
Super User
Ramiz Qusarçaylı: “Ədəbiyyatımızda istedadsızların diktaturası istedadlıların demokratiyasını məhv etməyə yön alıb”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu dəfə sizi Qubada yaşayıb-yaradan vətənpərvər şair, dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin müəllifi Ramiz Qusarçaylı ilə görüşdürür.
- Salam Ramiz müəllim. Qubadan Bakı ədəbi mühiti necə görünür?
-Salam. Şeir də daxil olmaqla ədəbiyyatı, ümumiyyətlə ədəbi həyatı səməni kimi saf, sünbül kimi dolu sevirəm. Çox yaxın zamanlaradək xalqımızın yaraları şeirlə sarınırdı, qanı şeirlə silinirdi, şeir hardasa məlhəm rolunu oynayırdı. Hazırda isə... Müasir dünyanın elm və tərəqqi sahəsindəki ardıcıl yenilikləri, siyasi arenadakı bir-birini əvəz edən hərbi və diplomatik gedişlər ədəbiyyatı çox rahat şəkildə üstələyə bildi. Yaranan ciddi əsərlərlə yanaşı mühitin şeir “iltihabı” da (eləcə də nəsr) dərinləşməyə başladı, yeniləşən dünyanın təfəkkür doğanağında töyşüyən mərkəzdə ədəbi riyakarlıq və mədhiyə məhsulları bollaşdı, əyalət mühitinə təhrif olunan tərif gözlüyündən boylanan Bakı mühitinin benefisləri anşlaqa çevrilmədi, əksinə, nə qədər arınsa da saflığını qoruya bilmədi, əvvəllər də qeyd etdiyim kimi, “akademik” feodal təfəkkür arenasında istedadsızların diktaturası istedadlıların demokratiyasını məhv etməyə yön aldı. Tək-tük imzalar istisna olmaqla mədhiyə janrı kütləviləşdi, bəzi yazarlar nəinki kitablarının içində, cildində belə mədhiyyə dərc etdirdilər, sərgilərdə sərgilədilər. Ədəbi örnəklər seyrəldi, sözün pir yerləri pozuldu, əyalətin mərkəzdəki ədalət söykənci uçurulub dağıdıldı. Bu gün Bakı ədəbi mühiti itmiş-bitmişlərlə doludu,- nə istəsən danışdır, yazdır, istifadə elə özün üçün. Cırcırama cəngisi, qurbağa kapellası... Mədhiyələri bir çox hallarda ustalıqla mədh edən ədəbi tənqidimizin də ədəbiyyata riyakarlıq amfiteatrından boylanışını seyr edən əyalətin halını duyub anlamaq o qədər də çətin deyil.
- İnternet dövrü məsafə anlayışını nisbətən aradan götürsə də, paytaxt və region fərqi hər sahədə olduğu kimi ədəbiyyatda da mövcuddur. Sizin fikrinizcə, regionlarda ədəbiyyatın inkişafı üçün, yazarların aktiv fəaliyyəti üçün nələr etmək zəruridir?
-Dövrümüzün paytaxt və reqion anlayışında məsafədən başqa elə bir ciddi fərq görmürəm. Təbii ki, paytaxtda yaşayan yazarların aşağı-yuxarı tədbirlərə qatılması, efirlərə dəvəti, müxtəlif səfərlərə çıxmaq kimi üstünlükləri var və bu da hardasa onlara əyalətdə yaşayıb yaradan yazarlarla nisbətdə məşhurluq gətirə bilər, ancaq bu məsələnin böyük ədəbiyyatın yaranmasına aidiyyatı yoxdur. Bir də ki, indiki bölgələr əyalət deyil, ədəbiyyatdır, özü də əsil ədəbiyyat. Əyalət təfəkkürüylə mərkəzdə yaşayıb yaratmaqdansa mərkəz təfəkkürüylə əyalətdə yaşayıb yaratmaq daha önəmlidir. Elə bizim Zakir Məmməd kimi...
- Qubada və ətraf rayonlarda yaşayan yazarlarla bir ustad yazar olaraq görüşə bilirsinizmi, ədəbi diskussiyalar olurmu?
- Quba ədəbi mühiti ilə bağlı bir az ətraflı danışmaq istəyirəm. Təməli böyük mütəfəkkir Abasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə qoyulan “Gülüstan” ədəbi məclisinin əhatə dairəsi Rusiyadan adlayaraq bir sıra Avropa ölkələrinə qədər uzanmış, bu əlaqələrin nəticəsi kimi nəinki Azərbaycanda, eləcə də bütün Şərqdə ilk qadın dramaturq olan Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının və digər saz və söz ustalarının yetişməsinə gətirib çıxarmış, milli ədəbiyyatımızın və mədəniyyətimizin zənginləşdirilməsi sahəsində böyük tövhələrini vermişdi. Ədəbiyyat və mədəniyyət tariximizin bir sıra mənalı və maraqlı səhifələri bilavasitə Quba ilə bağlıdır. 1830-cu illərdə Tiflisdə Azərbaycan türkcəsində 300 nüsxədən ibarət “Tatar-əxbari” qəzetinin qubalılar arasında 30-a yaxın abunəçisi vardı. Bu qəzetin Qubada yayılmasına Qafqaz canişinliyinin dəftərxanasında tərcüməçi işləyən Abasqulu Ağa Bakıxanov köməklik göstərirdi. 1873-cü ildə qubalı mülkədar Abdulla ağa Bakıxanov (A.A.Bakıxanovun qardaşı) Həsən bəy Zərdabiyə “Əkinçi” qəzetini nəşr etdirmək üçün 1000 manat pul göndərmişdi.
Quba ədəbi mühitinin müasir mərhələsi olaraq 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratdım və hazırda məclisə sədrlik edirəm. “Ay işığı” ədəbi məclisi əyalətin dağılmaqda və çürüməkdə olan ədəbi dağıntıları arasından boy verib böyük sənət işığına qovuşdu, öləziməkdə olan əyalət düşüncəsinin sarımtıl işıqlarına yeni rəng qatdı, qədim tarixi olan Qubanın zəngin mədəniyyətindən, füsunkar təbiətindən, Şah dağından Xəzərəcən bir ərazini əhatə edən yeraltı və yerüstü təbii sərvətindən, Fətəli xan əzmindən, Şeyxəli xan qeyrətindən, A.A.Bakıxanov mütəfəkkirliyindən qaynaqlandı, ölkənin çoxmillətli bir ərazisində sözə sədaqət, ədəbi mehribançılıq və səmimiyyət yaratdı...
1994-cü ildən etibarən “Ay işığı” ədəbi məclisinin almanaxları dərc olunmağa başladı, respublikanın jurnal və qəzetlərində bölgə yazarlarının əsərləri mütəmadi olaraq dərc olundu, efirdə səsləndirildi. “Ay işığı” şərqin ilk qadın dramaturqu Səkinə xanım Axundzadənin tanıdılmasında böyük işlər gördü. Bölgə yazarlarının bir araya gəlməsi, ziyalı potensialının bədii meyarlar üzərində köklənməsi ilə ədəbi əlaqələrin coğrafiyasını günbəgün genişləndirməyə nail olaraq yeni-yeni ədəbi dairələrə yol açdı. Məclisin görüşünə Bakı ilə yanaşı Türkiyədən, Təbrizdən, Dərbənddən, Borçalıdan, Naxçıvandan, Qazaxdan və digər bölgələrdən qonaqlar gəldi.
1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Milli Məsələlər üzrə Dövlət Müşaviri Hidayət Orucovun “Ay işığı” ədəbi məclisinin Qubanın “Sevinc” sarayında keçirilən 5 illik yubileyinə göndərdiyi təbrik teleqramında deyilirdi: “Ay işığı” ədəbi məclisinin beş illiyi münasibəti ilə Sizi və məclisinizin bütün üzvlərini ürəkdən təbrik edirəm. Məclisiniz ölkəmizin dilbər guşələrindən olan Şimal bölgəmizdə yaşayan istedadlı yazıçıların üzə çıxarılmasında, onların əsərlərinin müzakirə edələrək çap olunmasında səmərəli fəaliyyət göstərir. Doğma Dərbəndin yazıçıları ilə mütəmadi ünsiyyətiniz, ardıcıl əlaqələriniz diqqətəlayiqdir. Sizə yeni yaradıcılıq uğurları arzulayıram!”
Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Mənim çox sevdiyim, haqqında bir neçə dəfə yazdığım şair Ramiz Qusarçaylının rəhbərlik etdiyi “Ay işığı” ədəbi məclisinin fəaliyyətini yarandığı vaxtdan izləyirəm. Məclisin yaratdığı təzə səs, təzə nəfəs bu gün Azərbaycanın heç bir bölgəsində yoxdur.” Xalq şairi Söhrab Tahir çıxışında: “- Qubada mədəniyyət səviyyəsi o qədər yüksəkdir ki, “Ay işığı” adlı bir məclis bu şəkildə formalaşıb. Məclisin görüşünə Dərbənddən, Dağıstandan, Bakıdan və Türkiyədən qonaqlar gəlib ki, bu da məclisin səviyyəsini göstərir” söyləmişdi. Əməkdar İncəsənət xadimi Məmməd Aslan -“Ay işığı” poetik ümid parıltılarının bir yerə toplaşıb gurlandığı ədəbi məclisdir,” Türkiyədən gəlmiş professor Adəm İşıq: - “Həm Türkiyənin, həm də Azərbaycanın bayrağında ortaq bir şəkil var ki, o da Aydır”. İnşaallah, bu “Ay işığı” da Türkiyə-Azərbaycan dostluğunun möhtəşəmliyinə böyük tövhələrini verəcəkdir”, Dərbəndin “Narınqala” ədəbi məclisinin sədri, “Dərbənd” qəzetinin baş redaktoru Təhmiraz İmamov: -“İşığa, sözə, fikrə sərhəd yoxdur. Torpaq, yer kürəsi Allahındır. Onda da sərhədlər yox idi. Sərhədləri biz insanlar, hökmdarlar yaratdıq. Müqəddəs “Ay işığı”! Bizə sərhədlər olsa da sözlərimiz qoy sərhədsiz olsun, bütün ürəklərə yol tapsın, hətta sərhədləri yaradan daş ürəklərə belə. Bəlkə yumşaldı...” deyərək bu məclisi qiymətləndiriblər.
Bölgədə ədəbi mühitin bu şəkildə canlanması söz yox ki, AYB-nin Quba bölməsinin təşkil edilməsinə gətirib çıxardı... Düz on üç il sədri olduğum AYB-nin Quba bölməsi və rəhbəri olduğum “Ay işığı” ədəbi məclisi adına nəinki Qubada, eləcə də ətraf rayonlarda yazıb yaradan yazarlarla işgüzar əlaqədə olduq, birgə ədəbi görüşlər, diskussiyalar, yubileylər, kitab təqdımatları keçirdik və bu gün də bu işlər uğurla həyata keçirilir.
- "Ay işığı" ədəbi məclisi yenə fəaliyyət göstərirmi, orada nə kimi işlər görə bildiniz?
-“Ay işığı” ədəbi məclisinin uğurları barədə cild-cild kitablar yazılıb, toplular nəşr edilib. Məclisə ardıcıl olaraq Azərbaycanın görkəmli sənət və elm xadimlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Söhrab Tahir, Nəriman Həsənzadə, Musa Yaqub, Ramiz Rövşən, Famıl Mehdi, Qabil, Məmməd İsmayıl, Zəlimxan Yaqub, Şahin Fazil, Məmməd Aslan, Ələkbər Salahzadə, Vaqif Arzumanlı, Şahmar Əkbərzadə, Firuzə Məmmədli, Vaqif Yusifli, İlham Abbasov və başqaları dəvət olunub. Belə görüşlərin nəticəsi kimi məclis barədə onlarla məqalə yazılıb, rəylər söylənilib, münasibət bildirilib.
Quba ədəbi mühiti tarixində ilk dəfə olaraq burada 2000-ci və 2012-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin, Quba Rayon İcra Hakimiyyətinin və “Ay işığı” ədəbi məclisinin təşkilatçılığı ilə iki dəfə “Poeziya bayramı” adlı tədbirlər keçirildi, bir qrup yazar müxtəlif hədiyyə və diplomlarla təltif olundu. “Ay işığı” ədəbi məclisinin gənc üzvləri AYB üzvlüyünə qəbul olundu, ilk şeir kitabları işıq üzü gördü. Təbii ki, bu işlərin başında rəhbəri olduğum birliyin saf və doğru fəaliyyəti olub.
Qubalı ziyalılar milli ədəbiyyatımızın zənginləşdirilməsində, öyrənilməsində və təbliğində öz xidmətlərini bu gün də davam etdirirlər. Hazırda Bakıda yaşayıb yaradan Şahin Fazilin, Füruzə Məmmədlinin, Əlibala Məhərrəmzadənin, Qvami Məhəbbətoğlunun, Rövşən Yerfinin və başqalarının Quba ədəbi mühitinin və tarixi keçmişinin incəliklərinə qədər təhlil edilib gələcək nəsillərə çatdırılmasında gördükləri işlər təqdirəlayiqdir.
Qubada isə bölməyə rəhbərlik etdiyim dövrlərdə dünyasını dəyişmiş böyük yazarlar Rəhim Alxas və Rahim Dünyamalı AYB-nin üzvləriydilər, sonralar isə rəhmətlik Bəxtiyar Ərşad, Şövkət Tacibəy və Naməddin Mirzəxanlı, eləcə də bu gün yazıb yaradan Zakir Məmməd, Zərifə, Cəlaləddin Budadoğlu, Səbuhi Hacıxanlı, Sevinc Məmmədova, Şixəmməd Seyidməmmədov və başqaları AYB-yə üzv qəbul edildilər. Məclisinin hazırda 40-a yaxın üzvü var. Qərib Aşkari, Əli Qəzənfəroğlu, Rahib Alpanlı, Cavanşir, Habil Rzanur Mustafayev, Mövlud Ağamməd, Mürfəttar, Nəzər Mirzəyev, Lətafət, Telman Təravət, Rəfiqə Məmməd qızı, Mövlan Şahid, Pənah Elqəm, Gülarə Aydın, Səyyad Sərraf, Qəhrəman Kamiloğlu, Rahimə Dünyamalı, Sərvinaz Sərvər və başqaları...
-Ramiz müəllim, bu gün Azərbaycan şeiri və nəsri arasında müqayisəli təhlil aparsaq hansı istiqaməti daha öndə hesab edərdiniz?
-Şeir içinə yıxılan qəbir daşları kimidir. Dərbənd, Təbriz, İrəvan, Şuşa qəbristanlıqlarındakı soydaşlarımızın qəbirləri kimi. Üstünü ot örtsə də yurdu-məskəni itib batmır. Şeir yazmaq Vətən tarixinin yaralarını torpaqla yuyub təmizləmək, şair ürəyindəki göyərçin südüylə bəsləyib böyütməkdi.. Şeirin işi çox ağırdır. Nəsrinsə işi poeziyanın işindən asandı. Mövzu bolluğundan kefə düşən istedadlı nasirin peşəkarlığı kifayət edir ki, ortaya oxunaqlı əsər qoya bilsin. Düşünürəm ki, tarixin heç bir mərhələsində nəsr üçün belə münbit şərait olmayıb. Nəsr Mirzə Cəlilin, Dədə Qorqudun, İsa Muğannanın təkrarından çıxıb öz əhatə dairəsini yaratmalı, müasir dünya nəsrinə yan almalıdı.
-Bu gün dillər əzbəri olan, dərsliklərdə yer almış "Azərbaycan bayrağı" şeirinizdən danışaq. Bu şeir nə zaman yazılıb? Şeirin bu qədər əks-səda doğuracağını gözləyirdinizmi?
-Beş bəndlik "Azərbaycan bayrağı" adlı şeirimi düz beş ilə yazmışam. Şeir 2000-2004-cü illərdə yazılıb. Bir misranı bir aya yazdığım da olub. “Cəngidə cövlan yerim, cövlanda can yerimsən” misrası kimi. Bu mövzuda yazılan şeirlərin mayası yaxşı mənada pafosla yoğrulur, ən əsası odur ki, gərək o, istər məna, istərsə də forma cəhətdən özündən əvvəl yazılan şeirlərə bənzəməsin, sənətkarlıq baxımından mükəmməl olsun. Bütöv Azərbaycanın poetik xəritəsini beş bəndlik bir şeirə yerləşdirə biləsən, səndən sonra yazmaq istəyənlərə bu xəritədə boş yer saxlamayasan. Özü də iki nəhəng sənətkardan - Cəfər Cabbarlıdan və Arif Nihat Asyadan sonra bayraq mövzusuna baş vurmağa hər şair özündə cəsarət tapa bilməzdi, bu, necə deyərlər, pələngin ağzından öpməyə bənzəyirdi...
Açığını deyim ki, müstəqil bir məmləkət olaraq bayrağımıza şeirlər yazılacağını, adına meydan, muzey, abidə tikiləcəyini, bayram təsis ediləcəyini hiss edirdim və şeiri yazıb tamamlayandan sonra bu qədər əks-səda doğuracağını görüb buna bir daha əmin oldum və gümanım özünü doğrultdu. Hazırda "Azərbaycan bayrağı" şeirinə eyni üslubda, eyni ölçüdə, eyni formada onlarla nəzirə yazılıb və yazılmaqda davam edir...
-"Şuşada sən qonduğun daşa pir deyəcəyəm"... Şuşa azad olunan gün Ramiz Qusarçaylının hisslərini öz dilindən eşidək.
- Şuşa azad olunan gün yox e, Şuşa azad olunan andaca evimdəki bayrağa sarılıb eşiyə cumdum, “Şuşada sən qonduğun daşa pir deyəcəyəm, Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan bayrağı!“ misralarını hayqırıb üzü Şahdağa bir nərə çəkdim. Elə bildim Yer titrədi, göy əsdi, zəng zəngə, təbrik təbrikə qarışdı, özü də zəng vuranların kimliyini soruşmurdum, o başdan “Azərbaycan bayrağı” şerinin sədalarını eşidirdim, özüm də eləcə Şuşam deyə bağırırdım...
Bir vaxtlar yazmışdım ki, “Qarabağda iki alıb, Sinifdə qaldığım Vətən...” İndi deyirəm ki, “Qarabağda beş aldığım, Əlaçı olduğum Vətən!..” Bu Qələbəni bizə bəxş edən uca şəhidlərimizin ruhu qarşısında baş əyirəm, müzəffər ordumuza və qazilərimizə eşq olsun deyirəm.
- Səs-küylü Bakıdan uzaqda yaradıcılıqla məşğul olmağın zövqü varmı?
-Bu günün Bakısı çox yüklənib, özü də o qədər yüklənib ki, heyi qalmayıb, ağırlığından yan üstə yıxıla bilər. Yazarların əksəriyyəti mərkəzə yığılıb, tək-tək, dəstə-dəstə, sanki üst-üstə qalanıb boğulurlar, nəfəslik də saxlamayıblar ki, asudə nəfəs dərə bilsinlər. Mən Bakıda nəinki yaradıcılıqla məşğul ola bilərəm, heç bir ay yaşaya bilmərəm. Bu tünlükdən, bu sıxlıqdan, bu his-pasdan qaçıb durulmağa yer tapa bilmərəm. Əyalətdə də bulanırsan, bulaşırsan, ancaq bilirsən ki, durulmağa yerin çoxdu.
Gül gülə ötürər, sünbül sünbülə,
Yaşıl heydən salar, al vurar məni.
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni...
- Ədəbi mətbuatı izləmək baxımından necədir durum? Regiona hansı ədəbi dərgilər gəlir?
-Regionda ədəbi mətbuat ardıcıl olaraq izlənilir, dərgilər abunəçilərə vaxtında çatdırılır, satışı təşkil edilir. Özüm də “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Yada düşdü” dərgilərinə, “Ədəbiyyat”, “525-ci qəzet”, “Ədalət” qəzetlərinə abunəçiyəm. Abunə ola bilməyənlər də, ədəbi prosesləri sosial şəbəkədən izləyirlər. Etiraf edək ki, bu günün sosial şəbəkələri operativlik baxımından dövri mətbuatı üstələyir.
- Gəncliyi oxuyursunuzmu? Necə qiymətləndirirsiniz?
-Ədəbiyyatın gözəlliyini gənc istedadlar daha gözəl yaşayır. Yaradıcılıq nəhayətsiz ədəbi prosesdir, hər anın bədii mənzərəsindən içi yeniliklərlə dolu mövzular boylanır, o mövzuları qarşılamağa qadir gənclərimiz az deyil. O gənclərin yaradıcılığını mütəmadi olmasa da ara-sıra izləyirəm və bəyəndiyim şeirləri facebook səhifəmdə həvəslə paylaşıram. Hiss edirəm ki, ədəbi gənclik özünü təbliğdə çətinlik çəkir, daha doğrusu, gənc istedad sahibləri yetərincə təbliğ edilə bilmir. Bu baxımdan ədəbi tənqidin üzərinə ciddi yük düşür.
-Sizin dövrün ədəbi gəncliyi ilə indiki ədəbi gəncliyi müqayisə etsəniz, fikirləriniz necə olardı?
-Ən çox üzüldüyüm məsələ bizim ədəbi nəslin gənclik illərinin Sovetlər Birliyi dönəminə düşməsi olub, o ölkə ki azad fikir və sərbəst düşüncə qəbristanlığıydı, çiynimizdə özgə başlarıydı, beynimizdə icazəli ideyalar, ideyaların da çürük sonluğu. Gec olsa da sevindiyim həmin birliyin dağılması olub. İndiki ədəbi gəncliyin isə müstəqil və qalib məmləkəti, azad və sərbəst yaradıcılıq imkanları, informasiya bolluğuna malik yaradıcı mətbəxi var. Hər bir gənc istedada ədəbi uğur arzulayıram.
-Təşəkkür edirəm söhbət üçün.
-Sağ olun.
Van Qoqun “Buğda tayası" tablosu Nyu-Yorkda hərracda 36 milyon dollara satılıb
Vinsent Van Qoqun (1853-1890) Fransanın işğalı zamanı nasistlər tərəfindən zəbt edilmiş rəsm əsəri Christie's-in Nyu-Yorkdakı hərracında cümə axşamı günü hərrac evinin saytında 35,9 milyon dollara satılıb.
“Ədəbiyyat və incəsənət” TASS agentliyinə istinadən məlumat verir ki, Van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş bu rəsm dəqiq olaraq $35,885 milyon dollara satılıb ki, bu da satışın maksimal gözlənilən dəyərindən təxminən $6 mln çoxdur.
Van Qoq "Buğda tayası"nı Arlada (Fransanın cənubu) olarkən çəkib, bir ildən çox rəsmin üzərində işləyib. Rəssam bu dövrdə yazılmış rəsmlərdən bəzilərini özünün ən yaxşı əsərlərindən hesab edirdi.
Van Qoqun ölümündən sonra “Buğda tayası” qardaşı Teoya miras qaldı. Daha sonra əsər bir neçə sahibini dəyişdi, bundan sonra İkinci Dünya müharibəsində Fransanın işğalı zamanı nasistlərin əlinə keçdi. O vaxtdan bəri əsərin yeri naməlum qalmışdı, ta ki 1970-ci illərin axırlarına qədər. O zaman Christie's auksion evi onu incəsənət əsərlərinin satışı ilə məşğul olan Amerika şirkətindən aldı. Elə də baha olmayan qiymətə. İndi də, budur, çox baha qiymətə satdı.
Azərbaycan filmləri birinci “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib
Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən artıq qonaq qatılıb.
Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.
Müxtəlif türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş edildiyi festivalın əsas məqsədlərindən biri türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
AzərTAC xəbər verir ki, festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi bir sıra məsələlər nəzərdə tutur.
Azərbaycanda mədəni inkişafı təşviq etmək üçün Avropa İttifaqı tərəfindən üç şəhərə qrant verilib
Noyabrın 12-də Avropa İttifaqının başladığı “EU4Culture” layihəsi əsasında bu təşkilatın Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 min avro qrant alacaq üç seçilmiş şəhərin adları açıqlanıb.
AzərTAC xəbər verir ki, qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib.
Layihənin Azərbaycan üzrə koordinatoru Firuzə Bağır layihə haqqında məlumat verib. Bildirib ki, “EU4Culture” Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə regionun sosial inkişafına töhfə vermək məqsədi daşıyır. Layihənin büdcəsi 7 milyon 850 min avro təşkil edir və bu məbləğ Avropa tərəfdaşlığı ölkələri əsasında bərabər paylaşdırılacaq.
Bildirib ki, Goethe İnstitutu, Gürcüstandakı Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri “EU4Culture” layihəsinin həyata keçirilməsinə dəstək verən qurumlardır.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko söyləyib ki, “Eu4 culture” Azərbaycanın Avropa İttifaqı ilə qurduğu mədəni əlaqənin başqa bir nümunəsidir. Qeyd edib ki, mədəni dəyərlər gələcəyin qurulmasında önəmli rol oynayır. Mədəni diplomatiya mədəni əməkdaşlığın ayrılmaz bir hissəsidir, bunun da tarixi kökləri vardır. Avropa İttifaqının beynəlxalq münasibətlər strategiyası ittifaqın mərkəzində duran bir mövzudur. Avropa İttifaqı Azərbaycana da öz töhfəsini verməyə çalışır. Layihə çərçivəsində sosial iqtisadi baxımından 6 ölkəyə dəstək verilmişdir. Layihənin əsas prinsiplərindən biri də mədəni irs nümunələri sayılan kitabxanalar, muzey və digər mədəniyyət ocaqlarına Avropa modellərinin tətbiq edilməsidir. “Eu4Culture” proqramın əsas məqsədi regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir. Layihədə 3 şəhər seçilmişdir. Layihədən yararlanan şəhərlər mədəniyyət sahəsində imkanlarını artırmaq şansı qazanacaqlar.
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov Avropa İttifaqı ilə işləməkdən məmnun olduğunu deyib. Qeyd edib ki, nazirlik əvvəllər də Avropa İttifaqının bir neçə layihələrində iştirak edib. “Eu4Culture” layihəsi də ölkənin regional inkişafına töhfə verir.
Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri də yaradıcı sənayelərlə bağlı olduğunu deyən Ramil Abbəkirov bildirib ki, yaradıcı sənayelər digər sahələrə dolayı yolla təsir edir. Bu məqsədlə nazirlik digər dövlət qurumları ilə əməkdaşlıq edir. Vurğulayıb ki, növbəti mərhələdə qalib gələcək şəhərlər Azərbaycan üçün bir uğurdur.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov agentliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Qafqaz regionunda turizm məhsullarının səmərəli istifadə edilməsi nazirliyin əsas vəzifələrindəndir.
Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan Şəki, Xırdalan və Lənkəran şəhərləri ikinci mərhələnin qalibi seçilib. Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 min Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300 min Avroya qədər qrant alacaq.
Sonra Peter Mixalko seçilmiş şəhərlərin icra başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edib.
Bişkekdə “Aytmatov-İmperiyanın son yazıçısı” kitabı Azərbaycan dilində çap olunub
Bişkekdəki “Uulu Toolar” nəşriyyatında Osmonkun İbrahimovun “Aytmatov-İmperiyanın son yazıçısı” adlı kitabı Azərbaycan dilində çap olunub.
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən çap olunan kitabı Azərbaycan dilinə Günel Xəzəl tərcümə edib.
Kitabda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Çingiz Aytmatovun Bakıda olması, Azərbaycan Prezidenti İlham Əliyevin yazıçını qəbul etməsi haqqında da ətraflı məlumat var. O vaxt İlham Əliyev yazıçıya yeni təsis olunan “Dostluq” ordeni təqdim edib.
Kitab 2018-ci ildə Moskvada, sonra isə Astanada və Kiyevdə nəşr edilib.
Kitabın dekabr ayında Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulur.
Dünya fotoqrafiya sənətinin ən nüfuzlu mükafatlarından biri ispan fotoqrafına təqdim olunub
İspan fotoqrafı Antonio Araqon Renunsio "2021-ci il ətraf mühitin ən yaxşı fotoqrafı" müsabiqəsinin qalibi olub. Qana sahilində dağılmış bir tikilidə yatan oğlanın fotoşəkili münsiflər heyətinin yekdil razılığını qazanmışdır.
İş "Güclənən körfəzlərin oğulları" adlanır. Həkk olunan tikili Qana çimərliklərindən birində sahil eroziyası ilə dağıdılıb. Fotoşəkil müəllifi Qərbi Afrika ölkələrində dəniz səviyyəsinin yüksəlməsinə diqqət çəkməyə çalışır ki, bu da minlərlə insanı evlərini tərk etməyə məcbur edir.
Antonio Araqon Renunsio müsabiqədə qalib gəldiyinə görə 10 min funt sterlinq qazanıb.
Portalımız digər fərqlənən müsabiqə fotolarını da diqqətinizə çatdıracaq.
People jurnalının versiyasına görə 2021-ci ilin ən cazibədar kişisi aktyor Poll Rad oldu
Cari ilin ən cazibədar kişisini və qadınını hər ilin sonlarında elan etmək ənənəsi koronavirus pandemiyası zamanı da unudulmadı. Populyar People jurnalı 52 yaşlı Hollivud aktyoru Poll Radı ilin ən cazibədar kişisi elan etdi.
“Ədəbiyyat və incəsənət” jurnalı Euronews-a istinadən məlumat verir ki, “İnsan-qarışqa”, “Fağır olmaq gözəldir”, “Yarıtmazlar” kimi filmlərlə məşhurlaşmış aktyor bu uğura yumorla yanaşmış, “bundan sonra ulduz xanımlar məni öz tədbirlərinə tez-tez dəvət edəcəklər” söyləmişdir. Onun həyat yoldaşı isə “ çox düzgün seçimdir” deyə Pollun cazibədarlığını bir daha təsdiqləmişdir.
Xatırladaq ki, ötən il bu adı başqa bir amerikalı aktyor, “Marvel”-də superqəhtəman Kapitan Amerika rolu sayəsində dünya şöhrətini qazanmış Evans əldə etmişdir.
Daha öncə isə "Qara Panter"filmində cani rolunu oynayan aktyor Maykl Bakari Cordan bu şərəfə layiq olmuşdu.
Ən cszibədar qadın seçimi isə bir qədər sonra baş tutacaqdır.
Bu arada daha bir xəbəri də çatdıraq ki, başqa bir reytinq xəbəri də var, Avrasiyanın ən gözəl balaca qızı doqquz yaşlı Rusiya təmsilçisi seçilib. Türkiyənin Antalya şəhərində keçirilən Eurasia 2021-in ən yaxşı uşaq istedad və gözəllik müsabiqəsində birinci yeri Evangelina Melnikova tutub.
Bu gün Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
Bu gün Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Tamaşa insan və marionetlərin dili, Üzeyirin sehrli musiqisi və Füzulinin yanıqlı sözləri ilə gözləmədiyiniz səhnə quruluşunda təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.
Bu gün “Bremen musiqiçiləri” yenidən səhnəyə yol alacaq
“Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün bu gün, noyabrın 13-də təqdim olunacaq.
Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.
“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.
Ümumdünya yaxşılıq günü
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
13 noyabr. Beynəlxalq gözdən əlillər günü
1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.
Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.
13 noyabr. Ümumdünya yaxşılıq günü
Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.
Varisin “Həftənin təqvimi” yazısından