Super User

Super User

Çərşənbə axşamı, 19 Aprel 2022 11:00

Serhat Kabaklı: “Məni şad etdiniz!”

Milli Məclisin Mədəniyyət Komissiyası tanınmış türk şairi Serhat Kabaklının 70 illiyinə həsr olunmuş konfrans keçirib

 

Azərbaycan Milli Kitabxanasında Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın iştirakıyla şeirlərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əzbər söylədiyi görkəmli türk şairi, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illiyinə həsr olunan konfrans keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov konfransı açaraq Serhat Kabaklının türk dünyası yazarları arasında çox tanınan bir şəxsiyyət olduğuna diqqət çəkib. Vurğulayıb ki, hələ 2019-cu ildə “Nəsimi İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxana, TÜRKSOY ilə birlikdə Türk Ədəbiyyatı Vəqfində Serhat bəyin təşkilatçılığı ilə çox möhtəşəm tədbirlər keçirib. O qeyd edib ki, Serhat Kabaklı Azərbaycan ədəbiyyatının təbliğində çox mühüm xidmətləri olan bir insandır. Serhat bəy Türkiyədə çox tanınan, hörmət edilən Kabaklı nəslinin davamçısıdır. 

K.Tahirov deyib: “Mən inanıram ki, ölkələrimizin birliyi, dostluğu kimi ədəbiyyatlarımızın da dostluğu daimi olacaqdır.  Serhat Kabaklını yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram və bu tədbirin Milli Kitabxanada keçirilməsi təklifində çıxış edən Qənirə Paşayevaya öz təşəkkürünü bildirirəm.”

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva çıxış edərək deyib ki, Serhat Kabaklı bütün türk dünyasının böyük qardaşıdır. O, Vətənə, torpağa bağlı olan bir türk şairidir. O vurğulayıb ki, Serhat bəy əslən Azərbaycan kökənlidir, məşhur Əhməd Kabaklının layiqli davamçısıdır. Qənirə xanım çıxışı zamanı söyləyib ki, Serhat Kabaklının təkcə Türkiyə ədəbiyyatında deyil, türk dünyası ədəbiyyatında mühüm xidmətləri vardır. Bildirib ki, eyni zamanda bu il türk ədəbiyyatı dərgisinin də 50-ci ildönümü tamam olur: “Bu gün biz Serhat Kabaklının 70 illik yubileyini, həmçinin türk ədəbiyyatı dərgisinin də 50 illiyini qeyd edirik”.

Çıxışı zamanı bu yaxınlarda Türk ədəbiyyatı dərgisində Şuşa ilə bağlı məqalənin dərc və Şuşaya dair möhtəşəm bir kitabın nəşr olunacağı barədə iştirakçılara məlumat verib Qənirə xanım.

Sonda Serhat Kabaklını 70 illik yubileyi münasibətilə təbrik edərək ona ən gözəl arzularını çatdırıb. Eləcə də Milli Məclisin Mədəniyyət Komitəsi adından ona təbrik plaketi təqdim edib. 

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, ilk növbədə, Serhat bəy başda olmaqla bütün Türkiyədən gələn qonaqları salamlayıb. Bildirib ki, Serhat Kabaklının 70 illik yubileyinin məhz Milli Kitabxanada keçirilməsi çox sevindirici haldır. O deyib: “Bir çox yazıçılarımızın yubileyləri, eləcə də çoxsaylı kitab təqdimatları Azərbaycanla yanaşı, Türkiyədə də keçirilib. Türk Ədəbiyyatı dərgisi təkcə Türkiyənin deyil, bütün türk dünyasının ortaq dərgisidir. Həmin dərgilərdə yazıçılarımız haqqında xüsusi buraxılışlar dərc olunub”. Sabir Rüstəmxanlı çıxışı zamanı Serhat Kabaklının iki şeir kitabının dərc olunduğunu iştirakçıların diqqətinə çatdırıb və bildirib ki, onun yaradıcılığının şah əsəri məhz “Bil oğlum” şeiridir. Çıxışının sonunda Serhat Kabaklını yubileyi münasibətilə təbrik edərək ona “Bakı mənzərəsi” portretini hədiyyə edib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək Serhat Kabaklının yubileyinin məhz Bakıda keçirilməsində xidmətləri olan Qənirə Paşayevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, bu tədbir Serhat Kabaklının gördüyü işlərə qarşı bir təşəkkürdür. Rəşad Məcid deyib: “Serhat bəylə birlikdə son illər ərzində bir çox tədbirlər keçirmişik. Əhməd Kabaklının əsərlərinin  Azərbaycan dilinə tərcüməsi, eləcə də Xalq yazıçısı Anarın yubileyinin Türk Ədəbiyyatı Vəqfində keçirilməsini buna aid edə bilərik. Həmin tədbir zamanı Xalq yazıçısı Anara ilk dəfə olaraq “Yaşayan Dədə Qorqud” mükafatı verilmiş, daha sonra Sabir Rüstəmxanlıya, İsa Həbibbəyliyə, Kamal Abdullaya həmin mükafat təqdim olunmuşdur. Bütün bunlar da Azərbaycan ədəbiyyatına diqqətin, qayğının göstəricisidir”.

Daha sonra “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, türkiyəli yazıçı İmdad Avşar və digərləri çıxış edərək yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar.

Öz növbəsində, Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli türk şairi Serhat Kabaklı çıxış edərək tədbirin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

Serhat Kabaklı tədbirdən məmnun olmasını sosial şəbəkədə paylaşdığı postunda gözəl ifadə edib: “Var olun sevgili kardeşlerim.. Sizleri yarattığı için Allah’a şükürler olsun..

Beni şad ettiniz.. şad olun.”

Çərşənbə axşamı, 19 Aprel 2022 10:30

Yüz min avroluq skripka, yaxud bir tapıntının tarixşəsi

 

Fransada inanılmaz bir hadisə baş verib. Zibilxanadan olduqca unikal, əntiq mal hesab edilən yüz min avroluq skripka tapılıb və nə tapdığını təsəvvür edə bilməyən şəxs “hansısa musiqiçiyə aid adi bir çalğı aləti” tapdığını zənn edib qəzetdə elan verib. 

 

Təfsilatı “Ədəbiyyat və incəsənət” portalının PİO Novosti agentliyinə istinadən yaydığı xəbərdə.

İki gün öncə Parisin 18-ci dairəsində, Port de Klinyankur rayonu ərazisində yoldan keçən bir qadın zibil yeşiyinin yanında salamat bir skripka görüb, skripkanın hansısa musiqişiyə aid olan adi çalğı aləti olmasını zənn edərək qəzetdə elan verib. 

Parisien-in yazdığına görə, bu elanın ardınca maraqlı hadsələr cərəyan edib, nəticədə mütəxəssislər məsələyə qarışıblar, məlum olub ki, söhbət adi yox, çox unikal bir skripkadan gedir, qiyməti 100 min avro olan skripka “Yelisey çölləri” orkestrinin  musiqiçisi Enriko Teddeyə məxsusdur. 2021-ci ilin noyabrında skripkanı  Enriko Teddidən oğurlayıblar. Hadisə Patye - Paris qatarında baş verib. Həmin hadisədən çox sarsılan musiqiçi əsl depressiyaya düşüb.

İş ondadır ki, dəyəri 100 min avro olan bu skripka 19-cu əsrin sonlarında istehsal olunub, Enriko Teddi onu 15 il əvvəl məşhur venesiyalı usta, özünü Stradivarının davamçısı adlandıran Julio Deqanidən alıb. Bir müddət hətta muzey eksponatı olan unikal skripkanın oğurlandıqdan sonrakı taleyi qaranlıq qalıb. Və oğruların qatarda ələ keçirdikləri qənimətin 5 aydan sonra Paris ətrafında zibilxanadan tapılması səbəbi əsla bəlli deyil.

Bəlli olan isə odur ki, skripkanı tapan qadına 100 avro şirinlik verərək skripkasına yenidən sahib olan Enriko Teddi hazırda çox xoşbəxtdir. Necə bir xəzinə tapdığını bilmədən onu 100 avro şirinliyin müqabilində əlindən buraxan qadın isə çox pəjmürdədir.

 

 

 

Birinci Daşkənd Beynəlxalq Animasiya Forumu öz işinə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıb.

Azərbaycanı bu festivalda ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi Elçin Hami Axundov təmsil edir.

“Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama milli animasiya filmləri daxil edilib.

Rəşid Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” proqramı bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarına qatılıb. Proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxildir.

Festival çərçivəsində müsabiqələr, mühazirələr, yaradıcılıq görüşləri keçiriləcək.

Animasiya Forumu aprelin 22-dək davam edəcək.

 

Xəbər verdiyimiz kimi, Aprelin 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi münasibətilə konsert və musiqi albomunun təqdimatı keçirilib. Təntənəli mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən daha ətraflı məlumat verir.

 

Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında qeyd edib ki, bu ilin noyabr ayında Fikrət Əmirovun anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev dahi bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar hazırlanmış illik plana əsasən, bu gün bəstəkarın yubileyinə həsr olunmuş ilk geniş tədbir keçirilir: “Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun yaradıcılığından saatlarla danışmaq olar. Qüdrətli sənətkar mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Fikrət Əmirovun “Şur”, “Kürd ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Sevil” operası, “Min bir gecə baleti”, doğma Vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” və digər əsərləri bəstəkarın musiqi irsinin qiymətli səhifələrindəndir. Onun əsərləri dünyanın bir çox ölkələrinin konsert salonlarında səslənib, teatr səhnələrində tamaşaya qoyulub”.

Nazir müavini bildirib ki, bəstəkarın 100 illiyinin UNESCO-nun yubiley proqramına daxil edilməsi Azərbaycan musiqisinə, Azərbaycan bəstəkarlıq məktəbinə, Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda verilən yüksək qiymətin təzahürüdür: “Fikrət Əmirov musiqisi dərin köklərə, milli zəminə bağlıdır. O, şuşalı məşhur muğam bilicisi, görkəmli tarzən Məşədi Cəmil Əmirovun ailəsində, zəngin musiqi, sənət mühitində böyüyüb. Xalq musiqisi uşaqlıqdan onun qanına, canına hopub. Buna görə də Fikrət Əmirovun yaradıcılığı Qarabağın qədim və zəngin musiqi mədəniyyətinə qaynaqlanır”.

Sevda Məmmədəliyeva vurğulayıb ki, yubiley ilində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə bəstəkarın fortepiano əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb: “Albomda ilk dəfə olaraq Fikrət Əmirovun fortepiano üçün yaratdığı bütün əsərlər yer alıb. Əsərlərin ifaçısı Xalq artisti, tanınmış pianoçu Yeganə Axundovadır.

Xarici və yerli auditoriyaya ünvanlanan albom Azərbaycan mədəniyyətinin, Fikrət Əmirov musiqisinin təbliğinə töhfədir”.

Daha sonra söz musiqiyə verilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor, Əməkdar artist Fuad İbrahimov) Fikrət Əmirovun əsərlərini ifa edib. İlk olaraq bəstəkarın “Min bir gecə baletindən” fraqment səsləndirilib.

Səhnəyə dəvət alan Xalq artisti Yeganə Axundova Fikrət Əmirovun (Elmira Nəzirova ilə birgə) “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert” əsərini böyük məharətlə ifa edib. “Kürd ovşarı” simfonik muğamının ifası musiqi axşamının ən çox bəyənilən çıxışlarından olub.

Yubiley konsertinə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə yekun vurulub. Bütün ifalar alqışlarla qarşılanıb.

Növbəti aylarda - ta ki noyabr ayına qədər silsilə tədbirlərlə dahi bəstəkar anılacaq.

Çərşənbə axşamı, 19 Aprel 2022 09:00

Sabirabadda tatixdə ilk dəfə sirk nümayiş olunub

 

Bazar günü  Sabirabad öz tarixində bir ilk yaşayıb. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Arlekin” adlı səyyar sirk ilk dəfə olaraq Sabirabad Rayon Mədəniyyət Mərkəzində balacaların qonağı olub. 

 

Sirkin nümayişlərini izləməyə şəhid və qazi övladları da dəvət edilib. Sirkdə şən klounlar, kəndirbaz, illuziyaçı və akrobatlar müxtəlif nömrələrlə çıxış edib, həmçinin veloşou nümayiş etdirilib.

15-ə yaxın biri-birindən maraqlı, orijinal çıxışlar və nömrələr balacalarda xoş təəssürat yaradıb, onlara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, sirkin nümayişlərində 2500 nəfərə yaxın tamaşaçı iştirak edib.

Düşünürük ki, bu gözəl təcrübə izsiz qalmayacaq, bundan sonra bütün bölgələrimizin qapıları səyyar sirklərə açıq olacaq.

Bazar ertəsi, 18 Aprel 2022 16:51

Xan qızının heykəlini necə təmizlədilər?

 

Bir neçə gündür ki, “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Təmiz heykəl” adlı layihə həyata keçirəcəyini bəyan etməkdə idi. 

 

Bu gün layihəyə Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start verilib. Öncə isə əsl törən keçirilib. 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. 

Bu əlamətdar günün Azərbaycanda da geniş qeyd olunduğunu söyləyən S.Məmmədəliyeva bildirib ki, hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. Bütün bunlar da Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. 

Tədbirdə erməni işğalından zərər çəkən mədəni irsimiz mövzusu da gündəmə gəlib. Qeyd edilib ki, Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və ölkəmiz bu istiqamətdə UNESCO ilə sıx əməkdaşlıq edir. Bu günlə əlaqədar olaraq Azərbaycan azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırıb. Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və digərləri layihənin əhəmiyyəti haqqında danışıblar.

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasından asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

Diqqətə çatdırılıb ki, “Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

“Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşfiq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğuna (Puşkin küçəsi) həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulub.

Bəli, Xan qızının heykəli təmizləndi. Sırada isə digərləridir.

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum işini panel müzakirələrlə davam etdirib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, panel iclaslar “ICOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularına həsr edilib.

Birinci panel iclasda Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının

Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin

aparat rəhbəri Riad Qasımov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal, ICOMOS Türkiyə Milli Komitəsinin üzvü Banu Çelebioğlu çıxış ediblər.

Çıxışlarda ölkəmizin tarix-mədəniyyət abidələrinin beynəlxalq müstəvidə təbliğatı məsələsinə diqqət çəkilib. Bu istiqamətdə Azərbaycanla UNESCO arasında sıx əməkdaşlığın daha da inkişaf etdiyi vurğulanıb. Həmçinin İçərişəhərdə tarixi abidələrin qorunması, bərpa-konservasiyası təcrübəsindən danışılıb. Eləcə də mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin qardaş Türkiyədə tarixi abidələrin qorunması, onların böhranlı vəziyyətlər zamanı idarə olunması təcrübəsindən danışılıb.

 

Xəbər verdiyimiz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu olan “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə fotomarafon keçiriləcək.

 

İçərişəhər ərazisində keçiriləcək fotomarafonun iştirakçılarına məhdud müddət ərzində (telefon və ya kamera vasitəsilə) təyin olunmuş üç mövzu üzrə şəkil çəkmək təklif olunacaq. Çəkilmiş fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, fotomarafonun qalibləri isə sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Fotomarafonda iştirak etmək istəyənlər bu gün saat 14:00-dan 18:00-dək qeydiyyat vərəqələrini Bakı Fotoqrafiya Evindən götürməlidirlər. İştirakçılara çəkdikləri fotoşəkilləri təqdim etmək üçün 4 saat vaxt veriləcək. İştirakçılar mobil telefonlardan və ya peşəkar kameradan (qeydiyyat vərəqəsində qeyd olunmalıdır) istifadə edə bilərlər. Təqdim olunacaq 3 mövzu üzrə hər biri üçün maksimum 3 şəkil təqdim olunmalıdır.

Günün fotosu: Roma Papası Pasxa nitqində Ukraynaya sülh arzulayıb

 

Pasxa bayramı münasibəti ilə Roma şəhərində düzənlənən törəndə Roma Papası görünməyən fəlakətlə üzbəüz qalmış Ukrayna xalqına sülh diləmiş, rusların ağılsız müharibəsini lənətləmişdir.

Foto: Euronews

 

Bu gün Mədəniyyət Nazirliyi olduqca qeyri-adi, kreativ bir layihəyə start verir. Bu gün saat 12-də Xurşidbanu  Natəvanın paytaxtdakı abidəsi üzərində təmizlik işləri aparılacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur. 

Ölkəmizdə hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. Bu il də istisna olmayacaq. Gündəmdə yeni layihə var. 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bu gün Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Təmiz heykəl” adlı layihəyə start verilir.

Nə anlam kəsb edir bu layihə? Layihə çərçivəsində müasir və tarixi memarlıq nümunələrinin vəhdətində özünəməxsus gözəlliyi ilə seçilən paytaxtımızın ərazisində ucaldılmış qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarətedilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulmuşdur.

“Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

“Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əzizə Əliyeva küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşviq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğun (Puşkin küçəsi) kimi şəxsiyyətlərə həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulmuşdur. 

Maraqlı təşəbbüsdür.

Bildiyiniz kimi, illərin toz-torpağı abidəıərim üzərinə çökür, üstəlik, quşlar da onları çirkləndirirlər. Abidələrin təmizliyə çıxması, əlbəttə ki, gərəkli bir prosesdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.