Super User
Biri Kubadan, digəri Yakutiyadan
Ölkəmizin iki mədəniyyət xadimi bu arada beynəlxalq uğura imza atıb. Zərifə Salahova və Sahib Paşazadə. Təfsilatını təqdim edirik.
İyunun 29-da Miniatür Kitab Muzeyində Kuba Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordeni ilə təltif edilmə mərasimi keçirilib. Və bu tədbirdə xüsusi qonaq qismində Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının vitse-prezidenti, Ana Mariya Maçato, Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri, Yolanda Ferrer Qomes, Xalq Hakimiyyəti Milli Assambleyasının sədr köməkçisi Zayilin Qaulyak Moraqiyes, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan Dillər Universitetinin təmsilçiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
(Qapaq şəklinə baxın)
Tədbiri giriş sözü ilə açan Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova qonaqlara muzey haqqında geniş məlumat verib. O bildirib ki, 2002-ci il aprel ayının 23-də əsasını qoyduğu Miniatür Kitab Muzeyində 20 il ərzində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8887 miniatür kitab 39 şüşələnmiş vitrində saxlanılır. Qeyd edib ki, muzey fəaliyyətə başladığı dövrdən 70 min 648 ziyarətçi qəbul edib.
“Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. Muzeyin digər filialı Gəncənin Heydər Əliyev adına baş meydanında yerləşir. Burada da 1120 kitab sərgilənir. Hazırda “Şuşa İli” çərçivəsində Şuşa üçün 847 kitab hazırlanır”, - deyə Zərifə Salahova qeyd edib.
Muzeydə sərgilənən kitabların əksər hissəsinin 1988-ci ildən nəşr olunduğunu deyən muzeyin rəhbəri vurğulayıb ki, təsisçisi və rəhbəri olduğu, dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi tərəfindən “Şuşa Bəyannaməsi” miniatür kitabı və İkinci Qarabağ müharibəsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətlərinin əks olunduğu miniatür kitablar da yer alır.
Qonaqları “Kuba guşəsi” ilə tanış edən Z.Salahova onlara şəxsi təşəbbüsü ilə nəşr olunmuş “Carta de Despedida del Che Guevara a Fidel Castro”, “Los zapaticos de rosa”, “Fidel Castro Ruz - Líder eminente del pueblo cubano” miniatür kitablarının yaranma tarixi barədə məlumat verib.
Tədbirdə Kubanın ölkəmizdəki səfiri Zərifə Salahovaya ölkəsinə göstərdiyi dost münasibətə görə təşəkkür edərək, bunun Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində Bakıya səfər edən kubalı qonaqların ilk qatıldığı tədbir olduğunu vurğulayıb.
Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının vitse-prezidenti, Ana Mariya Maçato, Zərifə Salahovaya “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordenini təqdim edib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Sonda qonaqlar Muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıblar.
Qeyd edək ki, 2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnesin rekordlar kitabı”na daxil edilib.
Yakutiyada isə “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında festival keçirilib. UNESCO-nun Qeyri-maddi və Mənəvi İrs Siyahısına aid olan xalqların mədəniyyətləri və mədəni hadisələri bu festivalda nümayiş etdirilib. Festivala 14 ölkə (Azərbaycan, Böyük Britaniya, Hindistan, Çin, Türkiyə, Koreya, Monqolustan, Ermənistan və s) və Rusiyanın 11 regionu qatılıb. Festivalda Azərbaycanı tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə təmsil edib.
Sahib Paşazadənin orada Gənc Tamaşaçılar Teatrında Yakutiyanın Arko-Artiko Kamera orkestrı ilə birlikdə solo konserti baş tutub. Eyni zamanda, Beynəlxalq Elmi Simpoziumda Sahib Paşazadənin “Tar və onun inkişaf yolları haqqında” geniş məruzəsi də dinlənilib.
Simpoziumdan öncə isə mükafatlandırma mərasimi olub. Gələn qonaqlar arasında sadəcə 4 nəfər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında virtuoz tarzən Sahib Paşazadə var. (İç şəkıə baxın)
Medalla təltif olunan günün axşamı həmyerlimizin Yakutiyada “Oxuyan tar” adlı solo konserti keçirilib. İki gün öncə isə Yakutiyanın “Verxnevilluysk’” kəndində onların məşhur bayramı sayılan “ISIAX”la əlaqədar olan festivalın açılışında çıxış edən həmyerlimiz orada Azərbaycanı çox yüksək səviyyədə təmsil edərək 1 qızıl medal və 3 böyük sertifikat və diplomla təltif edilib.
Bəli, həmyerlilərimizin hər bir uğuruna ürəkdən sevinirik.
Bu gün Dövlət Mahnı və Rəqs Ansamblı Filarmoniyada konsert verəcək
Bu gün - iyunun 30-da M. Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olacaq.
Konsertdə Fikrət Əmirov adına Əməkdar kollektiv və sözügedən ansamblın üzvləri xalq və bəstəkar mahnıları səsləndirəcək, milli rəqs nömrələrimizi təqdim edəcəklər. Musiqili gecənin bədii rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayev olacaq.
Qeyd edək ki, biletləri filarmoniyanın kassalarından, eləcə də onlayn əldə etmək olar.
Ölkəmizdə ilk dəfə Milli Qurama Festivalı keçiriləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Milli Qurama Festivalı keçiriləcək.
Qoruq idarəsindən veriıən məlumata görə, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.
Tədbirdə, həmçinin qurama ilə bağlı şeir və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.
Festival iyulun 7-dən avqustun 7-dək Bakının bir neçə məkanında gerçəkləşəcək.
İspaniyanın nüfuzlu kinofestivalında nominasiyaların sayı artırılıb
2023-cü ildə İspaniyanın Sevilya şəhərində keçiriləcək “Qoya” kino mükafatlarının 37-ci buraxılışı kateqoriyalar üzrə 4 nominasiya deyil, bu dəfə 5 nominasiya üzrə olacaq.
İspaniya mətbuatı xəbər verir ki, bu barədə İspaniya Kino Akademiyasının prezidenti Fernando Mendes-Leite bildirib.
Onun sözlərinə görə, nominasiyaların artırılması budəfəki buraxılışın daha böyük olmasına səbəb olacaq ki, bu da qırmızı xalı üzərindən addımlayan aktyorların sayına təsir edəcək.
Akademiya prezidentinin sözlərinə zarafatla yanaşan şəhər meri Antonio Munyos “tədbiri keçirmək üçün Konqres Sarayını genişləndirmək lazım olacaq”, - deyə cavab verib.
İƏT-in sessiya iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Azərbaycanda olan İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, İƏT nümayəndələri müasir standartlara cavab verən, turizm əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanında olublar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən onlara məlumat verilib ki, qısa müddətdə inşa edilən beynəlxalq hava limanı Füzulinin, eləcə də regional turizmin və bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynayacaq.
Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti işğal nəticəsində dağıdılmış mədəniyyət abidələri, məscidlər və digər mədəni irs obyektlərinə baxış keçirəcəklər.
Onlar, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edərək qədim tikililər və buradakı İslam irsi abidələrini ziyarət edəcəklər, şəhərin turizm potensialı ilə yaxından tanış olacaqlar.
Xatırladaq ki, iyunun 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.
“Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.
Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.
Nazirlik əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları üçün 28-29 iyun 2022-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.
Həmçinin təlim zamanı iştirakçılara motivasiyanın əhəmiyyəti, müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları, münaqişə situasiyaları və onların yaranma səbəbləri, münaqişələrin həlli yolları, iş yerlərində stresin idarə olunması və s. məsələlər də izah edilib.
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze Bakıda mühazirə keçirib
Azərbaycan-Gürcüstan əlaqələri çox qədim tarixi köklərə malikdir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Möhkəm tarixi zəmin üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri bu gün hər iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində uğurla inkişaf edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, tanınmış antropoloq və arxeoloq, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş David Lordkipanidzenin Azərbaycana səfəri baş tutub.
27-30 iyun tarixlərini əhatə edən səfər çərçivəsində David Lordkipanidzenin Azərbaycan Milli İncəsənət Muzeyində "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub. Mühazirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, həmçinin arxeoloqlar, tarixçilər və sahə üzrə mütəxəssislər iştirak edib. Mövzü barədə geniş təqdimatla çıxış edən D. Lordkipanidze antropologiya və arxeoloqiya sahəsində aparılan tədqiqatlar və yeniliklər barədə bir sıra məqamlara toxunmuş və yeni açılan Bolnisi Muzeyi haqqında ətraflı məlumat verib. Mühazirə iştirakçıların suallarının cavablandırılması və bir sıra məsələlərin müzakirələri ilə davam edib.
“Cannes Lions 2022” beynəlxalq festivalı tarixə qovuşdu
Sual- cavab rubrikasında “Ədəbiyyat və incəsənət” portalı oxucu L.Əşrəfovanın xahişi ilə builki “Cannes Lions” (Kann şirləri) beynəlxalq yaradıcılıq festivalı barədə bilgi verir.
Cari ilin 20– 24 iyun tarixlərində Fransanın Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı növbəti dəfə baş tutub. Festivalda “Young Lions Azerbaijan 2022” müsabiqəsinin Azərbaycan üzrə qalibləri, təşkilatçılar, o cümlədən rəsmi nümayəndələr iştirak ediblər.
Bu mötəbər festivalda “Meta”, “Twitter”, “Spotify”, “Warner Bros”, “Pinterest”, “Amazon” kimi qlobal brendlər təmsil olunurdular. Tədbir ərzində dünyanın müxtəlif ölkələrindən olan peşəkarların, yaradıcı sənaye nümayəndələrinin, o cümlədən Peris Hilton, Rayn Reynolds, Patrik Stüart kimi məşhur şəxslərin çıxışları, panel sessiyaları baş tutubdur.
Nəzərinizə çatdırırıq ki, müsabiqənin Azərbaycan üzrə yerli mərhələsində qalib olmuş 4 nəfər iştirakçı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak etmişdir.
Əlbəttə ki, belə möhtəşəm bir atmosferdə olmaq azərbaycanlı gənclər üçün yardıcılıq baxımından çox əhəmiyyətli olacaq. Çünki “Cannes Lions” dünyanın reklam-dizayn sahəsində ən nüfuzlu festivalı hesab olunur.
Diqqət! Mədəniyyət Nazirliyi yeni müsabiqə elan edir
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir. Müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən müsabiqənin qəbul şərtlərini təqdim edir:
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər.
İştirakçının yaş məhdudiyyəti yoxdur.
Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)
Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır.
Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.
Tələb olunan sənədlər:
Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)
Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.
Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az / www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.
Əlavə məlumat üçün:
Telefon: (012) 498-18-26;
Həftənin iş günləri saat 10:00-17:00-dək;
E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Muğam Mərkəzində Braziliya rüzgarı əsdi
Xəbər verildiyi kimi, bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Memorandum çərçivəsində BMM-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçirilib.
Konsert proqramını izləyənlər sırasında incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri və Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova da var idi.
Konsertdən əvvəl Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro “Choronas” qrupu haqqında tamaşaçılara məlumat verib. Bildirib ki, Braziliyanın çoxsaylı dostları ilə Beynəlxalq Muğam Mərkəzində olmaq bizim üçün əsl zövqdür: “Bu axşam qrupun unikal musiqiçilərini təqdim etməkdən qürur duyuram. Braziliyanın musiqisini bilən hər kəs bu gecədən həzz alacaq. Azərbaycanda muğam, Argentinada tanqo, ABŞ-da caz, Braziliyada isə şoro musiqisi milli kimliyin mərkəzində durur. Şoro janrının mənşəyi Braziliyanın ənənələrində özünü tapır. Bugünkü musiqi axşamı Braziliyanın müstəqilliyinin 20 illiyinə həsr olunur və qrupun Şərqi Avropada ilk çıxışıdır”.
Proqramda “Tiko tiko no fubu”, “Dono da bola”, “Delicado”, “Eu quero e sossego”, “Choro de domingo” və digər mahnılar ifa olunub. “Carinhoso” və “Edgar foi a feira” mahnıları azərbaycanlı tarzən İsmayıl Zülfüqarovun ifasında sintez olaraq təqdim edilib.
Ümumilikdə gecədə 18 instrumental musiqi səsləndirilib. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Choronas” qrupu ilk dəfədir Bakıda çıxış edir.
1994-cü ildə San-Paulo musiqiçiləri tərəfindən yaradılan ansambl dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib. “Choronas”ın repertuarında Braziliya populyar musiqisinin klassik örnəkləri və müasir bəstəkarların əsərləri yer alır.


