Super User

Super User

 

Azərbaycanın xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Golden FEMİ Film Festival" adlanan Beynəlxalq film festivalının "tammetrajlı bədii filmdə ən yaxşı rola görə" nominasiyasında qızıl heykəlciyə layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Sabir Məmmədova istinadən məlumat verir. 

 

Ümumilikdə festivala dünyanın 500 ölkəsindən 63-dən çox sifariş göndərilib. Golden FEMİ - təşkilatçıları tərəfindən incəsənət, elm, memarlıq, dizayn, müasir texnologiyalar, ekoloji sahə və müasir insanın həyatının digər aktual təcrübələri arasında qarşılıqlı əlaqələri əks etdirən qeyri-nümunəvi filmlərin və vizual əsərlərin üzə çıxarılmasına yönəlmiş innovasiya tədbiri kimi elan edilib. Festivalın təşkilatçıları gender bərabərliyi və sosial ədalət, ictimai dialoqun yaradılması, kinematoqrafın və audiovizual incəsənətin müxtəlif ictimai qruplar üçün əlçatanlığı və demokratikliyi şəraitinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirirlər.

 

Sabir Məmmədova uğur gətirən film isə “Edam günü” filmi olub. 

“Çox təəssüf ki, biz iş qrafikinə görə mükafatlandırma mərasimində iştirak edə bilməmişik. Fəaliyyətimizi yüksək qiymətləndirdiyinə, sevimli aktyorumuz Sabir Məmmədovu mükafatla təltif etdiyinə görə təşkilatçılara səmimi təşəkkürümüzü bildiririk", - deyə filmin rejissoru Cəlaləddin Qasımov “Trend” agentliyinə açıqlamasında qeyd edib.

 

1 saat 37 dəqiqəlik “Edam günü" filmi Cəlaləddin Qasımovun öz tarixi-detektiv romanı əsasında çəkdiyi və real hadisələrə əsaslanan filmidir. Əsərdə filmin rejissoru polisdə 18 illik iş təcrübəsinə malik qəhrəmanın (Sabir Məmmədov canlandırır) obrazını təqdim edib, keçmiş məhbusların və Sovet dövründə Bayıl həbsxanasının əməkdaşlarının xatirələrindən istifadə etməklə maraqlı süjet xətti qurub. Psixoloji triller SSRİ-nin son illərində baş verən başgicəlləndirici hadisələrdən bəhs edir, kamerada məhkumun həyatındakı həyəcanlı anları nümayiş etdirir, baş verən ziddiyyətlər kontekstində qəhrəmanların xarakterik xüsusiyyətlərini açır.

Film 2016-2018-ci illərdə lentə alınıb. Qeyd etdiyimiz kimi, quruluşçu rejissoru və ssenari müəllifi, üstəlik də Baş prodüseri Cəlaləddin Qasımov olan və baş rolda Sabir Məmmədov çəkilən filmdə rejissor Elşən Heydərov, quruluşçu operator Mehdi Yaqubov da yer almışlar. Montajcı Elnur Tarverdiyevdir. Rollarda həmçinin

Rövşən Kərimduxt, Məmməd Əliyev, Nazim Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və başqaları çəkiliblər.

Kinomuz adına bir uğurdur, yaradıcı heyəti təbrik edirik. 

 

Şəkildə: Filmdən fraqment

 

“Space” televiziyasında Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb. AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“Space” televiziyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyində və tarixində yeni bir dövr başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi. 

O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ulu Öndərin adı ilə bağlı olduğunu deyib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən natiq Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Sərgi ilə bağlı məlumat verən M.Hətəmov deyib: “Bu sərgini təşkil etməkdə əsas məqsədimiz əsgər və zabitlərimizin, qazi və şəhidlərimizin qəhrəmanlıqlarını daim yüksəkdə tutmaq və hər zaman gənc nəsillərə ötürməkdir. Hər yazı bir tarixdir. Bu şanlı tarixə şahid olmaq üçün isə bizə 30 il zaman gərək oldu. 30 ildən sonra Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun, həmçinin bu sərgidə imzası olan şəhidlərimizin, qazilərimizin iştirakı ilə qələbəmizi təmin etdik. Bu gün Qurtuluş Gününə həsr olunmuş bu sərgi qalib xalqın, qalib ordunun sərgisidir. Yeri gəlmişkən ilk dəfədir ki, Qurtuluş Gününü Ali Baş Komandanımız İlham Əliyevin apardığı qətiyyətli mübarizə nəticəsində işğalsız Azərbaycanda keçiririk. Hər birimiz hər zaman Qurtuluş Günündə özümüzə hesabat verməli, birliyimizi qorumalıyıq. Bugünkü tədbirimizin qayəsində məhz bu amil dayanır. Ali Baş Komandanımız başda olmaqla ordumuzun əldə etdiyi bu qələbənin hər məqamını unutmamalıyıq”. 

Sonra Aprel döyüşlərinin şəhidi Raqıf Orucovun həyat yoldaşı, “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurverici və sevindirici olduğunu söyləyərək belə tədbirlərin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında böyük rol oynadığını söyləyib. 

Azərbaycanda şəhid ailələrinə və qazilərə çox böyük diqqət və qayğı göstərildiyini vurğulayan Milli Məclisin deputatı Arzu Nağıyev bu istiqamətdə işlərin davamlı olaraq həyata keçirildiyini bildirib.

“Bugünkü sərginin keçirilməsi çox təqdirəlayiqdir və məqsəd qəhrəman şəhidlərimizin, qazilərimizin Qarabağımızda yazdıqları yazıları tarixləşdirməkdir”, -deyə Milli Məclisin deputatı vurğulayıb. 

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan tədbirin önəmindən danışaraq şəhidlərimizin ruhuna rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb. 

Xalq artisti Mənsum İbrahimov Qarabağımızın azad olmasının qürurverici bir hiss olduğunu vurğulayıb. O bildirib ki, artıq bu gün Qarabağda silah səsi yox, muğam səsi eşidilir. 

İkinci Qarabağ müharibəsinin iştirakçıları da tədbirdə böyük təəssüratlarını bölüşüb, döyüş yoldaşlarının mübarizliyini əks etdirən belə tədbirlərin təşkilini yüksək qiymətləndiriblər. 

Sonda şəhid və qazilərin yazılarından ibarət fotosərgiyə baxış keçirilib. Sərgidə Suqovuşanın, Şuşanın azad olunması zamanı şəhid döyüşçülərimizin, qazilərimizin savaş dövründə divarlara əks etdirdikləri yazıların, avtoqrafların fotoları nümayiş etdirilib.

 

 

İnvestorlar pullarını iqtisadiyyata yox, mədəniyyətə yönəldə bilərlər

 

İsveçrədə ən iri müasir incəsənət yarmarkası - Art-Bazel təntənəli sürətdə açıldı. Bu sərgidə dünyanın qırx ölkəsindən 289 qalereya iştirak edir. Əgər iki il əvvəl yarmarka bütünlüklə onlayn rejimdə keçirilirdisə, keçən il ümumiyyətlə təxirə salınmışdısa, bu il sərgi pandemiyayaqdərki dövrdəki vüsətlə açılıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

Maraqlı bir tendensiya: 2020-ci ildə incəsənət əsərlərinin satışı 22% aşağı düşmüşdür. 2021-ci ildə onlar yenidən 29% qalxmışdır, mütləq dəyərlərdə bu 65 milyard dollardan da çox artım deməkdir. 

Bu il yarmarkanın təşkilatçıları düşən fond bazarının və artan inflyasiyanın fonunda investorların kapital qoyuluşunun təhlükəsiz bir yolu kimi incəsənəti nəzərdən keçirəcəklərinə ümid edirlər.

 

"Fond bazarında fəal fəaliyyət göstərən insanlar incəsənət əsərlərinin satın alınmasına inanın ki, ehtiyac duyurlar, - SFA Advisory şirkətinin təsisçisi və rəhbəri Liza Şiff bunu əminliklə söyləyir. - Səhmlər ucuzdur, investisiya üçün indi onları satmaq istəmirlər. Lakin inflyasiya haqqında daimi söhbətlər olsa belə, həqiqətən inflyasiya rəqəmi artsa belə art məhsulların satışında  düşüş görünmür. Mənim fikrimcə, qloballaşma elə böyük incəsənət toplayıcıları bazarı yaradıb ki, hətta kimsə təmkin göstərsə belə, başqaları bu bazarda fəallıqla at çapırlar".

 

Bəli, hazırkı kataklizmlər - siyasi təbəllüatlar və iqtisadi tənəzzüllər dövründə qızıla, platinə, misə, neftə birjada pul qoymaqdansa incəsənət şedevrlərinə pul qoymaq daha ağlabatan görünür. 

Sonda onu da deyək ki, Bazeldə ilk iki gün ərzində yarmarkaya yalnız peşəkar kolleksionerlər buraxılırsa da, iyunun 16-dan 19-dək bütün sənətsevərlər üçün qapılar açıq olacaq.

 

Şəkildə: Art-Bazel-dən bir görüntü. Folkert de Yonqun “Atəş” heykəltəraşlıq qrupu.

Günün fotosu: Arnold Şvartsenegger Rusiyanı boykota çağırıb

 

Dünyaşöhrətli aktyor Arnold Şvartsenegger dünya ölkələrini mümkün qədər tez Rusiyadan yanacaq resursları almaqdan imtina etməyə çağırıb. O, bu resursların həm də iqlim üçün təhkükə törətdiyinə diqqət çəkib, alternativ enerji daşıyıcılarına keçidi vacib sayıb. 

Amerikalı aktyor və siyasətçi bu çıxışını Vyanada keçirilən iqlim Sammitində edib — bu tədbir onun təşəbbüsü ilə artıq bir neçə ildir keçirilir.

 

Foto: Euronews

Böyük rezonans yaratmış SilkWay Ədəbiyyat Festivalının daha bir finalçısı Aypara Ayxandır. Aypara Ayxan - Mehmanova Aypara Murtuza qızı Sumqayıt şəhərində doğulub, 37 yaşı var. Həm gözəl rəssamdır, həm də gözəl şeirlər müəllifidir. İndiyədək "Mutasiya" adlı şeirlər kitabının işıq üzü görməsinə sevinməyə macal tapıb.

“Ədəbiyyat və incəsənət” portalı Aypara Ayxanı finala daşıyan şeirləri oxucularına təqdim edir.

 

 

AYRILIĞIN TƏRİFİ

 

Yenə asi ürəyim savaş açıb qədərə,

Tanrı məni əfv etsin, yenə üzünə ağam.

Gecəylə, gündüzlə də ulduzumuz barışmır

Yenə zamanla düşmən, yenə qanlı bıçağam.

 

Görən nə qədər keçib ayrılığın üstündən

İflic olub divarda saatın əqrəbləri.

Bayaq qınadı məni masamda kağız-qələm,

Bir də məzəmmət ilə süzdü yuxu həbləri.

 

Durub şəhərə çıxdım, fikrim dağılsın deyə,

Neçə yolu, cığırı bir-birinə caladım.

Saymadım neçə dəfə xatirənə ilişdim,

Neçə dəfə adını ard-arda təkrarladım.

 

Düyünlər boğazıma yığıldı qalaq-qalaq,

Toplayıb ordusunu qəhər üstümə gəldi.

Maşınlar, avtobuslar, piyada keçidləri

Mağazalar, binalar, şəhər üstümə gəldi.

 

Bilmədim bu nisgildən harda qaçıb gizlənim

Haranın daşın salım ürəyimin başına.

Ayrılığı bu qədər amansız bilməzdim mən

Qəfil tutulmasaydım sənsizlik yağışına

 

Hər gün dodaqlarımda sükutun cazibəsi,

Gözlərim üfüqlərdə dolanır veyil-veyil.

Bu darıxmaq başqadı, bu həsrət tamam başqa

Bu ağrının tərifi bildiyin kimi deyil...

 

 

NEYTRAL ZONA 

 

Sevinclərimə ortaq,

hüznlərimə tən bilmişdim səni...

Ürəyim ürəyinə baş qoyandan 

Vətən bilmişdim səni...

Sən demə 

güvəndiyim dağın başı büsbütün qarmış,

Sən demə 

qədərdə Vətəndə qürbətçi olmaq da varmış...

Sahib çıxmaq istəmədiyin ürəyə daha 

Bədəl ödətdirirsən bahadan baha...

Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi

Bu laqeydlik hər gün bizi yeyir, bitirir.

Neytral zonada qalmış yaralı əsgər kimi

İndi mənim hislərim durmadan qan itirir.

Saniyə-saniyə soyuyuram, biləsən,

Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı

Amma qorxma,

son nəfəsində belə sənə "Vətən" deyəcək

Deyəcək ki, baxıb sevinməsin yağı...

 

 

TAPMACA ADAM

 

Yeni kəşf edilmiş planeti öyrənmək qədər müşküldür səni tanımaq

Qürurdan hördüyün Çin səddi arxasında gizlənən tapmaca adam.

Nə sevdiyin bəlli, nə sevmədiyin

Yorulmuşam sənin gizlənqaç oyununda yuman tərəf olmaqdan.

Həyatımda bir varsan, bir yoxsan,

Bir çoxsan, bir azsan,

Qısacası Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.

Get-gəllərindən yollar da əzbərləyib addımlarını,

Aristokratlığını itirib əlvidaların.

Salamların hər dəfə xəcalət təri tökur dilinin ucunda.

İndi savaş meydanını xatırladır

sualların hücumuna məruz qalmış beynim.

“Sevir sevmir”lərimlə bezdirdiyim çobanyastıqları

qürur dərsi keçir mənə

Çox dəfə ürəyini bəlkə oxuya bildim

ümidiylə gozlərimi gözlərinə dikirəm

Axı mən xəstəyəm 

Həkim demişdi sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm.

Hər dəfə balıq səssizliyi ilə susursan,

Hər dəfə lal baxır gözlərin.

Barı qolların danışsın arada,

Barı onlar itirməsin danışmaq vərdişini,

Bərk-bərk sıxsınlar məni köksünə 

Bəlkə heç sabah olmadım.

Düz demirəm, nə bilmək olar axı həyatın işini?

 

 

MUTASİYA

 

Deməliyəm ki, heç nə bir anda yaranmır

amma hər şey bir anda məhv ola bilir.

Dünya özü də yeddi gündə yarandı,

Qiyamət özü də bir anda qopacaq

Və o gün 

bütun yaxşıları yaxşılar,

bütün pisləri pislər tapacaq.

Səninsə Qiyamətin mənim ürəyimdə qopdu

Dünyamın mərkəzi deyilsən daha.

Ətrafında dönmür artıq kainat.

İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan

Demişdim axı çox da özunə güvənmə

Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,

Sultanı oldugun taxtın da devrildi...

Sayəndə DNT-si də dəyişdi duyğularımın

Sevgim mutasiyaya ugrayaraq nifrətə çevrildi.

 

 

GETDİN

 

Getdin, ruhuma əsdi yenə soyuq küləklər,

Heç nəyə yaramayan quruca nəfəs oldum.

Getdin, intihar etdi qəmzəmdə kəpənəklər

Ve getdin, içimdəki quşlara qəfəs oldum.

 

Yenə qəlbim soyundu xoşbəxtlik libasını.

Saatlar yavaşıdı, zaman sanki süst oldu

Duyunca ayrılığın sarsıdan təmasını

Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu

 

Yenə gözlənilmədən yoxluğuna uğradım

Və alnımda qırışlar günbəgün cərgə saldı

Yenə barmaq ucumdan saçımacan ağrıdım

Ve yenə gözlərimdə kədər düşərgə saldı.

 

Indi ömrümdə yoxsan, bitsə də sənli anlar

Xatirələr hələ də təzədirlər, tərdirlər.

Nə xoşbəxtdirlər indi səni görən insanlar

Çiynindəki mələklər necə bəxtəvərdilər. 

“Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlirik”.

 

Bu barədə APA agentliyinə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.

Qeyd edilib ki, Xalq artisti Rasim Balayevin sədr seçilməyinin illərdir, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanması başadüşüləndir: “Başqa tərəfdən isə, bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızın inkişafına heç bir xeyir gətirməyəcək. Gələn il yaranmasının 60 illiyini qeyd edəcək AKİ üzvü olub-olmamasından asılı olmayaraq, bütün həmkarlarımıza hörmətlə yanaşır”.

Məlumatda AKİ sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirmək olduğu diqqətə çatdırılıb.

“Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxış olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq”, - məlumatda vurğulanıb.

 

T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                     

Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il 

 

 

T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                       

Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə Tofiq İbrahim oğlu Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il

Çərşənbə, 15 İyun 2022 11:00

Bu gün Milli Qurtuluş Günüdür

 

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə  “15 İyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək bildirib ki, Azərbaycan üçün çox tarixi əhəmiyyətli bir gün – Milli Qurtuluş Günüdür. Direktor qeyd edib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Belə ki, həmin dönəmdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən qurtarmışdır. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi.

Direktor qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini, onun həyat məktəbini keçmiş bir şəxsiyyəti hörmətli Prezidentimiz İlham Əliyevi özündən sonra xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Və bizim şahidi olduğumuz tarix bunu bir daha sübut etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb və cənab Prezidentimiz Azərbaycanı böyük uğurlara çatdırıb və 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsi hesab oluna bilər. Çıxışının sonunda K.Tahirov vurğulayıb ki, müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək ilk öncə Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edib. O, bildirib ki, Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Biz Ulu Öndərimizin Azərbaycan xalqı, ölkəmiz üçün gördüyü xidmətləri sadalamaqla bitirə bilmərik. Ümummilli liderimizin ən böyük xidmətlərindən biri də cənab Prezidentimiz İlham Əliyevi Azərbaycan xalqına ərməğan etməsi olmuşdur. Və bu gün Azərbaycan cənab Prezidentimizin rəhbərliyi altında müstəqil dövlət kimi dünyada tanınır.  A.Marifli çıxışının sonunda qeyd edib ki, Azərbaycan xalqı çox şanslı xalqdır, ona görə ki, onun Heydər Əliyev kimi bir Ümummilli lideri və İlham Əliyev kimi cənab Prezidenti var.

Tədbir zamanı “15 İyun – Milli Qurtuluş Günü” (http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html) adlı virtual sərgi iştirakçılara təqdim olunub.

Sonda iştirakçılar “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan tarixini, eləcə də Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunub.

Gənc istedadların yetişməsində xüsusi xidmətləri olan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu günlərdə 30 illik yubileyini təntənəli şəkildə qeyd etmişdir.

 

Gənc nəslin formalaşmasında, uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan kollektiv cari ilin 21 iyun tarixində “Şuşa İli” çərçivəsində öz yubileyini Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Şuşa, biz gəldik” adlı konsert proqramı ilə qeyd edəcəkdir.

 

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.

 

Görüş zamanı ölkələrimiz arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinin və bu sahədə olan əməkdaşlığın vacibliyi vurğulanıb.

A.Kərimov işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında Qətər dövlətinin təcrübəsindən faydalanmağın mühümlüyündən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. A. Kərimov Qətəri də bu qlobal çağırışa qoşulmağa dəvət edib. 

Görüşdən məmnunluğunu ifadə edən Abdullah Al-Hanzab ölkələrimiz arasında hümanitar və mədəni əməkdaşlıq məsələlərinə toxunub. Həmçinin Anar Kərimovu Qətər dövlətinə rəsmi səfərə dəvət edib.

Görüş tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.