Super User

Super User

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində festivalın Bakı şəhərində ilk tədbiri – vokal musiqisi axşamı təşkil olunub.
Konsertdən öncə mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Nəsiminin, Nizaminin adı ilə əlamətdar illərin elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə nə qədər böyük diqqət və qayğının olduğunu nümayiş etdirir: “Onların yaratdığı ölməz əsərlər ölkəmizdə və xaricdə təbliğ edilir. Hər bir cəmiyyətin inkişafına, onun fəlsəfi inkişafına böyük mütəfəkkirlərin təsiri olur. Nizami Gəncəvi o dahilərdəndir ki, Azərbaycan fəlsəfi fikrinin və milli dəyərlərinin dünyada tanıdılmasına xidmət edib. Nizaminin XII əsrdəki humanist ideyaları XXI əsrdə də aktualdır”.
Nazir Nizaminin yaradıcılığının Azərbaycanın və Yaxın Şərqin mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açıb. Qeyd edib ki, dahi şairin lirikası, poemalarının müxtəlif süjetləri rəssamlıq, musiqi, teatr, balet və başqa sahələrin inkişafına töhfələr verib.
Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Festivalı haqqında da məlumat verib, bildirib ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək: “Zəngin proqrama malik festivalın Beynəlxalq Muğam Mərkəzində təşkil edilən ilk konserti Nizaminin sözlərinə yazılmış vokal əsərlərin təqdimi ilə başlayır. İnanıram ki, dahi Nizaminin sözlərinə Azərbaycanın görkəmli bəstəkarlarının yazdıqları əsərlər bu gün konsertə gələn hər kəsdə xoş ovqat yaradacaq”.
Daha sonra konsert proqramı təqdim edilib. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə bəstələdikləri əsərlər səsləndirilib. Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artist İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edib.
Gecədə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası Tələbə xorunun çıxışı da maraqla qarşılanıb.

Çərşənbə axşamı, 16 Noyabr 2021 05:13

La-Manş körfəzindən

La-Manş körfəzindən rekord sayda miqrantların keçməsi Avropada həyəcan təbili çalmağa əsas verir. Parisdə Fransanın və Böyük Britaniyanın daxili işlər nazirləri məsələni müzakirə etmək üçün görüşəcəklər.

 

Reytinqlər müxtəlif olur. Hətta ölüm hallarının da reytinqləri olur. Məsələn, ən çox can alan hansı xəstəlikdir, yaxud hansı bədbəxt hadisə, hansı təbii fəlakətdir. Amma bu dəfə sizə bir qədər fərqli reytinq təqdim edəcəyik.

 

Şimal qonşumuz Rusiya, bildiyiniz kimi, öz tanınmış astroloqları və ekstrasensləri ilə məşhurdur. Qara magiya da onlarda çox çiçəklənib. Lakin bu xəbər daha çox elmi əsaslı bir xəbərdir. Rusiyalı mütəxəssislər bir neçə min insanın ölüm səbəblərini onların hansı bürcdən olmaları ilə əlaqələndirərək, eləcə də ABŞ-ın Gallup rəyöyrənmə mərkəzinin hesabatlarına əsaslanaraq hansı bürcdən olanların daha çox hansı cür ölümə tuş gəldiklərini müəyyənləşdiriblər. Öz əcəli ilə ölmə hallarını çıxsaq, hansı xəstəliklərdən, hansı bədbəxt hadisələrdən insanların planlaşdırılmayan həyat itkiləri bürclərə uyğun insan ölümlərinin kvalifikasiyasını hazırlamağa imkan yaradıb. Rusiya astroloqları da bu elmi araşdırmalar əsasında mediaya müvafiq açıqlamalar veriblər. Astroloqlar əmindirlər ki, insanın doğum vaxtı mütləq onun taleyində əks olunur. Onlar bu və ya digər bürcə aid insanın müxtəlif əlamətlərə görə məhz hansı səbəbdən ölə biləcəyini təxmin ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mediasol saytına istinadən xəbər verir ki:

 

 

 

Qoç işarəsi altında doğulmuş insanlar müxtəlif növ yaralanmalar almağa meyllidirlər. Onların ölüm səbəbi çox vaxt gözlənilməz olur. Bu, hətta başa tikintidən kərpic düşməsi, elektrik cərəyanı, lap elə ildırım vurması, qəfil ilançalma kimi qeyri-ənənəvi olüm halları da ola bilir.

 

 

 

Buğa nadir hallarda sağlamlığı haqqında şikayət edir və həkimlərin köməyinə müraciət edir. Ancaq xəstəliklər yaş artımı ilə kəskinləşir və ölümcül nəticələrə gətirib çıxara bilir, odur ki, onların inadkar müalicə istəksizliyi mütləq müalicə edilməlidir.

 

 

 

Əkizlər sinir sisteminin pozğunluqlarına meyllidirlər. Duyğulara nəzarət edə bilməmələri səbəbindən əksərən bədbəxt ölümə düçar olmağa risk edirlər. Münəccimlər onlara mütləq həyəcanı öldürməyi məsləhət görürlər.

 

 

 

Xərçənglər əksərən melankolik olduqlarından nadir hallarda özlərinə və uğurlu gələcəyə inanırlar. Onlar özlərini depressiyaya çəkə bilirlər, hansı ki, bu depressiyadan çıxmaq asan deyil və bəzən özləri özlərini şişirtmə, hətta uydurma əzabın ağuşuna belə salmağa meyllidirlər. 

 

 

 

Şirlər daha çox ürək xəstəliklərinə məruz qalırlar. Astrologlar onlara psixi vəziyyətə təsir göstərə biləcək münaqişələrdən çəkinməyi məsləhət görürlər.

 

 

 

Qız bürcünün toxunulmazlığı güclüdür deyilə bilməz, lakin onlar adətən əsəbi möhkəm olurlar, qoca yaşlarına qədər yaşayırlar. Onların ölümünün ehtimal olunan səbəbi ən yaxşı halda hansısa xroniki xəstəlik, məsələn, mədə xəstəliyi, mədəaltı vəz xəstəliyi ola bilir.

 

 

 

Tərəzi bürcü nümayəndələrində ən ümumi xəstəlik böyrək problemləridir. Bundan başqa, həssaslıq da onların başlarına bir bəladır. Onları tənqidlə yaralamaq asandır. Bu insanlar sonuncuya qədər öz həqiqətlərini müdafiə etməyə cəhd etməyənlərdir habelə. 

 

 

 

Əqrəblər həyatda kifayət qədər fəal olurlar, amma vaxtında sağlamlığa diqqəti yönəltməyi və ehtiyac duyulanda həkimə getməyi vacib saymırlar. Bu insanlar bağırsaq xəstəliklərindən əziyyət çəkə bilərlər. Onkologiya da istisna edilmir.

 

 

 

Oxatanların ehtimal olunan xəstəliklərinin siyahısına qaraciyər problemləri, vuruş və qırıq-sınıqlar daxildir. Ancaq xəstəliklərin hamısının qarşısını almaq olar, əgər vaxtında öz sağlamlığına qayğı göstərərlərsə.

 

 

 

Oğlaqlar zəif immunitetə malikdirlər, buna görə onlara zərərli vərdişlər qəti şəkildə əksdir. Onların erkən həyatdan getməsinin səbəbi siqaret çəkmək və ya artıq çəki ola bilir.

 

 

 

Balıqlar tənhalığa dözə bilmirlər. Bu səbəbdən onlar asanlıqla depressiyaya düşürlər və ya alkoqola, narkotik maddələrə meyl edib bunlardan asılı olurlar. Astroloqlar balıqların yaxınlarına xəstəxanada onları ziyarət etmək üçün daha çox vaxt ayırmalarını məsləhət görürlər.

 

 

 

Dolçalar hədsiz duyğusal olurlar, gecələr vicdan əzabı çəkir, tale barədə bədgüman düşüncələrdən əziyyət çəkir, yuxusuzluğa düçar olurlar. Onlar boş şeyləri ürəklərinə salmaqla əksərən infarktdan, ürək çatışmazlığından dünyalarını dəyişirlər.

 

 

 

Bu qədər, istəkli oxucularımız. Əlbəttə, bu o demək deyil ki, rusiyalı mütəxəssilərin və astroloqların bu qənaətləri yüz faizlik bir nəticədir. Hansı bürcdənsinizsə burada yazılan ehtimalları sadəcə diqqətə almağınız yaxşı olardı.

 

Hər kəsə sağlam və uzun həyat arzusu ilə. 

 

 

 

Yazını dərc edərkən portalımıza istinad etmək vacibdir. Bütün hüquqlar qorunur.

 

“Ədəbiyyat və incəsənət”@

 

 

 

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Baltikyanı Dövlətlərin IV Gənclər Teatr Forumunda iştirak edəcək.
Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib ki, forum noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.
Forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları nümayiş olunacaq. Bundan əvvəl teatr bu forumda “On ikinci gecə və ya hər nə istəsəniz” (2012) və “İlahi oyun” (2015) tamaşaları ilə iştirak edib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Qeyd edək ki, forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar və tənqidçilər də iştirak edəcəklər.

Noyabrın 15-də “Fairmont Baku” otelində Latviya Respublikasının Azərbaycandakı səfirliyi və “Park Cinema”nın birgə təşkilatçılığı ilə “Kiçik bir millət-böyük Animasiya” adlı festivalın açılışı olub.
AzərTAC xəbər verir ki, açılışdan əvvəl Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiov jurnalistlərin suallarını cavablandırıb.
Bildirib ki, “Elektrikçinin Günü” filmi pandemiyadan əvvəl çəkilsə də bu günlə səsləşir. Hər kəs filmin ideyasını fərqli formada qəbul edir. Ancaq film daha çox özünütəcriddən bəhs edir. Filmin əsasən böyüklər üçün nəzərdə tutulduğunu deyən rejissor bildirib ki, uşaqlar üçün mövzu tapmaq olduqca çətindir. İndi onları Şaxta baba, qurd və ya dovşanla aldatmaq olmur. Ancaq böyüklər bizim üçün daha əlçatan bir auditoriyadır.
“Baltikyanı ölkələr arasında Estoniya hər zaman animasiya filmləri üzrə lider olub. Son zamanlar Latviya bu sahədə bir qədər uğur qazanaraq Litvanı üstələyib. Ancaq Estoniya bizim üçün bir məktəb sayılır. Çünki onların çəkdiyi animasiyalar dünyanın bütün ölkələrində qəbul olunur”,- deyə Vladimirs Leşçiov əlavə edib.
Sonra Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək festival haqqında məlumat verib: “Noyabr ayında Latvianın müstəqilliyinin 103-cü ildönümü tamam olur. Bu münasibətlə səfirlik Bakıda bir neçə tədbirlər keçirir. “Kiçik bir millət -böyük Animasiya” adı altında təqdim olunan festival belə tədbirlərdən biridir. Latviyanın təqdim etdiyi animasiyalar həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Festival çərçivəsində ölkənin digər tanınmış rejissorların filmləri nümayiş olunacaq. Festival çərçivəsində Vladimir Leşçiov ustad dərsi də keçirəcək, eyni zamanda müsabiqə elan olunacaq. Müsabiqəyə qatılmaq üçün festivalda nümayiş olunan filmlərə baxmaq mütləqdir. Bundan əlavə müsabiqə iştirakçıları Latviya ilə bağlı və sevimli animasiya personajı haqqında düşüncələrini yazmalıdır. Qalib gələn şəxs Riqaya iki bilet əldə edəcək”.
Açılış günü Vladimir Leşçiovun “Elektrikçinin Günü” filmi nümayiş olunub. Növbəti günlərdə rejissorun “Yeni ili gözləyirik”, “Yağışlı günlər” və “Qanadlar və Avarlar” filmləri göstəriləcək.
Qeyd edək ki, festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.

Azərbaycanın Xalq yazıçısı, tanınmış roman ustası Əli Vəliyevin bu ilə təsadüf edən 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığı “Böyük sözün işığında” kitabı işıq üzü görüb.
Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin və şərəfli ömür yolu haqqında çıxışı ilə açılan kitab Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Aqil Abbas kimi tanınmış söz, sənət və mədəniyyət xadimlərinin Əli Vəliyevin saf təbiəti, mərdliyi, şəxsiyyət bütövlüyü, zəngin ədəbi irsi, Zəngəzur, Qarabağ mahalının füsunkar təbiətini, xalqın həyat və məişətini koloritli xalq dili ilə təsvir edən roman, povest və hekayələri ilə bağlı söylədikləri fikir və mülahizələri əks etdirir.
Kitabın tərtibçisi Yaşar Əliyev, redaktoru Bəhlul Abbasovdur.

İndoneziyada keçirilən Beynəlxalq Semaranq Karikatura Festivalının finalçıları məlum olub.
Dünya üzrə 75 rəssam final mərhələsinə adlayıb ki, onların arasında həmyerlimiz Soltan Soltanlı da var, onun fərqlənən karikaturası “At kimindir?" adlanır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura öz səmərəli fəaliyyətini davam etdirməkdədir. Şuranın üzvləri  Sumqayıt Dövlət Dram Teatrında yaradıcı heyətlə görüş keçiriliblər. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
Mədəniyyət Nazirliyindən alınan məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyli ictimai şuranın məqsədi və məramı barədə bunları bildirib:
“Biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi nazirliyin rəhbərliyinə təqdim edirik. Yaxın günlərdə Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək”.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdikləri barədə məlumat verib. Eyni zamanda direktor bir təklif də irəli sürüb,  aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsinin olduqca effektiv olacağına diqqət çəkib.
Digər görüş iştirakçıları da öz arzu və istəklərini dilə gətiriblər.
Sonda ictimai şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğulayıb və bildirib:
“Biz İctimai Şura olaraq burada səslənən bütün təklif və təşəbbüslərin təhlilini aparacaq və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edəcəyik.”
Tezliklə portalımızda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli ilə müsahibəni oxucularımızın ixtiyarına verəcəyik.

Mədəniyyət Nazirliyi və "İctimai TV"nin media dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Bizim kino” adlı 24 hissəli kinojurnal tamaşaçıların ixtiyarına verilib.
Kinostudiyadan bildirilib ki, “100 ildən çoxdur ki, bizi öz sehrində saxlayan 7-ci sənətə, kinomuza milli baxış” mövzusuna həsr olunan layihənin rəhbəri Cəmil Quliyev, prodüseri Fariz Əhmədovdur. Yaradıcı heyətə Rza Əsgərov, Kamran Qasımov, Seyran Bədəlov, Əli Sultanov daxildir.

Çərşənbə axşamı, 16 Noyabr 2021 05:00

Nizami Gəncəvi Beynəlxalq Festivalı öz işinə başlayıb

Azərbaycan olduqca möhtəşəm bir mədəniyyət forumuna evsahibliyi edir. Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli 146s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair” Tədbirlər Planına əsasən 15 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalına start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.
Festivalın açılış günündə görkəmli elm xadimləri, Nizamişünaslar, dövlət rəsmiləri və Gəncə şəhər ictimaiyyəti Nizami Gəncəvinin Məqbərəsini ziyarət ediblər, ardınca gün boyu Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Xalq Çalğı Alətləri Orkestri çıxışları ilə festivalın qonaqlarını salamlayıb.
Eyni gündə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramı təşkil edilib.
Bu gün - Noyabrın 16-da Gəncə şəhərində Nizami Poeziya Teatrında “Nizami işığında” tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
Festival çərçivəsində - 17 noyabr tarixində Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin Ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin və Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun konserti baş tutacaq.
Noyabrın 18-də Azərbaycan Dövlət Mahnı Teatrında N.Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşası təqdim ediləcək.
Festivalın davam etdiyi 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Nizami” baleti nümayiş olunacaq.
Noyabrın 20-də Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun çıxışı və Bakı şəhərində Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi baş tutacaq.
Zəngin proqrama malik festivalın növbəti günündə - 22 noyabr tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans baş tutacaq, sərgi açılacaq. Həmçinin Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəvi. Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” Elektron məlumat bazasının təqdimatı keçiriləcək.
Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.
Noyabrın 24-də Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Misyo Jordan və Dərviş Məstəli Şah” tamaşası təqdim ediləcək.
24 noyabr tarixində öz işinə başlayacaq, yerli və xarici elm adamları, Nizamişünasların iştirakı ilə Bakı şəhərində 3 gün davam edəcək “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumu və noyabrın 26-da Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Nizami Gəncəvinin 880 illiyinə həsr olunan çıxışı ilə festival öz işini yekunlaşdıracaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.