Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

VAHİD ƏZİZ,

Xalq şairi

 

 

ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ

 

Zəfər millətimin altun tacıymış,

özü yetməliymiş qisas zamanı,

həm savaş xəmiri çox acıyıbmış,

həm də müharibə acıymış hamı!

 

Görəndə şəhiddi nə cür igidlər,

qanları coşurdu mərd oğlanların,

hərbi hissələrə yeniyetmələr cumurdu –

“bizi də əsgər aparın!”

 

Yaralı tanıdım şirin qanıynan

udaraq söndürür qəlb acısını,

nişanın qaytarıb əsgər yollanan

sevdim neçə-neçə tibb bacısını.

 

Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”,

Qonşuda bir ahıl – Doxsan yaşında,

döşünə döyürdü – “topçu olmuşam!”

 

Bu Zəfər millətin altun tacıymış,

Qələbə yetişdi Qırx dördcə gündə,

 həm “savaş xəmiri” çox acıyıbmış,

 millət müharibə “acıymış” həm də...

 

 

SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...

 

Yetişdin zirvənə, üçrəngli Bayraq!

Qarabağ – qəlblərdə atəşsən, odsan,

Dözdük hicranına alovlanaraq,

Düşmən elə bildi – “Unudulmusan”.

 

Qələbə gətirdi Bayraq özüylə,

Günü başlamaqda – “Vətən” sözüylə,

Yağı elə bildi “Cıdır düzüylə”,

Keflənib, hallanıb yerimək asan.

 

Dirçəldin – qəfəsdə quş olsan belə,

Həsrətli gözlərdə yaş olsan belə,

Bir şeyi bilirəm – daş olsam belə,

Qarabağ, köksündə ərimək asan!

 

Qurtardıq – Sərsəngi, əsir Tərtəri,

Ordunun dizində millət təpəri,

İndi “Xarıbülbül” adlı gülləri,

Doğma öpüşlərə bürümək asan.

 

Qarabağ, yenə də bəxtəvər görün,

Közərir kül tutmuş közün, kömürün,

Ötəri olsa da cahanda ömrüm,

Sən mənim əbədi Qarabağımsan...

 

 

MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

 

Mənə yüz il ömür arzulamayın -

Xəzan yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım - əlim

Əsalı olanda dayansın ürək.

 

Mən yüz il ömür arzulamayın -

Bu qədər yaşayan hansı çiçəkdir?!

Mən yaşda qalmırsa taytuşum-tayım,

Qurdnan qiyamətə qalmaq deməkdir.

 

Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,

Yerişim, gülüşüm, səsim itməsin,

Məndən cavan olan, gümrah olanlar

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim,

Qapı - pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Tanrıdan bir ömür diləyin mənə,

Taleyim sevgiylə baxsın üzümə,

Görsün yad payına şərik deyiləm

Gərək olmayanda özüm-özümə,

Deməli heç kəsə gərək deyiləm!

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm,

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Mənə yüz il ömür arzulamayın -

Ləyaqət, təmiz ad atıb getməsin

Dünyaya qalacaq malı dünyanın -

Karvanın lənətə batıb getməsin

Mənə yüz il ömür arzulamayın...

 

 

HƏKİMƏ MƏKTUB

 

Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar. 

 

Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!

 

Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.

 

Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…

 

 

YADIMA DÜŞÜR

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür.

Dibçəkdə soluxan qızıl gül kimi,

Səni gözlədiyim yadıma düşür.

 

İndi xatirələr qalxır eyvana

Soyuq varlığımı bürüyə bilmir.

Çiskindən, dumandan, qəmdən o yana

Sənli xatirələr yeriyə bilmir

 

Yerdən çox hündürdə keçdi illərim.

Qəlbinə gah uzaq, gah yaxın oldum.

Hələ də məhbusdur, xatirələrim.

Mən sənin bir eyvan dustağın oldum.

 

O, qədər giley var bu qapılarda.

Hər elçi bir təzə yar gətirərdi.

Bir çinar mən qədər dursaydı, burda.

Bəlkə də həsrətdən bar gətirərdi.

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür

Dibçəkdən boylanan qızıl gül kimi.

Səni gözlədiyim yadıma düşür...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Cümə axşamı, 31 Oktyabr 2024 11:43

BİR SUAL, BİR CAVAB İntiqam Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Mənə sual vermə çox,

Ayrılığın dadından.

Hələ ayrılmamışam,

Ayrıldığım qadından.

 

Elə asan gəlməsin,

Sənə "Əlvida" sözü.

Necə dediyimi də,

Xatırlamıram, düzü.

(İntiqam Yaşar)

 

-İntiqam bəy, ayrılığın dadı acı olmalıdır ki, sevginin adı həqiqət olsun, “acı dad həqiqi sevginin nişanəsidir?"

 

CAVAB:

Həqiqi olan, dəyərli olan hər şey bitəndə ağrılı-acılı olur. Acı dad önəmlilik amilinin nişanəsidir. 

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 15:35

Gülüş klubunda dramın faciəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Skleroz olmaq istəmirsənsə çalış çoxuna borc ver. 

 

2.

Funtla Dollar birjada oturublar. Birdən qapı açıldı, Dram içəri girdi, gənc, qısa ətəkli, arxası və sinəsi ipiri. 

Dollar bayılıb dərhal ona tərəf cummaq istəyındə Funt onu tutub saxladı:

-Qoruyucusuz yaxın durma. İnflyasiya-zad tutarsan ondan. 

 

3.

Son hadisələrdən sonra məsləhətdir ki, neftə bundan sonra “qara gümüş” deyilsin.

 

4.

Dərdayılın xatlrələrindən:

“Mən rayondan Bakıya gələndə elə bilirdim ki, ən savadlı, təşəbbüskar, işgüzar adamları müdir təyin edirlər, rejionun, var-dövlətin, dayının rolu olmur. 

Amma məni müdir təyin edəndə yanıldığımı anladım.

 

5.

Operada.

-Maestro, sizin səsiniz hara itib?

-Onu seçkidə bir deputata vermişəm. 

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qovurmali göbələyin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Qovurma – 80 qr

§ Göbələk – 100 qr

§ Soğan – 35 qr

§ Kök – 30 qr

§ Bolqar bibəri – 20 qr

§ Acı bibər – 10 qr

§ Pomidor – 35 qr

§ Alça (təzə və ya qurusu sarı) –

10 qr

§ İstiot – 0,5 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ meyvə turşusu – 25 qr

 

HAZIRLANMASI:

Göbələk yuyulur, təmizlənir, doğranır. Balaca göbələklər bütöv halda, orta ölçülü 2 yerə, böyük ölçülülər 4 yerə bölünür. Soğan, kök, bibərlər yuyulur, təmizlənir. Dördkünc formada doğranır. Pomidorlar 4 yerə bölünür. Qovurma qazana yığılır və ocağa qoyulur. Qovurma tam qızdıqda soğan qazana əlavə olunur və qarışdırılır. Soğan qızardıqda kök, bibər, göbələk əlavə edilir. Göbələk suyunu buraxıb, qovurma və tərəvəzlərlə bir yerdə bişir. Yağa düşənə yaxın pomidor əlavə edilir. Bunlar 5 dəqiqə tovlanır. Duz, istiot və ədviyyatlar vurulur, bir az tovlanır. Altı söndürülür, ağzı bağlanır və dəm almağa qoyulur. 30-35 dəqiqə müddətində bişirilir. Süfrəyə veriləndə üzərinə göyərti səpilir, yanında turşu (meyvə) verilir.

 

QEYD: I variant – İrəvan mətbəxinə aid olan bu xörəkləri bir yerdə, eyni qazanda bişirəndə xörəyin dadı tamam başqa olur. 

II variant – ərzaqlar ayrıca bişirilir, qovrulur. Sonra ardıcıl olaraq bir qazana əlavə olunur və bişirilir.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 14:06

“Mi piace il caffè” - VARİS YAZIR

“Ədəbiyyat və incəsənət” portalı Varisin növbəti FOTO-ŞƏRH qeydlərini təqdim edir. 

 

Bu bənövşəyi çalarlarla bol, həyat sevgisi aşılayan foto bir italyan qəhvəxanasının sosial media reklamıdır.

Altından da yazıblar: “Həyatda kiminlə gülmək və kiminlə ağlamaq lazım olduğunu gərək biləsən.

Həm də, kiminlə kofe içdiyinin də gərək fərqində olasan”.

 

Gözəl deyimdir. 

Biz dostları təsadüfən seçirik, əksər hallarda. Deməzsənmiş, bunu yanlış edirik. Kofe fəlsəfəsi bunu gözəl isbatlayır. 

Kofeni kofesevənlə içmək bir şərtdir. Amma kofesevənlər də amerikanonu, latteni, espressonu, kapuçinonu, fratteni sevənlərə bölünür. 

Demək, daha cidi-cəhdlə tapmalısan öz həmfikirini.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Bəzi avropalılar, rusiyalılar elə bilirlər ki, göylərdə iki Yaradan var: birinin adı “Allah”dır, o birinin adı hərdən “God”dur, hərdən “Boq”dur. Və onlar bir-birilə mübarizə aparırlar. Ona görə də xarici ədəbiyyatda “Allah” sözünü çox vaxt tərcümə etmirlər. Bu, təkcə dil baxımından deyil, həm də siyasi baxımdan ciddi anlaşılmazlıqlara gətirir.

2.

Qəlb və ürək eyni deyillər. Ürək dediyin bir bədən üzvüdür. Bir parça qanlı ətdir. Qəlb isə ürəyin uca və nəhayətsiz göylərə göndərdiyi səfirdir.

3

“ Yarımçıq əlyazma” deyir: Özün üçün büt düzəltmə! “Sehrbazlar dərəsi” deyir: İntiqam hissilə yaşama! “Unutmağa kimsə yox...” deyir: Bir dünya ilə kifayətlənmə!

4.

Aşıq Ələsgər: “Yeri göydən, göyü yerdən kim seçdi?”

Ədəbiyyatımızın ilk və ən müdrik mifoloji sualı!

5.

Bizim məhəbbətimiz qoca şairlərin uydurduğu, cavan şairlərin inandığı nağıldır.

6.

V. Xlebnikov: “Başdan-başa bir şaxta öpüşüsən, Rusiya.”

Rusiyanı başqa cür təsəvvür eləmək çox çətindir.

7.

“ Qatdı qabağına yollar səni,

Yarı ölü kimi, yarı sağ kimi.

Divar önünə qoydular səni

Sən hədəf kimi, yollar ox kimi...”

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə gənc şair, “Ulduz” jurnalının əməkdaşı  Taleh Mansurun Xalq şairi Nəriman Həsənzadədən götürdüyü müsahibəsini təqdim edir.

 

Bir az gecikib bu müsahibәnin dәrci... Gecikib deyәndә ki, hәr şey zamanında baş verir. Görünür, insanın hesab vә sәbriylә Tanrının hesab vә sәbri arasında yerlә göy qәdәr mәsafә varmış. Xalq şairi Nәriman Hәsәnzadә ilә görüşümüz yağışlı bir may gününә tәsadüf elәmişdi. Suallarım vә fikirlәrim yerbәyer idi, adım kimi әmin idim, şairin müdrik cavabları da suallarımın yolunu gözlәyirdi. Eynәn yolumu gözlәyәn şair kimi. Fәqәt şairlә görüşә ürәyi dolu, әliboş gedә bilmәzdim. Mәni qayğılandıran bu nәsnә onu duyğulandırmalı idi. Çox düşünmәyә ehtiyac qalmadı, şairin “Kimin sualı var?” poemasındakı bu misraları xatırladım:

 

 İydә tikanları batıb әlimә,

yamaqlı şalvarım bir dә cırılmış.

O sıx meşәlәri sәn elә bilmә,

gәzib-dolaşmışam mәn qarış-qarış.

 

 Söz vaxtına çәkәr, deyirlәr ha, bax indi misralar vaxtına çәkmişdi. Ürәk qayğısından xilas olub çiçәk qayğısına düçar olmuşdum.

Dar mәqamda Ağstafadakı ürәyi geniş dostlar kömәyimә çatdı. Bir neçә saatın içindә şairin göz açdığı Poyludan bir dәstә iydә çiçәyi göndәrdilәr Bakıya. Cәnnәt qoxulu çiçәk sovqatını әlimә alan kimi әtrini ciyәrlәrimә çәkdim, şairin könül misralarının qoxusu gәlirdi. Hәmin an barmağıma batan iydә tikanının ağrısını belә bu zövqü-sәfa içindә duymadım. İndi şairlә görüşә getmәk olardı. Şairin yaşadığı evin qarşısına çatanda şıdırğı  bir  yaz  yağış  başladı. Qeyri-ixtiyari iydә çiçәyinin dәstәsini çәtir kimi başımın  üstünә  qaldırdım. Yağış damcıları  iydә  çiçәklәrindә  әtirlәnib saçlarımdan gicgahıma, alnıma süzülür, üz-gözümә yayılırdı. Bir anın içindә bu әtir bütünlüklә ruhuma yayıldı. Üst-başımdan tutmuş, suallarımı yazdığım vәrәqәcәn, cismimdәn ruhumacan hәr şey iydә çiçәyinin әtrinә qәrq olmuşdu. Mәni binanın qarşısında qoca şairin gәnc dostu, ürәk sәsli Arif Mehmandost qarşıladı. Qalxdıq düz onuncu mәrtәbәyә. Bir anlıq mәnә elә gәldi ki, bura göylәrin yeddinci qatından da üç pillә yuxarıdı, Tanrının beş addımlığıdı. Tәәccüblәnmәdim, onsuz da gerçәk vә göyçәk söz olan yerlәr Tanrıya yaxın olur. Söz haqqa tәrәf bir addım yaxınlaşanda Tanrı sözü әbәdi hәqiqәtlә müjdәlәyir. Şairin  yaşadığı mәnzilә daxil oluruq... Nәhayәt, şairlә görüşürәm, salamlaşıb  iydә  çiçәyini doğma Poyludan gәtirdiyimi deyirәm. Bir anlıq düşünür, tәşәkkür edir, kövrәk bir sәslә soruşur:

– Sәn mәni ağlatmaq istәyirsәn?

Gülümsәyib “Xeyr, Nәriman müәllim, azacıq duyğulandırmaq istәyirәm...”– deyirәm.

Gülür, әhvalı yerinә gәlir. Belәcә müsahibәyә mәnim sualımla yox, Nәriman müәllimin sualıyla başlamış oluruq...

 

– Nә qәdәr şablon sәslәnsә dә, mәn Sizi әdәbiyyatımızın canlı әfsanәsi hesab edirәm. O üzdәn sizinlә tәkcә Nәriman Hәsәnzadә kimi yox, hәm dә Sәmәd Vurğunla, Mehdi Hüseynlә, Mir Cәlalla, Nazim Hikmәtlә, Xәlil Rza Ulutürk vә bir çox әfsanәvi qәlәm sahiblәri ilә danışırmış kimi hәmsöhbәt olmaq istәyirәm. Əl çatmayan, ün yetmәyәn әdiblәrlә bağlı yaşadıqlarınız, xatirәlәriniz var. İstәrdim, suallara bir az özünüz kimi cavab verәndә bir az da adlarını sadaladığım әdiblәr kimi cavab verәsiniz. Çәtin olmaz ki?

– Çox sağ ol, oğlum... Öncә o kişilәrin adlarını çәkdiyinә görә minnәtdaram. Görәk hәlә özüm kimi suallarına cavab verә bilәcәmmi, sonrasına baxarıq (gülür)...

 

– Xalq şairi Bәxtiyar Vahabzadә “Nәriman Hәsәnzadәnin şeirlәrindә hәmişә ürәk döyünür”, – deyirdi. Şeirinizdә döyünәn ürәyin әn böyük arzusu nәdir?

 

– Şairin dә, vәtәndaşın da arzusu birdi, vәtәnin bütövlüyü, çiçәklәnmәsi. Azәrbaycan müstәqildi. Şuşa azad olunanda Ali Baş Komandan İlham Əliyev dedi ki, ata vәsiyyәtini yerinә yetirdim, bütün bunların hamısı şairin, bir xalqın çin olmuş arzularıdı.

 

– Bәs  şeirinizdә döyünәn ürәklә sinәnizdә döyünәn ürәyin arzuları üst- üstә düşürmü?

 

– Mәnim ürәyimin başına o qәdәr oyunlar açılıb ki... Sәmimi deyirәm, ürәk bu yaşacan çәtin, әzablı yollardan keçib. “Ürәk mәnimkidi, yaş mәnim deyil...” – şeirlәrimin birindә belә yazmışam. Ürәk olan yerdә hәyat var. Ürәkdәn o yana nәsә varmı ki? Ürәk olan yerdә nә yoxdu ki? Ürәklә verilәn salam da qiymәtlidi. Ürәklә bir әli sıxmaq da, ürәklә bir tanışın yanından keçmәk dә qiymәtlidi. Ürәk sәnsәn, bütövlükdә özünsәn. O qәdәr hallandırmaq olar ki ürәk sözünü. İsmin halı kimi әn azı altı halı var ürәyin. Şeirimdә döyünәn ürәklә sinәmdә döyünәn ürәk әkizdi. O üzdәn arzuların sәslәşmәmәsi mümkün deyil.

 

– Hәyatınızda baş verәn әn ağır vә ağrılı mәqamları belә özünәxas şәkildә mәnalandıra bilmisiniz. Ürәyә yatmayan kәdәri mәnalandırmaq, ya ürәyә yatmayan sevinci? Hansı şeirin әyninә oturur?

 

– Deyәsәn, İsa peyğәmbәrin sözüdü, deyir, iztirab keçirmәsәn, tәmizlәnә, paklana bilmәzsәn. Ona görә kәdәrdәn qorxmayın. Paklanmaq üçün mütlәq kәdәrin süzgәcindәn keçmәlisәn. Kәdәr dә ümidli, ümidsiz olur. Ümidsiz kәdәrә uymaq daha kәdәrlidi. Ümidsiz kәdәr insanın özünü dә yoxa çıxarır. Amma hәr bir halda kәdәrin heç yaxşısı da yoxdur... Mәn kәdәrin heç bir şәklini kimәsә arzulamıram. Mәn sәnә bunu kәdәrin bütün formalarını yaşamış adam kimi deyirәm.

 

– Nә yaşamısınızsa, şeirlәrinizә, poemalarınıza, әsәrlәrinizә hopub. Elәbir yaşanmışlar olubmu ki, onları, ümumiyyәtlә, qәlәmә vә dilә gәtirmәmisiniz?

 

– Tәbii, olmamış olmaz... Ötәnlәrdә poemalarıma baxıram. Gördüm, hәya- tımla bağı hәr şey var. Özümә dә qәribә gәldi. Mәn nә çox şey yaşamışam. Çәtin vәәzablı olsa da, nә yaxşı ki, yaşadıqlarımı qәlәmә almışam.

 

Bu yerdә Nәriman müәllim qeyri- ixtiyari bu misraları xatırlayır:

 

Bu dünyanın gözәl vaxtı

Poyluda qaldı,

Göy üzündәn ulduz axdı,

Poyluda qaldı.

Bir qız mәnә süzgün baxdı,

Poyluda qaldı.

Taleyimin dalısınca çıxdım Poyludan,

Beşiyimin görüşünә döndüm sonradan.

 

Oğul, yazdıqlarım mәnim tәsәllimdi, onlara baxdıqca anlayıram ki, ömrümü hәdәr yaşamamışam.

 

– Pompeyә, Atabәy hökmdarlarına, Nuru Paşaya, Nәrimanova, Sabirә şeir nәfәsinizlә poetik hәyat bәxş etmisiniz. Hәtta “Zümrüd quşu” poemasının timsalında böyük rus şairi Puşkinin Qafqaza sәfәrini qәlәmә almısınız. Daha hansı tarixi şәxsiyyәti qәlә- minizin köynәyindәn keçirmәk istәrdiniz?

 

– Gözәl sualdı. Yazmaq  istәdiyim şәxsiyyәtlәr çoxdu. Fikir ver, oğlum, İntibah dövründә ziyalılar üç yüz il zaman sәrf ediblәr, can qoyublar ki, Antik dövrü, Sokrat dövrünü, qәdim yunan mәdәniyyәtini dirçәltsinlәr, oyatsınlar, geri qaytarsınlar. Nә qәdәr qәribә sәslәnsә dә, Antik dövr bütün mә- dәniyyәtlәrin әn parlaq dövrüdü. Mәn bu faktı oxuyanda heyran qaldım. Didro, Volter, Russo yazıçıdan günümüzün aktual olan mövzularında – ictimai mövzularda, xalqın taleyindәn, azad- lığından, mübarizәsindәn yazmağı tәlәb edirdilәr.

Yazmağa gәlincә, sadaladığım fikir- lәrin davamı olaraq deyim ki, ürәyimdә Atropatla bağlı yazmaq istәyi var. O Atropat ki, Makedoniyalı İsgәndәrlә dostluq edib. İsgәndәrin әn böyük sәrkәrdәsi Perdikka Atropatın qızıyla evlәnib. Çox böyük şәxsiyyәtdi Atropat. Bir dәfә heykәltәraş dostlarımdan birinә ideya verdim ki, Atropatın Makedoniyalı İsgәndәrlә yanaşı, at belindә heykәllәrini yaratsın. Yazmaq istәdiyim Atropatdı. Yazmaq istәyirәm, açığı, әsәrin sonrakı taleyi – sәhnә taleyi dә qayğılandırır mәni. İndi aktyorlar da, rejissorlar da fәrqlidi. Yeri gәlmişkәn, bir zamamlar mәnim “Bütün şәrq bilsin” pyesimi sәhnәyә qoydular. Sonralar hәmin tamaşa Moskvada nümayiş etdirilәndә rәhmәtlik Heydәr Əliyev 100 nәfәrlik aktyor truppası göndәrdi. Teatr tarixindә yüz aktyorun iştirakı ilә hazırlanmış ikinci belә bir tamaşa, bәlkә dә, olmayıb. Açığı, indi mәni hәvәslәndirәn rejissor da yoxdu. Üstәlik, vaxtımı bölә bilmirәm. Hәm dәrs deyirәm, hәm dә belә müsahibәlәr, görüşlәr-filan, alınmır. Belә- belә, bir dә baxıram ki, gün keçib, aylar ötüb. Əsәrin bir fәslini yazmışam da, elә dә qalıb. Amma pyesin bütün detallarını hazırlamışam. Ümumiyyәtlә, hәlә Qorki adına Ədәbiyyat İnstitutunda oxuyan zamanlardan bu mövzu ilә mәşğulam, araşdırma aparıram. Yazmaq istәyim var, qismәt olsa, yazacam. Bilmirәm, bu mövzuda kim yazacaqsa, ona yaxşı mәnada paxıllığım tutur. O qәdәr tәdqiqat aparmışam ki... Bu әsәri mәn yazmalıydım bu günә kimi.

 

Söhbәtin bu yerindә Nәriman müәllim “Arrian” kitabını göstәrir.

 

Bax, qeydlәr dә aparmışam. Elә detallar, tarixi mәqamlar var ki, heç burda Atropatın adı yoxdu, Azәrbaycanın tarixi, taleyidi. Bizim elә bir şanlı tariximiz var ki, xalqlar ona pәrәstiş edә bilәr. O taylı-bu taylı Azәrbaycanın zәngin tarixi var.

 

– Hәlә gәncliyinizdә sizә doğma münasibәti ilә seçilәn böyük yazıçımız Mir Cәlal “Nәriman olduqca hәssas şairdi, o, bir qartalın uçuşunda, bir lalәnin duruşunda, bir körpәnin baxışında bütün kainatı, ictimai alәmi vә mәna dolu hәyatımızı görmәk istәyir” – demişdi. Yaşadınız, yazdınız, bәlli bir tale yolu keçdiniz. Hәr bu fikirlәri oxuyanda ağlıma belә bir sual gәlir, Nәriman müәllim böyük әdibin dediyi mәqamların hamısını görә yaşaya, yaza bildimi?

 

– Bunu hәr yerdә demişәm, Mir Cәlalın mәnim hәyatımda müstәsna rolu olub. Yazıçıların övladları üçün ev verirdilәr. Mir Cәlal müәllimin oğlu Arifә dә ev vermişdilәr. Mir Cәlal mәni Yazıçılar İttifaqının sәdri Mehdi Hüseynin yanına apardı. Dedi, gәlmişәm, istәyirәm, bu evi Nәrimana verәsәn. Mehdi Hüseyn dedi, gecdi, siyahı artıq göndәrilib. Onda Mir Cәlal müәllim bir cümlә işlәtdi, o söz hәlә dә yadımdadı, qayıtdı ki: “Mehdi, necә olur-olsun, bu ev Nәrimanın olmalıdı”. Mir Cәlalın hәyat yoldaşı Püstә xanım da tәkid elәdi ki, ev mәnә verilsin. Elә oldu ki, o evdә mәn yaşayası oldum. Bu gün dә o ev Arif müәllimin adınadı. Onun adından çıxarmamışam.

Mir Cәlal başqa neynәmәliydi, hәlә gәncliyimdә mәnim haqqımda yazdı. Bu kişi mәni sözün bütün mәnalarında yaşatdı. Əyyub Abbasovdan xahiş elәdi ki, iki çap nüsxәsi mәnim kitabımdan kәsib Nәrimana yer verin. O vaxt kitab çap elәtdirmәk hadisә idi. Qorki adına Ədәbiyyat İnstitutunu bitirib tәzәcә qayıtmışdım. Yazıçılar İttifaqının qarşısında görüşdük. Soruşdu ki, burda neynirsәn? Dedim, iş axtarıram, Mir Cәlal müәllim. Dedi, iş axtarma, adam axtar, oğul. Mәni apardı indiki Bakı Dövlәt Universitetinә. Rektor rәhmәtlik Şәfayәt Mehdiyev idi. Orda mәnә yarımştat bir yer elәdi. Mir Cәlal müәllim dedi, tәbrik edirәm, bir yarımştat işin var. Bәxtim açılmışdı sanki, bir müddәt sonra rәhmәtlik Heydәr Əliyev mәni “Ədәbiyyat vә incәsәnәt” qәzetinә baş redaktor tәyin elәdi. İki seçim arasında qalmışdım, bilmirdim universitetdә davam edim, ya “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlәyim. Pәnah Xәlilov qayıtdı ki, dәlisәn sәn, nә var qәzetdә? Dedi, sәni Mir Cәlal gәtirib bura. Heç kim sәni bura yaxın qoymazdı. Onda Mir Cәlal tәkid elәdi ki, get “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlә. Onun dediyi kimi dә elәdim. Ora gedәndәn sonra mәlum oldu ki, gözü bu vәzifәdә olan nә qәdәr adam varıymış. Baxmayaraq ki başıma orda oyunlar açıldı, 14 il orda çalışdım, qәzet 120 min tirajla çıxdı. Cәnubi Azәrbaycan üçün әski әlifba ilә, Türkiyә üçünsә latın qrafikası ilә xüsusi nömrәlәr hazırladıq. Mir Cәlal mәnim hәyatımda müstәsna rol oynayıb, öz yerindә, amma mәn Arif müәllimlә tanış olandan sonra taleyә inanmağa başladım. Müstәqillik qazanandan sonra rәhmәtlik Heydәr Əliyev mәni Mәtbuat vә İnformasiya naziri tәyin elәmişdi. Nazir kimi hәtta İrana sәfәr dә elәmişdim. Çәtin vaxtlar idi. Adım nazir idi, elә bir iş dә yox idi, nә mәni sayan var idi, nә dә dindirәn. Heydәr Əliyevә zәng elәmәyә dә utanırdım. Bilmirdim dәrdimi  necә  deyim.  O illәrdә Hafiz müәllim zәng elәdi ki, Arif müәllimә zәng elә. Danışdıq, getdi Aviasiya Akademiyasına, mәni yarımştat işә götürdü. Gün o gün, hәlә dә orda çalışıram. Arif müәllim tamam başqa tәbiәtli adamdı.

Oğul, ümumiyyәtlә, Mir Cәlal müәllim vә oğlu Arif müәllimin qayğısı, diqqәti ömrüm boyu mәni müşayiәt edib. Bu ailә mәnә tәk ürәklәrindә yox, talelәrindә, evlәrindә dә yer veriblәr. Ən әsası, hәyatda yer verib. Mir Cәlal müәllim hәm dә mәnim elmi rәhbәrim olub. Elmi işimin mövzusu “Azәrbaycan- Ukrayna elmi әlaqәlәri” idi. Mir Cәlal müәllimgildәydik, gecә saat bir, hamı yatıb. Mir Cәlal müәllim dedi, oxu görüm nә yazmısan. Püstә xanım da yanı- mızdaydı. Demәli, elmi işdә bir mәqam varıydı, İvan Frankonun bir qәzәlini tәhlil edirdim, paralel olaraq Molla Vәli Vida- dinin qәzәllәri ilә paralellәşdirirdim. Mir Cәlal müәllim Püstә xanıma qayıtdı ki, görürsәn, xam torpaqdı. Düz bir il sәkkiz aya müdafiә elәdim. Bu kişi mәnim üçün peyğәmbәr idi.

 

– Bildiyim qәdәriylә, 1997-ci ildәn Aviasiya Akademiyasında çalışırsınız. Hәr dәfә bu haqda düşünәndә gözlәrimin önündә xәyalı göylәrdә gәzәn şair vә göylәri tәyyarә qanadlarında fәth etmәyә hazırlaşan tәlәbәlәr canlanır... Bu xәyali sualın gerçәk cavabını soruşsam?..

 

– Çox poetik sual oldu, oğul... Əslindә, özü yerdә olan şairin xәyalının göydә olması sual doğurur vә mübahisә predmeti ola bilәr. Mәnә qalsa, şair xәyalı elә yerdә olsa, yaxşıdı. Şair xәyalı göydә yox, yerdә olmalıdı, cәmiyyәtin yanında, insanların arasında. Şair cәmiyyәtin әn qabaqcıl övladıdı. Mәn elә bilirәm ki, şair xәyalı heç vaxt göylәrdә olmayıb. Mәn inanmıram ki, Puşkinin xәyalı göylәrdә olsun. Allah rәhmәt elәsin, “Yenә göylәrdәdi şair xәyalın...”- deyәn Sәmәd Vurğunu yerdә yaxaladılar. Hüseyn Cavid “Yerә enmәm dә, sәma şairiyәm” deyәndә dә, mәncә, bildiyimiz xәyaldan danışmırdı. Cәmiyyәtin çirkablarından arınmaq istәdiyini nәzәrdә tuturdu.

Hәlә tәlәbәlәr şair xәyalıyla, tәlәblәriylә ayaqlaşmaqda bir az çәtinlik çәkirlәr. Sözsüz, gәlәcәkdә hansısa mәqamda, bәlkә dә, hәr şey dәyişәcәk. Belә demәk mümkünsә, tәlәbәlәrin dünyagörü şair xәyalına cavab verә bilmir. Gәnclik maraqlıdı, söz yox. Ancaq çalışmaq, tәdqiqat aparmaqda azacıq tәnbәllik edirlәr.

 

– Otağa girәn kimi divardan asılmış, Nazim Hikmәtin dә olduğu şәkil diqqәtimi çәkdi. O fotonun tarixçәsini bilirәm, әslindә, o haqda danışmaq istәmirәm. Şairin sevdiyim bir misrasını sual olaraq sizә ünvanlamaq istәyirәm. O misra belәdi: “Nәdәn sancılar әskik olmaz insan ürәyindәn?”

 

– Əgәr insansansa, ürәyindәn sancılar әskik olmaz. Sancılar ürәk sahibinin insanlığına dәlalәt edir. Deyirlәr, insanlar iki cür olur: bir döldәn doğulanlar var, bir dә ruhdan doğulanlar. Böyük әksәriyyәt döldәn doğulur, böyük şәxsiyyәtlәr isә ruhdan. Ruhsuz vә ürәksiz insan bitki kimi bir şeydi. Mәnim nәzәrimdә Sәmәd Vurğun da, Nazim Hikmәt dә ruhdan doğulanlardan idi. Onlar tәkcә dövrün deyil, hәm dәәsrin şairlәri idi. Nazim Hikmәtlә çox yaxın dostluğumuz olub. Onun dәfnindә belә iştirak etmişәm. Hәr yadıma düşәndә kәdәrlәnirәm ki, Nazimin dәfnindә oğlu iştirak etmәdi. Nazim Hikmәt dünya gözәli idi. Dünyanın әn gözәl dә ürәyinә sahib idi. Elә o gözәl ürәyi dә onu bu gözәl dünyadan ayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

BİR TİKƏ YAŞAM

 

Bir tikə yaşam üçün

Ölümün qucağında

Qan bəllələrin boy-boy udub

Və gecənin incə yerindən qopartdıq

Qalın-qalın haraylarımızı!

Və nisgil dolu istəklərimizi

Baş örtülərin ortasına buraxıb

Qorxmadan, qurşunların önündə

Saçlarımızı uzun-uzun havalandırdıq! 

Və yıxılıb, yıxılıb yenidən ayaqlandıq

Və illər boyu udqunduğumuz qışqırıqlar!..

Gec boğazlardan çıxdı! 

Haray-haray,

Mən burdayam

Sən burdasan

Biz burdayıq.

Gəlin,

Gəlin qızlar

Gəlin qızlar qorxmayaq!..

Və qan tər içində islanan gəncliyimizi

Azadlıq döngələrinə səpək,

Bəlkə hər gələn, gedəndən toz qoparmasın!..

Göyçək qızlar ağlamasın, ölməsin

Uzun-uzun saçları ipək yolunu tutmasın!..

Gəlin

Gəlin

Gəlin qızlar qorxmasın!..

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Onlar təkcə Oğuzda deyil, ətraf rayonların ziyalıları arasında da böyük hörmətə və nüfuza sahib olublar. Söhbət Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş görkəmli din xadimi və tanınmış ziyalılar Hacı Camal və onun oğlu Səfərəli əfəndidən gedir.

 

Səfərəli əfəndinin öz xətti ilə yazdığı tərcümeyi-haldan belə məlum olur ki, ulu babası Məhəmməd Quba mahalının kəndlərindən birində doğulub. Paşa Yaqub özünün “Torpağı şərəfləndirənlər” kitabında bu tərcümeyi hala istinadən yazır ki, “…Həmin dövrdə Hüseynəli xan (1726-1758) hakimiyyət başında imiş. Səfərəli əfəndinin yazdığına görə, Xan belə bir iyrənc qayda qoyubmuş ki, kimin toyu olurmuşsa, gəlin həmin gecəni xanla keçirməli, sonra ər evinə getməli imiş. Bu namussuzluğa qarşı çıxanların boynu vurulurmuş. Məhəmmmədgilin ailəsində olan beş uşaq həddi-buluğa çatsalar da, belə iyrənc adətə görə heç biri nə ərə getmir, nə də evlənmirdilər. Xalqı və ailələrini bu qeyrətsiz xanın bəd əməllərindən xilas etmək üçün Məhəmməd, qardaşı Mustafa ilə plan qurub, gecə saraya daxil olur və 1758-ci ildə Hüseynəli xanı qətlə yetirir. Bu hadisədən sonra Məhəmməd ailələrini də götürüb, dağlara çəkilir. Onlar gizli yollarla obalar, kəndlər keçərək Xaçmaz (Şəki qəzası) kəndinə gəlib çıxırlar və burada məskunlaşırlar. Burada ailə quran Məhəmmədin üç oğlu olur…”. 

Haqqında söhbət açmaq istədiyimiz Camal əfəndi Məhəmmədin üçüncü oğlu Hacı Səfərəlidən olan nəvəsi, Səfərəli əfəndi (babasının adını daşıyıb)  isə Hacı Camalın oğlu, Məhəmmədin kötücəsidir.

1870-ci ildə anadan olan Hacı Camal əfəndi ilk təhsilini atasından həmin kənddəki mədrəsəsində almışdır. Sonralar ali dini təhsil almaq üçün İstanbula və Qahirəyə getmişdir. O, mükəmməl dini təhsil almaqla yanaşı, tibb, fəlsəfə və təbiət elmləri haqqında da dərin biliyə malik olmuşdur. (Camal əfəndi qəzəl janrında şeirlər də yazırmış.) Təhsilini başa vurub qayıdandan sonra öz kəndində müəllimliklə məşğul olmuşdir. Camal əfəndi I və II sinflər üçün riyaziyyat dərslikləri yazmışdı. III və IV siniflər üçün dərsliklər üzərində də işləyirdi. Onun məktəbinə Azərbaycanın başqa bölgələrindən də oxumaq üçün gəlirdilər. Bu məktəbdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilirdi.

O, 1883-cü ildən kənddə açılmış dünyəvi məktəbin fəaliyyətinə hər vasitə ilə yardım edir, əhali arasında maarifi, təhsili, məktəbi fəal şəkildə təbliğ edirdi.  

Onun ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı S.Mümtazla dostluq və əməkdaşlıq əlaqəsinin olması da ehtimal olunur.

N.Hüseynli “Oğuzdur elim mənim” kitabında qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulanlardan biri – Abdulla Tahirzadə də bu məktəbi bitirmişdir. Mənbələrdə göstərilir ki, Abdullanın atası çox imkansız adam olub. Çıxış yolu yardım göstərmək idi. Ona görə də günorta namazından sonra Hacı Camal əfəndi süfrəyə qızıl pulla 100 manat atır və onun ardınca namazda olanlar imkanları daxilində kömək edirlər. Yığılan pul toplanır və A.Tahirzadə ali təhsil almaq üçün İstanbula göndərilir.

1898-ci ildə anadan olmuş Sərəfəli də atası Hacı Camalın mədrəsəsində oxuyub. O, təhsilini başa çatdırıb savadlı din xadimi olur, atası ilə xeyir-şər məclislərində iştirak edir. XX əsrin əvvəllərində baş verən hadisələr Səfərəlinin xaricdə ali dini təhsil almasına imkan verməsə də, o, atasından və onun zəngin kitabxanasından istifadə etməklə biliyini artırır. Tezliklə regionda savadlı və geniş dünyagörüşünə malik ziyalı və din xadimi kimi tanınır.

Lakin sovet hakimiyyəti qurulandan sonra Hacı Camalın ailəsi də təqiblərə məruz qalır. N.Hüseynli yazır ki, “Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra dinlə məşğul olan kəslər təqib edilirlər. Bu iş Camal əfəndidən də yan keçmir. Onun evi, var-dövləti talan edilir. Ev əşyaları hərraca qoyulur, evi və qoşqu heyvanları, torpağı, kənd təsərrüfatı avadanlıqları kənddəki “Çaparidze” adına kolxoza verilir”. Evi axtarılanda I və II sinflər üçün yazılmış dərslikləri və şeirlər kitabı yandırılaraq məhv edilir.

1931-ci ildə Camal əfəndi oğlu Səfərəli ilə birlikdə həbs olunub, Nuxa (Şəki) türməsinə göndərilir. Heç bir əsaslı səbəb tapmadıqları üçün üç aydan sonra Səfərəli, bir ildən sonra Camal əfəndi həbsdən azad olunurlar. Kənddəki kolxoza daxil olaraq işləyirlər.

Lakin 1937-ci ildə Hacı Camal əfəndi yenidən həbs edilir və birbaşa Bakı türməsinə göndərilir. İki aydan sonra - noyabr ayında 168 nəfər məhbusla birlikdə gecə vaxtı Nargin adasında güllələnir. Sonralar bəraət verilsə də, artıq gec idi.

Tanınmış din xadimi Səfərəli əfəndi 1943 - 1945-ci illərdə müharibədə iştirak etmiş, uzun və əzablı döyüş yolu keçmiş, 1945-ci ilin may ayının 5-də birinci qrup əlil kimi ailəsinə dönmüşdür. (Qeyd edək ki, onun kiçik oğlu da Qarabağ döyüşlərinin iştrakçısı olub, yaralanmışdır. Müharibə veteranıdır.)

Səfərəli əfəndi Azərbaycanın tanınmış alimləri ilə əməkdaşlıq edirdi. Regionun və ölkənin tanınmış din alimləri, tədqiqatçılar və şərqşünaslar tez-tez onun qonağı olar, özünün və atasından qalan zəngin kitabxanası ilə tanış olar, oradaki qədim əlyazmaları və kitabları öyrənərdilər. Məsələn, Azərbaycan Elmlər Akademiyasının tanınmış şərqşünas alimi Məhəmməd əfəndi dəfələrlə Xaçmaza gəlib Səfərəli əfəndinin qonağı olmuşdur. Ondan şərqşünaslığa aid bəzi kitabların tapılmasına köməklik etməyi xahiş etmişdir. Şahidlərin dediyinə görə. Əfəndi ona istədiyi bütün kitabları tapıb vermişdir.

Şərq dilləri bilicisi Əli Fəhmi də dəfələrlə Səfərəli əfəndi ilə görüşmüş və onunla keçmişdən qalan kitablar və əlyazmalar barədə söhbət etmişdir. O da əfəndinin evindəki kitablarla maraqlanmış və onlarla tanış olmuşdur.

1970-1975-ci illərdə Səfərəli əfəndi Dini Ali Şuranın nümayəndəsi Məhəmməd əfəndi tərəfindən dəfələrlə işləmək üçün Bakıya dəvət olunsa da, bu təklifi qəbul etməmişdir. Cavabında demişdi ki, “…bu, mənim üçün şərəfdir, lakin mən yaşadığım yerdəki adamları atıb, gedə bimərəm”. Əlavə təkliflər də onu fikrindən döndərə bilməmişdir.

Səfərəli əfəndi də atası Hacı Camal kimi maarifçilik ideyalarının fəal təbliğatçılarından idi. Dünyəvi elmərin öyrənilməsini vacib bilirdi. Söhbətlərində təhsilin əhəmiyyəti barədə Quran və hədislərdən nümunələr söyləyər, insanları elm və bilik kəsb etməyə səsləyərdi.

Müasirlərinin söylədiyinə görə, Səfərəli əfəndi həmişə imkansız insanlara əl tutarmış. Çox danışmağı sevməzmiş. Danışığının nə nəticə verəcəyini qabaqcadan düşənirdi. Kənd sakinləri onunla bağlı bir hadisəni yaxşı xatırlayırlar. N.Hüseynli yuxarıda adı çəkilən əsərində həmin hadisəni belə təsvir edir: “…Xaçmaz kəndində rəhbər işçilərdən olan Məmməd Mürsəlovun hüzr məclisi idi. Bu məclisə Vartaşen (indiki Oğuz) RPK-nin I katibi A.Qasımov da gəlmişdi. O, Səfərəli əfəndi haqqında yaxşı sözlər eşitmişdi, amma yaxından tanış deyildi. O, əfəndidən “Yasin” oxumasını xahiş etdi. Əfəndi Quranı oxuduqca o, diqqətlə fikir verirdi. Ayə qurtardıqdan sonra katib ona öz təşəkkürünü bildirdi. Dekabr ayı idi. Qarşıdan yeni il gəlirdi. Ona görə də katib əfəndiyə belə bir sualla müraciət etdi:

-         Əfəndi, yeni il nə üstə təhvil verilir?

     Əfəndi sakitcə cavab verdi:

-         Əmək və zəhmət üstündə.

     Bu cavab katibin çox xoşuna gəldi və razılığını bildirdi. Məclisə xitabən dedi ki, siz xoşbəxtsiniz ki, mollanız yox, aliminiz var. Sonralar katib rayon tədbirlərində onun sözünü misal gətirir, deyirdi ki, o mənə bir başa deyə bilərdi ki, il meymun üstündə təhvil verilir. Amma belə demədi. Mən ona dedim ki, təqvimdə belə söz yoxdur. O da dedi ki, meymun çox zəhmətkeş və əməksevər heyvandır. Bu, molla yox, alim, tədqiqatçı və təşkilatçı söhbətidir. Bizim belə şəxslərə ehtiyacımız çoxdur”.

Səfərəlı əfəndi ömrünün sonlarında öz şəxsi kitabxanasında olan bütün qədim əlyazma və kutabları toplayaraq Azərbaycan Elmlər Akademiyasının kitabxanasına bağışlamışdır.

O, 1978-ci ildə vəfat etmiş, Xaçmaz kəndində dəfn olunmuşdur.

Vəfatlarından uzun illər keçsə də, (87 və 46 il) Hacı Camal və oğlu Səfərəli əfəndi insanlar tərəfindən hələ də tez-tez xatırlanırlar. Nifrətəlayiq bir iş baş verəndə, onu kimin törətdiyini sübut etmək mümkün olmayanda indi də “Bu işi kim edibsə, ona Camal əfəndinin, Səfərəli əfəndinin oxuduqları Quran qənim olsun!” ifadəsi həm Xaçmaz kəndində, həm də bütün Oğuz rayonunda tez-tez işlədilir. Yəqin ki, hələ uzun zaman da işlədiləcək.

 

P.S. Çox təəssüf ki, onların şəkillərini heç çür əldə edə bilmədim.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

                                                                 

 

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göyüşün yazıçı Varisin yeni işıq üzü görmüş ”Qızıl cib saatı” romanı barədə qeydlərini təqdim edir.

                                                                                                           

 

       Görkəmli dram, triller və tarixi romanlar müəllifi yazıçı-publisist Varisin son romanı “Qızıl cib saatı” adlanır. Müəllifin özünün dediyi kimi iki ilə ərsəyə gəlmiş bu roman janrına görə tarixi romandır və 1893-cü ilən 1993-cü ilə qədər olan bir dövrü əhatə edir.

       Hesab edirəm ki, yazıçının tarixi mövzuya müraciət edərək növbəti bir sanballı və oxunaqlı roman yaratması təqdirəlayiqdir və bu fakt onun istedadından və  böyük potensialından xəbər verir.  “Qızıl cib saatı” romanı həm tarixilik, həm bədiilik, həm də faktoloji baxımdan janrın bütün tələblərinə yüksək səviyyədə cavab verir desəm, düşünürəm ki, səhv etmiş olmaram.

      Əminəm ki, ermənilərin vəhşi və qaniçən, riyakar simasını açmağa hesablanmış bu əsər  aparıcı dillərə tərcümə olunub yayılarsa, yüz illər bundan əvvəl dünyanın müxtəlf ölkələrində özlərinə məskən salaraq maskalnmış “məzlum”, “zavallı” obrazı yaradan ermənilərin maskasını  açmaqda  mühüm bir vasitəyə çevrilmiş olardı. Eyni zamanda hesab edirəm ki, əsər həm də gələcəkdə öz vətənimizdə türk-erməni, azərbaycanlı- erməni münasibətlərinin öyrənilməsi baxımından dəyərli bir vasitə olacaqdır və gələcək nəsillər tariximizin bu acı səhfələrini həm də faktlarla, məlumatlarla zəngin “Qızıl cib saatı” romanından öyrənəcəklər. 

     ...Torağayların nəğməsi il başlayıb, elə torağayların nəğməsi ilə də bitən romanın birinci hisəsi 1993-cü il martın 2-si dramtik hadisələrlə dolu olan tarixi hadisələrin başlanğıcı kimi təqdim olunur. Bu o vaxtdır ki, dağılmış SSRİ ittifaqının xarabalıqları üzərində öz müstəqilliyini yenicə bərpa etmiş ölkədə Dağlıq Qarabağ məsələsi ətrafında başlamış “... müharibə hər şeyin təhərini pozub”.

     Romanın birinci süjetində cərayan edən hadisələr və ya Əsli ananın başına gələn faciələr, Birinci Qarabağ Müharibəsində ərləri könüllü olaraq özünümüdafiə dəstəsinə qoşularaq döyüşlərdə şəhid olmuş gəlinlərin, atalarının qisasını almaq üçün cəbhəyə yollanmış oğul analarının ümumiləşdirilmiş obrazını bacarıqla və məharətlə yaradıb. Əsəri oxuyan hər kəsin gözləri önündə həmin hadisələr canlanır.

      Sərhəd bölgələrində, təmas xəttində ərazilərimizin hissə-hissə işğalı, soydaşlarımızın bir-birinin ardınca şəhid olması, Əslinin əri dülgər İsanı da evində gizlətdiyi silahı götürüb üç ay əvvəl təzə yaranan könüllü batalyonuna qoşulmasına vadar etmişdi. “Heç üç ay keçmədi də mərmi partlayışında həlak oldu. Camo gətirib yazığın beşaçılanını, gümüşü portsiqarını maşının üstünə qoyan gün”.

Əsas hadisələr isə bundan sonra başlayır: ”Samir 17 yaşının içindəydi İsanın ölüm xəbəri gələndə. Gözünün yaşı qurumamış dedi, heç o yan bu yan yoxdur. Mən də gedirəm vuruşmağa, atamın qanını almağa”. Lakin çox keçmir Əsli daha bir faciə ilə üzləşir, brcə balası –madarı Samir əsir düşür: ”Dili qurumuş Camodan xəbər gəldi ki, evimiz yıxılıb, Samir əsir düşüb. Saçını yoldu, üzünü cırdı, dizlərinə döydü, gecə-gündüz ağı deyib ağladı. Bilirdim elə, bu Qara Xoruz ili olan 1993-dən yaxşı heç nə gözləməyə dəyməzmiş”. 

       Artıq 37 gündür ki, Samir əsirlikdədir. Əslinin də “bircə arzusu var: oğlu qayıdıb gəlsin. Və bu arzunun şiddəti bənd-bərəni aşırıb irəli şığıyan sel qədərdir”... Camo and içib ki, düşmən tərəfdən əsir düşən kimi onu Samirlə dəyişdirəsidir... “

      Və bu yerlərdə mərdliyi, qorxmazlığı, iri vücudu ilə yerli əhali arasında Ayı Camo kimi tanınan özünümüdafiə batalyonunun komandiri Camo İmaməliyev dediyi kimi də etdi. Birinci götürdüyü əsiri Samirlə dəyişdirmək məqsədilə Əsliyə təhvil vermək üçün gəlmişdi Camo. Əslinin içinə ”Samirlə qovuşurmuş kimi bir sevinc dolmuşdu”.

      Lakin Əslinin iztirabları, əzablar və məşəqqətlərlə dolu günləri məhz erməni əsirinin onun evinə gətirilməsindən sonra başlayır. Əsirin qanını içməyə hazır olan, hətta bir neçə dəfə baltanı götürərək onu öldürməyə hazır olan Əsli, tədricən fikirlərindən daşınır.  Hadisələr elə cərəyan edir ki, Əsli erməni əsirinin timsalında oğlu Samiri təsəvvür edir. Xəstəhal olan, Samir kimi çəlimsiz arıq və sısqa bir uşaq təsəvvürü yaradan erməni əsirinə oğul kimi münasibət bəsləyir. Onun qayğısına qalır. Xəstə mədəsini dərmanla, hazırladığı yeməklərlə müalicə edir, paltarını yuyur, öz əlləri ilə övlad kimi çimizdirir. Həttə bütün risklərə, həyati təhlükəsinə baxmayaraq peşə etibarı ilə gənc və itedadlı musiqiçi-pianoçu olan əsiri gecə vaxtı kənd klubuna apararaq buradakı pianoda onun çox sevdiyi ”Gözəl dəyirmançı qızı” əsərini çalmağa şərait yaradır və bununla da onun mənəvi güc almasına, yaşamasına vəsilə olur. Əslində müharibənin ən gərgin bir dövründə, hər gün yüzlərcə şəhid qarşıladığımız bir zamanda evində əsir saxlayaraq onu qayğılarla əhatə etməsini qələmə almaq müəllifin böyük riskidir. Lakin o, bu riski nəzərə alaraqdan, humanizm prinsiplərinin təntənəsini ön plana çıxarır. Bununla da o, insanlığın bəşəriyyətin ən yüksək dəyərlərinin fövqündə dayandığnı və böyük ədəbiyyyatın əsas missiyasının bəşəri və yüksək insani dəyərlərə xidmət etdiyini dünya oxucusuna təqdim edir. Bütün məhrumiyyətlərə, təzyiqlərə, təhqirlərə, hücumlara, mənəvi gərginliklərə dözərək, oğlunun dəyişdirilməsini gözləyən Əsli, sonda əvəz almadan erməni əsirinin öz anasına təhvil verilməsini xahiş edir. Əsirə yemək gətirən əsgərə deyir: “Xala qurban, Camoya deynən, gəlib əsiri aparsın. Deynən, Əsli dedi, sən Mir Həmzə ağanın cəddi, onu birbaşa anasına qaytar”.

     Final isə son dərəcə kövrək notlarla yekunlaşır. Diqqət yetirin, nəfəs göynədən, ürək dağlayan sətirlərə. 

       Aradan beş il yarım vaxt  keçib: “Çiskinli payız günündə azərbaycanlı məcburi köçkünlərin Aran bölgəsində məskunlaşdıqları çadır şəhərciyinə UAİD adlanan beynəlxalq təşkilat  humanitar yardım paylayırdı... Əsli Nurullayeva  ona çatan payı... heydən düşmüş, odun kimi hissiyatsız ayaqlarını lilli-palçıqlı yolda arxasınca sürüyərək,  bir vaxtlar kənddə qonşusu olmuş Münəvvəri tapdı, öz payını ona verdi...1993-cü ilin 24 yanvar tarixində ermənilərə əsir düşmüş oğlu Samir Nurulllayeviin yerinin müəyyənləşdirilməsinə və azad edilməsinə yardım etmələri xahişi ilə ...yazdığı məktublara cavab gəlib-gəlmədiyini öyrənmək üçün komendantın otağına baş çəkməli idi... Dörd yaşlı uşağının əlindən tutaraq, qucağında da  südəmər körpəsi, komendantın otağından çıxan, olduqca gözəl gəlinlə də salamlaşıb (Samirin sevdiyi Nazilə idi.R.G,) ...içəri keçdi... Çıxıb adəti üzrə dəhlizin başına kimi gedərək üzərinə qırmızı boya  ilə “Şəhidlərimiz” sözü həkk olunmuş ağ rəngli taxta lövhənin qarşısında dayandı. Altına “İsa Nurullayev” yazılmış şəkilə baxıb bir müdət kirmişcə göz yaşları axıtdı. Pıçıldadı ki, ”Bağışla məni, ay İsa, məzarını yağıların əlində qoyub, canımı götürüb qaçıb gəldim.”

       1993-cü ilin yayında kəndləri işğal olunarkən sonadək vuruşub şəhid olan tanış simalara ürəyi dağlana-dağlana  göz gəzdirdi, hamısı üçün salavat çevirdi. Camo İmaməliyev..., Şadman Rzazadə..., Baxış Əliyev..., Azər Quliyev...,Tariyel..., Dursun..., Əvəz..., Muxtar,.. müxtəlif illərdə müxtəlif cür başlayan həyatlar eyni tarixdə, eyni cür bitirdi...

       Geri dönüb çıxmaq istəyəndə...qulağına tanış musiqi səsi gəldi. Küncə qouyulmuş kiçik ekranlı televizorda Rusiya kanalı ilə konsert nümayiş etdirilirdi. Pianonun dilləri üzərində hərəkət edən nazik, upuzun barmaqları dərhal tanıdı... Bu nə hiss idi, qibtəydimi, həsəd idimi, ürəyini yerindən ovdu, qopardı, çəkdi, apardı...”  

       Ekrandakı pianoçu Əslinin bir vaxt evində saxladığı, övlad kimi qayğısına qaldığı erməni əsiri idi.  Və bu sətirləri oxuduqca əsərdə hadisələrin inkişafına və bu inkişafda  müəllifin təxəyyülünə heyran qalmaya bilmirsən.

       Və müəllifin mətnə əlavəsi: 26 ildir ki, (Yazıçı romanı tamamlayanda hələ 44 günlük müharibə başlamamışdı və atəşkəs müqaviləsindən 26 il keçirdi. R.G) Qarabağ müharibəsi dayandırılsa belə, bu gün hələ də 3888 azərbaycanlının itkin düşdüyü, onların da böyük əksəriyyətinin erməni əsirliyində olduğu təxmin edilir... Onlardan sağ qalanlarının gec-tez azad olunacaqlarına inamlarının və inamlarımızın tükənməməsi arzusu ilə! Amin!”

        Bu əlavə ilə müəllif sanki özü də əsərin qəhrəmanlarından biri olan Samirin əsirlikdən qayıdacağına inanır və bununla da o, həm də oxucunu buna inandırmağa çalışır. 

       Əsərdə şərti olaraq birinci cüjet adlandırdığımız hissəsinə bütün təhkiyə boyu təsəvvüf düşüncəsi hadisələri müşayət edir. Ən çətin anlarında Əslinin xəyalında, gözləri qarşısında böyük təsəvvüf alimi, nəqşibənd şeyxi Seyid Mir Həmzə Nigarinin nurlu siması canlanır. Əsli onun tövsiyyələri ilə təskinlik tapır, onun nəsihətlərini dinləyir, onun məsləhətləri ilə hərəkət edir, onun varlığı ilə yaşayır. Mən əsərdə qırmızı xəttlə keçən müəllifin bu əlavəsini bir süjet xətti kimi də adlandırardım. Müəllifin əsərə bu əlavəni etməsi bəlkə də onun mənşəyindən, genetik yaddaşından təsəvvüf düşüncəsinə və ideyalarına rəğbətindən irəli gəlmişdir. 

       Romanın ikinci əsas süjeti xətti 1893-cü ildən Birinci Dünya müharibəsinin sonunadək olan dövrdə Osmanlıda və Azərbaycanda “erməni məsləsi” ilə əlaqədar cərəyan edən hadisələri əhatə edir. 

       Varis bu romanı ilə ermənilər tərəfindən yaradılmış saxta tarixin və erməniliyin riyakar simasının ifşasına yönəlmiş çox əhəmiyyətli bir əsər yaratmışdır. Romanın bir məziyyətini xüsusilə vurğulamq istərdim. Əsərdə baş verən hadisələrin üçüncü şəxs tərəfindən - milliyətcə erməni olan, “Daşnaksütun” partiyasının funksioneri, ermənilərin törətdikləri vəhşiliklərin iştirakçısı və şahidi, erməni uydurmalarını qələmə alan, jurnalist Aşot tərəfindən nəqli müəllifin diqqətəlayiq uğurudur və məhz bu priyomla o, bitərəf dünya oxucusunu yüz illik bir tarixdə erməni yalanlarına, riyakarlığına, vəhşiliyinə inandırmağa yönəlmişdir. 

      Uşaqlıqdan qəzetçi olmaq arzusu Aşotu “Daşnaksütun” partiyasının Konstantinopol bürosuna gətirib çıxarmışdı. Lakin veriliən ilk tapşırıqdan onun əsas vəzifəsinin erməni yalanları yazmadan ibarət olduğu məlum olmuşdu: “Bəzən tarixi həqiqətlər ümummilli mənafelər naminə təhrif olunmalı, qaraya ağ demək də məqbul sayılmalıdır. Sənin əsas borcun, unutma, həqiqət yox, “Daşnaksütun” partiyasının və erməni millətçiliyinin ideyalarına xidmət etməkdir”.

      Bununla belə “Daşnaksütun” partiyasının, onun qana susayan rəhbərlərinin tapşırığına uyğun olaraq Osmanlını, İranı, Tiflisi, Bakını dolaşan  və erməni yalanlarından, vəhşiliklərindən dəhşətə gələn qəzetçi Aşot nə qədər erməni də olsa,  bu vəhşilikləri  etiraf etmək məcburiyyətindədir.

       Dəyərli oxucularımız kimi mənim də, ermənilərin Osmanlıda, Azərbaycanda törətdikləri kütləvi qırğınlar, dəhşətli faciələr, qan donduran cinayətləri barədə, tarixi qaynaqlardan, səlnamələrindən, tarixi romanlardan müəyyən qədər məlumatlarım var idi. Erməni qaniçənlərinin 1918-ci ilin mart qırğınları zamanı Bakıda, Göyçayda, Qubada və digər  bölgələrimizdə törətdikləri soyqırımı barədə materialllar kifayət qədərdir. Bununla belə, Varisin  romanında Aşotun dilindən nəql olunan qəddarlığın miqyasını təsəvvür etmək belə ağılasığmazdır: “Bir mənzildə  Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verska (ən uzun mismar) uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi...Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları arasında qan gölməçəsi yaranmışdı... iki-üç milçək vızıltıyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi”. Romanda təsvir olunan bu dəhşətli səhnəlrin sayı onlarcadır və oxuduqca adamın damarlarda qanı donur, tükü ürpəşir, bu vəhşi millətə nifrət, qəzəb iç aləmini körük kimi kükrədir. Hər bir azərbaycanlının, hər bi türkün ibrət götürmək üçün, nəticə çıxarmaq üçün oxuması gərək olan bir əsərdir Varisin bu dəhşət saçan əsəri.

        Əsərin ikinci süjet xəttinin bütün mahiyyətini və mənasını açmaq üçün müəllif əlavə bir süjet xəttindən məharətlə istifadə etmişdir. Bu süjetin əsas qayesini türk yeniyetməsi, Aşotun uşaqlıq dost Suatın faciəsi təşkil edir. Əslində əsərin”Qızıl cib saat” adlanması da təsadüfi deyil və bəlkə də müəllifin qələmə aldığı əsər bu süjet üzərində  qurulmuşdur. Hadisələr XIX əsrin sonlarında Konsantinopolda cərəyan edir. Şəhərin əsasən ermənilər yaşayan məhəlləsində qonşu yaşayan üç ailənin-iki erməni və bir türk ailəsinin 3 yeniyetmə, 13-14 yaşlı övladları- ermənilər Aşot, Hamlet və türk Suat birgə böyüyür, mehriban və xoşbəxt günlər keçirirlər. Günlərin birində Aşotun valideynləri evdə olmayanda, dostlar Aşotgildə oynadıqları zaman olmazın hadisə baş verir. Yüz illik tarixi olan, çox dəyərli, üstü yazılı antikvar qızıl cib saatı yoxa çıxır...Şübhələr Hamletin üstündə cəmləşərkən, Hamlet vəziyyətdən çıxmaq üçün oğrunun Suat olduğunu anası vasitəsilə Aşotun valideynlərinə çatdırır. Bundan sonra Aşotun valideynləri Suatgilə gələrək haray-həşir salır, saatı Suatın oğurladığını onun atasına bildirir və saatı tələb edirlər, lakin Suat and-aman edir ki, saatı o götürməyib. Belə olan halda atası onu kəmərlə mökəm döyür, bədənini döyməkdən qançır edir, üstəlik evdən qovur və saatı gətirməyincə evə buraxmayacağını bildirir. Suat dostları Aşot və Hamletə nə qədər yalvarsa da, onun günahsız olduğu barədə atasına bildirməyi xahiş etsə də, bir nəticə hasil olmur və bütün bu haqqsızlıqlra, təhqirlərə, məşəqqətlərə dözə bilməyən, Suat çıxış yolunu intihar etməkdə görür, ayağına daş bağlayaraq özünü körpüdən dənizə atır. Qızıl cib saatının isə taleyi müəmmalı qalır...  Romanda Aşotun dili ilə nəql olunan bu ürəkdağlayan acı həyat hekayəsi oxucunu bütün əsər boyu gərgin vəziyyətdə saxlayır və saatın taleyini bilmək üçün əsəri tezliklə oxuyub başa çatdırmağa vadar edir...

        O gündən Aşotun ürəyini didib parçalayan bu olayla bağlı bir şübhə toxumu cücərməyə başlayır və o, yaşadığı bu hissləri bir cümlə ilə belə ifadə edir: “Hər bir türkə şübhə ilə yanaşmağa, məni yarı yolda qoyar düşüncəsinə görə məsafədə dayanmağa başladım”.

       

     Müəllif oxucunu intizarda qoyaraq Suat əhvalatının əsl mahiyyətini əsərin finalına saxayır. Oxucu nəfəs çəkmədən mətindən ayrılmır, əsərin finalını gözləyir. Və budur, nəhayət ki, oxucunun uzun və həyacanlı intizarının sonu. Konstantinopollu jurnalist Aşot həmin hadisəni belə nəql edir: “Bu səhər gəzintiyə çıxanda (həbsxana gəzintisi nəzərdə tutulur. R.G) qəfildən məftil arakəsmənin o üzündən- qonşu baraqdakı erməni məhbusların içində Hamleti gördüm. Əcaba yuxumu görürdüm. Səkkiz ili haqlayan ayrılıqdan sonra üz-üzə dayanıb... hər ikimiz hönkürdük. Göz yaşları içində bütün keçmişimizi, Konstantinopollu günlərimizi xatırladıq... Ayrılarkən Hamlet barmaqlarımızı konvoy zorla bir-birimizdən ayıran məqamda məni məndən alıb göylərə qaldıraraq ordan şiddətlə yerə çırpan sözləri söylədi. ”Həyatdır, bəlkə bir daha görüşmədik... O vaxt  saatı Suat yox, mən oğurlamışdım”.

     Onu çəkən konvoyun zorlu əlləriylə daş divarın o biri başına çatıncaya qədər hey təkrarladı: Suat yox, mən! Mən oğurlamışdım! Mən!

      Mənsə taqətimi saxlaya bilməyib dizi üstə yerə çökdüm...”

       Varisin bu əsəri tarixdən ibrət götürmək üçün çox dəyərli bir vasitə, erməni-türk, erməni- azərbaycanlı münasibətləri fonunda dünya erməniliyinin törətdiyi qanlı cinayətləri gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırmaq üçün bir ismarıc, bir çağırışdır. Hesab edirəm ki, əsər həm də ən ağrılı problemimiz olan “erməni məsələsi”nə həsr olunmuş  ən dəyərli əsərlər sırasındadır və O, bu əsəri ərsəyə gətirməklə müstəqillik dövr nəsrimizə çox dəyərli  bir töhfə vermiş, əsl vətəndaşlıq mövqeyi, milli təəssübkeşlik nümunəsi  nümayış etdirmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

                                                                                                             

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.