
Super User
Ən sevdiyi reportajı atası və nənəsi ilə birlikdə Kəlbəcəri ziyarət etməsi olub
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Növbəti dəfə ölkəmizdə “Gənclər günü” qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə hər il olduğu kimi yenə də bir qrup gənci mükafatlandırdı.
2020-ci il sentyabrın 27-də başlanan və böyük qələbəmizlə başa çatan 44 günlük Şanlı Vətən Müharibəsindən sonra Azərbaycan gənclərinin özlərinə inamı daha da artdı. Bunu gənc jurnalist, AzərTAC-ın Video informasiya şöbəsinin əməkdaşı Fərid Səlimovla söhbətimizdə bir daha hiss elədim.
Jurnalist olmağı arzulayırdım
Fərid İlham oğlu Səlimov əslən Kəlbəcər rayonundandır. O, 2002-ci il aprelin 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Laçın rayon 15 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. Onun ailəsi Kəlbəcər rayonunun Çıraq kəndindən keçmiş məcburi köçkündür. Fərid deyir ki, məktəbdə sinif yoldaşlarının çoxu məcburi köçkün idi. Onlar yay tətilini baba evində keçirə bilməyən bir nəsil kimi böyüyüblər. Amma o inanırdı ki, bir gün doğma yurduna – Kəlbəcərə qayıdacaq... Fərid deyir ki, həmişə məktəbdən evə qayıdanda çalışırdım, elə edirdim ki, televiziyada axşam xəbərlərini izləyə bilim. Bu vərdişim mənim gözümdə əlində mikrafon xəbər çatdıran jurnalistləri qəhrəmana çevirmişdi, böyüyüb jurnalist olmağı arzulayırdım. Ali məktəbə qəbul zamanı Sumqayıt Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) fakultəsinə qəbul olundum. Birinci kursu başa vurmamış qərar verdim ki, mən mütləq jurnalist olmalıyam. Ona görə də, elə ilk kursun sonunda Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin jurnalistika (tədris ingilis dili) ixtisasına qəbul olundum. Artıq bütün daşlar yerinə otururdu elə bil, dərslər mənə daha maraqlı gəlirdi.
AZTV-də sevdiyin işin çətinlikləri ilə tanış oldum
3-cü kursda oxuyanda Azərbaycan Televiziyasında ilk təcrübəyə başladım. O zaman AZTV-də “Çıxışa doğru” adlı bir veriliş yayımlanırdı. O veriliş üçün müxbirlik edirdim. Həmin vaxtlar mənə çox maraqlı gələn sahənin çətinlikləri ilə tanış oldum. İlk çəkilişim bugünkü kimi yadımdadır. Həmin gün Elmlər Akademiyasının qarşısında insanlarla sorğu aparmalıydım. Mikrafonu görənlər elə qaçırdı ki, bizdən. Amma çətin olsa da o gün verilən tapşırığı yerinə yetirdim. 9 aylıq təcrübə dövründə dövlət televiziyamız olan AZTV-dən çox şey öyrəndim. “Jurnalist kimdir?”, “ Necə maraqlı mövzu tapmaq olar?”, “Xəbərin doğruluğunu necə bilməliyik?” kimi sualların cavabını qismən də olsa öyrəndim.
AzərTAC-da işimin necə məsuliyyətli olduğunu anladım
Fərid deyir ki, 4-cü kursun sonunda qocaman agentlik olan AZƏRTAC-a yolum düşdü. Qeyd edir ki, bu il 105 yaşı tamam olacaq bu agentliyin tarixi nə qədər qədim olsa da, müasirliyin tələblərinə gözəl cavab verir. Burada 1 ay 15 günlük təcrübədən sonra rəsmi olaraq Video informasiya şöbəsində işə başladım. AzərTAC dövlətin rəsmi informasiyalarının dərc olunduğu agentlik olduğundan burada işim daha da məsuliyyətli idi. Sözün əsl mənasında xəbər dəqiqliyin süzgəcindən keçməli idi. İşimi sevirdim, buna görə də xoşbəxt idim. Məncə, əsas şərt də elə budur. Xoşbəxt olmaq üçün sevdiyin işi görməlisən...
Ən sevdiyim reportajım...
Fərid bildirir ki, çalışdığı müddət ərzində bir çox videoreportajlar hazırlayıb. Amma onların arasında ən sevdiyi reportajı atası və nənəsi ilə birlikdə Kəlbəcəri ziyarət etməyi və doğmalarının yurduna qovuşduğu o unudulmaz anları kameranın yaddaşına köçürmək olub. O gün 3 nəslin nümayəndəsi Kəlbəcərə yollanıb. Nənəm, atam və mən. Viran qalan doğma yurdu görəndə nənəm gənclik illərindən, atam uşaqlığından danışırdı. Hər kəs qürurluydu. Mən də bir gənc olaraq həyatda ən qürurlu anımı yaşadım bəlkə də, o gün Ali Baş Komadanımızla qürur duydum, dövlətimizlə, ordumuzla fəxr elədim...
Mənim babalarımın hər ikisinin evi Kəlbəcərin Çıraq kəndindəydi. Həmin evləri eyni vaxtda rahat görə biləcəyim bir yüksəklik tapdım. Ora çıxıb o iki evə doyunca baxdım. Mən bu evləri görməyin xəyalını hələ məktəb vaxtından qurmuşdum. Mənim “ev” deməyimə baxmayın, onlardan yerdə ancaq daşlar qalmışdı... Amma indi bu torpaqlarda evlərimiz yenidən tikilir. Kəlbəcər yenidən qurulur. Bu torpaqlara qayıdan hər bir sakin ora yeni bir nəfəs verir. İşimlə əlaqədar demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə olmuşam. Doğma yurdun hər yanı ayrı bir gözəlliklərlə doludur. Burada həmsöhbət olduğum insanlar da çox mehriban və istiqanlıdırlar...
Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır
Onunla gənclər günündə görüşürdük. Fərid deyir ki, bu gün mən bir gənc kimi çox qürurluyam. Dövlətimizin dəstəyini daima hiss etmişəm, buna bir çox misallar çəkə bilərəm. Məsələn, mən ali məktəbdə ödənişli ixtisasda oxuyanda bu xərc dövlət tərəfindən qarşılanıb. Ali Baş Komandanımızın gənclərimizə böyük qayğısı, bu sahədə yürütdüyü siyasətin nəticəsidir ki, mən 4-cü kursu bitirən kimi özümə belə iş tapa bilmişəm. Bu siyahını çox uzatmaq olar. Düşünürəm ki, hər bir Azərbaycan gənci azərbaycanlı olduğu üçün fəxr etməlidir.
Ən böyük arzum gündən-günə gözəlləşən doğma torpaqlarımızda aparılan quruculuq işlərindən süjet və reportajlar hazırlamaq və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.
Yolun açıq olsun, Fərid balamız!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
GAP Antologiyasında Mehdi Sırdaşın “Bilməsən də, bilməmisən!” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.
Mehdi Sırdaş
Təbriz
BİLMƏSƏN DƏ, BİLMƏMİSƏN!
Varlığına bürünmüşəm,
Bilməsən də, bilməmisən!
Sevincindir işim, peşəm
Bilməsən də bilməmisən!
Xımında odlu ad mənəm,
Ağzında tamlı dad mənəm,
Uçmağına qanad mənəm,
Bilməsən də, bilməmisən!
Sıtqadığın duadayam,
Hər atdığın davadayam,
Sığındığın yuvadayam,
Bilməsən də, bilməmisən!
Sonunda son yolun mənəm,
Son çəkilən qolun mənəm,
Sağın mənəm, solun mənəm,
Bilməsən də, bilməmisən!
Bayıldıcı laylayınam,
Taleyinəm, bal ayınam,
Yaslı-yaslı naynayınam,
Bilməsən də, bilməmisən!
Söz verib, söz saxlayıram,
İlqarı düz saxlayıram,
Son günə üz saxlayıram
Bilməsən də, bilməmisən!
Kim bilib ki, sən biləsən?!..
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
SƏSSİZ SƏTİRLƏR – “Sonsuzluğa doğru”
Nərmin İsmayılova, “Ədəbiyyat və incəsənət”
Göy üzündə səssizcə dolaşan buludlar, sanki torpağın içində gizlənmiş hekayələrə şahid idi. Məzarın önündə əsən külək narın yağış damcılarını ləçəklərin üstünə daşıyırdı. O gül qan rəngində idi – şəhidlərin susqun, amma əbədi xatirəsinin simvolu kimi.
Məzar daşındakı yazı sadə idi, lakin əvəzolunmaz bir əmanət kimi görünürdü. Ad, tarix və bircə cümlə: “Bu torpaq üçün.”
Bir uşaq xiyaban boyunca qaçaraq məzarların arasından keçdi. Qorxusuz, günahsız, azad... Böyüklərdən biri sakitcə onu səslədi:
– Burda qaçmaq olmaz, oğlum. Şəhidlər yatır.
Uşaq arxaya dönüb gülümsədi:
– Amma onlar indi göy üzündədirlər, elə deyilmi?
Hər kəs donub qaldı. Uşağın sadə sözlərində sirrli bir hikmət vardı. Kimsə nə deyəcəyini bilmədi. Sanki o kiçik bədən böyük həqiqətləri anlamaq üçün gəlmişdi.
Məzarların arxasında yaşlı bir qadın dayanmışdı. Onun baxışları uzaqlara,heç kəsin görə bilmədiyi bir məkana zillənmişdi. Gözləri qəhərdən dolmuş, amma təbəssümü əskik olmamışdı. Əlində sıxdığı nimdaş dəsmaldan süzülən səmimi bir pıçıltı eşidildi:
– Siz getdiniz ki, biz yaşayaq. Amma indi siz bizim içimizdə yaşayırsınız...
Hamının təəccübünə rəğmən uzaqdan, göy üzündə qartal görünməyə başladı. Şəhərə da qartal uçub gələrmiş...
Qartal yaxınlaşdı. Onun qanadları xiyaban boyunca bir kölgə saldı. Külək sakitləşdi. Sanki bir şey demək istəyirdi.
Qartal dövrə vurub gözdən itdi. Yerə düşən tək bir lələkdə bu sözlər gizlənmişdi: “Qoruyun, yoxsa geri qayıtmayacağıq.”
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Tərəvəzçilikdən general-mayorluğadək
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Doğum günü olan hərbçilərimizdən daşırıq, onlardan biri - Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir.
12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir.
1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir. Ona 1979-cu ildə podpolkovnik rütbəsi verilmişdir. Baş Qərargah Akademiyasında çalışmışdır.
Mükafatları
1. Üçüncü dərəcəli "SSRİ-də Vətənə xidmətə görə" kavaler
2. "Əfqanıstanda İgidliyə görə" ordeni
3. 13 medal
1989-cu il bir noyabr tarixli qərarı ilə general-mayor rütbəsi ilə təltif olunan Məmmədov 14 iyul 2023-cü ildə, 81 yaşında, vəfat etmişdir. Allah rəhmət eləsin Amin!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Güneyli Şəhram Gülkarın “Himcim” adlı hekayələr kitabı çap olunubdur
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Neçə gün öncə Təbriz şəhərində Əxtər nəşriyyatı tərəfindən “Himcim” adlı hekayələr kitabı çap olundu.
Kitabın yazarından daha öncə “Mənim adım Lalədir”, “Cücələr”, “Çadralı Leyla” uşaqlar üçün şeir kitabı kimi həmin naşirlə, bir də “Şayna” adında yeniyetmələr üçün düz yazı povesti yayımlanmışdır.
Qeyd etmək lazımdır ki, Şəhram Gülkarın öz yazılarından əvvəl həm Azərbaycan, həm Türkiyə yazıçılarından, şairlərindən çoxlu kitablar, antologiyalar köçürüb çevirmişdir.
“Himcim” kitabının üz qabığını Muğanın daha öncədən sürreal işlər üzərə neçə kitabı basılmış dəyərli dizayner Rəhim Kuhi işləmişdir.
Kitab 48 hekayədən ibarət, 132 səhifədə çap olunubdur.
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Amma yenə də, mən sənin qapının astanasında durmuşam, gözləyirəm - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Zamanın içində itib-batan bir kölgə kimiyəm. Mən varam, amma eyni zamanda yoxam. Həyatımın səhifələrində o qədər silinmiş cümlələr var ki, bəzən nədən başladığımı belə xatırlamıram. Sonuncu dəfə dərsdən qaçıb, döyüldüyüm günlə bu gün arasında nə qədər zaman keçib? Bir neçə il? Yox, sanki sadəcə bir neçə gün. Sanki gözlərimi bir anlıq qırpmışam və birdən-birə yetkinliyin ağır yükü çiyinlərimə çöküb.
Uşaqlıq dediyimiz o çağın içindəki saf məsumluqdan indi nə qalıb? Qarla oynamaqdan donmuş barmaqlarım, palçıqda batan dizlərim, azad və çılğın qəhqəhələrim... Hamısı bir zamanlar mənim idi. Və indi bunların hamısını unutmağa məcburam. Çünki böyümək belə tələb edir. Çünki böyümək, əslində, ruhunu kiçiltməkdir. Böyümək – addım-addım ölümü tanımaq, həyatın soyuq nəfəsini daha dərindən hiss etməkdir.
Amma kim tələsdirirdi ki, məni? Kim əlimdən tutub çəkirdi o məsumluqdan, o saf uşaq dünyasından? Kim dedi ki, yaşamaq böyüməkdir, böyümək isə yaşamaq? Axı mən bilə-bilə böyük danışmışdım. "Mən böyüyəcəm!" deyəndə nə bilim ki, böyümək, sadəcə, daha çox yorulmaqdır. Daha az gülümsəməkdir. Daha az inanmaqdır. Daha çox sınmaqdır.
İndi isə çatmıram. Yetmirəm. Düşürəm. Həyatın üzümə çırpdığı soyuq qapılardan bir-bir keçməyə çalışıram, amma hər addımda bir az daha yıxılıram. Mən çox böyük danışmışam, amma heç vaxt düşünməmişəm ki, böyümək bu qədər çətin olacaq. O vaxtlar uşaq idim, heç nə bilmirdim. İndi isə hər şeyi bilirəm, amma bilməmək istəyirəm. Həyatın mənə verdiyi bütün o çirkli həqiqətləri qusmaq istəyirəm. Çünki bilmək yüklənməkdir. Çünki bilmək, bəzən, yaşamaqdan da ağırdır.
Fikirlər beynimdə bir girdab kimi fırlanır. Hara gəlib hara gedirəm, bilmirəm. İllər keçdikcə insanın fikirləri özünə yad olur. Bir vaxtlar inandığım şeylər indi mənə axmaqca gəlir. Bəzən öz-özümə deyirəm: "Mən bu idimmi?" Gülməli və acı bir sualdır. Çünki cavabını verə bilmirəm. Cavab axtarmaq da, əslində, boşunadır. Yağışın alnıma düşən damcıları fikirlərimi dondurur, sonra süzülüb bədənimə axır, mənə yenidən varlığımı xatırladır. Mən buradayam. Amma bəzən elə gəlir ki, yoxam.
Çarə varmı? Təbii ki, yox. Çarə, bəlkə də, bu sualları verməməkdir. Amma insan sualsız yaşaya bilmir. Mənim edəcək çox işim var. Amma elə bil ki, mən yoxam. Ya da mən varam, amma mən deyiləm. Hərdən düşünürəm ki, bəlkə də, mən bir xəyalam. Bir vaxtlar var olub indi itib-batan bir kölgə.
Mən kimisə üzmək istəmirəm. Heç vaxt istəməmişəm. Amma bəzən elə hiss edirəm ki, mən özüm bir kədərəm. İnsanlar məni oxuyanda, dinləyəndə içlərində bir qırıq qüssə doğulur. Mən kiməm? Niyə buradayam? Və hara gedirəm? Bu sualların cavablarını axtara-axtara yaşamaq yorucudur.
Allahım, sən onsuz da, hər şeyi bilirsən. Bəlkə də, cavabların səndədir. Bəlkə də, mən sənin varlığının içində bir toz zərrəsiyəm. Amma sən bilirsən ki, mən tək deyiləm. Mən sənin bir parçanam. Və məni unutma. Mən unutduğum hər şeyi yenidən xatırlamaq istəyirəm. Mən yaşamaq istəyirəm, amma elə bir həyat ki, içində sualların cavabı olsun. Mən bilmək istəyirəm, amma elə bir bilik ki, içində sakitlik olsun. Mən var olmaq istəyirəm, amma elə bir varlıq ki, içində yoxluq qorxusu olmasın.
Bəlkə də, bunların heç biri olmayacaq. Amma yenə də, mən sənin qapının astanasında durmuşam, gözləyirəm. Çünki içimdə hələ də bir ümid var. Çünki mən, hər şeyə baxmayaraq, bir gün cavabların tapılacağına inanmaq istəyirəm.
Bəlkə bir gün tapacağam. Bəlkə bir gün anlayacağam. Amma indiyə qədər yalnız bildiyim bir şey var – mən böyümək istəmişdim. Heç bilməmişdim ki, böyümək bu qədər çətin, bu qədər soyuq, bu qədər ağır olacaq.
Amma bəlkə də, elə böyümək dedikləri budur – soyuqla isinişmək, ağırlığa alışmaq, qaranlığa baxıb işıq olduğunu xatırlamaq. Bəlkə də, insan bir ömür boyu düşdüyünü zənn edərkən əslində yuxarı qalxır. Bəlkə də, biz həyatı baş-ayaq görürük.
Yağış alnıma düşür, süzülür, torpağa qarışır. Bəlkə də, mən də eləyəm – fikirlərim süzülüb gedir, xatirələrim torpağa qarışır. Amma sonra? Bəlkə də, torpağa düşən hər damcı sabah bir çiçəyə can verir. Bəlkə də, itirdiklərimiz bir gün başqa bir yerdə, başqa bir zamanda bizə geri qayıdır.
Bəlkə də, həyat heç vaxt tam başa düşülmək üçün deyil. Bəlkə biz sadəcə onu hiss etməliyik, bir musiqi kimi, bir külək kimi, bir yağış damcısı kimi. Bəlkə də, böyümək – cavab tapmaq yox, sualların içində rahat olmaqdır..
Mən hələ də buradayam. Və bəlkə, bu da yetər.
“Ədəbiyyat və incəsənət”
(02.04.2025)
PA – UORREN BAFFET: “Yox!» deməyi öyrənin”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
2-ci qayda
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Daha əvvəl təqdim edilən qaydalar:
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
BİRİ İKİSİNDƏ - Anar Adilin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layhihəsində nəsr saatıdır, sizlərə Anar Adilin “Kloun Muğuş” hekayəsi təqdim edilir.
Uğurun iti can verirdi. O, itinin başını qucağına alıb acizliklə gah ətrafa baxır, dadına yetəcək bir adam axtarır, gah da itin başını tumarlayırdı. İt boğuq səslə zingildəyir, heydən düşmüş ayaqlarını asta-asta tərpədirdi.
Günortaya yaxın it canını tapşırdı.
Uğur bağın ayağında çala qazıb itini basdırdı. Alma ağacına söykəndi, göz yaşını saxlaya bilməyib doyunca ağladı. O qədər ağladı ki, evə gələndə anası onu görüb əlini dizinə çırpdı:
– Gözlərin şişib, qıpqırmızı olub, a bala, nolub, niyə ağlamısan?
– Topar öldü, – Uğur qəhərini boğub cavab verdi.
– Öldü, öldü də, qocalmışdı, elə ölmək vaxtı idi.
– Özü ölmədi, öldürdülər. Bilirəm kim öldürdü. Toparımı qonşumuz zəhərləyib öldürdü!
– Qonşunun işi-peşəsi yoxdu, sənin itini zəhərləsin! – anası ona çəmkirdi, – get dərslərini oxu, atan məktəbə getmədiyini bilsə, canını alacaq.
Uğur otağa keçdi, çantasını açdı, kitablarından birini götürüb baxdısa da, fikri itinin yanında qaldığından hərflər gözünün qabağında oynaşdı.
***
Uğurun atası Məğrur şəhərin əyləncə mərkəzlərindən birində kloun işləyirdi. Bir dəfə varlı bir məmurun oğlunun ad günündə klounluq edirmiş. Ərköyün uşaq gah Məğrurun belinə minib at kimi çapır, gah saçını yolur, gah da üzünə tort yaxırmış. Məğrur uşağın hoqqalarına dözməyə məcbur imiş, çünki uşağın məmur atası ona yaxşı pul təklif eibmiş. Uşaq otağın ortasında durub atasından klounun adının nə olduğunu soruşubmuş, atası “eləcə kloun de, oğlum, bunların adı olmur” desə də, oğlu razılaşmamış, kounun əsl adının nə olduğunu öyrənməkdə israr etmişdi. Məmur Məğrurdan adını soruşmuş, o da demişdi. Amma uşaq “Məğrur” sözünü deyə bilmədiyindən klouna belə çətin ad qoyanı söymüşdü. Məmur oğlunun könlünü almaq üçün demişdi:
– Oğlum, sən ona “Muğuş” de.
Beləcə, söhbət Uğurgilin məhəlləsinə qədər gəlib çıxmış, camaat onu “Muğuş” çağırmağa başlamışdı. Bu ad Məğrurun bərk acığına getsə də, dözməli olurdu.
Məğrur əzəldən ağır xasiyyətli adam idi. Kloun işləyəndən sonra xasiyyəti lap sərtləşmişdi; arvadına və oğluna tapşırdığı işi azacıq gecikdirəndə, yaxud da ürəyi istəyən kimi yerinə yetirməyəndə onları danlayır, söyür, bəzən də əl qaldırırdı.
***
Topar öləndən sonra Uğur fikrini dərsə cəmləyə bilmirdi. Əlaçı Uğur indi ortabab şagirdə çevrilmişdi. Riyaziyyatdan yoxlama işindən “2” alanda müəllim ona acıqlanmış, atasına şikayət edəcəyini demişdi.
***
Şənbə günü idi. Məğrur əyləncə mərkəzində ad gününü yola verməli idi. Sifarişçi acıdıl adam idi, Məğrurun kostyumuna, ağır hərəkətlərinə, uşaqlarla oynadığı oyuna saysız iradlar bildirirdi. Ad günü olan uşaq bağça yoldaşları ilə onun başına itin oyununu açırdılar. Uşaqlar xorla “Muğuş, Muğuş, it kimi hür!” əmri verəndə Məğrur bir az düşündü, sonra hürməyə başladı. O xeyli hürdü və birdən ürəyini tutub döşəməyə sərildi. Uşaqları bunu oyunun bir hissəsi bilib, onun belinə mindilər: “Muğuş, sən bizim eşşəyimiz ol” deyib onun yanbızını şillələyir, durub onları zalın o biri başına aparmağı əmr edirdilər.
Uşaqlar Məğrurun tərpənmədiyini görüb sakitləşdilər. Böyüklərdən kimsə onu qaldırdı, halını soruşdu, su verdi. Halının xarab olduğunu görüb təcili yardım çağırdılar.
***
Məğrur ağır addımlarla evə tərəf gedirdi. O, özünü alçaldılmış, təhqir olunmuş hiss edirdi.
Yaşadığı məhəlləyə girəndə Uğurun riyaziyyat müəllimi ilə rastlaşdı. Müəllim Uğurun yoxlamadan “2” aldığını deyəndə, əsəbdən Məğrurun bütün bədəni titrədi.
Məğrur qapını zərblə açıb arvadına bağırdı:
– O it oğlu hardadı?! Tez tap, göndər yanıma!
Uğur başını sallayıb atasının qarşısında dayanmışdı. Atasının riyaziyyatdan niyə “2” almasının səbəbini izah edə bilmirdi. Bircə dəfə “Topar öldü” deyə bildi.
Atası milçəköldürəni qapıb var gücü ilə Uğura bir neçəsini çəkdi. Birdən nə fikirləşdisə, mizin üstünə qonmuş milçəyi öldürdü, ölü milçəyi Uğurun ovucuna basıb bağırdı:
– Ye!
Uğur gah ovcundakı milçək ölüsünə baxdı, gah atasına. Atasının onu belə bir işə məcbur edəcəyinə inanmaq istəmədi.
Atası Uğurun qolundan tutdu, ölü milçəyi onun ovcundan götürüb ağzına dürtdü.
Uğur öyüdü, milçəyi tüpürmək istəsə də, atası onun ağzını qapadı.
Uğur bir neçə gün yataqdan dura bilmədi. Nə qədər çalışsa da, ağzına bir tikə çörək qoya bilmədi; xörəyə baxan kimi öyüyürdü.
***
Məğrur yeni sifariş almışdı. Bu dəfə o, əyləncə mərkəzində deyil, uşağın yaşadığı evdə onu əyləndirməli idi. Uşağın atası sifarişi qəbul etdiyi üçün ona telefonda xeyli minnətdarlıq etmişdi.
Məğrur deyilən ünvana getdi. Onu uşağın atası mehribanlıqla qarşıladı. Tez də oğlunu səslədi:
– Gözəl oğlum, bir bax, gör kim gəlib?!
Otaqdan yeddi-səkkiz yaşında arıq bir oğlan boylandı. Onun xəstə olduğu dərhal bilinirdi. Oğlanın anası Məğrura çay gətirdi, yemək təklif etdi.
Məğrur kloun kostyumunu geyib, oğlanın dərman qoxuyan otağına girdi, ona xeyli xoş sözlər dedi. O əvvəl bir neçə heyvanın hərəkətini yamsıladı, sonra da oğlanla birlikdə müxtəlif oyunlar oynadı.
Oğlanın valideynləri Məğrurla övladlarının şənlənməsinə ləzzətlə tamaşa edirdilər.
Məğrur işini yekunlaşdırdı, kostyumunu dəyişib adi paltarlarını geydi. Oğlanın atası onu qucaqladı, razılaşdıqlarından da artıq pul verib dedi:
– Çox sağ olun, Məğrur müəllim! Sizə sonsuz minnətdaram. Oğlum keçən il xəstəlik tapandan bəri ilk dəfə idi ki gülürdü. Bilirsiniz necə ağıllı uşaqdır?! Onun yolunda canımızı qoymağa hazırıq!
Məğrur dinmədi, eləcə başını tərpətdi.
Sizin uşaqlarınız dünyanın ən xoşbəxt uşaqlarıdır, – oğlanın atası dedi, – sizin kimi ataları var, yəqin, hər gün onları əyləndirirsiniz.
Söz Məğrura şillə kimi dəydi. Yadına oğlu Uğura yedizdirdiyi milçək düşdü. Yolboyu xəstə oğlanın valideynləri ilə özünün Uğura etdiklərini tutuşdurub utandı.
Məğrur işlədiyi əyləncə mərkəzinə getdi. İş otağına keçib maskaları, kostyumları mizin üstünə tökdü. O, iki saat gərgin işlədikdən sonra Uğurun itinə çox oxşayan bir it kostyumu hazıladı. Kostyumu geyib güzgü qarşısında dayandı:
Mən tərzini aldığım heyvanlar kimi vəhşiləşmişəm. Günahlarımı yumalıyam.
O, arvadına zəng edib məsələni başa saldı. Arvadı son illər ərindən ilk dəfə idi ki, mehriban danışıq eşidirdi.
Məğrur xəlvətçə həyətə girdi, əl damında kostyumunu dəyişib, it kostyumu geydi.
Uğur gözünü kitaba zilləmişdi. Qapıda it zingiltisi eşidib sevindi, hövlnak qapıya boylandı. Möcüzə idi: Topar dirilmiş, həmişəki kimi astanada zingildəyib onu həyətdə oynamağa çağırırdı.
Uğur qapıya tərəf sıçradı. İtinin boynunu qucaqlayıb bağırdı:
–Topar, hazır ol, bir azdan atam işdən gələcək, atam qapıdan girən kimi onu parçala! Did, parçala!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
REDAKSİYANIN POÇTUNDAN – “Yarpağın etirafı”
“Ədəbiyyat və incəsənət” portalının REDAKSİYANIN POÇTUNDAN rubrikasında bu dəfə sizlərə Cavidan Hacıyevin “Yarpağın etirafı” şeirini təqdim edirik.
Budaqdan ayrılmış quru yarpağam.
Qalmışam küləyin ümidinə mən.
Sərasər dolaşıb, bu yel bir zaman
Qopduğum yerlərə əsərmi görən?
Uçuram bu yellə hayana gəldi.
Vətən tərəfdən də keçirəm hərdən.
Bəlkə ağac olmaq könül istərdi?
Ancaq ki yelqapan adi xəzələm.
Yolçu, diqqət elə, keçəndə yoldan.
Tapdama qurumuş xəzan yarpağı.
Hər yarpaq arzular ucalıqlardan,
Bəzən qismət olur xəzəl olmağı.
Tapdama yarpağın arzularını.
Hamı bir küləkdə yarpaqtək solur.
Tərk edə bilməyib yel qanadını,
Özgə ağacların xəzəli olur.
Ağaclar yarpağı min bir əməklə
Böyüdür — bir yelsə tökür, İlahi.
Hayana uçsam da dəli küləklə,
Böyüdən ağaca şükür, İlahi.
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Ulduz tozundan yarananlar: “Xəyalların və reallığın kəsişdiyi nöqtə”
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsdimə düzüldü
Rasim Müzəffərli
Ev güllərini heç vaxt sevməmişəm. Uşaq olanda həmişə anamın güllərinin yarpaqlarını və gözə xitab etməyən budaqlarını sındırardım. O vaxt elə düşünürdüm ki, belə edərək onların qurumasına rahatlıqla səbəb ola bilərəm. Amma onlar yenə tumurcuqlayır və çiçək açırdı. Qəribə olan məqam isə bu idi ki, çiçəklər məhz sındırdığım budaqların yerini bəzəyirdi. Daha sonra gülün gizli ləçəklərini qopararaq öz ağlımda, özüm kimi canlı, fəqət dilsiz olan bu varlığa meydan oxuduğumu düşünürdüm.
İllər bir-birini əvəz etdikcə anlayırdım ki, sadə və baxımsız çöl gülləri quruya bilər, fəqət yenə tumurcuqlayacağına heç bir şübhə yoxdur. Hiss edirdim ki, gələn yay iyunda anamın qızılgülləri yenə indiki kimi parlaq qırmızı rəngdə olacaq. Hər il sükutu dərin gecələrdə onun yarpaqları arasından səmanın ulduz tumurcuqları boylanacaq. Lakin biz isə gəncliyimizi geri qaytara bilməyəcəyik. Heç vaxt!
İndi 22 yaşım var. Nəbzim şiddətlə, bərkdən və həyəcanla döyünür. İki il əvvəl bu cümləni yazmış olsaydım, “həyəcan” sözünün yerinə “kədərin içərisində cücərən sevinc” yazardım. Əminəm ki, yaşamış olduğum bu ömür yolunda artıq “Gənclik nədir?” sualının cavabını tapmış olmalıyam.
Gənclik – doğulduğumuz torpaqların sərhədləri ilə məhdudlaşan, “passiv qədər” ilə taclandırılmış, uzaqdan göy qurşağı qədər rəngarəng, yaxından isə bu rənglərin sonundakı azadlıq mübarizəsinə hazırlaşan sıravi bir əsgərin ümidi kimi közərmiş bir məcburiyyətdir. Hansı ki, bəzilərimizə həqiqətən də yaşamaq qədər ağır gəlir. Keçən əsrə nəzər yetirdikdə şükür etdiyimiz tək məsələ gəncliyini sözün əsl mənasında yaşayan insanların sayının bir xeyli artmış olmasıdır. Kədərli olan ən əsas məqam isə budur ki, bu say sadəcə artmışdır, yəni kütləvi bir inqilab hələ də yoxdur.
Hələ də bu ölkənin gəncliyi öz həyatını erkən nikahların qurbanı edir. Neçə-neçə arzu və ümidlər böyük bir məsuliyyətsizliyin və təkəbbürün qurbanı olaraq sadəcə əbədi reallaşmayacaq bir xəyal olmağa davam edir. Zamanla gücsüzlük və cəsarət duyğusu yoxa çıxanda isə insan öz acizliyini özü üçün ən rahat zona olaraq qəbul etməyə başlayır. Biz isə daima inkişaf edən cəmiyyətin manqurtlaşan təbəqəsinin kökünü kəsə bilmirik. Ailə sevgisini və dəstəyini tam hiss edə bilməyən hər bir övlad öz cəhənnəmindən daima qaçış yolları axtarır. Və bu mübarizə onun ən böyük məqsədlərindən birinə çevrilərək həyatının hər anına hakim kəsilir. Nəticədə isə insan öz sonuna doğru qaçmağı bacarır.
Çox uzağa getməyək, keçən il əri tərəfindən amansızcasına qətlə yetirilən, mənim də çox yaxından tanıdığım Ayşəni bu bədbəxt gənclərin siyahısına heç düşünmədən əlavə edə bilərəm.
Həyatın ağrılı məqamları bitib-tükənmir. Mənim az əvvəl bəhs etdiyim, cəsarət etmədən məğlub olan gənclik qrupuna aid idi. Bəs cəsarət etsələr belə, məğlub olanlar haqqında nə söyləyə bilərik?
Bu sualın cavabını gözlərimi bir nöqtəyə zilləyərək düşünürəm. Söyləmək istəyirəm ki, əzm, mübarizə və çırpınışlar fayda etməyəndə və insan özünə yetməyi bacara bilməyəndə, ətrafını mühasirəyə alan mentalitetə də, hələ də ayağa qalx deyən ümidinə də tüpürmək istəyir. Haqlı məğlubiyyətin haqsız qalibiyyətdən daha qüdrətli olduğunu anladıqda isə yazılmayan qanunlara əməl etmədiyimiz üçün bu ağır sistemin məğlubu oluruq. İndi sadəcə uzun müddət yatmaq istəyirik.
Bizə elə gəlir ki, yatacağıq, duracağıq, sonra hər şey düzələcək. Amma düzəlmir. Gənclik artıq xəyallarının deyil, öz şəxsi qazancının arxasınca düşdüyü andan etibarən biz bu şansımızı çoxdan itirmişik. Rüşvətin, istismarın, qondarma qanunların, yerli-yersiz tələblərin əsiri olmuşuq. Sırf qarnımız doysun deyə bizdən üst təbəqənin zəhər yağan simasına dözmək məcburiyyətində qalmışıq. Zaman keçdikcə isə özümüzə olan hörmətimizi də itirərək daha da daşlaşmışıq. Nə günə qalmışıq ki, başqa ölkədə fəhlə olmağı, öz ölkəmizdəki əsaslı peşəmizdən üstün tutmuşuq. O qədər bədbəxtik ki, bir qarın yemək üçün və yaxud o zəhərli üzlü təbəqənin bir üzvü olmaq üçün savaşaraq yaltaq kölələrə çevrilmişik. O qədər kütləşmişik ki, ilk gözümüzü alovlandıran işığı ulduz zənn edərək şeytanın tacının parlaqlığına aldanmışıq. Və o qədər acizik ki, ruhu ölmüş gənclik üçün bütöv bir ildən sadəcə bir günü xüsusiləşdirərək qurulmuş bu illüziyanı parçaladığımızı zənn edirik!
Paslanmayan və ruhu sağlam qalan hər bir gənc üçün sarsılmaz bir iradə arzu edirəm, lakin həmin gün heç kəsi təbrik etmədim. Bir təbriklə nə o şadlıq, nə də xoşbəxtlik bizə əbədi olaraq bəxş edilmir. Çünki gənclik sədd daxilində deyil, səddi daxilində xoşbəxt olmalıdır!
Sonra təsadüfən otağa keçəndə anamın islanmış dəsmalla nəğmə zümzümə edərək gül ağacının yarpaqlarını sildiyinə şahid oldum. O zaman anladım ki, həqiqətən də insan sevildiyi və dəstəkləndiyi yerdə çiçək açar!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)