Super User

Super User

Şərəf Cəlilli, fillgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 Nəsir İmanquliyev: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır!”

 

Milli mətbuatı milli məfkurənin təməl daşına çevirən, “Hər kəsi çağırıram gəlmir...” nidası, həm də kədəri ilə tarix yaradan, mümkün olmayanları mümkünə çevirən Həsən bəy Zərdabi ilk anadilli mətbu orqanın, “Əkinçi”nin əsasını qoymaqla Əbədi istiqlalın konturlarını müəyyən etdi. Cümhuriyyət qurucularının baş ideoloquna çevrildi. “Əkinçi”dən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Kaspi”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Hümmət” doğuldu. Cümhuriyyət Qızıl ordunun qırmızı terroruna məruz qalanda milli mətbuatın incilərini sovet mətbuatı nümunələri əvəz etdi. “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Vışka”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Təşviqatçı”, “Bakı” və “Baku” qəzetləri yarandı. “Əkinçi”dən 83 il sonra işıq üzü görən “Bakı” klassika ilə müasirliyin körpüsünə çevrildi.

 

Nəsir müəllim “Bakı”nı Bakının aynasına çevirdi

“Bakı” qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim “Gənc işçi”, “Yeni yol”, “Kommunist” , “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.

 

1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan «”Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi “Bakı”nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən “Bakı” qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan “Bakı” dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.

 

“Bakı” qəzetinin daimi oxucusu tək mən də Həsən Seyidbəylinin, Balaş Azəroğlunun, Qılman İlkinin, Mir Cəlalın, Hüseyn Abbaszadənin, Rəsul Rzanın, Qabilin, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Vidadi Babanlının, Anarın, Elçinin nəşriyyat üzü, senzura qayçısı görməyən əsərlərini isti-isti “Bakı” qəzetindən oxumuşam. “Ardı var” sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşam saat 5-i səbirsizliklə gözləmişəm. Hamı kimi mən də qəzet köşklərinin önündə növbələrə dayanmışam. Onu da qeyd edim ki, “Bakı”nın məşhur olduğu dövrlərdə 150-200 min tirajla çap olunan, digər mətbu orqanlara meydan oxuyan qəzetlər var idi. “Kommunist” , “Vışka”, “Bakiniski raboçiy”. Bu qəzetlərin məşhurluğu ancaq tirajında idi. Təkcə şəhərdə deyil, bölgələrdə də saysız-hesabsız məcburi abunəçiləri var idi. Sovet mətbuatının bütün çalarlarını, qayda-qanunlarını özündə yaşadan bu qəzetlərdən fərqli olaraq “Bakı” qəzeti özünün dəst-xətti, hadisələrə münasibəti, sənəti, mədəniyyəti himayə etmək məharəti ilə milli-mətbuatımızın zülmətləri yaran günəşinə çevrilmişdi.

 

Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi

Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin - Təbrizin və Bakının nazını az çəksək də, adını həmişə sevə-sevə tutmuşuq. Bayatı, dastan qoşmuşuq. Təəssüf ki, müfəssəl tarixini yazmamışıq. Bu böyük xoşbəxtlik, səadət daha çox iki fədakar tarixçi alimə - tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyliyə və düz 70 il ömrünü şama pərvanə edən, redaktə etdiyi yazıların qanadında gündə yüz yol dərgaha gedən “Bakı” qəzetinin baş yazarı, professor Nəsir İmanquliyevə nəsib olmuşdu...

Qəzetin elə birinci sayından, şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, “Qəzet yaxşı yazıları ilə şöhrətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı...” “Yazı yazın, səs salıb mis kimi cingildəsin” nidasına tapınıb “Bakı”nı “Əkinçi”nin, “Molla Nəsrəddin”in mənəvi varisinə çevirən, “Jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur” deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir müəllim ustadlıq zirvəsinin birinci mərhələsini gözünün nuru ilə qurduğu jurnalistika fakültəsinin auditoriyalarında yaşayırdısa, ikinci mərhələsini nəzəriyyə ilə təcrübənin vəhdətində qurub-inkişaf etdirdiyi  “Bakı” qəzetinin redaksiyasında yaşayırdı.

60-70-ci illərin məşhur Bakısı təkcə zahirən tikilib qurulmurdu. Yeraltı keçidlər, metro stansiyaları yerüstü dünyanın yeraltı aləminə körpü olmaqla yanaşı, zülmətləri yarmaq demək idi. Bu gün dünyanın maddi-mədəniyyət inciləri sırasına daxil edilən İçərişəhərin lal sükutu elə o illərdə pozulurdu. Bayır şəhərdə yeni yaşayış massivləri salınır, iri-iri komplekslər, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Bir sözlə, XX əsrin əvvəli təkrarlanırdı. Tağıyevlərin, Nağıyevlərin, Əsədullayevlərin malikanələri “Ağ şəhər”i, əllərindən mazut, tellərindən su daman yorğun insanların üzünü xatırladan yosmaca evlər “Qara şəhər”i yaratdığı kimi, 60-cı illərdən başlayan quruculuq işləri də Bakının ucqarlarını dirçəlişə qovuşdururdu. Neft daşlarının səsi-sorağı isə dünyanın o başına - Nobellərin, Rotşildlərin vətəninə belə gedib çatırdı.

Bu dirçələn, inkişaf edən şəhərin adına dastan bağlayan bəstəkar Tofiq Quliyevin silsilə mahnıları, ölməz Rəşid Behbudovun ifaları isə yeni bir aləm idi. Bu aləmin gücünü, məna tutumunu, ancaq “Bakı” ilə, onun məşhur baş yazarının yüksək təşkilatçılıq bacarığı və öz şəhərinə sıcaq münasibəti, içdən gələn istəyi ilə müqayisə etmək olardı. Bu, üç sənət, söz adamını - Nəsir İmanquliyevi, Tofiq Quliyevi, Rəşid Behbudovu isə bu şəhərdə nə tanımayan, nə də sevməyən var idi...

 

O gözəgörünməz qüvvə Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi

70-ci illəri milli-mənəvi dəyərlərin qorunması, yaddaşa qayıdış, milli özünüdərk ideologiyasının formalaşması kimi qəbul edənlər, bu uzaqgörən siyasətin ideya müəllifi kimi ümummilli lider Heydər Əliyevi etirafda bulunur. Onun xilaskarlıq və himayədarlıq missiyasını müasir, müstəqil Azərbaycanın nicat yeri bilir. Bu illər ərzində Ümummilli liderin müdrikliyi sayəsində Səfəvi hökmdarı Şah İsmayıl Xətainin 500 il öncə yazdığı tarix yenidən təkrarlandı, yeni konstitusiyada ana dilimiz dövlət dili elan olundu. Bu böyük şəxsiyyətin, dövlət adamının təşəbbüsü ilə Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Fətəlinin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun, Natəvanın, Bülbülün, Üzeyir bəyin abidələri ucaldıldı. Bir çoxunun ev-muzeyləri yaradıldı. Adlarına küçələr, xiyabanlar salındı. Əsərləri yüksək tirajla nəşr olunub oxuculara təqdim olundu. Hüseyn Cavidin nəşi Sibir çöllərindən gətirilib vətənində torpaq müqəddəsliyinə qovuşduruldu.

Əli qabarlı kolxozçuların, fəhlələrin haqqını mərkəzdən alıb, keçici bayraqları, orden-medalları Vətənə gətirən Heydər Əlirza oğlu Əliyev SSRİ səmasından ən parlaq ulduzları qoparıb, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Rəsul Rza, Mirzə İbrahimov kimi dühaların yaxasından asdı. Nizamilər, Füzulilər, Nəsimilər yetirən, fəqət sinəsinə repressiya, müharibə dağa çəkilən qüdrətli xalqın haqqını özünə qaytardı. Adil İsgəndərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi haqq aşiqlərini himayə edib, “KQB”-nin caynağından aldı.

Bu xilas olunanların, üzdə görünməyən şəxsiyyətin himayəsini hiss edənlərin içərisində Azərbaycan dilinə, Azərbaycan milli-mənəvi dəyərlərinə, ərazi bütövlüyünə, muğamlarımıza, xalq mahnılarımıza, sənət-söz adamlarımıza qarşı səlib yürüşü başlayanda Mircəfər Bağırovun, İmam Mustafayevin, Vəli Axundovun peşəkar kadr, vətənpərvər ziyalı, nüfuzlu dövlət xadimi kimi etiraf və etibar etdiyi Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin təbliğatçısı kimi dəyər verdiyi Nəsir İmanquliyev – “Bakı” və “Baku” qəzetinin qurucusu, qüdrətli bir şəxsiyyət, ötkəm redaktor da var idi. Fəqət bunu nə o, nə də yuxarılar üzə vururdu.

O gözəgörünməz qüvvə şəhər qəzetini şəhərin, mədəniyyətin, milli-mənəvi dəyərlərin aynasına çevirmək üçün, nədən, niyə və kimin üçün yazdığını bilən redaktora Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi. Bu səbəbdən də “Bakı” özünün ab-havası, yazı manerası, dil-üslub xüsusiyyətləri, hadisələrə çevik münasibəti ilə digər mətbu orqanlardan seçilir, milli mətbuatın dan ulduzuna çevrilir, zülmətləri nura qərq edirdi. Mərkəzi Komitənin qərarlarından, beşilliyin planlarından yazan sovet mətbuatından çox müstəqil qəzeti xatırladan “Bakı”nın 70-ci illərdə söz-mətbuat, fikir və düşüncə azadlığının nümunəsinə çevrilməsinin başlıca səbəblərindən biri də bu idi.

Elə olmasaydı, iki dildə, həftədə 12 sayı işıq üzü görən, sənətin, mədəniyyətin himayədarına, şəhərin ictimai-siyasi, sosial-mədəni mühitinin aynasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yaradıcılıq laboratoriyasına çevrilən “Bakı” qəzeti klassika ilə müasirliyin, ənənə ilə novatorluğun sintezində “Əkinçi”dən, “Molla Nəsrəddin”dən, “Füyuzat”dan sovet mətbuatına bitib-tükənməyən yol gələn milli mətbuat nümunəsinə çevrilə bilməzdi.

“Bakı” qəzetinin təməli qoyulanda Nəsir İmanquliyev Radio və Televiziya Verilişləri Komitəsində sədr müavini idi. İndi də ənənəsinə sədaqət hissini qoruyan Milli Radionun başında dururdu. Yetirmələri ilə efirə, ekrana yeni rəng, ahəng gətirir, milli-mənəvi dəyərləri, yaddaşa qayıdış ideyalarını təbliğ edirdi. Amma zaman ömrünün hər anını millətinin inkişafına, el və dil birliyinə bağışlayan bu haqq aşiqinin başqa bir amalını gerçəyə çevirməyə səsləyirdi. Ruhundan qida verdiyi “Bakı” qəzeti ilə o, təkcə yeni bir ədəbi nəsil formalaşdırıb, onlara istiqamət vermədi. Publisistikada, jurnalistikanın ən ağır janrı olan xəbərçilikdə, informasiyanın təqdimatında yeni cığır açdı. Qısa, lakonik xəbərləri ilə dünyanın o başını bu başına caladı. İdman şərhləri, reportajları ilə bayrağını bayraqlar üstə yapan millətin gücünü, qüdrətini sübut etdi. Felyetonları ilə zamanı, quruluşu, məsləkindən uzaq düşən məmurları, saxtakarları qamçılayan “Bakı” yeni ictimai-siyasi mühiti - yaddaşa, əski gələnəklərə qayıdış ideologiyasını formalaşdırdı. Könülləri ovsunlayan müsahibələri ilə insanla insanca, dostla dostca danışmanın yolunu göstərdi.

Hələ 70-ci illərdə ilk reklam bülletenlərinin, futbol təqvim-məlumat kitabçalarının nəşrinə nail olan professor Nəsir İmanquliyev Azərbaycan və rus dilində işıq üzü görən bu nəşrləri ilə təkcə milli mətbuat tariximizə yeni səhifə yazmadı. Bakı Nəşriyyat Poliqrafiya Birliyini formalaşdırdı. Reklam bazarının, menecment fəaliyyətinin təməlini qoydu.

Bu gün azad mətbuatdan, demokratik dəyərlərdən, reklamın mətbuata, cəmiyyətə təsirindən danışanlar, idmanı, futbolu həm də siyasi mübarizə meydanı hesab edənlər unudurlar ki, professor Nəsir İmanquliyev bu qənaətə düz 60 il bundan öncə gəlib, “Bakı”nı bu möhtəşəm ideyanın təməldaşına çevirib.

 

 

“Bakı” qəzetinə verilən xüsusi imtiyaz Heydər Əliyevin adı ilə bağlı idi

“Kommunist”, “Gənc işçi”, “Yeni yol”, “Döyüşən Krım” qəzetlərinin əsas yazarı, məsul katibi kimi tanınan, “Radio proqramı”nın, “Bakı” və “Baku”nun təməlini qoyan professor Nəsir İmanquliyevin millət, məmləkət qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi “Vətənin səsi” qəzetini qurmasıdır.

Sonralar Vətən Cəmiyyətinin mətbu orqanı kimi fəaliyyət göstərən bu qəzetin təməlini qoymaq haqqı da peşəkarlığı, təşkilatçılığı, redaktorluq məharəti ilə ad çıxaran Nəsir İmanquliyevə verilir. Dünya Azərbaycanlılarının birliyinin, bütövlüyünün, diaspora məsələlərinin carçısı olan bu qəzetin ideya müəllifi Azərbaycanın I katibi Heydər Əliyev, onu gerçəyə çevirən isə Nəsir İmanquliyev idi: “...Heydər Əliyev I katib kimi fəaliyyətə başlayandan sonra hər sahədə inkişaf özünü büruzə verdi. Mətbuatda da azad fikirlilik hökm sürməyə, üstüörtülü olsa da, milli siyasət yürüdülməyə başladı. “Bakı” qəzetinə verilən xüsusi imtiyaz da I katibin - Heydər Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, xüsusi qayğısı və səyi nəticəsində “Bakı” və “Baku” milli mətbuat orqanına çevrildi, o dövrün qəzetlərindən fərqləndi. Belə bir zamanda onun tapşırığı ilə yeni bir qəzet təşkil etmək məsələsi Mərkəzi Komitədən mənə tapşırıldı. Müharibə dövründə əsir düşmüş, kənarda qalmış azərbaycanlılar üçün “Vətənin səsi» adlı bir qəzet işıq üzü gördü. Xarici Ölkələrlə Əlaqə Cəmiyyətinin orqanı kimi nəzərdə tutsaq da, ilk vaxtlar gizli çıxırdı bu qəzet, KQB imkan vermirdi.. Çox böyük faydası oldu. Bizdən uzaq düşənlərlə aramızda bir körpü yaratdı “Vətənin səsi”. Neçə-neçə azərbaycanlının vətənə dönmək qeyrətini gücləndirdi “Vətənin səsi”!..”

Bu gün ümummilli lider Heydər Əliyevin 70-ci illərdə, hakimiyyətinin ilk mərhələsində həyata keçirdiyi Azərbaycanın özgürlüyünə hesablanan möhtəşəm, genişmiqyaslı layihələrdən hər kəs ürək dolusu danışır. 90-cı illərdən sonra dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edən, Dünya Azərbaycanlılarının qurultayını çağıran, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini yaradan Ümummilli Liderin danılmaz xidmətlərini qeyd edənlər unudurlar ki, o müdrik insan, qüdrətli Dövlət Adamı bu ideyanın da təməlini 70-ci illərdə qoyub, onu gerçəkləşdirmək üçün də professor Nəsir İmanquliyev kimi peşəkar, vətənpərvər, əzəmətli, əyilməz kişilərə, cismi Bakıda, ruhu Təbrizdə dolanan, varlığında paralanmış Vətəni - Odlar yurdunu bütövləşdirən mühacirlərə, bütün həyatını Azərbaycançılıq məfkurəsinin inkişafına, təbliğinə həsr edən ictimai-siyasi xadimlərə söykənib.

 

“Güney Azərbaycan bizim tarixi torpağımızdır”

İkinci Dünya Müharibəsi illərində bir qrup Azərbaycan ziyalısı ilə ön cəbhədə döyüşən Nəsir İmanquliyev dövrünün müqtədir qələm sahiblərilə birlikdə Güneydə qurulan Pişəvəri dövlətində - Güney Azərbaycan Cümhuriyyətində məhz mətbuat məsələləri ilə məşğul olmuşdu. 50-ci illərdə Azərbaycan dili məsələsini Ali Sovetin gündəliyinə çıxaran, Sovet İKP MK-nın, Xruşovun hədəfinə gəlsə də, vəzifəsini, yüksək titullarını itirsə də, Azərbaycan kişisinə xas qürurunu, qeyrətini qoruyan, 1941-ci ildə Mircəfər Bağırovun göstərişi, görkəmli dövlət xadimi Əziz Əliyevin rəhbərliyi ilə “Güney Azərbaycan missiyası”nın tərkibində Təbrizə gedən, Sovet ordusunun əsgərlərinin sırasında təbliğat – təşviqat qrupunun məşhur üzvləri Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun, Rəsul Rza, Qılman İlkin, Ənvər Məmmədxanlı, Cəfər Xəndan, Qulam Məmmədli kimi qələm sahibləri ilə xalq yazıçısı, akademik Mirzə İbrahimovun redaktorluğu ilə işıq üzü görən “Vətən yolunda” qəzetinin nəşrinə nail olmuşdu. Güneyli soydaşlarımıza, daha doğrusu, öz həmvətənlərinə ana dilinin badəsindən şərbət süzmüşdü. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi milli mətbuatımızın Güney Azərbaycan salnaməsini yaradan Mirzə İbrahimovla çiyin-çiyinə sözün səngərində dayanmışdı. Azərbaycanın birliyi, bütövlüyü üçün Qələmini Süngüyə çevirmişdi. Bununla həm də o, Rza şah Pəhləvi ilə görüşəndə Güney Azərbaycanda yürütdüyü milli siyasətə görə şahın etiraz notasını alan, görüş zamanı “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq, mətbuat məsələləri bizi qayğılandırır!” nidası ilə mənsub olduğu millətin və məmləkətin haqq səsinə dönən polkovnik – komissar Əziz Əliyevin başladığı möhtəşəm işlərə, ümummilli məsələlərə öz töhfəsini vermişdi.

 

Nəsir İmanquliyev müəllimdən müqəddəs ad, jurnalistikadan müqəddəs peşə tanımayıb

Tanrının ona bəxş etdiyi ömür payını müxtəlif vəzifələrdə əritsə də, professor Nəsir İmanquliyev ömrü boyu mətbuatla, jurnalistika ilə bağlı olub. Müəllimlik edib. Müəllimdən müqəddəs ad, jurnalistikadan müqəddəs peşə tanımayıb. Elmi əsərləri, monoqrafiyaları, dərslikləri ilə peşəsinə sədaqət hissini sübut edib. Bir vaxtlar böyük Həsən bəy Zərdabinin müdrikcəsinə söylədiyi: “Elm gərək sel kimi axsın ki, hər kəs onu içə bilsin” kəlamını gerçəyə çevirib.

1947-ci ilin martından universitetin qurucu müəllimlərinin sırasında yer alan, düz yarım əsrdən çox ruhunu tələbələrinin beyninə köçürən Nəsir müəllim universitet auditoriyalarından cismən 1998-ci il martın 7-də ayrıldı. Həmin gün dünyaya vida nəğməsi oxuyan Nəsir İmanquliyev üstündən 27 il keçməsinə baxmayaraq, jurnalistika fakültəsinin auditoriyalarında mühazirələr oxuyan yetirmələrinin Ustad sevgisində yaşayır. Ömrü boyu çalışdığı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nın fasadındakı barelyefindən boylanan təbəssüm dolu baxışları isə hər gələn yeni nəslə: “Vicdan yaradıcı insanın qələminin ucundadır” söyləyir!

 

“Qəzet kitablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi

Bütün dahilər, istedadlı insanlar kimi, həyatı keşməkeşlərdən, eniş-yoxuşlardan ibarət olan Nəsir müəllim də ömrünün ilk çağlarını və sonunu ağrılar, kədərlər içində yaşadı. Uşaqlığı vətən həsrətində, Güney Azərbaycanın nisgilində, ata sığalından uzaq, ana himayəsində, at başına oxşayan taxta buruqların, mazut qoxuyan neft çəlləklərinin, od püskürən çilingər, qaynaqçı sobalarının əhatəsində, gəncliyi 1937-ci ilin repressiya burulğanında, İkinci Dünya Müharibəsinin qanlı-qadalı illərində keçən Nəsir müəllim ömrünün son illərini inandığı quruluşun millətinə xəyanətinin acılarında, qanlı 20 Yanvar gecəsinin, Xocalı dəhşətinin, Şuşa nisgilinin acısında, unudulmaz Gövhər xanım Sultanzadənin, tək və yeganə övladı, Ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, professor Aida xanım İmanquliyevanın həsrətində keçdi.

Vaxtsız gələn payız ömrünü xəzan eylədi. Payızda köçən durnalar baharda qayıtsa da, qəmin, hicranın köçünə qoşulan doğmalarının intizarı, onu ondan, dostlarından, doğmalarından, tələbələrindən aldı. Uzaqlara, lap, lap uzaqlara, “biz olmayan yerlərə” apardı.

60-cı illər mətbuatının nəfəsliyi olan, ustad ucalığından jurnalistika adlı nəhrə boylanan, doğmaları, yetirmələri ilə qürur duyan Nəsir müəllim qalın yox, qalan kitablar qoydu. Bu, düz 30 il oxucularını deyib sevə-sevə köşklərə gələn “Qəzet kitablar” idi. Vaxtı, zamanı özü ilə çəkib aparan “Qəzet k  itablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi.

Kim nə deyir, desin! O əfsanənin, Şah əsərin özü – “Yeni Yol” qəzeti bağlandıqdan sonra düz 20 ilə yaxın “əhalisinin yarısından çoxu azərbaycanlılardan ibarət olan şəhərin günahı nədir ki, ana dilində çıxan qəzeti bağlasın” deyib Mərkəzi Komitənin dincliyini əlindən alan, tərcümeyi-halına “ötkəm redaktor”, “təşkilatçı mühərrir”, “peşəkar jurnalist”, “kişi adam” kəlmələrini yazan Nəsir İmanquliyev idi!

 

İrsdə varislik – “Bakı” qəzetindən “Bakı” dərgisinə

Peşəkar jurnalist, qüdrətli pedaqoq, ictimai-siyasi xadim kimi tarix yaradan Nəsir İmanquliyev indi həm də irsdə varislik prinsipi ilə qələm çalan sevimli nəvə-nəticələrinin gerçəkləşdirdiyi, təşkil etdiyi humanitar forum və konfranslar, genişmiqyaslı layihələrlə sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna töhfələr verən, Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları ilə bəşəriyyəti Birliyə, Bütövlüyə, Dostluğa, Qardaşlığa çağıran, 30 il kürsülərdən Qarabağın, Şərqi Zəngəzurun, Xocalının haqq səsinə, ədalət carçısına dönən, 44 günlük Vətən savaşından sonra Qarabağda, Şərqi Zəngəzurda qurtuluşun, qayıdışın, dirçəlişin dastanını yaradan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin silahdaşına çevrilən, Molla Pənah Vaqifin Məqbərə Kompleksinin yenidən ucaldılmasına nail olan, Vaqif Poeziya Günlərinə, Xarıbülbül Musiqi Festivalına ruhundan qida verən, multikulturalizmin Azərbaycan modelinin konturlarını yenidən cızan, İçərişəhəri, Qobustanın qayaüstü abidələrini, tarı, sazı, neyi, Novruz bayramını, Azərbaycan muğamlarını, Azərbaycan xalısını, Azərbaycan kəlağayısını dünyanın maddi-mədəni irsi siyahısına yazdıran Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, birinci xanım, Azərbaycan Mədəniyyət Fondunun, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təməlini qoyduğu, publisistikasını, redaktorluq məharətini yaşatdığı “Azərbaycan-İrs” və “Muğam” dərgilərində, “ÜNS”ü, “Qarabağnamə”si ilə dünyanın sənət-mədəniyyət məbədlərinin mələyinə dönən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təməlini qoymaqla milli-mənəvi, dini qarşıdurmaların əleyhinə çıxıraq, elmi-mədəni əlaqələrin, dostluğun, tolerantlığın körpüsünə çevrilən, Azərbaycan – İngiltərə Cəmiyyətinin xətti ilə Şərq-Qərb dialoquna xidmətdə bulunan, Nizamişünaslıq və Qafqazşünaslıq elminin yeni əsaslarını müəyyənləşdirən, Beynəlxalq Nizami Mərkəzinin qurucularından biri kimi adını tarixə yazan, “Molla Nəsrəddin” irsinin yeni əlifba ilə nəşrinə nail olan, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın duyğularında, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ruhundan qida verdiyi “Bakı” jurnalının səhifələrində, Bakı Media Mərkəzini qurmaqla medianın həyatımızdakı rolunu və yerini müəyyənləşdirən, Azərbaycan həqiqətlərini medianın imkanları çərçivəsində dünyaya müasir biçimdə təqdim edən, milli kinonun tarixini müasir kino sənayesinin nailiyyətləri ilə zənginləşdirən, milli istiqlal, milli dövlətçilik istiqamətində mücadiləmizin açılmamış səhifələrinə, istiqlal, özgürlük mücahidlərinin ömür yoluna ayna tutan Arzu xanım Əliyevanın millət, məmləkət sevgisində, “Yarat” Müasir İncəsənət Məkanının rəhbəri Aida xanım Mahmudovanın rənglər dünyasında, “Nargis” jurnalı ilə incəsənət, mədəniyyət və jurnalistika tarixinə imzasını atan Ülviyyə xanım Mahmudovanın fəaliyyətində yaşayır!

Nəsir müəllim ərazi bütövlüyü pozulan, milyondan çox vətəndaşı qaçqına, məcburi köçkünə çevrilən Odlar Yurdundan, Şuşadan, Qarabağdan, Şərqi Zəngəzurdan, Qərbi Azərbaycandan, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Vətəndən nigaran getdi. 44 günlük tarixi savaşdan, haqq davasından, Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun iradəsi, Şəhidlərin və Qazilərin sonsuz Vətən, torpaq sevgisi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən millətinin, məmləkətinin əzəmətini görüb indi Tanrı Dərgahında huzur dolu anlarını, günlərini yaşayır. Şeyx Ədəbalının dili ilə üzünü millətinə, məmləkətinə tutub deyir: “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!”, “İgid sərkərdə olarsa, gedərmi ordu bada?”

 

Nəsir İmanquliyev: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır!”

Heydər Əliyev sıradan bir şəxs, dövlət xadimi deyildi. O, Təhlükəsizlik orqanlarında ən kiçik vəzifədən ən ali rütbəyə, vəzifəyə qədər yüksəlmişdi. “Canından əziz bildiyi Azərbaycan”ın sarayına Sultanı, ölkəsinə Birinci xanımı, varislərinə ananı, nəvə-nəticələrinə nənəni seçəndə övlad məhəbbəti ilə yanaşı, şübhəsiz ki, Mircəlal təmizliyini, Nəsir İmanquliyev əyilməzliyini də nəzərə almışdı.

Zaman onun nə qədər müdrik, uzaqgörən bir lider, tarixi şəxsiyyət olduğunu sübuta yetirdi. Millət, Məmləkət sevgisi ilə abidələr ucaldan, abidəsini könüllərdə yapan Ulu Öndər Heydər Əliyevin adına ən möhtəşəm abidəni Heydər Əliyev Fondu adında ölkənin Birinci xanımı, “Kölgədə bitən ağacın kölgəsi olmaz!”, “Yada satmaram!”, “Dilini, millətini sevməyəndən, vətən təəssübü çəkməyəndən Böyük Vətəndaş, vətənpərvər olmaz!” nidası ilə müəllim, alim, yazıçı, publisist ucalığı, müqəddəsliyi  yaşayan Babaların – Mir Cəlalın, Nəsir İmanquliyevin genetik kodlarının daşıyıcısı edə bilərdi.

Son 30 ildə əldə olunan tarixi nailiyyətlər deyilənlərlə yanaşı, həm də Peyğəmbər əleyhissəlamın: “İnsan dünyasını dəyişəndə ondan üç şey qalır: əməl, əsər, övlad!” hikmətini gerçəyə çevirdi.

“Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin” ənənələrinə söykənərək, milli mətbuatın “Nəsir İmanquliyev” və “Bakı” zirvələrini yaradan Nəsir müəllim bünövrəsini qoyub, peşəkar kollektivini formalaşdırıb düz bir qərinə – 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetlərinin onlayn rejimdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yenidən oxucuların görüşünə gəlməsi “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır. Peşəsini kiminsə pul kisəsindən asmamalıdır!.. Bir yazı yazanda düşünməlidir ki, haradasa onu bir nəfər oxuyur, bax o oxucu naminə yalan yazmamalıdır, saxtakarlıq etməməlidir” nidası ilə nə az, nə çox düz 60 il qələm çalan Nəsir İmanquliyev irsinə, şəxsiyyətinə ehtiramın əlamətidir.

“Bakı” qəzeti “Əkinçi”dən 83 il sonra nəşrə başladı. Zərdabinin müəyyənləşdirdiyi təməl prinsiplərlə millətə, məmləkətə təmənnasız xidmətdə bulundu. Dəqiq, qərəzsiz, vicdanlı dünyası ilə cəmiyyətin tərəqqisinə töhfələr verdi. Həsən bəy Zərdabinin ənənələrini davam etdirdi. Yüz minlərlə tirajı ilə meydan sulayan mətbu orqanların sırasında özünəməxsus dili, üslubu, yazı manerası, məlumatlandırmaq, maarifləndirmək missiyası ilə tarixlə müasirlik arasında körpüyə çevrildi. Zərdabinin irsinə, şəxsiyyətinə ehtiram hissi ilə yanaşan redaktorun – Nəsir İmanquliyevin peşəkarlığı, əzəməti, əyilməzliyi sayəsində “partiyanın təkərciyinə, vintciyinə çevrilən” qəzetlərdən fərqləndi. Bu il milli mətbuatın 150 illiyidir. Bu illər ərzində əldə olunan nailiyyətlərdə “Bakı”nın öz yeri, dəsti-xətti, imzası var. O, Zərdabinin imzasına bərabər Nəsir İmanquliyev imzasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

Çərşənbə axşamı, 15 İyul 2025 10:30

“MƏN KİMƏM” LAYİHƏSİNDƏ Aynur İsmayılova

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İnsan həyatdan uzaqlaşdıqca, özünə daha yaxın olmağa başlayır.

Bu — bir küncə çəkilib səssizcə öz içində yaşamaq deyil.

Bu — özünü sorğulamağa, kəşf etməyə, suallar verməyə və hər birinin cavabında daha çox özünə çatmağa bənzəyir.

 

Əvvəllər başqalarının gözündə kim olduğumu düşünürdümsə, indi öz gözümə kim göründüyümü anlamağa çalışıram.

Və bunu gənc yaşımda dərk etdiyim üçün özümü xoşbəxt hiss edirəm.

Bir zamanlar hər kəs olmağa çalışan, hər şeyə sahib olmaq istəyən qız indi heç kimə bənzəmək istəmir, sadəcə öz səsinə qulaq asmaq, özü olmaq istəyir.

 

Mən, Aynur İsmayılova.

Ömür yolumun 26-cı dönümünə bir neçə saat qalmış bu yazını yazıram.

Bu — 25 yaşımın son sətirləri, bəlkə də epiloqudur.

Bəlkə də yeni bir başlanğıcın ilk pıçıltısıdır.

Bu gün sadəcə hiss etmək və düşünmək istəyirəm.

25 il əslində çox da deyil, ancaq kifayət qədər çoxdur ki, insan özündən qaçmağı və yenidən özünü tapmağı öyrənsin.

Hansı ki, hər şeyi bacarmağa çalışan Aynur, indi yalnız özünü tanımaq istəyir.

Aynur uşaqlıqdan yarım qalmadı. Gəzirdim, əylənirdim, sevinirdim.

O yaşların içində sevgi də, mübarizə də, qayğı da vardı.

Amma zaman keçdikcə Aynur o uşağı susdurdu.

O səs qayğılar altında boğulmağa başladı.

Bəzən isə tamamilə səssizləşdi.

Və mən qurban olmağa başladım.

Bir zamanlar sərhəd tanımayan, özünü səmanın sonsuz sərhədlərində hiss edən,

“yox” sözünü sevməyən inadkar bir qız —

İndi hər ehtiyaca çatmağa, heç kəs inciməsin deyə özünü sıxmağa başladı.

Artıq onun üçün “özüm” demək ayıb sayılırdı.

Hər dəfə özünə qayıtmaq istəyəndə ehtiyaclar daha çox artırdı.

Heç zaman bitmirdi...

Amma o tükənirdi — səssizcə, içində.

Hardasa dərinlərdə o səsi axtarırdı. Bir yol... bir işıq...

Çünki içində qəribə bir hiss vardı — aid olmama hissi.

Hər kəsə yaxın olsa belə, əslində hər kəsə yad idi.

Bəlkə də bu yadlıq ən çox özünə qarşı idi.

Kim olduğunu bilmirdi.

Bəzən Şəkər Portağalındakı Zeze,

bəzən Balaca Şahzadədəki tənha planet sakini,

Simyacıdakı Santiago,

“Cinayət və cəza”dakı Sonya idim...

İndi isə...

Mən özüm belə bilmirdim kiməm.

Bəlkə batan ulduz, bəlkə yanan şamam — başqalarına işıq verən, özü əridikcə susan...

İndi içimdə bir qız var.

O, sadəcə Aynurdur.

Uşaqlığı ilə barışmaq, gəncliyini yaşamaq, özünü tapmaq istəyən bir qadındır.

Bəlkə də bu yazı bir başlanğıcdır.

Səsini unutduğum özümə səssizcə “xoş gəldin” deməyin yolu.

 

İndi mən kiminsə ehtiyaclarını qarşılayan, hamıya yetməyə çalışan biri deyil,

özüm olmaq istəyirəm.

Bu — mənim yolum, mənim hekayəmdir.

Dərin, səssiz və tam mənə aid bir yol.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

Dünən Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən beş il ötdü

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən Tovuz döyüşləri ilə əlaqədar "Tovuz döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı virtual kitab sərgisi və “Zəfər salnaməsinin şanlı səhifəsi - Tovuz döyüşləri” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, istifadəçilər bu materiallardan yararlanaraq Tovuz döyüşləri haqqında qısa zaman kəsiyində çox ətraflı və dolğun məlumat almaq imkanına malikdirlər. Virtual kitab sərgisində bir sıra rəsmi sənədlərin, bu döyüşlərdə şəhid olmuş igid Azərbaycan oğullarının hərbi xidməti, keçdikləri döyüş yolu haqqında qələmə alınmış kitab və dövrü mətbuat nümunələrinin tam mətni təqdim edilir. "Tovuz döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı virtual sərgidə “Tovuz döyüşləri-iyul şəhidləri”, “Vətən uğrunda”, “Polad ömrü”, “Əfsanəvi general”, “Akula ləqəbli kəşfiyyatçı”, “Möhtəşəm zəfərin nişanəsi” kimi 10-dan çox kitabın və “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “525-ci qəzet”, “İki sahil”, “Səs” kimi mətbu nəşrlərdə yer alan “Tovuz döyüşləri - Zəfərin başlanğıc məqamı”, “Tovuz döyüşləri: Qəhrəmanlıq salnaməmiz...”, “Tovuz döyüşləri qələbəmizin təməli oldu” kimi məqalələr sərgilənir.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/tovuz-doyusleri-zefere-geden-yolun-baslangici yerləşdirilib.

“Zəfər salnaməsinin şanlı səhifəsi - Tovuz döyüşləri” adlı məlumat bülletenində Şanlı Qələbəyə gedən yolun başlanğıcında duran, adını Azərbaycanın Zəfər Salnaməsinə qızıl hərflərlə yazan Tovuz döyüşlərinin iştirakçıları haqqında toplanmış ətraflı məlumat, onların həyat və döyüş yolundan bəhs edən kitab və məqalələrin siyahısı təqdim edilir.

“Zəfər salnaməsinin şanlı səhifəsi - Tovuz döyüşləri” adlı məlumat bülleteni kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Nərgiz Qəribli-Qaya, şair-jurnalist, Türkiyə. “Ədəbiyyat və incəsənət” üçün

 

Bir müddət öncə Azərbaycana səfərim oldu və orada ASAN Xidmətlə tanış olmaq imkanı qazandım. Əvvəllər adını eşitmişdim, amma təcrübə etməmişdim. Türkiyədə dövlət idarələrində hələ də bürokratik proseslərlə bağlı yaşadığım çətinliklər səbəbindən bir az tərəddüd edirdim, amma ora gedəndə bütün öncədən olan fikirlərim dağıldı. ASAN Xidmət həqiqətən inqilabi bir sistemdir.

 

Sumqayıt şəhərindəki 2 nömrəli ASAN Xidmət  mərkəzə daxil olduğum andan etibarən, mühitin sakitliyi, nizam-intizamı və  peşəkarlığı məni çox təsirləndirdi. Əməliyyatlar çox sürətli və problemsiz irəliləyirdi, buna çox heyran qaldım. Uzun növbələr və ya mürəkkəb sənəd işləri yox idi. Gülərüz personal məni düzgün istiqamətləndirdi və ehtiyac duyduğum işi dəqiqələr içində başa çatdırdım. İnsanlara göstərilən hörmət və diqqət xidmət almağı tam fərqli bir təcrübəyə çevirmişdi.

Açığı həmin vaxtı Türkiyədə bəzən dövlət idarələrində uzun saatlar keçirdiyimi və əməliyyatlar üçün təkrar-təkrar geri qayıtmalı olduğumu xatırladım. ASAN Xidmət texnologiya və insan yönümlü yanaşması ilə bunu tamamilə dəyişib. Bütün işlərin rəqəmsal infrastrukturla dəstəklənməsi və lazım olduqda üz-üzə  dəstək almaq çox böyük üstünlükdür. İnsan belə bir mühitdə özünü daha dəyərli hiss edir və dövlətlə əlaqəsi daha etibarlı olur.

Bu təcrübə mənə göstərdi ki, dövlət xidmətləri əslində nə qədər insanlara toxunan, asanlaşdıran və vaxt qazandıran proses olmalıdır. ASAN Xidmət yalnız sürətli əməliyyat aparmaqla qalmır, həm də vətəndaşla dövlət arasında möhkəm etimad, inam, sevgi  körpüsü qurur. Bu sistem həm vətəndaşın, həm də dövlətin işini asanlaşdırır, bürokratiyanı minimuma endirir.

Türkiyədə də e-dövlət kimi rəqəmsallaşma addımları çox önəmli və doğru istiqamətdə atılır, amma ASAN Xidmət kimi fiziki mərkəzlərin genişləndirilməsi və xidmət keyfiyyətinin daha da artırılması vətəndaşların dövlətlə əlaqəsini gücləndirəcək. Bəlkə gələcəkdə Türkiyədə də belə geniş və insanlara toxunan, tez kömək edən xidmət nöqtələri artar, xalq daha sürətli və problemsiz xidmət ala bilər. Mənə elə gəlir ki, bu müasir  xidmət növü dünyanın hər ölkəsində olmalıdır və insanların problemini tez həll etməkçün  çox vacibdir.

Nəticə olaraq, Azərbaycanda ASAN Xidmətlə tanışlıq mənimçün çox dəyərli bir təcrübə  oldu. Həm texnoloji infrastrukturu, həm də insana verdiyi dəyər ilə nümunəvi bir model olduğunu düşünürəm. Belə layihələrin yayılması təkcə dövlət xidmətlərini deyil, cəmiyyətlərin həyat səviyyəsini də yüksəldəcək. Bu gözəl təcrübə səfərimdə ağlımda qalan ən müsbət və təsirli anlardan biri oldu.

Mən iyirmi il idi ki, Azərbaycanda, doğulduğum Sumqayıt şəhərində olmurdum. İyirmi ildən sonra yenidən Azərbaycana, doğulduğum Sumqayıt şəhərinə gələndə gözlərimə inanmadım. Azərbaycanın bu iyirmi ildə necə sürətlə inkişaf etdiyinə, doğulduğum Sumqayıt şəhərinin necə gözəlləşdiyinə heyran oldum. Açığı çox təəccüb elədim ki, az bir vaxtda Azərbaycan belə qüdrətli dərəcədə inkişaf  edə bilərmiş. Hər yerdə gördüyüm gözəlliklər, çox müasir üslubda tikilən binalar, körpülər, parklar, meydançalar  məni heyrətləndirirdi.

Sumqayıtın yeni dənizkənarı bülvarı, salınan yeni parklar, müasir yollar, yaraşıqlı binalar və əsasən də Bakıdan Sumqayıta gələndə salınan yaraşıqlı yollar və unikal yaşıllıqlar  bu şəhərə  çox böyük gözəllik, müasirlik  verir. İnsan özünü dünyanın ən inkişaf etmiş gözəl bir şəhərində görür.

Bir vaxtlar oxuduğum Sumqayıt şəhərindəki 11 nömrəli tam orta məktəbin və eləcə də çoxlu məktəblərin yaraşıqlı binaları  insanı heyrətə gətirir. Bəli. Mən sevindim ki, bu şəhərdə doğulmuşam və ömrümün on dörd ilini bu şəhərdə keçirmişəm.

İndi mən Türkiyədə olan həmkarlarıma Azərbaycan və Sumqayıt haqqında çox böyük şövqlə, həvəslə danışıram və deyirəm: “Mən belə gözəl bir məmləkətdə doğulmuşam. Bu məmləkət mənim Vətənim Azərbaycandır. Qarabağ kimi cənnətməkan bir yeri düşmənlərdən tam təmizlənmiş bənzəri olmayan diyardır”.  İndi mən böyük həvəslə dahi Səməd Vurğunun “Azərbaycan” şeirinin bu bəndini türkiyəli dostlarıma deyirəm:

El bilir ki, sən mənimsən,

Yurdum-yuvam məskənimsən.

Anam doğma Vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

Çərşənbə axşamı, 15 İyul 2025 09:32

Köhnə tamaşaların və filmlərin tanış siması

Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mən bu aktrisanın ifasını hədsiz bəyənirəm. Köhnə filmlərimizin yaraşığıdır.

Kimi deyirəm? Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq artisti Sədayə Mustafayevanı. Bu 15 iyul günü onun doğum günüdür.

 

Sədayə Mustafayeva düz 99 il bundan əqdəm, uzaq 1926-cı ilin iyul ayının 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib.

 

 Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb.

 

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti Sədayə Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.

 

Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidi.

 

Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar.

 

Mükafatları

- Azərbaycan SSR Əməkdar artisti

- Azərbaycan SSR Xalq artisti

- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü

 

Aktrisa 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Çərşənbə axşamı, 15 İyul 2025 09:01

Bayquşun naləsi və insanlığın gecəsi

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

(İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsinə kulturoloji baxış)

Ədəbiyyat obrazlar və hadisələr silsiləsinin özgü estetik dəyərlərlə süslənməsidir.  - Bütün digər tərifləri ilə yanaşı belə bir tərifi də yadırğamayan söz sənəti həm də insanlıq sınaqlarının bədii platformudur. Yazıçının qələmi, çox vaxt dinməyən bir sual kimi, zamanın ürəyinə sancılır: “Bu qədər qaranlığın içində, kim həqiqətən bayquşdur”? - İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi də, məhz belə sualları gündəmə gətirən yeni bədii mətnlərdəndir.

Bu hekayə – estetik cizgilərlə işlənmiş, mifiklə realist təfəkkürün sınırında dayanan bir tənhalığın prozasıdır.

Burada bayquş arxetipdən insana doğru “uzanır”…

Bayquş çoxmədəniyyətli şüurda ziddiyyətli semantik yük daşıyır: həm ölüm və viranəlik, həm də hikmət və ruhani gözləmlə bağlanır. Türk mifologiyasında isə bayquş şaman papaqlarının bəzəyidir – onun lələyində qoruyucu güc var. Hekayədə bu ikili simvolika – qarovulçunun nəvəsi ilə dialoqunda açıq görünür:

“Bəy quşudu ee bu, bəy quşu! Necə qıyıb, güllə ata bilərsən ona, ay baba”?!

Burada “bayquş” sadəcə quş deyil – dəyişən zamanla toqquşan şüurun özüdür sanki...

Bəs qarovulçu? – O, kimdir – qoruyucu yoxsa qorxağın biri?

Qarovulçunun rolu məkani və mənəvi sınırı qorumaqdır; amma bu hekayədə o, təkcə gecənin deyil, öz keçmişinin və toplumun lənətlədiyi səsin – “bayquş ulartısı”nın qarşısında da qoruyucudur; di gəl, qoruyucu olmaqla qorxan, düşündükcə zəif düşən insandır o:

“Tər basmış yastığını aşırıb, uzuqoylu çevrildi… Divara naümid söykənmiş tüfəngə baxdı”…  – Burada qarovulçu – vicdanı ilə savaş içində olan insanlığın simasıdır. Ayrıca, müəllifin “Divara naümid söykənmiş tüfəng” - poetik kəşfi də öz yerində… - Zatən İmamverdi müəllim həm bu, həm digər bədii əsərlərində, demək olar, hər dəfə bir poetik kəşfə imza atır yaxud unudulmaqda olan sözləri, deyimləri yenidən dirildir.

Yenidən hekayənin özünə dönək; oxucu burada viranəlik və mifin çevrilməsi sürəcini (paralelliyini) izləməkdədir.

Müəllif, folklorla yüklənmiş viranəlik anlayışını sadəcə fiziki çürümə kimi yox, ruhani iflas kimi təqdim edir. Bu mifik təcrid – tərk edilmiş ev, nalə çəkən bayquş və yuxuda qayıdan qız – həqiqətdə kültürün boğulan qatıdır. Viranələrdə məskən salmış bayquşun obrazı – toplumun unutduğu vicdanın metaforudur:

“Bəlkə insan bayquşu lənətləyib susdurmaqla – öz əllərilə saldığı xarabalığın səsini kəsir”… - Bax, bu, öz kökünü inkar edən və öz lənətini başqasına yönəldən insanlığın obyektiv tənqididir.

Akademik Nizami Cəfərovun sözügedən hekayə və onun müəllifi haqqında yazısının giriş vurğusunu bu məqamda xatırlamaq yerinə düşər:

“Çox sevinirəm ki, görkəmli yazıçı, publisist və ictimai xadim İmamverdi İsmayılov bu günlərdə qələmə aldığı, ideya-məzmun, bədii- estetik enerji - miqyasca az qala roman gücündə olan "Bayquş və Qarovulçu" hekayəsilə ədəbi mühitimizi canlandıracaq daha bir yaradıcılıq uğuruna imza atdı.

Az-çox peşəkar ədəbiyyatçının bu və ya digər dərəcədə diqqətli müşahidəsi dərhal göstərir ki, İmamverdi İsmayılovun yazılarıında onun ictimai xadimliyi ön plandadır - bəhs elədiyi mətləbin sosial- psixoloji, siyasi-ideoloji, mənəvi-əxlaqi çəkisini, dəyərini (və məsuliyyətini!) son dərəcə həssaslıqla ifadə etməsi də məhz buradan irəli gəlir”.

Uzun, amma zövqlə oxunan hekayə içsəl dialoqlar və

bəşəri məsuliyyət baxımından da özünəməxsus səviyyəyə malikdir.

Hekayənin bədii gücü hadisələrin uslu ardıcıllığı ilə yanaşı, içsəl monoloqların fəlsəfi qatında da yatır. Bayquşun ulaması – doğanın səsi ilə insanın vicdanı arasında körpüdür. Qoca qarovulçunun düşüncəsi isə artıq fərdi yox, bəşəri miqyas qazanır:

“İnsan – canına qorxu düşən kimi, min hoqqadan çıxır… Qorxu isə… sonda qəddarlaşdırır və ölüm gətirir”!..

Bu məqamda hekayə bir fərdin faciəsindən çıxaraq, sivilizasiyanın axirət düşüncəsinə yaxud sonrakı varlıq suallarına çevrilmiş olur.

Əsərin kulminasiyası – güllənin atıldığı an – dramatikdir, ancaq dramatikliklə yanaşı, epistemoloji partlayışdır. Güllə bayquşu da, qarovulçunu da, habelə oxucunun susqunluğunu deşib keçmək istəyir. Sonda isə itirilən “bəy quşu”nun yığvalı ilə birgə, insanın öz mənəvi toxunulmazlığını itirməsi baş verir.

“Bayquş… al qan içində can verən qarovulçunu, naqəfil açılan güllə ilə əlini nahaq qana batırmış qonşunu… özünü ağlayırdı”…

Bu artıq sıravi qəhrəmanlıq yox, kulturoloji sarsıntıdır – necə deyərlər, insan öz lənətini tanıyır, amma onu hələ də silahla “susdurmağ”a çalışır.

Uzun sözün qısası,

İmamverdi İsmayılovun bu hekayəsi – xalq inancları, mifoloji kodlar, sosial konfliktlər və ekzistensial həyəcanlar fonunda yazılmış əsl kulturoloji mətn kimi dəyərləndirməni haqq edir.

Bəs siz necə bilirsiz, “Bayquş və qarovulçu” – əslində, görmək və dərk etmək istəməyən insanlığın portreti deyilmi?.. Sizcə, bayquş bu hekayədə qorxununmu, həqiqətinmi səsidir? - Sual ritorik, cavab aydındır: həqiqətin! Kaş, həqiqətin səsini anlayanlar çox, eşidənlər daha çox olaydı…

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Çərşənbə axşamı, 15 İyul 2025 08:29

Ustad Rüstəm Behrudidən gənc Rahilə tərif dolu kəlmələr

Azərbaycanın ustad şairi Rüstəm Behrudi gənc şair Rahil barədə tərif dolu kəlmələr işlədibdir. Ustadların gənclərə bunca diqqət yeritməsi, əlbəttə ki, təqdirəlayiqdir.

“Ədəbiyyat və incəsənət” portalı Rüstəm Behrudinin fikirlərini təqdim edir:

 

Naxçıvanda kitab sərgisində Rahil adında gənc bir oğlan mənə kitabını təqdim elədi. Kitabı birnəfəsə oxudum! Təpədən dırnağa şairdi bu adam! 

Naxçıvan ədəbi mühitinin yenicə yanan şamıdı Rahil! 

 

Yaşı tamam oldu bir ölünün də, 

Torpağın altında il çıxarıbdı.

Məzarın ağzından çıxıb başdaşı,

 Elə bil ,yer göyə dil çıxarıbdı.

 

Bəlkə də ,nə vaxtsa cücərsin deyə,

Əkilib torpağın boş xanasına.

Boş xanaya düşən nərd daşı kimi,

Çəkılib torpağın boş xanasına.

 

İçində yıxılmaq qorxusu yoxdu,

Yerə söykənəndə yıxılmır adam.

Bu geniş dünyada hər can sıxılır,

Yeri dar olanda sıxılmır adam...

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti Azər Rzayevin doğum günüdür. Azər Rzayev deyəndə, öncə ağlımıza Həqiqət Rzayeva gəlir. Çünki Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.

 

İlk təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor Semyon Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində alıb.

Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B. Zeydmanın və skripka üzrə professor A. Amitonun sinfini bitirib. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb. Bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınıb. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülüb.

1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərib, Radio və Televiziya komitəsində səs rejissoru, M. Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru olub.

 

Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb. Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur.

O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"-in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün Konsertin, habelə "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılan musiqilərin müəllifidir.

1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərin müəllifi və aparıcısı olub. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaradıb.

 

Filmoqrafiya

- Su ərizəsi

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Şöhrət ordeni

- "Humay" mükafatı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Professor Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

5.E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

 

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Növbəti təqdim edəcəyim şeirim belə adlanır – “Hər şeydən qorxuram, ölümdən yox”. Qəribə gəldi sizə, yəqin ki. Çünki əksəriyyətiniz heç nədən yox, təkcə ölümdən qorxurlar.

Qoy elə fərqli olsun.

 

Qorxuram mən hamıdan,

Qorxuram mən özümdən,

Şeirimdən, sözümdən.

Qorxuram mən atamdan,

Qorxuram mən anamdan,

Ən sevdiyim adamdan.

Qorxuram..mən qorxuram..

Süfrəmdəki qaşıqdan,

Alnımdakı qırışdan,

Otaqdakı işıqdan,

Küçədəki uşaqdan...

Mən hamıdan, hər şeydən.

Haqq dedik, haqqı əzdik,

Can dedik, candan bezdik.

Bilsəydik, kaş bilməzdik.

Qorxuram, eh, qorxuram.

Ömrün qarlı qışından,

Bəxtin ağır daşından,

Babamın tez öldüyü

Əlli səkkiz yaşından.

Bircə indi qorxmuram

Vaxtsız gələn ölümdən.

Canımı verim, gedim,

Qurtarım bu zülümdən.

Mən hər şeydən qorxuram

Bu Allahsız şəhərdə

Allahı tapmamaqdan,

Qorxuram..qorxmamaqdan..

Ölüm mənə doğmadı,

Burda günəş doğmadı.

Qorxuram belə ancaq

Qorxmağımdan qorxuram..

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.