Super User

Super User

Çərşənbə axşamı, 06 Avqust 2024 11:21

Elçin Ağazadənin sənədli filmi təqdim olunub

Nizami Kino Mərkəzində inklüziv cəmiyyətin inkişafına töhfə olaraq gənc rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, film əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edir. 

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib. 

Pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Tədbirin təşkilatçılarından olan inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında bildirib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. O, inklüzivliyin milli mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yad olmadığını söyləyib. Bildirib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin indiyə kimi fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox təqdirəlayiq olduğunu bildirib. 

Təhsil eksperti İlhamə Axundova inklüziv cəmiyyətin formalaşması üçün emosional zəkanın önəmindən və belə filmlərin insanlarda empatiya duyğusunun inkişafından bəhs edib. 

Əlilliyi olan şəxs Fərid Abışovun tarda ifası tədbirə xüsusi rəng qatıb. 

Daha sonra tədbirə təşkilati dəstək olan “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədov çıxış edib. 

Tədbirdə filmin çəkilməsində böyük dəstəyi olan “Mənəvi Dünya” İctimai Birliyinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad edilib və videoçarx göstərilib. Birliyin sədr müavini Samir Pənahov çıxışında Hacının dəyərli fikirlərindən danışıb.

Sonra film nümayiş olunub. 

Filmin nümayişindən sonra çıxış edən natiqlər rejissora təşəkkür edərək təəssüratlarını bölüşüblər. 

Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb. 

Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Sevirəm”, “Yoldaş”, “Dilənçi” şeirlərinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifi mərkəzin rus dili mütəxəssisi, tanınmış tərcüməçi Püstə Axundovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Artikl” ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Dünəndən başlayaraq avqustun 8-dək musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu il müsahibədə 337 nəfər namizədin iştirakı təmin edilib. 

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Namizədlər https://shorturl.at/lBgA2 linki vasitəsilə müsahibə mövzuları ilə yenidən tanış ola bilərlər.

Müsahibə mərhələsinin nəticələri əsasında tələb olunan balı toplamış namizədlər müvafiq qaydada musiqi və incəsənət məktəblərində müəllim vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərə “MyCulture” vahid şəxsi kabinet (https://my.culture.az), sms və elektron poçt vasitəsilə göndərilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 08:30

POETİK QİRAƏTdə Afaq Şıxli, “Getdi”

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə Afaq Şıxlının debütüdür. Moskvada yazıb yaradan şairə bu günlərdə haqq dünyasına qovuşmuş şair Elman Tovuz barədə yazıb.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

 

Getdi

(Bənzərsiz dostumuz Elman Tovuza)

 

Payıza ümid bağlayan,

Yay bitməmiş uçdu getdi.

Dərdi dərində saxlayan

Öz içindən qaçdı getdi.

 

Varlığıyla bir Tur kimi!

Qəlbi vardı – büllur kimi.

Ömrümüzdən, o, nur kimi

Necə gəldi, keçdi, getdi...

 

As olmaq işin çətini,

Yüzü çəkər həsrətini.

Əbədiyyat xələtini

Öz boyuna biçdi getdi.

 

Olmasaydı ölüm-itim

Tükənməzdi dost sərvətim.

Otağını qoydu yetim,

Son qapını açdı getdi.

 

Gələn hər nə varsa – Haqdan,

Nə yaxından, nə uzaqdan.

O bezməzdi yaşamaqdan,

Əcəl onu seçdi, – getdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

 

Şəhidimiz Vüqar Əvəzovun atası Məmmədağa Əvəzova həkimlər tərəfindən təyin olunan diaqnoz əsasında pnevmoretinopeksiya əməliyyatı icra olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına fonddan məlumat verilib. 

 

Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

İbrahim İlyaslı, AYB-nin poeziya bölməsinin rəhbəri - “Ədəbiyyat və incəsənət” üçün

 

Şair bu dünya ilə vidalaşandan sonra ömrünün davamı onun ədəbi irsi - şeirləri olur. Bu mənada, Sən ömrünü sahanə bir şəkildə sürmədəsən, Akif Səməd! 

 

Sənsiz keçən 20 il ərzində həyatda olduğu kimi, ədəbiyyatda da çox fırtınalar qopdu, çox dağlar yerindən silkələndi, çox təpələr yerlə bir oldu, çox qayalar ovulub toza-torpağa döndü. Ancaq, zaman ötdükcə, şeirimizin AKİF SƏMƏD zirvəsi bütün əzəməti ilə daha aydın görünməyə başladı, ədəbiyyatda baş verən qasırğalar o dağın qayasından bir çarpana belə qopara bilmədi. İnanclılar bir daha əmin oldular ki, sən demiş; "Mərəkə hələ sonradı, Ölüm ömrün sonu deyil."

 

Sən 45-ində 105 yaşlı Aşıq Ələsgər misallıydın! 65-ində də eləcəsən!

 

*

 

Şair Akif Səmədə

 

Nə olur bizə haqq olur,

Bizim işlər haqq iləndi.

Şah kimdi? – Allahın qulu,

Hökmü-fərma taxt iləndi.

 

Dünya qananla doludur,

Sağ yenə sağın soludur.

Yol olan yoxluq yoludur,

Varlıq olan vaxt iləndi.

 

Eşq nədi – işığın səsi,

Eşq nədi – sözün nəfəsi.

Eşqdi Allahın kölgəsi,

Eşqə düşmək baxt iləndi.

 

Şəkildə: Akif Səməd xalası oğlu İbrahim İlyaslını hərbi xidmətə yola salarlən. 1981-ci il.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

Türkiyənin Antalya şəhərində qardaş ölkədə fəaliyyət göstərən “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyinin yaranmasının 20-ci ildönümü münasibətilə Beynəlxalq İncəsənət Görüşü Rəsm Sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgi Antalya Muzeyinin sənət qalereyasında təşkil edilib.

 

Türkiyə, Azərbaycan, Rusiya, Ukraynadan olan rəssamların əsərlərinin nümayiş olunduğu sərgidə ölkəmizi Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, rəssamlar Günəş Abbas, Anar Hüseynzadə, Bənövşə Ağayeva, Sevda Rüstəmova və Təranə Qəmərlinskaya təmsil edir.

 

Tədbirin açılış mərasimində çıxış edən “Saküder” in rəhbəri Ali Eser incəsənətin həyatımızdakı rolundan danışıb, xüsusilə Türk dünyası rəssamlarının mədəniyyətimizin dünyada birgə tanıdılması və təbliğindəki rolunu qeyd edib.

 

Sərginin açılışında “2024-cü il sənət” mükafatının təqdimetmə mərasimi də keçirilib.

 

Mükafata layiq görülən türkiyəli rəssam Nərmin Ünal çıxışı zamanı müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədova xüsusi təşəkkürünü ifadə edib.

 

Avqustun 15-dək davam edəcək sərgidə ümumilikdə 24 rəssamın əsərləri nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Bazar ertəsi, 05 Avqust 2024 17:07

İqbal Nəhmət YARADICILIQ EMALATXANASINDA

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Yaradıcılıq emalatxanası" bu dəfə qapılarını sevimli şairimiz İqbal Nəhmət üçün açdı.

 

-Xoş gördük, İqbal bəy.

Yaradıcılığınız mövzu bolluğu, poetizmi, təsir gücü ilə oxucularınızın zövqünü oxşayır.

Sözləriniz cümlələrə çevrilib ruha təsir edir. Cümlələrinizi cazibəli edən isə İqbal Nəhmət istedadıdır.

 

Nəfsinə satılır bəşər övladı,

İnsan olan yerdə cin yaddan çıxıb.

Hərə bir məzhəbin qurbanı olub,

İman gedən yerdə din yaddan çıxıb.

 

Çoxu öldürübdü asıb haqqını,

Çoxunun yeyiblər susub haqqını,

Dartıb aparıblar kasıb haqqını, 

Milyonu deyirlər min yaddan çıxıb.

 

Həyat bir tamaşa izləyən yoxdu,

Mənəm-mən deyirlər biz deyən yoxdu,

Hamı düz yoldadı, düz gedən yoxdu,

Döngələr sahibsiz tin yaddan çıxıb.

 

Əziz Şairimiz, nəfsə güc gəlmək çoxmu çətindir?

Bəlkə də, bütün bəlalar nəfsi ram etmə gücündə olmadığımız üçün başımıza gəlir?

 

-Salam Ülviyyə xanım, öncəliklə Sizə təşəkkür edirəm. Bu maraqlı sualınıza elə maraqlı bir seirimlə cavab verirəm.

 

Hərənin var öz yalanı,

Qızarsa üzü boydadı.

Bu dünyanın yüz yalanı,

Bir dənə düzü boydadı!

 

Çalış eyləməzin xumar,

Saçına çəkilən tumar,

Nəfs dediyimiz zəhrimar,

Adamın gözü boydadı.- 

 

-Məlumdur ki, Milli Məclisə deputatlığa namizədliyini verənlərin siyahısında yer almısınız, uğurlar diləyirik.

Növbəti sualım isə belədir- Şair İqbal Nəhmət seçkilərdə qalib olsa, nələr gerçəkləşər?

 

-Mən Vətənimi, xalqımı, bayrağını, yurdumu sevən adamam! Öz doğma Yardımlı rayonundan namizədliyimi irəli sürmüşəm! Camaatımız məni sevir, indiyə kimi istər öz ədəbi yaradıcılığımla, istərsə də, ictimai fəaliyyətimlə kiçikdən-böyüyə hər kəsin rəğbətini qazana bilmişəm məncə. Əgər millət vəkili seçilərsəm, çox şeyin yaxşıya doğru dəyişəcəyinə əminəm. Çünki mən bunu hamıdan çox istəyirəm. Calışacağam ki, əvvəlki dövrlərdən fərqli olaraq, hər bir Yardımlı vətəndaşı millət vəkilinin onun yanında olmasını hiss etsin. Dövlətimiz, dövlətçiliyimiz naminə bütün var gücümlə çalışıb, camaatımızın mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “KəlağayıMuzeyi”nin direktoru, AYB və AAB-nin üzvü - “Ədəbiyyat və incəsənət” üçün

 

Arzu Əyyarqızının ''Ən müqəddəs pay kəlağay'' adlı yeni kitabı işıq üzü gördü. Kitab Mirvarid Dilbazi Poeziya  Məclisinin mənəvi dəstəyi və xaricdə yaşayan Elvira Həmidlinin maddi dəstəyi ilə ''Elm və təhsil'' - nəşriyyayında  nəşr olunub. Kitabın redaktoru- araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi- Güllü Eldar Tomarlı, məsləhətçi- Elvira Həmidli, rəyçi- Vüsal Sehranoğludu.

İnşallah, gənc şair Arzu Əyyarqızının kitabının təqdimatı Bakıda, sonra Cəlilabadda olacaq.

Arzu Əyyarqızının lirik dünyası onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğuludur, şeirləri milli ruh nəğmələridir. Hər bənd, hər misranın çəkisi var. Gənc olsa da, müdrik düşüncələri oxucunu düşünməyə vadar edir. Çağdaş gənclərin əksəriyyətindən fərqli olaraq milli ruh, milli kimlik, milli əxlaq, milli dünyagörüş onun  fkir dünyasının təməlidir. Başında, çiynində min illərdir Azərbaycan xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin mirası qədim milli baş örtüyümüz kəlağayını - abır, həya, ismət, namus, gözəllik, yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən, şeirlərində tərənnüm edən Arzu xanımın milli mənəvi dəyərlərə sayğısı sonsuzdur. Onun kəlağayı sevgisi özü, şeirləri qədər safdır.

 

 Nə gözəl yaraşıq verirsən mənə,

 Al rəngdə, butalı gözəl kəlağay.

 Namusum, iffətim, başımın tacı,

 Sən Odlar Yurduma özəl kəlağay. 

     

Arzu xanım adını tariximizin şanlı səhifələrinə yazan, “Vətənin qoynuna köçən” şəhidlərin əziz və qədirbilən  bacısıdır. Vətənin və onun şeirlərinin qəhrəmanları “sıldırım qayalara ayaq izləri ilə bərabər” cəsarətini, rəşadətini həkk edən ərənlərdi, dişiylə, yumruğuyla, düşmənə nifrətiylə silahlanan, keçilməzlikləri keçən igidlərdi. 

 

 Qalxıb zirvələrə sancdı bayrağı, 

 Əsdi qorxusundan, titrədi yağı. 

 Qurban hünərinə, Vətən dayağı -

 Alqış bozqurduma, alqış əsgərə!

 

 Arzu Əyyarqızı heç vaxt özündən razı deyil, özünü şair hesab etmir, ancaq onun şeirlərini oxuyan belə düşünmür, çünki onun yazdıqlarından poetik ətir var. Onun “dərdlinin dərdini bilən” və duyan lirik düşüncələri həmkarlarına “Haqqın dərgahından gələn şeirlər yazmağı” məsləhət görür. Nə olsun ki, Arzu xanım gəncdir, agıllı məsləhətin yaşı olmur. Sözün nahamar yolları gəncləri də kamilliyə doğru aparır: 

 

 Enişdi, yoxuşdu şairin yolu, 

 Cibləri boş olar, ürəyi dolu.   

 Onun var-dövləti - imzası, qolu,

  Hər zaman tox olar gözü şairin.

 

O, “dünya vecinə olmayanları” sözünün qamçısı ilə tərbiyə etməyə çalışır. Ən yaxşı tərbiyə metodu söz olsa da, ilahi sözü anlamayanlara hərdən mənəvi qamçı da göstərmək lazımdır. Şair xanım “günahlar içində gərdiş edənlərə, nankora, nadana quyruq bulayan”lara xəbərdarlıq edir ki, “həyat bumeranqdır, çıxacaq qarşına etdiyin hər iş”.

 

 Xor nəfsinə yenik düşmə,

 Şeytanlara satar səni.

 

     Arzu Əyyarqızı bu dünyadan, bəşər övladlarından, mənəvi dünyamızdan narahat, Türk qızıdır, xanımıdır, qələmlə silahlanıb eybəcərliklərlə, tamahının köləsinə çevrilənlərlə savaşan söz döyüşçüsüdür. Hər şeirində heç olmasa bir misra ilə incə-incə həssas məqamları vurgulayır: 

 

 Anlaqlılar susub, xəyala dalıb,

 Qanmazlar məclisin başını seçir.

 

 Varlı kimi görünürük,

 Haqqımızı sata-sata.

 

Arzu Əyyarqızının lirik qəhrəmanının sevgi hissləri də özü kimi təvəzökardı. Həm də, çox şey istəmir, “gözü toxdu”.  Yazır ki, “gözlərin gözümü, izlərin izimi, sözlərim sözümü sevsə bəsimdir”. Nəhayət istəyinin mənəvi zirvəsi lap ucadır:

 

 Olsan da səbəbkar saçımda dənə,

 Gəl, al ürəyimi verirəm sənə.

 Nəfəsin, varlığın yetərdi mənə,

 Ürəyin özümü sevsə bəsimdir.

 

 Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: “haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!”.

Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur!

Mən hər şeirə poeziya demirəm. Arzu xanımın “Ruhum içir göz yaşımı” şeiri ilahi dərdin poeziyasıdır!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində nə var, nə yox? Vaxtaşırı bu sualı bölmənin sədri Qafar Cəfərliyə ünvanlayır, ondan hər dəfəsində mütləq bir tədbir barədə bilgi alırıq. Bu dəfə də belə oldu. 

 

3 avqust 2024-cü il tarixdə  AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində Cəlilabad şəhərində yaşayan şair Tarıverdinin bu il işıq üzü görən "İlahi hikmət", “Xoş gəldin Ramazan" və "Bir il də yaşa" adlı kitablarının təqdimatı keçirilib.

Tədbirdə Cəlilabad, Astara, Masallı və Lənkərandan olan şair və yazıçılar iştirak ediblər. 

Ćıxış edənlər şair Tarıverdinin yaradıcılığı barədə fikir və düşüncələrini bölüşüblər.

Tədbirdə iştirak edən AMEA-nın Ədəbiyyat İnstitutunun ədəbi-tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin çıxışı, xüsusən tənqidi fikirləri maraqla qarşılanıb. Axı Vaqif müəllim ədəbi tənqidimizin canlı koreifeyidir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.