
Super User
“Apokalipsis baş verərsə, mən güvəniləcək biri deyiləm” – günümüzün ən məşhur rejissorlarından olan Roland Emmerixlə müsahibə
Bu günlərdə “Ayın enişi” (Moonfall) filmi ekranlara çıxıb. Filmin rejissoru “Müstəqillik Günü”, “2012” və “Birisigün” kimi ekran əsərlərinin müəllifi, eləcə də Hollivudun apokalipsis üzrə əsas mütəxəssisi Roland Emmerixdir. Onun yeni əl işi Ayın Yerətrafı orbitdən çıxması nəticəsində planetimizi məhv etmək təhlükəsindən bəhs edir. Burada iki astronavt və bir alimdən ibarət komanda bu fəlakəti dayandırmağa çalışır. Filmdə baş rolları Hayli Berri, Patrik Uilson və Donald Sazerlend ifa edib. TASS agentliyi ilə söhbətində Emmerix studiyaların niyə bu layihədən imtina etməsindən, onu pensiyaya çıxmağa məcbur edə biləcək məqamlardan və həqiqətən də qiyamət zamanı nə edəcəyindən danışıb. Maraqlı müsahibəni “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik.
- Belə təəssürat yaranır ki, son vaxtlar yüksək keyfiyyətli, böyük büdcəli və epik fəlakət filmləri demək olar ki, çəkilmir. Pandemiyadan əvvəl kinoteatrları superqəhrəmanlar barədə filmlər “işğal etmişdi” ...
- (Gülür) Bəlkə ona görə ki, bu cür filmləri hələ də təkcə mən çəkirəm? Əslində mənə çox maraqlıdır ki, premyera zamanı nə baş verəcək, tamaşaçılar filmi necə qarşılayacaq, onların fikirləri necə olacaq?
- Çoxlarının fikrincə, istər “Müstəqillik günü”, “Qodzilla”, istərsə də “2012”, və ya “Birisigün” olsun, filmlərinizə dönə-dönə baxmaq olar. Və qəribə də olsa, onlar rahatlıq hissi yaradır. Sizcə, niyə fəlakət filmləri bəzən tamaşaçılara “sakitləşdirici” təsir göstərir?
- Hesab edirəm ki, bütün məsələ ondadır ki, belə filmlərin mərkəzində nisbətən normal insanlar dayanır. Bəli, əlbəttə ki, astronavtlar və sui-qəsd nəzəriyyəçiləri var. Amma yollarında inanılmaz maneələrlə üzləşən tamamilə adi insanlar da var. İndiki halda bu, Ayın Yerə düşməsidir. Lakin hər şey düşündüyümüz kimi deyil. Qəhrəmanlarımız Aya gedirlər, bu prosesi dayandıra biləcəklərini düşünürlər. Amma belə bir səfərə gedərkən evlərini və uşaqlarını tərk etməli olacaqlar. Onlar övladlarının gələcəyi üçün bunu edirlər. Filmimizdəki əhvalat bundan ibarətdir. Filmlərim daha çox, qəribə də olsa, ailə hekayələridir. Bunlar var gücü ilə sağ qalmağa çalışan insan ruhu haqqında əhvalatlardır. Düşünürəm ki, bəzi insanların onlara baxarkən hiss etdiyi “rahatlıq” məhz buradan qaynaqlanır. Üstəlik, bu filmlər çox əyləncəlidir.
- Pandemiya zamanı və özü də belə bir ulduz heyəti ilə film çəkmək necə idi? Aktyorlar arasında Hayli Berri, Patrik Uilson və Donald Sazerlend də var ...
- Çox, çox çətin. Sözün əsl mənasında bir-birimizə yaxınlaşa bilmirdik. Çəkiliş meydançasında hər kəsin öz sahəsi var idi: aktyorların öz sahəsi, çəkiliş qrupunun öz sahəsi. İnsanlar bir-birinə yaxınlaşa bilmirdilər. Bəli, təbii ki, aktyorların saç və qrim ustaları var idi. Amma hamımız məsafə saxlamalı idik. Hətta bir-birimizin yanında otura bilmirdik. Ona görə də daim yüksək səslə danışmalı olurduq. Bu və ya digər səhnəni çəkməzdən əvvəl hamımız böyük bir dairənin içərisində dayanıb indi nə çəkəcəyimizi müzakirə edir və yalnız bundan sonra çəkilişlərə başlayırdıq. Həm də həftə sonları həmkarlarımın heç birini şam yeməyinə dəvət etməyimə icazə vermirdilər. Bir sözlə, əvvəllər çəkiliş zamanı “normal” olanların çoxu indi qeyri-mümkün idi. Ona görə də bu filmi çəkmək mənim digər filmlərimdən çox fərqli idi. Və təbii ki, çətin idi. Biz bütün filmi 61 günə çəkməli olduq. Bu çox çətindir. Koronavirus filmdə çox şeyi “yedi”. Bu, bizə əlavə 5,8 milyon dollara başa gəldi və mən demək olar ki, çəkilişin on günündən imtina etməli oldum.
- Özü də 140 milyon dollarlıq büdcə ilə?
- Bizimki kimi bir filmi çəkdikdə və eyni zamanda bu, müstəqil layihə olduqda, çox vaxt sənin müəyyən məbləğdə pulun olur və heç kim təyin olunan məbləğdən artıq heç nə vermir. Bu zaman əlavə itkilər olarsa maaşınızdan pul tutulacaq və s. Beləliklə də, biz vizual effektlər, redaktə və digər xərcləri qarşılamaq üçün həmin vəsaiti düzgün idarə etməyə çalışırdıq. Hər halda, düşünürəm ki, öhdəsindən gəldik.
- Bəs niyə prinsipcə belə bir epik ekran əsərini müstəqil film kimi çəkməyə qərar verdiniz? Siz nəyi sübut etmək istəyirdiniz? Kino sənayesinə göndəriləcək mesaj nə idi?
- Yox, yox... İş ondadır ki, kinostudiyalar belə filmlər çəkməkdən çəkinirlər. Onlar üçün bu, böyük riskdir. Müstəqil layihə ilə bağlı maraqlı cəhət ondan ibarətdir ki, potensial qazanc, yaxud da maddi zərər riski 120 və ya 130 ölkə arasında bölünür. Mənə elə gəlirdi ki, bütün dünya üçün film çəkirəm. Bəlkə kimsə ondan pul qazanacaq, bəlkə kimsə pul itirəcək. Mənə elə gəlir ki, gələcəkdə bu, məzh belə işləyəcək. Fakt odur ki, bu gün studiyalar belə layihələri qəbul etməkdən çox çəkinirlər.
- Görəsən niyə?
- Bəli, həqiqətən çox maraqlıdır. Studiyalar bu cür layihələrə meylli deyillər. Çünki onlar orijinal ideyaya uyğun yaradılıblar. Təbii ki, istisnalar var. Məlum məsələdir ki, Stiven Spilberq kimi biri nə istəsə, edə bilər. Mən başa düşmürəm ki, niyə bu gün işlər belə gedir.
- Bu fenomeni nə vaxt görməyə başladınız?
- İki-üç, bəlkə də dörd-beş il əvvəl.
- Yəni superqəhrəman filmlərinin populyarlığı işlərin gedişinə bu qədər təsir edib?
-Mən belə düşünmürəm, bəlkə də müəyyən qədər. Əslində superqəhrəman filmləri çox əvvəllər də məşhur idi. Onlar başqa filmlərdə edilən hər şeyi özlərinə götürürdülər. Sonra bunun üzərinə onlayn xidmətlər də gəldi. Və məhz bu, fikrimcə, hazırki vəziyyətə gətirib çıxardı. Onlayn xidmətlər üçün çəkiliş apardığınız zaman çox pul xərcləyə bilərsiniz. Amma filmimin premyerasının onlayn olmasını istəmirəm. Mən təqaüdə çıxmağı üstün tuturam. Hər şey çox sadədir - erkən pensiyaya çıxacağam! (Gülür.)
- Ümid edirik ki, bu baş verməyəcək. Filmləriniz həqiqətən böyük ekran üçün çəkilib. Özü də ekran nə qədər böyük olsa, bir o qədər yaxşıdır!
- Bəli, məhz belədir! Mən kinoteatrda filmlərə baxaraq böyümüşəm. Mənim bundan xoşum gəlir. Niyə belə filmlərə televizorda və ya kompüter ekranında baxmalıyam
- Bəs fəlakət filmlərinə marağınız necə yarandı?
- Məktəbdə oxuyanda “Üçüncü dərəcəli yaxın əlaqələr” filminə baxırdım. Bu filmə baxanda anladım ki, məhz belə bir film çəkmək istəyirəm. Filmin mərkəzində çox sadə personajlar vardı. Onlardan biri elektrik ustası idi. Bu hekayə adi bir insan haqqındadır. Amma hekayənin sonunda o, qəhrəmana çevrilir. Mənə maraqlı gəldi. Bir neçə il bu barədə düşündüm. Sonra “Müstəqillik günü”nü çəkdim. Mənə elə gəlir ki, bu film gələcəkdə çəkdiyim bu cür filmlər üçün bir növ model, əsas oldu.
- Deməli, fəlakət filmlərinizin çəkiliş formulu budur?
- Belə də demək olar. Düşünürəm ki, “Müstəqillik Günü” bir çox superqəhrəman filmlərinə təsir edib, onların oxşar cəhətləri var. Eyni zamanda super qəhrəmanları tam başa düşdüyümü də deyə bilmərəm. Mənim üçün onlar axmaq geyimli insanların izdihamıdır və buna görə də bir növ fəlakət filmləri çəkməyə üstünlük verirəm. Mənim çəkdiyim hər filmin öz aspekti var. Bu, yadplanetlilərin işğalı (“Müstəqillik Günü”), iqlim dəyişikliyi (“Birisigün”), Nuhun gəmisi haqqında böyük bir film (“2012”) ola bilər. İndiki filmim isə bir növ insanlığın mənşəyi barədədir: Haradan gəldik, kimik və hara gedəcəyik kimi suallar yeni filmimin qayəsidir.
- Deməli, fəlakət filmlərinin çəkiliş formulu bir növ ekzistensial böhrandır?
- Müəyyən mənada bəli.
- Bəs “Ayın enişi”nin ideyası necə yarandı?
-Bəzən ideyalar oxuduğum kitablardan gəlir. Ədəbiyyat məni çox ruhlandırır. Bu, bir növ ssenaridir. İki ingilis yazıçısının (Alan Batler və Kristofer Nayt) “Ayın sirri. Gecə işığını kim yandırdı?” kitabı var. Kitabın ideyalarından biri də Ayın süni olmasıdır. Bu fikir məni ruhlandırdı və Ay “söndürülsə”, düşməyə başlasa, nə baş verəcəyini düşünməyə başladım. İnsanlar oraya gedib planeti xilas edə bilərlərmi? Hər şey belə başladı. Bir neçə il bu barədə düşündüm və sonra filmin ideyasını hissə-hissə bir yerə toplamağa başladım.
- Filmdəki personajlardan biri də hər kəsi yaxınlaşan təhlükə barədə xəbərdar etməyə çalışan alimdir. Lakin heç kim ona inanmır. Demək olar ki, hər belə filmdə insanların inanmadıqları bir alim tipi var ...
- Əlbəttə. Axı burada hər şey real həyatdakı kimidir.
- Bu fikir pandemiyadan əvvəl ağlınıza gəldi?
- Yox, yox, həmişə problemi qabaqcadan görən astronavt və ya alim olur, amma heç kim onlara inanmır. Bizdə isə qəhrəman problemi görür, buna reaksiya verir, lakin ona inanmırlar və sonda hətta onu işdən də çıxarırlar. Az qala bütün karyerası məhv olur. Lakin yekunda o, haqlı çıxır və elektronikanı, kosmik gəminin necə işlədiyini xırdalıqlarına kimi bildiyi üçün Aya uçmağı bacaran oğlana çevrilir. Məsələ ondadır ki, süjetin mərkəzində həmişə qəhrəmana çevrilən və Yer kürəsini xilas edən bir nəfər olur.
- Nəhayət, söhbətimizi optimist notlarla bitirək. Filmlərinizdən birinin süjeti reallaşsa, reaksiyanız necə olardı?
-Ağlayardım. (Gülür) Mən mütləq ağlayardım, başımı qumda gizlədərdim. Heç bilmirəm. Maraqlı sualdır. Bir az qorxaq adamam. Düzünü desəm, ən cəsarətli oğlan deyiləm. Bəli, mən belə filmlər çəkməyi yaxşı bacarıram. Amma bu reallaşarsa, mən güvəniləcək biri deyiləm.
Frank Peşe vəfat edib
Dünyaşöhrətli amerikalı aktyor Frank Peşe 74 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalə Qazeta.ru-ya istinadən bildirir ki, Frank Peşe Hollivudda təkcə aktyor kimi yox, ssenari müəllifi, prodüser kimi də tanınırdı. .
O, "Rokki", "Qırmızı xaç", "Yollar cəngavəri" kimi məşhur filmlərdə rol almışdı.
“Savva Morozov” filminin Azərbaycanda ilk nümayişi olub
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Rusiya və Azərbaycan rejissoru Oleq Səfərəliyevin “Savva Morozov” filmi nümayiş etdirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildirilib ki, nümayişi “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan film rus sahibkarı, mesenat və xeyriyyəçi Savva Morozovun 160 illiyinə həsr edilib.
XX əsrin əvvəllərində Moskva tacirləri təbəqəsinin parlaq nümayəndələri 25 ailədən ibarət idi. Onlardan yeddisi Morozovlar soyadını daşıyırdı. Ən iri çit fabrikinin sahibi Savva Timofeyeviç Morozov bu siyahıda ən adlı-sanlı hesab olunurdu.
Morozov xeyriyyəçi idi, bütün Rusiya onu tanıyırdı. O, fəhlələr üçün xəstəxanalar və evlər tikir, Moskva Bədii Teatrının tikintisini və inkişafını maliyyələşdirirdi. Hətta Moskva Bədii Teatrının 10 illiyinə həsr olunmuş döş nişanında Morozovun portreti teatrın təsisçiləri Konstantin Stanislavski və Vladimir Nemiroviç-Dançenkonun təsvirləri ilə birgə həkk edilib.
Qətərdə Azərbaycan guşəsinin açılış mərasimi keçirilib
Qətər Dövlətinin dünyaca məşhur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan guşəsinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə Şeyx Faysal muzeyinin qurucusu bin Qassim Al Tani, Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, Qətər ictimaiyyətinin nümayəndələri, Qətərdə yaşayan Azərbaycanlılar və mətbuat nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açmış və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulayıb. Səfir qeyd edib ki, dünyanın tanınmış Şeyx Faysal muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir.
Səfir yaradılmış bu şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponatları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd edib. Daha sonra səfir və Faysal muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan guşəsinin açılışını bildirən rəmzi lenti kəsmiş və qonaqlarla birlikdə eksponatlara baxış keçiriblər. Burada sərgilənən məlumatlar və eksponatları özündə əks etdirən guşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəsürat yaradıb. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponanları maraqla izləyiblər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.
Şair Ənvər Əhməd vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd bu gün - fevralın 17-də vəfat edib.
Ənvər Əhməd (Əhmədov Ənvər Misir oğlu) 1943-cü ilin 8 avqustunda Ağcabədidə dünyaya göz açmışdı.
Şair, tərcüməçi, ədəbiyyatşünas kimi tanınırdı. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru(2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001) idi.
Allah rəhmət eləsin!
“Mənəviyyat çeşməsi”ndə Azərbaycan guşəsi
Özbəkistanın “Mənəviyyat çeşməsi” qəzetində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla müsahibə verilib.
AzərTAC xəbər verir ki, şair və tərcüməçi Gulzira Şaripovanın hazırladığı müsahibədə Özbəkistan-Azərbaycan dostluğu, şair və yazıçılarımızın yaradıcılıq əlaqələri, AMM-in fəaliyyəti, keçirilən tədbirlər, indiyədək çap edilən kitablar, Özbəkistanın Daşkənd, Səmərqənd, Fərqanə, Namanqan, Sırdərya, Xarəzm vilayətlərində və Qaraqalpaqstan Respublikasında keçirilən Azərbaycan mədəniyyəti günləri haqqında məlumat yer alıb.
Müsahibədə ötən il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi İli” keçirildiyi bildirilir, bununla bağlı ölkəmizdə və dünyada baş tutan tədbirlər haqqında söhbət açılır.
Qeyd olunur ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə tam olaraq özbək dilinə tərcümə edilib. Bildirilir ki, 2021-ci ildə Nizami Gəncəvinin 880, özbək şairi Əlişir Nəvainin 580 illik yubileyi Özbəkistanda, Azərbaycanda, türk dünyasında və Şərq ölkələrində yüksək səviyyədə qeyd olunub.
Qəzetdə Gulzira Şaripovanın tərcüməsində Azərbaycan şairləri İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə və Ayaz Arabaçının şeirləri də çap edilib.
Bu gün Sumqayıt şəhərində mədəniyyət forumu keçiriləcək
Bu gün Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərinin mədəni həyatı - yeni çağırışlar və perspektivlər” mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olacaq.
Son dövrlərdə Sumqayıt şəhərinin mədəni həyatında bir canlanma hiss olunur, bu sahədə kreativlik, yeni yanaşma tərzi öz sözünü deməkdədir. Pandemiyanın məhdudiyyətləri şəraitində yaranmış çətinliklərə baxmayaraq mədəniyyət sahəsi inkişafdan qalmır, teatr premyeraları, kitab yarmarkaları, rəsm sərgiləri, müxtəlif prezentasiyalar, müsabiqələr, virtual platformalarda forum və müzakirələr keçirilir, sosial mediada tanınmış sumqayıtlılar barədə tanıtım çarxları çəkilib nümayiş etdirilir. Hətta bu arada şəhərdə yeni kukla teatrı da yaranıb.
Daha nələr etmək olar ki, sumqayıtlıların, xüsusən şəhər gənclərinin asudə vaxtları dəyərli keçsin, onların mədəni səviyyəsi yüksək qalsın? Bu mövzu dinləmə-müzakirələrin əsas xəttini təşkil edəcək.
Sabah bugünkündən bir addım öndə olmaq - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəaliyyət prinsipini qısaca olaraq bu postulatla ifadə etmək olar. Sumqayıt mədəniyyət forumu da bu prinsipin daha bir təzahürü olacaq.
Günün fotosu: Ukraynada rus ordusunun geri çəkilməsi coşğu ilə qarşılanıb
Günün fotosu:
Ukraynada rus ordusunun geri çəkilməsi coşğu ilə qarşılanıb
Krımda cəmləşmiş rus ordusunun geri çəkilməsi xəbəri Ukraynada coşğu ilə qarşılanıb, Ukrayna prezidenti Volodimir Zelenski 16 fevral tarixini Birləşmə günü elan edib. Qərbi KİV məhz 16 fevral tarixində rusların hücum edəcəklərini proqnozlaşdırırdı. Halbuki həmin gün ruslar geri çəkildilər.
Foto: Euronews
“Fokus” kino jurnalının 10-cu sayı nəşr olunub
Kino peşəkarlarının və kinosevərlərin maraqla izlədiyi peşəkar nəşrlərdən olan “Fokus” analitik kino jurnalı növbəti - 10-cu nömrəsilə oxucularının görüşünə gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı Qafqazda çap formatında dərc edilən yeganə analitik kino dərgisidir.
Jurnalın 10-cu nömrəsinin nəşri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Gənc Film İstehsalçıları Assosiasiyası ilə Mədəniyyət Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, Nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək. Eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə maliyyə və təşkilatı dəstək verib.
Bu nömrədə jurnal ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı ilə yanaşı yeni müəlliflər - Qismət Rüstəmov, Hacı Səfərovla da əməkdaşlıq edib. Jurnal yeni müəlliflər də cəlb etmək, yeni kinoşünaslar nəsli yetişdirmək əzmindədir.
Jurnalın redaktoru Əli İsa Cabbarovun “Ön söz”də bildirdiyinə görə, 10-cu nömrənin ana məqsədi “Kinomuz haradadır?” və “Kinomuz hara gedir?” suallarına cavab tapmaqdır. Bu səbəbdən dramaturq Cəfər Cabbarlının “Litеraturnaya qazеta”nın 1930-cu il 20 iyun tarixli 30(67)-cu nömrəsində çap olunan “Hara gedir Azərkino” adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib. Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov və Rüfət Həsənov nömrənin əsas qəhrəmanlarıdır. Bununla yanaşı, Rüstəm İbrahimbəyovdan və məşhur ssenari təlimçisi Kristofer Voqlerdən də məqalələr dərgidə yer alıb. Kinooperator Orxan Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr bu buraxılışın maraqlı yazılarındandır.
Jurnalı nəşr edən Gənc Fİlm İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarov deyib: “Prosesləri analiz etmədən heç bir sahədə irəliləyiş əldə etmək olmaz. “Fokus”un ana missiyasını bunda görürük”.
Əli İsa Cabbarov jurnalın nəşrinin bərpasının Mədəniyyət Nazirliyində baş verən müsbət dəyişikliklərlə bağlı olduğunu söyləyib.