Azərbaycanın ustad şairi Rüstəm Behrudi gənc şair Rahil barədə tərif dolu kəlmələr işlədibdir. Ustadların gənclərə bunca diqqət yeritməsi, əlbəttə ki, təqdirəlayiqdir.
“Ədəbiyyat və incəsənət” portalı Rüstəm Behrudinin fikirlərini təqdim edir:
Naxçıvanda kitab sərgisində Rahil adında gənc bir oğlan mənə kitabını təqdim elədi. Kitabı birnəfəsə oxudum! Təpədən dırnağa şairdi bu adam!
Naxçıvan ədəbi mühitinin yenicə yanan şamıdı Rahil!
Yaşı tamam oldu bir ölünün də,
Torpağın altında il çıxarıbdı.
Məzarın ağzından çıxıb başdaşı,
Elə bil ,yer göyə dil çıxarıbdı.
Bəlkə də ,nə vaxtsa cücərsin deyə,
Əkilib torpağın boş xanasına.
Boş xanaya düşən nərd daşı kimi,
Çəkılib torpağın boş xanasına.
İçində yıxılmaq qorxusu yoxdu,
Yerə söykənəndə yıxılmır adam.
Bu geniş dünyada hər can sıxılır,
Yeri dar olanda sıxılmır adam...
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)