Super User

Super User

Cümə, 19 Aprel 2024 07:45

Bu gün onun doxsanıdır

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Sovet dövrünün avtomobil həvəskarları yəqin ki, xatırlayırlar. Ötən əsrin 60-cı illərində sovet avtomobilləri ailəsinə “Moskviç – 408” markalı yeni avtomobil əlavə olundu. Ona “Bala Çayka” da deyirdilər. Bakıda cəmi bir-iki dənə idi...

 

Yazıçılar Birliyinin o vaxtkı sədri Mehdi Hüseynin Tofiq Bayramın Əmircanda yaşadığından xəbəri vardı. Bilirdi ki, şəhərə gəlib-getmək onun üçün çox çətindir. Təzə çıxan moskviçlərdən ona da verilməsini nəzərdə tutmuşdu. Nə isə, çox keçmir ki, Tofiq Bayrama maşın verilir...  

 

Həmin vaxtlar Bülbülün evi Yazıçılar Birliyinin yanındakı binada yerləşirdi. Günlərin birində səhər-səhər pəncərədən bayıra baxan 18 yaşlı Polad Bülbüloğlu “Yazıçılar Birliyinin” qabağında Tofiq Bayramın “Bala Çayka”sını görür. Aşağı düşüb gəlir binanın qarşısına, maşının kimin olduğunu soruşur. Deyirlər  ki, bəs Tofiq Bayramındır. Gənc Polad Tofiq Bayramı tapıb odan xahiş edir ki, maşını bir az sürmək üçün ona icazə versin. Bülbülün oğlu olduğunu nəzərə alıb Tofiq Bayram da ona razılıq verir. Polad, necə deyərlər, gözünə döndüyüm də, bundan istifadə edib maşını sürüb aradan çıxır. Doyunca şəhəri gəzir. Yalnız bir neçə saatdan sonra - axşama yaxın peyda olur...

 

Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində ali təhsilə yiyələnmişdi. Əmək fəaliyyətinə isə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdı. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı redaksiyasında, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Yazıçı" nəşriyyatında baş redaktor müavini işləmişdi. Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi idi. 1991-ci il aprelin 19-da vəfat edib...

Yaşasaydı bu il Tofiq Bayramın 90 yaşı tamam olacaqdı. Allahdan şairə rəhmət diləyib “Qadın ürəyi” şeirini sizə təqdim edirəm:

 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

 

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir,

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

 

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o.

Damladır, ümmandır qadın ürəyi.

 

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə,

Ən gözəl dərmandır qadın ürəyi.

 

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

 

Bəzən gültək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən.

Bəzən uşaq kimi ən ürəksizdən,

Məhəbbət umandır qadın ürəyi.

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində

Nalədir, fəğandır qadın ürəyi.

 

Ömrə zinət verən, səadət quran,

Kişi ürəyini nurla dolduran.

İsməti bir nəsli göyə qaldıran,

Eşqə hökmrandır qadın ürəyi.

 

Sənsiz əl çəkərəm arzudan, kamdan.

Nə çıxar sevgisiz – sənsiz ilhamdan?

İncitsən dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi!..

 

P.S. Tofiq Bayramın doğum günü münasibətilə gün ərzində daha bir əməkdaşımızın - Heyran Zöhrabovanın da yazısı təqdim ediləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Cümə, 19 Aprel 2024 16:49

3 gündə 3 möhtəşəm tamaşa

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün cümə, sabah şənbə, birigün bazar. Yox, təqvimi sadalamıram, Rus Dram Teatrının bu üç gündə verəcəyi tamaşalar barədə söz açmaq istəyirəm.

Əminəm ki, teatrsevərlər gərgin iş həftəsindən sonra mütləq bu gözəl məkana gedib bu 3 gözəl tamaşanı seyr edəcəklər. 

 

19 APREL

Öncə Azərbaycan ədəbiyyatında şəxsən mənim ən çox sevdiyim hekayə olan “Mən, sən, o və telefon” hekayəsi əsasında hazırlanan eyniadlı tamaşadan başlayaq. Yəqin dərhal duydunuz ki, söhbət Xalq yazıçısı Anarın o məşhur hekayəsindən gedir. 

Tamaşanın premyerası 2022-ci il oktyabrın 7-8-də olub.

Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya).

Hekayə kimi, tamaşa da telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj - Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir. Mədinə ikisindən hansını seçəcək?

 

 

20 APREL

“Artistin taleyi”

Azərbaycan dramaturqu, Xalq yazıçısı 

Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.

Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.

 

 

21 APREL

“Afina axşamları”

Petr Qladilinin ikipərdəli lirik komediyasının premyerası 2016-cı il yanvarın 17-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyesin süjeti ailənin atası Boris Oleqoviçlə onun qızı, pianoçu Nataşa arasında ixtilafa toxunur. Baxışların ziddiyyətini Nataşanın nənəsi – knyaginya Rastopçina özünəməxsus tərzdə aradan qaldırır.

 

Qapaq şəklində: “Mən, sən, o və telefon” tamaşasından səhnə. 

 

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Küftənin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR 

§ Ət – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 17 qr

§ Soğan – 18 qr

§ Tomat pastası – 10 qr

§ Noxud – 28 qr

§ Alça – 11 qr

§ Duz – 6 qr

Xörək əlavəsi:

§ quru nanə – 0,1 qr

 

HAZIRLANMASI:

Noxud, düyü, soğan və ət daş üzə- rində toxmaqla döyülür (bəzən isə noxud ayrı bişirib, düyü çiy döyülür). Duz, istiot, tomat və mərzə vurulur. Qoyun ətindən istifadə etdikdə küftələr dağılmasın deyə 1 yumurta da əlavə oluna bilər. Bu ət qarışığından küftələr hazırlanır. Alça suda isladılır, küftənin içinə qoyulur. Küftələr işgənəyə əlavə edilir və vam odda bişirilir. Bişənə yaxın kartof əlavə edilir. Əgər kartof kiçik ölçüdədirsə, bütöv halda atılır. Üzərinə quru nanə səpilir və süfrəyə verilir.

 

QEYD: Əgər ətin içinə noxud

az vurulubsa, öncədən bişirilmiş noxuddan yeməyin suyuna əlavə edilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

Bu qapının dalında uşaqlığım dayanıb,

Bu qapıdan o yanda daha duymazlar məni.

Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,

Bu qapıdan girməyə indi qoymazlar məni.

(Təranə Turan Rəhimli)

 

Təranə xanım- sevimli müəllimimiz, o qapını açmaq olsaydı,  addımınızı  o qapıdan o tərəfə atan kimi nə edərdiniz? 

 

CAVAB

- İyirmi illik həsrətdən sonra o qapının önündə dayandığım gün içəri girə bilmədim. Ona görə yox ki, mənə mane olan kimsə vardı. Amma içəri addım atsam, özgə adamların yaşadığı o evdə mənə doğma olan hər şeyin kim bilir necə dəyişdirildiyini, bəlkə də, yox edildiyini görəcəkdim. O fərqin, o yoxluğun xatirəmdə diri qalanları öldürməsinə, o evlə bağlı yaddaşımdakı müqəddəs lövhələri zədələməsinə izn verə bilməzdim. Vermədim də... Əgər o qapıdan o yana addım ata bilsəydim, ilk qocaman tut  ağacına salam verərdim. Sonra  əncirin yerə dəyən budaqlarının, yelpazə yarpaqlarının altında gizlənən, heç vaxt içini görmədiyim dərin quyunun yanına özümü çatdırardım. Quyunun ağzındakı gücüm çatmayan o ağır daşı qaldırıb bir kənara atar, əyilib pıçıltı ilə dibsiz dərinliyə "mən gəlmişəm" deyərdim.

 

Ədəbiyyat və incəsənət”

(19.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan 10 aforizm təqdim edir. 

 

1.Xoş xasiyyət qızıl gülün ətri kimidir, hamıya xoş gələr.

2.Vaxt geri dönmür, amma sən geri dönüb nələrəsə təkrar cəhd edə bilərsən.

3.Ən yaxşı münasibət bir-birini itirmək istəməyən insanlar arasında olur.

4.Meyvəni günəş, insanı mübarizə yetişdirər.

5.Hissiyyatı olmayan bədbəxt olmur, amma xoşbəxt də ola bilmir.

6.İnsanın bütün öyrəndikləri özünə təsəlliyə kifayət edirsə, o, müdrik sayıla bilər.

7.Ölümün gözünə dik baxmamış insan həyatın dadını bilməz.

8.Sual işarəsi özünə inamını itirmiş nida işarəsidir.

9.Həqiqət acı dərman kimidir, qəbul etməlisən ki, yalan fəsad törədə bilməsin.

10.Rəqəmlər elmin, sözlər ədəbiyyatın yanacağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Cümə, 19 Aprel 2024 15:30

Vəzifəlinin “krışası”

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Əvvəlllər televiziya pultu funksiyasını evin kiçiyi icra edirdi.

2.

Qoca broker ölüm ayağındadır. 

Həkim deyir:

-İndi temperaturu 39.9-dur. 41 olanda canını tapşıracaq.

Broker başını yastıqdan qaldırıb soruşur:

-Neçə dediniz, 39.9 və 41? Onda 40,5-dən satın getsin. 

3.

Los-Anceles deyimi: “Kazinoya gedirsənsə mütləq təzə və gözəl alt paltarları geyinin. Ola bilər ki, evə qayıdanda təkcə onlarda qalasınız.

4.

Qardaş, necə ki, evin yuxarı mərtəbəsinin üstündə “krışası” olur, eləcə də yuxarı vəzifədə olmaq üçün gərək üstündə “krışan” olsun. 

5.

Qaraçıların kulinariya kitabı belə başlayır:

“Qazanı oğurlayın…”

6.

Türkmənistan hakimiyyəti Qərbdən gələn meyllərin qarşısını almaq üçün ölkədə Covid 19 sözünün işlədilməsini qadağan edib. Onun əvəzinə Şeytan 19 ifadəsi işlədilir.

7.

Üç rəfiqə diskotekada gec saatlaradək qaldıqları üçün onlardan biri qərara gəldi ki, çıxıb evə getsin.

Sual: Diskotekada neçə rəfiqə qaldı?

Cavab: Üç.

Niyə?

Çünki xanımlar üçün qərar qəbul etmək və getmək ayrı-ayrı şeylərdir. 

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Poetik Qiraətdə bu gün sizlərlə gözəl şairimiz Musa Ələkbərli “Öldürmə” şeiri ilə görüşəcək. Ənənəvi şikayətnamə şeiridir. 

Amma burada sevgidən şikayət edilmir, həyatdan, ömür-gündən şikayət edilir. Şikayətin ünvanı isə Tanrıdır. 

Xoş mütaliələr! 

 

İçım özümü yandırır,

Məni çölümlə öldürmə.

Bir bütövlük qismət elə,

Bölmə, bölümlə öldürmə

 

Oyanım daha vaxtında,

Gedim sabaha vaxtında.

Hər şeyin baha vaxtında

Ucuz ölümlə öldürmə.

 

Bu düzümnən, bu dağımnan,

Dağ əriyər bu dağımnan,

Çiçəkləyən budağımnan,

Açan gülümlə öldürmə.

 

Dumanıma, çiskinimə,

Nə deyim o küskünümə,

Bir qor saxla pis günümə,

Soyuq külümlə öldürmə.

 

Taleyimə bir daş atdın,

Bütün hirsini boşaltdın,

Məni zülümlə yaşatdın,

Məni zülümlə öldürmə!

 

Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Müxtəlif düşüncəyə sahib insanlarla ünsiyyət artıq məndə hobbi halına gəlib. Bir gün qərara gəldim ki, onlara belə bir sual ünvanlayım:

- Azərbaycanda, azərbaycanlı fərdində nə yoxdur ?

 

Sualı eşidər-eşitməz ilk cavab belə oldu :

- Mədəniyyət !

 -Hansı mədəniyyət yoxdur ki, bu qərara gəlmisiniz ? - deyə növbəti sualı ünvanladım. Qarşılığında respondentim başladı sadalamağa:

- Sıra, növbə mədəniyyəti, nitq mədəniyyəti, tualet mədəniyyəti, küçə mədəniyyəti, davranış mədəniyyəti, yazı mədəniyyəti, bar - otel mədəniyyəti, tolerantlıq mədəniyyəti, geyim mədəniyyəti, fikir mədəniyyəti, yemək mədəniyyəti, süfrə mədəniyyəti, gigiyena mədəniyyəti, zövq mədəniyyəti, yol mədəniyyəti və s. 

Sıralamasının uzun olduğunu görüb, zarafatyana dayan, dayan dedim. 

-Niyə bu düşüncədəsiniz ? Hansı səbəblər sizi belə düşündürməyə vadar edir ? - deyə soruşdum. 

Cavabında dedi:

- Biri xanımı ilə yol gedərkən başqalarının yanından ötüb keçəndə, elə bil ki, sirat körpüsündən keçirsən. İçimizdə o qədər yalvarırıq ki, bircə söyüş və ya hansısa qeyri-etik ifadə işlədilməsin. İşlədəndə qalırsan qızara-qızara. Adam yolunu saldığı yerdən utanır.

Əlavə etdi:

-Daha sonra, konstitusiyamızda yazılıb ki, "din dövlətdən ayrıdır", "söz, fikir, vicdan azadlığı var".  Amma, di gəl ki, biri dinə inanmadığını, ateist olduğunu ifadə edəndə, təhqirlər, qınaqlar yağış kimi yağmağa, guruldamağa başlayır. 

Nəfəsini dərib birini də əlavə elədi:

-Sıra, növbə mədəniyyətimizdənsə, heç danışmağa dəyməz. Hər şey pensiya, maaş vaxtı primitiv bankomat önündə sərgilənməsi ilə diqqətdə olur. 

Mənim susduğumu görüb davam etdi: 

-Restoranlarda insanları izləmək daha rahatdır. Onda onlar haqqında daha yaxşı analizləri edə bilib, nəticə çıxarırsan. Məsələn, mən heç zaman başa düşə bilmədim ki, yanında xanım ilə gələn bəylər niyə özlərini yerin-göyün sahibi kimi aparırlar ?! Sanki Sultan Süleymanla, Şah İsmayılla hansısa əməkdaşlıqları olub, ya da özlərini "bəy oğlu bəy" sanırlar. Heç nə anlamıram. 

Və təsəvvür edin ki, bu şəxs sanki ürəyimdəkiləri deyirdi, bu nöqsanların şəxsən mən də altından xətt çəkməyə hazır idim. 

İndi bəlkə də, ağlınızda bir sual canlanır ki, bütün bu halları elə qınayırsan ki, sanki özün ideal bir varlıqsan. Xeyr, əlbəttə ki, elə deyil. Bütün bu nöqsanlar bəlkə məndə də var. Sadəcə, arada bir fərq var ki, kimisi bunu düzəltməyə çalışır, kimisi də olduğu kimi qalıb, yerində saymağa davam edir. 

Bizsə, ayıbımıza kor olub, inkişafa yönəlib, monoton həyatdan uzaq olmağa çalışmalı, daim yeniliklər ardınca getməliyik. Əgər, zamanında belə olmasaydı, indi hələ də mağarada səhərin açılmasını gözləyən varlıqlardan olardıq. 

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 60-сı Venesiya Biennalesində təmsil olunacaq. Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu il aprelin 20-dən noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçiriləcək.

 

Biennalenin kuratoru Adriano Pedros mövzunu təsadüfən seçməyib. Biennalenin dünyada insanların müxtəlif ölkələrə köçməsi ilə bağlı böhranlar fonunda fəaliyyət göstərdiyini bildirən Adriano Pedros bunun müxtəlif fərqliliklər və çətinliklərlə müşayiət olunduğunu qeyd edir. “Əcnəbilər hər yerdədir” ifadəsi iki mənada verilir. Birincisi, hara getməyimizdən asılı olmayaraq hər yerdə əcnəbilərlə rastlaşırıq – onlar (biz) hər yerdədir. İkincisi isə, istənilən yad bir yerə getsək həmişə əcnəbiyik.

 

XVI əsrin heyrətamiz memarlıq abidələrindən olan Campo della Tanada yerləşən Azərbaycan pavilyonu isə Venesiya sərgisində “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir.

 

Müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisin (Luca Beatrice) kuratorluğu ilə yaradılan pavilyonumuzda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq ediləcək - səfərlər, səyahətlər, mühacirətin hər zaman fərdi identiklik və incəsənətə təsiri göstəriləcək. Şəxsi təcrübələrinə əsaslanan müəlliflər əsərlərində əcnəbilik mövzusunun Azərbaycan üçün aktuallığını çatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əks etdirir, eyni zamanda, incəsənət vasitəsilə digərinə hörmətlə yanaşmağın vacibliyini bəyan edirlər. Ziyarətçilər əsərlərə müxtəlif bucaqlardan baxaraq fərqli mədəniyyətlərin ahəngini seyr edib, ümumbəşəri qarşılıqlı anlaşma ideyasının zəruriliyini görə biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Dünən əlamətdar bir gün idi, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü idi. Diqqətimi ölkə miqyasında keçirilən tədbirlər, xüsusən Qobustan tarixi qoruğunda və Ramana qalasında Mədəniyyət Nazirliyinin iştirakıyla  düzənlənən tədbirlər cəlb etdi. Əlbəttə ki, 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bu əlamətdar günə töhfəsi də diqqətçəkən idi. 

 

Gənclərin sevimli məkanı olan kitabxana Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bu günün tarixi əhəmiyyətindən bəhs edən materiallar - virtual kitab sərgisi və biblioqrafik icmal hazırlayıb. 

Kitabxanada mənə bildirdilər ki, materiallarda çox zəngindir. Burada rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin tarixi və mədəniyyət abidələri haqqında söylədikləri dəyərli fikirlər, yaşı əsrləri və minillikləri əhatə edən, dünyada analoqu olmayan, ölkəmizin maddi daşınmaz sərvəti hesab edilən tarixi abidələr – Azıx mağarası, Qobustan, Qız qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar, Şəki xan sarayı, Əlincə və Girdiman qalaları haqqında geniş məlumat verilir, Şuşa şəhərinin abidələrinin nəinki Şərq, hətta dünya memarlığının ən gözəl inciləri hesab olunduğu qeyd edilir.

Virtual kitab sərgisində tarixi abidələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri tədbirlər, layihələr haqqında geniş məlumat verilir.

Materiallarda “Sehrli abidələr”, “Qərbi Azərbaycan abidələri”, “Naxçıvanın tarixi abidələri”, “Şuşanın maddi-mənəvi irsi epiqrafik abidələr əsasında”, “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri”, “Azərbaycanın dünya əhəmiyyətli abidələri”, “Şərqin tarixi abidələri” və s. kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda tarixi abidələr haqqında yazılı məlumatlarla yanaşı onların foto və videogörüntüləri də yer alır.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/tarixi-abidelerin-muhafizesi -gunu, https://ryl.az/funds/biblioqrafik-icmal  yerləşdirilib.

Yəni, marağı olan hər bir kəs daxil olub məlumatlana bilər.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.