Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bakının hazırda mövcud olmayan və mövcud olan bəzi tikililəri vardır ki, kompozisiya müxtəlifliyi və bitkinliyi, işlənmə texnikası ilə diqqəti cəlb edib. Bunlardan "Uşaq aləmi" univermağı, uşaq kafesi, "Ceyran" kafesi, "Turist" mehmanxanasının bədii tərtibatı, Dövlət sirkinin və digər binaların interyerlərini bəzəyən təsvirlər çox maraqlıdır. Həmin əsərlərin müəllifi Azərbaycan Respublikasının xalq rəssamı Oqtay Şıxəliyevdir.  

 

Bu gün Oqtay Şıxəliyevin doğum günüdür.

O, 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə, 8-ci sinfi bitirdikdən sonra isə 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub.

1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olub. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdıb, Respublika Gənclər festivalının qalibi olub.

Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayıb. Sərgilərdə nümayiş olunan ilk işlərində Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edib. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Bütün yaradıcılıq fəaliyyəti dövrü ərzində həm SSRİ məkanında, həm də Azərbaycanda bir çox rəssamlıq məktəblərinə, müəyyən ittifaqlara dəvət olunub.

1964-cü ildən M. Əliyev adına İncəsənət İnistutunda müəllimlik fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, professor kimi fəaliyyət göstərib. Şıxəliyevin yaradıçılığı, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb və o 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 2002-ci ildə isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adları verilib.

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar rəssamı 

2. Azərbaycan Respublikasının xalq rəssamı

 

Oqtay Şıxəliyev 30 yanvar 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Zahid Teymurov, “Ədəbiyyat və incəsənət” üçün

 

Şuşa gecələri... Yuxularım gerçək qədər mistik: keçdiyim, öldüyüm, dirildiyim canlı yayımda....

   ...Mən bu əsgəri dərhal tanıdım... Əlil arabasında idi. Sosial müdafiə fondunun qarşısında rastlaşdıq. Dinmədən əlimi qoyub çiyninə qucaqladım onu. Ona həyat borcum var idi. Xeyli söhbət etdik. Gözlərində mənə qarşı qınaq duymadım. Ya da ki, duymaqdan qorxdum. Bu an bir qız yaxınlaşıb salam verdi.

 

    - Познакомься Ирина, мой командир. Həyat yodaşımdır, cənab polkovnik.

    Onlara baxaraq, yenə əmin oldum ki, bu borcla heç zaman rahat yaşaya bilməyəcəyəm...

    ...1993-cü ilin fevralı, Ağdərənin dağ meşələri. 40 dəqiqə olardı düşmən snayperi məni ağacın arxasında saxlayırdı. Sol çiynimlə sıxıldığım ağac gövdəsini güllələr dağidaraq mənə yetişməkdə idilər. 100 metrədək arxamdakı mövqedə olan əsgərlər başlarını itirmişdilər: gözlərinin qarşısında komandiri öldürürdülər. Onların aramsız atəşlərinə düşmən əhəmiyyət vermirdi – hədəf mən idim, işini görürdü. Qəfildən, məndən sağda küt pulemyot şaqqıltısı aləmi bürüdü. Düşmən dərhal ağacı sakit buraxıb sərrast atəşini pulemyot işləyən cinaha keçirdi. Mövqeyin atəş örtüyü altında səngərlərə yetişdim. Cingiltili bir sükut yarandı: snayper dayandı, pulemyot susdu. Məni xilas etmək üçün özünü atəş altına atan  pulemyotçu əsgər irəlidə qarın üzərində hərəkətsiz sərilmişdir.

     - Çıxarmaq lazımdır onu, - gözlərimi əsgərdən çəkmədən yanımda duran bölük komandirinə göstəriş verdim.

     - Oldu. Gecə çıxardarıq...

     - Yox!- sözünü kəsdim. – Ola bilsin yaralıdır. Qan itirir. İndi.

     Özüm getməliydim. Türk Mahmudla. Bilirdim əl çəkməyəcək. Həm də pulemyotçu Azər Mehdiyevə bir həyat borcum var idi: Vətən üçün yox, mənim üçün ölumə qarşı atıldı.

      Topçuların atəşi altında Mahmudla birgə əsgəri sürüyüb çəkdik mövqeyə. Sağ idi. Lakin, belə sağlığı özünə gələndən sonra qəbul edəcəkmi?: hər iki ayağı dizdən yuxarı iri çaplı snayper gülləsi ilə tam qırılmışdı, sol gözü qanlı çala idi…

     ...Təsəllisiz günah hissi məni rahat buraxmırdı. Artıq iki ay idi Bakıda hospitalda üzərində çalışirdılar. Hər iki ayağın dizdən yuxarı kəsmişdilər. Bir gözünü itirmişdi. Həkimlərlə telefonla danışırdım. Cəbhə həyatı imkan verəndə Mahmudu göndərirdim yanına. Ürəyini açırdı Mahmuda. Musiqi məktəbini bitirmişdi. Skripka sinifini. Pianoçu bir qızla birgə klassik əsərlər ifa edirdilər. Onu dinləyən Mahmud artıq musiqidən baş çıxarırdı. Mənə izah edirdi ki, skripka ilə pianonun harmoniyası klassik əsərləri incəliklə hiss etdirir. Betxovenin 4 nömrəli sonatası, Ravel, Fare, Prokofyev və daha kimlər... Aylarla qanlı döyüşlərdə insan övladı olduğunu unutmuş Mahmud musiqi duyğulari ilə məni heyrətləndirirdi. 

     - Sən bəlkə silahı təhvil verib skripka götürəsən?- qaytarırdım onu müharibəyə. – Komendant tağımına hərəyə bir dəst əl qumbarası verdir, patronlarını tamamla.

      Hər dəfə Azərin yanından qayıdanda, Mahmud özüdə, həyatının bahar çağına qədəm qoymuş bir gənc kimi, Fərqanədə qalmış sevdiyi özbək qızını xəyallarına alırdı. Azər isə, skripkaçı qıza hələ yeniyetmə ikən yaranmış uşaq məhəbbətinin sevincini Mahmudla bölüşürdü. Qızcığaz tam səmimi musiqidən danışanda, Azər onu eşitmirdi, utana-utana onun sifət cizqilərini seyr edirdi: ürkək gözlərini, titrəyən dodaqlarını. Bu qızla xəyalında həyat qururdu, ləyaqətli eşq məcaralari yaşayırdı. Nəhayət, cürət tapıb uşaq ürəyinə sığmayan hisslərini iki sözlə dilinə gətirmişdi:

      - Səni istəyirəm.

      Qızcığaz isə anlamadan, birgə ifa barədə söhbətini davam edirdi.

       - Dedim səni istəyirəm! Çox istəyirəm! – Azər cəsarətlə onun təəcübdən donan gözlərinə baxdı.

      Gün qəldi eyni sözləri, daha zərifliklə qız Azərə pıçıldadı, onu son nəfəsinə qədər sevəcəyini əhd etdi. Həyatın baharı tuğyan edirdi. Ailələr toya hazırlaşırdı.

     Lənətə gəlmiş müharibə, özünə məxsus qəddarlıqla qapıları döydü. Azərdə çağırıldı. Son görüş. Son arzular. Son vədlər. «Səni gözləyəcəyəm. Son nəfəsimə kimi. Sənə bir şey olsa, xəyalımda yaşadacam səni, həmişə gözlərimin önundə olan surətinlə xoşbəxt edəcəyəm özümü. Amma sənin burnunda qanamayacaq. Mən qoruyacağam səni. Tez qayıt».

     - Qız gəlirmi Azərin yanına? - sualımın cavabından qorxaraq, soruşuram Mahmuddan.

     - Yox. Bir dəfə gəlib. Vəziyyəti görub. Bir söz demədən bir-birlərinə baxıblar. Sonra rəfiqəsi ilə nişan üzüyünü göndərib.

... Mahmuda zəng etdim. Azərlə bu gün görüşdüyümü dedim, həyat yoldaşı ilə maraqlandım.

     - Belorusludur. Hospitalda Qarabağda yaralanan qardaşını xilas edə bilməyiblər. Həkimdir. Geri qayıtmayıb. Azərə çox kömək edib. Sevib onu. Sonra evləniblər. Necə olub ki, sizə deməmişəm...

     - Yəqin başın skripkaya çox qarışıb, əsgər Paqanini…

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir

 

 

Tohid Namvər

Parsabad

 

 

 

GECƏLƏR YUXUDA GÖRÜŞƏK BARI

 

Ürəyim dözməyib yola çıxdı, gəl!

Niyə gəlməyirsən?.. Yol açıqdı, gəl!

Yuxum dağ başında alaçıqdı, gəl!

Gecələr yuxuda görüşək barı!

 

Göynətdi bağrını izim, yolların,

Saraldı ağında gözüm, yolların,

Olmadı qovşağı bizim yolların,

Gecələr yuxuda görüşək barı!

 

Yuxular deyil ki, dərə, qorxasan,

Bir it yox üstünə hürə, qorxasan,

Adam yox qəfildən görə qorxasan,

Gecələr yuxuda görüşək barı!

 

Bu gecə yuxuda bir ah çəkmişəm,

Gəl, ahdan mən sənə yolaq çəkmişəm!

Köhnə xatirədən araq çəkmişəm,

Gecələr yuxuda görüşək barı!

 

Sevgilim, hər şeyi xeyirə yozaq:

Dünyada nə dərd var, nə hicran, nə dağ,

Həyatı aldadaq, həyatdan uzaq

Gecələr yuxuda görüşək barı!

 

Gecələr yuxuda, yuxu yatmayaq,

Gecələr bir dastan oxu! Yatmayaq,

Gecələr şəhəri yuxuda qoyaq

Gecələr yuxuda görüşək barı!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Çərşənbə, 03 Sentyabr 2025 15:05

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 8. Müatliə nədir?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

8.

 

MÜTALİƏ NƏDİR?

 

 

Ensiklopedik tərif vermiş olsaq, mütaliəyə belə tərif verərik: mütaliə etmək - hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya fəaliyyətidir. Bu kommunikasiyada iki tərəf var. Birinci tərəf çap və elektron mütaliə məhsuludur ki, onun arxasında müəllif dayanır. İkinci tərəf isə oxucu və ya oxucu auditoriyasıdır. 

Hər bir kəs əlinə mütaliə məhsulunu alıb onunla təmasa başlayırsa, bu proses mütaliə adlanır, bunu icra edənsə oxucu adını daşıyır..

Mütaliə insanın həyatında, şəxsin təfəkkürünün inkişaf etdirilməsində, yeni biliklər qazanmasında əhəmiyyətli rol oynayır. Mütaliə prosesində pedaqoji, psixoloji yanaşmaq baxımından, ümumtəhsil, ali və orta ixtisas məktəblərinin tədris proqramı ilə yanaşı əlavə mütaliənin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Mütaliə elə bir prosesdir ki, onun nəticələri insanın ictimai və istehsalat fəaliyyətində əks olunur, onun dünyagörüşünün, əməyinin səmərəliliyini dəyərləndirir.

Lakin mütaliəyə maraq təhsil ocaqları və kitabxanalarla yanaşı ilk növbədə ailədən başlanmalıdır.

Mütaliə nə deməkdir?

Bu sahənin ən görkəmli tədqiqatçılarından olan Ə. Xələfov mütaliəyə belə tərif verir: “Bu, mətndəki hər bir sözü, cümlədəki fikri, fikrin məntiqi rabitəsini və əsərin ideyasını yaradıcı bir surətdə dərk etmək, kitabın ideyasına əsasən müstəqil surətdə nəticə çıxara bilmək deməkdir.”

Mütaliə şəxsiyyətin təşəkkül tapmasına, nitq təfəkkürünün inkişafına yöhəldilmiş mənəvi fəaliyyətin mürəkkəb formalarından biridir. Mütaliə dünyanı dərk etməyə, əxlaq normaları tərbiyə etməyə kömək edir, insanın mədəniyyətini yüksəldir, dünyagörüşünü genişləndirir.

Mütaliə oxucunun mənəvi aləminə ikitərəfli təsir göstərib bir tərəfdən qavrayış və yaddaş kimi psixiki proseslərin inkişafına səbəb olur, digər tərəfdən əsərlərin dərketmə vasitəsinə çevrilir.

Mütaliə oxucunu şifahi, yazılı nitq mədəniyyətinə yüksəldir, hissləri, fikirləri incə şəkildə, tam dürüstlüyü ilə anlamağa, ifadə etməyə kömək edir.

Nitq mədəniyyətinin əsasını söz ehtiyatı təşkil edir, söz, lüğət ehtiyatına isə ən çox mütaliə yolu ilə sahib olmaq olar.

Oxucu mütaliə yolu ilə heç vaxt görmədiyi predmet və hadisələrlə nəinki tanış olur, həm də onu bilavasitə öyrənir. Deməli, oxucu mütaliə vasitəsi ilə yeni-yeni məlumatlar alır, zehnini, nitqini və təfəkkürünü inkişaf etdirir.

Mütaliə hər kəsin şəxsi işi deyil, həm də ictimai borcdur.

Mütaliə insanın cəmiyyətdəki şəxsi rolunu dərk etməyə, yaşadığı dövlətin ideologiyasını (konkret halda bizim dövlətdə bu – azərbaycançılıq məfkurəsinə xidmət etməkdir), böyük vəzifələrini yerinə yetirməyə hazırlanır.

Burada bədii əsərin tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bədii əsərin təsiri və qiyməti hər şeydən əvvəl oxunan əsərin oxucunun fikrinə, hissinə nə dərəcədə hakim olması ilə ölçülür.

Mütaliə təkcə kitablardan alınmış biliklər məcmuyu deyil, yeni həyat şəraiti, keçmiş təcrübə ilə əlaqədar olan bütöv bir dünyagörüşüdür və bu, mütaliənin təsiri nəticəsində oxucunun psixoloji aləmində əmələ gələn yeni bir keyfiyyətdir.

Növbəti: 9.Mütaliə məhsulu

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktub Aytən Ağasıyevadan gəlib. O, “Boş skamya” adlı hekayəsinin dərcini istəyir. Buyurun, siz də tanış olun.

 

Hər gün fərqli saatlarda həmin skamya dolub, boşalırdı. Bu gün də qonağı Xəyal idi. Xəyal indi bura təkcə gəlmişdi.

İlk dəfə  dostu ilə gəldiyi günü xatırladı.

Qızmar günəşin altında küləyin nəfəsi ilə sərinləmək üçün bu skamyada oturmuşdular. Bir az söhbət elədilər.

Oturduqları yerdə ağacın titrəyən budağında Kuku və Sarının yuvasını gördülər. (Xəyal və dostu quşları bu adlarla səsləyirdi.)

Kuku Sarının yuvaya gəlməyinə icazə vermirdi. Bəlli ki, gərgin küskünlüyə səbəb olan bir hadisə baş vermişdi. Bir yabancı kimi Kuku Sarıdan uzaq dururdu. Bir az keçdikdən sonra onların səsi o qədər qulaqbatırıcı oldu ki, qorxulu yuxu görən adamın qışqıran səsini belə kölgədə qoya bilərdi..

Sanki aralarındakı savaş hekayəsi bitdi və səssizlik çökdü. Gözləri bir biriylə görüşüb qucaqlaşdı.

Xəyal dostuna dedi:

-Onlar həm sevməyi həm də tərk etməyi  yaxşı bacarırlar. Bəzən heyvanlardan götürəcəyimiz nümunələr olur. Amma biz onları sadəcə yedirib, içirməklə məşğuluq. Hətta əlimizin tərsi ilə də özümüzdən uzaqlaşdırırıq. Onları incidirik, baharda, qışda özlərini bizə sevdirməkdən yorulmayan heyvanlar bizim tərəfdən hər zaman sevgi gözləyir. Bizdə isə şeytan tükü olduğuna görə onlara istədiklərini verə bilmirik. Oynaq ruh halımızla hər zaman idarəedici olmağa çalışırıq. Bir gün yığıb, bir gün açaraq qəlbimizin tam orta yerində özümüzə görə bir cumhuriyyət qururuq. Və sonra da özümüzü anlamağa çalışırıq. Utancaq insanların da qəlbində qurulan bu cumhuriyyət ilin ən böyük, əyləncəli, geniş, qarışıq konsertinə yığılmış izdiham kimidir.

-Maraqlıdır.. Sözlərindəki dərinliyi hiss edə bilməyən biri, durğu işarələri olmayan, intonasiyasız, qolu-qanadı qırılmış şeir oxuduğunu düşünər.

Xəyalın yanına balaca bir qız yaxınlaşdı. Qız ona Qaracaqızı xatırladırdı. Deyəsən, Qaracaqızın ondan xoşu gəlmişdi. Yoldan gələrkən aldıqları meyvələrdən Qaracaqıza da verdi. Qız qara gözlərini Xəyala dikib, təşəkkür etdi, sıra ilə əkilmiş ağacların altından qaçaraq uzaqlaşdı. Dostu uşağın xoşuna gəldiyini Xəyala gülərək pıçıldadı. Bu doğru idi, uşaq Xəyalı çox sevmişdi, Xəyal da ümumiyyətlə həyatda ən çox uşaqlarla yola gedə bilirdi.

Dostu ona uşaqlıqdakı oynadıqları oyunları xatırlatdı:

-Yadında? Dar, ensiz və asvaltsız küçələrdən qaçanda yıxılıb dizlərimizi qanatmağımız? Hər gün  yeni bir yara yaranırdı dizlərimizdə, dünənki yara qaysaq bağlamamış yenidən yıxılırdıq, köhnə yaranın yanından da yeni yara yaranırdı. Sənə  nə qədər desək də qaçma, ehtiyatlı ol, yenə də qaçırdın.

-Hə yadımdadı, qaçanda özümü çox azad hiss edirdim, hər gün göydəki ay bir az parlamağa başlayanda dizlərim yaralı evə qayıdırdım. Bəzən elə olurdu ki, heç yaranı harda, necə aldığımı belə bilmirdim. Yaxşı tərəfi bilirsən nə idi ? O yaralar qaysaq bağlayıb tez sağalırdı. Keçici idi..

-Hə,  kaş elə indi də aldığımız yaraların hamısı dizlərimizdə yaranan yaralar kimi olsaydı..

-Mən düşünürəm ki, həyatda aldığımız yaralar bizi tamamlayır. Onlar olmasa əskik qalarıq.

-Nə demək istəyirsən ?

-Demək istəyirəm ki, əgər hər dəfə dizimiz qanayanda qaçmaqdan əl çəksəydik, yeni yara almaqdan qorxsaydıq, heç qaçmayacaqdıq. Uşaqlığımız tam olmayacaqdı. Biz qaçaraq böyüyüb, yara alaraq sağalırdıq və yenə xoşbəxt olurduq.

 

Xəyal xatirələrdən ayrılıb skamyanın boş olduğunu gördü. Yanında nə dostu, nə də Qaracaqız var idi. Kuku və Sarıdan da xəbərsiz idi.  İndi o tam idi, yoxsa yarımçıq, heç özü də bilmirdi.

Şəhriyar del Geraninin şerində də deyildiyi kimi - para buğdasına söykənib yatan qarışqa misalı, o qədər yorğun hiss edirdi ki özünü, skamyadan qalxıb uzaqlaşdı.

Boş skamya isə hər gün usanmadan növbəti qonağını gözləyirdi.

Görəsən Xəyaldan sonrakı qonağı kim olacaqdı?

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Çərşənbə, 03 Sentyabr 2025 14:04

VAQİF SƏMƏDOĞLU, “Əlin sınaydı, sanitar...”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU

“Əlin sınaydı, sanitar...”

 

Əlin sınaydı, sanitar,

O qızı döydüyün yerdə,

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə.

O qız sənin gözlərinlə

O ağaca baxmamışdı,

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...

O qız çılpaq çinarın da

Başında hava görmüşdü,

Allahın atıb getdiyi

Boş qalmış yuva görmüşdü...

Sən o qızı döyən zaman

Açılmamış güllər soldu,

Dəlixana həyətində

Bir ağac da dəli oldu...

Xışıldadı yer üzünün

Ən əlacsız yarpaqları,

Dəlixana divarını

Öpdü çinar budaqları...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                            

 

ÇİNGİZ ABDULLAYEV,

Xalq yazıçısı

 

KÖRPƏ VƏ KÜRƏN PİŞİK BALASI

(Hekayə)

 

Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.

Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər... Bəzən hətta həmişəkindən tez isladırdı.

Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini - pampersini dəyişsin.

O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə... Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan - anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.

Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: "Ata...". Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində  olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da... Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.

Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə - hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. "Ana"dan dərhal sonra öyrəndiyi ilk söz olan "ata" sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.

Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır...

Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.

Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi - başqasının malına kəm baxmamaq!

Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona "ana" deyir. Başa düşə bilmirdi ki, bir evdə iki "ana" necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə "Nənə gəldi!" deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı "ana" deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə "nənə" deməyə cəhd edirdi.

Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də - körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.

...Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki... Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi, buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.

O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.

Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.

- Oradakıların hamısı ölüb! - tanımadığı bir səs qışqırdı. - Qonşu otaqda heç kim yoxdur.

Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı "qədər" və "sonra" adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə "qədər"də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

Çərşənbə, 03 Sentyabr 2025 10:14

Liviyanın səfiri "ASAN xidmət"də

 

2 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Liviya Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.

“ASAN”dan verilən məlumata görə, görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Liviya tərəfi ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib.

Qonaq “ASAN xidmət” mərkəzinin,  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

“Mənə türklərdən ibarət bir ordu verin, dünyanı fəth edim”. “Türk əsgəri cəsurdur. Ana Vətənini sevər və onun üçün lazım gəlsə canını fəda edər”. “Türk əsillərin əsilidir. Yapma olmayan, göstəriş bulunmayan bu uca əlamət ona təbiətin hədiyyəsidir”. “Türklər irq və bir millət olaraq, yer üzünün ən şərəfli insanlarıdır”. “Dünyada iki kəşf edilməyən vardır: Biri qütblər, digəri türklər”.

 

Qüdrəti, əzəməti, mənəvi zənginliyi, ixtira və kəşfləri ilə dünyanın siyasi və mənəvi mənzərəsini dəyişən Bonapart Napoleona, Albert Eynşteynə, Pierro Lonidə, Limartinə, Albert Şorelə məxsus olan, artıq aforizmə çevrilən bu kəlamları oxuduqca gözlərinin önünə “Mancanaqlı araba”nı icad edən Meteni, dünyanın dörd bir yanını qılıncına müntəzir edən, imperiyalar quran Atillanı, Alparslanı, Məlik şahı, Osman Qazini, Fateh Mehmeti, Sultan Bəyaziti, Əmir Teymuru, Yavuz Sultan Səlimi, Şah İsmayıl Səfəvini, Şirvanşah İbrahimi, Nadir şah Əfşarı gətirir, taleyinin Ağa Məhəmməd şah Qacar, Cavad xan, Qubalı Fətəli xan, Məhəmməd Əmin Rəsulzadə, Qazi Mustafa Kamal Paşa Atatürk, Ulu Öndər Heydər Əliyev zirvələri ilə bir türk olaraq qürur duyur, iftixar hissi keçirirsən. Dünyanın məşhur araşdırma mərkəzlərinin keçirdiyi sorğuların sırasında ümumtürk kontekstində marağa səbəb olacaq cavablar var. Sorğuya əsasən ümumbəşəri dəyərlər və hərb tarixinə töhfələrinə görə beş Osmanlı padşahı zirvəni fəth edib.

Onun biri, daha doğrusu birincisi 9 yaşında “Qurani-Kərim”i oxuyub başa çatdıran Hafiz, 12 yaşında padşah, 21 yaşında İstanbulun fatehi kimi tarix yaradan, dövrünün mütəfəkkir alimlərindən sayılan, üləma titulu ilə şərəflənən, yeddi şərq və qərb dilini bilən, sadəcə qılıncı ilə deyil, zəkası, düşüncəsi ilə belə zamanına meydan oxuyan, hərbi nəzəriyyələri, döyüş texnikası, fəlsəfi traktatları, hüquq və siyasətə dair əsərləri ilə məşhur olan, Osmanlı imperiyasını dövrün tələblərinə uyğun şəkildə yenidən quran, ənənə ilə novatorluğun vəhdətində Osman Qazinin əzəmətindən Fateh Mehmet ucalığına körpü salan padşahımızdan, Fateh Sultan Mehmetdən sonra sıralamada ikinci yeri Yavuz Sultan Səlim tutur.

 

Zamanının Napoleonu – Yavuz Sultan Səlim

Səkkiz illik siyasi hakimiyyəti dönəmində üç qitəyə hökm edən, Şərqi bütünlüklə Osmanlının iradəsinə tabe edən, Məhəmməd peyğəmbər əleyhissəlamın müqəddəs əmanətlərini İstanbula gətirən, Osmanlı imperiyasının IX padşahı kimi Şərqi Anadolunu, Qüdsü, Mədinə və Məkkəni fəth edən, Abbasilərdən sonra xəlifəliyi Osmanlıya keçirən, 88-ci xəlifə kimi İslamın xilaskarına, həm də himayədarına çevrilən, İslamın mərkəzlərini Osmanlı imperiyasına birləşdirən, Bonapart Napaleonun 15 min əsgərlə 20 günə keçdiyi Sena səhrasını Misirin fəthinə gedərkən 6 min əsgərlə 10 günə keçən, Şah İsmayıl Səfəvinin “Zamanın İsgəndəri” deyib öydüyü, tərif etdiyi Yavuz Sultan Səlimin “Yavuz” ləqəbi də döyüş meydanında düşmən üstünə qan içməyə yerimək hissi, fateh duyğusu ilə bağlı idi.

Özünü “Anadolunun, Rumun, Əcəmin, türkmənin, kürdün, erməninin, ərəbin, gürcünün, tatarın, çərkəzin və adlarını sadalamadığımız millətlərin sultanı, Məhəmməd Peyğəmbər əleyhissəlamın ümməti, İslamın xəlifəsi, Məkkə və Mədinənin hizmətkarı adlandıran Yavuz Sultan Səlimin möhürbəndi olan üzüyünün üzərinə “Sultan Səlim şah” ətrafına isə “Təvəkkülete ala Hakkın” (“Yalnız Allaha güvənirəm”) kəlamını həkk etdirmişdi. “Kutsal Əmanətləri” İstanbula gətirtdikdən sonra, əmanətlərin başında gecə-gündüz “Qurani-Kərim” oxutdurmağı əmr edən padşahın hökmü nə az, nə çox 401 il hökmünü saxlamışdır. 1924-cü ildə Türkiyə Cümhuriyyəti qurularkən qüvvəsini itirən şah fərmanı 1991-ci ildə Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Ozal tərəfindən bərpa olunmuşdur.

 

Unutma, ey Süleyman sən də hesab verəcəksən

Sorğu mərkəzlərinə, tarixi mənbələrə istinad edən alimlərin qənaəti ilə liderlik sırasında Osmanlı imperiyasında 46 il hökm edən Sultan Süleyman – Qanuni Süleyman üçüncü sırada dayanır. Osmanlının əzəmətini Avropaya yenidən sübut edən, onların qorxulu röyasına çevrilən, 46 illik hökmdarlığının 32 ilini səfərlərdə, at üstündə keçirən, dünyaya vida nəğməsini də at üstündə oxuyan “Mahaç” səfərindən sonra həmin gecəni “Unutma ey Süleyman, bu gün böyük zəfər qazandın ancaq sabah sən də belə bir çuxura girib hesab verəcəksən!” nidası ilə Osmanlının tərəqqisi naminə ilk Anayasanı – “Qanunnamə”ni hazırlayan, onu fərmanı ilə təsdiqləyən Sultan Süleyman bu səbəbdən də adını tarixə həm də, Qanuni Süleyman kimi yazdı. Fətih dastanını, sərkərdə əzəmətini tarixi yürüşlərində, səfərlərində sübuta yetirən Qanuni Süleyman, hökmdar qüdrətini fərman və sərəncamları ilə gerçəyə çevirdi.

 

Osmanlını bəylikdən dövlətə çevirən Sultan

Osmanlının qüdrəti, əzəməti naminə yoxdan var edən qanunlara qol qoyan, fərman və sərəncamlara imza atan, tarixçi alimlərin, səlnaməçilərin, təzkirə tutub cüng bağlayanların “qüdrətli hökmdar”, “Osmanlını bəylikdən dövlətə çevirən hökmdar”, “Yeniçəri ocağını”, “Timar sistemi”ni (vergi sistemi) quran, vəqf mədəniyyətini formalaşdıran Sultan kimi təsvir etdikləri I Sultan Murad təməlini qoyduğu vəqflər, mədrəsələrlə elmi-irfan bulağını qaynatdı. Osmanlının qüdrətli padşahları sırasında dördüncü yerdə bərqərar olan bu qüdrətli hökmdar – sərkərdə, həm də kitabxana, irfan evləri ilə məşhurlaşdı.

 

İldırım kimi çıxan, günəş kimi parlayan Padşah

Osman Qazinin təməlini qoyduğu, Fateh Mehmetin fəth etdiyi, Yavuz Sultan Səlimin sınırlarını genişləndirdiyi, Qanuni Süleymanın Anayasasını tərtib etdiyi, Osmanlı imperiyasının tarixdə İstanbulun ayrıca yeri, məqamı var. Onun qala halına gətirilməsi Yıldırım Bəyazitin əzəməti, qüdrəti ilə bağlıdır. Əksər tarixçilər, araşdırma mərkəzərinin mütəxəssisləri tərəfindən Osmanlını imperiyaya çevirən padşahların sırasında beşinci pilləyə ucaltdıqları padşah Yıldırım Bəyazitdir. Döyüş meydanlarında ildırım kimi çaxan, günəş kimi parlayıb, ay kimi doğan Yıldırım Bəyazitin Ankara yaylasında Əmir Teymurla üz-üzə gəlməsi, qardaşın qardaşa qılınc sıyırması milli dövlətçilik tariximizin kədərli səhifəsi olsa da, bu gün də adı çəkiləndə Avropanın dizi titrəyən sərkərdə-xaqanımızla - Yıldırım Bəyazitlə ruhunda TURAN, əlində “Quran” olan hər bir türk, müsəlman qürur duyur.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aktrisa Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. Bəli, bəzən bircə obraz yaratmaq kifayət edir ki, adın tarixdə qalsın.

 

Aktrisa Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlayıb. Müharibə dövründə əsgərlərə bu cür ruh vermək əlbəttə ki, təqdirəlayiq idi. 13 yaşında istedadı və bu sayaq çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub.

 Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.

1972-ci ilə qədər filmlərə çəkilib.

O, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

Filmoqrafiya

1. Qızmar günəş altında

2. Onu bağışlamaq olarmı?

3. Qəribə əhvalat

4. Ulduz

5. Yaşamaq gözəldir, qardaşım!

6. Var olun, qızlar...

 

Aktrisa Məleykə Ağazadə 24 aprel 2019-cu ildə şəkər xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.