəkmi?
Bu arada “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Malik Alim seçki öncəsi baş vermiş ilk insidentin səbəbini axtarıb tapmağa cəhd edib. Buyurun, tanış olun.
Dünyanın xəbər agentlikləri bu xəbəri manşetlərinə çıxardılar: Ərzurum şəhərində seçkiöncəsi mitinq təşkil edən müxalifətin nümayəndəsi - İstanbul şəhərinin meri Əkrəm İmamoğlu daşa basılıb. Onun ətrafındakı 15 nəfər xəsarət alıb.
İmamoğlu Kamal Kılıcdaroğlunun vahid namizəd olduğu müxalifət blokunun ən əsas simalarından biridir, Kılıcdaroğlu qalib gəldiyi təqdirdə ölkənin vitse-prezidenti olmağa bir nömrəli namizəddir.
Beləliklə, bu olay müxalifət liderinin şanslarına əsl kölgə salmış oldu.
Eyni vaxtda İstanbulda Rəcəb Tayyib Ərdoğanın keçirdiyi mitinq isə 1,7 milyon nəfər toplayaraq tam əmin-amanlıqla keçdi. Bu olay qüvvələr nisbətinin Ərdoğanın xeyrinə yüz fazi dəyişməsini ortaya qoymuş oldu, belə ki, seçkiyə bir həftə qalmış proqnozlar hər iki namizədin xeyrinə bərabər idi. Bəs necə oldu ki, əyalətlərdə böyük dəstəyi və elektoratı olan Kılıcdaroğlu daşa basıldı?
Bizə belə gəlir ki, bunun bir səbəbi də İstanbul mitinqi zamanı Rəcəb Tayyib Ərdoğanın çıxışında işlətdiyi bu fraza ola bilər:
-Ədalət və inkişaf partiyası, eləcə də bizim alyansımızdakı digər partiyalar heç vaxt LQBT-ni (cinsi azlıqlar hərəkatı – red.) dəstəkləməyəcək. Çünki ailə bizim üçün müqəsddəsdir. Biz LQBT-ni dəstəkləyən hər kəsi seçki qutularında basdıracağıq!
Bu çıxışda atılan daş təbii ki, səs toplamaq üçün ermənilərin – türkün düşmənlərinin dəstəkçisi qismində çıxış edən, eləcə də cinsi azlıqları müdafiə edən Kılıcdaroğlunun bostanına atılmışdı. Ərzurum kimi dini, milli-əxlaqi dəyərlərin möhkəm əsasları olan bölgədə Əkrəm İmamoğlunun daşa basılması səbəbləri indi aydın olmurmu?
Bəli, Türkiyə həlledici proseslərə qucaq açıb. Seçkinin sonucu dünyanın siyasətini, eləcə də Azərbaycanın siyasi durumunu müəyyənləşdirməyə qadirdir.
Azərbaycanda isə hazırda əksəriyyət Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir. Gəlin unutmayaq ki, Ərdoğan – turan ideyasının hərəkətverici qüvvəsidir həm də.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Dünyanın ən sağlam qidalarından: meyvə və giləmeyvələr
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış edirəm.
Buyurun, faydalanın. Öncə göyərti və tərəvəzlərdən bəhs etmişdim. İndi növbə meyvə və giləmeyvələrindir.
B. Meyvə və giləmeyvələr
1. Alma (tərkibində pektin, antioksidantlar və C vitamini çoxdur, arıqladıcı xüsusiyyətə malikdir).
2. Avokado (77% sağlam yağlardan ibarətdir, vitamin və sellülozla zəngindir).
3. Banan (fiziki əməkdən sonra gücün bərpasına kömək edir, kalium, protein, B 6 vitamini ilə zəngindir).
4. Yemişan (ən güclü antioksidant mənbələrindəndir, gözə çox faydalıdır).
5. Portağal (digər sitruslar kimi bol C vitamini mənbəyidir, habelə antioksidantla zəngindir).
6. Çiyələk (tərkibində C vitamini, marqans var, az kalorilidir).
7. Nar (qan dövranını tənzimləyir, damarları qoruyur, şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur).
8. Qarağat (xərçəngdən qoruyan antioksidantlarla boldur, yaddaşı gücləndirir).
9. Limon (C vitamini anbarı hesab edilir, qan dövranının effektiv fəaliyyəti üçün çox xeyirlidir).
Növbəti dəfə sizlərə yarmaları və paxlalıları təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
“Qar” – ORXAN FİKRƏTOĞLU
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
Q A R
Hekayə
Alma boyda qar dənəciklərinin yağdığı sənə kənd adamları qorxa-qorxa göyə baxırlarmış. Görüblər, qarın içiylə göydən aşağı bir adam enir. Qabağına yüyürüblər. Görüblər, göydən düşən odur. Əvvəlcə bilməyiblər onu necə dindirsinlər. Sonra görüblər onu dillə dindirmək gərək deyil. Danışmasan da, səni anlayır. Gözlərinə baxıb nə demək istədiyini bilir. Beləcə, bu adam olub onlardan biri... Kəndlilər əvvəlcə ona salam veriblər, sonra Əlişin boş qalmış daxmasını, ondan sonra da dul Əsməri. Qarla gələn heç nə demədən salamı da alıb, Əsməri də... O, gələn gündən quru salamın belə qırışığı açılıb. Ona ərə gələndən Əsmər belə ucadan gülməyə başlayıb. Onu görəndə ən qanıqara adam belə səbəbsiz yerə sevinir. Belə baxırsan, soyuqdur: dinmir, danışmır. Həm də necəsə istidir: əl verib görüşəndə əlin tava kimi cızıldayır. Yay-qış puçur-puçur tərləsə də, üzü suludur. Əllərində heç nə kiflənmir, təzə-tər qalır. Sobanın yanında oturanda əriyir. Novruz bayramlarında əriyər deyə tonqal üstündən hoppanmır. Yerə bağlı deyil. Bostanını da göydə salıb. Əkdiyi ağacları yerdən göyə sulayır. Meyvələr, tərəvəzlər dəyib sulandıqca göydən tappıltıyla aşağı düşürlər. Arvadı Əsməri hər gecə göyə gəzintiyə aparır. Hara gedirlər, haradan gəlirlər, özlərindən savayı heç kəs bilmir. Əsmərə baxıb kəndin o biri arvadları da göynən getməyə başlayıb. Onlar da ərlərindən hər gecə ulduz istəyirlər. Kənd adamı onun əkdiyi meyvələri yemir. Evində tutya kimi saxlayır. Onun meyvələri də, sözləri kimi, gec saralır. Qoxusu, ətri illərlə otaqdan çəkilmir. Üzünün rəngi süddən ağdır. Gecələr bədəni lampa kimi işıq saçır. Qaranlıqda qonşu kəndə getmək istəyən onu özüylə lampa kimi götürür. Heç kəsə “yox” deməz. Hara desələr, haçan desələr, qabaqlarına düşüb gedəcək. Gecə vaxtı uşaqlar qaranlıqdan qorxmasın deyə kəndin ortasında çəpəki dayanır ki, işığı pəncərələrə düşsün. Qəzaya düşən uçaqlar onun işığına sağ-salamat yerə enirlər. Onsuz kənddə toy olmaz. Gələndən gəlinlərin aynasıdır. Arvadlar inəklərini onun üzünə sağırlar. At nalı kimi ayaqqabılarını darvazalardan asırlar. Yay oldumu, göyə qalxacaq. İki buludu var. Cütə qoşub göydəki bostanını şumlayacaq. Yerdə heç kimlə işi yoxdur. İtlər ona hürmür. Quşlar yanında qanad çalmır. Adamlar göyə baxan deyil deyə, yayda onu az-az görürlər. Heç kəsin əli çatmır deyə, göydə dərdi də yoxdur. Göydə dərd olmur axı... Göydə bircə hal var. Bu hal da onun üzüdür. Təkcə Əsmər hamilədi deyə qalıb yerlə göy arasında. Bilmir uşağı göyə doğulacaq, ya yerə? Tez-tez boylanıb göydən yerə baxır.
Beləcə, o da yerlə göy arasında hamı kimi yaşayıb ölüb gedəcəkdi.
Amma dünya yumrudur. Bunun yayı olur, yazı, payızı, qışı olur. Qışında qar yağır.
Bir qış qar yağmadı. Sonra beş qış qar olmadı. Sonra on beş qış yer qarsız qaldı.
Dünya tərəzi kimidir: bir yanı əyəndə, o biri yanı əyilir. Qar yağmadı, dünya da əyildi. Suları qurudu. Otları bitmədi. Dənizləri ləpələnmədi. Balıqları kürü qoymadı. İnəkləri gövşəmədi. Kənd adamı ancaq kəndi görürdü, göy nədir, bilmirdi. Onların da işi ancaq gövşəməkdi. Qarınları ki doymadı, yığışıb gəldilər onun üstünə: – Göydən sən gəlmisən, – dedilər, – ora ancaq sən qayıda bilirsən, get gör qar necə oldu?
Göyü beş barmağı kimi tanıyırdı. Kənd adamları evinə gələn zaman da ora baxırdı. Yerdən yemək istəyən kənd adamlarının sözünü yerə salmayıb: – Qoy bu çayımı içim, qalxaram, – dedi.
Kənd adamı getdi yerə. O da ayağa qalxıb göyə getdi. Görəsən, nə olmuşdu? Kənd adamının günahı nəydi ki, qarı yağdıran daha yağdırmırdı?
Göyə çıxıb buludları yəhərlədi. Ora-bura çapıb qar axtardı. Yox idi. Yuxarıdan boylanıb maraqla yerə baxdı. Dünya çatlamış dodağa bənzəyirdi. Adamları qurumuşdu, suları bulanmışdı. Yaşıllıqları saralmışdı. Olacaq uşağı da gözünə yaxşı görünmədi. Dərin bir çala qazıb əlindəki beli göydən yerə tolazladı. Bel buludları keçib tarappıltıyla yerə dəyib toz qaldırdı. Belin vahiməli səsinə yığılmış adamların gözlərini qaraldan toz çəkilən zaman qeybdən səs gəldi...
“Seçim özünündür: qar da ola bilərsən, adam da...”
Göydə qazdığı çalaya girib üstünü buludlarla örtdü. Buludların qarnından qar kimi aşağı, kəndin bostanına yağmağa başladı.
Sonra qar gücləndi...
Beş il durmadan qar yağdı.
Çaylar sulandı. Ağaclar çiçəklədi. Quşlar dirildi. Adamların qarınları doydu. Əsmər qarın altında bir gülərüz, qapqara oğlan doğdu. Uşağın səsinə kənd adamı elə bil yuxudan ayıldı. Hamı buradaydı. Təkcə o, yox idi.
Bir-iki il kənd adamları hər dəfə qar yağanda onun göydən yerə düşəcəyini gözlədi.
Sonra onu unutdular. Daha qarlayanda “onu görərəm” deyə heç kəs göy üzünə baxmadı. Kənd adamlarının göyə baxmağa vaxtı hanı? Onların evləri kimi, sevgiləri də yerdədir. Qış da soyuq olur axı... Nə qədər soyuğun altında çöldə dayanıb göyə baxacaqsan? Bir də bu qarın nə evi var, nə də qəbri. Lap istəsələr belə, kənd adamları onu hara baxıb xatırlamalıdırlar? Onun qar olub kəndi xilas etməsinə kəndlilər inanmadı. Amma hər təzə qar yağanda Əsmərin qara oğlu nədənsə sevinirdi. Və Əsmər oğluna baxıb düşünürdü ki, bu uşaq, yəqin, atasının zərrəsi olduğu qədər həm də onun qəbridir. Bir adamın qəbri varsa, deməli, onun xatirəsi də var. O uşaq bir gün dil açdı. Və danışan kimi Əsmərdən atasının adını soruşdu. Əsmər fikrə getdi. Görəsən, onun göydən gəlmiş ərinin adı nəydi? Axı Əsmər heç vaxt ərindən adını soruşmamışdı. Kənddə də heç kəs o göydən gələnin adını bilmirdi. Əsmər uşağa: “Sənin atanın adı yoxdu, ona ad qoymaq olmur, o nədirsə, onu ağılla dərk etmək də olmur”, – dedi. Uşaq bu cavabdan bir mətləb anlamasa da, daha anasına sual vermədi. Hər dəfə soba yanında oturanda ayaqlarının əriməsini də anasından gizlətdi.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
“Dünya dərin bir dəryadır...” – Zaur Ərmuğanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı istedadlı şair Zaur Ərmuğanın şeirlərini təqdim edir.
Zaur Ərmuğan (Əsgərov) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.
2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda çap olunur. "Ədəbiyyat qəzeti", "Ədalət", "Kredo" və digər qəzetlərdə, "Mədəni-maarif", "Sözün işığı", "Xəzan" kimi jurnallarında çap olunub. Şeirləri özbək dilinə də tərcümə edilib, "Mənəviyyat çeşməsi" qəzetində və "Müasir Azərbaycan şeirləri" antologiyasında dərc olunub.
“Muğanın səsi", "Türk dünyası şeir seçkisi", "Xəzər nəğmələri ədəbi birliyi", "Xarıbülbül", "Zirvə", "Şərqin səsi", "Rəvan" kimi müxtəlif toplu, məcmuə, antologiya və almanaxlarda, ədəbi-bədii nümunələrlə çıxışlar edib.
2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucularla görüşə gəlib.
2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
QONAĞAM
Dünya dərin bir dəryadır,
Toruna düşən balığam.
Yeri, göyü də səhradır,
Yolundan keçən çarığam.
Əlimdədir əl ağacım,
Duamdan yetə əlacım.
Məzara gedir bir ucum,
Beşikdəki o uşağam.
Ömür ucuzmuş, gün baha,
Gördüyümü gördüm daha.
Diş altındadır iştaha,
Dişi ağrıyan damağam.
Hərə öz bəxtini yeyir,
Ağız dediyini deyir.
Dünyadan umum nə xeyir?!
Yola verilən qonağam.
ÇIXIB GEDƏSƏN
Bir səssiz gecəni bələdçi tutub
Qaçasan bir ayaq dəyməyən yerə.
Bütün olanları elə unudub
Gedəsən gümanın gəlməyən yerə.
Gedəsən, gözündə ümid solmaya,
Gedəsən, gedəsən axıra kimi.
Gedəsən, qəmlənib könlün dolmaya,
Gedəsən, nə deyim, yol hara kimi?!...
Saxta sifətlərdən, süni nəfəsdən
Canını qurtaran addımın ola.
Boşboğaz ağızdan, hay-küylü səsdən
Uzaqda balaca bir damın ola.
Ağzı açıq qala yalançı dostlar,
Yalançı qonşular, yalançı qohum.
Daha səslənməyə yalançı tostlar,
Bir məclis qurasan, keflənə ruhun.
Arxanca qarğıyıb üzə gülənin
Üzü də, gözü də yada düşməyə.
Bir yerə gedəsən, gəlib gedənin
Heç tapılmaya da bir görüşməyə.
Hər dedi-qodudan gen dolanasan,
Düşüb daban-daban güdənin ki yox!
Onda nəfəs alar rahatlıqla can,
Səni səndən özgə görənin ki yox!
Düzünü min yerə əyri yozanlar,
O yaman ağızlar, o bəd çənələr,
Sənə diri-diri qəbir qazanlar
Elə yox ola ki, nə var dinələr?!
Gecə sübhə kimi yol yorğunutək
Ulduzlar, bir də ay işığın, nurun...
Başını götürüb lap o başadək
Qaşasan, təki bu qurğudan qorun!
Qovub ömürlərdən çəni, dumanı,
Zülmətdə qalana gün bağışladım.
Olmadım əllərin nəsnə umanı,
Mən səsə səs verdim, ün bağışladım.
Əritdim canımı yanar şam kimi,
Yanıram, üstümə su tökənim kim?!
İçildim bir dolu qızıl cam kimi,
Görmədim, gözümə mil çəkənim kim.
Aldanıb fəndgirə saflıq ucundan,
Hiyləgər məkriylə tora düşdüm hey.
Çoxunu qurtardım dar ağacından,
Özüm də çıxılmaz dara düşdüm hey.
Hənirsiz ürəkdir odsuz adamlar,
Titrədər köksümü buz soyuqluğu.
Hələ adından da adsız adamlar
Elə pay yedilər, oğru ki oğru!
Nə deyim, kimlərə tutum üzümü?
Mənim göz yaşımı silsin içimdən?
Bircə bu düyünün budur çözümü,
Allah! Bir bəxt doldur bu bir içimdən.
Gedəsən bir yolluq, çıxıb gedəsən,
Sevdiyin o qız da unuda səni.
Qəlbin nə deyirsə, onu edəsən,
Səsin sığal-sığal ovuda səni.
Dönüb geriyə də baxmaya gözün,
Gedəsən bulaqlar ağlayan yerə.
Qəlbə sirdaş olan sirr daşın özün,
Gedəsən çağları çağlayan yerə.
O yerin nə yolu, cığırı ola,
O yerin adını kimsə bilməyə.
Getdiyin o yolda uğurun ola,
Arzular sönməyə, ümid ölməyə.
Dünyanın bir dağı, çölü, meşəsi,
Dünyanın quşqonmaz daşı deyimmi?
Dünyanın elə bir rahat guşəsi
Ola, bir çıxasan başa deyimmi?
Bir səssiz gecəni bələdçi tutub
Gedəsən ayağın dəyməyən yerə.
Nə varsa, nə varsa, daha unudub
Gedəsən dönməyin gəlməyən yerə.
DÜNYA
Dünya tərsinə fırlanır,
Cızından çıxıbdır dünya.
Sınıb çarxı, sınıb oxu,
Özündən çıxıbdır dünya.
Düşdük bu yollar ardına,
Tapıb gətirək yurduna.
Tapşıraq dağda qurduna,
Düzündən çıxıbdır dünya.
Bu göyərən, bu solanı,
Niyə saldı bu talanı?
Üzə duran ağ yalanın
Yüzündən çıxıbdır dünya.
Vədələri nağıl imiş,
Bəxtimiz nə ağır imiş?!
Gör bir necə cığal imiş,
Sözündən çıxıbdır dünya.
ÜMİD PUÇ OLANDA
Tale yüküm dağdan ağır,
özümü daşıyıram çiynimdə.
Kədərim
təzələnən dərdim kimi
həmişə geyindiyim
köhnə libasımdır əynimdə.
Ümidimin qaralıb nəfəsi,
Başı üstə dayanıb
tutmuşam üzünü qibləyə.
Allahımdan səs çıxmır.
Bağlanıb qapılar sabaha.
Əl-ələ tutub dayanmışıq ölməyə.
SƏNƏ SARI
Elə duyuram səni,
günəşi
kor öz içinin nurunda görən kimi,
işığı sevən kimi.
Xoşbəxtliyin yaşanırkən
görünməz olduğu qədər,
bilinməz olduğu qədər
bir həsrətsən.
Sevgin
yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.
Hələ də axtarıram səni
qəlbin qəlbimdə var ikən
əllərini əlimdə tapmağa.
Sənə yol gəlirəm
daha bu sənsizlikdən qopmağa.
Qarşıla məni.
ÜRƏYİMƏ
Gözümdən axır göz yaşı,
Nəmi yığdım ürəyimə.
Dərdin mənə yol yoldaşı,
Qəmi yığdım ürəyimə.
Ərşə çəkdin sən yuxumu,
Həm azımı, həm çoxumu.
Əkdin bircə dərd toxumu,
Zəmi yığdım ürəyimə.
Bir gileyin min havası,
Bir talanam, eşq yuvası.
Köklənmişəm, var havası,
Dəmi yığdım ürəyimə.
Məni məndən alan aldı,
Məni məndə oda saldı.
Kimim getdi, kimim qaldı?
Kimi yığdım ürəyimə?
Ərmuğan, bil, dərdim çoxdur,
Başım üstə şimşək çaxdı.
Vayıma el şərik çıxdı,
Cəmi yığdım ürəyimə.
ƏBƏDİ BAHAR
Bir zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
DARLIQ
Ayaqlarım ilişib
Yer kürəsi tələsinə.
Təpiklərimlə döyəcləyirəm
divarlarını dünyanın.
Nə qaça bilirəm,
Nə uça bilirəm
bu darlıqdan.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Soruş”u
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Nurvəş “Güney Azərbaycan poeziyası antologiyası”nda sizlərə şair Dərviş Təbrizlinin şeirlərindən seçmələr təqdim edəcək.
Dərviş Təbrizli
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10-dan artıq nəsr kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.
SORUŞ
Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,
Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.
İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,
Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.
Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,
Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.
Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,
İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.
Sən gedən gündən məni görcək pıçıldar qonşular,
Halımı pıç-pıçların içrə qulaqlardan soruş.
Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,
Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.
Eşqi biz döndərmişik indi ögeylik eşqinə,
Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.
Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,
Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.
Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,
Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Şəhidlər barədə şeirlər – Davud Qurbanov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Davud Qurbanova həsr edilmiş şeirlə tanış olacaqsınız.
DAVUD TARYEL OĞLU QURBANOV
(15.02.1996.-03.10.2020.)
Bakı şəhərində doğulmuş, Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindən olan, Binəqədi rayonunun şəhid Rizvan Pirnəzərov adına Biləcəri qəsəbə 299 nömrəli orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
Şəhid olduğu yer: Tərtər rayonu Suqovuşan kəndi.
Dəfn yeri: Qazax rayonunun Birinci Şıxlı kəndi.
ÖLMƏZ QƏHRƏMAN DAVUD
Böyük elə böyükdür, heç zaman kiçiləmməz,
Mərdə namərd körpüsü yoxluqdur, keçiləmməz
Yetişməsə sünbüllər zəmilər biçiləmməz,
Hər şeyin öz vədəsi, hər şeyin zamanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Davud lap uşaqlıqdan vurğun idi bayrağa,
Qəlbində məhəbbəti tükənməzdi torpağa,
Necə xoşbəxt olardı gedən zaman Qazaxa,
Bu yurd necə gözəldi, meşəsi, ormanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Bakıda doğulmuşdu, burda təhsil almışdı,
Uşaqlıqdan mehrini kitablara salmışdı
Neçə- neçə təşəkkür, tərifnamə almışdı
Hələ də saxlanılan üç fəxri fərmanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Orta məktəbi Davud əlalarla bitirdi,
ADNSU-ya uğurla, yüsək bal ilə girdi.
Ali məktəb də ona bol-bol sevinc gətirdi
Bu təhsil ocağının şöhrəti var, şanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Nə qədər arzular var, neçə muraz var qəlbdə,
Yalnız beşlə oxudu Davud ali məktəbdə,
Çoxuna nümunəydi həm dərsdə, həm ədəbdə,
Hamı görürdü necə ədəbi-ərkanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Oxudu həvəs ilə, mükəmməl təhsil aldı
Uğurla o, magistr pilləsinə ucaldı,
Dedi, - Diplom almışam, hərbi xidmətim qaldı,
Hər oğul bir əsgərdi, hər kimdə türk qanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Əsgər oldu, Vətənə qürurla xidmət etdi,
Ən çətin tapşırığa “Oldu!” deyərərək getdi,
Günlər ötdü, ay keçdi, gözlənilən vaxt yetdi,
Başladı müharibə, indi hərb meydanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Gizlədə bilməyirdi yağıya nifrətini,
Düşmənlərə göstərdi əzmini, qeyrətini,
İçib Suqovuşanda şəhidlik şərbətini,
Fəxr eylədi son anda, can Azərbaycanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Soysuzlar uydurmuşdu neçə yalan nağıllar,
Elə peşman oldular, elə öldü yağılar,
Heç zaman unudulmaz candan keçən oğullar,
Onların qəlbimizdə əbədi ünvanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)