Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Napoleon Hillin «Düşün və varlan» kitabından bəzi qiymətli kəlamları da qeyd etməyi özümə borc bilirəm:

 

«Uğur qazanan insanlar öz təşəbbüsləri ilə hərəkət edirlər. Amma onlar, hər hansı istiqamətə doğru hərəkət edəndə hara çatacaqlarını da əvvəldən bilirlər».

«Əgər yanında ona kömək edən adamlar olmasa heç bir şəxs daim uğur qazana bilməz».

«Ən uğurlu adamlar o adamlardır ki, onlar çoxsaylı insanlar üçün işləyirlər».

«Sən bir şeyi yalnız o zaman edə bilərsən ki, sən bunu edə biləcəyinə inanasan».

«Bu çox vacibdir, əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının».

«Öz fikirlərini düz istiqamətə yönəlt. Öz emosiyalarına nəzarət et. Öz məqsədini dəqiq müəyyənləşdir».

«Entuziazmla içini doldur. Entuziazmla hərəkət et!»

«Beynini istədiyin, arzuladığın şeylərlə doldur, istəmədiklərinlə, arzulamadıqlarınla yox. Qədim bir məsəl var: «Öz arzularınızdan qorxun, onlar mütləq həyata keçəcəklər».

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

Çərşənbə axşamı, 22 Aprel 2025 16:34

“KATREN” – duyğuların incə ahəngi

Cahangir Namazov, Özbəkistan. “Ədəbiyyat və incəsənət” üçün

 

Şeir – bu söz sənətinin ən yüksək forması, insanın düşüncələrinin və duyğularının musiqili ifadəsidir.

Şeir ürəkdən doğur, qəlbə nüfuz edir, sözə çevrilib, bədiiyyətə rəng qatır.

Onda insan həyatının, iztirablarının, arzularının, kədərinin və ən əsası – ruhunun ahəngi yaşayır.

Məhz belə şeir nümunələri – insanlıq qəlbində əbədi iz qoyur.

 

Qələm və ürək birləşdiyi nöqtədə yaranan əsərlər könüllərin mülkünə çevrilir. Sənət, xüsusilə də şeir, hansı formada, hansı janrda olursa olsun, insanlığa mənəvi nur, maarif və ruhi işıq paylayır. Bu mənada bəzi janrlar mövcuddur ki, onlar bu gözəlliyi daha səliqəli, incə və intizamlı şəkildə təqdim etməyə xidmət edir.

Bundan biri – sonet janrıdır. Sonet – bu şeiriyyatın daxili intizamı, müəyyən ölçülərə salınmış bədii gözəlliyin formasıdır.

Onda şair öz daxili aləminin ən dərin, ən saf halını poetik forma çərçivəsində ifadə edir.

Bu isə təkcə ustalıq deyil, həm də daxili harmoniyanın, incə düşüncənin və estetik zövqün tələbidir.

Şeiriyyatın gözəlliyi, rəngarəngliyi, incəliyi məhz sonet janrında öz mükəmməl ifadəsini tapır. Sonetdə yalnız duyğu deyil, həm də düşüncə, maarif, ruhi tərbiyə və milli qürur birləşir. Hər misrada, hər bənddə şairin ruhunun ən dərin qatları əks olunur.

Bu yüksək janrda yaradıcılıq edən şairlərdən biri – Azərbaycanın tanınmış şairi və jurnalisti, “Yazıçılar” jurnalının baş redaktoru Zaur Ustacdır.

Onun yaxınlarda nəşr olunan “Katren” sonetlər toplusu – bədii mükəmməllik, ruhi dərinlik və mənəvi yüksəklik harmoniyasının parlaq nümunəsidir.

Kitabı oxuyarkən, Zaur Ustacın şeirə, sözə, millətə, vətənə və insan qəlbinə olan sevgisi, şairanəlik hissləri, bədii düşüncəsi və incə müşahidələri ilə bir daha tanış oldum.

Hər bir misrada duyğuların səmimiliyi, düşüncənin aydınlığı, bədiiyyətin yüksəkliyi, mövzuların rəngarəngliyi ürəyə təsir edir. Zaur Ustacın “Katren” toplusunda yer alan sonetlər arasında “Xudayar dastanı” və “Hürriyyət elçisi” xüsusi yer tutur.

Bu iki sonet silsiləsi yalnız poetik gözəllik deyil, həm də tarixi, mənəvi və fəlsəfi dərinliklə də diqqəti cəlb edir. Şair bu sonetlər vasitəsilə öz vətəninə, xalqına, ana-babasına olan sədaqətini obrazlar vasitəsilə canlandırır.

Məsələn, “Xudayar dastanı”nda aşağıdakı misralar oxucunu ana sevgisinin yüksəkliyinə, uşaqlıqda vətənpərvərliklə harmoniyanın birləşməsinə gətirir:

 

 

XUDAYAR DASTANI

(sonetlər çələngi)

I

Xudayar çağırdı anan adını,

Söylədi: -Bəxtinə Xuda yar olsun!

Qəlbində arzular yetsin murada

Ömrünün yolları növbahar olsun!

 

Ana laylasıyla yurdsevərliyi,

Hopdurdu qanına şirin bayatı.

Hələ beşikdəykən qığıltıların,

Kiminə “Cəngi”ydi, kimə “Heyratı”.

 

Bu ömür yolları fəsil-fəsildi,

İnsanlar dünyada nəsil-nəsildi,

Heç nə yayınmayır Tanrı gözündən

 

Anan sevgi ilə əl açdı göyə,

Qəlbinə məhəbbət ələnsin deyə,

Şəfqətlə əyilib öpdü üzündən.

 

II

 

Şəfqətlə əyilib öpdü üzündən,

Dedi: Oğul balam, tanı özünü.

Damarında axan qanınla qoru,

Anatək müqəddəs “vətən” sözünü.

 

Sənə qucaq açan bu qoca diyar,

Ulu babaların əmanətidir.

Mənim söylədiyim ana öyüdü,

Qoca nənələrin zəmanətidir.

 

İllər gəlib keçər bircə an kimi,

Qoru torpağını öz anan kimi,

Sadiqlik bu yurdun ərinə xasdı.

 

Bu torpaq böyüdür mərdi, qoçağı,

Ərən babaların qeyrət ocağı,

Səni məhəbbətlə bağrına basdı

 

Bu misralarda ananın övladına etdiyi dua vasitəsilə şair vətənə sədaqətin ilk toxumlarını göstərir.

Oxucu bu misralar vasitəsilə uşaqlıqda olan saf sevgini, ana məhəbbəti və vətən sevgisinin harmoniyasını hiss edir. Ananın şirin ninnisi vasitəsilə vətən sevgisi uşağın qanına hopur – bu isə milli tərbiyənin və ruhi yüksəliyin şairanəliklə ifadəsidir. Və ya “Hürriyyət elçisi”ndə isə gənc əsgərin vətənə sadiqliyi, cəsarəti və arzuları ürəyə toxunur:

 

 

HÜRRİYYƏT ELÇİSİ

(sonetlər çələngi)

I

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

Görmüşdü Vətəni vətən içində.

Xəyalən keşikdə dururdu hər gün,

Arzusu çin oldu bir gün içində.

 

Mundiri alan gün çox sevindi, çox…

Həmən evə qaçdı sevinc içində,

Üçrəngli bayrağı öpdü min dəfə,

Sinəsi qabardı güvənc içində.

 

Az yaşda dynyanın görüb hər üzün,

Bərkdə də, boşda da demişdi sözün.

Əmələ keçməyin vaxtı yetmişdi…

 

Bəlkə də duyduğu ilk söz “Araz”dı,

Qorunda bişdiyi köz də “Araz”dı,

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

 

II

“Ata”, “Ana” deyil, “Araz” demişdi,

İlk gündən orduda qazandı hörmət.

Təlimdən təlimə oldu peşəkar,

Hər gün bir şücaət, yeni məharət.

 

“Təşəkkür” qazandı, “Çox sağol” aldı,

Yoruldum demədi, durmadı bir an.

Bilirdi, nə qədər olasa da çətin,

Döyşüdə o qədər olacaq asan.

 

Təlimdə hər hədəf düşmən olurdu,

Bütün hədəfləri bir-bir vururdu,

“Qızğın döyüşlərdə qalib gələrkən”;

 

Vətəndi, torpaqdı sözü, söhbəti,

Həzm edə bilmirdi heç cür möhnəti.

Nisgili, həsrəti dadmışdı erkən.

 

Bu misra adi bir ifadə deyil, bu – tarixi iztirab, kədər, arzu və şücaətin yığılmış musiqisidir.

Araz çayı timsalında şair xalqın dərdini, ayrılıq hissini, həsrəti və birliyə olan arzusunu ifadə edir.

Zaur Ustac özünün hər bir sonetində oxucunu düşündürür, duyğulandırır və ruhlandırır.

O, şeiri sadəcə bədii bir vasitə kimi deyil, həm də tərbiyəvi, ruhi və mənəvi bir mənbə kimi istifadə edir.

Şairin bu yanaşması onu müasir Azərbaycan şeirinin ən parlaq nümayəndələrindən birinə çevirir. “Katren” – bu yalnız sonetlər toplusu, sadəcə bir şeir külliyatı

deyil, həm də mənəviyyat, tarix, vətənpərvərlik, sevgi, fədakarlıq,

ürəkdən doğan, ruhdan çıxan, insanlıq hissləri, vətən sevgisi, cəsarət, sədaqət, həyat fəlsəfəsini özündə birləşdirən bədiiyyətin gül dəstəsi – çələngidir..

Hər bir sonetdə şairin ruh dünyası, onun daxili hissləri, dünyanı qavrayışı və vətənə olan sevgisi bədii formada öz əksini tapır.

Bu toplu, müasir ədəbiyyatda sonet janrının nə qədər canlı, ilhamlı və zamanla uyğun olduğunu bir daha təsdiqləyir.

Şairin sətirlərində yalnız gözəllik deyil, yüksək ideya, dərin düşüncə, xalq ruhu və milli qürur da var. Xüsusilə, “Hürriyyət Elçisi” kimi sonetlər toplusu vasitəsilə

Z. Ustac, öz xalqının dərdini, tarixini, arzularını, igidliyini bədii obrazlar vasitəsilə yüksək ustalıqla ifadə edə bilmişdir.

“Katren”dəki hər bir sətir – bir aləm mənadır. Hər bir misra – ürək dilində söylənən, ruha yaxın olan hisslər və duyğulardan toxunmuşdur.

Onları oxuyarkən yalnız şairin qəlbinə deyil, öz qəlbimizə, daxili aləmimizə də nəzər salırıq.

Bu sonetlər yalnız oxumaq üçün deyil – düşünmək, hiss etmək, duyğulanaraq yaşamaq üçün yazılmışdır.

Zaur Ustacın yaradıcılığı – sözə olan hörmətin, bədii ifadənin yüksək səviyyəsinin və şeirə olan sadiqliyin simvoludur.

Şair, sonetləri ilə oxucusunu ruhlandırır, onu öz arzuları, əzabları, kədər və sevinc dolu dünyasına aparır. Onun şeirləri zamanla, ürəklə, duyğularla ahəngdar şəkildə canlanır.

Belə əsərlər yaradan və yaratmaqda davam edən bir sənətkara böyük hörmət və minnətdarlıq ifadə edərək,

Zaur Ustaca gələcəkdə də sonsuz ilhamlar, yeni ideyalar və qəlbləri fəth edən yeni-yeni bədii tərənnüm nümunələri yaratmaq arzulayıram.

“Katren” kimi əsərlər bu gün və gələcək nəsillərin qəlbində əbədi olaraq öz yerini tapacaq.

Çünki, həqiqi şeir – zamanla deyil, qəlblərlə əlaqə qurur.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk xalqlarının mədəniyyəti layihəsində növbəti görüşdəyik, mövzumuz – türk xalqlarında aşıqlıq poeziyasıdır.

 

Giriş;

Türk xalqlarında şeir və musiqi ənənəsi tarixən xalqın ruhunu əks etdirən, həm estetik, həm də ictimai funksiyaları yerinə yetirən bir fenomendir. Aşıq poeziyasıimprovizasiya sənəti (deyişmə, aytış) türk xalqlarının söz sənətində mühüm yer tutur. Bu sənət forması xalqın gündəlik həyatı, tarixi, sevgisi, qəhrəmanlığı və müdrikliyi ilə yoğrulmuşdur.

Aşıq Poeziyası

Əsas Xüsusiyyətləri:

  • Aşıqlar saz, kopuz və digər musiqi alətləri ilə şeir oxuyur.
  • Şeirlər şifahi şəkildə yaranır, yadda saxlanır və nəsildən-nəslə ötürülür.
  • Poeziya formaları: qoşma, gəraylı, təcnis, varsağı və.s.
  • Mövzular: məhəbbət, qəhrəmanlıq, təbiət, ictimai tənqid və s.
  • Aşıqlar həm də xalqın söz ustadı, nəsihətçisi və tənqidçisidir.

 

TÜRK XALQLARI VƏ MƏŞHUR AŞIQLARI

  

Azərbaycan

Azərbaycan aşıq sənəti UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmışdır.

Məşhur aşıqlar:

  • Aşıq Ələsgər (1821–1926): Gəraylı və qoşmaları ilə tanınır, sevgi və hikmət mövzularını ustalıqla ifadə etmişdir.
  • Aşıq Qurbani: Səfəvi dövrünün aşığı, dastan qəhrəmanı kimi tanınır.
  • Aşıq Şəmşir: Qarabağ və Kəlbəcər bölgəsinin tanınmış söz ustası.
  • Aşıq Hüseyn Saraclı, Aşıq Valeh, Aşıq Tapdıq: Müxtəlif bölgələrdə fəaliyyət göstərmiş ustad aşıqlardır.

 Özəllik:

Azərbaycan aşıq sənətində dastançılıq, məhəbbət lirizmi və sosial tənqid güclüdür.

 

Türkiyə

Türkiyədə aşıq sənətinə "Aşık" və ya "Ozan" deyilir.

Məşhur aşıqlar:

  • Karacaoğlan (17-ci əsr): Təbii və xalq dili ilə məhəbbət və təbiət mövzusunda qoşmaları ilə məşhurdur.
  • Aşık Veysel (1894–1973):Kor aşıq, dərin fəlsəfi məzmunlu və insan sevgisi ilə dolu şeirləri ilə tanınır.
  • Dadaloğlu:Azadlıq və üsyan ruhunu ifadə edən aşıq.
  • Erzurumlu Emrah, Âşık Mahzuni Şerif:İctimai tənqid və fəlsəfi düşüncə sahəsində tanınırlar.

 Özəllik:

Türkiyə aşıqlarında xalq dili və fəlsəfi-dini elementlər sıx şəkildə birləşir.

 

  Qazaxıstan

Qazaxlarda ağıt, termeaytıs formaları geniş yayılmışdır.

Məşhur sənətkarlar:

  • Jambul Jabayev (1846–1945): Sovet dövrünün ən məşhur improvizator şairlərindən biridir. Ağızdan-ağıza keçən xalq şeirlərini toplayıb.
  • Birjan Sal: Aytıs sənətində ustalığı ilə tanınır.
  • Süyinbay Aronuly: Jambuldən öncəki dövrün böyük improvizator şairidir.

 Özəllik:

Qazax aşıq poeziyasında aytıs — şifahi söz duelinə böyük yer verilir.

 

 Qırğızıstan

Qırğızlarda aşıq sənəti daha çox manasçı ənənəsi ilə bağlıdır.

Məşhur sənətkarlar:

  • Toktogul Satılganov (1864–1933): Klassik qırğız şairi, sazda ifa edən və xalqı təmsil edən söz ustasıdır.
  • Jusup Mamay: Manas dastanını nəsildən-nəslə ötürən son böyük manasçılardan biridir.

 Özəllik:

Qırğız poeziyasında improvizasiya və epik dastançılıq xüsusi yer tutur.

 

Özbəkistan

Özbək aşıqları baxşı adlanır. Onlar əsasən epik dastanlar və qəhrəmanlıq mövzularında çıxış edirlər.

Məşhur baxşılar:

  • Nurəli Baxşı, Fazil Baxşı: Özbək şifahi xalq ədəbiyyatının daşıyıcıları.
  • Qorqud Baxşı: Tarixi baxşı simvoludur, daha çox mifoloji obraz kimi qəbul olunur.

 Özəllik:

Baxşılar kopuz alətində çalaraq dastanlar oxuyur, tez-tez mistik və dini motivlərə yer verirlər.

 

Tatar və Başqırdlar

Bu xalqlarda da aşıq sənətinə oxşar şifahi söz sənəti mövcuddur.

Məşhur sənətkarlar:

  • Ğabdulla Tukay: Tatar ədəbiyyatının klassiki, şeirlərində xalqın ruhunu və fəlsəfi düşüncəsini əks etdirir.
  • Miftaxetdin Aqmulla: Başqırd poeziyasının ustadı, həm didaktik, həm lirizmli əsərləri ilə tanınır.

 Özəllik:

Bu bölgələrdə aşıq sənəti ilə dini-fəlsəfi və maarifçi fikirlər sıx şəkildə vəhdət təşkil edir.

 

 İmprovizasiya sənəti (deyişmə, aytış, yarışma)

Ümumi Xüsusiyyətlər:

  • İki və ya daha çox aşıq/sənətkar canlı çıxışda sözlə yarışır.
  • Mövzu adətən tamaşaçı tərəfindən seçilir.
  • Yarışma həm ədəbi məharət, həm də ağıl və hazırcavablıq tələb edir.
  • Bu sənət əsasən Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə bölgələrində məşhurdur.

 

Nəticə

 Türk xalqlarının aşıq poeziyası və improvizasiya sənəti onların minillik mədəni yaddaşının bir parçasıdır. Hər xalqın özünəməxsus üslubu olsa da, ortaq xüsusiyyətlər və mədəni əlaqələr bu sənəti daha da zənginləşdirir. Aşıqlar həm şair, həm musiqiçi, həm də müdrik xalq nümayəndəsi kimi əsrlər boyu öz missiyalarını yerinə yetirmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

                                                         

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 15:34

Hər şey səndə başlayır - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İnsan nəyə inanırsa, zamanla ona çevrilir. Olduğun və olmaq istədiyin yer arasında sadəcə bir boşluq var. Bu boşluğu doldurmaq üçün istə, hərəkətə keç və əldə et. Hərəkətə keçdiyin an bu boşluq daralmağa başlayır. Hər şey səndə başlayır və bitir.

 

Heç vaxt davam etməkdən qorxma. Düşdünmü? Yenə qalx. Sına, sın, yenə sına. Sınamaqdan vaz keçmə. Olacaq şeylər zatən olur.Həyatında hər nə olur-olsun — yaxşı ya da pis — onların hansının sənə şans gətirəcəyini bilə bilməzsən. İnsan təcrübələrdən öyrənər. Ona görə də yaşadıqların üçün, keçmiş şeylər üçün heç zaman heyifsilənmə.Biz çox zaman nəticəyə baxırıq — uğura. Unuduruq ki, hər uğurlu insanın arxasında bir o qədər uğursuzluq var. Yıxıldıqları yerdən təkrar qalxa biləcək cəsarətə sahib olduqları üçün qələbəyə nail olmuşlar. Düşməkdən, itirməkdən, sınamaqdan heç zaman qorxma. Həyat sonsuz bir məkan deyil. Biz də sonsuz varlıqlar deyilik. Hər şeyin sonu olduğu kimi, qorxularının da sonu olacaq.İndi yaşamasan da, nə vaxtsa yaşayacaqsan. O zaman hər şey daha çətin və ağır olacaq. Bir gün keçmişə dönüb baxanda “kaş ki”lərin içində boğulmamaq üçün bu gün bir şeylər etməlisən. Sən addım atdıqca yollar yaranacaq. Və bir gün keçmişə dönüb baxanda “yaxşı ki” deyəcəksən.Şükranlıq ən güclü duadır. Hər an üçün şükür etməyi bacar.

Daha yaxşısı üçün çalış. İnan ki, ən sonda sənə uyğun yolu tapacaqsan. Çünki həyat sənə yox, sən həyatına yön verirsən.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 15:01

KİTAB BƏLƏDÇİSİndə - Xarakterin sınağı.

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yalnız təzyiq altında olaraq müəyyən bir seçim qarşısında qalanda, prinsiplərinizə sadiq qalmaq və ya güzəştə getmək seçimi edərkən sizin xarakteriniz bəlli olur. 

 

Emerson demişdir: “Düzgünlüyünüzü müqəddəs bir varlıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq qalan yalnız daxili düzgünlüyünüz olacaq”. Siz “seçən orqanizmsiniz”. 

Daim müəyyən bir seçim qarşısında qalırsınız. Və etdiyiniz hər bir seçim sizin xarakteriniz və dəyərlərinizdən xəbər verir. Güzəştə getmək və az müqavimətli yolu seçmək istəyinə qarşı qoyulacaq yeganə faktor xarakterdir. Xarakterinizi gücləndirməyin yeganə yolu isə gündəlik həyatınızın hər saat və dəqiqəsində iradənizi tətbiq edərək, lazım olan faydalı işin əvəzinə lazımsız amma əyləncəli işi görmək həvəsini boğmaqdır.

 

Brayan Treysi Daxili İntizamın Gücü

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 14:30

REDAKSİYANIN POÇTUNDAN – Ələsgər Əlioğlunun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının REDAKSİYANIN POÇTUNDAN rubrikasında Ələsgər Əlioğlunun şeirləri təqdim edilir  

 

                      

                    QARIŞQA YUVALARI

 

("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)

Qarışqa  yuvaları böyür-böyürə,

Qırtək qara-qara qarışqaların

Hərəsi öz iş-gücündə..,

Əmin-arxayınca yaşayırlar,

Dünyanın hər bir küncündə...

Allah yaratdığı

 Bu qarışqalar

Başını aşağı salıb işləyir,

Gəlmir bir-biriylə kəllə-kəlləyə...

Biri yedəkləmir  başqa birini,

Çəkmir   fitnə-felə,

 Çəkmir  kələyə...

Hər biri də bilir öz iş-gücünü,

Qışı gözü altda alıb işləyir...

Biri apardığı dənə-

Bir baxın,

Burda başqasının nəfsi düşməyir...

Qarışqa yuvaları

 Bu təbiətin

Həyat dərsliyidir bəşərə bəlkə...

Burda yuvaların hər biri də,

Bir məmləkət...

Bir ölkə...

Burda nə embarqo qoyulur,

Nə də nota  verilir,

Yuvalar  hərəsi də öz işindədir.

Hərəsi də  öz yolunu-izini  yaxşı bilir...

Kaş ki, qan axıdan prezidentlər,

Görə bu qarışqa yuvalarını...

Bir az dərs alalar bu təbiətdən,

Bir az dəyişələr havalarını...

                              25.10.2024

 

 

  QARA  YAĞIŞ

 

Odla ki, oynayır bu qədər  məmləkətlər,

Tüstülər qıvrıla-qıvrıla üzü göyə qalxar.

Xəritəyə düşməyən

İrili-xırdalı tüstü çayları,

Üzü yuxarı  axar...

Axar bu tüstü çayları

Xəritəyə düşməyən

Nəhəng Tüstü okeanına...

Hopar bir ucdan

Yerə bərəkət gətirən

Buludların canına...

Buludlar da nəfəs alar

Ağır-ağır...

Hələ sinoptiklər bir yana,

Heç yağışların  özləri də bilməz

Hara düşür,

Hara yağır...

Yağar qara yağışlar,

Qara günə qoyar təbiəti...

Əsrimiz qalar

Bu dünyaya yas tuta-tuta...

Qara yağışdan

Yer dönər özü boyda bir qara tabuta...

Olmaz üstündə bir ağlayanı da,

Bir saç yolanı da!..

Tapılmaz

 Bir  matəm  marşı çalanı da!..

                                              2024

 

 

 

GÖYƏRÇİNLƏR

Havaya qalxın, uçun, uçun göyərçinlər,

Qanadlarınızı geniş açın göyərçinlər.

Alnınıza  SÜLH  yazılıb,

Bilir  bunu bütün bəşər;

Gəlib qarşı-qarşıya dayanıb

Bu gün  Xeyirlə Şər...

Uçun!.. Uçun!..

Bir dəstəniz qonsun

 Kremlin divarlarına,

Bir dəstəniz də

Ağ evin dəmir barmaqlqlarına...

Qanadlarınızı yelləyə-yelləyə

Elçi düşün sülhdən ötrü.

(Bir az da qanadlı olun,-

Ləngiməyin vaxt ötürüb!..)

Hardan alım indi axı Pikassonu,

Əlində fırça

Meydana atıla.

Bu dünyamızda

 Sizin sayınlzı bir az da artra!..

Havaya qalxın, uçun, uçun göyərçinlər,

Qanadlarınızı geniş açın göyərçinlər!..

                  15.10.2024

 

 

 

PROTEZ  QUYRUQLU  TÜLKÜLƏR

 

("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)

 

Protez  quyruqlu  tülkülərin

Sayı yamanca artıb

Bu məmləkətdə.

Onlar nə hin güdür, nə toyuq-cücə,

Qabaqlarına hazır gəlir  hər cür ət də!..

Güddükləri kiməsə yarınmaqdır,

Kiməsə sarınmaqdır...

Bu yolda itiriblər öz quyruqlarını,

İndi qalıblar protezə möhtac...

(Bircə  məqsədləri var,

Heç vaxt qalmasınlar ac!..)

Düşdükləri məclisi

Havasından alırlar;

Əyri işləri də

Hiyləylə yöndəmə  salırlar...

Lazım gəlsə deyirlər

Qaradır qatıq.

Lazım gəlsə deyirlər,

Filan şey əskikdir,

Filan şey artıq...

Nədənsə  Ovçular Cəmiyyəti də

Kəsmir bunların kökünü...

Axırda biz çəkirik,

Belələrinin yükünü...

Ancaq tez-tez irtməyindən çıxır,

Bu tülkülərin protezi.

Təmiz silib-süpürə bilmirlər,

Arxalarınca düşən izi!..

                            13.12.2024

 

      

 

DİL MÜƏLLİMİ

("Xatirələrim" silsiləsindən)

Haradansa azıb-təzib

 Bir rus dili müəllimi

 Gəlib çıxmışdı kəndimizə.

Adı da Saşaydı,

Yaxşı dərs verirdi bizə...

Özü də keçəliydi,

Qısqanclıqdan

Həm  saçımızı,

Həm də dilimizi

 Qoymurdu uzanmağa...

Hansı uşaq onun dərsində

 Ana dilində danışsaydı,

Tezcə onu

Götürərdi  tozanağa...

İş o yerə çatmışdı ki,

Kəndin ağsaqqalını da,

Ağbirçəyini  də rusca

Qım-qımıya alışdırmışdı.

Satıcı da çörək  budqasının

Qabağına                          

 "XLEB" yazıb yapışdırmışdı...

Daha nə deyim...

Bu zalımoğlu Saşa

Götürmürdü bizim dili,

Sözləri bir-birinə qarışdırırdı.

O, lap barmağına dolamışdı

bu boyda kəndi,

Hamını da rusca danışdırırdı...

Bir neçə ildən sonra,

Saşa kənddən yoxa çıxdı,

Bilmədik getdi

Hansı  diyara, hansı obaya, oymağa...

Kənd yavaş-yavaş özünə qayıtdı,

Başladı öz dilimizdə

Rahat-rahat danışmağa...

                                    03.02.2025

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(22.04.2025)

 

Çərşənbə axşamı, 22 Aprel 2025 14:04

Hacıqabula turistlər gəlsə…

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Hacıqabul Rayonunun Turistik yerləri barədə söhbət açacağam. Olsun ki, çoxunuz bu terminologiyanı əsla eşitməmisiniz. Ənənəvi turistik bölgələrin adları çəkiləndə bu bölgə əsla yad edilmir. Bu gün bu barədə danışacağıq.

 

Ümumi məlumat:

 

Hacıqabul rayonu Azərbaycanın mərkəzi hissəsində, Kür-Araz ovalığında yerləşir. Rayonun adı “Hacı qəbul olunsun” mənasını verir və bu ad tarixən bölgənin dini və mədəni əhəmiyyətini əks etdirir. 

Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. 

Buranın şəraiti düşərgə salmaq üçün çox münasib idi. Hacıqabul şəhəri isə IX əsrdə formalaşmağa başlayıb və tarixi İpək Yolunun üzərində yerləşməsi ilə seçilir.

 

Görməli yerlər və turizm potensialı:

 

1. Hacıqabul gölü: Kür çayının daşması və Xəzər dənizinin geri çəkilməsi nəticəsində yaranmış təbii göldür. Qamışlıqlarla əhatəlidir və çoxsaylı köçəri quşların məskəninə çevrilmişdir. Ekoturizm üçün əlverişli məkandır.

2. Pirsaatçay Xanəgah Kompleksi: XIII əsrə aid olan bu dini memarlıq abidəsi Şirvanşahlar dövründə tikilmişdir. Xanəgah memarlıq üslubuna uyğun inşa edilib və qədim sufi mədəniyyətini əks etdirir.

3. Axtarma-Paşalı Palçıq Vulkanı: Rayon ərazisində yerləşən bu təbii vulkan maraqlı geoloji quruluşa malikdir və həm yerli, həm də xarici turistlər üçün cəlbedici yerdir.

4. Hacıqabul Mərkəzi Parkı: Şəhərin mərkəzində yerləşən bu park istirahət üçün əlverişli şərait yaradır. Yaşıllıqları və geniş gəzinti yolları ilə seçilir.

 

Turizm İnfrastrukturu:

 

Hazırda Hacıqabul rayonunda turizm infrastrukturu tam inkişaf etməyib. Bölgədə geniş turizm kompleksləri, otellər və digər xidmət sahələria məhduddur. Buna baxmayaraq, rayonun təbiəti, tarixi və coğrafi mövqeyi gələcəkdə turizmin inkişafı üçün geniş potensial yaradır.

 

Əlavə qeydlər:

 

Rayon kənd təsərrüfatı ilə tanınır. Burada nar, alma kimi meyvələrin yetişdirilməsi geniş yayılıb. Bu isə aqroturizm sahəsində də inkişaf üçün imkanlar yaradır.

 

“Ədəbiyyat və incəsənət”

 (22.04.2025)

 

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Əziz izləyicilərimiz, bu dəfə qonağımız şair - publisist AYB və AJB- nin üzvü, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, "Yada düşdü" ədəbi-bədii jurnalın təsisçisi, baş redaktoru, "Ömrüm", "Ömrün qatarı", "Saralmış yaprağa bənzəyir ömrüm", "Yurd dediyim bu torpaq" kitablarının müəllifi Nəzakət Məmmədovadır.

 

-Xoş gördük, əziz Nəzakət xanım. Daxili dünyanızın çox kövrək olduğunu bilirik. Ədəbiyyata- poeziyaya olan sonsuz sevginizi yazılarınızdan duyuruq. Şeir Sizin üçün sadəcə obrazlı sözlər deyil, bir dünyadır, bir sirdir. Elə bu an üçün Nəzakət xanıma söyləsək ki: " Gəl mənə sevdiyin şeiri söylə." O bizə - izləyicilərə  hansı şeiri söyləyər?

 

- Salam Ülviyyə xanım, xoş gördük. Rubrikanız davamlı olsun.  Elə bu an üçün ağlıma  "Qadın ürəyi" şeiri gəldi. Mərhum şairimiz Tofiq Bayramın “Qadın ürəyi” şeirini çox sevirəm. Mənə elə gəlir ki, hər qadın bu şeirə görə şairi alqışlamalıdır.

Bilmirəm niyə..? Amma hər dəfə kədərlənəndə və ya qadın olduğuma görə qürurlananda bu şeir misra-misra keçir ürəyimdən. Elə bu an üçün bu şeiri söyləyirəm.

 

 

TOFİQ BAYRAM: 

 

QADIN ÜRƏYİ  

 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

 

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğındır, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

 

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

 

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi.

 

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

 

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi.

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

 

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz-sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi...

 

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 13:00

BİZİM KİNO – və əlbəttə ki, “Arşın mal alan”

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Azərbaycan kino sənətinin ən qiymətli incilərindən olan  "Arşın mal alan" — 1945-ci ildə çəkilmiş tammetrajlı bədii filmdir.

Rejissorlar Rza Təhmansib və Nikolay Leşşenkonun ekranlaşdırdığı "Arşın mal alan" filmi barədə danışmaq istəyirəm.

 

Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.

 

Film haqqında

• Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.

• Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurdular.

• Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir.

Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin seçmək", "Arşın mal alan", "İkisi axtardı, dördü evləndi".

Təbii ki, sonradan film yenidən, daha mükəmməl çəkildi. Bu gün də tamaşaçılar doymaq bilmədən bu şedevrə tamaşa etməkdədirlər.

 

“Ədəbiyyat və incəsənət”

 (22.04.2025)

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 12:31

“Aliment” - Seyran Səxavətin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı tanıdaq layihəsində bu gün sizlərə Seyran Səxavətin hekayəsi  təqdim ediləcək. 

 

Onun yetmiş beş yaşı olsa da, qıvraq, canısulu görünürdü - heç kəs ona altmış beşdən yuxarı verməzdi. Gur, uzun, ağappaq saçlarının fonunda qırxılmış sifətinin şirinliyi onu çox adamdan, xüsusilə, həmyaşıdlarından xeyli fərqləndirir, cəlbedici göstərirdi, yeriyəndə də oxlov udmuş adamlar kimi dik yeriyir, ətrafında heç nə onun diqqətindən yayınmırdı; ətrafı da, istəsəydi belə, onu görməməzliyə vura bilməzdi, çünki gözəgəlimli idi. 

Yanında dayandığı "Milliön" aparatını əli ilə göstərib dedi: 

- Mənə kömək eliyərsiniz, pul göndərməliyəm. 

- İzvinite ua toroplösğ... - Rus qadını tələsik keçib getdi, beş-on addım uzaqlaşandan sonra geri çönüb, üzrxahlıq baxışlarını ani olaraq ona zilləyib gülümsədi də. Kişi də az aşın duzu deyildi, rus qadınının bu hərəkətini elə olduğu kimi də qəbul edib məmnun göründü. 

Bu dəfə də üzünü iyirmi-iyirmi iki yaşlı, tələbə görkəmli oğlana tutdu: 

- Ay bala, mənə kömək eliyərsən, pul... 

Tələbə görkəmli oğlan onun sözünü ağzında kəsdi: 

- Mən bacarmıram... 

- Nə? 

- Dedim ki, mən bacarmıram, - əli ilə aparata işarə elədi. 

Kişi inanmadı: 

- Bacarmırsan? - soruşdu. 

- Yox, bacarmıram. 

- Yalançının imanına qorxaq tula bağlayım, kişi acı-acı güldü, - kömək eləmək istəmirsən, - başını buladı. 

- Yaxşı eləyirəm, - oğlan tələsik uzaqlaşdı. 

"Tutub verən olsaydı, nə çırpardım, səni..." - kişi onun arxasınca fikirləşdi. 

- Pul göndərmək istəyirsən? - Özü də, səsi də yorğun, nahamvar bir kişi onun aparata əlini sürtdüyünü görüb istehza ilə soruşdu. 

Kişi bu istehzavari adamın sözlərindəki istehzanın kökünü, səbəbini anlamasa da, cavab verdi: 

- Hə... kömək eliyərsən? - həm də soruşdu. 

- Niyə eləmirəm ki... Nə məsələdi? - Adam çox diqqət göstərdi və bu, bayaqkı istehzanı sildi. 

- Ay rəhmətliyin oğlu, - onlar yaşıd olardılar, - aparatnan pul göndərmək istəyirəm dayna, irəli dur, kömək elə... 

- Həəəə... Heylə? 

- Heylə də... bəs, bayaqdan nə deyirəm... - Kişi adamın üzünə baxdı. 

- Hə... başa düşdüm, - diqqətlə ətrafını nəzərdən keçirib, - bəri bax, çox pul göndərirsən? - soruşdu. 

- Çox... - Kişinin hövsələsinin ərazisi Azərbaycan ərazisi kimi get-gedə daralırdı - qırx dörd günlük müharibəyə qədər olduğu kimi... 

- Çox deyəndə ki, nə qədər? - Adam Kişidən yenə soruşdu. 

- Üç yüz manat... 

- Yoox... mən əlli manatdan yuxarı göndərməyi öyrənməmişəm... ancaq əlli göndərə bilirəm, qonşum var, o deyir ki, öyrədəcəm, lap min manat da göndərə bilərsən. 

Kişi başa düşdü ki, həmyaş olduğu bu adam onunla məzələnir, əlini cibinə atıb əlli manat çıxartdı: 

- Neynək... gəl, əlli göndər, - bir az da elə hərəkətə gəldi ki, elə bil onun üstünə gedirdi. Qarşısındakı da bir neçə addım arxaya çəkildi və birdən yaş odun satmış adam kimi nə təhər götürüldüsə... kişi heç vaxt ona çata bilməzdi, ancaq fikirləşə bilərdi, fikirləşdi də: "Ağıl deyən şey yoxdu də... Ağlı olmasa da, ancaq mənnən xeyli məzələndi ha... gərək düzünü deyəsən... Zayıl oğlu zayıl..." Bir şey də bilinmədi ki, axırıncı üç kəlməni onunla məzələnən adama deyirdi, yoxsa özünə... deyəsən, yarıbayarı - əlli əlliyə... 

İstədi qarşı tərəfdəki parka keçib bir az gəzsin, sonra qayıtsın. Ancaq onun yanından səs-küylə, ağır-ağır keçib gedən orta məktəb uşaqlarının davranışı kişini ilişdirdi: "bunlar niyə qışqıra-qışqıra danışırlar... özü də hamısı birdən danışır eee... qulaq asan yoxdu..." Uşaqların səs-küyü uzaqlaşıb qulaqdan itənə qədər gözünü onlardan çəkmədi. 

Xahiş elədiyi adamları yadına saldı - rus qadın, tələbəyə oxşayan oğlan, bir də onunla açıq-aşkar məzələnən o "zayıl oğlu zayıl". Onları müqayisə elədi, üstünlüyü rus qadına verdi - yaxşı adam idi. Tələbəyə oxşayan oğlan haqqında da qəti qərarını verdi: "beləsini basasan əsgərliyə, Qarabağa, özü də elə eliyəsən ki, Murovun təpəsinə düşə... bəlkə ondan sonra ağlı başına gələ" 

"Zayıl oğlu zayıl"a da biganə qalmadı: "Yəqin o da cavanlıqda bu tələbəyə oxşayan oğlan kimi bir şey olub. Tələbəyə oxşayan oğlan böyüyüb zayıl-zayıl zayılın yaşına çatanda yəqin ki, elə onun tayı olacaq... bunun çırta-pırtı yoxdu". 

Birdən-birə kişiyə o qədər ağır və təəccüblü gəldi ki, üç nəfərdən biri də ona kömək eləmədi. Hətta üç nəfərin içində yaxşı hesab elədiyi rus qadından da "incidi": "İzvinite ya taraplyus... noolar, taraplyus eliyəndə... üç dəqiqəlik işdi də..." Sonra özü istəməsə də, rus qadına haqq qazandırdı: "Yox, yaxşı arvada oxşayırdı... tələsiyir də... bəlkə elə işi var ki, heç deməli deyil... heç özününkülər səni adam yerinə qoymadılar, Allahın urusunnan nə gözləyirsən?!." 

Kişi özünü elə aparırdı ki, guya bu boyda şəhərdə o üç nəfərdən başqa adam yox idi. Əslində isə ona yer eləyən bu idi ki, adamlar niyə birtəhər olub - "bizim vaxtımızda belə şeylər yox idi..." Bir az keçəndən sonra isə öz əleyhinə getdi: "Bizim vaxtımızda belə şeylər yox idi... Bəs, indi kimin vaxtıdı? İndi də sizin vaxtınızdı də... bizim vaxtımızda..." - istehza ilə fikirləşdi. 

Sanki kişinin də tərsliyi tutmuşdu, deyəsən, ürəyindən keçirdi ki, imanım Allah amanatı, o üç nəfərdən biri buralarda görüksə, yenə onlardan xahiş eləsin - ən çox da, rus qadına ümid bağlayırdı. 

Kişinin bu barədə fikirləşdiyi müddətdə onun və avtomatın yan-yörəsindən o tərəf-bu tərəfə nə qədər adam keçsə də, heç kəsə yaxınlaşmadı, heç nə demədi: "Atalar üçdən deyib... mən də üçündən xahiş eləmişəm... atalar dörddən deməyib ki..." Kişi öz-özünü ilişdirmişdi ee, əslində burda çətin bir şey yox idi. 

Kişi bir az da dərinə getdi və deyəsən, "çıxış yolu"nu tapdı: "Nə atalar üçdən deyib eee... O qabaqkı atalar idi, üçdən deyən... indiki atalar dörddən deyirlər - lap bir azdan atalar beşdən deyəcək, get-gedə çoxalacaq, çünki ataların dediyi kar eləmir, onlar da məcbur olub... hə..." 

Başını qaldırıb əks tərəfə baxanda gördü ki, təxminən, qırx yaşında gözəl bir qadın gəlir. Kişi gözünü qadından çəkə bilmirdi - qadın gəlmirdi ee, qu quşu kimi ona tərəf üzürdü. Kişi, o qu quşundan başqa heç kəsi görmürdü. "O üç nəfər eləməyəndən sonra bu heç eləməz, demə, sözün yerə düşməsin. Yox, yox.. o heç sənə fikir də verməz... naz-qəmzəsini görmürsən... elə bil ki, ərini bu yaxınlarda nazir qoyacaqlar... ya da ki, qoyublar... bir-iki aydı işləyir... əgər böyrümdən keçəndə mənə baxsa, deyəcəm, baxmasa, deməli, məsləhət deyil, çox zınqırovludu ey..." 

Qu quşu yaxınlaşdıqca onun gözəlliyinə qarışmış şirinliyi, ədaları özünün özünə elədiyi naz-qəmzəsi kişini daha yaxından sıxırdı. Burdan keçib gedənlərin Qu quşuna ayaq saxlayıb necə baxdıqlarını, baxdıqlarını yox, bu baxmaq deyildi, tamaşa elədiklərini görmürdü. Qadın gözəlliyinin zəhmi çox ağır olur - torpaqdan da ağır və hər kişi onun altında tab gətirə bilməzdi. Qu quşuna oxşayan bu gözəlin naz-qəmzəsinin altında qalmaq, fəlakət zamanı dağıntılar altında qalmaq kimi bir şeydi... 

Adamın adama sataşdığı bir başqa şeydi, gözün gözə sataşmağı başqa bir aləmdi. Qu quşu "üzə-üzə" kişinin bərabərinə çatanda, ani olaraq gözü sataşan kimi kişi əli ilə "Milliön" aparatını göstərib soruşdu: 

- Gözəl xanım, mənə kömək eliyərsiniz? 

Qu quşu saatına baxdı, elə bil bunların hamısı bir inkubatorda dünyaya gəliblər. Ancaq rus qadını kimi demədi ki, bağışlayın, tələsirəm - başqa şey dedi: 

- Verin, kömək eliyim də... 

Kişi bu gözlənilməz razılığa qətiyyən hazır olmadığına görə çaşdı və tez də, özünə qayıtdı, hətta iki daşın arasından vaxt tapıb hər kəsin özünə layiq payın da artıqlamasilə verdi: "Sənin azarın tökülsün onların ürəyinə... lap elə o rus arvadının da..." Onların üçünü də "yerbəyer" eləyib qəribə bir rahatlığa qovuşhaqovuşda Qu quşunun dodaqlarının arasından üç-dörd kəlmə bal süzüldü: 

- Zəhmət olmasa, bir az tez olun. 

Kişinin bütün varlığı tələsdi: 

- Hə... hə... alın... üç yüz manatdı... - Ürəyində özünün abırını aldı ki, ay rəhmətliyin oğlu, bunu bayaqdan əlində hazır tutmağa can çəkirsən, hə? 

- Hansı bankdı? - Qu quşu onun üzünə baxmadan soruşdu və Qu quşunun onun üzünə baxmamağı elə bil ki, bir az onun xətrinə dəydi. 

- Kapital bankdı... bu da kartının nömrəsidi, - dörd yerə bükülmüş qalın kağızın qatını açıb ona uzatdı. 

Qadın yenə onun üzünə baxmadan soruşdu: 

- Bu pulun təyinatı nədi? 

- Nə təyinat? - Kişi təəccübləndi. 

- Təyinat də... yəni ki, bu nə puludu? Maddi yardımdı? Yoxsa dostuna göndərirsən?.. - yenə kişinin üzünə baxmadı, yenə kişi ondan inciyən kimi oldu. 

- Yoox, ay bala, nə maddi yardım, nə... 

Qadın saatına baxıb onun sözünü kəsdi: 

- Bəs onda nə puludu? - Qadının hövsələsi bir tikə olmuşdu. 

- Aliment... 

- Nə?!. 

- Aliment... aliment... 

Qadın elə bil ki, bayaqdan sanki xala xətrin qalmasın, arxasını kişiyə çevirib onunla danışırdı, bu sözü eşidəndən sonra yüz səksən dərəcə çöndü, onun üzünə baxıb təəccüblə dilinə gətirdi: 

- Aliment?! 

- Aliment. 

Qadının üz-gözündən mehribanlıq, qayğıkeşlik şırıltı ilə tökülürdü; imanım Allah amanı, bəlkə də kişinin könlündən keçdi ki, ovcunu bu şırıltının altına tutub doldursun, üzünə çırpsın - üzünü yusun. Kişi Qu quşunun - üz-gözündən zəhm tökülən bu gözəl qadının onun gözlərinin qabağında, belə sürətlə dəyişməyini heç cür anlaya bilmədi. Üstəlik, Qu quşu onun üzünə elə baxırdı ki... "Bu yaşda kişi aliment verirsə... indi gör bunun canında nələr var ee... ay daaa... Kişi belə olar ee... off..." İmanım Allah amanatı, Allah bilir, Qu quşunun ürəyindən nələr keçdi... 

- Aliment göndərmək üçün şəxsiyyət vəsiqəsi də lazımdır. - Qu quşu kişinin gözünün içinə elə baxdı ki, canında donmuş qocalıq əvvəlcə isindi, sonra da əriməyə başladı və bu ərinti onun bütün varlığına hopdu. 

Qu quşu şəxsiyyət vəsiqəsini ondan alanda bilərəkdən kişinin əlinə də toxundu. İmanım Allah amanatı, deyəsən, Qu quşunun ürəyindən keçdi ki, kaş bu pulgöndərmə prosesi bir az da uzanardı... məsələn, "Milliön" aparatı elə bu dəqiqə xarab olaydı, yaxud göndərdikləri pulun çekini verməyəydi... Bunlar öz yerində... Bayaqdan bəri üzünə belə baxmadığı bu kişi, indi onun gözlərinə tamam başqa cür görünürdü; bilirsiniz, necə: bu vaxta qədər hələ heç kəs bu qadının gözünə elə görünməmişdi, bax, elə... 

Pul əməliyyatı başa çatan kimi Qu quşu kişiyə dedi: 

- Mənə görə başqa qulluğunuz var? - Qadın elə soruşdu ki, kişi yüz faiz inandı, əmin oldu ki, bu saat nə desə, başa gələr. 

Başı ilə üç addımlığındakı parka işarə eləyib dedi: 

- Mənnən parkda gəzərsən?.. 

- Parkda? 

- Hə... parkda... havamızı dəyişək. - Kişini gülmək də tutdu ki, durduqları yerlə parkın arası üç-dörd addım olardı - hansı hava dəyişməkdən söhbət gedə bilərdi - axı, hava dəyişmək üçün yeri dəyişmək lazımdır. "Lap sarsaq təklif elədim..." Onu bu vəziyyətdən Qu quşu dil atıb çıxartdı: 

- Mən başqa təklif eliyərdim... - bayaqdan bəri o, ilk dəfə gülüşünə şirin bir biclik də qatdı. 

- Nə təklif?.. 

- Bax... mən o binada yaşayıram... İstəyirsiniz, qalxaq bizə... çaydan-zaddan içək... Söhbət eliyək... Dünyanın orasından-burasından danışaq... 

- Bəs ərin yoxdu? - Kişi qəfil soruşdu, elə o anda da sualını yersiz hesab elədi, ancaq söz ağzından çıxmışdı. 

- Var... niyə yoxdu?!. 

- Bəs, birdən gəlsə... 

- İstəsə də, bu gün gəlib çıxa bilməz, - Qu quşu elə bil kişi ilə yox, güzgü ilə üzbəüz dayanmışdı - işvələndi. 

- Niyə bu gün gəlib çıxa bilməz ki? 

- Xaricdədi, xaricdə, - sonra da bic-bic gülümsədi, - o gəlib çıxana qədər biz beş-altı dəfə söhbət eləyib qurtara bilərik... beş-altı dəfə... 

- Həəəə? 

- Hə, - Qu quşu dedi, hətta dayana bilməyib kişinin burnunu yüngülvari çırtmaladı da... o da heç etiraz eləmədi. 

- Yaxşı qalmısınız ha, maşallah, - Qu quşu kişiyə başdan-ayağa nəzər salıb onu təriflədi. 

- Maşallah gününüz olsun, - Kişi razılıq elədi. 

Qu quşunun evinə tərəf getdilər. Qadın kişinin kürəyinə əlini üç dəfə yüngülvari şappıldatdı da. Bu həm də ona üç dəfə "əhsən" demək kimi bir şey idi - qabaqcadan... axtarsan, içində minnətdarlıq da tapmaq olardı... 

Qu quşu kişidən soruşdu: 

- Uşağın neçə yaşı var? 

- Hansı uşağın? 

- Ən balacanın... sonbeşiyin. 

Kişi fikirləşmədən cavab verdi: 

- Qırx yaşı... 

- Nə??? 

- Qırx yaşı... - Kişi başa düşmədi ki, qadın niyə belə həyəcanlandı, təəccübləndi. 

- Bəs aliment? 

- Alimenti nəvəmə göndərirəm də. Bu yaşda mən aliment verənəm? - Qu quşunun üzünə baxdı, onu tanımadı - qadının üzü bayaqkı kimi yüz səksən dərəcə geri dönüb əvvəlki görkəmini aldı. 

- Bir dəyqə - bir dəyqə, - əl çantasından telefonunu çıxarıb düyməsini basdı, - eşidirəm həyatım, hə... hə... hə... çatırsan... lap yaxşı... 

Qadın çaşqın vəziyyətdən bir balaca çıxıb kişiyə dedi: 

- Bağışlayın... ərimdi... xaricdən təcili geri çağırıblar, beş-altı dəyqəyə çatır... mən qaçdım. 

Qu quşu doğrudan da qaçdı... yox... uçdu... 

                                                          (Şabran. Oktyabr-2024) 

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.