Super User

Super User

Bazar ertəsi, 20 Fevral 2023 18:00

Şalyapinin 150 illiyinə Bakı konserti

Bakıdakı Rus Evi müxtəlif mədəniyyət tədbirlərini sıralayır və növbəti tədbir məşhur opera və kamera müğənnisi Fyodor Şalyapinin anadan olmasının 150 illiyinə həsr edilmişdi.

 

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilən bayram tədbirinin qonaqları arasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı Rauf Əliyev, bir sıra ölkələrin diplomatik korpusunun nümayəndələri, yaradıcı ziyalıların, biznes dairələrinin, mədəniyyət təşkilatlarının, həmvətənlər cəmiyyətlərinin təmsilçiləri vardı.

Bakı Musiqi Akademiyasının (BMA) böyük müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən təşkil edilmiş konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, həmçinin BMA-nın tələbələri Emin İsmayılov, Aqşin Xudaverdiyev, Atif Qarabaqi iştirak edirdi .

Rus opera müğənnisi Fyodor Şalyapin dünyanın ən nüfuzlu teatrlarının – Böyük Teatr, Mariya Teatrı, Metropoliten-opera kimi sənət məbədlərinin səhnələrində çıxış edirdi. İfaçılıqla yanaşı, rəssamlıq və heykəltaraşlıqla da məşğul olan Fyodor Şalyapin bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları idi. Maksim Qorki onu “rus incəsənətində ayrıca bir dövr” adlandırmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Almaniyanın paytaxtı Berlin şəhərində ənənəvi Berlin kinofestivalı açılıb. Ötən gün Amerika rejissorları Şon Penn və Aaron Kaufmanın “Supergüc” sənədli filminin premyerası olub və festivalı bəzəyən bu filmin əsas özəlliyi – onun Ukrayna müharibəsinə həsr edilməsi sayılır.

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, layihə müəllifləri öncə Ukrayna prezidentinin həyat hekayəsini çəkməyi düşünüblər -  Aktyorluq karyerasından sonra prezidentliyə yüksələn Zelenski barədə hardasa sənədli bir film ərsəyə gəlməli imiş. Amma rusların başladığı işğalçı müharibə planları dəyişib. Bu dəfə müharibə mövzulu bir film ərsəyə gətirilib. Müharibənin işğalçı siması, qırılan talelər, güllələnən uşaqlar – kadrlar dəyişdikcə tamaşaçılar ayaq üstündə filmi alqışlayıblar.

Belin kinofestivalının başqa bir gözlənilən premyerası kanadalı rejissor Mat Consonun “Blekberri” filmi olub. Film 2000-ci illərin simvolu olan, böyük yüksəliş yaşayan, sonra isə tənəzzül edən məşhur “Blekberri” telefon istehsalı şirkətindən bəhs edir.

Daha gur avasiyalar isə yerli – alman rejissoru Emili Atefə qismət olub. Onun ilk dəfə nümayiş etdirilən  “Bir dəfə biz bir-birimizə hər şeyi danışaçağıq” filmi hədsiz maraq doğurub. Film Berlin divarları uçurulan məqamda bir qızın həyatını dəyişən bir görüş barədədir.

Festival haqda digər diqqətçəkən məqamlar barədə də sizləri məlumatlandıracağıq.

 

Şəkillərdə: Amerika rejissorları Şon Penn və Aaron Kaufman “Supergüc” sənədli filminin premyerası öncəsi; “Bir dəfə biz bir-birimizə hər şeyi danışaçağıq” filmindən kadr.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Günün fotosu: Xanım Ursula Rusiyaya qarşı daha sərt olmağa çağırıb

 

Avropa İttifaqı Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək səylərini ikiqat artırmağa çağırır. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Münhen Təhlükəsizlik Konfransında belə bir açıqlama ilə çıxış edib. O, xüsusilə Ukrayna ordusunun təchizat problemlərini həll etmək üçün hərbi istehsalın əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif eləyib.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Bazar ertəsi, 20 Fevral 2023 16:00

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Qafqaz TV, El TV və Kanal S televiziyalarında yayımlanan "Çöldə Yaşam Öyüdləri" verilişinin yeni bölümü çəkilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əsrarəngiz Quba təbiətində çəkilən proqramın qonağı tanınmış türkoloq, şair və publisist Əkbər Qoşalı olub. Layihənin  rəhbəri Eltən Törəçi qonaqla ağappaq qarın üstündə, ocaq başında gözəl bir söhbət aparıb. 

İzləməyə dəyər. 

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Bazar ertəsi, 20 Fevral 2023 15:00

Poylu qəsəbəsində Nəriman Həsənzadə sevgisi

Xəbər verdiyimiz kimi, şənbə günü Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə Nəriman Həsənzadənin  doğulub böyüdüyü Qazax - Akstafa bölgəsinin Poylu qəsəbəsinin şagirdləri özünəməxsus bir fləşmob təşkil ediblər. Onlar əllərində şairin “Poylu beşiyim mənim” şeirlər kitabını, habelə Salatın Əhmədovanın Nəriman Həsınzadəyə həsr etdiyi “Poylu beşiyindən məktub” adlı kitabı nümayiş etdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Yanvar ayında Azərbaycandan 2 milyon 246,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 397,7 milyon ABŞ dolları olub.

 

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin eyni ayında ölkədən 3 milyon 505,5 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 2 milyard 31,4 milyon dollar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

“Ədəbiyyat və incəsənət” portalı gənc imza Şəfa Vəlinin “Biz kimik?” essesini oxucularına təqdim edir. 

 

İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri... Və bizi - insanları çeşidləyən də məhz belə əbədi suallardır. Cavabını bilmirəm, amma əminəm ki, ilk düşüncənin içində də "mən kiməm?" sualı cilvələnirdi. 

Xətrinizə dəyməsin "çeşidlənən insanlar" deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də "dövr" adlı dolabın güzgülü dolablarında "səliqəylə" düzülür. Pərakəndə düşüncələri yalnız dövrün qapısının eşiyində görə bilərsiniz. "Biz kimik?" sualı o pərakəndə düşüncələrin xammalıdır... 

Mağaradakı ulu babam özü haqqında nə fikirləşirdi, kolxozun tütün sahəsində toxa döyən nənəm əl-üzünü yuduğu çaydakı əksində kimi görürdü, bilmirəm. Amma mən hər yeni gündə yeni bir "mən"lə tanış oluram. 

Bir gün meşədəki itburnu çiçəyinin ətrinə valeh olan, sabahısı gül dükanından üstünə ətir səpilmiş gül almaq üçün növbəyə durandır içimdəki "mən". Mikroavtobusdakı kəndli  xalanın üstündən gələn qoxuya ürəyi bulanan, supermarketdə "Təbii qatıq" yazılı plastik qutunu işığa tutub "içindəkilər" bölməsini diqqətlə oxuyan "mən"dən çəkdiyim də az deyil... 

Dəri ayaqqabımın ucuyla işıldaböcək öldürən, sosial şəbəkədə "təbiəti qoruyaq" haştağı paylaşan dövrün insanıyam mən. Özümü tanımaqçün, sadəcə, özümlə keçirəcəyim zamana ehtiyacım var, bilirəm. Amma son model telefonuma gələn mesajın səsi ən içəri otaqdan da eşidilir. 

Bilsə də, "bilirəm" deməyə ar edən insanları oxuyuruq kitablarda; "çox oxuyaq, çox bilək" şüarıyla "bilmirəm" deməyə ar edirik. Bilmədiyimizdən ağızdolusu, şövqlə danışmağımız bundandır. Düşüncələrimizi də belə cilalayırıq... Amma bu cila almaz cilası deyil, uzağı, su sızdıran bir divarın müvəqqəti cilalanmasıdır.  Axar suyun qabağında dağ dayanmaz... Demişkən, Norveçdə dağların altından su sızır, yaxın 15 ildə 80 metrlik sunami yaranacağı ehtimalı var. 

Əşşi, bizə nə ey, Norveçdən? Qlobal istiləşmə bizə qalıb?! Son statusumu bəyənməyən dayım qızı özünə təzə don alıb. Görəsən, qiyməti neçəyədir? O günü də qonşumuz qəşəng iki torba dolusu bazarlıqla gəldi evinə. Yəqin, anasının təqaüd kartını alıb əlindən... 

 

İndi özünüz deyin, bu qədər düşüncənin içində, "mən kiməm?" sualına cavab axtarmağa vaxt qalır?  Yox! Stefan Zweig "Dünyaya açılan qapı: kitab" əsərində texnologiyanın heç vaxt kitaba qalib gəlmədiyini yazıb. Mən onun bu əsərini "səsli kitab" kimi internetdən dinləmişəm... 

 

“Təzadların uşaqlarıyıq biz..." Təsəllimizə bax... 

 

“İnsanıq biz..." Bəhanəmizə bax... 

 

"Səhv etmək hamının haqqıdır..." - deyirdi bir Hollivud filminin qəhrəmanı... Bəraətimizə bax...

 

"Oxumaqdan başları xarab olanların" şəkilləndirdiyi dünyada, elə onların yarımçıq ömürlərindən qalan heykəllərinin önündə özçəkim edirik. Öz çəkdiyimizi də nadirən bəyənirik. Özgüvənimiz hamam otağında pop musiqisi oxumaq qədərdir çox vaxt. 

“Mən kiməm?" sualını özümüzə verdikdə cavabsız qalmırıq, yox... Amma verdiyimiz cavabların heç birindən əmin deyilik... Hətta, adımızı söylədiyimizdə belə bir anlıq tərəddüdümüzün səbəbi var: biz özümüzü tanımırıq. 

Başqasıyla getdiyimiz bahalı restoranda bir həftəlik qazancımızı bir başqasının cibinə ötürürük yarım saatda... Qonşumuzun xoşuna gəlsin deyə onun sevdiyi rəngdə gödəkçə alırıq. Çəkmələrimiz addımlarımızın rahatlığına yox, hər 50 ildən bir eyni şeyi "yeni dəb" kimi sırıyanların bank hesablarına "xidmət edir". Xidmət demişkən, evimizə, maşınımıza, evdəki əşyalarımıza həsr edirik ömrümüzü; halbuki bütün bunlar insanlara xidmət etməsi üçün yaradılıb. 

Bir öynəlik yeməyin pulunu bir həftəyə qazanan adamı yaxşı tanısaq, bir daha addımımızı o bahalı restorana atmarıq... Gördünüz? Tanımırıq özümüzü... Heç tanımırıq... 

“Mən kiməm?" sualındakı "mən"i tanısaq, onunla dost olsaq, onun qayğısına qalsaq, sonrakı etapda "biz" anlamını qavraya bilərik. "Biz" uğrunda edilən hər fədakarlıq sonunda sağlam cəmiyyətə, keyfiyyətli həyata aparıb çıxarır...

Həm növlərimizin (ki, təbiətdə biz də canlı növüyük) əlini "biz"dən çoxdan çəkdiyi, "mən"i yanlış anladığı bir dövrdə "biz kimik?" sualına cavab axtarmaq cəsarətdirmi? Cəsarətliləri qorxaqların fəndi yenir həmişə... Aydınlıqdırmı? Pərdələri aynaları qapatmaq üçün icad ediblər zülməti sevənlər... Və də yaman bahadır pərdələr... Bahalı və məcburidir, üstəlik... 

Demişkən, iş otağımdakı pərdəni yeniləsəm, barı... Yeni pərdədən əvvəl,  pəncərəyə təzə çərçivə saldırım, bəlkə? O taxta qapı son model pəncərə çərçivəsinə uyuşacaqmı? 

 

...Bu da mənə "Didro effekti"...

 

...İndi özünüz deyin, bu qədər düşündüm, bu qədər anlatmağa cəhd etdim, kim olduğumu anladınızmı? 

Bilirəm cavabınızı. Böyük hərflərlə özü də: "YOX!" 

Nolar, bizdən də keçər, qoy bir az da bizdən sonrakılar düşünsün: "Biz kimik?"

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

2022-ci il dekabrın 31-nə ölkənin strateji valyuta ehtiyatları 35 aylıq mal və xidmət idxalına kifayət edib (2022-ci ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). 

 

Mərkəzi Bankın məlumatına görə, strateji ehtiyatlar ÜDM-in 74 faizinə bərabər olmaqla manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib (2023-cü il yanvarın 1-nə olan M2 pul aqreqatı götürülməklə).

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Ölkəmizdə hər hansı film festivalının keçirilməsi əlbəttə ki, çox şərəflidir. Bu il dördüncü dəfə keçiriləcək Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən filmlərin qəbulunu açıq elan edib. 

 

Festivala sənədli filmlər “FilmFreeway” ( https://filmfreeway.com/Sevilfilmfest) platforması vasitəsilə qəbul edilir.

Aşağıdakı tələblərdən ən azı birinə cavab verən filmlər “Sevilfest 2023”də iştirak etmək üçün qəbul edilir:

- Qadın rejissorların müəlliflik etdiyi və ya birgə rejissorluq etdiyi müstəqil filmlər,

- Filmin baş qəhrəmanı qadındır,

- Filmin məzmunu qadınlar və onların həyatına təsir edən məsələlərdən ibarətdir,

- Filmdə qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər münasib mövzular hər hansı şəkildə vurğulanır.

Əlilliyi olan və hər bir yaş kateqoriyasından olan insanlar müsabiqəyə müraciət edə bilərlər.

Göndərilən filmlər seçki komissiyası tərəfindən dəyərləndiriləcək və seçilən filmlər müxtəlif nominasiyalar üzrə müsabiqə proqramında iştirak edəcək.

Bu il festivalda “tamaşaçı mükafatı” da yer alır. Bu mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçiləcək. 

Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlıq nəticəsində festivalın ötən ilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb.

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.